Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Texnogen dünya ilə üz-üzə: Müasir nəsrdə transhumanist ideyalar - Lalə Həsənova

11-03-2025 [ 10:28 ] [ oxunub:48 ]
printerA+ | A-

 

 

 

(Sənan İsmayılovun yaradıcılığı əsasında)

XX əsrin ikinci yarısı bəşəri fikirdə posthumanizm mərhələsi kimi xarakterizə olunur. “İnsan dünyanın əşrəfidir” ideyasının iflası səbəbindən yarandığı qeyd olunan mərhələ ədəbiyyatımıza təsirsiz ötüşmür. Texnologiya, elmin bütün sahələri sürətlə inkişaf etdikcə, insan yeni imkanlar vasitəsilə fiziki, intellektual imkanlarını təkmilləşdirməyə çalışır. “Əgər humanizm erası teoantroposentrizmlə səciyyələnirdisə, indiki dövrdə insanla yaradıcı arasındakı münasibətin insanla yaradılmış arasındakı münasibətlə əvəz olunduğu texnoantroposentrizmdən danışmaq olar” (Сакиро Е.А. Идеи постгуманизма и трансгуманизма// Художественная культура ART & culture studies, 2012, №2, https://artculturestudies.sias.ru/2012-2/teoriya-hudozhestvennoy-kultury/404.html).

Beləliklə,  texnologiyanın inkişafı ilə müasir sənətdə və ədəbiyyatda yeni insan konsepsiyası formalaşır. Texnologiyalar- maşınlar, robotlar vasitəsilə həyatı yenidən qurmaq və mükəmməlləşdirmək cəhdləri müasir ədəbiyyatda transhumanizm ideyalarının yer almasına səbəb olur.

Sənan İsmayılovun əsasən fantastika janrında qələmə aldığı, insan və maşın birliyinin hansı şəkildə inkişaf edəcəyinin əks olunduğu əksər əsərlərində qeyd olunan tandemin səbəb olacağı mənfi təsirləri canlandırması bu mövqedən yanaşmanın bariz nümunəsi kimi maraq doğurur.  Yazıçının 2022-ci ildə çap olunan “Çarpaz yuxular” kitabı kiçik bir müqəddimə ilə başlayır: “Texnologiyanın sürətlə inkişaf etdiyi əsrdə insan tez-tez öz gələcəyi haqqında düşüncələrə dalır. Necə olacaq? Gələcək zaman nəsillərə nə verəcək? İnsanlar və maşınlar birgə, dinc şəraitdə mövcud ola biləcəklərmi? Maşınlara həyatın bütün sferalarını tapşırmaq olarmı?”

Müəllifin bəzi əsərlərində insanların yeni yaşayış məkanlarına, planetlərə köçməsi (“Proobraz”, “Yerdəyişmə”), robotların insanları əvəzləməsi (“Ömür yoldaşı”), zaman maşınını ixtira edərək keçmişi dəyişmək cəhdi (“Yox olmuş qurban”), yeniyetmənin virtual dünya “sərgüzəştləri” (“Şəbəkədəki qız”), yadplanetlilərlə görüş (“Missiya. Antiqvaritasiya”), yuxulara nəzarət edən cihaz (“Çarpaz yuxular”),  ölünün dirilməsi cəhdinin (“Şeyx Nəsrullah” motivinin) reallaşması («Proobraz») yer alır.

 S.İsmayılovun “Ömür yoldaşı” hekayəsində ilk baxışda ailənin bir günü təsvir edilir. İşdən  gələn ev sahibinin xanımı ilə dialoqunda fərqli notlar sezilsə də, yalnız əsərin sonunda ev sahibini evdə qarşılayan varlığın onun vəfat etmiş xanımını əvəzləyən robot olduğu bəlli olur. Replikalarda robotun qadının hisslərini belə imitasiya etməyə çalışdığı qeyd olunsa da, alim əvvəlki həyatının xiffətini çəkir. “İnsanın həyatda ən vəfasız məxluq” olduğu fikrinə gələn alim həyat şəraitinin ideala yaxınlaşmasına baxmayaraq, “geriyə inkişafın: maşından insana” qayıdışın zəruri olduğu fikrində qalır.

 Yazıçının əsərlərində əks olunan mövzular yeni və eyni zamanda müasirdir. “Böyük partlayış” hekayəsində robotla birgə yaşayışın yalnız insanlara deyil, həm də robotlara təsiri, robotların “insanlaşma”sının fəsadları əks olunursa, “Yerdəyişmə” əsərində müasir dövr üçün aktual olan üçüncü ölkə insanlarının “böyük şəhər”ə köçmək arzusu, daha yaxşı həyata can atması canlandırılır. İnsanların arzusuna çatması sevindirici olsa da, eyni zamanda ağrılı bir prosesdir (yeni mühitə adaptasiya, “gəlmə” sindromunu aşmağı bacarmaq və s.). Yeni mühitdə uğur qazana bilsə də,  iki mədəniyyətin qovşağında yaşayan insanın keçirdiyi hisslər, yeni həyat uğrunda mücadilə və mental düşüncədən ayrıla bilməmək bir çox problemlərin yaşanmasına səbəb olur.

 Dinindən, irqindən dönən vahid xalq yaratmaq istəyinin əks olunduğu “Yerdəyişmə” əsərində Yeniyer “dini zəmində çəkişmələrin, siyasi intriqaların yer almadığı” bir məkan olaraq yaradılır. “Bu adi insanlardan əlahiddə insanlar düzəltmə cəhdi idi”. “Bura doğurdan da əlahiddə insanların cəmiyyəti idi. Lakin onların heç biri dahi və ya super qəhrəman deyildi. Onlar adi insanlar idi. Yeniyerdə istifadə olunan qabaqcıl texnologiyalar Yerdəki alimlər tərəfindən hazırlanmışdı”. İnsanlar yeni Atlantida yaratmaq fikrində olsalar da, təəssüf ki, cəhdləri uğurlu alınmır, cəmiyyət yenidən qaçmaq istədiyi gerçəkliklə üz-üzə qalır. Beləliklə, mənən dəyişmədən zahiri yenilənmənin (məkan, cəmiyyətdəki münasibətlər) uğurlu ola bilməyəcəyinin şahidi oluruq. 

Müəllifin,  “Rəddedilmə” əsərində getdikcə adiləşən bu proses, cəmiyyətin mənəvi deqradasiyası (maddi mənfəətə görə asanlıqla ailə başçısını, öz əməkdaşlarını itirməklə barışan cəmiyyət), əvvəllər qəbul olunmayanın normaya çevrilməsi təsvir olunur. “Şirkətin işçilərində başqalarında olduğu kimi qəddarlığa və rədd edilməyə qarşı təbii nifrət yoxdur. Əməkdaşlarımız üçün bu qəddar mənzərə bir neçə dəqiqə davam edir. Üstəlik, sıravi işçilər növbəti rədd cavabını səbirsizliklə gözləyirlər. Niyə? Çünki baş verənlərin dəhşətli mənzərəsinə baxmayaraq, bunun tez-tez təkrarlanmasını istəyirlər. Onlar hər rəddən məmnundurlar və bunu gizlətmirlər. Güman etmirəm ki, heyət arasında həmkarının ölümündən narahat olacaq adam tapa bilməzsən. Bəli, onlar stres yaşayırlar, lakin başqa bir insanın həyatı üçün qorxuya görə deyil, imtina zamanı  yaşanan vəziyyətə görə. Nəticədə, rəddedilməyə görə aparıcı işçinin vəzifəsi boş qalır” («Rəddedilmə»). Yol verdiyi hər bir ciddi səhv müqabilində həyatını itirməli olan əməkdaş özü və ətrafındakı insanlar maddi mənfəətini düşünərək asanlıqla bu vəziyyətlə razılaşırlar. “Bu o deməkdir ki, ölümcül riskə və həyat üçün daimi narahatlığa baxmayaraq, çoxları şəffaf ofislərdə oturmaq istəyir!”. Əsərdə maşın hesablamaları əsasında aparılan seçimin amansızlığı, maşından asılı olan insanın vəziyyətinin nə qədər acınacaqlı olması, mənəvi, duyğusal hisslərdən məhrum maşının hökmünün cəmiyyəti sürüklədiyi fəlakət əks olunur. Müəllif  diqqəti məhz bu məqama yönəltməyə çalışır. Maşın sərəncam verdikdə  insanlıq yox olur!

 Rəqabət mühitində işləyən insanların  amansızlaşması, əvvəllər qəbul olunmayan qaydaların normaya çevrilməsi, şüurlu və  məcburi şəkildə maşın tərəfindən aparılan amansız oyunun  iştirakçılarına çevrilən insanların əks olunduğu povestdə, Kasmərt  bu prosesə tədqiqatçı kimi cəlb olunsa da, oyundan kənar qalmır, özü də bu dəhşətli oyunun iştirakçısına çevrilir. Bununla da yazar, insanın qurbana çevrilmədən bu prosesi dayandırmalı olduğu fikrini aşılayır, çünki zamanla seyrçinin qurbana çevrilməsi qaçılmazdır.

Beləliklə, maşın (texnologiya) insanların məkrli oyunlarının bir hissəsinə çevrilsə də, əsərdə “robotlaşma”, maşının seçimindən asılı olan yaşamın mənfi cəhətləri əks olunur.

  Müəllifin digər bir povesti “Üçüncü dairə” əsərində qısa zaman ərzində insanın yaşam tərzində baş verən dəyişiklərin cəmiyyətin özü tərəfindən, mərhələ-mərhələ formalaşdığı göstərilir. Yersalan əksər sakinləri intihara cəhd edən bir məkandır.  Ölümü ilə heç kimə narahatlıq yaratmamaq üçün kirayə tutduğu evdə intihar edən insanların yaşadığı planet, yadlaşmanın hökm sürdüyü cəmiyyət təsvir edilir.  Burada heç kim bir-biri ilə maraqlanmır.  “Cəmiyyətdə hökm sürən qarşılıqlı tələbkarlıq cinayət törədənin cəmiyyət tərəfindən anlayışla qarşılaşacağını, lakin bununla bağlı yaranan narahatçılığı bağışlamayacağını güman etməyə imkan verirdi”. İnsanlar ev kirayələyərək heç kimə mane olmadan öz həyatına qəsd edirsə, bu imkan əllərindən alındıqda proses kütləvi və kortəbii hal alır. Povestdə bir neçə mərhələlərdən keçərək “psevdoişgüzarlıq, qeyripeşəkarlıq, hədsiz tələbkarlıq”, nəticədə “bir-birini həzm edə bilməyən özündən razı fərdlər” birliyinə çevrilən yaşam əks olunur. 

Sənan İsmayılovun əksər əsərlərində  olduğu kimi (“Rəqəmlər” Tapan, “Hər(i)flərin oyunu” Sultan Yusuf, “Üçüncü dairə” Puzatıy və s.) bu əsərdə də, şəri təmsil edən, insanları dəhşətli oyuna cəlb edən personaj yer alır.   “Üçüncü dairə” əsərində müəllif cəmiyyətə, topluma xas çatışmamazlıqlara diqqət yönəltsə də, məhz toplum arasında münasibətlər intiharların əsas səbəbi kimi göstərilir, təəssüf ki bu məqam diqqətdən kənar qalır.

Eyni fikri “Yoxa çıxan qurban” hekayəsi ilə bağlı da qeyd etmək olar.  Hekayədə  zaman maşınından, eksperimentdən bəhs olunsa da, zaman adlamalarının təsviri (məkan dəyişimi) yer almır.

 Müəllifin bir çox əsərlərində ciddi problemlər əks olunsa da (yaddaşını formatlaşdırmağa çalışan insan, daxili orqanların satışı (“Rəqəmlər”) və s.), yazar bəzən məsələnin psixoloji dərinliklərinə varmır, hadisələrin əsasən dedektiv süjet xətti üzrə çözülməsinə çalışır. Məsələn, “Rəqəmlər” əsərində (müəllif “Çarpaz yuxular”, “Rəqəmlər”, “Yerdəyişmə” əsərlərinin janrını novellalar olaraq müəyyən edir) Kasmərt cəmiyyətdə yeridilən uğursuz qanunların tətbiqində Dərini  (yalnız özü bu qanunun qurbanına çevriləndən sonra Dərin həmin insanlara qarşı çıxmağa çalışır) seyirçi mövqeyi seçib razılaşmasına, ilahi ədalətsizliyi bərpa etmək üçün Allahlıq eşqinə düşən Tapan kimi insan tiplərinə diqqət yetirsə də, təəssüf ki,  yuxarıda qeyd etdiyimiz yanaşma burda da təkrarlanır.

 Eyni zamanda personajların adları – Tapan, Kasmərt, Dərin, Yaddan və s. – hardasa danışan adları xatırlatsa da, zənnimizcə, uğursuz olub əsərin oxunuşda (yadda qalmır, obrazların bitkinləşməsinə xidmət etmir) diqqəti yayındırır. Çox zaman ideyanın üzdə olması (məsələn, Tapan həyat amalını öz monoloqunda ifadə edir (“Rəqəmlər”), personajlarla bağlı müəllif tapıntılarının yadda qalmaması da diqqət çəkir. Nəticədə əsərlərin sonluğu zəif görünür. Qoyulan problemlərin həlli dramatik çözüm tələb etsə də ( məsələn, “Rəqəmlər”), novellalara xas gözlənilməz “xoşbəxt sonluq” əsərlərin ilk hissəsindəki dramatizm ilə uyuşmur. Bu kimi məsələlər diqqətdən kənarda qalmamalıdır.

 Lakin müəllifin yaradıcılığı sırf göstərdiyimiz mövzu üzərində fokuslanmayıb.   Qeyd etdiyimiz kimi, S.İsmayılovun 2022-ci ildə çap olunmuş “Çarpaz yuxular” kitabında yer alan hekayələrin mövzuları müxtəlifdir: “O biri üzdə” əsərində həyat və ölüm arasında yaşanan an, “Həyat sığortası”nda dramatik vəziyyətin sadə çözümü əks olunursa, “Cahil” hekayəsində bir neçə sahədə uğur qazanmağa çalışan, əslində isə heç bir ixtisasa yiyələnə bilməyən qeyri-peşəkarlar canlandırılıb. “Yuxu”, “Seçim” (gələcəyi ilə üzləşən, seçim etməkdən çəkinməyən insan)  əsərlərini  isə hekayə- pritçalar olaraq qiymətləndirmək olaraq.   

  Yazıçının “Hər(i)flərin oyunu” povestində hər yolla tarixə düşməyə çalışan, istedadı olmasa belə məqsədyönlü olan, hər vəziyyətdən çıxmağı bacararaq mövqeyini əldən verməməyə çalışan insan tipi əks olunur. Müəllif ali hislərdən uzaq olan, təsadüf nəticəsində qazandığı mövqeyi əldən vermək istəməyən, özünə, ideyasına düşkünlüyünə aludə olan, hər kəsdən, ən yaxın ailə üzvlərindən belə üz döndərib ideyasını həyata keçirmək üçün bütün yollara əl atan, özünü fərqli cəhətdən təqdim etməyə çalışan insan obrazı yaratmışdır. Lakin əsərdə istedadsız insanın miskinliyi əks olunmur. Sona qədər rolunu oynayan, özü üçün ən dramatik vəziyyətdən belə qurtula bilən Sultan Yusufun bütün mənfiliklərinə rəğmən  məğlubiyyəti təsvir olunmur. Şərin təntənəsi ilə yaddaqalan mini-romanın (müəllif əsərin janrını bu cür təyin edir) finalı haqlı həmişə qalib gəlir kimi bəsit yanaşmanı alt-üst edir.  Yüz cildə girə bilən pisliyin təntənəsi, uğuru ilə tamamlanır. Həyatını özü verdiyi quruluşa əsasən quran, sənət və həyat arasında sərhədləri fərqləndirməyərək yaşayan, ideyasını həyata keçirməyə çalışaraq müxtəlif oyunlar quran insan,  hər kəsi öz ideyasına qurban verir. Uydurduğu ideyanın qurbanına çevrilən insandan bəhs edən əsər maraqlı, eyni zamanda mürəkkəb insan konsepsiyası ilə xarakterizə olunur.

 Nəticədə isə, modern dünya, müasir həyatımız, cəmiyyətimizə xas mənəvi problemlər, texnologiyanın insan həyatına nüfuzu ilə reallaşa biləcək mümkün ehtimalların təsvir olunduğu əsərlər çağdaş mərhələdə yadlaşmanın, humanizmin, bir sözlə texnogen dünyanın fərqli çalarları ilə yadda qalır.

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR