Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İclaslar

Elmi şuranın növbəti iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

03-10-2023 [ 18:57 ] [ oxunub:39 ]
printerA+ | A-
103752

Oktyabrın 3-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Elmi şuranı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Tədbirdə akademik İsa Həbibbəyli institutun əməkdaşı, filologiya elmləri doktoru Aida Feyzullayevanın səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət etdiyini bildirib. O,

Ədəbiyyat İnstitutunun ən çətin, ciddi problemlərinin həlli ilə məşğul olan Aida Feyzullayevanın insitutun, eləcə də ədəbiyyatşünaslıq elminin inkişafında özünəməxsus yeri və rolu olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli görkəmli alim Aida Feyzullayevanın ictimai əsaslarla institutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi məsləhətçisi təyin edildiyini söyləyib.

Elmi şuranın iclasında institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülçin Babayeva 70 illik yubileyi münasibəti ilə Fəxri fərmanla təltif edilib.

Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri  doktoru Məhərrəm Qasımlını, insitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Cavanşir Yusiflini və XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsinin aparıcı elmi işçısı, filologiya üzrə fəlsəfə doktoru Yadigar Mehdiyevanı 65 illik yubileyləri münasibətilə təbrik edib, yorulmaz fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb.

Tariximizin ən şanlı və qürurlu günlərini yaşadığımızı söyləyən akademik İsa Həbibbəyli bildirib ki, son iki yüz illik faciə və məğlubiyyət tariximizi sevinc və qələbə ilə əvəzləyən Zəfər savaşımız başa çatdı. 44 günlük müharibədən sonra da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev peşəkarlıqla uzaqgörən siyasətini davam etdirdi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu: “İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı, lakin çatdıra bilmədiyi işi - Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycanın min illik tarixində bu missiyanı İlham Əliyevdən başqa yerinə yetirən yoxdur.

Azərbaycan tarixinin yeni dövrünün qətiyyətlə yazıldığı bu səhifələri uğurla davam etdirmək lazımdır”.

Daha sonra tədbirdə bir sıra elmi-təşkilati məsələlərə baxılıb. İlk məsələ AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyası Ədəbi Tədqiqatlar İnstitutu arasında “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək” mövzusunda birgə elmi-tədqiqat layihəsinin və Azərbaycan tərəfindən işçi qrupunun təsdiqi ilə bağlı olub.

Akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının prezidentinin dəvəti ilə cari il iyulun 4-də Bolqarıstana səfər etdiyini xatırladaraq, səfər çərçivəsində Bolqarıstan Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Bildirib ki, həmin müqavilənin müddəalarından biri də ortaq elmi layihələrin işlənib hazırlanması olub. İclasda “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək” elmi-tədqiqat layihəsinin Azərbaycan tərəfindən işçi qrupunun üzvləri təsdiq edilib.

Sonra Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyinin qeyd edilməsi məsələsinə baxılıb. Oktyabrın 11-də Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-da görkəmli şairin yubiley sessiyasının keçirilməsi qərara alınıb. Tədbirdə, həmçinin “Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti”nin fəaliyyətində ədəbiyyat məsələləri” mövzusunda elmi sessiyanın təşkili və Mehmet Akif Ərsoyun anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub.

Elmi şuranın iclasında “Ədəbi Proses – 2023” Yaradıcılıq müşavirəsinin məruzəçilərinin müəyyən edilməsi məsələsi də müzakirə olunub. Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli bu barədə məlumat verib.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında son zamanlar bütün istiqamətlər üzrə yeniləşmə prosesinin getdiyini deyərək, Rəyasət Heyəti aparatının strukturunda “Elektron Akademiya” şöbəsinin yaradıldığını və son aylarda elmi-tədqiqat institutlarında elektron xidmətlər şəbəkəsinin genişləndirildiyini bildirib. İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi informasiya və tərcümə” şöbəsinin adının “Elektron xidmətlər” kimi dəyişdirilməsi qərara alınıb.

Daha sonra fil.f.d., dos. Günay Qarayeva 2023-cü il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərləri və mövzularının təsdiqi ilə bağlı çıxış edib.

Sonda institutun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, fil.e.d., dos. Salidə Şərifovanın “İlk Azərbaycan romanları” monoqrafiyasının, Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi, fil.f.d. Gülnar Qasımlının “Sözümüz sözdür - 2” kitabının və Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fil.f.d. Gülnar Qəmbərovanın “Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü” monoqrafiyasının çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.

FOTO QALEREYA