Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etməsini xalqımızın taleyi üçün dahiyənə addım olduğunu bildirib. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsinin və Ulu Öndərin şəxsən bu qurultaylarda iştirak etməsinin dünyada yaşayan əlli milyondan çox azərbaycanlının eyni vətən, eyni ideallar ətrafında birləşməsində həlledici rol oynadığını vurğulayıb. Azərbaycanın Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının lideri kimi Qarabağa Böyük Qayıdışı həyata keçirməsinin, Qərbi Azərbaycana qayıdışın strategiyasını elanının müstəqil Azərbaycanın böyük nailiyyətləri olduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Akademik çıxışında, “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin yeddi cildinin nəşr olunmasını, “Sənətkarın elmi pasportu” seriyasından 38 kitabın işıq üzü görməsini, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”, “Ədəbi proses” yaradıcılıq müşavirəsinin materialları, “Məhəmməd Füzuli kitabxanası”, eləcə də institut əməkdaşlarının “Biblioqrafik göstəricisi” və dövrü elmi jurnallarının arıdıcıl çap olunmmasını ədəbiyyatşünaslıq elmi üçün mühüm hadisələr olduğunu qeyd edib.
Sonda akademik İsa Həbibbəyli “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə institutun təltif edilmiş əməkdaşlarına AMEA-nın Humanitar Elmlər Bölməsinin Fəxri fərmanını təqdim edib.