Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

31 mart soyqırımı XX əsrdə törədilən ən qatı cinayətdir

30-03-2025 [ 20:39 ] [ oxunub:25 ]
printerA+ | A-
105324

Bakı, 30 mart, AZƏRTAC

“1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirilib. Bu soyqırımının törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq, bu prosesin qarşısını almaq və torpaqlarımıza yiyələnməkdən ibarət olub. Bu məqsəd uğrunda Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları azərbaycanlılara qarşı vahid cəbhədə birləşiblər. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə azərbaycanlıların soyqırımı həyata keçirilib”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

Onun sözlərinə görə, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda törədiləcək soyqırımı planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanıb: “Soyqırımı zamanı 30 mart – 2 aprel tarixlərində təkcə Bakıda 12000 azərbaycanlı öldürülüb, Bakının müsəlman əhalisinə 1918-ci ilin mart qiymətləri ilə 400 milyon rubl, 1918-ci ilin son rübünün qiymətləri ilə isə 1,2 milyard rubl maddi ziyan vurulub. Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqat və istintaqla tam sübuta yetirilib ki, azərbaycanlılar qadın, qoca, uşaq fərqi qoyulmadan sırf irqi, milli və dini əlamətlərinə görə kütləvi şəkildə qətlə yetirilib və əhalinin əmlakı talan edilib. Eyni zamanda, insanlar əzab və işgəncə ilə qətlə yetirilib, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilib, insan cəsədləri üzərində olmazın təhqiramiz hərəkətlər edilib. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən yüzlərlə sənəd mövcuddur”.

Deputat bildirib ki, daşnak-bolşevik alyansı azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda başladığı soyqırımı cinayətlərini quberniyanın digər qəzalarında, eyni zamanda Gəncə və İrəvan quberniyaları ərazisində davam etdirib: “1918-ci ildə ermənilərin törətdiyi soyqırımı zamanı ümumilikdə Bakı quberniyası üzrə 41300 nəfər, Gəncə quberniyası üzrə 11768 nəfər, İrəvan quberniyası üzrə isə 75640 nəfər azərbaycanlı məhv edilib. Bütövlükdə Azərbaycan üzrə 20-dək şəhər və qəza mərkəzi, 950 kənd, o cümlədən Bakı quberniyasında 367, Gəncə quberniyasında 276, İrəvan quberniyasında 307 kənd talan edilib, dağıdılıb və yandırılıb. Ümumilikdə 128708 nəfər azərbaycanlı bu soyqırımının qurbanı olub. Onlardan 126078 nəfəri öldürülüb, 2630 nəfəri ağır bədən xəsarəti alaraq şikəst edilib. Yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 6,7 milyard rubl maddi ziyan vurulub”.

V.Qafarov 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının bütün Azərbaycan üzrə nəticələrinin bir xeyli hissəsinin aparılan təhqiqatlardan kənarda qaldığını vurğulayıb: “Onları da nəzərə alsaq, o zaman 1918-ci il soyqırımı zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyasının daha böyük olduğu şübhə doğurmur”.

“Azərbaycanlılara qarşı törədilən soyqırımlarını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları sübut edir ki, 1918-ci il 31 mart hadisələri XX əsrdə törədilən ən qatı soyqırımı cinayətidir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəlində törətdiyi soyqırımlar haqqında bəyanatları mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir. Başqa sözlə desək, azərbaycanlıların soyqırımı faktı təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə tam sübuta yetirilir”, - deyə deputat qeyd edib.

V.Qafarov deyib ki, 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib: “1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla xalqımıza qarşı törədilən 1918-ci il soyqırımlarına siyasi qiymət verib və martın 31-ni “Azərbaycanlıların Soyqırımı Günü” elan edib”.

Deputat 2007-ci ilin aprelində Qubada aşkar olunan kütləvi məzarlıqda tapılan 500-dək insan kəlləsinin 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğunu və onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olmasının sübuta yetirildiyini diqqətə çatdırıb: “Quba soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması qərarlaşdırıldı. Dövlətimizin başçısı 2013-cü il sentyabrın 18-də Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş memorial kompleksin açılışını etdi”.

“1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımların təhqiqat sənədlərindən anlaşılan miqyası onu deməyə əsas verir ki, Qubada aşkar edilən kütləvi məzarlıq kimi məzarlıqlar Azərbaycanın bütün bölgələrində var və onların sayı yüzlərlədir. Bütün bunların araşdırılıb ortaya çıxarılması və dünya ictimaiyyətinə təqdim edilməsi vacibdir. Ümid edirəm ki, bu istiqamətdə araşdırmalar davam etdiriləcək.

Hesab edirəm ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımılar, o cümlədən 1918-ci il soyqırımları beynəlxalq müstəvidə tanıdılmalı və ona hüquqi qiymət verilməsi məsələsi həll edilməlidir. Beynəlxalq hüquq sistemində cəzasızlıq mühitinin yaradılmasına heç bir halda yol verilməməlidir. İndiyə qədər olan cəzasızlıq mühiti yeni presedentlər yaradıb və ermənilər tərəfindən xalqımıza qarşı növbəti diskriminasiya, deportasiya, terror, qətl, qırğın və Xocalı soyqırımı kimi cinayətlərin törədilməsinə stimul verib. Xalqımıza qarşı törədilən bu cür cinayətlərin presedent olmaması üçün günahkarlar və onların cavabdeh varisləri mühakimə edilməli və cəzalandırılmalıdır. Bu, həm də ədalətin təmin edilməsi üçün vacibdir. Dünya ictimaiyyəti indiyə qədər ona “soyqırımına məruz qalan məzlum xalq” kimi sırınan ermənilərin əslində soyqırımına məruz qalan deyil, türk-müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törədən canilər olduğunu bilməli və onların əsl simasını tanımalıdır”, - deyə V.Qafarov əlavə edib.

SİZƏ MARAQLI OLA BİLƏR