Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Əflatun Saraçlının (Məmmədov) elmi və bədii yaradıcılığı - Salidə Şərifova

28-01-2025 [ 11:29 ] [ oxunub:373 ]
printerA+ | A-

Giriş

Əflatun Məmmədov (Saraçlı) 5 dekabr 1936-cı il tarixində Borçalının Saraçlı kəndində anadan olmuşdur. Ədibin xatirələrinə görə doğum tarixi 15 oktyabr 1937-ci il olması vurğulanır. 1944–1952-ci illərdə Saraçlı kənd səkkizillik məktəbində, 1952–1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır. 1956-cı ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə başa vurduğu təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyatı tarixi kafedrasında baş laborant - müəllim, “Sovet Gürcüstanı” qəzetində isə ştatdan kənar müdir kimi fəaliyyət göstərmişdir. Daha sonra 1962-ci ilin noyabr ayından Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1967-ci ildə ““Dəbistan”, “Rəhbər” və “Məktəb” jurnallarında ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1984-cü ildə isə klassik Azərbaycan nəsrinin yaranması, tarixi mərhələləri və inkişaf problemləri sistemli şəkildə tədqiq edən “XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1997-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona Azərbaycan ədəbiyyatı ixtisası üzrə “professor” elmi adı verilmişdir. 1995-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinə müdir seçilmiş Əflatun Saraçlı (Məmmədov) ömrünün sonuna kimi bu şöbəyə rəhbərlik etmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının, İxtisaslaşdırılmış Müdafiə Şurasısının, Azərbaycan Yazıçılar Birliyinin (1988), Azərbaycan Aşıqlar Birliyinin (1988) üzvü olmuşdur. Ədəbiyyatşünas dairələrdə xüsusi nüfuz qazanmış Əflatun Saraçlı (Məmmədov) həm də poetik yaradıcılıqla məşğul olmuşdur. Dərin ədəbi biliklərə və özünəməxsus elmi qələmə malik olan Əflatun Saraçlının (Məmmədov) tərcüməçilik sahəsindəki fəaliyyəti Azərbaycan-gürcü ədəbi əlaqələrinin tərəqqisində böyük rol oynamışdır. Əflatun Saraçlının (Məmmədov) elmi rəhbərliyi altında bir neçə gənc mütəxəssis yetişmişdir. “Borçalı” jurnalının (1993) redaktoru olmuşdur.

“Azərbaycan uşaq ədəbiyyatı” (1977), “Cəlil Məmmədquluzadənin həyatı və ictimai fəaliyyəti” (1979), “Azərbaycan bədii nəsri” (1983), “Abdulla Şaiq” (1983), “Zeynalabdin Marağalı” (1996), “Ömür keçdi yuxu kimi” (2002), “Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində” (2007), “Yaşa ürəyincə, köç ürəyincə” (2008), “Borçalı harayı” (1993), “Dünya həmən dünyadı” (2001) və s. monoqrafiyaların, kitabların, şeirlər toplularının müəllifi və “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” (I kitab, 1979), “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” (II kitab, 1985) kollektiv kitablarının da həmmüəlifi olan Əflatun Saraçlı (Məmmədov) 22 yanvar 2008-ci il tarixində Bakı şəhərində dünyasını dəyişmişdir.

 

Yeni dövr ədəbiyyatının və Sovet ədəbiyyatının tədqiqi

Əflatun Saraçlının (Məmmədov) Abdulla Şaiq, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev və digər Azərbaycan mütəfəkkirlər haqqında sanballı monoqrafiyaları, məqalələri mövcuddur. Əflatun Saraçlı (Məmmədov) Azərbaycan ədəbiyyatının Yeni dövrünə münasibətini bildirərkən qeyd edir ki, “XIX əsrin 90-cı illərindən əsrimizin (XX əsr-S.Ş.) 20-ci illərinə qədər olan dövr Azərbaycanın siyasi-ictimai, ədəbi-mədəni həyatında çox mürəkkəb və zəngin bir mərhələ təşkil edir”.

Əflatun Saraçlı (Məmmədov) Azərbaycan ədəbiyyatının nümayəndələrinin ya heç tədqiq edilmədiklərini, ya da yaradıcılıqlarının tam tədqiq olunmamasını qeyd edir. Məsələn, Əbdürrəhim bəy Haqverdiyevin ədəbi-tənqidi məqalələrinin çox cüzi şəkildə araşdırılmasına toxunması ədiblərimizin yaradıcılığına olan biganəliyə etiraz kimi qəbul edilməlidir. Ə. Haqverdiyevin bədii yaradıcılığı ilə yanaşı publisistik yazıları da Azərbaycan söz sənəti üçün əhəmiyyət kəsb edir. Ədib cəmiyyəti düşündürən problemlərə ziyalı mövqeyindən çıxış edərək münasibət bildirmişdir. Onun qələmə almış olduğu “Bizim yabılığımız”, “Tənqidə tənqid”, “İкi il”, “Beş il, “Təcəttüri-nisvana dair”, “Müsəlmanlarda teatrо”, “Azərbaycanda teatr”, “Artistliк sənəti haqqında”, “Pəri cadu” haqqında qeydlər”, “Abbas Mirzə Şərifzadə haqqında”, Mirzə Fətəlinin faciəsi”, “M.F. Axundоvun həyat və fəaliyyəti”, “Mirzə Fətəli və ərəb əlifbası”, “Maкsim Qоrкinin həyat və yaradıcılığı”, “Mоlla Nəsrəddin haqqında xatiratım”, “Кeçmiş günlərdən”, “Ədəbi dilimiz haqqında” kimi məqalələri Azərbaycan ədəbiyyatını və ictimaiyyəti düşündürən problemlərə müəllif yanaşması ilə maraq kəsb edir. Bu məqalələrdə Ə.Haqverdiyev dövrün aktual problemlərinə diqqət yönəltməyə cəhd etmiş, sosial-ictimai şəraiti özündə əks etdirmişdir. Məsələn, Əflatun Saraçlının (Məmmədov) qeyd etdiyi kimi, “Ə.Haqverdiyevin ədəbi-tənqidi məqalələri demək olar ki, araşdırılmayıb. Burada elə məsələlər var ki, elə bil lap bu gün deyilib. O, (Ə.Haqverdiyev-S.Ş.) hələ 62 il öncədən türk dili ilə bağlı mübahisələrə cavab yazdığı bir məqaləsində qəti deyirdi ki, biz türkük, dilimiz də türk dilidir”.

Əbdürrəhim bəy Haqverdiyevin publisistikasının problematikası XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyətində baş vermiş sosial-siyasi və ictimai prosesləri, ədəbiyyat və incəsənət məsələləri əhatə etməsi ilə diqqəti cəlb edir. Yazıçı publisist yazılarında milli məfkurənin formalaşmasında rol oynamış sənətkar və şəxsiyyətlərin taleyi kmi məsələlərin təsvirinə geniş yer ayırmışdır.

“Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn” Məhəmməd Hadinin “Azərbaycan poeziyasında intibah, azadlıq və hüriyyət mücahidlərindən biri” olması, “türk amallı, türk qanlı türkçü” kimi təqdim etdiyi Hüseyn Cavidin “ruhu, amalı,əməli ilə milli müstəqilliyi istiqlala bağlı” olan şəxs olması və digər ədiblər haqqında Əflatun Saraçlının (Məmmədov) “Azərbaycan yazıçıları Cümhuriyyət dövründə” monoqrafik tədqiqatında yer almaları bu günə deyil, gələcək nəsillərə də bir ərmağan kimi qəbul edilməlidir.

Əflatun Saraçlı (Məmmədov) yaradıcılığında söz xiridarlarını bir-biri ilə müqayisə edərək, lakin heç birinin şəxsiyyətinə zərrə xələl gətirmədən təqdim etməsi ədəbiyyata, təqdim etdiyi ədiblərin yaradıcılığına dərin bələd olmasından irəli gəlir. Məsələn, Məhəmməd Hadi ilə Abdulla Şaiqin tanış olması və Hadinin acınacaqlı həyatından xəbər tutan Şaiqin iztirablarının təqdimində şair bu müqayisəni təqdim edir: “Şaiq sonralar Sabirdən, Səhhətdən onun (Məhəmməd Hadi-S.Ş.) faciəli həyatını öyrəndi, nakam məhəbbətini eşitdi, ona ürəkdən bağlandı. Onları bir-birinə bağlayan xətlər müxtəlif idi. Hər ikisi romantizmə meyl edir, maarifçi şeirlər yazır, məktəblərdə dərs deyir, dünya ədəbiyyatından, xüsusilə N.Kamal, T.Fikrət, Ə.Hamid kimi böyük türk sənətkarlarından öyrənir, böyük arzularla yaşayırdılar”. Professor Əflatun Saraçlı (Məmmədov) kiçik bir epizodda iki qələm sahibinin, mütəfəkkirinin həyat amallarına işıq salır.

Ə.Saraçlının (Məmmədov) 1983-cü ildə işıq üzü görmüş “Abdulla Şaiq” monoqrafik tədqiqatı ədibin həyat və yaradıcılığını arxiv materialları, memuar və faktlar əsasında əks etdirir. Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadənin Əflatun Saraçlının bu monoqrafik tədqiqatını yüksək dəyərləndirməsi kitabın elmi yeniliyini və əhəmiyyətini əks etdirir. Kamal Talıbzadə qeyd edir ki, “Abdulla Şaiq” monoqrafìyası həm tədqiqatçının fərdi elmi axtarışlarında, həm də Azərbaycan ədəbiyyatşünaslığında mühüm hadisəyə çevrildi”.

Əflatun Saraçlı (Məmmədov) Abdulla Şaiqi bir tarixi şəxsiyyət kimi yüksək dəyərləndirir. 1999-cu ildə Abdulla Şaiqin abidəsinin açılışı zamanı səsləndirdiyi fikir də bunu təsdiq edir: “A.Şaiq sözün həqiqi mənasında xalq müəllimi, xalq elçisi, Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, uşaq teatrının banisi, AXC dönəmində məktəblərin milliləşdirilməsinə, ana dilinin öz hüququnu almasına çalışan bir pedaqoqdur”.

Əflatun Saraçlı (Məmmədov) Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatının ilk araşdırıcılarından biri kimi də Azərbaycan ədəbiyyatşünaslığında iz qoymağa nail olur. Ədibin Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış ədəbiyyat haqqında 2007-ci ildə işıq üzü görmüş “Azərbaycan yazıçıları Cümhuriyyət dövründə” kitabı Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış ədəbiyyatı göz önündə canlandırır.

“AXC-yə, milli ideologiyanın yaranmasını, yeni həyata ürəkdən xidmət edən” Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq Talıbzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Əliyusif, Umgülsüm, Gültəkin (Ə.Abid) kimi bir sıra istiqlal şair və yazarların Cümhuriyyət dönəmindəki fəaliyyətlərində milli kimlik və azadlıq düşüncələrinin yer almaları Əflatun Saraçlı (Məmmədov) tərəfindən araşdırılmışdır. Əflatun Saraçlı (Məmmədov) “milli kimlik və azadlıq düşüncələrinin” “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmində bir ideya prinsipinə çevrilir” fikri ilə həm bu dövr ədəbiyyatımıza, həm də söz xiridarlarının yaradıcılığının əsas qayəsinə diqqəti yönəldir: “Yeni tipli ədəbiyyatın yaranması ilə azadlıq, istiqlal ideyaları bir zamana düşür. AXC dövründə formalaşaraq ədəbiyyatın aparıcı ideya kredosuna çevrilir”.

Əflatun Saraçlı (Məmmədov) yaradıcılığında Gürcüstan, xüsusilə də Tiflis ədəbi mühitini geniş təhlil süzgəcindən keçirmişdir. Ədib sevgi və ehtiramla tədqiq etdiyi Tiflis ədəbi mühiti “ədəbi-mədəni, hətta siyasi-ictimai baxımdan əvvəllər də Avropadan çox Şərqlə bağlı” olmasına toxunur. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrin keçdiyi inkişaf yolunu qısa və lakonik şəkildə təqdim edir. İki xalq arasındakı ədəbi-mədəni əlaqələrin inkişaf yolunun məhz “...folklordan, klassik ədəbiyyatdan, Nizami və Rustavelidən bəri maraqlı inkişaf yolu” olması vurğulanır.

Əflatun Saraçlı (Məmmədov) gürcü ədəbiyyatının ərəb, fars və türk ədəbiyyatından bəhrələnməsini vurğulayaraq, qətiyyətlə qeyd edir ki, “...gürcü folklorunda onlarca Azərbaycan folklor örnəkləri göstərmək olar”. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri geniş tədqiq etməsi baxımından ədibin gəldiyi nəticə elmi maraq kəsb edir: “Klassik gürcü ədəbiyyatında yüz illər boyu başlayaraq Şərq poeziya janrı şəkillərində şeirlər yaranıb. Teymuraz və Besikidən, Orbeliani, Cavcavadze və A.Seretelidən S.Eyli, K.Tabidzeyə, lap çağdaş şairlərə qədər çox sənətkarlar Şərq şeir şəkillərində əsərlər yazıblar. Azərbaycan mövzusunda nəzm və nəsr nümunələri meydan çıxıb”.

Tiflis ədəbi mühitin tarixi keçmişinə nəzər salan Əflatun Saraçlı (Məmmədov) “Abdulla Şaiq” monoqrafiyasında vurğulayır ki, “çoxlu azərbaycanlı yaşayan Ortaçalada M.Ş.Vazeh, M.F.Axundov, A.Bakıxanov, Mirzə Cəlil yazıb yaratmış, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin” kimi Azərbaycan qəzet və jurnalları nəşr olunmuşdur”.

Əflatun Saraçlı (Məmmədov) Azərbaycan ədəbiyyatşünaslığının tərəqqisində xidmətləri olan ədiblərin şəxsiyyətlərinə, yaradıcılıqlarına ikili münasibət bəslənməsinin əleyhinə olması ilə də diqqəti cəlb edir. Belə bir fakta onun “Cəmaləddin Əfqani-160” institutun elmi sesiyasında təqdim edilən Cəmaləddin Əfqani haqqında fikirlərində rast gəlirik: “C.Əfqani Türk dünyası və Azərbaycanla sıx bağlı olduğu halda, islam birliyi ideyası Çura hökümətinə sərf etmədiyinə görə 70 il bizə onu öyrənməyi yasaqladılar”.

Ziyalı və ədiblərimizin üzləşdikləri çətinliklərə baxmayaraq, onların ədəbi irsinin və imzasının xalqımızın yaddaşında yaşamasına toxunan Əflatun Saraçlı (Məmmədov) açıqlayır ki, “elə sənətkarlar var ki, neçə ictimai quruluş, neçə “izm”lər dəyişsə də, onların ruhu da incimir, öz yerini, öz böyüklüyünü saxlayır, öyrənilir, sevilir. Məsələn, Nizami, Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Hadi”.

Əflatun Saraçlı (Məmmədov) söz xiridarlarına, ədiblərimizə kəm baxan məxluqlara etiraz səsini bütün yaradıcılığı boyu səsləndirir. Bu ya açıq şəkildə, ya da üstüörtülü şəkildə qələmə aldığı əsərlərində, apardığı araşdırmalarında yer alır. Ədib “Sol münasibətlər” adlı məqaləsində bu kimi problemə aydın şəkildə münasibətini bildirir. Əflatun Saraçlı (Məmmədov) “ərəb, fars dilində yazan sənətkarlarımızı, ədəbiyyatımızın əski qaynaqlarını sinirməyənlərə”, “Nizamini türk oğlu saymayana”, “Sabiri Mirzə Cəlili öz xalqında işıqlı cəhət görməməkdə” suçlanmalarını, Səməd Vurğunu məddahlıqda suçlanmasını, qəlbi həmişə Vətən, xalq, millət üçün döyünmüş Şərqdə sosialist inqilabın cəngavəri N.Nərimanovun siyasi fəaliyyətsizlikdə günahlandırılmasını və s. amilləri qabartmaqla ədiblərimizə, ədəbiyyatımızın söz xiridarlarına qarşı olan ədalətsiz münasibəti sərgiləməyə nail olur. Əflatun Saraçlı (Məmmədov) “klassiklərimizə, böyük ziyalılara, sənətkarlara sol münasibət bu gün də var” deyə bu məsələyə diqqətlə yanaşmağa çağırış edir. Ədibin Nəriman Nərimanova ziddiyyətli yanaşmaya münasibəti həm bir ziyalı mövqeyini, həm də bir vətəndaş mövqeyini ifadə edir. Əflatun Saraçlı (Məmmədov) da bu məqama toxunaraq qeyd edirdi ki, “1920-ci ildə Azərbaycanı işğal edən rus bolşeviklərin qırğınından qurtaran N.Nərimanova da belə səhv münasibət var... N.Nərimanovu siyasi xadimlikdən çıxartdınız, yazıçılıqdan, loğmanlıqdan ki, çıxmayıb. O da bu xalqın oğludur da...” Hal-hazırda da, Nəriman Nərimanova münasibət birmənalı deyil. Bu Nəriman Nərimanovun siyasi fəaliyyəti ilə əlaqəlidir: Azərbaycan Xalq Cümhuriyyətinə qarşı apardığı mübarizəyə görə siyasi məsuliyyət daşıması, “günəşli” Azərbaycana aclıq gətirməsi (Volga bölgəsində, kannibalizmin bütövlükdə yayıldığı qədər fəlakətli olmasa da), Azərbaycan ərazilərinin paylaşması sazişi üçün Mərkəz xatirinə susması (N. Nərimanovun Qarabağın özgələşdirilməsinin qarşısını almasında rolu xüsusi vurğulanmalıdır), bir sinif olaraq, Azərbaycan kəndlilərinin məhv edilməsinə göz yumması, Şimali Azərbaycanla Güney Azərbaycan arasındakı ziddiyyətli siyasi kursu dəstəkləməsi və s. Bütün ruhu ilə beynəlmilləlçi olan N. Nərimanov millətçi adı ilə damğalanmışdır. Əlbəttə ki, N. Nərimanov müsavatçı deyildir, ancaq onun Azərbaycanın siyasi və iqtisadi maraqlarını qorumaq uğrunda mübarizəsi M.Ə. Rəsulzadənin fikirləri ilə uzlaşan siyasi platformanın meydana gəlməsinə təkan verdi. Dərin düşüncəli bir insan olan Nəriman Nərimanov Şərqdə sosialist inqilabının cəngavərinə çevrildi.

Bu tarixi qarşıdurma fonunda N. Nərimanovun həyat yolunun bütün faciəsi özünü göstərir. Bəzən elə düşünürsən ki, N. Nərimanovun qarşıdurmasında külək dəyirmanları ilə mübarizə aparan Don Kixotla uyğunluq var. N. Nərimanovun xidmət etdiyi ideologiya onu əvvəlcə siyasi Olimpin zirvələrinə qaldırdı, sonra isə, N. Nərimanov ona qarşı çıxanda yerlə yeksan etdi.

N. Nərimanovun siyasi tənhalığı ona əsaslanırdı ki, Azərbaycan millətçiləri köhnə incikliklərini, yəni onun Sovetlərin hakimiyyəti dövründə siyasi orientasiyasını “dəyişdirməsini” bağışlamamışdılar, gizli fəaliyyət göstərən keçmiş bolşevik yoldaşları onun müstəqil Azərbaycan SSR haqqında ideallarını qəbul edə bilmirdilər. Lakin N. Nərimanov Şərq hökumətində inqilab carçısı kimi hakimiyyətə gərəkli idi. Buna görə də onunla hesablaşırdılar. Ümumdünya inqilab ideyasının üstünlük təşkil etdiyi zamanda hesablaşırdılar.

N. Nərimanovun SSRİ Mərkəzi İcraiyyə Komitəsindən ayrılmaq üçün ərizə ilə müraciət etməsi onun əleyhdarlarını çaşbaş salsa da, müəmmalı ölümü ilə nəticələndi. Düşmənlər inqilab cəngavərini siyasi mübarizə gedişində aradan götürməyə nail ola bilmədikləri kimi, nə adını ləkələməyi bacardılar, nə də susdurmağı.

 

Ədəbiyyat nəzəriyyəsi problemləri: bədii əsərlərin janr mənsubiyyəti haqqında tədqiqatlar

Əflatun Saraçlı (Məmmədov) elmi yaradıcılığında romançılıq probleminə biganə qala bilməmişdir. Ədib özünün sanballı tədqiqatları olan və milli ədəbiyyatşünaslığımızın nəzəriyyəsinin inkişafında önəmli yer tutan “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasında və “Azərbaycan bədii nəsri” kitabında  səyahətnamə, sərgüzəşt, məktub, elmi-fantastik, elmi-bədii traktat, alleqorik janrlarının Azərbaycan ədəbiyyatında meydan çıxmasını və bədii nümunələrdə təzahürünü geniş tədqiqat obtektinə çevririr. Ədib həmçinin realist satirik hekayə, novella, pamflet, parodiya, yumoristik miniatürlərin, tənqidi realizm metodunun yaranmasını dövrün məhsulu kimi, lirik-psixoloji hekayələri, povest və roman janrlarının yaranmasını tədqiq edir. Əflatun Saraçlı (Məmmədov) “novella, parodiya və pamflet janrı ədəbiyyatımızda novator bir hadisə hesab” edilməsinə, “hekayə və povestin normativ ənənə çərçivəsindən kənara” çıxmasına, “lirik hekayənin müasirləşməsinə” və s. amillərə toxunur.

Əflatun Saraçlı (Məmmədov) XX əsrin əvvəllərində formalaşmış və inkişaf etmiş “lirik hekayələri janr xüsusiyyətlərinə və üslubuna görə lirik-publisist hekayələr, psixoloji portret hekayələri, romantik hekayələr, ciddi-realist hekayələr, uşaq hekayələri” kimi təsnifatını təqdim edir, bədii nümunələr əsasında təqdim etdiyi təsnifatı əsaslandırmağa cəhd edir.

Azərbaycan ədəbiyyatında yenicə formalaşmağa başlamış roman janrının yaranmasına şərait yaradan amillər Əflatun Saraçlı (Məmmədov) tərəfindən vurğulanır. O, qeyd edir ki, Avropada XV-XVI əsrlərdə kitab çapı ilə bağlı çoxalan cəngavərlik romanlarından fərqli olaraq bizdə şifahi şəkildə yayılırdı. Aşıq məclislərində, nağıl və dastan gecələrində, yığamatlarda söylənilir, ağızdan-ağıza, nəsildən-nəsilə keçirdi.

Əflatun Saraçlının bəzi əsərlərin janr probleminə aydınlıq gətirərkən onları ilk Azərbaycan romanları kimi təqdim etməsi diqqətdən yayınmır. Məsələn, Əlibəy Hüseynzadənin “Siyasəti-Fürusət” əsərinin janr problematikasına toxunan Ə.Saraçlı qeyd edir ki, əsərin “janrı haqqında dəqiq elmi fikir söylənməyib, ötəri şəkildə ona pamflet, traktat, Ofelya xanımın (Ofelya Bayramova-S.Ş.) son kitabında isə povest deyilib. Bizə elə gəlir ki, “Siyasəti-Fürusət” öz janr özəllikləri, səyahətnamə, hekayət, təhkiyə forması, oçerkçilik xüsusiyyəti, süjet şaxəliliyi, obrazlar aləmi və b. keyfiyyətləri ilə ilk Azərbaycan romanlarındandır. “İbrahimbəyin səyahətnaməsi”ndən sonra ikinci realist roman-səyahətnamədir”. Qeyd etmək lazımdır ki, Şərq poetika ənənələrinə söykənən Zeynalabdin Marağalının “İbrahimbəyin səyahətnaməsi” sırf bədii roman səyahətnamədirsə, Əlibəy Hüseynzadənin “Siyasəti-Fürusət” əsəri bir növ elmi-bədii traktatdır. Əlibəy Hüseynzadənin bu əsərinə böyük qiymət verən, onu “XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi bədii fikrinin ensiklopediyası” adlandıran Ofelya Bayramova onun janr məsələsinə toxunarkən, Əziz Mirəhmədova istinad edərək yazmışdır: “Sosial-siyasi problemlərin şərhində açıq publisist təhlilə, polemik səciyyəyə, ezop üsuluna, satirik pamflet xüsusiyyətlərinə malik olduğundan onun janrı traktat kimi müəyyənləşdirilmişdir”.

“Ə.Hüseynzadənin başçılığı ilə yaradılan romantizm ədəbi məktəbi ilə sıx bağlı olan” Abdulla Şaiqin hər bir sosial hadisədən uzaq olan və Avropa roman poetikasının təsiri daha çox duyulan “İki müztərib yaxud əzab və vicdan” lirik-psixoloji roman Əflatun Saraçlının tədqiqatının obyektinə çevrilmişdir. Ədib Abdulla Şaiqin bu əsərinin janrına toxunaraq qeyd edir ki, “Əzab və vicdan” bədbəxt sevgililərin macəralı məktublarından ibarət “mütəşəkkil roman” idi, əsrimizin əvvəllərində bir-birinin ardınca çıxan bir çox sentimental-macəra romanlarından heç də zəif deyildi”.

Məktub şəklində, memuar səciyyəli ilk romanlarımızdan biri olan Abdulla Şaiqin “İki müztərib yaxud əzab və vicdan” (1905) əsərini müəllif özü bu əsəri bir neçə yerdə “Məktublardan mütəşəkkil roman” adlandırır. Qeyd etməliyik ki, əsər janrı ilə roman, üslubu ilə lirik-romantik ilk nəsr əsəridir. Abdulla Şaiq bildirirdi ki, “o vaxta qədər mən də yalnız qəzəl yazmaqda az-çox təcrübə qazanmışdım... Qələmimi bu yolda sınamaq fikri ilə “Rüstəmi-Səbati” adlı bir pyes və məktublardan mütəşəkkil bir roman yazdım”. F.e.d. S.Şərifovanın vurğuladığı kimi “pyes qalmasa da, xoşbəxtlikdən roman qaldı. Bu elə “Əzab və vicdan” idi. Deməli, “Əzab və vicdan” Abdulla Şaiqin təkcə ilk nəsr əsəri deyildi, romantizm ədəbi metodunda ilk yeni ruhlu bədii əsəri idi. Burada təkcə forma deyil, məzmun da yeni idi. Məhəbbətin bədii ifadə üsulu, bədii düşüncənin ifadə şəkli, eləcə də obrazlar yeni və hamısı gənclər idi”.

Abdulla Şaiqin romantizmini, onun bədii nəsr yönümündəki üslub çalarlarını açıqca göstərən, “məktublardan mütəşəkkil” bu epistolyar səciyyəli roman professor Əflatun Saraçlının (Məmmədov) tədqiqatlarının prioritet mövzusuna çevrilir.

Əflatun Saraçlının (Məmmədov) Azərbaycan dilində ilk Azərbaycan romanı kimi Nəriman Nərimanovun həm forma və biçim, həm də ideyası ilə yeni olan “Bahadır və Sona” romanını təqdim edir və qeyd edir ki, “milli roman məhz bundan sonra inkişafa başlayır, müxtəlif üslubda, müxtəlif mövzuda yeni nümunələr meydana çıxır”.

Nəriman Nərimanov “Bahadır və Sona”nı “kiçik roman” adlandırırdı. “Bahadır və Sona” indiyə qədər bir çox Azərbaycan ədəbiyyatşünas alimlərin diqqətini cəlb etmiş, əslində bəlkə haqqında ən çox müsbət fikir deyilən ilk romanlarımızdandır. Seyid Hüseyn hələ 1914-cü ildə bu əsəri roman kimi səciyyələndirirdi. Cəfər Xəndan, Mir Cəlal Paşayev, Qulu Xəlilov, Teymur Əhmədov və başqaları da “Bahadır və Sona”dan roman kimi söhbət açmışlar. Mehmet Fuad Köprülü isə “İslam Ensiklopediyası”na yazdığı “N. Nərimanov” məqaləsində “Bahadır və Sona”nı islam dünyasına mühüm roman kimi çatdırır. Nədənsə Məmməd Cəfər Cəfərov və Kamal Talıbzadə onu povest adlandırmışlar. Kamal Talıbzadə sonralar bu fikrindən daşınaraq, doğru olaraq yazırdı ki, “Bahadır və Sona” “...bütün qüvvətli və zəif cəhətləri ilə roman yaradıcılığının başlanğıcı kimi qiymətli idi və öz növbəsində, ədəbi prosesə də öz müsbət təsirini göstərirdi”. Hidayət Əfəndiyev isə onu gah “ictimai roman”, gah “problemlər romanı” adlandırmışdır. Vəli Nəbiyev də düz deyir ki, “o, janr qarışığının, eyni zamanda ənənəvi poetikadan istifadənin səciyyəvi xüsusiyyətlərini əks etdirən “balaca romanlar”dan biri, bəlkə birincisidir”.

Əflatun Saraçlı (Məmmədov) fars dilində əsərlər qələmə almış Zeynalabdin Marağalı, Əbdürrəhimbəy Talıbov kimi ədiblərin yaradıcılıqlarına həssaslıqla yanaşır, onların qələmə aldıqları əsərləri ədəbiyatımızın tərkib hissəsi kimi tədqiq edir. Əflatun Saraçlı (Məmmədov) 1996-cı ildə işıq üzü görmüş, “görkəmli Güneyli Azərbaycan yazıçısı, M.F.Axundov ədəbi məktəbinin davamçısı” olan Zeynalabdin Marağalıya yaradıcılığını əhatə edən “Zeynalabdin Marağalı” monoqrafiyasına həm bir müəllif, həm də bir ədəbiyyatşünas kimi dəyər verməsi maraq kəsb edir. Müəllif kitabı haqqında qeyd edir ki, kitab “...Z.Marağalının həyatı, sənəti, yaradıcılıq yolu haqqındadır. Bu kitab dünya şərqşünaslığında zəngin elmi qaynaqlar əsasında yazılan ilk monoqrafiyadır”. “Zeynalabdin Marağalı haqqında ayrıca monoqrafiya yazan Əflatun Saraçlı əsəri “realist roman-səyahətnamə” adlandırır”.

Azərbaycan türkü ola-ola əsərlərini fars dilində yazmış M.Ə. Talıbovun bədii yaradıcılığı da Əflatun Saraçlının (Məmmədov) diqqət mərkəzində olmuşdur. M.Ə.Talıbovun ənənəvi nəsr janrında qələmə aldığı ikicildlik “Səfineyi-Talibi yaxud Kitabi-Əhməd”, ya da qısaca olaraq, “Əhmədin kitabı” adlı epik-didaktik üslublu bədii-pedaqoji romanı da Əflatun Saraçlının (Məmmədov) diqqətini cəlb edir: “burada Avropa roman janrının xüsusiyyətləri ilə Şərq nəsr ənənəsi təmaslı şəkildə özünü göstərir. Şərq ənənəsi onun fantastik, romantik cizgilərində, əxlaqi-didaktik epizod və hekayətlərində, Avropa üslubu isə bütövlükdə onun janr quruluşundadır”.

Əflatun Saraçlının (Məmmədov) nəzəri  problemlərə bir ədəbiyyatşünas kimi yanaşması qələmə aldığı “Azərbaycan bədii nəsri (XIX əsrin sonu XX əsrin əvvəlləri)” monoqrafiyasında özünü qabarıq şəkildə göstərir. Xüsusi vurğulamaq lazımdır ki, XIX-XX yüzillər ədəbiyyatımızın ən mühüm problemlərini araşdırmış Əflatun Saraçlının (Məmmədov) “Azərbaycan bədii nəsri (XIX əsrin sonu XX əsrin əvvəlləri)” monoqrafiyası elmi camiədə yüksək dəyərləndirilməkdədir. Akademik İsa Həbibbəyli qələmə aldığı “Nəsrin keçdiyi yollar” adlı məqaləsində Azərbaycan bədii nəsrinin tədqiqatçılarından olan professor Əflatun Saraçlının (Məmmədov) sistemli şəkildə araşdırdığı monoqrafik tədqiqatında nəsr janrlarının təkamülü, hekayə və novellanı satirik-yumoristik nəsrin əsas janrı və s. kimi məqamlara aydınlıq gətirməsini vurğulayaraq qeyd edir ki, “Nəsr öz janr startını hekayədən başlayıb romana qədər yüksəldiyi kimi, haqqında danışılan tədqiqat əsəri də xırda formalardan iri formalara qədərki inkişafı əks etdirməklə “mənzil başına çatmış olur”.

Azərbaycan ənənəvi nəsr janrlarının təkamülünü araşdırmalarının əsas prioritetinə çevirmiş professor Əflatun Saraçlı (Məmmədov) hekayə janrına, hekayə nümunələrinə münasibət bildirməsi də maraq kəsb edir. Ədib hekayə janrının təkamülünə toxunaraq qeyd edir ki, “Azərbaycan ədəbiyyatında XIX əsrə qədər Füzulinin “Şikayətnamə” (XVI əsr), Xaşmazinin “Dözd və qazi” (XVIII əsr) kimi tək-tək hekayə nümunələrinə rast gəlsək də, bütövlükdə bədii nəsrin təkamülü və inkişafı XIX əsrdən başlanır. Əsrin 30-cu illərindən başlayaraq İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” (1835), A.Bakıxanovun “KitabiƏsgəriyyə” (1837), M.F.Axundovun “Aldanmış kəvakib” (1857), “Kəmalüddövlə məktubları” kimi lirik və satirik hekayə, povest və məktub-traktat meydana çıxdı”.

 

Əflatun Saraçlı (Məmmədov) və uşaq ədəbiyyatı

Azərbaycan uşaq ədəbiyyatının formalaşmasına təsir göstərmiş “Dəbistan”, “Rəhbər” və “Məktəb” jurnalları haqqında geniş araşdırmanın aparılması, bu jurnalların səhifələrində işıq üzü görmüş nəsr, nəzm, tərcümə nümunələrinin, elmi kütləvi ədəbiyyat nüminələrinin geniş həhlil obyektinə çevrilməsi Əflatun Saraçlının (Məmmədov) “Azərbaycan uşaq ədəbiyyatı” monoqrafik tədqiqatında özünü göstərir. Əflatun Saraçlı (Məmmədov) hər üç jurnalın qayəsini və məqsədini açıqlamış, gənc nəslin maarifləndirmək, yeni üsul məktəblərini çoxaltmaq məqsədi daşıyaraq, əsasən, pedaqoji jurnal olmaları faktlarına aydınlıq gətirilir. Müəllif hər üç jurnalı “demokratik uşaq jurnalı” kimi təqdim edir.

Əflatun Saraçlı (Məmmədov) jurnallar arasındakı fərqli xüsusiyyətlərə də aydınlıq gətirməyə cəhd edir: “Dəbistan”, “Rəhbər” və “Məktəb” demokratik əhvali-ruhiyyəli məcmuələrdir və onları bir-birindən ayıran xüsusiyyətlər də vardır”. Müəllif bu fərqli xüsusiyyətlərin nədən ibarət olmasına aydınlıq gətirərkən, bu jurnalların təbliğ etdiyi problematikanın və janrların müxtəlif olmasına toxunur. Məsələn, “Dəbistan” jurnalının səhifələrində əsasən, uşaq şeirləri, hekayələr, nağıl və lətifələr, tapmaca və atalar sözləri yer almasına, “Məktəb” jurnalında isə “Dəbistan” jurnalında yer alan bu janrlardakı nümunələrlə yanaşı pyeslər və ən əsası isə qorxulu və gülməli nağılların yer alması, “Rəhbər” jurnaında isə “Dəbistan” və “Məktəb” jurnallarından fərqli olaraq, Azərbaycan klassiklərinin əsərlərinə önəm verməsi Əflatun Saraçlı (Məmmədov) tərəfindən “Azərbaycan uşaq ədəbiyyatı” monoqrafiyasında göstərilir.

Əflatun Saraçlı (Məmmədov) “hər üç jurnal ədəbiyyat və mətbuat tariximizdə xüsusi mövqeyə malik olmaqla, bədii və ictimai fikrimizi ideyalar, forma və janrlarla zənginləşdirmişdir” kimi qənaəti ilə hər jurnalların məramlarına aydınlıq gətirir. Maraqlı məqam isə hər üç jurnalın səhifələrində M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət, A.Şaiq, M.Hadi, S.M.Qənizadə, R.Əfəndizadə, A.Divanbəyoğlu, H.Cavid, Ə.Cavad, Ə.Nəzmi, Ə.Müznib, Ş.Əfəndizadə və s. kimi qələm sahiblərinin məhz uşaqlar üçün qələmə aldıqları bədii nümunələrinin yer alması, həmin əsərlərin geniş təhlil edilməsi elmi əhəmiyyət kəsb edir. Əflatun Saraçlı (Məmmədov) bu jurnallarda yer alan həsr nümunələrini, xüsusilə hekayələri aşağıdakı kimi təsnifləşdirir: “a) mövzusu müasir həyatdan alınmış hekayələr; b) mövzusu keçmişdən və ya xalq ədəbiyyatından alınmış hekayələr”. Ədib bununla uşaqlar üçün nəşr edilən bu jurnalların keçmişə, xalqın adət-ənənəsinə, yaddaşına biganə qalmamasını və həyatın nəbzini tuta bilməsini, müasirlə ayaqlaşmağa cəhd etmələrini əks etdirir.

Əflatun Saraçlı (Məmmədov) bu jurnallardakı nəzm nümunələrini isə nəsr nümunələrindən fərli olaraq üç şəkildə təsnif edir: “a) məktəb və maarifə, uşaq həyatına, azadlığa, vətənə, zəhmətə və təbiətə aid şeirlər; b) təmsillər, öyüd və nəsihətlər; v) görkəmli şair, yazıçı və maarif xadimlərinə həsr olunmuş şeirlər”. Nəzm nümunələrinin belə təsnifatı jurnallardakı mövzu problematikasının zəngin və müxtəlif olmasını göz önündə canlandırır.

 

Əflatun Saraçlının (Məmmədov) tərcüməçilik fəaliyyəti

Alim, şair, tərcüməçi Əflatun Saraçlının (Məmmədov) tərcüməçilik fəaliyyəti gürcü ədəbiyyatının orijinaldan tərcüməsini əhatə edir ki, ilk tərcümələri elə 1957-ci ildə gürcü ədəbiyyatından olan tərcümə nümunələri olur. Əflatun Saraçlı (Məmmədov) özü xüsusi vurğulamışdır ki, “iki xalqın ədəbi ələqələr tarixində bədii tərcümə ayrıca yer tutur”.

Əflatun Saraçlının (Məmmədov) tərcüməçilik sahəsindəki fəaliyyətinin məhsulu kimi Mixail Cavaxişvilinin “Günahsız Abdulla”, “Ləmbəli”, S.S.Orbelianinin “Uydurmanın hikməti” (1996), Nodar Dumbadzenin “Kukaraça” (1986) əsərlərini, A.Binnətoğlu və Valeh Hacılarla birfə tərcümə etdikləri gürcü şairlərinin Azərbaycan mövzusunda şeirlərini özündə əxz etdirən “Bir sinədə iki ürək” (1981), Dilarə Əliyeva ilə birgə tərcümə etdiyi Mixeil Cavaxişvilinin “Torpaq çəkir” (1980), “Kür Xəzərə qovuşur” (1988), “Sayat Nova. Qulaq as sözümə, ay adam oğlu” (1988) və s. tərcümə topluları, kitabları göstərmək olar. Əflatun Saraçlı (Məmmədov) Nodar Sisişvilinin “Yeddi Səyyarə” poemasını tərcümə etdiyini, lakin iki ilin zəhməti olan bu tərcümənin itirməsini də təəssüf hissi ilə vurğulamışdır: “Mən o zamanlar XVII əsr gürcü şairi Nodar Sisişvilinin Nizami süjetləri əsasında yazdığı “Yeddi Səyyarə” dastanını da belə tərcümə etmişdim. İki il bu işə zəhmət çəkdim. Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsəri kimi şairi formasında (4+4+4+4) olan bu dastan həm nizamişünaslığımız, həm də Azərbaycan-gürcü  ədəbi əlaqələrimiz tariximiz, həm də bütövlükdə ədəbiyyatımız və ədəbiyyatşünaslığımız üçün çox əhəmiyyətli bir əsərdir. Nə yazıq ki, bu əsərin tərcüməsini hələ də tapa bilmirəm”.

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin elmi tədqiqində göstərdiyi xidmətlərinə görə, gürcü ədiblərinin yaradıcılıqlarını ana dilimizə çevirdiyinə görə Borçalının ziyalı övladı Əflatun Saraçlı (Məmmədov) 2 iyul 2003-cü il tarixində Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir.

Əflatun Saraçlı (Məmmədov) tərcümə prosesi zamanı yaranan nöqsanlara həm tərcümə sənətinə dərindən bələd olan mütəxxəsis kimi, həm də professional ədəbiyyatşünas alim kimi münasibət bildirir. Əflatun Saraçlının (Məmmədov) elmi tədqiqatının tədqiq obyektinə çevrilmiş Zeynalabdin Marağalının “İbrahimbəyin səyahətnaməsi” romanının tərcüməsi zamanı yol verilmiş qeyri-dəqiqliklər, tərcümə prosesində ixtisarların edilməsi ədib tərəfindən vurğulanır. Tərcümə prosesi zamanı baş verən anlaşılmazlıqları ədib belə təqdim edir: “Q.P.Mixayleviç və A.M.Şoytovun həmin kitabda ən bağışlanılmaz nöqsanları bundan ibarətdir ki, Zeynalabdini hər vəchlə Azərbaycandan aralı, bir fars kimi təqdim etməyə çalışmışlar və çox səhv yol tutmuşlar. Ümumiyyətlə, demək olar ki, bu tərcümə “Səyahətnamə”nin başqa dillərə tərcümələri arasında kamilidir. Rus şərqşünaslığında əhəmiyyətli hadisədir”.

Əflatun Saraçlının (Məmmədov) dörd fəsildən ibarət olan “Azərbaycan uşaq ədədbiyyatı” kitabının üçüncü fəsli “Bədii tərcümə” adlanır. Müəllif bu fəsildə, əsasən, “Rəhbər”, “Məktəb” “Dəbistan” jurnallıarında başqa xalqların ədəbiyyatlarından nümunələrin tərcümə edilib təqdim edilməsi ətrafında tədqiqatı yer almaqdadır. F.Köçərli, M.Əfəndizadə, Ə.Görani, Ə.Cavanşir, H.Qaradaği, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, A.Şaiq, R.Əfəndizadə, Ə.Müznib və digər ədiblərimizin tərcüməçilik fəaliyyətlərinə toxunulur.

 

Əflatun Saraçlının (Məmmədov) poeziyası

Professor Əflatun Saraçlının (Məmmədov) poetikası təmiz və saf məhəbbəti əks etdirməsi ilə yanaşı, milli azadlıq və Vətənin ərazi bütövlüyü, toxunulmazlığı uğrunda mübarizəyə çağırışları diqqətdən yayınmır. Tarixi yaddaşlardan Vətən və millət məfhumunun silinməməsi üçün millətin əzmkarlığının, istiqlalı uğrunda mübarizəsinin bədii ədəbiyyatda inikası böyük əhəmiyyət kəsb edən amillərdəndir. Poeziyada milli ideologiyanın əks etdirilməsi milli mənafeyin, yəni istər millətin, istərsə də dövlətin, ümumiyyətlə bütövlükdə mövcud cəmiyyətin tərəqqisinə təsir göstərmək iqtidarına malik olması baxımından, onun təbliğ edilməsi önəmli məqsəd daşıyır. Milli mədəni irsimizdə bədii və elmi yaradıcılığı ilə iz qoymuş Əflatun Saraclının (Məmmədov) poetikası milli azadlıq və vətənin ərazi bütövlüyünü, toxunulmamazlığı uğrunda mübarizəyə çağırışları əks etdirir.

Vətən və onun müqəddəratı, milli istiqlal uğrunda aparılan mübarizə, onun ağrı-acıları, sevinc və qalibiyyətləri kimi aktual problemlər Əflatun Saraçlını (Məmmədov) bir vətəndaş kimi millətinə üz tutmasına və müraciət etməsinə sövq etmişdir. Əflatun Saraçlı (Məmmədov) qələminə məxsus şeirlərdə Vətənimizin keçirmiş olduğu iztirabları duymağa çağırış ilə yanaşı, doğma el-obasını qoyub qaçanlara qarşı qəzəb, nifrət səsləyişi özünü qabarıq şəkildə büruzə verir. Onun bir şair kimi torpağına və xalqına, kökünə və tarixinə etinasızlığı və bunun nəticələrini şeirlərində ürək ağrısı ilə əks etdirməsi və xalqımızın qürur doğuracaq keçmişini yada salaraq, tarixdən ibrət dərsinin götürülməsi və bir daha həmin tarixi səhvlərin təkrar edilməməsinə çağırış ədibin lirikasının əsas leytmotividir. Əflatun Saraçlının (Məmmədov) “Qalx, Azərbaycan!...” adlı şeirində millətin şərəfli tarixi keçmişə və qəhrəmanlıqlarla dolu tarixi zamana arxalanmaqla yeni yüksəlişə, oyanışa və mübarizəyə çağırışı, onun bir insan kimi mənəvi aləmi gözümüzdə açıqlanır:

Qalx da tanıt özünü;

Xalq desin son sözünü,

Dünya görsün üzünü Ağ,

Azərbaycan!

Qalx, Azərbaycan!...

Əflatun Saraçlının (Məmmədov) bir Borçalı övladı olması onun lirikasında özünü göstərmişdir. Borçalı qoynunda dünyaya göz açmış, orda böyümüş ədibin Borçalıya sevgisi səmimi, pak və qüvvətli bir hiss kimi, Azərbaycana məhəbbətin tərkib amili kimi əksini tapmışdır. Öz doğma el-obasına həsr etmiş olduğu “Borçalı”, “Başkeçid dağlarında”, “Qəlbimin ən şirin parçası burda”, “Gur bulaq” və digər şeirlərində yurdunun əzəmət və qüdrətinin doğurduğu qürur, doğma ocağa və və onun adamlarına bağlılıq hissinin və sevgisinin bariz şəkildə təsvir etməsi, Əflatun Saraçlını bir Borçalı balası kimi daim düşündürən problemlər idi. Ədibin “Borçalılar, Borçalını qoruyaq…” şeirində Borçalının vahid Azərbaycan üçün qorunması çağırışı ilə yanaşı, bir Borçalı balası kimi ürək ağrısı ilə çəkdiyi harayı idi:

Türk eliyik, od oğluyuq od kimi,

Torpağımız niyə bizə dar olsun?!.

Öz evində qorxaq gəzib yad kimi

Bu meydandan qaçanlara ar olsun;

Bizimkidir Naxçıvanla Qarabağ,

Borçalılar, Borçalını qoruyaq!...

Borçalını qoruyaq!...

Millətin azadlıq və müstəqillik uğrunda mübarizəsi qarşısın­da milli vətəndaşlıq borcunu yaradıcılıq mərhələsinin poetik xislətinə çevirən Əflatun Saraçlı qalib gələcəyimizə, azad bir dövlət quracağımıza nikbinliyini, torpaqlarımıza təcavüz edənlərə qarşı vətən övladlarının müqəddəs amal uğrunda birləşib mübarizə aparacaqlarını “Ümid”, “Azərbaycan öz gücü ilə boy atdı” və s. şeirlərində ifadə etmişdir. Üç rəngli bayrağımızın böyüklüyünü, mütləq qələbənin inamı, bu inam hisslərində millətin tarixi keçmişinə bağlılığı və milli talenin nikbin sonluğu şairin daxili istəyi kimi dəyərləndirilməlidir:

Heç kəs göz tikməsin torpağımıza,

Arzumuz həqiqət, yolumuz haqdır.

Bu gün də üç rəngli bayrağımıza

Əsil türk adımız yazılacaqdır.

Ə. Saraçlı Azərbaycan millətinin başına gətirilən faciələrin, təhlükələrin ağırlığını, Vətənə və tarixi yaddaşa biganəliyin ağır nəticələrini biganə insanlara hiddətini poetik bir dillə çatdırmış­dır. Millətin dərdinə qalmayan, özündən, öz ətrafından başqa heç kəsi düşünməyən, vətəni yaddan çıxaran xain və nankor insanlara ünvanlanmış “Allahım, bir yol aç sən bu millətə” şeirində Ə. Saraçlının vətəndaşlıq mövqeyi özünü göstərmişdir:

İrəli çıxanı yerlipərəstdi,

Millətə yönəlir birinci qəsdi;

Bu qədər sınağa çəkirsən bəsdi,

Allahım, bir yol aç sən bu millətə.

Əflatun Saraçlının ana torpağa bağlılığı, Vətənin vahidliyini təmin etmək naminə birliyə çağırışı ədibin lirikasının əsas leytmotividir. Ədib şeirlərində Vətənin istiqlaliyyəti uğrunda mübarizəni, onun bütövlüyü və toxunulmazlığı zəruriliyini həmişə nəzərdə saxlamış və bütün bunları poeziya dili ilə şeirlərində verməyə nail olmuşdur. Hamının ağrılı yeri olan Qarabağ münaqişəsinə bir Azərbaycanlı balası kimi mövqeyi də bədii yaradıcılığında özünü qabarıq göstərmişdir. Xalqın həyatında baş vermiş bu ciddi dəyişikliklərin milli hisslə şeirlərində təsvir etməsi onun bir vətən oğlu kimi bu olaylara münasibətini göstərmişdir. Əflatun Saraçlının qəmli notlarda ifadə olunmuş Qarabağ uğrunda müharibə mövzusunda qələmə almış olduğu lirik nümunələr baş verən olayları qavranılması ilkinliyi və səciyyəvi özəllikləri ilə seçilir. Ə. Saraçlı yaradıcılığının pafosunu təşkil etmiş milli azadlıq, mübarizəyə çağırış ideyası Qarabağ mövzusunda özünü daha qabarıq şəkildə büruzə verir. Vətənin çətin imtahan qarşısında qaldığını, insanların torpaq itkisiylə bağlı keçirdiyi hiss və həyəcanları, mənəvi əzab və əziyyətlərini vətəndaş kimi duyan şair bütün bunların çıxışını erməni düşməni üzərində qələbədə görür. Ədib “Ya Qarabağ, ya ölüm!” şeirində millətinin şərəfsiz sülhə imza atmayacağına ümidini əks etdirmişdir:

Bu millət qol qoymaz şərəfsiz sülhə,

Bu qədər alçatmaz vətənim, elim;

Ya Allah, ayağa qalxsın qoy ölkə:

Ya doğma Qarabağ, ya da ki, ölüm!....

Bu misraların müəllifi olan şair Qarabağın tam azad olmasını görmək qismət olmadı. Ürəyi Azərbaycanın bütövlüyü ilə çırpınmış bu müdrik ağsaqqalın arzusu həyata keçəcək. Onun qələmə almış olduğu əsərlər həmin azad olunmuş torpaqlarımızda xalqımız tərəfindən sevilə-sevilə oxunacaq…

Əflatun Saraçlının (Məmmədov) bədii yaradıcılığında diqqəti cəlb amillərdən biri də şairin ölümdən qorxmaması, ona mənən hazır olmasıdır. Onun “Bir gün bəlalar, qadalar gedər” şeirində verilmiş bu beytə nəzər salaq:

Dünyaya gəlmişəm, gedəcəyim var,

Dostları pərişan edəcəyim var,

Sənət bağçasında öz çiçəyim var,

Hər gələn ətrindən dad alar gedər.

Həyatı dərindən dərk etmiş, onun hər üzünü görüb yaşamış ədibin “Yuxuda köçəcəm bu dünyadan mən” şeirində də bu faktın şahidinə çevrilirik:

Yuxuda köçəcəm bu dünyadan mən,

Bir daha göz yaşı görməyim deyə.

Allahım, sən apar nə vaxt istəsən,

Yaman ümidim var belə ölməyə…

Cismən aramızda olmamasına hazır olan ədibin öz dili ilə verilməsi ürəkağrıdıcı olsa belə həyat reallığıdır. Əflatun Saraçlı (Məmmədov) bizdən sonra dünyanın əbədi qalacağını, bizim isə bu dünyada “qonaq” olmağımızı poetik misralarda izhar etmişdir:

Həyatla ölümün nədir arası,

Hamımız dünyanın qonaq-qarası.

Bir də görərsən ki, çatar sırası –

Əflatun Saraçlı gedər dünyadan…

“Yazılacaq” şeirində yaşanılacaq hər bir ömrün sonu olması vurğulanır. İnsanın həyatdakı sonluğunu poetik dillə təsviri insanı həyat həqiqətlərinin dərinliklərinə varmağa vadar edir:

Hər ömrün bir axırı var,

İllər keçər-halay pozar;

Qismətimiz soyuq məzar–

Qazılacaq… Qazılacaq…

Ruhu, varlığı ilə ənənəyə köklü bağlı olması, onun bu dünyadakı missiyasını ləyaqətlə yerinə yetirməsi ədibin özünün sözləri ilə də təsdiqini tapmışdır:

Əflatun Saraçlı inanmaz yada,

Bir təmiz ad qoyub gedər dünyada.

SİZƏ MARAQLI OLA BİLƏR