Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

“Mavi-yaşıl kitab”ın işığında - Salidə Şərifova

27-10-2023 [ 12:34 ] [ oxunub:26 ]
printerA+ | A-
103884

(romanının janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili)

GİRİŞ

Məmməd Əliyevin nəşrini planlaşdırdığı tetralogiyasının üçüncü kitabı olan “Mavi-yaşıl kitab” əsəri “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası”romanlarında olduğu kimi epoxal roman xüsusiyyətlərinə malikdir.

“Mavi-yaşıl kitab” romanının janrı “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” romanların davamı olsa da, burada əsərin sərhədləri genişlənir. “Mavi-yaşıl kitab” romanında faktiki həyat materialları müəllifin iştirak etdiyi, şəxsən şahidi olduğu hadisələr fonunda bədii dillə təqdim edilir. Müəllif həm də fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini yazılı interpretasiyasından keçirərək əks etdirir.

İdeya cəhətdən bir vəhdət təşkil edən, vahid müəllif qayəsi ilə biri-birinə bağlı olan bu əsərlər eyni şəxs - Murad obrazı ətrafında birləşir. Hər üç əsərdə fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətləri Muradın dili ilə təqdim edilir. Murad bir bədii obraz kimi müəllifin düşüncələrini, dünyaya baxışını, keçdiyi həyat yolunu əks etdirir.

 

I Romanın janr xüsusiyyəti

Janr qarışıqlığının xüsusiyyətlərindən bəhs edərkən, janr kontaminasiyası adı altında, bir bədii əsərdə iki və ya daha çox janrların elementlərinin birləşməsi başa düşülür. Bu zaman bir janrın əlamətləri dominant xarakter daşıyır. Məmməd Əliyevin “Mavi-yaşıl kitab” romanında da janr qarışıqlığı roman janrını inkişaf etdirmək, janrın məzmununu struktur, baş obrazın tipikləşdirilmiş xarakter səviyyəsində özünü təsdiq və zənginləşdirməsi kimi çıxış edir.

Roman janrında janr “saf”lığının əldə edilməsinin qeyri-mümkün olması baxımından, roman janrı sinkretik xarakter daşıyır. Yazıçının qələmə aldığı “Mavi-yaşıl kitab” romanında problem özəl müəllif təfsiri şəklində qoyulur, qaldırılmış problemin açıqlanması üçün əvvəllər istifadə edilmiş müxtəlif bədii üsullara müraciət edilir. Müəllifin bədii üsul axtarışı janr qarışıqlığına gətirib çıxarmışdır ki, bu da əsərin bədii konstruksiyasında özünü göstərmişdir.

Qeyd edək ki, janr qarışıqlığının üç əsas forması mövcuddur. Birinci halda, romana başqa növlərin elementləri daxil edilir. Bu halda da növlərarası janr qarışıqlığı baş verir. Növlərarası janr qarışıqlığına şərti olaraq romana qeyri-bədii nəsrin elementlərinin daxil edilməsini də aid etmək olar. İkincisi, romana nəsrin digər janrlarının elementləri daxil edilə bilər. Həmin halda növlərdaxili janr qarışıqlığı baş verir. Romanda növlərarası janr qarışıqlığı aşağı və ali janrların qarışıqlığına gətirib çıxardır. Üçüncüsü, janrdaxili qarışıqlıqdır ki, müxtəlif roman növlərinin əlamətlərini əhatə edir.

Müəllifin “Mavi-yaşıl kitab” əsərində müxtəlif janr xüsusiyyətləri özünü büruzə verir. Roman-etirafın janr qarışıqlığı təkcə roman və etiraf janrlarının xüsusiyyətlərinin birləşməsində özünü göstərmir, həm də avtobioqrafik janra xas elementlərin əsərə nüfuz etməsində özünü büruzə verir.

“Mavi-yaşıl kitab” romanında da digər cildlərdə olduğu kimi təsvir edilən avtobioqrafik hadisələri müəyyən etməkdə çətinlik yaranmaqdadır. Bunun da əsas səbəbi, “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” əsərlərində olduğu kimi əsərin qəhrəmanının müəllifin öz adı ilə deyil, Murad adı ilə təqdim edilməsidir. Hər üç əsərdə qəhrəmanın müəllifin öz adı ilə deyil, Murad adı ilə adlandırılır. Bu da “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” romanlarında olduğu kimi avtobioqrafikliyin özünü büruzə verməsi “Mavi-yaşıl kitab” əsərini roman-etiraf kimi təqdim etməyə əsas verir.

Müəllifin bu romanında sənədli faktı təqdim edərkən təxəyyülə geniş yer ayırır. Müəllif hafizəsində saxladığı fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini əks etdirərkən sənədliliyə də müraciət etmişdir. Bu sənədlilik müəllifin əsərlərdə təsvir etdiyi hadisələri tarixi baxımdan özünü göstərməsində də əksini tapır.

Romanın qarışıq tipli janrlarla təqdim edilməsi ədəbiyyatşünaslıqda mövcuddur. Bu zaman roman janrı hibrid janr konstruksiyaları yaradır. Sənədli, publisistik və elmi janrlar ilə fəal qarşılıqlı əlaqədə olur ki, nəticədə növlərarası janr qarışıqlığı əsas yer tutmaqla janr konstruksiyaları formalaşır. Sənədli və bədii janrların qarşılıqlı əlaqə formaları müxtəlif olur. İlk növbədə, sənədin (tarixi faktın) bədii mənasının yenidən işlənilməsi, müasir dövrdə “müstəqil estetik məna alması” ilə səciyyələndirilir. Məsələn, 1978-ci ildə SSRİ konstitusiyasına əlavə düzəlişlər edilməsi məhz tarixi sənədlərə müəllifin müraciət etməsinə səbəb olur: “Moskva dönə-dönə rus dilinin işlədilməsinin, əhatə dairəsinin genişləndirilməsi məsələsi üzərində qərarlı idi. Hərçənd 1978-ci ildə SSRİ konstitusiyasına əlavə düzəlişlər edilib SSRİ Ali Sovetində təsdiq ediləndə həmin dövlətin tarixində ilk dəfə olaraq milli dillərin ikinci dövlət dili kimi işlədilməsi bəyənilmiş və qanuniləşmişdisə də, yenə rus dilinin hegemon ünsiyyət vasitəsi kimi üstün mövqedə saxlanılması tələb olunurdu. Belə çıxırdı ki, istəsən də, istəməsən də rus dilində danışmalısan. Doğrudur, 1978-ci ildə qəbul edilmiş Konstitusiya respublikaların təklifləri ilə qəbul edilmişdi. İlk dəfə Gürcüstan respublikasında gürcü dilinin dövlət dili kimi işlədilməsi haqqında Gürcüstan Ali Sovetində qərar qəbul edilmişdi. Azərbaycanda Konstitusiya komissiyasında bu məsələyə baxılarkən onun işində iştirak edib təkliflər hazırlayan akademik, xalq yazıçısı Mirzə İbrahimov, Abdulla İbrahimov (Ali Məhkəmənin sədri) və digərləri milli dilimizə dövlət dili statusu verilməsi təklifi ilə çıxış etdilər. Komissiya həmin təklifi yekdilliklə qəbul etdi. Əslində həmin qərar akademik M.İbahimovun Ali Sovetin sədri işləyərkən ürəyində saxladığı arzusunun həyata keçməsi idi. Dil siyasəti sahəsindəki fəaliyyətinə əlifba islahatı (э, ю, я, й hərflərinin orfoqrafiyadan çıxarılması) ilə başlayan xalq yazıçısı bu səbəblərə görə də vəzifədən uzaqlaşdırılsa da o, geri çəkilməmiş “Azərbaycan dili” monoqrafiyasını nəşr etdirmişdi.”

Romanda esse janrının xüsusiyyətlərinin özünü büruzə verməsi ilə rastlaşırıq. Məsələn, ədəbiyyatda roman-esse məfhunu mövcuddur. Roman-esse müasir romançılıqda xüsusi haldır. Bir sıra tədqiqatçılar roman-esseni bədii-sənədli nəsrə aid edirlər. Əksər tədqiqatçılar isə roman-essedə bədii-publisistik nəsri görməyə meyillidirlər. Essedə publisistik başlanğıc daha əhəmiyyətlidir, nəinki sənədli və ya elmi. Romanın essesizasiyasılaşması özü reflektor müəllif təhkiyəsi ilə bağlıdır. Roman-essedə hadisələr məhz yazıçının şəxsiyyətini, onun daxili dünyasını və əqidəsini açıqlamalıdır. Məmməd Əliyevin bu romanında da esse janrına meyllik özünü göstərməkdədir. Belə ki, romanda təsvir edilən hadisələr müəllifin hadisələri təqdimi zamanı çoxqatlı struktura malik, qədim şüur qatlarında yer tutmuş hadisələrə fəlsəfi yanaşmasını əks etdirir. Məsələn, romanda özünü əks etdirən məqama diqqət yetirək. Romanda dünyada gedən siyasi məsələlər müəllif təxəyyülündən keçirilərək təqdim edilir. Tarixi hadisələrin bədii şəkildə təqdimi heç də hadisələrin üzərinə örtük salmır, əksinə oxucunun yaddaşına həkk olunmasına təkan verir. Məsələn, romanda Əfqanıstan, İran və s. dövlətlərin siyasi durumu ilə səsləndirilən fikirlər tarixilik baxımından əhəmiyyət kəsb edirlər: “Həmin dövrlərdə Əfqanıstanda monarxiya hakimiyyətinə son qoyuldu. Kral hakimiyyəti devrildikdən sonra qərbpərəst Əmin hakimiyyəti bərqərar edilmişdi. Onun hakimiyyətə gətirilməsi SSRİ-yə əl vermirdi.

Sovet dövləti də çevrilişə cavab verdi. Xüsusi hazırlanmış “Alfa” qrupunun əməliyyatı nəticəsində Əmin saraydaca boğulub öldürüldü. Hakimiyyətə Tərakı gətirildi. Lakin onun hakimiyyəti çox çəkmədi, yerinə kommunist təmayüllü Babrək Karməl gəldi. Əfqanların mübarizəsi sayəsində o, hakimiyyətdən getməli oldu, yerinə Nəcibulla gətirildi. Lakin əfqanların kommunizmi, onun liderlərini görməyə gözləri yox idi. Elə buna görə də onun diri-diri əl-qolunu bağlayaraq maşının arxasına bağlayıb küçələrdə sürüyəcəkdilər. Sovet dövləti 1979-cu ildə Əfqanıstana qoşun yeritsə də 10 ilik müharibə nəticəsində istədiyi dövlət qurumunu qurub yaşada bilmədi, on ildən sonra 1989-cu ildən oradan çıxmağa məcbur oldu, əvəzində dövlətin dayaqları, iqtisadi gücü sarsıldı...

Əfqanıstanın arxasında əhalisi iki yüz milyonu keçən, hərbi sənayesinə görə dünyada öncül yerlərdən birini tutan Pakistan dayanırdı... Bu amil nəzərə alınmamışdı...

Uzun müddət Fransada mühacirətdə yaşayan Ayətullah Xomeyninin gözlənilmədən hakimiyyətə gətirilməsi Sovet dövləti üçün gözlənilməz və xoşagəlməz sürpriz oldu. SSRİ-yə qarşı nifrət və qərəzli münasibət, İranın İraqla müharibəyə başlaması Sovet dövləti üçün xeyli problemlər yaratmışdı”.

Romanda müəllifin esseliyə meylliyinə baxmayaraq, bu əsərin janrına təsir edə bilməmişdir.

Məmməd Əliyevin romanında zaman və məkan anlayışı hadisələrin müəyyənləşdirilməsinə zəmin yaradır, əsərin kontinyumu müxtəlif məkanları əhatə edə bilir. Əsərdə zaman və məkan anlayışı məhz müəllifin özünün şahidi və iştirakçısı olduğu hadisələrin zaman və məkanında əksini tapır. Əsərdə zamanın, məkanın dəqiq təsvir edilməsi diqqəti cəlb edir.

Romanının kontinyumunu müxtəlif məkanlar, əsasən, Azərbaycanın Bakı şəhəri, Rusiyanın Moskva şəhəri, Estoniyanın Tallin şəhəri, Özbəkistanın Daşkənd şəhəri, Gürcüstanın Tbilisi şəhəri və digər məkanlar əhatə edir. Təqdim edilən şəhərlər keçmiş və müasirlik prizmasından oxuculara təqdim edilir. Məmməd Əliyevin təqdim etdiyi hadisələr yalnız zaman və məkan çərçivəsinə salınmır, həmçinin baş verən hadisələrə siyasi qiymət verilir.

Romanda məkanın təqdimi əksər hallarda müəllifin yaddaşına əsaslanaraq təqdim edilir. Müəllifin Estoniyada iştirak etdiyi beynəlxalq konfransın konkret olaraq məkan kimi Tallində, tarix baxımından isə mart ayının əvvəllərində baş verməsini göstərir: “Konfrans iki gün çəkdi… Mart ayının 6-da hava günəşsiz olsa da yazın gəlişi hiss olunurdu”.

Müəllif “Mavi-yaşıl kitab” əsərində məkanın təqdim zamanı məkanı incə detallarına qədər təsvir edir. Romanda müəllif Tallin, Daşkənd, Moskva, Tbilisi və s. məkanları bu baxımdan geniş şəkildə təqdim edir. Məsələn, romandaTallin şəhərinin məkan kimi təqdim edilməsi zamanı Tallinin tarixinə də nəzər salınır: “Tallin Avropanın qədim mədəni mərkəzlərindən idi. Cəmisi o vaxtlar 1,4 milyona yaxın əhalisi olan ölkənin özünəməxsus ənənələri vardı. Çox səliqəli şəhər olmaqla park və xiyabanlarında əlvan güllər əkilmiş, əhalisi mədəni həyat tərzi keçirirdi. Şəhərdə hər şey gözəl və sadə idi; “Köhnə Tallin” bizim “İçəri şəhər” kimi “yeni şəhərlər”lə əhatə olunmuşdu. Cəmisi 35-40 dəqiqəyə köhnə şəhəri dövrə vurmaqla gəzmək olurdu. Ötən əsrlərdə tikilmiş iki-üç mərtəbəli binalar şəhərə xüsusi yaraşıq verirdi”.

Müəllif romanda məkanları həm müasir dövr prizmasından, həm də tarixi keçmişinə nəzər salaraq göz önündə canlandırır. Məmməd Əliyevin romanda Daşkəndi bir məkan kimi keçmiş və müasirlik nöqteyi-nəzərindən təqdim edir: “1968-ci il zəlzələsindən sonra Daşkənd yenidən tikilmişdi, köhnə Daşkənddən ancaq kiçik bir məhəlləni qoruyub saxlamışdılar. Həmin məhəllə də köhnə Daşkənd haqqında buraya gələn qonaq və turistlərdə kifayət qədər təsəvvür yarada bilirdi: əyri, dar küçələr, saman və palçıqdan yoğrulub hazırlanmış çiy kərpicdən hasarlar, böyrü üstə əyilmiş şirniyyat mağazaları, kiçik bazar, onun kənarında saxlanan dəvələr, küçələrdə qoyulmuş altına kösöv yığılmış plov qazanları, qızardılmış ət yığılmış mis məcməyilər, başına ağ papaq və ya araqçın qoyub, əlində çömçə tutub müştəri gözləyən aşpazlar və s...” Müəllif hətta Daşkəndi “Təzə Daşkənd müasir şəhərdir, köhnə Daşkənd daha cəlbedicidir” kimi məkanları müqayisəli şəkildə tə təqdim edərək dəyərləndirir.

“Mavi-yaşıl kitab” əsərində personaj və hadisələr zaman və məkan kontekstində təqdim edilir. Əsərdə konkret tarixin, yəni zamanın və məkanın əks etdirilməsinə nəzər salaq. Əsərdəki belə epizodlarıın birində müəllif Leonid İliç Brejnevivin Azərbaycana gəlişini zaman və məkan çərçivəsində (xronotop baxımından) təqdim edir: “Hələ ki, 1978-ci il idi...

Bu il bir də onunla əlamətdar idi ki, bir müddət sonra dünyanı lərzəyə salan Sovet dövlətinin başçısı Leonid İliç Brejnev Bakıya gələcək, burada dövlətin çox məxfi saxladığı hərbi-siyasi planları müzakirə olunacaqdı”.

Romanda zamana dəqiq riayət edilməsi daha çox tarixi faktları əks etdirən epizodlarda əksini tapır. Məsələn, ölkədə gedən siyasi hadisələri zaman və və məkan baxımından açıqlayan müəllif bu zaman tarixi dəqiqliyə riayət edir: “L.İ.Brejnevin ölümündən sonra (10 noyabr 1982) Yuri Vladimiroviç Andropov 12 noyabr 1982-ci ildə Baş katib vəzifəsinə gətirildi. ...1984-cü il fevralın 4-də onun müəmmalı ölüm xəbəri haqqında söz-söhbət yayılsa da, ona heç kim inanmadı, fevralın 9-da rəsmi elan ediləndən sonra vəfat etməsi məlum oldu...

13 fevral 1984-cü ildə ictimai-siyasi fəaliyyəti ilə o qədər də tanınmayan A.Çernenko Baş katib vəzifəsinə gətirilsə də yaşının çoxluğundan o da yadda qalan bir iş görə bilmədi, qocalıq və xəstəlik ona ancaq bir il 25 gün bu vəzifədə oturmağa imkan verdi, 10 mart 1985-ci oldə o dünyasını dəyişdi. Həmin vaxtdan Mixail Sergeyeviç Qorbaçov Mərkəzi Komitənin Baş katibi seçildi. Bununla da SSRİ adlı nəhəng dövlətin dünyanın siyasi xəritəsindən silinməsi prosesi başlandı (Bu vəzifədə o, 25 dekabr 1991-ci ilə qədər qalacaqdı)...

... B.Yeltsinin prezidentlik illəri (10 iyul 1991-31 dekabr 1999) Azərbaycan üçün daha faciəli oldu. Sovet qoşunları Gürcüstandan çıxarılarkən iki diviziyanın (!) silah-sursatı Ermənistana verilərək onu yeni tarixi cinayətlərə yönəltdilər...”

“Mavi-yaşıl kitab” romanında simvolizm xüsusi yer tutur. Müəllif romanda rəngləri simvollaşdırmağa nail olur. Romanda mavi-yaşıl rəngə üstünlük verildiyini tez-tez müşahidə edirik. Simvollaşdırdığı rəngləri ictimaiyyətə təqdim etdyi əsərinin adına da çıxarır.

Mavi-yaşıl rənglər Muradın həm xəyal, həm də real dünyasının bir rəmzinə çevrilir. Yaşıl rəng duyğusal rəng hesab edilir. Yaşıl rəng arzu, murad, istək rəngi hesab edilir. Güvənverici bir rəngdir. O həm də sülhü, sakitliyi, sevgini bildirən bir rəngdir. Məsələn, Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Ümumiyyətlə, yaşıl rəng müdriklik, sədaqət, soyuqluq rəngi kimi də qəbul edilir. Təbiətin rəngi olan yaşıl rəngi sevən insanlar inadkar və başladıqları işi axıra çatdırırlar. Əsərin baş qəhrəmanı Murad da öz inadlkarlığı, başladığı işi sona çatdırması ilə oxucu yaddaşına həkk olunur.

Mavi-yaşıl rəng ən çox müəllifin inandığı, sevdiyi, dəyər verdiyin insanların gözlərinin rəngi kimi təqdim edilir. Mavi-yaşıl rəngin Muradın oğlu Turalın da gözlərinin rəngi, hətta Muradın dünyada ən əziz varlığı olduğu anasının gözlərinə bənzədilməsinin təsviri dünyaya gələn insanların genetik bağlılığına işarə edir: “Nə mənə, nə də anasına! Sənə oxşayıb nəvən! Sarışın, gözləri yaşıla çalan mavi rənglə qarışıq!..”

Romanın da məhz “Mavi-yaşıl kitab” adlandırılması əsərin baş qəhrəmanı Muradın keçmişə və gələcəyə bağlılığını, böyük eşqini əks etdirir. Mavi-yaşıl gözlü Tural məhz Muradın bu günü və gələcəyidir. Muradın dünyada ən çox bağlı olduğu varlığı olan anasının, arzularını və gələcək söykökünü davam etdirən Turalının və ömrünün mənasına çevrilmiş Adrinin gözlərinin rəngini müəllif kitabının adına çıxarır: “Mavi-yaşıl kitab”. Müəllifin bu kitabı onun vurğuladığı kimi laməkanı (zamanın və məkanın işləmədiyi sonsuzluq) bir eşiqin məhsuludur.

 

II Romanın problematikası

“Mavi-yaşıl kitab”ın problematikası müxtəlif mövzuları özündə ehtiva edir. Müəllif yalnız özünün şahidi olduğu hadisələrə deyil, həm də cəmiyyətdə özünü əks etdirən nöqsanları, ailə münasibətilərini, siyasi məsələləri, ana dildə təhsil ala bilməmək problemini və s. kimi aktual mövzuları qələmə alır.

“Mavi-yaşıl kitab” əsərində Muradın doktorluq dissertasiyasının təqdim edilməsi maraqlı məqamlardan biridir. Müəllif həm dissertasiyanın elmi əhəmiyyətini, həm də müdafiə edənə qədər keçdiyi iztirablı yolları aydın şəkildə izah edərək oxucusuna təqdim edir. Müəllif romanında müdafiəsinə hazırlaşdığı doktorluq dissertasiyasının əhəmiyyətini qısa cümlələrlə izah edir: “Türkoloji mövqedən şeirimizin vəzn və evfoniya problemlərinin tarixi-müqayisəli metod əsasında araşdırılması ədəbi-nəzəri fikrimizdə yeni idi” fikrinin səsləndirilməsi müəllifin məhz öz dissertasiyasına püxtələşmiş, sanballı alim kimi yanaşmasıdır. Müəllif filologiya elmləri doktoru dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada yalnız tədqiqat aparmadığını, bir çox dünya şöhrətli alimlərin fikirləri ilə müqayisələr aparmasını, onların bəzilərinin yanlış mövqelərini göstərir: “Bir sıra tanınmış türkoloq alimlərin nəzəri problemlərinə qarşı çıxmışdı, özünün nəticə və elmi mülahizələrini onlara qarşı qoymaqla işin nə ilə nəticələnəcəyi haqqında düşünməmişdi...” Müəllif qələmə aldığı doktorluq dərəcəsi almaq üçün yazdığı dissertasiyasının elmdə bir ilk, yeni yanaşma əxz etdirdiyini də təvazükarlıq etmədən göstərir: “İlk dəfə olaraq o, şeirin poetik strukturunun riyazi modelini, yazılışını tapmağa cəhd göstərmişdi. Çünki şeir özünün qanunauyğunluqlar sistemi ilə ritm və melodiyaya “sahib olur”, daha doğrusu, onu “qazanır””.

Müəllif doktorluq dissertasiyasının əhəmiyyəti və mahiyyətini geniş şəkildə təqdim edir. Bu həm qəhrəmanın öz dili ilə, həm də epizodik obrazların dili ilə açıqlanır. Əsərdə dissertasiyanın müzakirəsi zamanı akademik Cikiyanın Orxon-Yenisey abidələrindəki kitabələrin ritmik əsasları olması məqamınıa toxunması, Muradın “Onları türk xalqlarının ilk şeir nümunələri kimi qəbul etmək olar” kimi fikirləri bu abidənin türk xalqına aid olmasını təsdiq edir. Dissertasiyaya yüksək dəyər verilməsinə də rast gəlinir. Məsələn, Daşkənddə professor Umrali Normatovun, Tbilisidə akad. E.D.Cavalidzenin fikirlərində həm tədqiqatın əhəmiyyəti vurğulanır, həm də onların ədəbiyyatşünaslığında yaranmamasına təəssüf hissi ifadə olunur. Akad. Elizbar Dimitriyeviç Cavalidzenin vurğuladığı kimi “Çox təəssüf ki, bizim heca vəznli gürcü şeiri haqqında belə sistemli tədqiqat aparılmayıb!...” Bu məqamlar əsərdə maraq doğuran faktlardır.

Romanın süjet xəttində gərginliklə izlənilən problemlərin əks etdirilməsi ailə münasibətlərinin təqdimində də özünü əks etdirir. Əsərdə ailə quran gənc insanların ailə səadətinin uzun çəkməməsinin əsil səbəbləri müəllifin həyat təcrübəsinə əsaslanaraq, çıxartdığı nəticədir. Müəllif yeni qurulmuş ailədəki qüsurları məhz gənc ailənin süquta uğrayacağının labüd və qaçılmaz olduğunu göstərir: “…O, tanımadığı, bilmədiyi ailə ilə qohum olmuşdu, onların davranış və psixologiyasından, ailə qanunlarından xəbərsiz idi. Bilmirdi ki, bu ailədə meşşan psixologiyası ilə nəfəs alan qadın hökm edir, hökmü çatmayan yer yoxdur, qız da ananın hökmü ilə onların ailəsinə gəlin gəlib, onun məsləhəti və göstərişi ilə hərəkət edəcək, nə ərə, nə də qaynanaya məhəl qoyacaq və ... Və özünü bu ev-eşiyə layiq bilməyəcək...” Məmməd Əliyev yeni ailə həyatı qurmuş ailədə ərin bir ailə başçısı kimi sözünün keçməməsini də ailədə özünü göstərən anlaşılmazlıq kimi təqdim edir. Bu anlaşılmazlıq kişinin deyil, gəlinin qüsuru kimi göstərilir. Toydan bir neçə gün keçmiş yeni gəlinin ata evinə getməsinə etiraz edən ərinə cavabı artıq bəyin deyil, gəlinin qüsuru kimi dəyərləndirilməsində müəllif haqlıdır: “…gəlinin yığışdığını görən Murad onun harasa getməyə hazırlaşdığını gördü, “Evimizə gedirəm, darıxmışam evimiz üçün” – dedi. Murad razılaşmadı, “Getməyəcəksən” – dedi. Qız ona yaxınlaşdı, sakit, hədələyici səslə:

Sən kimsən ki, mənim yolumu kəsirsən, çəkil yolumdan!”

Müəllif yeni gəlinin şüurunda əksini tapmış “Sən kimsən ki, mənim yolumu kəsirsən, çəkil yolumdan!” fikri ilə onun üçün heç bir sərhədin, heç bir müqəddəs hissin və s. olmadığını əks etdirir. Bu cür düşünən yeni ailə qurmuş gənclərin “sən kimsən ki” düşüncələri ilə yaşaması onların mənəvi aləmlərini də açıqlayır.

Müəllif bir-birini anlaya bilməyən gənclərin ailələrinin dağılmasını Muradın yuxusunda gördüyü nurani kişinin dedikləri ilə aydınlıq gətirməyə nail olur. Bir müəllif kimi də düşündüklərini oxucusuna çatdırır. Müəllif ağsaqqalın sözləri ilə o məqamı vurğulayır ki, məhz hər hansı bir gəncin öz babını, yəni tayını tapa bilməməsi bu ailənin faciəsini əks etdirir. “Sizi çox axtardım, baba, köməyinə ehtiyacım var idi, gecəli-gündüzlü... Yenə ehtiyacım var sənə...” kimi çağırışına nuranı qocanın cavabında Muradın evləndiyi qızın məhz onun yarısı olmadığı açıqlanır. Nurani qocanın “mən hər şeyi bilirəm, mən ona əmr etdim ki, çıxıb getsin, qansız-qadasız... O, başqasınınkı idi, sən ona tuş gəldin... Sən özünə zor edib onu evinə gətirmişdin!.. …Sənin nəfsin də, əməlin də təmizdir, səbrli ol, istədiyinə çatacaqsan…”

Romanın problematikasında Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi əks etdirilir. İnsanlarda Azərbaycanın bütövlüyünə inam sovetlər dövründə də özünü göstərməsi müəllif tərəfindən özünəməxsus şəkildə təqdim edilir: “Hökumət evində yerləşdirilmiş ayrı-ayrı nazirliklərin əməkdaşları səhər işə gələrkən binanın dörd bir tərəfinə yapışdırılmış, nəşriyyatda şifrlə yazılmış ŞAR+CAR=BA yazısını oxuyur, heç nə başa düşmədiklərindən çiyinlərini çəkib uzaqlaşırdılar. Sonra kimsə həmin şifrli yazıların mənasını öyrənib yaymışdı. Sən demə, ŞAR – Şimali Azərbaycan Respublikasının, CAR – Cənubi Azərbaycan Respublikasının (kiminsə təxəyyülündə yaranmış respublikalar olmaqla) ixtisarla yazılmış adları imiş, onların birləşməsindən (+) Bütöv Azərbaycan dövləti yaranacaqmış...”

Azərbaycan xalqının Şimali Azərbaycanda özünün milli dəyərlərini qoruması və azadlıq uğrunda mübarizəsi romanın problematikasında geniş şəkildə əksini tapır.

Müəllif romanda xalqımıza qarşı aparılmış siyasi oyunları incə məqamları ilə təqdim edir: “…30-cu illərin xofu hələ insanların yaddaşından çıxmayıb. Daşnaklar, bolşeviklər 1918-ci ildə törətdikləri qırğınları 30-cu illərdə “xalq düşmənlərinə qarşı mübarizə” bayrağı altında etmişdilər. 50-ci illərdən sonra onların təhlükəsizlik, daxili işlər orqanlarında işləyən nümayəndələri pərən-pərən salındı, cəza verildi, hətta edam olunanları da oldu”.

Müəllif ermənilərin azərbaycanlılara qarşı apardıqları siyasi oyunlara da münasibət bildirərək, romanın problematikasında aydınlıq gətirmişdir. Müəllif konkret olaraq bu hadisələrin başlanma məqamına da toxunur: “Hər şey Zorik Balayanın “Ocaq” kitabını nəşr etdirməsi ilə başladı. “Ocaq” mənfur erməninin bizə qarşı bəslədiyi qəzəb, kin-küdurətinin başlanğıcının ifadəsi idi. Erməninin bizə qarşı uzun illər boyu içində saxladığı qəzəb və nifrətin, qan tökmək hərisliyinin, terrorçuluq və separatçılıq meyilinin yanğısı, çoxdan ürəyində saxladığı mənfur niyyətlərinin açıq-aşkar ifadəsi idi”.

Müəllif məhz “Ocaq” məfhumunun ermənilər üçün nə ifadə etməsinə də aydınlıq gətirir: “… “Ocaq” erməninin Qərb dövlətlərinin məkrli niyyətləri ilə razılaşdırdığı planının ifadəsi idi. Z.Balayanın humanizmdən, insanlıqdan çox uzaq olan, yazıçılıq “istedadı” yeni insan faciələrinə, qırğınlara yaşıl işıq yandırırdı… “Yazıçı” türk dünyasında, ilk növbədə xalqımıza sonsuz nifrətini açıq-aşkar bildirir, özünün neofaşist xislətini nümayiş etdirirdi. “Türk körpəsini süngüyə keçirib divara yapışdırmaqla” əslində özünün erməni xislətini açıq-aşkar nümayiş etdirirdi…”

Azərbaycan xalqının Şimali Azərbaycanda özünün milli dəyərlərini qoruması və azadlıq uğrunda mübarizəsinə toxunan müəllif Ana dili ilə bağlı məqamların onu düşündürən əsas problemlərdən olmasını önə çəkir. Romanda Azərbaycan dilinin dövlət dili səviyyəsində olması məqamlarına aydınlıq gətirir: “…İlk dəfə Gürcüstan respublikasında gürcü dilinin dövlət dili kimi işlədilməsi haqqında Gürcüstan Ali Sovetində qərar qəbul edilmişdi. Azərbaycanda Konstitusiya komissiyasında bu məsələyə baxılarkən onun işində iştirak edib təkliflər hazırlayan akademik, xalq yazıçısı Mirzə İbrahimov, Abdulla İbrahimov (Ali Məhkəmənin sədri) və digərləri milli dilimizə dövlət dili statusu verilməsi təklifi ilə çıxış etdilər. Komissiya həmin təklifi yekdilliklə qəbul etdi. Əslində həmin qərar akademik M.İbahimovun Ali Sovetin sədri işləyərkən ürəyində saxladığı arzusunun həyata keçməsi idi. Dil siyasəti sahəsindəki fəaliyyətinə əlifba islahatı (э, ю, я, й hərflərinin orfoqrafiyadan çıxarılması) ilə başlayan xalq yazıçısı bu səbəblərə görə də vəzifədən uzaqlaşdırılsa da o, geri çəkilməmiş “Azərbaycan dili” monoqrafiyasını nəşr etdirmişdi”.

Romanın problematikasında xalqın mədəni abidələrinin qorumağa çağırış da yer alır. Müəllif əsərdə Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanını işləyərkən İrəvana gedib arxiv materialları, əlyazmaları ilə tanış olması məqamına aydınlıq gətirir. Bu epizodun təqdim edilməsinə diqqət yetirək: “Yeni romanı – “Xudafərin körpüsü” üzərində işləyir, tez-tez İrəvana gedir, “Matenadaran” əlyazmalar institutunda işləyir, Səfəvilər tarixinə aid qiymətli mənbələr əldə edib bədii əsərlərini yazırdı”. Müəllifin Fərman Kərimzadəylə bağlı bu fikri hər bir oxucuda, hər bir azərbaycanlı ziyalısında belə sual yaradır: “Matenadaran” əlyazmalar institutunda “Səfəvilər tarixinə aid qiymətli mənbələr” və xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, bir sözlə qan yaddaşı ilə bağlı həmin mənbələr dururmu? Məhv edilməsi, bir də həmin mənbələri əldə edilməsinə ümid qalmaması təəssüf doğurur.

Müəllif orada tarixi əhəmiyyət kəsb edən məlumatların olmasına da aydınlıq gətirir. Məsələn, Fərman Kərimzadənin arxivdə işləyən erməni qadınlarına kiçik hədiyyələr bağışlayaraq oradan çıxardığı sənədin qısa məzmunun romanda təqdim edir: “…Fərman maraqlı bir sənədi – I Şah Abbas sərəncamını ona göstərib izah etdi:

Bu sərəncamı Şah özü imza edib, göstəriş verib ki, Qafan və Quşçu qəsəbələri mənfəəti ilə bilrikdə erməni kilsəsinin keşişi Moiseyə verilsin və Qarabağın Şeyxülislamına tapşırır ki, camaata izahat versin, o kişinin (erməninin) mülklərinə toxunmasınlar…

Fərman bir də onu dedi ki, I Şah Abbasın hərəmxanasındakı 49 gənc qadından 29-u erməni gözəli olubmuş. Ermənipərəst və farspərəst siyasət aparmasında erməni gözəlləri az rol oynamayıb. Elə bu “qeyrətinə” görə də paytaxtı İsfahana köçürmüş, Təbriz və Qəzvin əyalət şəhərlərinə çevrilmişdi... Babası Şah İsmayıl Xətainin azərbaycançılıq, dövlətçilik idelallarını bir kənara qoymuşdu...”

Arxiv materiallarının məhv edilməsi yalnız İrəvanda deyil, Bakıda ermənilər tərəfindən həyata keçirildiyi müəllif tərəfindən vurğulanır. Milis işçisi, “...Kommunist Partiyası Tarixi institutunun qapılarını açıq gördü. İnstitutun qabağında dayanmış ağ rəngli “Jiqulini” görəndə ayaq saxladı, nə fikirləşdisə, qayıdıb içəri girdi.

O, institutun əməkdaşlarını tanıyırdı, bir neçə dəfə buradakı postda dayanmışdı. Dəhlizdə qalaq-qalaq qovluqları görəndə onların yanında dayandı. Arxivin qapısı açıq idi. Bu vaxt əlində bir neçə qovluq tutmuş Rançik adlanan işçini gördü. Rançik onu tanıyırdı, bilirdi ki, buradakı Dövlət İdarələrinin xüsusi mühafizə idarəsində işləyir. Yaxınlaşıb salam verdi.

- Ara, bu gün sizin növbənizdir?

Məmmədəli suala sualla cavab verdi:

- Bu gecə vaxtı sən burada neyləyirsən? Bunları hara daşıyırsan? Hanı növbətçi?

Rançik çaşıb qaldı, özündən yalan uydurub danışmağa başladı: “Bizə belə tapşırıq verilib, gündüz işimiz çox olduğundan vaxt tapa bilmədik”.

Milis işçisi gördü ki, o, yalan danışır, odur ki, göstəriş verdi:

- Qovluqları arxivə qaytarın, sabah ayırd edəcəyik!

Bu vaxt daha bir nəfər içəri girdi. O, maşının sürücüsü idi. Rançik ona yaxınlaşmaq istədi, milis işçisi əmr etdi:

- Sənə dedim ki, materialları yerinə qaytar!

O, qulaq asmadı, fikirləşdi ki, yaxasını onun əlindən qurtarmalıdır, yenə ona yaxınlaşmaq istədi, o, sürücüyə işarə elədi... Milis işçisi onların niyyətini başa düşdü, cəld əlini şinelinin altına salıb “makarov” tapançasını çıxarıb sürücüyə tuşladı, əmr etdi:

- Yerində dur, yoxsa atəş açacağam!

Sürücü geri çəkildi. Rançik işin bu vəziyyətə gəlib çatdığını görəndə yalvarmağa başladı:

- Ara, vallah, heç bir günahın sahibi deyilik! Bizə belə tapşırıblar...

Milis ona inanmırdı:

- Qovluqları yerinə qaytarın dedim, yoxsa, sizi səhərə kimi burada saxlayacağam!..

Nədənsə, bu axşam nəzarətçi gözə dəymirdi.

Bütün qovluqlar yerinə qaytarıldı. Milis işçisi onları çölə çıxartdı, giriş qapısının açarını onlardan aldı, özü qapını bağlayıb açarı cibinə qoydu”. Məmməd Əliyev romanda qətiyyətlə ermənilərin Azərbaycandakı arxiv materiallarını məhv edilməsini, oğurlanmasını göstərir: “Arxivlərdəki tarixi sənədlərin ya özü, ya da surətləri oğurlanıb İrəvana daşınırdı...”

Romanda Azərbaycan xalqının yaddaşından Cənub mövzusunun həmişə aktuallıq kəsb etməsi amili qabardılır. Müəllif Cənubi Azərbaycan mövzusunun bu problemin yarandığı ilk gündən insanların şüuruna hakim kəsildiyini göstərir: “Sovet qoşunları bizə qonşu olan cənub bölgəsinə girməli idi. Cənub həsrəti, ürəyimizdəki arzular baş qaldırdı... Lakin qəbul edilən strateji əhəmiyyət kəsb edən qərarlar yerinə yetirilmədi”. Müəllif Cənub mövzusunun istənilən nəticəni verməməsini siyasi olayla əlaqələndirir. Müəllif konkret olaraq, bunu Əfqanıstanda baş verən siyasi olaylarla əlaqəli olmasına toxunur: “Həmin vaxtlarda Amerika dövlətinin dəstəyi ilə Əfqanıstanda hərbi çevriliş baş verdi, qərbpərəst Əmin hakimiyyətə gətirildi. Sovet qoşunları Əfqanıstan uğrunda müharibəyə qoşulmalı oldu”.

Romanın problematikasında müəllif tərəfindən azərbaycanlıların Cənubi Azərbaycanda ana dillərində təhsil ala bilməmələri, yaşadığı ölkədə ana dilinin dövlət dili kimi işlədilməməsi faktına və s. toxunur. Cənubi Azərbaycanda azərbaycanlıların ana dilində təhsil ala bilməmələri əsərdə milli faciə kimi təqdim edilir: “Ölkədə bir sıra demokratik islahatlar elan edilsə də, onlar başa çatdırılmadı. 1979-cu ilin dekabrında qəbul edilmiş qanunun 15-ci maddəsinə əsasən ölkədə yaşayan digər xalqların dil və mədəniyyətinin inkişaf etdirilməsi nəzərdə tutulsa da ana dilində təhsil almağa imkan verilmədi”.

 

III Romanın bədii obrazları

Müəllifin “Mavi-yaşıl kitab”ında təqdim etdiyi obrazlar tarixi şəxsiyyətlər olmaları ilə diqqəti cəlb edirlər. Müəllif obrazlı şəkildə təqdim edə bildiyi hadisələri obrazlar vasitəsilə ilə zənginləşdirir. Məmməd Əliyev ideyalarının, bədii təfəkkürünün təzahür forması kimi obrazları həm məhdud, həm də geniş mənada təqdim edir. Məhdud mənada təqdim edilən obrazlar konkret bir adamı, bir şəxsi, geniş mənada təqdim edilən obrazlar isə insan surətini, mənfi və müsbət surətləri və s. təqdim edir.

Müəllif romanda təqdim etdiyi obrazları müxtəlif dünyagörüşünə, fərqli xüsusiyyətlərə malik olmasını nəzərə alaraq, müsbət və mənfi olmalarına aydınlıq gətirmişdir. Müəllif müsbət surətləri müəllifin mütərəqqi ideyalarının tərəfdarı olmalarını, mənfi surətləri isə şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutmalarını nəzərdə tutaraq təqdim edir.

Əsərdə bədii obrazların təsviri müəllifin həyatı ilə bağlı hadisələrin təqdimatnda özünü göstərir. Romanda müəllim şagird münasibətlərini əks etdirilməsinin təqdimi zamanı müəllifin şəxsi obrazı ilə də yaxından tanış ola bilirik. Bu zaman yalnız müəllim şagird arasındakı münasibəti, gənc nəslin yaşlı nəslə olan rəğbət və hörmətini, gənc nəslin ənənələrinə sadiq qalması deyil, həm də müəlliflə bağlı olan məqamların təsviri əsərin əxlaqi tərbiyəvi dəyərini qaldırır, həm də onun emosional-məna tutumunu yüksəklərə qaldırır. Romanda Zöhrabkənd məktəbində Muradın ilk müəllimi olan Sifadə müəllimin unudulmaması məqamının təsviri zamanı bununla üzləşirik. Müəllimə böyük ehtiram təbliğ edən bu epizod müəllim şagird münasibətlərinin dərinliyini, qarşılıqlı sevgi və ehtiramı əks da etdirir: “Əlindəki ərizəyə baxdı, birdən gözü ünvana sataşdı, Şamaxı rayonu, Çuxuryurd kəndi, Sifadə Cəfərov. Onu tər basdı, başı fırlandı, birtəhər özünü ələ alıb ərizəni oxudu: “Oğlumu bir imtahandan ötrü institutdan xaric etdilər, kömək edin, bir də imtahana buraxılsın...” Bayaqdan bəri onu düşündürən sualın cavabı tapılmışdı. O idi!.. Onun ilk əlifba müəllimi!.. Ona qələm tutmağı, ilk dəfə hərfləri yazmağı öyrədən, Küngüt dağına ekskursiyaya aparan müəllim! Ərizəsində səliqə ilə yazılmış xətti də dəyişməz qalmışdı. O vaxt Sifadə müəllim “Hüsnüxətt” dərsi deyir, şagirdlərə yazı qaydaları, hərflərin qoşa xətt arasında düzgün yazılışını öyrədirdi”.

Müəllimə hörmət, əslində onun ideallaşdırılması Cavid müəllimdən alınan məktubun məzmununda da əksini tapır. Müəllifin üzərinə “Gəncə” yazılmış məktubda müəllim peşəsini sevən insanların, bu peşəni ləyaqətlə yetirən şəxslərin mənəvi dünyası işıqlandırılır: “Zamanın bizi qanadlarına alıb uçduğu bir vaxtda sizdən, oradakı insanlardan ayrılmağıma uzaq keçmiş kimi yox, sanki dünən baş verdiyini qəbul edərək səndən xəbər tutmağı unutduğumu, sözümə xilaf çıxdığımı başa düşürəm... Hər yaşın çəkisi olan illərə görə sənin yaşını hesablayır, hər ildə hansı pillədə olduğunu təsəvvür edirdim. Orta məktəbi bitirməyini, ali məktəbə daxil olma yəqinliyini, təhsil illərini, hansı bir yerdə işləməyini fəhmlə izləmişəm... Zənnim düz çıxıb, şükürlər olsun ki, mən hesabladığımdan da yaxşı...

Sənin uzaq keçmişlərdə iştirakçısı olduğun hadisələri danışanda qeyri-adi yaddaşının şahidi olmuş, səndə insanı ram edə biləcək fəhm qüvvəsini duymuş, bilirdim ki, o qüvvə sənə dayaq olacaq, irəli gedəcək və birincilər sırasında olacaq, məqsədinə çatacaqsan...”

Müəllimləri ilə Murad arasındakı bu münasibətlərin romanda əksini tapması romanda müəllim-şagird münasibətlərində ideal səviyyədə nail olmaq məqamların üzə çıxarılmasına yardım edir: “…Bu, onun xeyirxahı, xatirini əziz tutduğu müəllimi Həyatzadə idi....” Müəlliminin “sənin görüşünə gəldim ki, bir qədər təskinlik tapım, o da mənə qismət oldu, indi daha rahat gedə bilərəm...” fikirlərində müəlliminin öz yetirməsinə olan qayğı və sevgisi, onun həyatı üçün keçirdiyi həyəcanlar əksini tapır...

Məmməd Əliyev müəllim şagird münasibətlərini Sifadə müəllimin, Cavid müəllimin, Həyatzadə və b. arasındakı münasibətlərlə əks etdirməklə, müəllifə xas məqamları açıqlayır.

Romanda tarixi şəxsiyyətlərin təsviri zamanı həmin tarixi ziyalılara, tarixi şəxsiyyətlərə diqqət yetirilməsinə, hörmət qoyulmasına, dəyərləndirilməsinə çağırış edilir. Məsələn, sevimli və istedadlı yazarlarımızdan olan Fərman Kərimzadə ilə bağlı romandakı epizodda bunun şahidinə çevrilirik. 1970-ci illərin sonunda Fərman Kərimzadənin rəssamlıq məktəbində təhsil alan qızının xəstə olduğu üçün imtahanlara gedə bilməməsi, məktəbin direktoru prof. Eyyub Məmmədov tərəfindən xaric edilməsi, direktordan onun bərpa edilməsinə xahişin imtina edilməsini, ancaq nazir müavinin göstərişi ilə qızın məktəbə bərpa edilməsi və s. məqamlar romanda işıqlandırılır. Müəllif bu məqamları işıqlandırmaqla bərabər nazir müavini Ənvər Nəzərlinin rəssamlıq məktəbinin direktoru Eyyub Məmmədova ünvanladığı “bax, Fərmanı yaxşı tanı, gözəl yazıçıdır, ona hörmət qoyun, imkan verin daha yaxşı əsərlər yazsın!” fikirlər yalnız Eyyub Məmmədova deyil, bütün Azərbaycan xalqına ünvanlanır.

Romanda müəllif ziyalılarımızın türkün tarixi keçmişini olduğu kimi təbliğ etmələri məqamlarına romanın problematikasında yer ayırır. Bununla bərabər Əbülfəz Əliyevin obrazını canlandırır. Onun hələ 1970-ci illərdə türkçülük, xalqın bütövlüyü ideyasını təbliğ etməsinə toxunur: “1974-cü ilin sonlarında Əbülfəz Əliyev adlı birisi (o vaxtlar bu ad bizə tanış deyildi) universitetdə mühazirə oxuyarkən birdən-birə mövzunu dəyişmiş, Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən, o taylı-bu taylı Azərbaycanın müstəmləkə vəziyyətində qalmasından, gec-tez xalqın milli azadlıq hərəkatına qalxacağından danışmışdı. Tələbələr üçün onun danışığı yeni idi, onlar heç vaxt belə çıxışları eşitməmişdilər. Türkçülük, turançılıq ideyası daha maraqlı idi. Müəllim türkün keçmiş tarixindən, onun müzəffər yürüşlərindən danışdıqca tələbələr heyrətə düşür, belə bir həqiqəti dərk edib qəbul edirdilər ki, kitablarda yazılan başqa, tarix tamam başqadır...”

“Ə.Əliyevin cəmiyyətimizə yad olan millətçilik düşüncələri müzakirə edilib pislənilsin!” kimi nazirin irəli sürdüyü təklif cəmiyyətimizin manqurtlarla dolu olmasını bir dah təsdiq edir.

Müəllif Əbülfəz Əliyevin, yəni Elçibəyin əsil simasını oxucularına təqdim edir: “O, şüurlarda paslanıb qalmış milli-azadlıq düşüncəsini təzələdi, milli-azadlıq mücadiləsinin ilk mücahidi oldu” və ya “Əbülfəz bəy həssas və kövrək adam idi, belə bir qəbula görə tez-tez kövrəlir, gözləri yaşarırdı... O, çox əzab-əziyyət çəkmişdi, təbiətcə sakit, yumşaq rəftarlı, həlim adam olsa da, əqidəsindən dönən deyildi. Bir qədər keçəndən sonra özü danışmağa başladı... Onun söhbətlərinə qulaq asanda başa düşdüm ki, ölkədə dövlət aparatı ilə xalq arasında dərin uçurumlar var”.

Romanda Sabir Rüstəmxanlının epizodik obrazına rast gəlinir. Belə ki, Xalq şairi Sabir Rüstəmxanlı Muradla “eyni şöbənin aspirantı olmuşdu, sonra dost olmuşdular...” Sabir Rüstəmxanlı hələ o vaxtlardan xalqın bütövlüyünü, tarixi keçmişinə hörmətlə yanaşması və s. bu qısa epizodda əksini tapır: “Murad şkafda saxladığı “Göy göl” konyaklarından birini açdı, qədəhlərə süzüb, onların qabağına qoydu, Murad Daşkənddən gətirdiyi yemiş, qaysı qurusundan stolun üstünə düzdü... Sabir sağlıq dedi, “Sən dəvəni oymaqla sulayırsan? Bir konyak bu boyda nəhəng kişilərə nə edəcək?! Varındırsa yenə çıxar, bu gecə ayrı gecədir!..”

Murad ayağa durdu, yenə şkafı açıb bir “Göy göl”, bir də “Gəncə” konyakı götürüb stolun üstünə qoydu, “Buyurun” – deyib onları açmağa başladı. Sabir ucadan dilləndi:

Heç olmasa “Gəncə” adını konyakların üstündə də olsa saxlamışıq! İnşallah, vaxt olar, “Kirovabad” sözünü o şəhərin üstündən götürüb “Gəncə”ni bərqərar edəcəyik!..”

Müəllif Sabir Rüstəmxanlının “İnşallah, vaxt olar, “Kirovabad” sözünü o şəhərin üstündən götürüb “Gəncə”ni bərqərar edəcəyik!” kimi fikri ilə tutduğu mübarizə yolunun qələbə ilə başa çatacağına ümidi ilə yanaşı əminliyini əks etdirir. Müəllif romanda Xalq şairi Sabir Rüstəmxanlının mübariz, türkçülüyü təbliğ edən şəxs olmasını açıqlamaqla onun obrazını oxucusuna çılpaqlığı ilə təqdim edir: “Sabir millətçilik, türkçülük, azərbaycançılıq ideyalarını qabardan, əsərlərində təbliğ edən ilk ziyalılarımızdan idi. O, heç kimdən, heç nədən qorxub çəkinmirdi. Şeirlərində, romanlarında, poemalarında həmin ideyaları qabarıq verirdi, getdikcə onun adı-sanı, şöhrəti artırdı. O, millətin B.Vahabzadə, Z.Bünyadov, Xəlil Rza Ulutürk, Xudu Məmmədov, Şirməmməd Hüseynov kimi liderlərindən biri kimi tanınmağa başlayırdı”.

Romanda f.e.d., prof. Aida İmanquliyevanın bədii obrazı epizodik şəkildə oxuculara təqdim edilir. Qısa təqdimatda müəllif alim qadının obrazını yaradır: “Aida xanım tanınmış şərqşünas alimdir, yeni dövr ərəb ədəbiyyatı üzrə nəinki ölkəmizdə, onun hüdudlarından kənarda tanınan alimlərimizdəndir, Mixail Naimənin yaradıcılığından doktorluq dissertasiyasını başa çatdırıb, əsərləri ölkəmizdə və xaricdə nəşr olunub, bir sıra beynəlxalq konfranslarda iştirak edib...

Murad onun haqqında çox eşitmişdi. Vasim müəllimlə səmimi münasibətlərinin olmasından xəbərdar idi, Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktor müavini işləməklə universitetin şərq fakültəsində ərəb ədəbiyyatından xüsusi kurs aparırdı. Yüksək elmi səviyyəli, nəcib və mötəbər ailədən çıxmış xanım hamının hörmətini qazanmışdı...

O, ziyalı Azərbaycan qadınının milli məziyyətlərinin canlı obazı idi...”

Prof. V.Məmmədəliyevin də qısa bir cümlə ilə obrazı müəllifdən tərəfindən oxucuya təqdim edilir: “ Ərəb dili və ədəbiyyatının çox gözəl bilicisi olan Vasim müəllim bütün ölkədə tanınıb qəbul edilən alimlərdən idi...”

Məmməd Əliyev Abbas Zamanovun da bir alim, bir tarixi şəxsiyyət kimi obrazını qısa bir cümlə ilə ifadə edə bilir: “…O, belə hörmətə qat-qat layiq idi, bir el ağsaqqalı, elm fədaisi və ictimai xadim kimi…”

Məmməd Əliyev “Mavi-yaşıl kitab” əsərində Azərbaycan ədəbiyyatşünaslığında xidmətləri olmuş şəxsiyyətləri tez-tez xatırlayır. Bu həm onların xarakterik xüsusiyyətlərini üzə çıxarılmasına, həm də oxuculara onlarla yaxından tanış olmağa şərait yaradır. Məsələn, ədəbiyyatşünaslıq sahəsində xidmətləri olmuş prof. Firidun Hüseynovun, Əlyar Səfərlinin, Bəxtiyar Vahabzadənin, Əzizə Cəfərzadənin, Abbas Zamanovun və digər tarixi şəxslərin təqdimi tarixilik baxımından əhəmiyyət kəsb edir. Müəllif həmin şəxsiyyətlərin ədəbiyyatşünaslığa dərin bələd olmalarını da açıqlaya bilir. Məsələn, akademik Bəxtiyar Vahabzadənin “Çox şükürlər olsun ki, türk dilinin təbiətindən doğan heca vəzninin poetikasından belə bir əsər ortaya qoyulub. Ona kömək lazımdır ki, işi Müdafiə Şurasına təqdim etsin. Bu, türkçülük ruhunda yazılmış bir əsərdir. Həm ədəbiyyatımız, həm də ədəbiyyatşünaslığımız üçün çox gərəklidir. Hecanın tarixi poetikasını belə dərinliklərdən işləyib ortaya çıxarmaq çox çətin bir işdir... Türkün şeir sənətinin incəliklərini araşdırıb əsər yazmaq bizim türk ruhumuzdan qaynaq alır. Onun əsərində cəsarətlə deyilmiş fikirlərə rast gəldim. Bəzi yanlış nəzəri baxışlara qarşı çıxıb. Təqdir edirəm, əsərin müdafiəyə buraxılmasını təklif edirəm!” kimi fikirləri həm Bəxtiyar Vahabzadənin, həm də Muradın ədəbiyyata dərindən bələd olmalarını əks etdirir. Romanda prof.Abbas Zamanovun dissertasiya haqqında söylədikləri fikirlər də onun kamil ədəbiyyatşünas alim olmasını təsdiq edir: “Mövzunun adına nəzər saldım, mövzu aktuallığı ilə seçildiyi kimi istifadə olunan mənbələrin çoxu rus-Avropa mənbələridir. Hecanın tarixi poetikasından bundan artıq mükəmməl əsər yazmaq olmaz. Əsər tam türkoloji səpkidə yazılıb, bunların çoxu bizə məlum deyildi. Ən tanınmış türkoloq alimlərin əsərlərinə istinad edilib, müəllif türk dillərinin qrammatik quruluşuna, onun semantikasına dərindən bələddir, bütün türk xalqlarının poeziyasına, şeir sistemlərinə müraciət olunub”.

Məmməd Əliyev romanda Abbas Zamanovun kamil obrazını epizodik şəkildə olsa da yaradır: “Prof.Abbas Zamanov cəsur alim-vətəndaş idi. O, köksündə millətini sevən, onun torpağının hər qarışını göz bəbəyi kimi qorumağa hazır olan vətəndaş idi, millətçi damğası vurularaq Kommunist partiyası sıralarından çıxarılmışdı. Onu həbs edib sürgün edə bilərdilər, edam edə bilərdilər... O, ölümünü gözə alaraq açıq şəkildə Kommunist Partiyasının qərarlarına qarşı çıxır, zaman-zaman torpaqlarımızın parça-parça kəsilib ermənilərə verilməsinə etirazını bildirirdi! Onu partiyadan xaric etsələr də vətəndaş təəssübkeşliyini əlindən ala bilmədilər. O, əvvəlki cəsarət və hünərlə dünya azərbaycanlılarının elmi, mədəni əlaqələrinin bərpa edilməsi, əsərlərinin Azərbaycana gətirilməsinə, bizdə nəşr olunan əsərlərin onların yaşadıqları ölkələrə, habelə Türkiyəyə, İrana göndərilməsinə kömək edir, vaxtaşırı mətbuatda məqalələr çap etdirirdi”.

Məmməd Əliyevin romanda Fərman Kərimzadənin bir şəxsiyyət kimi mənəvi keyfiyyətlərini açıqlayır. “Fərman mərd oğlan idi. Dostluqda, yoldaşlıqda tayı-bərabəri yox idi”.

Müəllif romanda Fərman Kərimzadənin xeyirxahlığına da işıq salır: “Muradın yadına düşdü ki, iki gün əvvəl məktəb yoldaşı İsmixan kiçik qardaşı Məmmədxanla onlara gəlmişdi. Məmmədxan Dəvəçi rayonunda qoyunçuluq və maldarlıq təsərrüfatlarından birinin rəhbəri idi. Həmin günlərdə rayona birinci katib vəzifəsinə gələn Lətif Mehdiyev gəldiyi gündən ona göz verir, işıq vermirdi, üstəlik iclasda deyir ki, bu günlərdə həmin sovxoza yoxlama komissiyası göndərəcək. Qardaşlar da məsləhət üçün Muradın yanına gəlmişdilər. Həmin gün axşamüstü Fərman da onlarda idi. O, Məmmədxanın söhbətinə qulaq asıb hökmlə dilləndi:

Ondan qorxmayın, mənim bibim oğludur, ora gəlib səni tapşıraram! Sənə qarşı yığdığı materialları da ləğv etdirərəm!”

Təqdim edilən epizodik surətlərin əsas surət, Muradın mənəvi aləminin müəyyənləşməsində lazımi kömək göstərməməsinin da şahidi oluruq. Belə obrazlardan biri də SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun türkologiya şöbəsinin müdir İ.V.Steblevanın epizodik obrazıdır. Biz müəllifin təqdimatında alim türkoloq haqqında məlumat əldə edirik: “Şöbə müdirinin adını eşidəndə Murad duruxdu, fikrə getdi. O heç gözləmirdi ki, dissertasiya işinin giriş hissəsinin bir neçə səhifəsində İ.V.Steblevanın şeirşünaslıq sahəsində apardığı onlarla kitab və çoxsaylı məqalələrində onların xülasəsini vermiş, onun irəli sürdüyü konsepsiyanı tənqid etmiş, hətta nəticələrini zərərli hesab etmişdi.

Nədənsə, qadının kimliyini, hansı vəzifədə işləməsini öyrənməyi lazım bilməmişdi. Həmin xanım onun yolunun üstündə dayanmışdı. Murada indi məlum oldu ki, SSRİ məkanında təşkil olunan türkoloji ekspedisiyalar, nəşr olunan jurnal və məcmuələr bilavasitə onun razılığı ilə həyata keçirilir. O isə ağına-bozuna baxmadan həmin xanımın araşdırmalarını alt-üst etmişdi”.

Müəllif İ.V.Steblevanın elmi nəzəri görüşlərini tənqid etməsi, hətta alt-üst etməsinə rəğmən ziyalı xanımın obrazını yaradır. Bu Murada yardım etməyə cəhd edən Qəzənfər Əliyevin dili ilə verilir: “O, çox tələbkar və tutduğu yerdən kəsən adamdır, əgər onun nəzəri müddəalarını tənqid etmisənsə o, bunları sənə bağışlamayacaq, işini müdafiəyə buraxmayacaq!”

“Orta boylu, arıq, 50-52 yaşlarında olan professor İya Vasilyevnanın Muradın doktorluq dissertasiyası haqqında fikirləri onun elmə birmənalı yanaşmasını əks etdirir: “…30 ildən çoxdur ki, mən türk şeirinin tarixi poetikası problemləri ilə məşğulam, onlarla elmi monoqrafiyanın müəllifiyəm. Azərbaycanla da yaxşı əlaqələrim var, orada gedən işlərdən xəbərdaram, prof. Cahangir Qəhrəmanovla elmi və dostluq əlaqələrim var. Ancaq sizi, nədənsə, tanımıram (O, bunları ironiya ilə dedi). Mənim tədqiqlərim hər yerdə rəğbətlə qarşılanır və qiymətləndirilir. Amma siz?.. Heç bilmirəm, mənə, mənim elmi-nəzəri görüşlərimə qərəzli tənqidi münasibət haradandır? Ağına-bozuna baxmadan məni baltalamısınız!.. Siz bütünlüklə mənə və mənim “sübut” etdiyim konsepsiyaya qarşısınız! Nə üçün mənə qarşı belə qərəzli mövqe tutmusunuz?! Mən işlə tanış oldum, tamamilə sizin mülahizələrinizə qarşıyam! Siz yanlış mövqedəsiz! Odur ki, işin müzakirəyə çıxarılmasına razı deyiləm!” Azərbaycan ədəbiyyatşünaslığında da böyük alim kimi təqdim edilən İ.V.Steblevanın onun elmi konsepsiyalarına qarşı çıxanları, onun haqsız, yanlış elmi nəticələrinə etiraz edənləri müdafiə etmələrinə mane olması özünü əks etdirir.

İ.V.Steblevanın bu elmi etikaya sığmayan əməli professor, Özbəkistanın əməkdar elm xadimi, tanınmış ictimai xadim olan Umralı Normatovun dili ilə də romanda əks etdirilir: “eşitdim, Moskva işinizi qəbul etmək istəməyib, eqoizmə bax! (O nədənsə, şovinizm sözü işlətməkdən çəkinirdi)”.

Məmməd Əliyev romanda obrazları hadisələrin gedişindəki iştirakı nöqteyi-nəzərdən əsas və epizodik surət olmaları baxımından təqdim edir. Romanda əsərdəki mərkəzi xətlə birbaşa əlaqəsi olmayan, hadisələrin inkişafına ciddi təsir göstərməyən epizodik obrazların çox olması diqqətdən yayınmır. Romanda istedadlı yazıçı Fərman Kərimzadə, İrandakı sabiq səfirimiz Abbasəli Hüseynov, Hikmət Zalov, Əbülfəz Əliyev, Əjdər Süleymanzadə, Xalq şairi Sabir Rüstəmxanlı və digər tarixi şəxsiyyətlərin obrazları yer alır. Məsələn, romanda Azərbaycanın İranda səfiri olmuş Abbasəli İsakovun epizodik obrazı canlandırılır. Tarixi şəxsin gəncliyində keçdiyi həyat yolu müəllifin yaddaşına əsaslanılaraq təqdim edilir. İshaqov Hüseynin kiçik qardaşı, ata-anasının sonbeşiyi, Şərq fakültəsinin fars dili ixtisası üzrə təhsil alan gənc Abbasəlidən 1978-ci illərdə İranda baş verən iğtişaşlar zamanı xəbər alına bilməməsini, 1979-cu ilin fevral aylarında onun qardaşının yanına gəlməsi kiçik epizodda təqdim edilir: “…1979-cu il fevral ayının əvvəllərində günortaya yaxın qaradərili pencək, başdan ayağa qara kostyum və qara köynək geymiş, qara saqqalı sinəsinə dəyən bir kişi içəri girib İran ləhcəsilə, lakin bizim dilimizdə ucadan salam verdi. Şöbənin bütün əməkdaşları heyrətlə qəribə qiyafədə olan adama baxırdılar.

Murad ondan “Kimi istəyirsiz?” – deyə soruşdu.Həmin adam ona sarı çevrilib həmin ahənglə dilləndi:

Sizi istəyirəm, bax bu qoca kişini istəyirəm! - deyib Hüseynə sarı yeridi.

Hüseyn istər-istəməz ayağa qalxdı, qalxan kimi də stolun üstünə yıxıldı. Saqqallı adam Hüseynə sarı yüyürüb onu qucaqladı:

Hüseyn qardaş, mən gəlmişəm, gözünü aç!

Həmin saqqallı kişi Hüseynin aylarla gözlədiyi Abbasəli idi”.

Məmməd Əliyev Azərbaycan övladlarının Vətən üçün canından belə keçə biləcəklərinə hazır olmalarını qısa epizodda göstər bilir.

Romanda akademik Fərəməz Maqsudovun epizodik olsa da obrazına rast gəlirik. Müəllif tanınmış akademikin onun tədqiqat işinə olan yanaşmasına münasibətini bildirməsini təqdim edir. Yazıçının əsərdə təqdim etdiyi epizoda nəəzr salaq: “…Əgər doğrudan da bizi əhatə edən aləm riyazi işarələrdən ibarətdirsə, bizdən asılı olmayan qanunauyğunluqlar sistemi varsa, onlar hər hansı bir düsturda, yazılışda ifadə olunmalıdır. O, bu ideyanı irəli sürsə də, həmin modeli yaza bilməmişdi. Hətta bu məsələni nazirliyin nəzdində fəaliyyət göstərən Elmi-metodiki Şuranın riyaziyyat bölməsində müzakirəyə çıxarmışdı. O vaxtlar tanınmış alim, akademik Fərəməz Maqsudov layihəni diqqətlə oxuyub ona demişdi: “Maraqlıdır, çox tutarlı təklifdir! Çox təəssüf ki, ədəbiyyat nəzəriyyəçilərimiz riyaziyyatı bilmədikləri kimi, riyaziyyatçılarımız da şeir texnikasını bilmirlər!..” Ancaq bu mülahizə dissertasiyada öz əksini tapmışdı. “Bizi əhatə edən riyazi işarələrdir” –deyə vaxtilə Q.Qalileyin fikrinə istinad edərək yazırdı: “Əslində bizdən asılı olmayaraq mövcud olan və fəaliyyət göstərən riyazi, semiotik işarələr dil faktı kimi şeir sturkturunun əsasını təşkil edir”. İlk dəfə həmin nəzəriyyəni avropalı dilşünas alim Ferdinand de Sössür irəli sürsə də sonrakı alimlər tərəfindən o inkişaf etdirilməmişdi”.

“Karvan köçər, ötər gedər sədası”roman-etirafında təqdim edilən Məmməd Cəfərin obrazını “Mavi-yaşıl kitab”ında da davam etdirilir. Müəllif elmi rəhbəri olmuş Məmməd Cəfərin alim obrazını oxucusuna olduğu kimi təqdim edir: “Muradın içəri girdiyini görüb başını yuxarı qaldırdı, eynəyini çıxarıb ilıq nəzərlərlə ona baxıb gülümsədi:

Gəl, keç əyləş! Gözümə yaxşı dəyirsən!

Hə, yaxşıyam, Cəfər müəllim!... İşimi yazıb qurtarmışam! – deyə sevincini gizlədə bilməyən Murad dilləndi.

Qaydaya sal, gələn həftə gətir baxım!..”

Müəllif romanda tarixi şəxsiyyətlərin epizodik obrazını yaradaraq, onların xalq, tarix qarşısında gördükləri işləri dəyərləndirir. Məsələn, dövrünün tanınmış rus dili mütəxəssisi prof. Çingiz Bədəlov romanda sadəcə xatırlanmır, onun professional bir mütəxəssis olması da vurğulanır: “Ç.Bədəlov SSRİ miqyasında tanınmış rus dili mütəxəssisi idi. Bir sıra dərslik, dərs vəsaiti və metodiki göstərişlərin müəllifi idi. O, işgüzarlığı və təşəbbüskarlığı ilə xüsusi hörmət sahibi idi”.

1948-1952-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, 1952-1958-ci və 1969-1979-cu illərdə isə direktor vəzifəsində çalışmış Mirzağa Quluzadənin romanda xatırlanması da maraq doğurur: “Mirzağa müəllim qayğıkeş insan idi. ...Uzun sürən xəstəlikdən sonra 1979-cu ilin aprel ayının 29-da dünyasını dəyişdi”.

Nazir müavi Ənvər Nəzərlinin xeyirxah obrazı daha geniş şəkildə təqdim edilir: “Ənvər Nəzərli tanınmış bir ziyalı nəslinin nümayəndəsi idi. Əmisi Hacıbaba Nəzərli 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, ailələri illər boyu təqib edilmiş və təzyiqlərə məruz qalmışdı. İ.Stalinin ölümündən sonra əmisinə bəraət verildi, ailə sərbəst həyata qovuşa bildi. Ə.Nəzərli universitetin Şərq fakültəsinə qəbul olunmuş, əla qiymətlərlə oranı bitirdikdən sonra Bakının Kürdəxanı kəndində arvadı Surə xanımla birlikdə kənd məktəbində müəllimlik etmişdilər. Akademik Vasim Məmmədəliyevin ilk müəllimlərindən biri olmuşdu. Klassik Şərq və Azərbaycan ədəbiyyatını dərindən bilən Ənvər Nəzərli tezliklə tanınır, müxtəlif vəzifələrə irəli çəkilir, nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinə məsul vəzifəyə təyin olunur. Ənvər müəllim Vasimin vasitəsilə Muradı tanımışdı, tanışlığının ilk günlərindən Muradın işgüzarlığı və çalışmasından razı qalmışdı. Onların arasındakı səmimi münasibət sonralar möhkəm dostluğa çevriləcəkdi...”

Romanda azərbaycançılıq ideologiyasına qarşı olan obrazların təsviri müəllifin mənfi surət kimi təqdim etdiyi xalqına, millətinə qarşı xəyanəkarlıq etmiş, öz şəxsi mənafelərini xalqın, millətin mənafeyindən üstün tutmuş həmvətənlilərin təqdimində əksini tapır. Əsərdə Azərbaycan xalqına qarşı soyqırım edənlərin yalnız başqa millətlərin deyil, həm də “sapı özümüzdən olan baltalar”ın olması vurğulanır.

Müəllif Azərbaycan xalqının soyqırımında, represiyaya uğramısında əli olan şəxsləri olduğu kimi, mənfi aspektdən təqdim edir. Hətta “sapı özümüzdən olan baltalar”ın övladlarının məsul vəzifələrdə işləməsini də əks etdirir. Belə “insancıqlar”ın övladlarından biri də əsərdə təqdim edilən Toma Borşevadır. Müəllif əsərdə Hikmət Zalovun dili ilə həm Toma Borşevanın, həm də onun atasının xalqımıza qarşı mənfur fəaliyyəti haqqında lazımı məlumat verir: “…Minasyan az aşın duzu deyil! DTK-da işləyib, istefaya çıxıb, deyilənə görə qadın da orada arxivdə işləyib, rütbəsi də var... Minasyan özü gələndən sonra onu buraya gətirib”. Bu qısa təqdimatda artıq Toma Borşevanın DTK-da işləməsi bəlli olur. Onun atasının isə kimi olması incə detallarıyla təqdim edilir: “Borşev 30-cu illərdə on minlərlə vətəndaşımızı, ziyalını, şair və alimlərimizi Sumbatov, Qriqoryanla birlikdə qıran, edam etdirən, ölüm düşərgələrinə göndərənlərdən biri olub. NKVD-nin (Xalq Daxili İşlər Komissarlığının) müstəntiqlərindən biri olub, mənşəyi də qarışıq olub, erməni ilə rusun toxumundan əmələ gəlibmiş... O vaxtlar Stalinin göstərişlərinə əsasən 6 min nəfər azərbaycanlı cəzalandırılmalı imiş. “Xalq düşməni” adı altında xalqın ziyalı təbəqəsini qırıblar”.

Represiya zamanı sadə və dinc əhalinin qruplara ayrılması xalqımıza xidmət göstərən “insanların” əməyi olması da romanda açıqlanır. Həmin insanların sadə və dinc, günahsız əhalini üç qrupa ayıraraq cəzalandırılması onların fəaliyyətlərinin tərkib hissəsi kimi əks etdirilir: “Üç kateqoriya üzrə insanlara divan tutublar...

Birinci kateqoriyaya daxil edilənlər haqqında ölüm hökmü çıxarılanlar idi. Onların qadınlarını həbs edir, ev-eşiklərini müsadirə edir, uşaqlarını yetimxanalara verirdilər. İkinci kateqoriyaya aid olanları ölüm düşərgələrinə göndərirlərmiş, yəni dözürsənsə yaşa, dözmürsənsə öl!

Üçüncü kateqoriyaya daxil olanlar ailələri ilə birlikdə ölkədən sürgün olunurlarmış. Baxmayaraq ki, “plan” 6 min olub, bu vəhşilər 30 mindən çox insanı edam ediblər.

Belə “planlar” Qazaxıstana, özbək və türkmənlərə, qırğız və tatarlara, başqırdlara “verilib”. O vaxt ölüm hökmünü səhra məhkəmələri, iki üçlük, hərbi tribunallar çıxarırmış. İstintaq cəmisi on-on beş dəqiqədən artıq çəkməzmiş. Çünki edam edilməli çox adam vardı. Hətta iş o yerə çatmışdı ki, erməni Sumbatyanın sədrliyi ilə üçüncü üçlüyü təşkil etmək istəyiblər...”

Azərbaycan xalqın qan yaddaşında milli hərəkatın liderlərindən birinə çevrilmiş Əbülfəz Əliyevin mütərəqqi əməllərinin qarşısının alınması da xalqımıza qarşı yönəldilmiş siyasi oyun kimi təqdim edilir. Əbülfəzin əməllərinin qarşısı alınması üşün Mərkəzi Komitənin məsul işçilərinin, Fikrət Əhmədovun, şöbənin məsul işçisi Ramiz Mehdiyevin, erməni əsilli xanım Petrosovanın və başqa şəxslərin iştirakı ilə müşavirənin keçirilməsi və Petrosovanın “Çox təəssüflər olsun ki, yoldaşlar, bunlara baxmayaraq hələ də aramızda məhəlli (??) pantürkizm ideyasından ayrıla bilməyib, o ölünü diriltmək xülyasına düşənlər var. Onlar indiyədək başa düşmürlər ki, ömrünü başa vurmuş bu millətçi-şovinist ideyalar çoxdan torpağa basdırılıb, marksist-leninçi ideyaların qələbəsi təmin olunub, o, milyonlarla insanın – sosializm qurucusunun mənəvi tələbatına çevrilib. Cəmiyyətimizdə belə separatçı meyillərə, ekstremist əhval-ruhiyyəyə yer yoxdur, onlara qarşı dövlətimiz amansız mübarizə aparır, bu mübarizədə biz hamımız bir yerdəyik. Əbülfəz Əliyev kimilərə aramızda yer yoxdur!..” kimi fikirləri ilə milli düşüncə ilə düşünən ziyalilarımızın necə məhv edilməsi prosesini də göz önündə canlandırır.

Məmməd Əliyev romanda represiya çarxının fırlanmasına yardım edənlərdən biri kimi qocaman müəllim Əjdər Süleymanzadənin olmasını qeyd edir. Müəllif azərbaycanlı olan bu şəxsi xalqın düşməni olmasını göstərir. Müəllif onun azərbaycançılıq ideologiyasına qarşı olan mövqedə olmasını onun dili ilə açıqlayır. Müəllif bu insanın etdiyi əməllərdən peşiman olmadığını, əksinə qürur duymasını əks etdirməsi, həmin şəxsin bir varlıq kimi bütün mənəvi dəyərlərini itirdiyini göstərir: “Bilirsiz, mən köhnə kommunistəm, Süleyman Rüstəm və digərləri ilə birlikdə Azərbaycan Proletar Yazıçılar İttifaqını yaradanlardan biriyəm, həmişə pantürkizmə qarşı mübarizə aparmışam, H.Cavidi, Əhməd Cavadı və Mükayıl Müşfiqi ifşa edib sıralarımızdan izi-tozunu sildirən mən olmuşam!... Baxın, bu əlimlə onlar haqqında Moskvaya, yoldaş Mir Cəfər Bağırova yazıb cəza verilməsini israrla mən tələb etmişəm!.. Mikayıl Rəfilinin başçılıq etdiyi “sərbəst şeirçilər” oyunbazlarını mən ifşa etmişəm. “Açıq söz”, “Gənc işçi” qəzetlərində onları yıxıb sürümüşəm ki, əllərinə bir də qələm almasınlar! (Bir qədər sonra o, həmin illərdə çap etdirdiyi və M.Rəfilini tənqid etdiyi “Sərbəst şeir haqqında birinci söz”, “Sərbəst şeir haqqında ikinci söz” məqalələrini, M.Rəfilinin 1929-cu ildə latın qrafikası ilə nəşr etdirdiyi “Pəncərə” adlı kiçik həcmli şeirlər kitabını Murada verəcəkdi...).

Baxın, sizin proqramda M.Qorkidən, A.Puşkindən, L.Tolstoy, M.Şoloxovdan mətnlər niyə yoxdur?! Hanı bizim beynəlmiləlçiliyimiz? Cavab verin!...”

Romanda müəllif tərəfindən azərbaycançılıq ideologiyasına qarşı olan obrazların təsviri zamanı onların əməllərinə bir vətəndaş kimi dəyər verilməsinin də şahidi oluruq: “Bunun beynini necə dəyişiblərsə hələ də ağlı geri qayıtmayıb... Otuz yeddinci illər belələrinin ucbatından ölkəmizdə daha ağır və amansız keçib” – deyə düşündü”. İctimaiyyət tərəfindən Əjdər Süleymanzadənin xalqa qarşı etdiyi mənfur əməllərin qiymətləndiriməsinə də rast gəlirik. Romanda Elmira Bağırova adlı bir qadının Əjdər Süleymanzadənin dediklərində bunun şahidi olururq: “A kişi, utanıb-qızarmırsan, hələ döşünə döyürsən ki, o şairləri sən güdaza vermisən, onlara ancaq erməni qıya bilərdi, sən ermənidən betər olmusan!... O vaxt gərək bir kişi çıxaydı ortalığa, sənin o sağ əlini qoyaydı zindanın üstünə, qıraydı o qələm tutan barmaqlarını!...Sənə Qorki, Puşkin lazımdır, get otur xarabanda oxu da!.... Elə bu xasiyyətinə görə də bayquş kimi tək qalmısan, arvad-uşağı qırıb axırına çıxmısan, əlindən tutanın da yoxdur!...”

Məmməd Əliyev romanda Ə.Süleymanzadə kimi insanların yaddaşlarında qala bilməməsini, “qapı-qapı gəzib çörək axtarır, çay istəyir, işgəncəli ömrünü yaşayır, üfunət içindədir, ölüm arzulasa da ölə bilmir!....” kimi həyat fəaliyyətlərinə verilən qiymət kimi dəyərləndirir. Bu sonluq haqq-ədalətin belə insanlar üçün çıxardığı ədalətli sonluq idi. Represiya qurbanına çevrilmiş insanlar isə xalqın qan yaddaşında yaşadıqlarını açıqlayır: “Müşfiqə qısa ömür qismət oldu, ölümü ilə ölümsüzləşdi, həmişə cavan qaldı, əbədiyaşar oldu, günü-gündən çox sevilir, daha da gəncləşir!”

Əkrəm Cəfərin Ə.Süleymanzadə kimilərin tək olmadığını, cəmiyyətdə onun kimi insanların olması faktına toxunması düşündürcüdür: “…Bizim gənc şairlərimizin başına oyun açanlardan biri də o idi! Onu görəndə yolumuzu dəyişirdik ki, üz-üzə gəlməyək, bir söz eşidən kimi ya orqanlara xəbər verir, ya da məktub göndərirdi! Oturub durduğu adamlardan biri də Əli Fövzi idi. Əli Fövzi daha mənfur adam idi, İranda fəaliyyət göstərən bolşevik təmayüllü firqələrdən birinin üzvü idi, guya bizdə mətbuatın inkişafına kömək edəcəkdi, əslində isə İranın xəfiyyə orqanlarının əməkdaşı kimi burada casusluq edir, namuslu vətəndaşlarımıza, istedadlı şairlərimizə böhtan atırdı, onları ləkələyirdi!..

Müşfiqin ən gözəl şeirləri haqqında böhtanla dolu məqalələr yazmışdı. Ən yaxın dostlarından biri də Məmməd Rahim idi ki, onun da Müşfiqi görən gözü yox idi...”

 

IV Romanın bədii dili

Romanda hadisələr əsasən Muradın dili ilə təqdim edilir. Muradın təhkiyəsi müəllif təhkiyəsi ilə eyniləşir. Müəllif və Murad təhkiyəsi romanda sərhədlərini itirir. Müəllif təhkiyəsi yerini məhz Murada təqdim edir. Oxucu romanda təqdim edilən hadisələrin nəqlini artıq Muradın dili ilə söylənilməsini qəbul edir.

Romanda övladını öldürməyə cəhd edən ana və onun əksinə övladını qoruyan ana obrazlarının təqdimində biz müəllif təhkiyəsi ilə deyil, Muradın təhkiyəsi ilə tanış oluruq. Müəllif romanda dünyaya gətirdiyi övlada belə qıyan “ana” obrazını yaradır. Bəli, müəllifin oxuculara təqdim etdiyi “ana” məhz ailə dəyərlərini bilməyən yeni gəlinin “ana” kimi təqdim edilən mənfi obrazıdır. Müəllif tərəfindən təqdim edilən epizoda öz azadlığı, sərbəstliyi üçün dünyaya gətiridyi övladını üç aylığında öz əlləri ilə qətlə yetirməyə cəhd etməsi insanın qanını dondurur. Müəllif adına ana, qadın deməyi belə mümkün olmayan o adamı belə təqdim edir: “…gözəl bir oğlan dünyaya gəlsə də, o da anasını tutduğu yoldan çəkindirə bilməmişdi. Anası niyyətini gizlin saxlayırdı... Körpə onun sərbəst yaşaması, gəzib-dolanmasına bir əngələ çevriləcəkdi. Anası isə bunu duyur, qızının hər bir hərəkətini izləyirdi...” Müəllif heç bir tərəddü keçirmədən övladını qətlə yetirən ananın bu mənfur əməlini təsvir edir: “…nənəsi körpəni yedizdirəndən sonra nəzarətsiz buraxdı, paltosunu geyib birinci mərtəbədəki mağazadan bəzi xırda-para şeylər almaq üçün evdən çıxdı. Uşağı bələyib çarpayının üstünə uzatmışdı. Anası evdə heç kimin olmadığını görüb ona yaxınlaşdı... Muraddan qisas almağın vaxtı çatmışdı, ondan heç bir nişanə qalmamalı idi...

Sakit-sakit anasına baxan körpə instiktiv olaraq ona yaxınlaşan qara kabusun niyyətini hiss etdi, dodaqlarını büzüb çığırmağa başladı, sanki köməyə adam axtarırdı. Ana buna da məhəl qoymadı, çarpayının üstündəki yastığı götürüb onun ağzına qoydu, bu azmış kimi yorğanı onun üstünə çəkdi...” Möcüzə sahəsində sağ qalan belə bir körpənin belə bir qadının övladı olmasının faciəsi müəllif tərəfindən açıqlanır.

Məmməd Əliyev dünyaya övlad gətirən ananın kamil obrazını da oxucusuna Muradın diili ilə təqdim edir. Sevdiyi insandan övlad dünyaya gətirən Adri bunu özü sevdiyi insana bir hədiyyə olduğunu, müəllif təhkiyəsi ilə deyil, Muradın dili ilə vurğulayır: “Bax, mən söz verdiyim hədiyyəni sənə verirəm... Sən, yəqin ki, onu məndən də çox sevəcəksən, o, Allahın və mənim sənə əmanətimdir... Adrinin gözləri doluxdu... Onu bu saat gətirəcəklər, qoy görsün ki, atası onu görməyə gəlib...”

Əsərdə müəllif təhkiyəsinin Muradın təhkiyəsi fonunda arxa plana keçməsi qəbulediləndir. Bu əsərin roman-etiraf olmasından irəli gəlir.

Romanın bədii dilinə Azərbaycan folklorunun təsiri atalar sözləri və məsəllərin işlənilməsində özünü əks etdirir. Məmməd Əliyev romanda atalar sözlərinə tez-tez müraciət edir. Bəzən isə atalar sözlərini dəyişdirilmiş şəkildə təqdim edir. Məsələn, “Sağ ol, var ol, gül ol, bülbül ol, qəfəsdə olma!” atalar sözü romanda “Gül olaq, bülbül olaq, qəfəsdə olmayaq!” kimi təqdim edilir. Müəllif bu atalar sözünün dəyişməsinin səbəbinə də aydınlıq gətirir: “Bu, bir vaxt dillərdə əzbər olan sağlıq idi, 50-ci illərin sonu, 60-cı illərdə məclislərdə deyilərdi. Köhnə dostlar bir yerə yığışıb yeyib-içmək zamanı ilk sözlərinə həmin sağlıqla başlayardılar... İnsanlar xof və qorxu içərisində yaşayırdılar, hər an həbsxanaya atılmaq qorxusu var idi. Stalin öləndən sonra bu sağlıq yaranmışdı...”

Əlibala dayının xalq arasında işlənən məsəlləri istifadə etməsi əsərin bədii dilinə zənginlik gətirir. Əlibala kişinin istifadə etdiyi məsəllərin işlənilməsi müəllifin çatdırmaq istədiyi problemi qabarıq şəkildə əks etdirir: “…kişi mənim uzaq qohumlarımdandır, insafən pis adam deyil, amma ailəsini idarə edə bilmədi, lap əvvəldən başlı-başına buraxdı!... Söhbət təkcə pul qazanıb evə gətirməkdən getmir, ailəni əlində ciddi saxlamaqdan, uşaqları tərbiyə etməkdən gedir. Namusu, qeyrəti itə atıblar, it də ona yaxın düşməyib…”

Müəllif “Namusu, qeyrəti itə atıblar, it də ona yaxın düşməyib…” cümləsini Muradın anasının dili ilə də təqdim edir. Keçmiş gəlinin əxlaqına dəyər verən ana bu cümləni işlədir: “Biz çox eşidib dinməmişik, onu işindən-gücündən ayırıb məhkəmələrə çəkəndə ağlınız harada idi? Namusu itə atıblar, it də yaxın durmayıb, məni çox danışdırmayın!... O, hansı haqla oğlumun evinə gəlir?...”

 “Mavi-yaşıl kitab” romanı bədii dilinin zənginliyi ilə diqqəti cəlb edir. Bu da, ilk növbədə müəllifin professional ədəbiyyatşünas olması ilə əlaqəlidir. Müəllif qələmə aldığı əsərinin bədii dilin tərkib hissəsinə müraciət edərkən, obrazların az sözlə dərin məna ifadə etmələrini nəzərdə tutur. Romanda poetik sintaksisə müraciət də diqqətdən yayınmır. Məmməd Əliyev bədii dilin tərkib hissəsi olan vulqarizmlər və arxaizmlərdən daha çox istifadə edir.

Müəllif ədəbi dildə işlənməyən kobud sözlərdən romanda istifadə edir. Bədii əsərdə kobud söz və ya ifadənin işlədilməsi təqdirolunmaz bir haldır. Amma müəllif təsvir etdiyi surətlərin xarakterik xüsusiyyətlərini açmaq üçün məhz vulqar sözlərə müraciət edir. Məsələn, gec vaxtlarda evinə qayıdan “gənc rəssam” Babazadəyə “motosikl ilə gecə “reydi” keçirən milis işçiləri”nin onu saxlayaraq “gədə” deyə müraciət etmələri epizodunda vulqarizmə müraciət əksini tapır: “Ay gədə, dayan, hardan gəlirsən?!”

Romanda vulqarizmlərə müraciət əsasən, milis işçilərinin dili ilə təqdim edilir: “Köpək uşağı, belələrinin ucbatından şəhərdə qayda-qanun yaratmaq mümkün deyil!..” Burada müəllifin işətdiyi “köpək uşağı” ifadəsini işlədən şəxsib mədəni səviyyəsi, insanlarla rəftarı və s. haqqında aydın təsəvvür yaradılır.

Dilimizdə artıq arxaik sözə çevrilmiş sözlər, terminlər də romanda işlənilir. Müəllif romanın ilk başlanğıcında “milis işçisi” kimi ifadəni işlədir. Sovet dövründə asayişin və ictimai təhlükəsizliyin inzibati təşkili və mühafizəsi milis adlanırdı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra artıq milis sözü arxaik sözə çevrilmiş, polis sözü ilə əvəzlənmişdir. Məsələn, müəllifin milis, milis işçiləri söz və ifadələrini işlətməsi əsərdə təsvir edtiyi hadisələrin baş verdiyi dövrü təsvir etmək məqsədi güdür: “Milis işçiləri oğlanı qaldırıb sürüyə-sürüyə motosiklin yük yerinə yerləşdirdilər, onu yaxınlıqdakı milis idarəsinin gözləmə otağındakı skamyanın üstünə qoyub növbətçiyə tapşırdılar”.

Müəllifin poetik sistaksisin daha çox istifadə edilən bədii suala tez-tez müraciət etməsi ilə üşləşirik. Müəllifin istifadə etdiyi bədii suallar əsərdə müəllifin çatdırmaq istədiyi fikri qüvvətli şəkildə çatdırmağa xidmət edir. Məsələn, müəllifin işlətdiyi ritorik suallardan birinə diqqət yetirək: “Güclə dolanır, böyük elmi işçi kimi 165 manat maaş alır, üstəlik doktorluq dissertasiyası yazır... Kimin üçün edirik bu işləri? Görəsən, onları oxuyan, əməl eliyən varmı?” Müəllifin ünvanladığı suallara əsərdə cavab verilmir. Suallar əsərdə cavablandırılmamış qalır.

Romanda qrammatik sualların verilməsinə də rastlaşırıq. Müəllif əsərdə Muradın dili ilə sual ünvanlayır və sualı cavablandırır: “Dünyaya təzə göz açmış körpəni kimlərinsə ümidinə buraxmağa necə ürəyi gəlmişdi?... İstər-istəməz yumruqları düyünləndi... Bəs onun analıq hissi? Görəsən, vicdan əzabı çəkəcəkmi? Sabah o körpə böyüyəndə onun üzünə necə baxacaq?! Onun təlim-tərbiyəsi ilə kim məşğul olacaq? Yəqin ki, taleyin ümidinə buraxılacaqdı... Yox! O, buna yol verməyəcəkdi! Hansı yolla olursa-olsun oğlunu onlardan qurtaracaq, onu layiqli oğul, vətəndaş edəcəkdi. Hələ gözləmək lazım idi.... O şərait yetişməli idi...” Muradın övladı ilə bağlı keçirdiyi sarsıntılar, narahatçılılqlar sual şəklində təqdim edilir, müəllif də həmin problemlərin necə həll olunacağını ünvanlanmış sualın cavabında açıqlaya bilir.

 

Nəticə

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Mavi-yaşıl kitab” romanında konkret bir şəxsdən, yəni Muraddan bəhs edilməməsi, onunla bərabər bir çox talelərin və obrazların ictimai və sosial aspektdən təqdim edilməsi təqdirəlayiqdir. Faktiki həyat materialları əsasında qələmə alınmış əsər Məmməd Əliyevin bir alim, bir yazıçı kimi həyat yolunu və elmi fəaliyyətini tədqiq edilməsi baxımından əhəmiyyət kəsb edir. “Mavi-yaşıl kitab” romanında Azərbaycan xalqının azadlıq yolunda mübarizəsinin təsviri bədiilik, tarixilik baxımından təqdim edilir.

Filologiya elmləri doktoru, professor Məmməd Əliyevin bədiiləşmiş həqiqəti bədii düşüncənin vacib faktoru kimi əks etdirdiyi “Mavi-yaşıl kitab” romanını tetralogiyanın III hissəsi kimi yekunlaşdıraraq ictimaiyyətə təqdim etməsi təqdirəlayiqdir. “Mavi-yaşıl kitab” romanı da “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” romanları kimi müəllifin keçdiyi həyat yolunun müəyyən bir məqamı ilə tanış olmaq imkanı yaradır.

SİZƏ MARAQLI OLA BİLƏR