AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şair, şərqşünas alim Hüseyn Kürdoğlunun 90 illiyinə həsr olunmuş “Silinməz sözdən izim” kitabının təqdimatı olub.
Tədbirdə Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Ədəbiyyat İnstitutunun əməkdaşları, elm və mədəniyyət xadimləri, ədibin ailə üzvləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev açaraq Hüseyn Kürdoğlunun Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti ilə seçilən şəxsiyyətlərdən biri olduğunu söyləyib, istedadlı şairin elm və ədəbiyyat aləmindəki mövqeyini şərh edib. Bildirib ki, bu gün xatirəsinin işığına toplaşdığımız Hüseyn Kürdoğlu Səməd Vurğun poeziya məktəbinin yetirməsidir. O, uzun müddət, ömrünün sonunadək Ədəbiyyat İnstitutunda çalışmışdır.
Professor Qəzənfər Paşayev təbiətin gözəlliyini tərənnüm edən çoxsaylı şeirlərin müəllifi olan Hüseyn Kürdoğlunun əslən Laçın rayonunun Əhmədli kəndindən olduğunu söyləyərək şairin “Ağ bənövşə” şeirindən bir bənd səsləndirib. O, Hüseyn Kürdoğlunun bayatı janrına yeni nəfəs gətirdiyini vurğulayıb, şairin şerlərini əsasən Vətən, Qarabağ sevgisi, məhəbbət, təbiət və gözəlliyə vurğunluq ruhunda yazdığını bildirib.
“Klassik poeziyamız və aşıq şeiri ilə müasir poeziya arasında yaranan daimi təmas və körpülərin etibarlı sakinlərindən biri də Hüseyn Kürdoğlu olmuşdur”, - deyən professor Qəzənfər Paşayev ədibin Azərbaycanda aşıq bayatısından poema yazan yeganə şair olduğunu qeyd edib.
Professor Qəzənfər Paşayev Hüseyn Kürdoğlunun ona poema həsr etdiyini deyərək, öz növbəsində şairin yaradıcılığına dair monoqrafiya yazdığını diqqətə çatdırıb.
O, ictimaiyyətə təqdim olunan “Silinməz sözdən izim” kitabı haqqında da məlumat verərək bildirib ki, nəşrə Hüseyn Kürdoğlunun həyat və yaradıcılıq yoluna dair müxtəlif illərdə yazılan elmi-publisistik məqalələr və xatirələr daxil edilib. Kitaba AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıqda faydalı örnək” adlı “Ön söz” yazıb, həmçinin Ədəbiyyat İnstitutunun 7 əməkdaşının məqaləsi kitabda dərc olunub.
Daha sonra ədəbiyyatşünas alim, professor Rafiq Yusifoğlu istedadlı şairlə tanışlığından danışıb, 2014-cü ildə Hüseyn Kürdoğlu haqqında məqalə yazdığını söyləyib. Qeyd edib ki, əsasən xalq şeiri üslubunda yazan Hüseyn Kürdoğlu müasir Azərbaycan poeziyasının bütün şəkillərində - heca və əruzda yazıb-yaratmışdır. O, yüzlərlə şeir, poema, qəzəl, qoşma, bayatı nəşr etdirmişdir.
Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə çıxışında “Silinməz sözdən izim” adlı kitabda akademiklər Teymur Bünyadov və Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Yaşar Qarayev və digərlərinin Hüseyn Kürdoğlu ilə bağlı xatirələrini maraqla oxuduğunu söyləyib. O, Laçınsız, Şuşasız, Ağdamsız illərin ağrı-acısı ilə çoxsaylı bayatılar qələmə almış Hüseyn Kürdoğlunun doğma torpaqlarımızın işğaldan azad edilməsi ilə ruhunun şad olduğunu bildirib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşılım, yaşılım, hara gedirsən?” adlı kitab nəşr etdirmək niyyətində olduqlarını söyləyən Rəşad Məcid kitaba Hüseyn Kürdoğlunun da təbiətlə bağlı şeirlərinin daxil ediləcəyini bildirib.
Daha sonra filologiya elmləri doktorları Sara Osmanlı, Vaqif Yusifli, Esmira Fuad, tarix elmləri doktoru Güllü Yoloğlu, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktorları Günay Qarayeva, Mehman Həsənli və İlham Məmmədli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, tanınmış şair Musa Ələkbərli, Əməkdar jurnalist Adil Cəmil və digərləri çıxış edərək ədibin elmi və ədəbi yaradıcılığının müxtəlif aspektlərindən söz açıb, Hüseyn Kürdoğlu ilə bağlı xatirələrini bölüşüblər.
Sonda şairin ailəsi adından çıxış edən oğlu İlham Alışanlı tədbirin təşkilinə görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.