Azərbaycan Milli Elmlər Akademiyası xalqın ümumi zəkasını, ağlını birləşdirən böyük bir sərvətdir. ...Elmlər Akademiyasının yaranması Azərbaycanın çoxəsrlik tarixində mühüm bir hadisədir.
Heydər ƏLİYEV,
Ümummilli lider
I məqalə
“Elmi yaddaş” anlayışı
Ümumiyyətlə, “elmi yaddaş” anlayışını Pyer Noranın daxil etdiyi “yaddaş məkanı” anlayışının tərkib hissəsi kimi qəbul edirik. Fransa tarixşünaslığının canlı əfsanələrindən olan Pyer Nora “yaddaş məkanı” dedikdə toplumun tarixində xüsusi mədəni rol oynayan məkanları, böyük şəxsiyyətlərin, o cümlədən elm adamlarının fəaliyyətlərinin yaddaşda qalması üsulunu nəzərdə tuturdu.
Bu baxımdan hər bir xalqın mədəni, incəsənət, elmi, tarixi, siyasi və digər yaddaş yerləri (və ya məkanları mövcud olur). Bu, konkret xalqın keçdiyi tarixi təkamül yolu ilə bağlıdır. Daha əhəmiyyətlisi odur ki, “yaddaş məkanları” tarixin sınağından keçərək, kollektiv şüurda yerini tutmalıdır. Burada həm xalqın öz tarixinə, həm də özünə münasibəti sintez halında özünü göstərir. Xalqın zəkası “yaddaş məkanları”nı müəyyənləşdirir və onlara uyğun olaraq, inkişaf və tərəqqi yolunu seçir.
Aydındır ki, xalqın hansı dəyərləri tarixinin, elminin və mədəniyyətinin yaddaşı kimi görmək istəməsindən çox məqamlar asılıdır. AMEA-nın müasir mərhələdə vacibliyi baxımından bunun böyük əhəmiyyəti vardır. Bu məsələyə daha geniş aydınlıq gətirmək üçün Azərbaycanda elmi ənənənin nə dərəcədə “yaddaş məkanı” olaraq cəmiyətdə və dövlət quruculuğunda yer aldığına baxaq.
Azərbaycanda intellektin fəzilətliliyi və yaddaş
Ulu öndər Heydər Əliyev məsələnin bu aspekti ilə bağlı dahiyanə fikirlər söyləmişdir. Ümummilli liderin çox sayda fikirlərindən görünür ki, Azərbaycan xalqı daim zəkaya, elmə və təhsilə böyük önəm vermişdir. Azərbaycanda elm və təhsil adamlarına həmişə diqqət çox olmuşdur, onların el arasında nüfuzu yüksəlmişdir.
Ulu öndər öyrədirdi ki, azərbaycanlılar həmişə elmi cəmiyyətin ali dəyəri hesab etmişlər, ən qədim zamanlardan başlayaraq, elmi yüksək qiymətləndirmişlər: “Azərbaycan xalqı yüksək elmə, biliyə, savada malik olan xalqdır”. “Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir”. “Azərbaycan xalqı inkişaf etmiş xalqdır. Azərbaycan xalqı öz köklərinə görə zehni inkişaf etmiş xalqdır. Biliyə, inkişafa həmişə diqqət vermiş və bu yolla getmiş xalqdır.”
Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün elmin yüksək dərəcədə vacib olduğunu konkret ifadə edən bu fikirləri tədqiqatlar üçün mayak rolunu oynamalıdır. Çünki burada həm tarixi həqiqət vardır, həm də bu həqiqətin adekvat dərki üçün çox əhəmiyyətli tövisyələr mövcuddur.
Heydər Əliyev, bütövlükdə, Azərbaycan xalqının tarixi təşəkkülünün elmi tərəfinə diqqət yetirməyi tövsiyə edir. Deyir ki, bu xalq kökündən ziyalıdır, qədimdən ziyalılıq onun tarixi təkamülündə aparıcı yer tutmuşdur. Bu, böyük tezisdir, həm də səsləyişdir, anlatmaqdır. Ulu öndər anladır ki, qədimdən Azərbaycanın müxtəlif sivilizasiyaların və mədəniyyətlərin kəsişmə məkanı olması, onu mədəniyyətinə, həyat tərzinə və düşüncə üsuluna o dərəcədə hopmuşdur ki, bütövlükdə, cəmiyyət elmi dünyagörüşü ilə formalaşmışdır. Burada, təbii ki, dinin təsiri inkar edilmir. Əksinə, dinin də rolunu elmi müəyyənləşdirməyə bir dəvət hiss olunur.
Digər məqam ondan ibarətdir ki, Azərbaycan xalqı inkişafı naminə daim elmə maraq göstərmişdir. Bunun üçün də azərbaycanlı təfəkkürü elmi-mədəni aspektdə başqa biliklərə həmişə açıq olmuşdur. Təfəkkürün açıqlığı müasir filosoflar tərəfindən intellektin fəzilətliliyinin əsas göstəricilərindəın biri kimi təqdim edilir. Deməli, qədimdən azərbaycanlıların təfəkkürləri fəzilətli olmuş, özündə mənəvi-əxlaqi fəzilətlə intellektual fəziləti sintez etmişdir. Bu məsələnin fəlsəfi əhəmiyyəti çox böyükdür və xüsusi araşdırılmalıdır. Onu vurğulayaq ki, azərbaycanlı təfəkkürünün fəzilətliliyi Ulu öndərin ifadə etdiyi fikirlərin əsasında tədqiq olunmalıdır.
Heydər Əliyevin fikirlərində intellektin fəzilətliliyi əlaməti kimi başqa bir keyfiyyət yer almışdır. Bu, Azərbaycan fəlsəfi-elmi təfəkkür ənənəsində intellektin daim birləşdirici və inkişafetdirici rol oynaması ilə bağlıdır. Diqqət etsək, görərik ki, Ulu öndər daim cəmiyyətin inkişafını elmlə əlaqələndirir. Bütün fikirlərində elm bütövlükdə toplumun və dövlətçiliyin tərəqqisi kontekstində qiymətləndirilir. Burada hansısa şəxsin özü üçün elm öyrənməsi arxa plana atılır.
Bundan başqa, Heydər Əliyev elmi fəaliyyəti həmişə cəmiyyət və dövlət üçün strateji dəyər kimi təqdim edir. Və bu zaman elmi düşüncənin birliyə, inkişafa və bəşəriliyə dəvətini ayrıca vurğulayır. Azərbaycan fəlsəfi-elmi təfəkkürü buna görə ənənəvi olaraq humanist, bəşəri və sülhpərvər istiqamətli olmuşdur. Bu, ümumiyyətlə, azərbaycanlı intellektinin fəzilətliyinin, onun zehni faktor kimi “xeyirxahlığı”nın maraqlı əlamətlərindən biridir. Bu problem də ciddi araşdırılmalıdır.
Məsələnin fəlsəfi-nəzəri təhlili üzərində çox geniş dayanmaq imkanı yoxdur. Ancaq aydındır ki, elmi təfəkkür və onun əsas funksiyası olan elmi araşdırma mədəniyyəti qədimdən Azərbaycan toplumunun həyat fəaliyyətinin atributu olmuşdur! Ulu öndər öz fikirləri ilə bunu dolğun ifadə etmişdir.
Bunlardan Azərbaycanda akademik elmi tədqiqatların tarixinə qısa nəzər salmaq üçün təbii maraq yaranır. Bu məsələnin üzərində bir qədər geniş dayanaq.
Azərbaycan – zəngin akademik tədqiqatlar ölkəsi
VI əsrdə artıq Yunanıstanda “Beşinci akademiya” (neoplatonizim dönəmi) mövcud idi. Lakin 529-cu ildə Bizans imperatoru Yustinian Afinada bütün fəlsəfi məktəbləri bağladı. İoann Malala bu prosesi belə təsvir edir: “529-cu ildə...Afinaya əmr göndərildi ki, fəlsəfəni heç kəs tədris etməsin, qanunu izah etməsin...”. 531-ci ilin sonu 532-ci ilin əvvəllərində Afina Akademiyasının rəhbəri Dəməşqin başçılığı ilə 7 filosof indiki Azərbaycanın da daxil olduğu siyasi-coğrafi və mədəni məkana qaçdı. Lakin 532-ci ilin sonunda yenidən Roma imperiyası ərazisinə qayıtdılar.
Qısa müddətdə olmasına baxmayaraq, yunan fəlsəfə və elm adamlarının Azərbaycanın yerləşdiyi coğrafi və mədəni məkana gəlməsi və özləri ilə özəl fəlsəfi düşüncəni, məntiqi və elmi yunan yanaşmasını gətirməsi tarixi bir dönüşə – geniş ərazidə akademik tədqiqatlar ənənəsinin yaranmasına təkan verdi! Faktlar bunu sübut edir.
“Akademikləşmə” prosesinin özünün “yeni coğrafi və mədəni” məkanında sürətlə getməsi təsadüfi deyildi. Məsələ ondan ibarətdir ki, həmin dövrdə də Şərqdə ciddi elmi ənənə və ondan qaynaqlanan təfəkkür tərzi mövcud idi. Hətta xristian fəlsəfi təfəkkürünün qaynaqlarından olan Müqəddəs Avqustin elmi fəaliyyətinə maniçi kimi başlamışdır. Maniçilik III əsrdə meydana gəlmiş və geniş yayılmış bir fəlsəfi-dini cərəyan idi. Hər bir halda Şərqin və o cümlədən, Yaxın Şərq və Qafqazın yunan akademik məktəblərinə həssaslığı öncədən bu ərazilərdə elmə böyük canatmanın və regionun zəngin fəlsəfi, dini və elmi araşdırma ənənəsinə malik olması ilə sıx bağlıdır.
Bu əlamət özünü Azərbaycan da daxil olmaqla geniş ərazidə akademik araşdırmalarda yunan fəlsəfi-elmi məntiqi ilə Şərq araşdırma özəlliyinin sintezində tapdı. O cümlədən, indiki Azərbaycan ərazilərində meydana gələn akademik məktəblərdə humanitar və təbiət elmlərinin həm tədqiqində, həm də tədrisində özünü göstərmişdir. Bu bağlılıqda Heydər Əliyevin ifadə etdiyi aşağıdakı fikirlər çox maraqlı və əhəmiyyətlidir. Ulu öndər III minilliyin gəlişi ilə bağlı xalqa müraciətində vurğulamışdır: “...Yunan-Roma mədəniyyətinin, bütün antik sivilizasiyanın güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik olmağa başlamışdır. Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə həm zərdüştlik, yəhudi, xristian, həm də islam mədəniyyətlərinin təsiri olmuşdur...”.
Bu fikirlərin çox mənaları vardır. O cümlədən, Ulu öndər ifadə edir ki, Azərbaycanda elmi tədqiqatların tarixi çox qədimdir və onun bir qolu yunan-Roma fəlsəfi-elmi xüsusiyyətlərinə gedib çıxır. Digər qolu isə Azərbaycanın mədəniyyət və elm məkanı kimi özəllikləri ilə əlaqəlidir. Buna görə də tədqiqatçılar yazırlar ki, qədim dövrlərdən Azərbaycanda təbiət elmləri ilə humanitar və tibb elmi qarşılıqlı əlaqədə araşdırlmışdır. Bu isə müasir akademik tədqiqatlar üçün xarakterik olan xüsusiyyətdir.
Yunan akademik düşüncə tərzinin Azərbaycanın ərazisinə sirayət etməsi ilə VI-IX əsrlərdə elmin sürətli inkişafı üçün münbit şəraitin formalaşmasına səbəb olmuşdur. Və artıq IX əsrdə yeni elmi mərkəzlər şəbəkəsi yaranmağa başlamışdır. Bu prosesi ümumiləşdirsək, deyə bilərik ki, Orta əsrlərdə İsfahan, Təbriz, Şamaxı, Marağa, Naxçıvan, Həmədan, Ərdəbil, Xoy, Urmiyə və digər yerlərdə çox sayda elmi tədqiqat mərkəzləri formalaşmışdır. Həmin mərkəzlər arasında elmi təcrübə mübadiləsi də mövcud olmuşdur. Bunu tarixi mənbələrdəki faktlar göstərir.
Nəticədə, Azərbaycanda akademik araşdırma mədəniyyəti yeni səviyyəyə yüksəlmiş və bu, bütövlükdə, elmi istiqamətlərin strukturlaşması, təşkili və inkişaf etdirilməsinə ciddi təkanlar vermişdir. Bununla demək olar ki, artıq XII-XIV əsrlərə vahid Azərbaycan akademik araşdırma şəbəkəsi formalaşmış idi.
Vurğulanmalıdır ki, XIII əsrdə Təbrizdə “Rübi-Rəşidi” Akademiyası təşkil edilmişdir. Burada təbiət elmləri, riyaziyyat, tibb, həndəsə və humanitar elmlər üzrə elmi tədqiqatlar aparılmışdır. Bu struktur müasir akademiyaların strukturuna çox bənzəyir.
Çox əhəmiyyətlidir ki, həmin dövr Azərbaycan elmi mərkəzləri yalnız regioal miqyasda deyil, dünya miqyasında diqqəti cəlb etmişdir. Nəsirəddin Tusinin məktəbində hətta uzaq Çindən gəlmiş alimlər tədqiqat aparmışlar. Sonra onlar vətənlərinə qayıdaraq Tusi modelinə uyğun tədqiqat məktəbləri yaratmışlar.
Sonrakı əsrlərdə Azərbaycanda akademik araşdırma mədəniyyəti daha da inkişaf etmiş və tendensiyadan davamlı inkişaf edən yaradıcılıq üsuluna çevrilmişdir.
AMEA elmi yaddaşın milli sərvətə çevrilməsi yolunda: müasir mərhələ
Bütün bu faktlar nəyi ifadə edir? Hər şeydən öncə, Azərbaycanda qədimdən akademik tədqiqatların aparıldığını fakt kimi qəbul etməklə yanaşı, yaradıcılıqda xüsusi ənənə olaraq dərk etmək zərurətini ortaya qoyur. Bunun elmin təşkili və idarəedilməsi aspektində anlamlarından biri ondan ibarətdir ki, AMEA-nı bağlamaq fikrinə düşənlər və “bu struktur nə etmişdir ki?” kimi sual verənlər nəyi baltaladıqlarının fərqinə varsınlar. Azərbaycan elə bir elmi-mədəni məkandır ki, akademik araşdırmalar onun yaradıcılıq potensialının nüvəsini təşkil edir. Bu nüvəni məhv etmək, özünü məhv etməkdir! Və burada heç bir bəhanə keçərli deyil – nə liberalizm nağılı, nə antisovetizm radikal mövqeyi, nə Qərb nümunəsində elmi fəaliyyəti “müasirləşdrmək” bəhanəsi ilə olanı da dağıtmaq aqressivliyi, arqument deyildir. Təbii ki, elmi fəaliyyətin səmərəsini artırmaq üçün islahatlar zəruridir, lakin bunu ölkədə akademik tədqiqat ənənəsinə zərər verməklə etmək qətiyyən olmaz. Həm də AMEA indiki fəaliyyəti ilə sübut edir ki, müstəqil dövlətin inkişafı üçün çox böyük işlər görə bilər və elmi müasirləşmə hər kəsdən öncə bu strukturun çiyinləri üzərində mümkündür.
“Azərbaycan Milli Elmlər Akademiyası respublikanın dövlət müstəqilliyinə xidmət etməlidir və Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır”.
Heydər ƏLİYEV,
Ümummilli lider
II məqalə
AMEA elmi yaddaşın milli sərvətə çevrilməsi yolunda
Biz, I məqalənin sonlarında qeyd etmişdik ki, AMEA müstəqil dövlətin inkişafı üçün çox böyük işlər görə bilər və elmi müasirləşmə hər kəsdən öncə bu strukturun çiyinləri üzərində mümkündür.
Bəli, hazırda AMEA-nın rəhbərliyi prosesləri məhz bu istiqamətdə aparır. Bu qurumun rəhbəri akademik İsa Həbibbəyli bütün intellektual potensialı, praktiki fəaliyyət imkanları ilə AMEA-nın Azərbaycan müstəqil dövlətçiliyinin inkişafı naminə intensiv çalışması xəttini həyata keçirir. Bu, pafoslu ritorika deyildir – hazırda AMEA-da gedən proseslərin təhlilindən yaranmış fəlsəfi-sinergetik qənaətdir.
Həmin tezisin doğruluğunu sübut etmək üçün kifayət qədər faktlarımız vardır. Akademik İsa Həbibbəyli məsələyə sırf müstəqil dövlətçiliyi, Ulu öndərin dövlət quruculuğu konsepsiyası və onun siyasi varislik prinsipi üzrə Prezident İlham Əliyevin böyük uğurla inkişaf etdirilməsi kontekstində yanaşdığından, irəli sürülən hər bir fikrin də fəlsəfi-elmi sübutu olmalıdır.
Burada qeyri-elmi və ya dayaz yanaşma keçərli deyil. Digər tərəfdən, nəzərə almaq gərəkdir ki, AMEA rəhbərliyi dövlətçilik baxımından çox ciddi məsələlərlə məşğuldur və onların fəlsəfi-elmi (o cümlədən, sinergetik) dərki arxivacibdir! AMEA perspektivli olduğu qədər də ciddi təşkilatdır! Həm də ona görə ki, Ulu öndərin müəyyən etdiyi kimi, AMEA Azərbaycanda “elmi varisliyin” daşıyıcısı olmalıdır. “Elmi varislik” anlayışı Prezidentin tam əməl etdiyi siyasi varisliyin tərkib hissəsidir. Elmi varisliyin başlıca prinsiplərini Prezident İlham Əliyev müəyyən edir və onun icrası baş təşkilat kimi AMEA-nın üzərinə düşür! Bu, şərəfli olduğu qədər, həm də məsuliyyətli bir işdir!
Burada təhlillər AMEA-nın elmi-mədəni yaddaş fenomeni kimi yaradıcı aspektdə milli sərvətə çevrilməsinə prosessual, yəni daim özünüyeniləşdirən strukturun dərki fonunda aparılır. Eyni zamanda, obrazlı desək, AMEA intellektual potensialın elm naminə əyaniləşən, aktuallaşan və reaktuallaşan (təkrar-təkrar elmi tədqiqatlarda əyaniləşən, predmetləşən) məkanıdır. Bu anlamda təşkilat Azərbaycan Respublikasının elmi gerçəkliklərinin mərkəzi, avanqardı və həm də intellektual məsuliyyətini dərindən dərk edən strateji strukturlarından biridir!
Düşünürük ki, məhz bu anlamlar kontekstində AMEA Azərbaycanın elmi yaddaşı olmaqla intellektual məkanı kimi mövcudluğunun sintezini özündə ehtiva edən yeganə təşkilatdır! Sonuncu tezisə ulu öndər Heydər Əliyevin yuxarıda deviz kimi verdiyimiz dahiyanə fikrinin işığında baxmaq istərdik. Çünki o halda AMEA-nın indiki rəhbərliyinin elmimizin dövlətçilik naminə milli sərvətə çevrilməsi yolunda sərf etdiyi böyük zəhməti dərindən duymuş və soyuq məntiqlə də dərk etmiş olarıq!
Ulu öndərin tezisinin iki aspekti
Yuxarıda gətirdiyimiz nümunədə iki fikir aspekti bir-biri ilə vəhdətdə ifadə edilmişdir. Birincisi, “Azərbaycan Milli Elmlər Akademiyası respublikanın dövlət müstəqilliyinə xidmət etməlidir”, ikincisi, “Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır”!
Ulu öndərin fundamental əhəmiyyətli tezisinin birinci hissəsi AMEA-nın ümumi strateji missiyasını ifadə edir. Dövlətçilik ənənəsi ilə elmi ənənənin qarşılıqlı əlaqəsinin məzmunundan bu strateji istiqamət müəyyən edilir. Bunun əsası Ulu Öndərin bütövlükdə elm və mədəniyyətin tarixən Azərbaycan cəmiyyəti və dövlətlərinin həyatında oynadığı roldadır.
Heydər Əliyevin çox sayda fikirlərində ana xətt kimi belə bir məna keçir: Azərbaycan xalqı kökdən zəkidir, ziyalıdır və fəaliyyətinin kollektiv formasında, o cümlədən, dövlət quruculuğunda daima elmə, mədəniyyətə, təhsilə, azərbaycanlı ziyalılığının aydınlığına və fəzilətinə əsaslanmışdır. Elmə verilən bu qiymət dövlətçilik baxımından çox vacib bir özəlliyi aydınlaşdırır: Azərbaycanda dövlətçiliyin təməlində mədəniyyət, mənəvi-əxlaqi dəyərlər və ziyalılığın fəziləti dayanır! Bu, bütövlükdə, Azərbaycan dövlətçilik fəlsəfəsinə şər-böhtan atmağa cəhd edənlərə ən tutarlı cavabdır. Eyni zamanda, əhəmiyyətli məqamdır ki, Ulu öndər dövlətçilik kontekstində cəmiyyətin elmi vəziyyətinin formalaşmasında AMEA-nı başda görmüşdür. Məhz bu anlamda alimləri çox şərəfli bir xidmətə – Azərbaycanın dövlət müstəqilliyinə xidmət etməyə dəvət etmişdir və Prezident kimi tapşırıq vermişdir, qarşıya müqəddəs vəzifə olaraq qoymuşdur!
Tezisin ikinci hissəsi bu vəzifənin işığında olduqca aktual görünür. Ulu öndər AMEA üzərinə belə bir məsuliyyət qoymuşdur: AMEA Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır! Bu isə akademiya daxilində düzgün elm siyasəti yeritməyi özündə ehtiva edir. “Elm siyasəti” dedikdə elmi tədqiqatlarda yaradıcılığı, innovativliyi, elmi fəaliyyətin təşkilinin optimallaşdırılmasını təmin etmək (qabaqcıl təcrübələri öyrənmək kontekstində), AMEA-nın struktur-funksional mövcudluğunda islahatların aparılmasına və araşdırmalarda alınan nəticələrin çevik olaraq praktiki tətbiqinə nail olmaq nəzərdə tutulur (bizim anlamımızda). Təbii ki, həmin prosesin uğurlu olması üçün həm yüksək elmi yaradıcılıq mühitini yaratmaq, həm də təşkilatın struktur və funksional imkanlarını daim inkişaf etdirmək gərəkdir.
Bizcə, məhz bu şərtlər daxilində Ulu öndərin müəyyən etdiyi anlamda AMEA Azərbaycanın milli sərvəti kimi elm-mədəniyyət yaddaşı və intellektual məkan olaraq tarixi yerini tuta bilər! Hazırda AMEA-nən rəhbərliyi bütün imkanları bu istiqamətə yönlətmişdir. Bu prosesin məzmununu və məqsədini ifadə edən bir neçə faktor mövcuddur. Onların üzərində geniş dayanaq!
“Öncə dövlət müstəqilliyinə xidmət!”
AMEA-nın indiki prezidentinin bütün çıxışlarında ifadə etdiyi ilk və ana tezis bundan ibarətdir. Akademik İsa Həbibbəyli öz elmi yaradıcı və təşkilati fəaliyyəti ilə bunun nümunəsini də göstərir. AMEA prezidentinin ictimai-humanitar elmlərin hər bir sahəsində aktual hesab etdiyi hər mövzu birbaşa müstəqil dövlətçiliklə əlaqəlidir.
Məsələn, Tarix İnstitutunda Azərbaycan dövlətçiliyinin keçmişi, bu günü və gələcəyi müstəqil dövlətçilik konseptinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş məna, məzmunu və strategiyası kontekstində araşdırılır.
Folklor İnstitutu aktiv şəkildə Azərbaycan folklorunun Ulu öndərin müəyyən etdiyi aspektlər üzrə müstəqil vətəndaş cəmiyyətinin formalaşmasında və dövlət quruculuğunda yeri və rolunu araşdırır. Bu zaman folklorun ictimai faktor kimi multikultural cəmiyyətdə birləşdirici rolu önə çəkilir.
Fəlsəfə və Sosiologiya İnstitutunda daha çox aktuallıq kəsb edən mövzular dövlətçiliyin tarixi, siyasi, fəlsəfi və ideoloji aspektlərinin Ulu öndərin müəyyən etdiyi müstəqillik fəlsəfəsi çərçivəsində müzakirə olunur. Bu zaman, AMEA prezidenti və institut rəhbərliyi Ulu öndərin “Bir millət, iki dövlət” kəlamı və azərbaycançılıq ideologiyası kontekstində araşdırmaların aparılmasına önəm verirlər. Həmin prizmada da Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif aspektləri fəlsəfi və siyasi-nəzəri refleksiya edilir. Bu sırada AMEA-nın rəhbəri Prezident İlham Əliyevin daxili və xarici siyasətinin vəhdətdə tədqiq edilməsinə xüsusi önəm verir.
Burada akademik İsa Həbibbəyli “Bir millət, iki dövlət” kəlamı və azərbaycançılıq ideologiyasının qarşılıqlı əlaqəsi aspektində Prezidentin həyata keçirdiyi genişmiqyaslı proqramların tədqiq edilməsinə ayrıca diqqət göstərir və lazımi istiqamətləri müəyyənləşdirir.
Bunlarla yanaşı, AMEA-da Azərbaycan Prezidentinin “intellektin milli sərvətə çevrilməsi” tezisinin fəlsəfi-tarixi, etik, estetik, sosioloji, psixoloji, siyasi-nəzəri araşdırılması getdikcə daha geniş və dərin istiqamətlərdə həyata keçirilir.
Vurğulanan ruhda və istiqamətdə AMEA-nın digər tədqiqat institutlarının da fəaliyyətindən bəhs etmək olar. Bu mühiti yaradan və istiqamətləndirən birbaşa AMEA rəhbərliyidir!
AMEA rəhbərliyinin fəaliyyətinin digər tərəfi birbaşa ölkədə elmin inkişafında aparıcı rol oynamaqla bağlıdır. Burada da maraqlı və əhəmiyyətli saydığımız bir sıra məqamların üzərində geniş dayanmağa ehtiyac duyuruq.
Elmdaxili potensial və xarici əlaqə sintezində
Öncə, onu vurğulayaq ki, bu məsələ heç də sadə və asan başa gələn proses deyildir. Ümumi səviyyədə problemə yanaşanda onun bütövlükdə dünya elmi üçün aktuallıq kəsb etdiyini anlamış oluruq. Bununla bağlı Qərbdə, Rusiyada, Uzaq Şərq ölkələrində kifayət qədər ciddi elmi araşdırmalar mövcuddur. Onlarda ifadə edilən ideyaları elmin inkişafı kontekstində bir neçə qrupda cəmləşdirmək mümkündür. Bu, bizə baxılan problem kontekstində nəyi verəcəkdir?
Hər şeydən öncə, həmin problemlərin dünya üzrə mövcudluğu özəlliyi fonunda Azərbaycanda həyata keçirilən elmi araşdırmaların fəlsəfəsinin uğurlu olub-olmaması haqqında fikir formalaşar.
Bundan əlavə, dünyanın qabaqcıl ölkələrində nəzəri araşdırmalarla praktiki tətbiqin innovativlik kontekstində qarşılıqlı əlaqələri haqqında geniş təsəvvür yaranar.
Nəhayət, bu təsəvvürlər bizə AMEA-nın indiki rəhbərliyinin elmin inkişafında aparıcı rola necə nail olmaq istiqamətində apardığı axtarışların fəlsəfi-sinergetik dərkinə imkan verər.
Ayrıca, biz “sinergetik dərk” məsələsini gəlişi və səslənişi müasir kimi görünən ritorika statusunda işlətmirik. Sinergetik dərk keyfiyyətcə mürəkkəb prosesləri indiki mərhələdə elmi olaraq daha adekvat qavramağın səmərəli epistemoloji (ümumi və sadə halda epistemologiya - dərketmə nəzəriyyəsi, yəni idraketmə nəzəriyyəsi) sistemi kimi faydalıdır.
Təbii ki, məsələnin bu cür qoyuluşu bəri başdan Azərbaycan elminin inkişafında AMEA-nın aparıcı rol oynaması məsələsinin kompleks xarakterli olduğunun təsbitidir. Burada, da istər-istəməz, həm baxılan problemin ciddi elmi xarakterdə olmasını, həm də onun adekvat, çağdaş tələblərə cavab verən səviyyədə araşdırılması üçün fənlərarası (interdisiplinar) yanaşmaya ehtiyacın yaranmasını qəbul etmək lazım gəlir. Bu məqamdan da məsələnin daha aktual və maraqlı mərhələsi başlayır.
III məqalə
“Elmi sinerji”nin Azərbaycan nümunəsi
II məqalənin sonuncu müddəaları Azərbaycanda elmin inkişaf perspektivləri ilə dünya miqyasında elmin inkişafı arasında uyğunluq kontekstində AMEA-nı Azərbaycanın elmi yaddaşı və intellektual məkanı kimi necə daha səmərəli fəaliyyət səviyyəsinə yüksəltməyin fəlsəfi-sinergetik anlamı ilə bağlı idi. Buna ümumi halda “sinergetik dərk” deyirik və ona uyğun olaraq söhbət Azərbaycan elmində nəzəri ilə praktiki-tətbiqi aspektlərin “elmi sinerjisi”nin Azərbaycan nümunəsini yaratmaqdan gedir.
Bu məqsədə çatmaq üçün məsələyə iki səviyyədə – dünyada perspektivli elmi tərəqqiyə nail olmağın fəlsəfi-elmi araşdırılması və Azərbaycan təcrübəsini nəzərə almaqla alınan ümumi nəticələrin elmimizə necə səmərəli tətbiq etmənin nəzəri modelinin yaradılması səviyyələrində baxmaq zəruridir.
Araşdırmalar göstərir ki, müasir mərhələdə elmin inkişafı əsasən üç istiqamətdə baş verir:
– Rəsmi elmi strukturların (o cümlədən, akademiyaların) elmi fəaliyyəti;
– universitetlər çərçivəsində aparılan tədqiqatlar;
– müstəqil araşdırmaçıların elmi axtarışları.
Biz birinci istiqamət üzərində ikinci və üçüncü ilə bağlı mövcud fikirləri təhlil edəndən sonra dayanacağıq.
İndi Azərbaycanda universitet tərkibində elmi axtarışların daha səmərəli olması ilə bağlı fikirlər müsbət mənada dəbdədir. Təbii ki, Qərbin və Uzaq Şərqin inkişaf etmiş ölkələrinin universitetlərində yeni nəzəri ideyalar, innovativ ixtiralar, praktiki-tətbiqi potensialı güclü olan araşdırmalar aparılır və ondan böyük səmərə görürlər.
Birincisi, elmi axtarışların bu cür institutlaşması əsrlərdir ki, təhsillə vəhdətdə aparılır və bu sahədə Qərbin böyük təcrübəsi mövcuddur. Buna görə də həmin yol yalnız ona oxşar təcrübəsi olan ölkələrdə perspektivli səmərə verə bilər. Burada “perspektivli səmərə” dedikdə uzun müddətli, sistemli və davamlı olaraq elmi fəaliyyət göstərmənin nəzəri və praktiki modelinin mövcudluğu nəzərdə tutulur. Qısa müddətli “elmi sıçrayış”ı bütövlükdə elmi tərəqqi adlandırmaq olmaz.
İkincisi, hazırda Qərb fəlsəfi-elmi fikrində mövcud universitet strategiyasının dalana dirəndiyi haqqında nüfuzlu arqumentlər ifadə olunur. Konkret olaraq, Qərbdə, Rusiyada və Çində universitetin Humbolt idealına “yenidən baxmaq” (İ.T.Kasavin) ehtiyacından bəhs edən ciddi araşdırmalar meydana gəlmişdir. Bu barədə ilk yazanlar sırasında tanınmış filosof və elmin metodoloqu Pol Feyerabend də vardır. Son 4 ildə bu mövzuda çox sayda sanballı araşdırmalar Avropada, Amerika qitəsində, Uzaq Şərqdə aparılmışdır.
İ.T.Kasavin yazır ki, müasir texnoelmin və elmi tədrisin (təhsilin) yaradıcı şəxsiyyətə təsiri onun “habitus”unu yaradır (P.Burdyenin istifadə etdiyi termindir), yəni “şəxsiyyətin inkişafının əsas istiqaməti”ni müəyyən edir. Bu bağlılıqda Humboltun universitet strategiyasına yenidən baxılmalıdır. Çünki həmin strategiya Orta əsrlər Avropasında əsas olaraq kilsəyə, orduya və türmələrə qarşı “fiksasiya” kimi yaradılmışdır.
Konkret desək, universitetlər daxili tələbata görə insan yetişdirməyi deyil, kilsə, ordu və türməyə əks olan şəxsiyyətlər yetişdirməyə üstünlük verdilər. Universitetlərin təhsil strategiyası institutsional (öz missiyasına uyğun) maraqları təmin etməyə yönəlməmişdir. Bu, doğrudan da, özünüyaradan insan yetişdirmək strategiyası deyildir, sadəcə, “elə olma” məntiqinə dayanan fiksasiyadır (Kasavin, İ.T., 2022, s. 23).
Mövzunun elmi detallarına getsək, mətni mürəkkəbləşdirəcəyik. Ona görə də gəlinən ümumi qənaəti qısa vurğulayaq: müasir mərhələdə dünyanın ən aparıcı universitetləri belə strategiyada “tədqiqat dalanı”na dirəndiyini etiraf edirlər. Özü də başlıca olaraq müasir mərhələdə uğurlu ola biləcək İnsan yetişdirmək aspektində situasiyanı yeniləşdirməyin zəruriliyini vurğulayırlar. İnsan yaradıcılığı nədir? Elmi yaradıcılığın sosial-mədəni kontekstini tərəqqi naminə necə səmərəli etmək olar? Və sair kimi suallara intensiv cavab axtarırlar.
Onda məntiqi nəticə alınır: Azərbaycan kimi dünyanın aparıcı elmi kəsiminə inteqrasiya etmək kursunu seçmiş müstəqil dövlətlərdə universitetlərin strategiyası necə müəyyən edilməlidir? Bizim nümunə (mayak) kimi baxdığımız universitet strategiyası haqqında Qərbdə “dalana dirənmişik” fikri varsa, biz də ən yaxşı halda həmin dalana qədər getməyəcəyikmi? Əminəm, kor-koranə qəbul edib, “universitet yaxşı, akademik elmi fəaliyyət ondan zəif” kimi məntiqlə davransaq, gözümüzü həmin “yaradıcılıq və elmi” dalanında açacağıq.
Müasir mərhələdə elmin inkişafının ikinci xəttini müstəqil araşdırmaçılar təşkil edirlər. Bu tendensiyanın Qərbdə təcrübəsi toplanmışdır. Rusiyada xeyli zəifdir. Araşdırmalar, əsasən, “prekariat” anlayışı ilə bağlı aparılır. “Prekarlar” daimi iş yeri olmayan, müqavilə əsasında sərbəst fəaliyyət göstərən yaradıcı insanlar qrupuna aiddir. Bir zamanalar Qay Standinq onları “təhlükəli sinif” adlandırmışdı. Çünki prekarlar, adətən, rəsmi orqanlarla, dövlətin elm siyasəti ilə razılaşmırlar. Hətta Rusiyada onların bir etiraz dalğası meydana gəlmişdi.
Yuxarıda vurğulanan məqamlarla bağlı Azərbaycan kontekstində sualı belə qoyuruq: Azərbaycanda müstəqil araşdırma, o cümlədən, prekarlıq təcrübəsi mövcuddurmu? Məncə, mövcud deyildir. Onda hazırda elmin bu ölkədə müstəqil yaradıcı insanlar vasitəsilə inkişafı haqqında danışmağın heç yeri yoxdur.
Üçüncüsü, sinergetikada mürəkkəb və qeyri-xətti sistemlərlə bağlı belə bir teorem vardır: ən yaxşı ideyaları belə zamanında sistemə tətbq etməyəndə onun özünütəşkili baş vermir, əksinə, sistem deqradasiyaya uğrayır. Deməli, strateji olaraq da hansı ideyanı nə zaman və necə topluma tətbiq etməyin dəqiq təhlili aparılmalı və proqnozlar verilməlidir.
Bütün faktlardan hansı nəticə alınır? Azərbaycanda böyük təcrübəsi və nəticələri olan akademik tədqiqatlar istiqaməti aparıcı olmalıdır. Bunun üçün AMEA-nın fəaliyyətinin stratejisi istiqaməti ulu öndər Heydər Əliyevin müəyyən etdiyi nəzəri və konseptual çərçivədə müstəqil dövlətçiliyə və elmin daxili potensialı üzərində inkişaf etdirilməsinin sintezi ilə sıx bağlı olmalıdır.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin fəaliyyətinin mərkəzi punktunu məhz bu məqam təşkil edir. Bununla praktiki olaraq Azərbaycanda həm elmi tədqiqatların müasir tələblər səviyyəsində aparılmasını təşkil etmək, həm gələcək üçün universitetlərin yeni strategiyasını müəyyən etməyin nəzəri, metodoloji və praktiki-proqram əsaslarını hazırlamaq, həm də müstəqil dövlətçiliyə xidmət əsasında güclü dövlətçiliklə güclü intellektual cəmiyyətin formalaşması arasında harmoniya yaratmaq istiqamətlərində dövlətin yanında olmağı təmin etmək mümkündür.
AMEA bu vəzifənin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəyə, intellektual potensiala və indiki rəhbərliyin yaradıcı idarəetmə potensialına malikdir.
Tədqiqatda fənlərarası (interdisiplinar) yanaşmadan nəzəri ilə yanaşı, praktiki olaraq istifadə etmənin həm fərdi-yaradıcı, həm də akademik-institusional təcrübəsi mövcuddur. Bu təcrübə 80 ildir ki, fəaliyyət göstərən AMEA-nın institutlarının vahid sistem tərkibində qarşılıqlı əlaqədə işləməsindən toplanmışdır! Bu təcrübə Ulu öndərin müəyyən etdiyi mənada AMEA-nın milli sərvət kimi faydalı olmasını təmin etməkdədir.
Bundan başqa, elmin “Azərbaycan sinerjisi” intellektual sərvətin milli sərvətə çevrilməsi sayəsində reallaşmaqdadır. Bu məsələ birbaşa müstəqil güclü dövlətin və güclü vətəndaş cəmiyyətinin formalaşması strategiyası ilə bağlıdır. Çünki müasir inkişaf etmiş dövlətlərdə milli intellektual potensial ölkənin və cəmiyyətin xeyrinə istifadə əsasında tərəqqi etməkdədir. Hər hansı alim məşhur ola bilər, lakin onun məşhurluğu milli sərvət funksiyasını yerinə yetirməyə bilər. Yaradıcı adam mütləq yaşadığı ölkənin, mənsub olduğu cəmiyyətin, vətəndaşı olduğu dövlətin fəziləti və rifahı üçün yaratmalıdır. Onun elmi nəticələrinin cəmiyyətə faydası olmayacaqsa, milli sərvət adlandırılmaz. Milli sərvət olmadan isə, ümumiyyətlə, nə cəmiyyət, nə də dövlət var ola bilməz.
Beləliklə, AMEA-nın Azərbaycan elminin inkişafındakı yeri və rolu yalnız bu təşkilatın elmi yaddaş olması ilə məhdudlaşmır. AMEA həm də intellektual məkan kimi, daim dinamik funksiya yerinə yetirir. Bu iki faktorun kəsişməsinin yaradıcı sahəsində AMEA həm özünü, həm də ölkənin elmi mühitini formalaşdırır Təşkilatın hazırkı rəhbərliyi bu məsələyə Azərbaycanda müstəqil dövlətçiliyin inkişafına maksimum xidmət fəlsəfəsi ilə yanaşır. Bu isə o deməkdir ki, uğurlar getdikcə daha çox olacaqdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru