"Hər söz ayrılıqda yalnız bir məna daşıyır. Söz sənətkarı bu mənalı sözlərə öz duyğu və həyəcanlarını yükləyəndə sözlər şeirləşir, nəğmələşir. Buna sözlərdən toxunmuş həyəcan, duyğu hörgüsü, yəni şeir deyilir... Kitabını oxuculara təqdim etdiyimiz Adil Cəmil nə gözəl deyib: "Yüksüz kəlmələrin yükü ağırmış" Fikrin bu şəkildə deyilişi qeyri-adi olduğu üçün bu, şeirdir. Nədir bu qeyri-adilik? Axı, bir şey ki, yüksüzdür, o, necə ağır ola bilir?! Bu ağırlıq fiziki ağırlıq deyil, mənəvi ağırlıqdır. Bu cür ağırlığı çəki ilə deyil, hisslə ölçürlər, o şey ki hisslə, mənəviyyatla ölçülür, bu, özü şeirdir... Adilin şeirləri xalq ruhundan süzülür. Hiss olunur ki, aşıq şeirini, folkloru yaxşı bilir. Buna görə də deyimləri təbii və səmimidir".
Böyük şairimiz Bəxtiyar Vahabzadə qırx il bundan əvvəl otuz yaşı yenicə tamam olan və yetmişinci illərdə istedadlı gənc şairlər sırasında adı tez-tez hallanan Adil Cəmilin şeirləri haqqında yazmışdı bu sətirləri.
İndi Adil Cəmil yetmiş yaşına gəlib çatdı. O, doğrudan da, əsl şair ömrü yaşayıb. Bu ömürdə sevinc də, kədər də, təəssüf də bir-birini əvəz edib. "Bahar" adlı ilk şeiri "Mingəçevir işıqları" qəzetində dərc ediləndə cəmi 16 yaşı vardı. İlk şeirlər kitabı - "İşıqlar, pərvanələr" "Yazıçı" nəşriyyatında işıq üzü görəndə 26 yaşındaydı. Bu birinci şeir və ilk şeirlər kitabı onun həyatında gecəsi olmayan və heç vaxt olmayacaq, işıqla dolu günlərin yadigarıdır. "Gündoğandan günbatana", "Aylı gecə nağılı", "Sözümün canı var" şeirlər kitablarında da o gecəsi olmayan, işıqla dolu günlər onun sevinc dolu günlərinin, aylarının, illərinin müjdələriydi. Adil Kəlbəcərin Kilsəli kəndində dünyaya göz açıb və adını çəkdiyim bu kitablarda onun təbiət və ocaq duyğuları dil açır:
Boylandım şimşəyin qızıl rəqsinə,
Qayalar qoymadı qorxam, diksinəm.
Sarmaşdım lalənin alov köksünə
Bu həsrət dağlara tanıtdı məni.
Yetmişinci-səksəninci illərin gənc şairi Adil Cəmil təbiətə üz tutur, ülviliyi, təbiiliyi tərənnüm edirdi. Bu təbiətə həsr olunan şeirlərdə yağış "çəmən-çəmən çiçəkləyir, qayalar Şəmşirin qıfılbəndinə çevrilir, "Dirəklər işıqlı ürəklərini Qaldırıb Dankotək başının üstə", "Aldanıb payızın qızıl "payına" Küləyə qoşulub yarpaqlar qaçır"... Adilin "aylı gecə nağılları"nda insan-təbiət harmoniyası romantika ilə naxışlanırdı:
Adil Cəmil elə ilk şeirlərində uğurlu təşbihlərə, metaforalara üz tutdu. Çox yaxşı dərk elədi ki, sözə ehya vermək, onu poetik mənaya çevirmək lazımdır, şablondan, hamının işlətdiyi və artıq stereotipləşən ifadələrdən qaçmaq gərəkdir. Bu tipli şeirlərdə Adilin metaforik düşüncə tərzi onun şairlik istedadından xəbər verirdi.
Aylı gecələrin ayrı rəngi var,
Belə gecələrdə salxım söyüdün
Yamyaşıl yarpağı gümüşü olar,
Gümüşü söyüdün ağ kölgəsində
İki sevgilinin görüşü olar.
Adil Cəmil təbiətdən cəmiyyətə, cəmiyyətdən təbiətə boylanan bir şair kimi diqqəti cəlb edirdi və kənddən, təbiətdən, onun gözəlliklərindən söz açan şeirlərində İnsan amili birinci sıradaydı. Məsələn, adi bir çobandan söz açmağa nə var ki? Amma çoban məişətinə bələd olmadan o şeiri necə yazmaq olar?
Haçan ki gün batıb, şər qarışardı,
İnəyin, buzovun mələrtisindən
Qoyunun, quzunun mələrtisindən
Elə bil göy ilə yer qarışardı.
1972-ci ildə Adil Cəmil arzularının ünvanına - Bakıya yollandı, ADU-nun jurnalistika fakültəsində təhsil aldı. Amma doğulduğu torpağa, ocağa məhəbbəti onu tərk etmədi. Şəhərdə qəribsədi də...
Ay ana, bu həsrət tutub sinəmi,
Ürəyim elə bil düşüb qəfəsə.
Dərə ağız açıb əjdaha kimi
Udurmu çayları bircə nəfəsə?
Burda gəncliyimi mən tapan gündən,
İtib uşaqlığım sıx meşələrdə.
Arzumun dalınca at çapan gündən
Yoluma göz dikib bənövşələr də...
"Ürəyimdə bir haray var" - bu, Adil Cəmilin 1992-ci ildə çap etdirdiyi bir şeir kitabının adıdır. Azərbaycanda səksəninci illərin sonu - doxsanıncı illərin əvvəllərini hamımız yaxşı xatırlayırıq. Poeziyamızda Vətənimizdə baş verən hadisə və olaylarla bağlı çoxlu sayda haray və çağırış ifadə edən yüzlərlə şeirlər, poemalar yarandı. Şairlər vətənin o ağır günlərində xalqı mübarizəyə səsləyir, məmləkətin başına gətirilən müsibətlərdən söz açırdılar. Təbii ki, Adil Cəmil də səsini bu səslərə qatdı. Doğulduğu Kəlbəcərin o ağır günlərində Adil tez-tez ata yurduna, doğma ocağa baş çəkirdi. Amma o bir qəriblik havası duyurdu:
Bu torpaq, bu meşə, bu dağlar mənim,
Bəs niyə bağrıma basa bilmirəm?
Yuvası dağılmış budaqlar mənim,
Ay ellər, dərdimi yaza bilmirəm.
Kəlbəcər həsrətilə dünyasını dəyişən atası Savalanın əziz xatirəsinə həsr etdiyi şeirin son bəndində yazırdı:
Deyirdin, o yurda dönməliyik biz,
Deyirdin, dizimdə hələ təpər var.
Sən idin bir parça Kəlbəcərimiz,
Daha nə sən varsan, nə Kəlbəcər var.
Onun və hamımızın Qarabağ, Kəlbəcər həsrəti 2020-ci ildə sona vardı. Və indi çox gözləyirik ki, Adil Cəmil yaşının bu yetkinlik çağında o doğma ocaqların baharlı günlərini şeirlərinə gətirsin.
Ümumiyyətlə, Adil Cəmil müasir Azərbaycan şeirinin vətənpərvərlik missiyasına bütün yaradıcılığı boyu sadiq qalıb. Bakıda Xətaiyə heykəl qoyulmamışdan öncə onun "Doğma torpaq, yad heykəllər" şeirini mən Adil Cəmilin ən vətənpərvər ruhda yazılmış bir şeiri kimi qiymətləndirirəm:
Bu torpağa heykəl qoyan
Eloğlumun heykəli yox.
Qaçaq Nəbi qaçaq düşüb,
Koroğlunun heykəli yox.
Alışıram korun-korun,
Bulud boylu tüstümə bax.
Qaniçənin, başkəsənin
Başa çıxan büstünə bax.
Bəsdir heykəl qoyduğumuz
Bu torpaqda yad oğluna.
Bircə qarış yer verməzmi
Odlar yurdu od oğluna?
"Qarabağın hər qarışı Ruhumuzun vətənidir. O - çırpınan bir ürəkdir, Azərbaycan bədənidir". Bu misralar onun 20 Yanvar faciəsinə həsr etdiyi "Qan borcu" poemasından götürülüb. O poemada həmin işğal gününün bütün dəhşətli mənzərələri, sanki bir sənədli filmdə əks olunurmuş kimi canlandırılır. "Şəhidlərin ayağı dəyən yerdə gül bitib. Harda ki qan tökülüb, orda qərənfil bitib".
Onun şeirlərinin canı, cövhəri lirikadır. Lirik şeir o zaman ürəyi tərpədir ki, o şeirdə obrazlı ifadələrlə, təsirli şeir parçaları ilə qarşılaşırsan. "Ünvansız şeir" cəmi səkkiz misradan ibarətdir. Bu şeir lirik şeirin ən yığcam, amma qəlbə, hissə sirayət edən bir nümunəsidir:
Ağrıyan ürəyin üstündə əsin -
Böyük ağrıların kökü dərində.
Gecəni yuxusuz keçirən kəsin
Dan üzü doğular bəbəklərində.
Doğular dan üzü, nurlanar dünya
Nurlu adamların baxışlarından.
Kədərli-kədərli fırlanar dünya
Asılıb bu payız yağışlarından.
Adil Cəmilin 70 yaşı münasibətilə qələmə aldığım bu yazıda ondan bir tədqiqatçı kimi də geniş söz aça bilərdim. Deyim ki, o, "Manas" eposu və türk dastançılıq ənənəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Doxsanıncı illərdə Adil Cəmil bu dastandan Azərbaycan dilinə tərcümələr etdi, epos haqqında monoqrafiyası işıq üzü gördü. Bu monoqrafiya beynəlxalq TÜRKSOY təşkilatı tərəfindən yüksək qiymətləndirildi.
Onun sevgi şeirlərindən də söz açmadım. Onun sevgi şeirlərini oxuyanda, adam bahar yağışına, payız çəninə, günəşli gündüzlərə bürünür. Adil Cəmilin sevdiyi şairlər çoxdur və əlbəttə, mənim kimi o da Füzuli heyranıdır. Və müasir şeirimizi də Füzulisiz təsəvvür etmir:
Ölməzlik közərir söz ocağında -
O, ölməz sənətin özülü imiş.
Ən gözəl şeirini yazan çağında
Hər şair bir azca Füzuli imiş.
Bu yazını başa çatdırmaq istəyəndə bir daha Adil Cəmilin şeirlərinə nəzər yetirdim, o şeirlərdəki doğmalıq, səmimilik, yurda bağlılıq mənim də içimdən keçdi. Mən də Adil Cəmil kimi, dağın döşündəki o balaca kəndi dünyanın ən böyük kəndi bilmişəm. Və mənə də elə gəldi ki, dağların boynuna dolanan cığır torpaqdan göyərən göy sətir imiş... Mən də Adil Cəmil kimi, ömrümün o uşaqlıq və gənclik illərinə üzümü tutub deyəm ki:
Ağlayım dağılmış quş yuvasına,
Uçan "divarını" hörəsi olum.
Qarışıb meşənin yaz havasına
Bir yuva ömrünə dayaq olmağa
Çevrilib bir ağac pöhrəsi olum.
Amma bu yazını başa çatdıranda Adil Cəmilin dünyadan vaxtsız köç edən şair oğlunu - Orxan Adiloğlunu xatırladım. Onun "Ünvanlı sətirlər" adlı yeni şeirlər kitabı çapdan çıxmışdı. Sevincini mənimlə də bölüşmüşdü. O kitabda Orxanın öz atasına - Adil Cəmilə həsr etdiyi şeirindən bu misralarla sözümü bitirirəm:
Vətənimin təəssübkeşi,
Düz baxışlı, düz yerişli -
Adil Cəmil.
Vətənimin şair oğlu,
Sənətinin püxtələşmiş qadir oğlu -
Adil Cəmil.
Xarüqələr yaratmısan öz səsinlə,
Yazdığına ruh vermisən nəfəsinlə,
Adil Cəmil.