“Yeddi gözəl” məsnəvisinin “Bəhramın iki şir arasından tacı götürməsi” adlı bölməsinin şərhi.
GİRİŞ
Nizami Bəhram şah obrazının inşası üçün onun ağıl, iradə gücünü, siyasi, diplomatik, hərbi bacarığını addım-addım tanıtdı. O, zalım atası öləndən sonra monarxiya sistemini pozaraq İranda hakimiyyəti ələ keçirmiş siyasi elitadan haqqını geri almaq məqsədilə siyasət və diplomatiyasının arxasına hərbi qüvvəsini qoydu, böyük bir ordu ilə Yəməndən İrana doğru hərəkət etdi. Bəhramın hakimiyyəti savaşla geri almaq imkanı olsa da, şah taxtına oturacağı ölkədə - o buna əmindir, gücü var, monarxiya nizamına görə şahlıq onun haqqıdır -qan tökülməsini istəmədi, güzəşt etdi, diplomatik yolu seçdi, bu şərti açıqladı: kim ac, vəhşi, itipəncəli, acıqlı, alovlu ağzından tüstü çıxan, nərildəyən iki şirin arasından tacı götürsə, o, şah olacaq, bu mərasim meydanda təşkil ediləcək, ordu meydanı dairəyə alacaq – qaçmaq imkansızdır...
İranın qoca şahı qorxaraq hakimiyyətdən əl çəkmək istəsə də, siyasi çevrəsi buna imkan vermədi, dedi ki, Bəhram tacı götürərkən ölə bilər, bu zaman hakimiyyət sənə - bizə qalır. Nəticədə, şah və İranı idarə edən siyasi elita Bəhramın şərtinə razı olurlar...
“Yeddi gözəl” məsnəvinin “Bəhramın iki şir arasından tacı götürməsi” adlı bölməsi orijinalda iyirmi səkkiz, tərcümədə iyirmi doqquz beytdir. Nizami bölmədə Bəhramın cəsarətini önə çıxarır, bu ölçüləri tanıdır:
cəsarət böyük nemətdir, dəyərdir;
ağıl ilə cəsarət birləşsə, hakimiyyət gələr, sıxıntılar həll olunar;
cəsarət xalqın sevgisini qazandırar, düşməni qorxudar;
cəsarət şahın, şahlığın – dövlət idarəçiliyinin özəlliklərindən, əsaslarından biridir;
Nizami cəsur şah obrazını bu yollarla inşa edir:
iki şir arasından tacı götürmək təklifini Bəhram verir, bu addımı cəsur insan ata bilər;
vaxtında və doğru qərar vermək cəsarətdir;
ilk addımı Bəhram atır – iki şir arasından tacı öncə Bəhram götürəcək;
tacgötürmə mərasiminə xalq şahid olacaq – xalq kimin cəsur, kimin qorxaq olduğunu görəcək, xalqın şahid olduğu hadisə qorxağın hakimiyyət iddiasını bitirər, cəsuru hakimiyyətə gətirər;
mərasimin keçirildiyi meydanı əsgərlər mühasirəyə alacaqlar – yarış/savaş iştirakçılarının azğın şirlərdən qaçmaq imkanı yoxdur – hakimiyyət ölümü gözə alana verilər;
Nizami Bəhramın cəsarətinin ifadəsi üçün şirlərə böyük önəm verir: iki şir olacaq, ikisi də ac olacaq, vəhşi, itipəncəli, acıqlı, alovlu ağızlarından tüstü püskürən, nərildəyən, səsi insanı titrədən, qorxuya salan iki şir var;
tac iki şirin məhz arasında olacaq;
iyirmi səkkiz beytlik məsnəvi cəsarət adlı dəyəri inşa etmək üçün iki məsələni önə çıxarır: a) qorxunc şirlərin təsviri; b) cəsur Bəhramın tanıdılması;
BİRİNCİ BEYTİN ŞƏRHİ: QIZIL TACLI SÜBH
بامدادان که صبح زرین تاج
کرسی از زر نهاد و تخت از عاج
Səhər çağı qızıl taclı sübh,
Qızıl kürsüsünü və şirmayi taxtını quran kimi...[1]
Nizami “Yeddi gözəl” məsnəvisinin cəsarət anlayışını, cəsur şah obrazını inşa edən bölməsinə sübhün açılmasının təsviri ilə başlayır. Səbəbləri sıralayaq: birincisi, iki azğın şir arsından tacı götürmə mərasiminin sübh çağı keçirilməsi Bəhramın tələblərindən biridir, o, İranda hakimiyyəti zorla ələ keçirənlərin elçilərinə deyir ki, mərasim səhər vaxtı olacaq, məqsədləri var: a) şirlər çox ac, qarınları boş olacaq ki, qəzəb son sınıra çatsın; b) ac şirlərlə savaşmaq kimin cəsur, kimin qorxaq olduğunu üzə çıxaracaq; c) Bəhram bilərəkdən şərtləri çətinləşdirir ki, qarşı tərəfi qorxutsun, cəsarəti ilə özünü atasının zülmünə görə onu qəbul etməyən xalqa sevdirsin, bu dönəmdə onun xalqla bağ qurmasının başqa bir yolu yoxdur, zalım şahın oğlunun vədlərinə kimsə inanmaz, o, şah da deyil, xalqın sıxıntılarını həll etmək imkanından məhrumdur, əlində üç gücü var: ordu, ağıl, cəsarət, Bəhram savaş yolunu seçmir, şah olacağına inandığı xalqın qanının tökülməsini istəmir, cəsarət yolunu seçir, şərtləri ağırlaşdırır ki, xalq kimin kim olduğunu görsün, eşitməsin, məhz görsün, şahid olsun ki, inansın, Bəhram şah olar desin, qorxaqlardan imtina edib ona yönəlsin, xalq güclünü/gücü görməsə, zəifdən/zəiflikdən imtina etməz, ölçü budur: cəsarət və ağıl xalqın qəlbinə yol açar;
İkincisi, məsnəvinin sübh çağının təsviri ilə başlaması dəyişimi ifadə edir, qaranlıq gedir, nur gəlir, Günəş doğulur, zülmət yox olur, olan budur: haqq gəldi, batil yox oldu, yox olmağa məhkumdur. İndi bu mənanı siyasi anlayışa çevirək: Bəhramın gəlişi ədalətin gəlişidir, o, zülmü öldürəcək, yoxsulluq, qarışıqlıq, didişmə, parçalanma bitəcək, ölkəyə zənginlik, bolluq, bərəkət, xeyir, hüzur, barış – nur gələcək, Bəhram İran xalqının ədalət Günəşidir;
Üçüncüsü, köklü dəyişim ağrılı, acılı, sancılı olur, mütləq müqavimətlə qarşılaşır, bədəl istəyir, liderə ehtiyacı olur, o liderdə bu özəlliklərin olması şərtdir: ağıl, cəsarət, iradə, ədalətə, mərhəmətə bağlılıq – Bəhram bu dəyərləri təmsil edir;
Dördüncüsü, Nizami deyir ki, dəyişimin güc qaynaqlarından biri cəsarətdir;
Beşincisi, bölmənin Günəşin çıxmasının təsviri ilə başlaması ümidi, müjdəni, xeyri təmsil edir, ey məzlum İran xalqı, cəsur Bəhram - ədalət, mərhəmət, rifah gəlir;
Nizami saydığımız mesajların verilməsi üçün vasitələr seçir:
ağıl, cəsarət, iradə və əməyin yol açacağı dəyişimin tanıdılması üçün özəl vaxt seçir, “bamdaran”, “sobh” – “səhər”, “sübh”, “dan yeri ağaranda”, “şəfəq sökülən vaxt”, bu ən gözəl zaman dilimidir, təmizliyi, dincliyi, ümidi, işığı, Günəşin doğuluşunu ifadə edir, müjdə verir, cəsur Bəhram gəlir, ədalət, mərhəmət gətirir;
“ke” / “ki”, o səhər çağı ki, onda Günəş var;
Nizami Günəşə sübhün qızılı/qızıldan – zərrin tacı adını qoyur, nur hakimiyyətə gəlir, qaranlığın ağalığı bitir, misrada Günəş xeyirli hakimiyyətin, ədalətin, mərhəmətin simvoludur;
şair beyti hakimiyyət rəmzləri olan sözlərlə doldurur: Günəş, tac, taxt;
tac qızıldan, taxt fil sümüyündəndir, fil sümüyündən hazırlanmış taxt ağappaq, parlaq olur, işıq saçır;
beyt işıqlı sözlərlə doludur: sübh, səhər, qızılı, şüa, fil sümüyü (ya da dişi) – bu nurlu sözlər deyir ki, ey İran xalqı, zülm, zülmət bitir, işıq, ədalət, mərhəmət gəlir, öz-özünə gəlmir, bu nemətləri cəsur Bəhram, cəsarət gətirir;
Nizami Günəşin – yeni hakimiyyətin doğuluşunu möhtəşəmlik, güc, iqtidar ifadə edən təsvirlərlə tanıdır: səhər vaxtı sübhün qızılı tacı – Günəş zərli/qızılı (beytdə iki “qızıl” sözü var, “zərrin”, “zər” biçimlərində, dəyəri, nuru ifadə edir), qızıldan olan kürsüsünü qoydu. “Kürsü” sözü ərəbcədir, bu mənaları əhatə edir: “taxt”, “ucalıq”, “tribuna”, “bir araya toplayan”, “bir şeyin əsli”, “toplu”, “mülk”, “hakimiyyət”, “güc”. Bu söz beytdə Günəşin şüalarını – nurunu, gücünü, hakimiyyətini ifadə edir. Gözünüz önündə canlandırın: “Göy üzündə taxt qurmuş, taxtı göy üzü olan bir Günəş var, hakimiyyəti, gücü, nuru, şüaları kainatı əhatə edir, hökmü hər yerdə keçərlidir - ədalət, mərhəmət, ağıla bağlı cəsarət insanlığın dəyərləridir, bu nemətlərə hər kəsin ehtiyacı var, Günəş olmasa, qaranlıq olar, bu dəyərlər maddi, mənəvi hakimiyyətdən getsə, insanlıq ölər, Günəş həyatını varlığa fəda etdiyi kimi Bəhram da ömrünü insanlığı yaşadan dəyərlərə həsr edəcək;
“və” - Günəş böyük hakimiyyətini göstərən bir addım da atdı, fil sümüyündən olan, ağappaq, parlaq taxtını qurdu, qırmızı nur – Günəş ağ işığa – taxta oturdu;
seçilən zaman dilimi – sübh, səhər, kainatın soltanı olan Günəş, rənglər – qızılı, ağ, hakimiyyət rəmzləri – tac, taxt, qiymətli nemətlər – qızıl, fil sümüyü, nur – bunların hamısı deyir ki, cəsarət böyük dəyərdir, o, ağılla birləşəcək, gücə çevriləcək, qan tökmədən hakimiyyətin, xalqın sevgisinin, ədalətin, dəyişimin, inkişafın yolunu açacaq;
İKİNCİ BEYTİN ŞƏRHİ: İŞ BUYURANLAR
کار داران و کار فرمایان
هم قویدست و هم قویرایان
Buyruqçu və iş buyuranlar,
Qolu qüvvətlilər və rəyi qüvvətlilər...[2]
Nizami ilk beytdə obrazlı, təsirli danışdı ki, hədəfləri doğru anlaşılsın, açıq görünsün, mesajını Günəşin doğuluşu üzərindən verdi: cəsarətin gücünü, cəsur Bəhramın dəyərini, dəyişimi, müjdəni açıqladı, dedi ki, qaranlıq gedir, nur gəlir, zülmün yerini ədalət tutur, yeni siyasi lider doğulur, dövlət idarəçiliyi anlayışı dəyişir, bu sancılı dəyişim hərəkatının iki ana güc qaynağı var: ağıla bağlı cəsarət, cəsur Bəhram, ölçü budur: cəsarət, cəsur lider olmasa, dəyişim gerçəkləşməz...
Bəhram azğın şir arasından tacgötürmə mərasiminin səhər olmasını istəmişdi, iki şərti də var, məkan geniş, şahidlərin sayı çox olmalıdır. Şərh olunan beytdə də şahidliyi, çoxluğu ifadə edən sözlər seçilib. Nizami bir addım da atıb, çoxluğun xalqın ayrı-ayrı kəsimlərindən təşkil olunduğunu, fərqliliyi göstərib. Sual budur: Bəhram niyə məkanın geniş, şahidlərin sayının çox və fərqli kəsimlərdən olmasını istəyir, başqa sözlə, bu beytin məsnəvidə hansı işi/rolu var? (Nizami özü dediyi kimi usta zərgərdir, qızıl külçələri ilə deyil, zərrələri ilə iş görür, çox səbirlidir, əməyi sevir, hər sözü yerinə qoyur, onda boş söz yoxdur). Suala cavab vermək üçün Bəhramın halını, hədəflərini doğru oxumalıyıq: birincisi, ona zalım atasından ağır miras qalıb, atası İran xalqına o qədər zülm edib ki, hər kəs Bəhramın nəslinə nifrət edir, Bəhram xalqın zalım atası ilə onu eyniləşdirən anlayışını qırmalıdır, inanır ki, bu anlayışı cəsarətlə dəyişmək olar, o, cəsur addım atacaq, xalq da bunu görəcək, fikri dəyişəcək.
İkincisi, xalq Bəhramı tanımır, ya da yanlış tanıyır, İranda hakimiyyəti qanunsuz ələ keçirmiş siyasi elita fars-ərəb qarşıdurmasından (nifrətindən) yararlanır, Bəhramın Yəməndə - ərəblərin içində, onların tərbiyəsi ilə böyüdüyünü əsas götürərək o, ərəb təəssübkeşidir, ərəb düşüncəli birisi İranı idarə edə bilməz deyir, Bəhramı xalqın gözündən salırlar, onların Bəhrama qarşı təbliğatının bir tezisi də var: Bəhram da atası kimi zalımdır, İran xalqına zülm edəcək, bir də xalqa deyirlər ki, Bəhram qisasçıdır, hakimiyyətə gəlsə, atasına nifrət edən İran xalqından intiqam alacaq – Bəhram xalqın bu yanlış anlayışlarını dəyişmək üçün cəsarət yolunu seçir, şahidlərin çoxluğuna təbliğat vasitəsi kimi baxır, fərqli kəsimlər onun cəsarətini görəcək, hər yerdə danışacaq, Bəhramla bağlı doğru təsəvvür formalaşacaq, hakimiyyətə gəlmək üçün ictimai rəy hazır olacaq.
Xalq üç məsələni dəqiq bilir: a) hakimiyyət Bəhramın haqqıdır – bu onun güclü yönüdür, belə bir haqqı olmasa idi, siyasi-diplomatik deyil, hərbi yol seçərdi; b) Bəhramın çox güclü ordusu var, ordu sınırda gözləyir – siyasi imkanın arxasında hərbi güc dayanır, yoxsa siyasət bir işə yaramaz; c) Bəhram ağıllıdır – dəlili bunlardır: o, haqqı olan hakimiyyəti savaş yolu ilə deyil, arxasında hərbi güc olan siyasi – diplomatik yolla almağa qərar vermiş, məktub yazmış, atamdan fərqliyəm demiş, ümid, vəd vermiş, İran siyasi elitasını çıxılmaz vəziyyətə salan təklif irəli sürmüşdür – bu üç imkana cəsarət də artırılsa, xalq Bəhramın qarşısıalınmaz güc olduğuna inanacaq, hər yerdə ondan danışacaq. Bu, Bəhramın heyrətə salaraq inandırma üsuludur – cəsarət heyranlıq, heyranlıq təslimiyyət oyandırar, o da qəbullanmağa - itaətə yol açar;
Üçüncüsü, Bəhram İranın şahı olacağına əmindir, ancaq hakimiyyəti şahı olacağı ölkəni xaraba qoyaraq, qan tökərək əldə etmək istəmir, belə ki, hərbi yol xalqı Bəhramdan daha da uzaqlaşdırar, onun mərhəmətinə, ədalətinə, insan, Vətən sevgisinə kölgə salar, ölkədəki siyasi, iqtisadi vəziyyət daha da ağırlaşar, xalq olan-qalan imkanını da itirər, məktubda xalqa verilən vədlərin inandırıcılığı qalmaz, kimsə onun atasının zülmünə görə üzr istəməsinin səmimiliyinə inanmaz, daxili, xarici düşmənlər güc qazanarlar. Bəhram qan, göz yaşı, nifrətlə deyil, xalqın könlünü qazanaraq hakimiyyətə gəlmək istəyir – xalqı İran siyasi elitasının əlindən alıb özünə bağlamağın yolu ağıl, siyasət, cəsarət, mərhəmətdir;
Dördüncüsü, Bəhram iki şir arasından tacgötürmə mərasiminin şahidlərinin çox olmasını ona görə istəyir ki, xalqın gözü önündə İran siyasi elitasına dərs versin, onları xalqın dəstəyindən məhrum etsin, onlar Bəhramın yolundan çəkilməyə məcbur olsunlar – düşmənin iradəsini qırmağın yolu cəsarətdir, ağlı, ordusu, siyasəti, cəsarəti, mərhəməti ilə xalqı özünə bağlayan Bəhramın qarşısında kim dura bilər ki? Xalqın dəstəyindən məhrum olmuş siyasi elitanın sağ qalmaq üçün itaətdən başqa yolu yoxdur;
Dedim ki, Bəhram ağlının, cəsarətinin şahidinin çox və fərqli kəsimlərdən olmasını, meydanın genişliyi istəyir (sonuncu ölçü sıradakı beytdə açıqlanacaq), səbəblərini də sıraladım. Nizami də beyti bu açar anlayışlara uyğun qurmuşdur:
beytdə çoxluq, fərqlilik mənalarını daşıyan səkkiz vasitə var;
“kar daran”, bu söz cəmdədir (çoxluq), toplumun bir kəsimini ifadə edir – beytdəki dörd təbəqədən biridir, əslində, xalqın üç kəsimini birləşdirən sözdür: a) iş sahibləri - orta təbəqə, onların hansı siyasi gücün yanında olması çox önəmlidir; b) inanılmış, bir işə vəkil edilmiş, məsləhətçi, məşvərətçilər – dövlətin yüksək səviyyəli məmurları, məmur kimindirsə, dövlət də onundur; c) işçilər, əməkçilər, sıravi vətəndaşlar – onların rəy formalaşdırmaqda önəmli yeri var, xalq kütlələrini təmsil edirlər;
“və” bağlayıcısı mətndə sayı çoxaldır, çeşidi göstərir, sıralayır;
“kar fərmayan” – bu söz də cəmdədir, ölkənin hərbi rəhbərlərini, əsgərdən tutmuş nazirədək ordu bürokratiyasını təmsil edir – ordu kimin yanındadırsa, hakimiyyət də onundur, əsgərin dəyər verdiyi ən önəmli nemət də cəsarətdir;
“həm” – iştirak bağlayıcısıdır, iştirakçıların çoxluğunu, çeşidini göstərir;
“qəvidəst” – önündə “həm” bağlayıcısı olduğuna görə təkdədir, əqidəli, əxlaqlı, nüfuzlu, xalqın güvəndiyi kimsələrdir, sözlərinin gücü var, xalqı toplamaq, ictimai rəyi yönəltmək imkanına sahibdirlər;
“və” – çoxaldır, sıralayır, çeşid var deyir;
“həm” – ikinci iştirak bağlayıcısıdır, iki bağlayıcı (“və”, “həm”) ard-arda gəlmiş, çoxluğun, çeşidin daşıyıcısına çevrilmişdir;
“qəvirəyan” – söz cəmdədir (beytdə iki “qəvi” sözü var, təsirli gücü bildirir), sözlərinin hökmü var, qənaət öndərləridir, əşirətləri onların sözü ilə hərəkət edərlər, sözü sözdür, qanundur, kimə “hə” desə, onlara inananlar da “hə” deyərlər, din adamları da bu qrupda yer alırlar;
Bəhramın hədəfi ağıl, cəsarəti ilə iş sahiblərini, işçiləri, əsgəri və dövlət məmurlarını, əqidəli, istedadlı insanları, əşirət ağalarını, din xadimlərini özünə bağlamaq, İranın siyasi elitasını xalqın dəstəyindən məhrum edərək hakimiyyətin qapısını dinc yolla açmaqdır.
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: DÖYÜŞ MEYDANINA YOLLANDILAR
از عرب تا عجم سوار شدند
سوی شیران کارزار شدند
Ərəbdən Əcəmə qədər atlara minib,
Aslanların döyüş meydanına yollandılar.[3]
Nizami cəsarət anlayışını, cəsur şah obrazını inşa edir, bu iki dəyəri dövlət idarəçiliyinin əsasları sırasına qoyur, deyir ki, cəsarət dəyişimə, inkişafa, ədalətə, ümidə yol açar...
Bəhram siyasi hədəflərinin (onları saydıq) gerçəkləşməsi üçün bu şərtlərin olmasını istəyir: tacgötürmə mərasiminin vaxtı səhərdir, iki vəhşi şir olacaq, tac onların düz ortasına qoyulacaq, şahidlərin sayı (çoxluq) önəmlidir, onlar xalqın fərqli kəsimlərini təmsil edəcəklər, mərasim meydanda keçiriləcək (məkan genişliyi), əsgərlər meydanı çevrələyəcəklər.
Şərh olunan beyt məkan genişliyini təsvir edir (öncəki beyt say çoxluğunu, çeşidini tanıtdı), Nizami hər sözü (işarəni) böyük məkan anlayışına uyğun seçir:
məkan genişliyi (xatırlayın: taxtı göy üzü, hakimiyyət məkanı kainat olan Günəş doğulur – bu, ədalətin, mərhəmətin, nurun məkanıdır) hadisənin böyüklüyünü ifadə edir, bir imperatorluğun qədəri dəyişir, qaranlıq, şər, zülm gedir, işıq, xeyir, ədalət gəlir, bu dərəcədə nəhəng hadisə insanları, dövlətləri maraqlandırmazmı? Hər kəs nəfəsini tutaraq hadisənin nəticələrini gözləməzmi?;
Nizami “əz-ta” deyir, başlanğıc və son nöqtəni göstərir: ərəbdən əcəmədək, ərəblər ərəb olmayanlara “əcəm” deyirdilər - ərəblərin yaşadığı coğrafiya, üstəgəl ərəb olmayanların yaşadığı yerlər. Bəhramın dönəmində Yəmən də İran imperatorluğunun içində idi, bu dərəcədə böyük məkandan tacgötürmə mərasiminin keçirildiyi yerə axın var;
“atlandılar” (“səvar şodənd”), söz cəmdədir, çoxluğu bildirir, məkanın genişliyini ifadə edir, yaxın olsa idi, atlara ehtiyac qalmazdı, sürət (hərəkət) var – bu, məkanın böyüklüyünü, hadisənin dəyərini, marağı, bir də imkanı göstərir;
“tərəf”, istiqaməti, bir məkandan başqa bir yerə hərəkəti bildirir, insanlar uzaq məsafələrdən mərasimin olacağı meydana doğru axışırlar;
“şiran” – şirlər, Nizami üç şiri nəzərdə tutur, iki vəhşi şir, bir də cəsur Bəhram şir;
“karzar” – döyüş / savaş, şair məhz bu sözü seçir: a) hadisənin xarakterini açır, xeyirlə şər arasında ölüm – dirim savaşı var; b) savaş, ciddi, ağır mücadilə olmasa, cəsarət üzə çıxmaz, cəsarət sözünü deməsə, hakimiyyətin, xeyrin, bərəkətin yolu açılmaz;
elə buna görə də bu köklü dəyişim savaşına şahid olmaq üçün fərqli kəsimlərə, irqlərə aid insanlar ərəbdən əcəmədək olan məkandan şirlərin savaş meydanına doğru at çapdılar;
beytin rədifi var “olmaq” feilidir, cəmdədir, içində çoxluq var, hərəkətdir, dəyişimi bildirir: a) məkan dəyişimi; b) siyasət, qədər, anlayış dəyişimi;
cəsarət xeyir uğrunda hərəkətdir, sadəcə istəmək deyil, olmaqdır, işdir, saleh əməldir;
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: VURUŞ YERİNƏ SÜRDÜLƏR
شیرداران دو شیر مردم خوار
یله کردند بر نشانه کار
Şir saxlayanlar iki adamyeyən şiri,
Müəyyən olunmuş vuruş yerinə sürdülər.[4]
Məsnəvinin süjet xətti yeni mərhələyə keçir. Nizami cəsarət anlayışının, cəsur şah obrazının inşası üçün Günəşin doğuluşu ilə müjdə verdi – cəsarət dəyişimə - nura yol açacaq, şahid çoxluğunu, məkan genişliyini təsvir etdi. Sıra şirlərin özəlliyinin tanıdılmasına çatdı. Şirlər nə dərəcədə vəhşi olsa, cəsarətin, cəsur şahın dəyəri o dərəcədə üzə çıxacaq:
məsnəvinin öncəki bölməsindən şirlərlə bağlı bu məlumatları bilirik: onların sayı ikidir, vəhşi, itipəncəli, acıqlıdırlar, alovlu ağızlarından tüstü püskürürlər, nərildəyirlər, yırtıcıdırlar;
“şirdaran” – şirəbaxanlar / şir qoruyucuları, söz cəmdədir, çoxdurlar, sayları dəqiq bilinmir, say çoxluğu şirlərin vəhşiliyini ifadə edir – onları meydana gətirmək asan iş deyil, şirlərlə davranış üsulunu bilən özəl insanlara ehtiyac var;
Nizami şirlərə bir özəllik də artırır, “adamyeyən iki şir” – insanları cəzalandırmaq üçün şirlər saxlayır, günahkarı onun qarşısına atırdılar, yəni bu iki şir çöldən gətirilməyib, zalım şahın cəza sisteminin bir parçası olan şirlərin işi adam yeməkdir;
tərcümədə “vuruş yeri” ifadəsi var, dəqiq deyil, məna pozuntusuna yol açır, belə ki, şair “kar” (“iş”) sözünü seçib, onu “neşane” (“işarə”, “iz”, “hədəf”, “əsər-əlamət”, “nişan”) sözü ilə birlikdə işlədib, yəni Nizami şirləri böyüdüb – vəhşiləşdirib, şirəbaxanlar iki şiri vuruş yerinə sürmürlər, onlara görə vuruşa ehtiyac yoxdur, kimsə bu iki şirlə vuruşa bilməz. Bu iki şirin işi nədir? Adam yemək, onlar iş yerinə gedəcək, Bəhramı parçalayacaqlar, şirlər o qədər güclüdürlər ki, Bəhramın onlara qarşı çıxmaq imkanı yoxdur (“hədəf / iş yeri” ifadəsini İranın / hakimiyyətin taleyinin / işinin həll olunduğu məkan kimi də oxuya bilərik);
“sürdülər” (“yəle kərdənd”) – bu, şirləri meydana gətirmək biçimi / üsuludur, şirlər vərdiş ediblər (indiyədək çox adam yeyiblər), şirəbaxanları tanıyır, onlara toxunmur, adam yeməyə getdiklərini bilirlər. “Sürmək” idarə etməyi bilmək, şirlərin dilini anlamaqdır, özəl işdir, təcrübə, cəsarət, bacarıq istəyir;
BEŞİNCİ BEYTİN ŞƏRHİ: GOR QAZMAĞA BAŞLADILAR
شیر با شیر درهم افکندند
گور بهرام گور میکندند
Şirləri şir üstünə atdılar,
Bəhram Gura gor qazmağa başladılar.[5]
Şərhdən öncə birinci misranın tərcüməsindəki yanlışlığı düzəldək: tərcümə deyir ki, şirləri şir üstünə atdılar, burada ən azı üç şir var, deyə bilərsiniz ki, o bir şir də Bəhramdır, məsələ belədir ki, Bəhram hələ meydanda yoxdur. Nizami tərcümədəki kimi deyil, “şir ba şir” (“şir ilə şir”, “şir ilə şiri”) biçimində yazır...
Nizami cəsarət anlayışının, cəsur şah obrazının inşasının üçüncü mərhələsində şirləri böyütdükcə böyüdür, ən vəhşi biçimdə tanıdır, məqsədi cəsarətin dəyərini, Bəhramın gücünü göstərməkdir, imtahan nə qədər ağırdırsa, ağıl, iradə, cəsarət də o qədər böyükdür. Şair şiri böyütmək üçün yeni vasitələr seçir:
zalım şahın cəza sisteminin bir parçası olan şirlərə baxanların, onları meydana gətirənlərin sayı çoxdur, feillərin cəmdə olması çoxluğu ifadə edir, çoxluq deyir ki, şirlər çox qorxuludur, onlarlı meydana gətirmək tək adam işi deyil;
şirəbaxanlar seçilmiş, təcrübəli, bacarıqlı insanlardır, bu üç özəllik deyir ki, şirlər çox təhlükəlidir;
“atdılar” feili deyir ki, iki şiri özəl bir vasitə ilə, məsələn, qəfəsdə (araba üstündə qəfəs) gətirdilər – şirlərin gətiriliş biçimi ciddi təhlükədən xəbər verir;
“atdılar”, yerləşdirdilər, qoydular deyil, məhz “atdılar” – iki şiri iş yerinə atdılar, səliqəyə, nizama imkan yoxdur, təhlükə var – şirlər şirəbaxanları da parçalayarlar;
Nizami sadəcə “atdılar” demir, təhlükənin böyüklüyünü göstərmək üçün bir söz də seçir: “dərhəm” (“qarışmış”, “qarışıq”, “sistemsiz”, “əlaqəsiz”) – qarışıq biçimdə şir ilə şiri (üst-üstə, bir-birinin üzərinə) atdılar – nizamsızlıq ölüm qorxusu, həyəcan var deyir, tez, necə gəldi at, uzaqlaş;
Nizami bölmədə ilk dəfə Bəhram Gur deyir, şirəbaxanların anlayışını ifadə edir: onlar iki şiri böyüdür, Bəhramı kiçildirlər, onun şah ola biləcəyini ağıllarına belə gətirmirlər, əmindirlər ki, bu vəhşi şirlər onu parçalayacaq, ələ salırlar, o kimdir ki, gur (çöl eşşəyi) ovlayan Bəhramdır, şirlər gur ovçusunu ovlayacaqlar;
beytdə “gor” sözü var, fars dilində “gor” sözü ilə “gur” sözü eyni hərflərlə yazılır – onlar Bəhram Gura gor qazırdılar. Ölməmiş insana gor qazmaq nə deməkdir? Bu da şirləri böyüdərək cəsarətin təqdiminə yol açmaq siyasətinin tərkib hissəsidir. Şirlər o qədər güclü, vəhşidirlər ki, şirəbaxanlar Bəhramın sağ qalmaq imkanının olmadığına inanır, ona gor qazırlar;
Bəhram bu dərəcədə qorxunc olan iki şirlə savaşmalıdır – mesaj var: qorxunu, qorxunc gücü məğlub etməyin yolu cəsarətdir, hakimiyyət çox böyük nemətdir, cəsarəti olmayana verilməz, xalqın sevgisini qazanmaq çətin işdir, xalq cəsarəti olanın arxasınca gedər;
ALTINCI BEYTİN ŞƏRHİ: ARASINA QOYDU
شیر داری ازان میانه دلیر
تاج بنهاد در میان دو شیر
Şirsaxlayanlardan biri cəsarətlə çıxıb,
Tacı iki şirin arasına qoydu.[6]
Nizami şirləri böyütmək yolu ilə cəsarət anlayışının, cəsur şahın dəyərini ifadə edir, bu beytdə iki yeni vasitə seçir:
“dəlir” sözünə yer verir, bu sözün “şücaətli”, “cəsarətli”, “cəsur” anlamları var, sifətdir, ancaq tərcümədə zərf kimi verilib – “cəsarətlə”, üstəlik, “çıxıb” feilinə aid edilib. Birincisi, orijinal mətndə “dəlir” sözü sifətdir (zərf olsa idi, “dəlirane” olardı), ikincisi, orijinalda “çıxıb” feili yoxdur, üçüncüsü, “cəsur” / “şücaətli” sözü hərəkətə deyil, insana bağlıdır, cəsur olan şirəbaxanlardan biridir – onların arasından cəsur olan biri – başqalarının cəsarəti çatmadı;
“cəsur”/ “igid” sözü hansı məsələni həll edir? İki şiri böyüdür, çox qorxulu, azğındırlar, onlara yaxınlaşmaq cəsarət istəyir, şirlər böyüdükcə Bəhramın cəsarəti də böyüyür;
beytdə təhlükəni böyüdən ikinci açar söz də var: “arasına” – o cəsur şirəbaxan tacı düz iki şirin arasına qoydu, Bəhramın işini çətinləşdirdi, tacın yerini müəyyən edən Bəhramdır, şərt onundur, belə ki, tacı iki azğın şirin düz arasından götürmək daha qorxuludur, daha böyük cəsarət tələb edir – bu da cəsarətin, cəsur şahın dəyərini göstərmək imkanı verir;
beytdə “dəlir” / “cəsarətli” sözü qafiyə mövqeyindədir, mesajın ağırlıq mərkəzi onun üzərindədir: şirəbaxanlardan birini önə çıxaran da, Bəhram yolunu açan da cəsarətdir – cəsarət nemətlərin yolunu açan dəyərdir;
YEDDİNCİ BEYTİN ŞƏRHİ: BİR AY İDİ
تاج زر در میان شیر سیاه
چون به کام دو اژدها یک ماه
Qızıl tac iki qara şirin arasında,
(Elə bil) iki əjdahanın ağzına (düşmüş) bir Ay idi.[7]
Nizami cəsarətin, cəsur şahın dəyərini yeni bədii vasitələrlə tanıdır: iki şiri də, hakimiyyət nemətini də böyüdür:
“qızıl tac” - hakimiyyət simvoludur, bunları deyir: hakimiyyət çox böyük, çox dəyərli nemətdir, böyük nemət həm də böyük təhlükə deməkdir, o iki azğın şirin, iki əjdahanın düz arasında, məhz ağzındadır, onu əldə etmək çox çətindir, cəsarəti olmayana hakimiyyət verilməz, böyük nemət böyük cəsarət tələb edir. İfadədəki “qızıl” sözü hakimiyyət nemətinin dəyərini göstərmək üçün seçilib – qızıl tac / hakimiyyət qızıl cəsarət istəyir;
bu qızıl tac – böyük hakimiyyət neməti qara şirin (iki qara şirin) ortasındadır – misrada təhlükənin böyüklüyünü göstərən iki açar söz var: a) “ortasında” – qızıl tac iki şirin düz ortasında - ən qorxulu yerdədir, onu böyük cəsarəti olan götürər; b) “qara” – şirlərin rəngi qaradır, iki azğın, qara şirin ortası, “qara” sözü qorxunu böyüdür, psixoloji təzyiqi artırır, dirəniş gücünü azaldır – cəsarət öncə düşüncədəki qorxu zəncirini qırmaq, ağılı, ruhu, qəlbi, iradəni qorxunun köləliyindən xilas etməkdir, cəsarət hər şeydən öncə əqli, mənəvi-ruhi gücdür;
Nizami nemətin və qorxunun birinci misrada təqdim etdiyi ölçüsünü bir az da böyüdür ki, cəsarətin dəyəri ortaya çıxsın, ikinci misrada birinci misradakı ölçünü açıqlayır, təşbehə yer verir, “çon” (“kimi”) deyir, bənzədir: a) qızıl tac, işıq saçan tac, böyük hakimiyyət neməti bir Ay kimidir – hakimiyyət nurdur, işıq kimidir, qaranlıqları – zülmü yox edir (hakimiyyət çox xeyirli nemətdir, belə ki, xeyri yaymaq imkanı çoxdur, bu gözəl neməti şərə çevirən insandır, o, mahiyyətcə şər deyil, şər ondan hansı niyyətlə istifadə zamanı ortaya çıxır); b) sıra qorxunu böyütməyə çatdı: iki əjdaha var, əjdaha böyük ilandır, deyilənə görə, yüz il yaşayan ilan əjdaha olur, ağzından alov püskürür, nəfəsi ilə varlıqları udur, çox başı var, sehrli xəzinələri qoruyur... O bir Ay, burada “bir” sözünü bütöv/tam Ay kimi oxuya bilərik, belə ki, bütöv Ay hakimiyyət nemətinin böyüklüyünü daha gözəl ifadə edir. O bir Ay iki əjdahanın ağzındadır, əsir, kölədir, nurunun üstü örtülmüşdür, onu bu qorxunc əjdahaların ağzından - ən təhlükəli yerdən qurtaracaq nemətin adı cəsarətdir, iki qara şirin ortasına qoyulmuş qızıl tac – hakimiyyət iki əjdahanın ağzına düşmüş (udulmuş) bütöv Ay kimidir;
bədii təzad var: hakimiyyət qızıl taca, bütöv Aya, təhlükə iki qara şirə, iki əjdahaya bənzədilmiş, “qızıl”, “tac”, “Ay” sözləri neməti, “qara”, “ara”, “ağız” sözləri qorxunu daha da böyütmüşdür;
Nizami mesajın çatdırılması üçün bir inancdan da yaralanmışdır: insanlar inanırdılar ki, Ay tutulanda onu əjdaha udur;
cəsarət hakimiyyət adlı böyük neməti iki qara şirin arasından, iki əjdahanın ağzından götürməkdir, o, dəyərlidir, cəsurları, uğrunda ölümü gözə alanları sevir, özünü onlara təslim edir;
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: QOLUN VƏ QILINCIN GÜCÜ İLƏ
مه به آواز طشت رسته ز میغ
نه به طشت تهی به طشت و به تیغ
Ay teştin səsi ilə buluddan xilas oldu,
(Ancaq) boş teşt ilə deyil, qolun və qılıncın gücü ilə.[8]
Bu, öncəki beytin davamıdır. Dedik ki, Nizami mesajın ifadəsi üçün xalq inancından istifadə etmişdir: Ay tutulanda avam insanlar inanırdılar ki, onu əjdaha udub, Ayı əjdahanın əsarətindən xilas etmək üçün teşti döyəcləyir, onun qurtulacağını düşünürdülər...
Nizami bu beytdə də cəsarət anlayışının, cəsur şah obrazının inşası üçün iki şiri (təhlükəni) böyüdərək Bəhramı (cəsarəti) böyütmək yolunu seçmiş, uyğun bədii vasitələrə yer vermişdir:
Ay, iki şirin arasına qoyulmuş qızıl tac - hakimiyyət teştin (tas, ləyən) avazı ilə - Nizami məhz “avaz” (səs, mahnı, təranə) sözünü seçir, belə ki, insanlar Ayı əjdahanın zülmündən azad etmək üçün teştlərə bəlli bir ritmlə vururdular, nəticədə, Ay buluddan (“ze miğ”, bu sözün duman mənası da var), onun əsarətindən qurtulurdu;
“nə” – inkar anlamı yüklənir, deyir ki, Ayı əjdahanın ağzından boş teştin avazı ilə xilas etmək əfsanələrdən olur;
gerçək həyatda isə qızıl tacı iki azğın şirin arasından, götürmək, Ayı iki əjdahanın ağzından xilas etmək, yəni hakimiyyət nemətinə qovuşmaq iki şərtə bağlıdır:
“teştlə” – beytdə üç “teşt” sözü var, iki dəfə teşt, ləyən, tas mənasında, bir dəfə isə məcazi anlamda fələk, göy üzü, ilahi güc mənasında işlənmişdir. Nizami deyir ki, hakimiyyət böyük nemətdir, onu əldə etmək çox çətindir, ilahi yardıma ehtiyac var, onsuz olmaz. Bəs ilahi yardım kimə gələr?;
“və” bağlayır, sıralayır, hakimiyyəti qazanmağın ikinci şərtini açıqlayır: “be tiğ” (“qılıncla”) – Bəhramın qılıncının gücü ilə, “qılınc” sözü Bəhramın cəsarətini, əməyini, gücünü ifadə edər: ağıl, cəsarət, əmək birləşsə, güc olar, nəticədə, ilahi yardımın yolu açılar, hakimiyyət neməti əldə edilər. Burada hərəkət səndən, bərəkət Allahdandır ölçüsü var, deyir ki, ilk addımı insan atmalıdır, ağılı, cəsarəti, əməyi olmayana ilahi yardım gəlməz, cəsarət sadəcə xalqın sevgisini qazandırmaz, nemətə qovuşdurmaz, bir də ilahi yardımı cəlb edər;
beytdə dörd “ilə” qoşması var, deyir ki, hakimiyyət nemətinə teştin boş səsi ilə deyil, ağıl ilə, cəsarət ilə, güc ilə, ilahi yardım ilə qovuşmaq olar;
DOQQUZUNCU BEYTİN ŞƏRHİ: YERƏ VURURDULAR
میزدند آن دو شیر کینه سگال
بر زمین چون دو اژدها دنبال
O iki qəzəbli yırtıcı şir,
Əjdaha kimi quyruqlarını yerə vururdular.[9]
Nizami şirləri, qorxunu, çətinliyi böyüdür ki, cəsarətin, cəsur şahın, cəsarətsiz, zəhmətsiz rəhmət, hakimiyyət yoxdur ölçüsünün dəyəri anlaşılsın. Şair yeni vasitələr seçir:
Nizami iki şirin təhlükəsini böyütmək üçün onlarla bağlı hər incəliyi ustalıqla dəyərləndirir: halı, özəllikləri, onları meydana gətirənləri, gətiriliş, yerə atılış biçimini, tacın iki şirin arasına qoyuluşunu, tacın əlamətlərini, şirlərin rəngini, əjdahaya bənzədiklərini bir-bir təsvir edir – hər addım qorxunu, ona uyğun olaraq da cəsarəti, cəsur şahı böyüdür...;
misra hərəkət bildirən sözlə başlayır, iki şirin qəzəbli halını tanıdır, yəni hərəkət təhlükəni böyüdür (görünüş, rəng, xarakter, səs necə böyüdürsə, o cür), “vururdular”, feil keçmiş davamedici zamandadır, şirlər dayanmadan quyruqlarını yerə vururlar;
hansı şirlər? Nizami onları barmaqla göstərmək ehtiyacı duyur: o iki şir-qorxunc, azğın o iki şir;
quyruğunu durmadan yerə vuran iki şir niyə belə edir? Kinli, ac, qəzəblidirlər, düşməni, ovu gözləyirlər, səbirləri çatmır, halları ilə gəl səni parçalayaq deyirlər, kimsən ki, bizi gözləməyə məcbur edirsən? Kinin, qəzəbin səbəbi gecikmə, gözlətmədir;
misrada “seqal” sözü var, “niyyət”, fikir, “qəsd” mənalarını daşıyır: o iki kinli şir qəzəbləndiyi üçün, düşmənliyini göstərmək niyyəti ilə quyruğunu yer vururdu;
Nizami meydandakı şirin sayının iki olduğunu davamlı olaraq vurğulayır, doqquz beytdə dörd dəfə “iki şir”, bir dəfə “iki əjdaha”, bir dəfə “şir ba şir” qəlibinə yer verir, təhlükəni böyüdür;
“vururdular”, hara vururdular? Yerə, sərt torpağa, bu söz kinin, qəzəbin təsirli ifadəsi üçün seçilib, şirlər o dərəcədə qəzəblidirlər ki, quyruğun yerə davamlı vurulmasından bədənləri əziyyət çəksə də, bunu hiss etmirlər (insan da, heyvan da qəzəbli olanda özünü/halını anlamaz);
quyruğun vurulduğunun səbəbi bilindi, davamlı vurulduğu da göründü, hara vurulduğu da anlaşıldı, indi Bəhramı gözləyən təhlükənin ifadəsi üçün necə vurulduğunu (vuruluş biçimini) göstərmək ehtiyacı var (şir qəzəblənəndə etdiyi hərəkətlərdən biri quyruğunu davamlı yerə vurmaqdır – hərəkətin təkrarlanması qəzəbin şiddətini göstərir) – vurulan quyruqdur, yer sərt torpaqdır, hərəkət davamlıdır, vuruluş səbəbi kindir – hamısı qorxunu, cəsarəti böyüdür, cəsarət anlayışının test olunması üçün ciddi qorxuya ehtiyac var;
Nizami bu məqamda – quyruğun vuruluş biçimini ifadə edərkən təşbehə ehtiyac duyur, “çon” (“kimi”) deyir, şirlərin yerə quyruq vuruşunu iki əjdahanın – qoca ilanın (sayın iki olması önəmlidir, qorxunu artırır) quyruğunu yerə vurmasına bənzədir, qorxunu böyüdür, quyruq əjdahanın həm də silahıdır, ehtiyac olanda ovunu quyruğu ilə (sürətli hərəkət) vurub öldürür. Beləliklə, quyruğun vuruluş biçimi də təhlükənin böyüdülməsinə - cəsarət anlayışının, cəsur şah obrazının inşasına xidmət edir;
o iki qəzəbli şirin quyruğu da, onların davamlı vurulması da, kin duyğusu ilə vurulması da, iki əjdahanın quyruğunu vurduğu kimi vurulması da, təhlükəni, cəsarəti, cəsur Bəhramı böyüdür;
ONUNCU BEYTİN ŞƏRHİ: KİM QARƏT EDƏ BİLƏR?
یعنی این تاج زر ز ما که برد
غارت از شیر و اژدها که برد
Elə bil (deyirdilər): “Bu qızıl tacı bizdən kim ala bilər?
Şir və əjdahadan kim qarət edə bilər?”[10]
Bu, öncəki beytin davamıdır, iki kinli şirin iki əjdaha kimi quyruğunu durmadan yerə vurmasının səbəbini açıqlayır. Nizami şirləri böyüdərək cəsarət anlayışını, cəsur şah obrazını inşa etmə ölçüsünə uyğun hərəkət edir:
“yəni”, tərcümədə “elə bil” kimi verilmişdir, doğru deyil, “yəni” bağlayıcı, “elə bil” modal sözdür, “yəni” açıqlayır, “elə bil” münasibət bildirir, Nizami münasibət bildirmir, açıqlayır: a) öncəki beyti; b) iki şirin quyruğunu yerə vurmasının səbəbini;
Nizami şirləri danışdırır, iki şirin quyruğunu yerə vurmasına anlam yükləyir, onların halını oxuyur, hal dil ilə (quyruğu dayanmadan yerə vurmaq) mesaj verir, iki şiri böyüdür;
iki şirin “nitqi” meydanoxuma üzərində qurulmuşdur, güclü, özünə əmin olan meydan oxuyar, burada təkəbbür var – şirlər özlərini böyüdür, meydanoxumada kiçiltmə var, Bəhramı kiçildir, ələ salırlar, məqsəd qorxutma, gözünün odunu almaqdır;
meydan oxumaq təkəbbürdür dedik, təkəbbür korluqdur, iki şir özünə o qədər arxayındır ki, Bəhramı görmədən, görməyə ehtiyac duymadan meydan oxuyur, onu yox sayır, kiçiltdikcə kiçildirlər, gəl səni parçalayaq deyirlər;
iki şir hal (quyruq) nitqində meydan oxumaq üçün öncə tacı – hakimiyyəti böyüdür, bu məqsədlə üç vasitədən istifadə edir: a) “bu” (“in”) deyir, iki şirin arasında olan tacı göstərir, meydan oxuyur, gülürlər – onu aramızdan - ən qorxulu yerdən götürmək istəyən kimdir/varmı?; b) şirlər “qızıl tac” deyir, hakimiyyət nemətini böyütdükcə böyüdürlər – onu aramızdan götürmək istəyənin canını alar, ancaq vermərik; c) “biz” - iki olduqlarını ayrıca vurğulayırlar – çoxuq, güclüyük, əzərik – hakimiyyət böyük nemətdir, böyük nemət böyük bədəl istəyir, cəsarət hakimiyyəti – tacı iki azğın şirin arasından götürməkdir; d) “bizdən” (“ze ma”), o bizimdir, mülkümüzdür, kimsəyə vermərik – zalımlar hakimiyyətə mülkiyyət kimi baxarlar, onu qorumağın yolu iddiası olanı qorxutmaqdır – zalımın əsir etdiyi hakimiyyət nemətini qurtaracaq dəyərin adı da cəsarətdir;
şirlər meydan oxumağın dərəcəsini artırır, hal nitqində bədii suala yer verirlər: kim ala/apara bilər? Bu qızıl tacı bizdən kim ala/aramızdan apara bilər? Buna cəsarəti çatan biri varmı, bu, mümkündürmü? Bədii sual imkansızlığa, o, şəri böyütməyə, o da cəsarətin dəyərini ifadəyə yol açır;
şirlər məhz “qarət” (talan, soyğunçuluq) sözünü seçirlər, bu söz mesajı çatdırmaq imkanları açır: a) “qarət” sözü deyir ki, tac – hakimiyyət bizim – şirlərindir; b) onu ələ keçirmək istəyən quldurdur, oğrudur – ev/mülk sahibi oğruya necə yanaşarsa, biz də elə yanaşacaq, canını alacağıq; c) “qarət” sözü ölümü, gücü, şiddəti, cəsarəti ifadə edir, şirdən güclüsü, cəsurur varmı? Tacı qarət etmək istəyəni parçalayarıq; d) qarət haqqı olmayan bir şeyi zorla ələ keçirməkdir – tac/hakimiyyət şirlərin haqqıdır – ölümü gözə alan varsa, gəlsin, biz şirik, haqqımızdan əl çəkmərik, tac vermərik, tac alarıq;
şirlərin hal dili qorxunu bir az da böyüdür: qızıl tacın/hakimiyyət adlı böyük nemətin sahibini tanıdır, mesajı tacın qoyulduğu yer (iki şirin arası) üzərindən deyil, mülkiyyət üzərindən verir, mülkiyyət duyğusu ən güclü duyğulardan biridir, savaş, ölüm səbəbidir, üstəlik, bu, hakimiyyət adlı mülkiyyətdir, onu kimsə kimsəyə verməz. Şair bu fikrin ifadəsi üçün “əz” (-dan2) deyir, onlardan, hakimiyyəti mülkiyyət zənn edənlərdən danışır, hakimiyyət istəyən bu neməti onlardan qarət etməlidir – mülkiyyəti almağın bir yolu varsa, o da qarətdir;
mülkiyyətin sahiblərini tanıtmaq qorxunu, bu yolla cəsarəti böyütməyə xidmət edir, eyni varlıq iki fərqli/qorxunc adla təqdim olunur: “şir” (iki şir), “əjdaha” (ilan), arada bir “və” bağlayıcısı da var, sıralayır, bağlayır, çoxaldır, böyüdür, qorxudur;
yenə bədii sual gəlir, rədif mövqeyinə keçir, eyni sual təkrar olunur, təkrar təsiri artırır: kim ala/apara bilər, tacı – hakimiyyəti şir və əjdahadan kim qarət edə bilər? Bədii sual bunları önə çıxarır: a) gücü, qorxunu böyüdür – hakimiyyət / tac iki şirin /əjdahanın – heyvanların şahının əlindədir; b) kiçildir, acizliyi bildirir - onu bizdən alacaq kim var ki?; c) imkansızdır deyir – tacı iki şirdən kimsə ala bilməz; d) təkəbbürü göstərir – tacın sahibi bizik;
ON BİRİNCİ BEYTİN ŞƏRHİ: XƏBƏRLƏRİ YOX İDİ
آگهیشان نه ز آهنین جگری
شیرگیری و اژدها شکری
Onların o dəmir ciyərli,
Aslan basan, əjdaha şikarçısından xəbərləri yox idi.[11]
Məsnəvinin süjet xətti yeni mərhələyə keçdi. Nizami cəsarət anlayışının, cəsur şah obrazının inşası üçün bu addımları atdı: Günəşin doğuluşu müjdə verdi, ey İran xalqı, qaranlıq – zülm gedir, ədalət gəlir, şəri, pisliyi, yoxsulluğu öldürən, xeyri, yaxşılığı, bolluğu dirildən nemətin adı cəsarətdir, sonra iki azğın şir tanıdıldı, Nizami onların hər halını, rəngini, səsini, hərəkətini cəsarətin, cəsur şahın tanıdılmasına yönəltdi, qorxunu böyüdərək cəsarəti böyütmək yolunu seçdi, sonra hakimiyyət nemətinin dəyərini ifadə etdi, bu məqsədlə iki vasitəyə yer verdi: a) hakimiyyətin böyük nemət olduğunu göstərən sözlərdən yararlandı: “qızıl tac”, “bütöv Ay”; b) o böyük neməti cəsarətlə əldə etmək olar ölçüsünün tanıdılması üçün onun qoyulduğu yeri göstərdi: “İki azğın şirin arası”, “İki əjdahanın ağzı”; Sonra da təkəbbürlü iki şir meydan oxudu, Bəhramı kiçiltdi, ələ saldı, əzdi...
Məsnəvinin süjet xətti yeni mərhələyə keçdi dedik, cəsarət anlayışının inşası üçün sıra Bəhramın tanıdılmasına çatdı:
şərh olunan beyt iki şirin meydan oxumasına cavabdır;
“xəbərləri yox idi”, Nizami misraya bu qəliblə başlayır – şirlər cahil və təkəbbürlü idi, bu onları həqiqəti görmək imkanından məhrum etmişdi, elə buna görə də düşmənlərini tanımadan onu kiçildirdilər. Onlar zır cahil idilər, Nizami bu mənanın ifadəsi üçün “aqahi” sözünü seçib, inkarda işlədib, yəni şair onlar bilmirdilər demir, heç xəbərləri də yox idi – cahil cəsur olar – onların cəsarəti cəhalətə, Bəhramın cəsarəti ağıla bağlı idi. Şair şirlər zır cahil idilər fikrinin ifadəsi üçün bir vasitəyə də yer verir: xəbəri olmamağı bildirmək üçün feil seçmir, feil hərəkətdir, ağılın hərəkəti düşünməkdir, sifət seçir “aqah” (“xəbərdar”, “məlumatlı”), sonra onu ismə çevirir: “aqahi” (“xəbərdarlıq”), feil hərəkətli, isim dəyişməz/sabitdir – cahil düşünməyən, tanımayan, düşünmədən, tanımadan qərar verən adamdır, şirlər də tanımadıqları Bəhrama ölüm hökmü kəsirlər;
Şirlər nədən xəbərsiz idilər? Nizami bu anda cəsarəti, cəsur Bəhramı tanıtmaq fürsəti qazanır, şahın üç özəlliyini açıqlayır: a) “dəmir ciyərlidən” – şair Bəhramın adını çəkmir, bu yolla onu böyüdür, yəni o, ortada - meydanda yox ikən ondan danışır, o, haqqında danışılan adamdır, Bəhram özünü tanıtmır, tanıdan Nizamidir, Bəhramın özəlliyi adı olmuşdur, Nizami şahın özəllikləri sırasına öncə cəsarəti yazır – “dəmir ciyərli/ürəklidən”. Bu deyim indiki Azərbaycan türkcəsində “ciyərli/ürəkli adam” biçimində işlənir, cəsur, igid, qorxmaz adamı tanıdır, cəsarətlə ürək/ciyər arasında bağ qurur, belə ki, cəsarətin ağılla olduğu kimi, ürəklə də bağı var, idealizmin – duyğuların meyvəsidir, içində fədakarlıq, sevgi, adanmışlıq var. Nizami deyimin cəsarəti ifadə etmə gücünü bir az da artırır: “dəmir ciyərli/ürəkli” deyir – Bəhramın elə bir cəsarəti var ki, kimsə/nəsə onu qıra bilməz – iki şir bundan xəbərdar olsa idi, danışmazdı; b) “ze şirgiri”/ “şir tutandan” – Bəhram mahir, cəsur ovçu idi, o, şirin üstünə gedir, savaşır, məğlub edirdi. Nizami “Yeddi gözəl” məsnəvisinin öncəki bölmələrində Bəhramın cəsarətini, ovçuluq məharətini belə tanıdır: “... Elə ki bir qədər də böyüdü, Şirlərin pəncəsini, qurdların boynunu sındırırdı, Sübhün qılıncı (Günəş) o süvarinin nizə oynatmağı qarşısında, Öz qalxanını yerə atırdı, O, qranit daşları oxla bir-birinə elə tikirdi ki, Heç ipəyi, tirməni də elə tikmək olmazdı, O, bir nişanla ox atarkən, Qovluqdakı bütün oxları bir (eyni) nöqtəyə vururdu, O, daşın başına qılınc vurarkən, Daş da od rəngli suya dönürdü, Onun nizəsi qabağına darı da çıxsa, Nizənin ucu ilə onu halqa kimi götürərdi, Onun nizəsi şirin boynundan xaltasını çıxarırdı, Onun qılıncı xəzinə qıfılının halqasını açırdı, O, sərrast ox atır, oxunu qıldan keçirirdi, Uzaqdan hər nəyi görsə idi, Kölgə, ya da işıq da olsa, onu vururdu, O, görmədiyi nişana ox atan zaman, Onun bəxti lazım biləndə (oxu) hədəfə vururdu, Sürülərin keşiyini şir kimi çəkənlər, Həmişə onun şirliyi ilə öyünürdülər, O gah bəbir üstünə at çapırdı, Gah da qızmış şir ilə oynayırdı... Təkəbbürlü iki şir qızmış şir ilə oynayan Bəhramdan xəbərdar olsa idi, meydan oxumazdı; c) “əjdaha ovlayandan” – bu, Bəhramın üçüncü özəlliyidir, Nizami iki şirin cəhalətə bağlı cəsarətinə qarşı Bəhramın ağıla, ürəyə bağlı cəsarətini, azğın şirlərə qarşı şir tutan Bəhramı, əjdahalara (ilanlara) qarşı əjdaha ovlayan Bəhramı qoyub: Ağ tuz ağacından olan oxu kamana qoydu, Qara əjdahanı nişan aldı, Əjdaha gözlərini geniş açan kimi, Haça ox şahın kamanından çıxdı, Oxun hər iki ucu əjdahanın gözlərinə girib, Dünyanı görmək yolunu (ona) bağladı, Şahın oxunun iki ucu ilə, Qara əjdahanın gözləri deşildi, Meydan əjdaha üçün dar olan kimi, Şah nəhəng kimi əjdahanın üstünə atıldı, İgidcəsinə xəncəri boğazına soxdu, Elə bil şir (öz pəncəsini) gurun bədəninə yeritdi, Onun xəncəri əjdahanın ağzını, boğazını, Səkkiz qarış cırıb ciyərini, böyrünü yırtdı, əjdahadan dəhşətli bağırtı qalxdı, Və o, ağac sütunu kimi yerə sərildi, Şah onun nərəsindən və cüssəsindən qorxmadı, Bulud məgər dağ təpəsindən qorxarmı? O, xəncərlə əhrimənin başını kəsdi, Düşmənin öldürülmüşü və başı kəsilmişi yaxşıdır! – İki şir/iki əjdaha şir tutan, əjdaha ovlayan Bəhramı tanısa idilər, ona meydan oxumazdılar;
mətndəki “və” bağlayıcısı Bəhramın özəlliklərini sayır, çoxaldır, sıralayır, bir-birinə bağlayır: dəmir ciyəri / ürəyi, cəsarəti olan şir tutar, əjdaha ovlayar, kimsə onu məğlub edə bilməz;
ON İKİNCİ BEYTİN ŞƏRHİ: YAXINLAŞMIRDI
گرد بر گرد آن دو شیر عظیم
کس یک آماجگه نگشت از بیم
O əzəmətli aslanların ətrafına,
Hər kəs qorxusundan bir ox mənzili (məsafəsində) yaxınlaşmırdı.[12]
Nizami iki şirin meydan oxumasına Bəhramı tanıdaraq cavab verdikdən sonra qorxunu böyüt ki, cəsarət, cəsur şah böyüsün ölçüsünə qayıdır, yeni vasitələr seçir:
“gerd” sözünü iki dəfə işlədir, araya “bər” ön qoşmasını qoyur: “gerd bər gerd” – “dövrə üzərinə dövrə”, bu qəlib iki məqsədə xidmət edir: a) qorxunu böyütmək üçün məkanı böyüdür; b) insanların sayını çoxaldır – savaşın olacağı böyük meydanın ətrafı insanlarla doludur, dairə üstünə dairə var, hər kəs ölkənin qədərini dəyişdərəcək hadisəyə şahid olmaq istəyir;
Nizami şirləri böyüdür, iki vasitəyə yer verir: a) “o” deyir, işarə əvəzliyi uzaqda olan iki şiri göstərir, şirlər o dərəcədə qorxuncdur ki, “əvəzlik onlara yaxınlaşa bilmir”, “bu” deyib yaxında olanı deyil, “o” deyib uzaqda olanı göstərir; b) şair ərəbcə olan “əzim” sözündən istifadə edir, onu qafiyə mövqeyinə yerləşdirir, meydandakı çox böyük, əzəmətli, o iki şir;
“kəs”, “kimsə”, “heç kim” – böyük meydanın ətrafında çevrə-çevrə insanlar var, ancaq onlardan heç biri, bircəsi belə, biri də...;
Nizami məkanı böyüdərək qorxunu artırmaq üçün “yek amacqah” / “amacqəh” qəlibinə yer verir, “amacqah” sözünün mənası hədəf, nişangahdır, bir hədəf məsafəsini, atılan oxun gedə biləcəyi məsafəni ifadə edir;
“nə gəşt”, “yaxınlaşmırdı” / “getmirdi”, meydan çox böyükdür, ətrafı insanlarla doludur, meydanın ortasında iki nəhəng şir var, o insanlardan heç biri, bircəsi də şirə yaxınlaşa bilmir, onlardan bir ox məsafəsi uzaqda dururdu, yəni şirlər bu dərəcədə qorxunc, qorxu bu qədər çoxdur;
insanlar niyə uzaqda dururdular? Səbəb qorxudur, Nizami “bim” sözünü seçir, qafiyəyə, açar sözə çevirir, mesajı ona yükləyir – minlərlə insan var, ancaq hər biri / hamısı o iki böyük şirdən qorxur, bircə istisna var, o da Bəhramdır, qorxunu məğlub edən, Bəhramı seçən, üstün qılan dəyərin / nemətin adı cəsarətdir;
çoxluq, böyüklük, məkan, uzaqlıq qorxunun dərəcəsini, o da cəsarətin dəyərini ifadə edir;
ON ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: YOLLANSIN
فتوی آن شد که شیر دل بهرام
سوی شیران کند نخست خرام
Qərar belə oldu ki, aslan ürəkli Bəhram,
Əvvəl şirlərə tərəf yollansın.[13]
Məsnəvinin süjet xətti yeni mərhələyə keçir. Nizami iki şiri – böyük qorxunu tanıtdı, indi Bəhramı – böyük cəsarəti təqdim edir, Bəhramın cəsarətinin əlamətlərini bir-bir saymağa başlayır, deyir ki, hakimiyyət nemətinə gedən yolun adı cəsarətdir.
“fətva” deyir, bu söz ərəbcədir, “f-t-v” kökündəndir, dini anlayışdır, “əmr”, “qanun”, “hökm” anlamlarını daşıyır, fətva vermək dini / siyasi bir məsələnin hökmünü açıqlamaqdır, qanundur, icrası məcburidir, tərəflərə məsuliyyət yükləyir, hökmü yerinə yetirilməsə, cəzası var (fətva verənə “müfti”, onu istəyənə “müstəfti”, “fətva” vermək işinə də “ifta” deyilir);
Nizami niyə məhz “fətva” sözünü seçir? Səbəbləri sıralayaq: a) Bəhram hərbi gücü olsa da, şahı olacağı ölkədə qan tökülməsini istəmir, hakimiyyəti dinc yolla əldə etmək yolunu seçir, İran hakimiyyətinin elçilərinə şərtlərini açıqlayır, hakimiyyəti qanunsuz ələ keçirənlər bu şərtləri qəbul etməyə məcbur olurlar. Şərtlər bunlardır: mərasim meydanda olacaq, iki şir olacaq, mərasimin vaxtı sübh çağıdır – şirlər ac olan vaxt, vəhşi, itipəncəli, acıqlı, alovlu ağzılarından tüstü çıxan, nərildəyən şirlər olacaq, meydana çox adam yığışacaq, onlar xalqın fərqli təbəqələrini, fərqli bölgələri təmsil edəcəklər, meydanı əsgərlər çevrəyə alacaqlar (təhlükəsizliyi təmin etmək üçün), Nizami fətvanın şərtlərindən birini də indi açıqlayır; b) fətva hökm, əmr, fərmandır, yazılıdır, məcburidir, qaçış yeri, fərqli yorum imkanı yoxdur, şərtlərinin pozulması savaş səbəbidir – Bəhram cəsurdur, əmindir, istənilən halda (dinc yolla, savaşla) qalib gələcəyinə inanır; c) şərtləri qoyan, fətvanı verən Bəhramdır – bu da onun gücünü, cəsarətini göstərir;
fətvanın açıqlanmayan şərti hansıdır? Fətva o oldu ki – Nizami qərarın önəmini vurğulamaq üçün “o” deyir, göstərir, görün Bəhram nə dərəcədə cəsurdur anlamı yükləyir, bunu ondan başqa kim edə bilər ki?;
“şirdel” / “şir ürəkli” – Nizami bu anda niyə belə bir təyinə ehtiyac duyur? Öncə də dəmir ciyərli / ürəkli demişdi. Fətvanı böyüdür, fətva böyüdükcə iki şeyi də böyüdür: qorxu, cəsarət. Yəni bu elə bir fətvadır ki, onu ancaq şir ürəkli olan verə bilər;
belə bir insan varmı? Nizami məsnəvinin bu bölməsində ilk dəfə birbaşa Bəhramın adını çəkir – Bəhram cəsarəti ilə bu şərəfi haqq edir – onu qafiyə mövqeyinə yerləşdirir, beytin ağırlıq mərkəzi Bəhramdır, bu çox ciddi, İranın qədərini dəyişdirəcək fətvanı verən (qarşı tərəfin işi razılaşmaqdır) şir ürəkli Bəhramdır;
fətvanın dəyərini bu dərəcədə artıran bənd / maddə hansıdır? Şirlərin arasından tacı götürmək addımını öncə Bəhram atacaq – böyük cəsarət həm də böyük risq almaqdır. Bəhram bu işi, məsələn, püşklə həll edə bilərdi, etmir, belə ki, o zaman cəsur Bəhram obrazını inşa imkanı azalardı, ya da ilk addımı qarşı tərəf atacaq şərtini qoyardı, bu şərtdən də imtina edir. Niyə? İki səbəbi var: a) cəsarətinə kölgə düşər, qarşı tərəf ürəklənər, ona (atasına) nifrət edən xalqın qəlbini qazanmaq çətinləşərdi; b) qarşı tərəf bunu qəbul etməz, şavaşın yolu açılardı. Bu da Bəhramın hakimiyyəti dinc yolla qazanmaq anlayışına uyğun deyildi, o əsla və əsla şahı olacağı ölkəni xaraba qoymaq istəmir. Bəhram ilk addımı mən atacağam deyir, cəsarəti ilə savaşdan öncə rəqiblərini, xalqı heyrətə salır – inandırmağın, çəkindirməyin, məğlub etməyin yolu heyrətə salmaq, heyrətə salmağın yolu da cəsarətdir;
şirlərə tərəf öncə (nəxost) Bəhram gedəcək. Nizami bu anda cəsarət anlayışını inşa edən bir söz də seçir, onu məhz qafiyə mövqeyinə yerləşdirir, gücləndirir, baxın, görün deyir. Şair “getsin” demir, məhz “xəram” / “xoram” sözünə yer verir. Bu söz “xəramidən” feilinin köküdür, yeriş biçimini ifadə edir, bu hər yeriş deyil, zərif, incə, gözəl, nazla yerişdir, cəsarətin yol açdığı ruh halının, güvənin, tarazlığın ortaya çıxardığı hərəkət biçimidir, hər ruh halının fiziki göstəriciləri olur, qorxaq adam ölümün – iki azğın şirin üzərinə nazlı yerişlə gedə bilməz, ayaqları titrəyər, donar, yerə mıxlanar, ürəyi partlayar. Bəhram ölümün üzərinə nazlı yerişlə gedir, xalqı, rəqiblərini, iki şiri dəhşətə salır, meydan oxuyur. Bəhramın cəsur, əmin yerişi deyir ki, ey azğın şirlər, sizi öldürməyə gəlirəm, ey xalq, cəsur Bəhramı tanı, onun tərəfinə keç, ey rəqiblər, Bəhramın hakimiyyət yolundan çəkilin – qorxunun dərmanı cəsarətdir;
ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: ONUN OLSUN
گر ستاند ز شیر تاج اوراست
جام زرین و تخت عاج اوراست
O, tacı sirlərdən alarsa, (tac) onun olsun,
Qızıl cam və şirmayı taxt onun olsun.[14]
Bəhram İranda hakimiyyəti qanunsuz ələ keçirənlərlə danışıqlar yolunu seçdi, şərtlərini açıqladı, onları qəbul etdirdi – diplomatiyasının arxasında hərbi gücü var – Nizami bu şərtləri açıqlayır, şərtləri cəsarət anlayışının, cəsur Bəhram obrazının inşasına yönəldir: Bəhram deyir ki, tacı iki şir arasından götürmək üçün ilk addımı mən atacağam, şərt şirlərin arasından keçmək deyil, daha çətindir – tacı götürməkdir, şirlərin üzərinə atla deyil, piyada gediləcək (bu sıradakı beytlərdə bəlli olacaq), Bəhram tacı götürsə, İran şahının da eyni addımı atmasına ehtiyac olmayacaq, Bəhram tacı götürə bilməsə, sağ qalsa, ikinci haqqı olmayacaq, Bəhram tacı götürməyi bacarmasa, İran şahı tacı götürmək üçün addım atmayacaq, hakimiyyət onun olacaq – bu şərtləri Bəhram müəyyən edir, ən çətin yolu seçir, cəsarətin dövlət, insan, xalq, şah – dövlət başçısı üçün önəmini göstərir. Mesajları var: a) hakimiyyət cəsur olanın haqqıdır; b) ey İran xalqı, imkanım – hərbi gücüm olsa da, qan tökmək istəmirəm; c) sizi idarə edənlər qorxaqlardır; d) onlardan imtina edin, mənimlə bağ qurun; e) Bəhram elə şərtlər qoyur ki, rəqiblərinin gözü qırılsın;
Nizami ölçünü belə tanıdır:
“gər” / “əgər”, şərt bağlayıcısı seçir, “götürsə” deyil, məhz alsa, tac-hakimiyyət iki azğın şirin əlində - arasındadır, “almaq” feili mətndə savaşı, ağır mübarizəni, çətin işi ifadə edir – cəsarətin təqdiminə yol açır (“almaq” feilinin çətinliyi ifadə gücü var: “torpaq almaq”, “könül almaq”, “söz almaq”, “dərdini almaq”, “yol almaq”... hamısında gərgin əmək var). Bəhram tacı – hakimiyyəti iki şirdən nə ilə alacaq? Cəsarəti ilə - neməti almağın yolu cəsarətdir. “Almaq” feili deyir ki, iki düşmən tərəf var – bu da qorxunu, cəsarəti böyüdür;
Nizami niyə “alacaq” demir, “əgər alsa” deyir? Şərt mücadilənin ağırlığını göstərir, qarşı tərəfi böyüdür, qorxunu artırır, cəsarət nemətdir ölçüsünün inşasına yol açır;
Kimdən alsa? Şirdən (şirlərdən) – Nizami əgər alsa, desə idi, məna anlaşılardı, ancaq “şir” sözünü, demək olar ki, hər zaman mətndə (beytlərdə) tutur, bu yolla qorxunu böyüdür ki, cəsarətin dəyəri anlaşılsın, şirsiz – qorxusuz beyt yoxdur;
Nəyi alsa? Nizami neməti böyüdür, tac – hakimiyyət deyir, alsa, tac onundur – böyük nemət böyük cəsarət istəyir, bədəlsiz ödül yoxdur;
“onundur” (Bəhramındır) sözü rədif mövqeyindədir, yiyəlik haldadır, sahiblik bildirir, tacın sahibi cəsarəti olandır;
Nizami cəsarətin dəyərini artırmaq üçün neməti böyüdür, nemət hakimiyyətdir, ancaq şair onu əlamətləri ilə tanıdır ki, nemət görünsün, anlaşılsın, öncə “tac” dedi, indi də “qızıl cam” deyir, dəyəri artıran vasitənin biri qızıl, biri camdır. Şair cama özəl anlam yükləyir: a) hakimiyyət rəmzidir; b) ancaq hər hakimiyyətin deyil, Cəmşidin üzərində yeddi xətt olan, ya da Key Xosrovun (böyük şahın) camıdır, bu camın üzərinə nücum (astronomiya) elminin hökmləri yazılmışdı, dünya hakimiyyəti anlayışının rəmzidir – Key Xosrov İran əfsanələrinin, Firdovsinin “Şahnamə” eposunun qəhrəmanlarından biridir. Yəni Bəhramın böyük hədəfi var, dünya şahı – imperator olmaq, ədaləti, mərhəməti yaymaq istəyir – bunun yolu cəsarətdir;
“və” bağlayıcısı hakimiyyət nemətinin əlamətlərini sıralayır, bağlayır, böyüdür;
nemətin dəyərini göstərən bir əlamət də var: fil sümüyündən olan taxt-ağappaq, parlaq, qiymətli taxt (tərcümədə “şirmayı” kimi verilib);
beytdə böyük nemətin – hakimiyyətin üç əlaməti var: iki şirin arasında olan tac, qızıl cam, fil sümüyündən olan taxt, üçü də qorxunu (təhlükəni), neməti böyüdür ki, cəsarət, cəsur Bəhram böyüsün – böyük olmayan dəyər olmaz (dəyər hamını əhatə edir, xeyri hamıya çatır, bütün zamanlara aiddir, heç vaxt qiymətini itirməz: azadlıq, ədalət, mərhəmət, cəsarət);
ON BEŞİNCİ BEYTİN ŞƏRHİ: ƏLİNİ ÜZSÜN
ورنه از تخت رای بردارد
روی بر سوی جای خویش آرد
Ala bilməsə, onda taxtdan əlini üzsün,
(Və) öz yerinə üz qoyub (getsin)...[15]
Beyt Bəhramın İranda hakimiyyəti ələ keçirənlərə qəbul etdirdiyi şərtlərin sonuncusunu açıqlayır, şərtləri cəsarət anlayışının, cəsur şah obrazının inşasına yönəldir:
“vər” (“və+əgər”) – “və” bağlayıcısı öncəki beytlə bağ qurur, “əgər” – Bəhram tacı iki şirdən ala bilməsə/almasa – “almasa” feili beytdə yoxdur, nəzərdə tutulduğu öncəki beytdən anlaşılır, “nə” qəlibi feili inkara çevirir, Nizami ehtimalla / şərtlə danışır, bu yolla iki şirin nə dərəcədə təhlükəli olduğunu göstərir, qorxunu, cəsarəti böyüdür, bir də ki bu, anlaşmanın şərtidir, orada bütün ehtimallar açıq göstərilməlidir;
“əz təxt”, taxtdan/hakimiyyətdən - ən böyük nemətdən;
rəyini, niyyətini, fikrini götürsün, əlini üzsün / əl çəksin – Bəhram məğlub olsa, hakimiyyət fikrini bir də ağlına belə gətirməsin, hakimiyyət iddiasından imtina etsin – cəsarət itirməkdən qorxmamaqdır, qorxan itirər;
rəy götürmək / əl çəkmək – əlini üzmək məcazdır, qətilik bildirir, cəsarəti, verilən sözə sədaqəti ifadə edir – Bəhram məğlub olsa, hakimiyyətin halal haqqı olmasına, böyük ordusunun varlığına baxmayaraq, bir daha hakimiyyət haqqında düşünməyəcək;
bəs nə edəcək? Bu anlaşmanın yerinə yetiriləcəyinin bir təminatı olmalıdır. Bəhram qarşı tərəfdən təminat istəmir, yəni tacı alsam, sizin hakimiyyəti dinc yolla verəcəyinizin təminatı nədir demir. Buna ehtiyac duymur, belə ki, onların şərti pozmaq imkanları yoxdur: a) məsələni xalqın gözü qarşısında cəsarət həll edəcək; b) daha önəmlisi Bəhramın böyük ordusu hazırdır, özünə o dərəcədə əmindir, o qədər cəsurdur ki, məğlub olacağı halda şərtləri yerinə yetirəcəyi ilə bağlı təminat verir, anlaşmanın bir bəndini bu məsələyə həsr edir;
anlaşma deyir ki, Bəhram məğlub olsa, üz tutacaq / üz tutsun;
haraya? “Öz yerinə tərəf” – Bəhramın yeri Yəməndir – öz yeridir, belə ki, uşaqlığının, gəncliyinin keçdiyi yerdir, O, ordusu ilə Yəmənə gedəcək – imperatorluğun mərkəzindən uzaqlaşacaq;
beyt deyir ki, Bəhram cəsur, əmin, sadiq insandır – hakimiyyət haqqınız, çox böyük ordunuz var, ancaq siz məğlub olacağınız halda haqqınızdan birdəfəlik imtina edəcəyinizə söz verirsiniz – hakimiyyətin adını tutmayacaqsınız;
feillər qafiyə mövqeyindədir, əmr biçimindədir, anlaşma / rəsmi sənəd üslubuna uyğundur;
anlaşma Bəhramın tacı ala bilməyəcəyi, ancaq sağ qalacağı halda ortaya çıxacaq vəziyyətlə bağlı hökmü tanıdır, onun ölməsi halında nə olacaq sualına cavab verilməmişdir, belə ki, buna ehtiyac yoxdur;
ON ALTINCI BEYTİN ŞƏRHİ: ŞİRLƏRƏ TƏRƏF YÖNƏLDİ
شاه بهرام ازین قرار نگشت
سوی شیر آمد از تنیزه دشت
Bəhram şah bu qərardan dönmədi,
Düzəngah tərəfdən şirlərə yönəldi.[16]
Məsnəvinin süjet xətti yeni mərhələyə keçir, ancaq mövzu dəyişmir, Nizami cəsarət anlayışının, cəsur Bəhram obrazının inşası üçün yeni vasitələr seçir, bu məqsədlə iki addım atır: a) Bəhramın anlaşmaya münasibətini açıqlayır; b) məkanı, iki şirə doğru hərəkəti təsvir edir;
“şah Bəhram” – Nizami on altı beytdə ilk dəfə “şah Bəhram” deyir, “şah” sözünü addan əvvəl yazır, şahlığı önə çıxarır, şah olmayana şah adını verir: a) hakimiyyətə - şahlığa gedən yolun ən önəmli mərhələsi çatmışdır; b) o, şah olacaq; c) şah olmadan da şah kimi hərəkət edir – şah cəsur olar, verdiyi sözü yerinə yetirər;
“əz in qərar” – “bu qərardan”, anlaşmanın şərtlərindən - ən önəmli məsələdən;
“nə gəşt” – dönmədi / dəyişmədi, feil şühudi keçmiş zamandadır, qətilik, şahidlik, əminlik bildirir – anlaşmanın şərtlərini olduğu kimi yerinə yetirmək cəsarət və sədaqətdir, bir şaha yaraşan da budur, elə bu səbəblə də Nizami ona şah Bəhram deyir – o, sözünün, duyğularının, halının şahıdır, onları idarə edir, meydandakı qorxunc vəziyyəti görəndə sözünü, halını, qərarını dəyişmir;
şirə - iki şirə tərəf gəldi, meydana tərəf deyil, məhz şirə tərəf, Nizami meydanı deyil, şiri-qorxunu, ölümü önə çıxarır, cəsarətin ifadəsinə yol açır, Bəhram o iki azğın şiri gördü, ancaq halı dəyişmədi, tərəddüd etmədi, dayanmadı;
Nizami cəsarətin təqdimi üçün bir vasitəyə də yer verir: Bəhramın haradan şirə tərəf gəldiyini açıqlayır: “əz tənize dəşt” – səhranın, çölün, düzəngahın ətəyindən/aşağısından. Məkan anlayışı cəsarətin inşası üçün bu imkanları açır, deyir ki: a) Bəhram şah kimi gəlir; b) dağdan, dərədən – gizlənə-gizlənə deyil, düzənlikdən gəlir, o, şirləri, şirlər də onu görürlər; c) meydan oxuyur, şirlərə deyir ki, sizi öldürməyə gəldim; d) qəfil, sürətlə gəlmir (öncə deyilmişdi ki, nazla/saymazyana gəlir), düzənliyin aşağısından - xeyli uzaqdan gəlir, şirlərin onu görmək, hazırlaşmaq, hücum etmək imkanı var;
səhnəni gözümüz önündə canlandıraq: sübh çağıdır, meydanda iki ac, vəhşi, itipəncəli, acıqlı, alovlu ağzından tüstü çıxan, nərildəyən, yırtıcı, qara, quyruğunu davamlı yerə vuran, meydan oxuyan, böyük şir var, insanlar onlardan bir ox məsafəsi uzaqda dayanmışlar – Bəhram isə düzənlikdən (açıq-aşkar) əmin addımlarla o iki şirə tərəf gəlir / gəldi;
ölüm qorxusuna baxmayaraq, sözünü yerinə yetirmək və məkan təsviri deyir ki, Bəhramda iki dəyər var: sədaqət, cəsarət, cəsarət olmasa, sədaqət olmaz, xəyanətin səbəbi qorxaqlıqdır;
ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: BİR ŞİR ÖLDÜRMƏSİN
در در و دشت هیچ پشته نبود
که بران پشته شیر کشته نبود
Dərə və düzəngahlarda elə bir cığır yox idi,
Ki, həmin cığırda o, bir şir öldürməsin.[17]
Nizami cəsarət anlayışının, cəsur Bəhram obrazının inşası üçün anlaşmanın şərtlərindən yararlandı. Bu beytdə cəsarətlə təcrübə arasında bağ qurur, təcrübə anlayışının içində təkrar var – bir şey təkrar olunur, çoxluq var – eyni iş dəfələrlə yerinə yetirilir, fərqlilik var – bir iş fərqli biçimlərdə, yerlərdə icra olunur. Təkrarda ağıl – şir ovlamaq ağıl işidir, əmək – ov çətindir, iradə - hədəfindən əl çəkməmək, səbir – dirəniş gücü var. Təkrar ustalaşdırır, təcrübə qazandırır, işi, duyğuları idarə etməyi öyrədir, həyəcanı azaldır. Nizami deyir ki, Bəhramın təcrübəsi cəsarətini artırırdı, o nəyi, necə, nə zaman edəcəyini bilirdi, tərəddüdü yox idi – qərarsızlıq cəsarəti öldürər, duyğularına hakim idi:
“dərə və düzəngahda” – fərqli məkanlarda, aradakı “və” bağlayıcısı da çoxaldır, fərqi göstərir, sıralayır, təcrübə var deyir – Bəhram bu işi (açıqlanacaq) fərqli yerlərdə dəfələrlə təkrar etmişdi. Nizami iki fərqli məkanı ona görə özəlliklə vurğulayır ki, dərədə ov etməklə düzənlikdə ov etməyin xarakteri bir-birindən seçilir – onun təkcə ov təcrübəsi deyil, məkan təcrübəsi də var idi;
“hiç” / “heç” – bu qəlib istisnaya yer qoymur – məkan istisnası yox idi, Bəhram hər yerdə / şəraitdə özünü sınamış, təcrübə qazanmışdı, o, usta idi;
“poşte” – söz beytdə iki dəfə işlənsə də (iki misrada da), fərqli anlamlar yüklənmişdir, burada cığır (arxa yol) mənasını daşıyır, hər ov yerini tanımağı ifadə edir – tanımaq cəsarəti artırır, incəlikləri ifadə edir, dərədə, düzənlikdə heç bir cığır yox idi / olmadı – Bəhram cəsarətini hər yerdə / şəraitdə sınamış, böyük təcrübə qazanmışdı, ov onun işi idi – cəsarət işi öyrənməyi, təcrübəni tələb edir;
rədif mövqeyində olan “olmadı” / “yox idi” qəlibi də bütün istisnaları sıradan çıxarır, deyir ki, tanı, bil, öyrən, təcrübə qazan ki, cəsarətin çoxalsın – cəsarət öyrənilən nemətdir;
“ke” / “ki” – misraları bir-birinə bağlayır, birinci misradakı ölçünü açıqlayır;
“orada” – dərə və düzənlikdə elə bir cığır yox idi / olmadı ki, orada ...;
“poşte” sözü yenə gəldi, tərcümədə ikisi də cığır kimi verilib, doğru deyil, belə ki, “poşte” sözünün bu mənaları da var: “qucaq”, “bağlama”, “şələ”, “yığın”, “topa”, “qalaq”, “təpə”. Söz ikinci misrada çoxluq bildirən “topa”, “qalaq”, “yığın” mənalarını daşıyır, deyir ki, təcrübə var, Bəhram bir dəfə deyil, dəfələrlə, çox sayda (bir yığın);
“şir” – Bəhram çox, fərqli heyvanlar ovlayıb, Nizami bu anda məhz, ancaq şiri önə çıxarır – Bəhram iki şirlə savaşacaq, şir öldürmək təcrübəsi çox idi, şiri tanıyır, onu ovlamağın yolunu bilir, bu da cəsarətini artırırdı – Nizami cəsarəti anadangəlmə dəyər kimi deyil (toxum var), tərbiyə olunmuş, ağıl, əmək, iradə, təcrübə ilə qazanılmış nemət kimi tanıdır;
“öldürməmiş olsun” – dərədə, düzənlikdə bir yığın şir öldürmədiyi cığır yox idi / olmadı – şir ovunu hər məkanda / şəraitdə sınaqdan keçirmişdi;
ON SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: YENİCƏ TAMAMLANMIŞDI
سر صد شیر کنده بود زیال
بود عمرش هنوز بیست و دو سال
Yüzlərcə şirin başını boynundan ayırmışdı,
(Baxmayaraq ki) iyirmi iki yaşı (yenicə tamamlanmışdı).[18]
Beyt Bəhramı tanıdır, təcrübəsi ilə cəsarəti arasında bağ qurur. Bəhram çox ağıllıdır, o, hakimiyyəti dinc yolla qazanmaq yolunu seçərkən (bu da ağılın göstəricisidir) təsadüfən iki şir arasından tacı götürməyi təklif etməyib, gözəl bildiyi bir işi seçib – doğrunu bilmək nemətdir, ancaq bilinən doğru əmələ çevrilməsə, bir işə yaramaz, doğrunu (anlayışı) əmələ daşımaq cəsarətdir (əməlin hərəkətdən fərqi var: əməl şüurlu hərəkətdir, heyvanın hərəkəti var, əməli yoxdur)...
Nizami təcrübə ilə cəsarət arasında bağ qurarkən üç vasitə seçir:
Birincisi, sayı çoxaldır, yüz dəfə / yüzlərcə dəfə - qeyri-müəyyənlik də çoxluqla / təkrarla təcrübənin bağını göstərir, sayı-hesabı bilinmirdi – “yüz” sayı çoxluqdan kinayədir.
İkincisi, Bəhramın şiri öldürmə biçimini tanıdır – yüz / yüzlərcə (ov yerlərinin tanıdılmasından sonra ov sayı, ovu öldürmə biçimi gəlir, üçü də deyir ki, təcrübə var, cəsarət təcrübəyə də bağlıdır) şirin başını - ən təhlükəli yerini boynundan (yalından) qoparmışdı. Nizami təcrübə və cəsarətin ifadəsi üçün Bəhram şiri/şirləri ovlamışdı, oxla vurmuşdu, başını kəsmişdi demir, ustalıq, cəsarət anlayışlarını açıq biçimdə göstərən “kəndən” (“kənde”) feilini seçir, cəsarəti, təcrübəsi olmayan biri şiri oxla öldürə bilər, ancaq əsla şirin başını boynundan qopara bilməz – Bəhram şirlə üzbəüz gəlir, onunla savaşır, Nizami deyir ki, Bəhram “qızmış şir ilə oynayırdı” (“kəndən” feilinin bu mənaları da var: “qazmaq”, “çıxarmaq”, “dərmək”, “kəsmək”, biz niyə “kəsmək” deyil, “qoparmaq” anlamını seçmişik? Mətndə “ze” / “əz” ön qoşması var, çıxışlıq halı bildirir- “boynundan”, şirin başını boynundan kəsmək yox, qoparmaq olar, Azərbaycan türkcəsində başını boynundan qoparmaq / ayırmaq ifadəsi işlədilir, mətnin mesajına uyğun qəlib də budur, “kəsmək” deyil, “qoparmaq” feili cəsarəti, gücü, təcrübəni dəqiq göstərir, heyrətə salır, Bəhramı böyüdür.
Üçüncüsü, Nizami cəsarətin təcrübə ilə bağı var ölçüsünü Bəhramın yaşına – ömrünə yükləyir, yaşı kiçildir ki, təcrübə və cəsarət böyüsün, kiçildici vasitə olan “hənuz” (“hələ”, “təzəcə”, “yenicə”, “cəmisi”) sözünü seçir, vur-tut iyirmi iki yaşında idi. Bu qədər az yaş, bu dərəcədə böyük cəsarət, təcrübə. Bu necə mümkün olur? Ağıl, istedad, müəllim, tərbiyə, əmək, iradə, təcrübə birləşir – bu dəyərlər cəsarəti mayalayır, o da qorxunu öldürür, hakimiyyətin yolunu açır;
Cəsarətlə qohum anlayışlar bunlardır:
ağıl – ağıla bağlı olmayan cəsarət dəlilikdir;
istedad – cəsarət bacarıqdır, cəsarət toxumunu böyüdən tərbiyədir;
qəlb – cəsarətin duyğu ilə də bağı var, duyğusuz cəsarət olmaz, ağıl cəsarəti gerçəkliyə, duyğu idealistliyə bağlayır, cəsarətin iki qanadı var: ağıl, duyğu;
iradə - seçdiyin yolu sonadək getməkdir, yorulma, yıxılma, yıxılsan, qalx, , bezmə, əl çəkmə, uğursuzluq var, imtina yoxdur;
fədakarlıq – cəsarət dəyərdir, ciddi əmək, zaman, qaynaq tələb edir;
müəllim – işi ustasından öyrənmək şərtdir;
inanmaq / güvənmək – özündən əmin olan cəsur olar;
sevgi – varlığını işinə həsr etməkdir;
hədəf – gücü toplayır, çalışdırır, iradəni, əzmi artırır, böyüdür;
təcrübə - cəsarətin dostu, qorxunun düşmənidir, bilən, sınaqdan keçirən, öyrənən cəsur olar;
çətinlik / acı – cəsarəti tanıdan, üzə çıxaran, böyüdən, tərbiyə edən acılardır;
səbir – dirəniş gücüdür, gözlədiyinin, istədiyinin gəlməsi üçün çalışmaqdır, beş dəfə yıxılsan da, altı dəfə qalxacaqsan, bədəlini ödəmədiyin heç bir dəyər səni böyütməz, qorumaz, anlam qazandırmaz, sənin olmaz;
ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ZƏLİL OLA BİLƏRMİ?
آنکه صد شیر ازو زبون باشد
او زبون دو شیر چون باشد
O (igid) ki, yüzlərcə şir onun qabağında zəlil olmuşdu,
İki şirin qabağında zəlil ola bilərmi?[19]
Bu, öncəki beytin davamıdır, Bəhramı tanıdır, təcrübə ilə cəsarət arasında bağ qurur, deyir ki, Bəhram iki şirə qalib gələcək, səbəblər sırasında bu da var: o, təcrübəlidir, usta ovçudur. Nizami Bəhramı, təcrübəni, cəsarəti bu yollarla təqdim edir:
“an ke” / “o ki” – “ki” gücləndirici ədatdır, Bəhramın mövqeyini gücləndirir: iyirmi iki yaşı olmasına baxmayaraq, Bəhram o cəsur, o təcrübəli igiddir ki – o dərəcədə cəsarətli, təcrübəlidir ki…;
sonra zəfəri təmin edəcək cəsarət və təcrübənin dərəcəsi açıqlanır: “yüz şir”, burada yüz sayı çoxluqdan kinayədir, əslində, yüzlərcədir, qeyri-müəyyənliyi bildirir, çoxluq cəsarət və təcrübənin təqdiminə yol açır;
“əz u” – ondan, beytdə üç o əvəzliyi var, üçü də Bəhram deyir, onun cəsarətini, təcrübəsini böyüdür – Bəhram o igiddir ki, onun cəsarəti, təcrübəsi (nəticəsində);
yüz/yüzlərlə şir zəbun oldu/olsun – “zəbun” sözünün bu mənaları var: “zəif”, “süst”, “xar”, “zəlil”, “bədbəxt”, yəni Bəhram yüzlərlə şiri məğlub edən cəsarətə, təcrübəyə sahibdir;
təcrübə və cəsarət iki azğın şirlə savaşın nəticəsini də müəyyən edəcək, təcrübə və cəsarət deyir ki, Bəhramın məğlubiyyəti qeyri-mümkündür. Nizami imkansızlığın ifadəsi üçün bədii sual seçir: (Bəhram) yüzlərlə şirin onun qarşısında zəbun (məğlub) olduğu kimi o da iki şirin qarşısında zəbun olarmı, zəbun olsun? Belə bir şey ola bilərmi?;
beytdə imkansızlığı ifadə edən bir vasitə də var: yüzlərlə şirlə iki şir leksik antonimdir: fərqli məkanlarda yüzlərlə şirin başını boynundan qoparmış, qızmış şirlərlə oynamış, cəsur, təcrübəli Bəhramın qarşısında cəmisi iki şir var, bu savaşın nəticəsi öncədən bəlli deyilmi?
İYİRMİNCİ BEYTİN ŞƏRHİ: ÜSTÜNƏ CUMDU
در کمر چست کرد عطف قبا
در دم شیر شد چو باد صبا
Donunun ətəyini kəmərinə sancıb,
Səba yeli kimi şirlərin üstünə cumdu.[20]
Bəhramın uğuruna yol açan əsaslar açıqlandı: ağıllıdır – gerçəyi bilir, iradəlidir – qərar verir, cəsarətlidir – hərəkətə keçir, təcrübəlidir – işin üsulunu öyrənmişdir…
Şərh olunan beytdən başlayaraq Bəhramın iki şiri məğlub etmək yolu/üsulu tanıdılır, çeviklik və sürət önə çıxarılır, Nizami bu vasitələri seçir:
Bəhram atlı deyil, piyadadır, özünə güvənir, cəsurdur – qaçış imkanını rədd edir, düzənlikdən gəlir, şirlər onu görürlər, əmin yerişlə (nazla) gəlir, aradakı məsafə azalanda sürəti artırır;
sürətli / cəld hərəkət üçün yüngüllük əsasdır, qəbasının (tərcümədə “don” kimi verilib), qəba uzunqollu, bir az uzun (ətəyi var), geniş (rahat hərəkətə mane olmur), yüngül kişi paltarıdır. Nizami Bəhramın geyim biçimini onun cəsarətinin, təcrübəsinin tanıdılmasına yönəldir: bəlli olur ki, onun qorunma vasitələri (zireh, dəbilqə…) yoxdur, bunun iki səbəbi var: a) cəsurdur, özünə güvənir, meydan oxuyur; b) təcrübəlidir, bilir ki, şirlərlə savaşda əsas olanlardan biri də yüngüllük, cəldlikdir;
Bəhramin oxu, yayı da yoxdur – bu da şərtlərdən biridir, şirləri uzaqdan oxla vurub öldürmək olmaz, onların üzərinə gedəcək, savaşacaq, məğlub edəcək, tacı götürəcəksən;
Bəhramın qılıncı, xəncəri belə yoxdur, əliyalındır, bu, əlbəyaxa savaşdır, cəsarət, təcrübə, çeviklik, sürət əsasdır – iki azğın şirin üzərinə əliyalın gedən Bəhramı görmək insanı heyrətə salır;
Bəhram qəbasını (ətəyini) kəmərə - kəmər beli sıxır, paltarı sıx/kip tutur, onun hərəkətə mane olmasına imkan vermir, gücü toplayır, çeviklik, sürət imkanını artırır;
qəbasını (“ətəyini”) kəmərə keçirtdi (tərcümədə “sancdı” / “sancıb” kimi verilib, doğru deyil, ətək kəmərə sancılmaz), iç tərəfinə soxdu, birləşdirdi – “ətf” sözünün bu mənaları var: “dönüş”, “birləşdirmə”, “sitat gətirmə” – belə etdi ki, geyimi onun sürətli, çevik hərəkətinə mane olmasın;
misrada sürətli/çevik hərəkətin zəruriliyini ifadə edən bir qəlib də var: “çost” – “tez”, “cəld”, “zirək”, “çevik”, Bəhramın şirlərin üzərinə sürətli hərəkətdən öncə ilk işi geyimini bu hala uyğunlaşdırmaqdır – bu anda həlledici olan sürət və çeviklikdir;
“şirin ağzına doğru” – misrada “dəm” sözü var, bu mənalarda işlənir: “yan”, “nəfəs”, “an”, “üfürmə”, “qan”, “ağız”, tərcümədə şirlərin üstünə kimi verilib, dəqiq deyil, belə ki, nəzərdə tutulan mənanı yetərincə daşımır. Nizami Bəhramın şirlərin onu gördüyü biçimdə (arxadan, yandan deyil), – üz (ağız) tərəfdən onlara doğru getdiyinin bilinməsini istəyir, belə ki, bu, cəsarətin ifadəsinə yol açır, o düz şirlərin üzünə doğru hərəkət edir, gəlirəm deyir, meydan oxuyur;
hərəkət sürəti, çeviklik çox önəmlidir dedik, Nizami hərəkət biçiminin ifadəsi üçün bir vasitə də seçir: səba yeli kimi oldu (tərcümədə “cumdu” sözü var, sürəti ifadə etsə də, orijinalda yoxdur), şair mesajı daşıyan dəqiq ifadə seçir; a) səba yeli şərqdən əsir, xeyirlidir – Bəhram da xeyirli iş üçün “əsir”; b) müjdə gətirir – hərəkət Bəhramın zəfərini müjdələyir; c) səba yeli yüngüldür – Bəhram da quş kimi idi, uçurdu, düşüncəsində, hərəkətində rahatlıq, əminlik, sürət var idi;
Nizami təşbehdə tərəflər arasındakı məsafəni / bənzəyişi ən aza endirmişdir. O, Bəhram səba yeli kimidir demir, səba yeli kimi oldu deyir – fərq qalmadı, Bəhram səba yeli idi, o dərəcədə yüngül, çevik, sürətli hərəkət edirdi, külək kimi iki şirin ağzına / üzünə doğru əsirdi;
İYİRMİ BİRİNCİ BEYTİN ŞƏRHİ: TACI QAPDI
بانگ بر زد به تند شیران زود
وز میان دو شیر تاج ربود
Tez qızğın şirlərə bir nərə çəkdi,
Və iki şirin arasından tacı qapdı.[21]
Nizami cəsarət anlayışının, cəsur Bəhram obrazının inşası üçün cəsarətlə təcrübə arasında bağ qurdu, Bəhramın hərəkətini (əmin, sürətli, çevik), geyimini (yüngül, rahat), seçdiyi məkanı (düzənlik, böyük, görünən yer), istiqamətini (düz şirlərin üzünə doğru) incəliklə təsvir etdi, bu anlayışlara uyğun obrazlara yer verdi. Sıralama davam edir, şair Bəhramın şirləri məğlub etmək üsulunun yeni əlamətlərini tanıdır:
o, sürətlə şirlərə yaxınlaşdı, bu an ən zəruri addımı atdı: “nərə çəkdi” (“bang zəd”), “bang” sözünün mənaları var: “səs”, “nalə”, “şivən”, “fəryad”, “bang zədən” qorxunc səslə bağırmaqdır. Bəhram bu anda niyə məhz nərə çəkir? İki şiri qorxudur, onları şoka salır, çaşdırır, diqqəti yayındırır, şirlərə tacı unutdurur, şirlər öz canlarının hayında qalırlar, hücum mövqeyindən müdafiəyə keçirlər, onlar toparlanadək, nə baş verdiyini anlayanadək Bəhramı tacı götürür, zaman çox önəmlidir, üç şey Bəhrama zamanı ən doğru biçimdə dəyərləndirmək imkanı verir: böyük sürət, işi bir göz qırpımında həll edən çeviklik, qorxunc səs;
Bəhram ona zaman qazandırmağa mane olan hər şeydən imtina edir: düz yer/məkan seçir, zirehi, silahı yoxdur, geyimi yüngüldür, qorxu tanımır – qorxu tərəddüdə, o da zaman itkisinə yol açır;
“üzərinə nərə çəkdi” – yaxınlaşdı, ən yaxın məsafədə iki şirin qulağını kar edəcək dərəcədə qorxunc səslə bağırdı, səslə “öldürdü”, onların gücünü əlindən aldı, bir anlıq hərəkətsiz qıldı – səs gücdür, psixoloji silahdır – gözəl səs ruh, güc, hüzur verir, qorxunc səs onları alır;
Bəhramın fiziki, mənəvi silahları var: bədəni güclüdür, geyim, hərəkət, sürət, çeviklik, yüngüllük, səs, ağıl, təcrübə, cəsarət, iradə, əmək, məntiq, səbir;
Nizami bu anda Bəhramın cəsarət və təcrübəsini, işinin çətinliyini ifadə etmək üçün təhlükəni böyüdür, “be tond şiran” deyir, iki vasitə seçir: a) “şir” sözünü cəmdə işlədir, Nizami bir sıra beytlərdə “şir” sözünü təkdə işlədərək cəmi nəzərdə tutur, burada – bu anda isə məhz “şirlər” deyir; b) “tond” sözündən istifadə edir, bu sözün “tez”, “iti”, “bərk”, “şücaətli”, “acı”, “tünd”, “yandırıcı”, “zəhərli”, “kobud”, “sivri” mənaları var – acıqlı, qəzəbli, qızğın şirlər, Bəhram nərə çəkir, bağırır, nərəsi ilə güclüyəm, öldürərəm deyir, meydan oxuyur, qorxudur;
Niyə nərə çəkir? Bir açıqlaması da budur: heyvan sözdən anlamaz, səsdən anlayar, heyvanı məğlub etməyin yolu danışmaq deyil, bağırmaqdır, qorxutmaqdır – insanın üzərinə qışqırmaq onu heyvan yerinə qoymaq, dəyərini öldürməkdir;
Misranın sonunda – qafiyə mövqeyində “zud” sözü var, “tez” – sürəti, çevikliyi bildirir, Bəhram qızğın şirlərə yaxınlaşan kimi ilk işi tez nərə çəkmək oldu, əsla gecikmək olmaz, qorxunc səslə iki şiri çaşdırmaq şərtdir;
Bəhram sayılan yollarla tacı götürmək imkanı qazandı: “vəz” (“və” + “əz”), miralar bir-birinə bağlanır, işlər sıralanır. Zaman çox az, qısa, bircə andır. Nizami bu anlamı – bir nəfəslik zaman dilimini necə tanıdır? “Və”, “əz” demir, “vəz” deyir, saiti artır, qısaldır, deyilişdə uzanmaya da imkan vermir, tez keçir – zaman gücdür, silahdır, zəfərin əsaslarından biridir;
Bəhram bir göz qırpımında iki şirin arasından – burada “ara” sözü önəmlidir – tac/hakimiyyət ən təhlükəli yerə - iki qızğın şirin arasına qoyulub, təhlükə böyüdükcə cəsarət də böyüyür, təcrübənin dəyəri, Bəhramın əqli, fiziki gücü, imkanı anlaşılır – nemət nə qədər böyükdürsə, təhlükə də o dərəcədə böyükdür, onu əldə etmək böyük ağıl, iradə, əmək, cəsarət istəyir;
Nizami hakimiyyətin/tacın qazanılması üçün zəruri olan sürət, zaman, çeviklik adlı dəyərlərin tanıdılmasında bir yol da seçir, məhz “robud” feilinə yer verir, onu qafiyə mövqeyinə qoyur, gücləndirir: “robudən” (kökü “roba”, “robud” – “qaçırdı”, “oğurladı”, “qapdı”, üçü də mətndə ən qısa zaman dilimini, çevikliyi, sürəti, təhlükəni, cəsarəti, təcrübəni ifadə edir: a) “tacı qaçırdı” – qap, qaç, gecikmək ölümdür, qapıb qaçmaq cəsarət, təcrübə, çeviklik, sürət istəyir; b) “tacı oğurladı” – oğru zamanla yarışar, ən uyğun vaxtı seçər, tələsər, qapar, qaçar, yoxsa, ölər; c) “tacı qapdı” – tac/hakimiyyət iki azğın şirin mülkiyyətidir, verməzlər, onların əlindən/arasından qapılmalıdır, qapmaq bir işi ən qısa zaman dilimində, sürətlə, çevik etməkdir, qapmaq üçün öncə çaşdırmağa ehtiyac var, iki şir neməti verməz, öncə sayıqlığın itirilməsi təmin olunmalıdır, bunun yolu da qorxutmaqdır, Bəhram nərə çəkir, qorxudur, tacı qapır;
Beytin qafiyəsi “zud” (“tez”), “robud” (“qapdı”) sözləridir, zamanı, sürəti, çevikliyi, cəsarəti, təcrübəni, təhlükəni, hakimiyyət nemətini tanıdır, deyir ki, bu dəyərlərin varsa, nemət sənindir – feil şühudi keçmiş zamandadır, şahidlik, qətilik bildirir – göstərilən ölçünün doğruluğuna əmin ol, inan – Bəhram etdi, örnək oldu, sən də edə bilərsən!;
İYİRMİ İKİNCİ BEYTİN ŞƏRHİ: ŞİRLƏR GÖRDÜ
چونکه شیران دلیریش دیدند
شیرگیری و شیریش دیدند
Şirlər onun şücaətini görüb,
Aslan basmağını və aslanlığını görüb…[22]
Bəhram tacı qapdı, məsnəvinin süjet xətti yeni mərhələyə keçdi, Nizami indiyədək cəsarət anlayışının cəsur Bəhram obrazının inşası üçün bunları təsvir etdi: Günəşin doğuluşu, meydanın tutumu, fərqli təbəqə və yerləri təmsil edən insanların meydana gəlişi, şir saxlayanların tanıdılması, şirlərin meydana gətiriliş biçimi, tacın/hakimiyyətin dəyəri, tacın qoyulduğu yer, şirlərin rəngi, əjdaha ilə müqayisə, şirlərin halı, hərəkətləri, daxili nitqi, Bəhramın tanıdılması, insanların savaş yerindən uzaqlığı, anlaşmanın şərtləri, Bəhramın yaşı, seçdiyi məkan, meydana gəliş biçimi, təcrübəsi, duyğuları, geyimi, sürəti, səsi, hərəkəti…
Bəhram tacı götürdü, sıra şirlərin cavabına çatdı, Nizami bu imkandan yararlanaraq cəsarət anlayışını, cəsur şahı tanıdır, uyğun vasitələr seçir:
“çonke”, “elə ki”, “o vaxt ki” – bu zaman yüklü qəlib deyir ki, Bəhramın hərəkəti, sürəti, səsi şirləri heyrətə saldı, onlar nə baş verdiyini anlamaqda gecikdilər, elə buna görə də Bəhram tacı götürən an ona reaksiya verə bilmədilər. Şirlərin gecikməsinin bu səbəbləri də var: a) çox təkəbbürlüdürlər, belə deyirlər: “Bu qızıl tacı bizdən kim ala bilər, Şir və əjdahanı kim qarət edə bilər?” Təkəbbür tədbiri, sayıqlığı, hərəkəti yox edər; b) özlərindən o dərəcədə razıdırlar ki, Bəhramı görsələr də, yerindən durmaq, gələnə doğru getmək ehtiyacı hiss etmirlər, gələcək, ağzımıza düşəcək deyirlər - indiyədək kimsə onların əlindən canını qurtara bilməyib – təkəbbür, saymazlıq arxayınlığa, tənbəlliyə yol açar; c) Bəhramı tanımırlar – cəhalət ölümdür;
ağıllı, tədbirli, təcrübəli, cəsur Bəhram hakimiyyəti / tacı təkəbbürlü şirlərdən aldı – təkəbbür nemətin itirilməsinə səbəb olar;
elə ki “gördülər” / “didənd” – “görmək” feili rədif mövqeyindədir, anlamaq mənasını daşıyır (heyvan anlamadığına görə “görmək” feili seçilmişdir) – təkəbbür görməyi – düşünməyi gecikdirir, təkəbbürlü hər şeyi bildiyini zənn edir, o düşünməz ki! Nəticə nə oldu? Hakimiyyət / tac neməti itirildi. Bundan sonra şirlər tacı qorumaq üçün deyil, onu geri almaq uğrunda savaşacaqlar;
şirlər nəyi, kimi gördülər, “anladılar”? Bu sual cəsarətin, cəsur Bəhramın tanıdılmasına yol açır: a) Nizami Bəhramı şirlərin gözü ilə tanıdır, bu yol Bəhramı daha da böyütmək imkanı verir, heyvanların şahı Bəhramı necə tanıyır?; b) Bəhram onları heyrətə salıb, “o” deyirlər (“onun”), heyrətin/dəhşətin əlaməti böyütməkdir, adını bilmir, tanımırlar, “o” deyirlər, həm də “o” şəxs əvəzliyi bitişən əvəzlik biçimində iki dəfə (əslində, üç dəfə) işlədilib; c) Bəhramın kimliyini tanıdan üç özəllik sayılır, aradakı “və” bağlayıcısı, sıralayır, bağlayır, çoxaldır: 1) “onun cəsarətini – igidliyini – şücaətini” gördülər – söz isim biçimindədir - “dəliri” (cəsarət, igidlik), feil dəyişər, isim dəyişməz – cəsarət Bəhramın xarakteri, fitrəti, adıdır – qorxunu məğlub edən dəyər cəsarətdir; 2) şirlər onun “şir tutmasını” gördülər, o, şir tutan, basan, ovlayandır, Nizami məhz “tutmaq” feilini seçir, şiri tutmaq deyir, ovlamaq, öldürmək demir, bu feil Bəhramı, cəsarəti o qədər böyüdür ki – o, qızmış şirlərlə oynayan adamdır, şirin üstünə silahsız gedir, onu tutur, boynunu qırır; 3) şirlər onun “şirliyini” (“şiriəş”) gördülər, şirlik cəsarət, güc deməkdir, əsl şir Bəhramdır – təkəbbür, cəhalət şirliyi (cəsarəti, gücü) öldürər, ağıl, elm, tədbir şirliyi böyüdər;
Beytdə beş “ş” səsi var, şir deyir, şirlər gördülər, anladılar, bildilər ki, Bəhram şirdir;
Bəhramı tanımayan, cahil, təkəbbürlü şirlər hərəkətsiz, tədbirsiz idilər, elə ki onu anladılar/tanıdlar, gördülər… Anlayan nə edər? Hərəkətə keçər, hərəkətə keçdilər (sıradakı beytdə), cəhalət və təkəbbür hakimiyyət/tac nemətinin itirilməsinə səbəb oldu, indi neməti qorumaq deyil, onu geri almaq uğrunda savaş olacaq, bu da cəsarəti, cəsur şahı tanıtmaq imkanı verəcək;
şir olmayanın şirliyi – ağlı, iradəsi, cəsarəti, əməyi, tədbiri olmayanın hakimiyyət nemətini qorumaq, ona qovuşmaq imkanı olmaz;
İYİRMİ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: HÜCUM ETDİLƏR
حمله بردند چون تنومندان
دشنه در دست و تیغ در دندان
Pəhləvanlar kimi ona hücum etdilər,
Ki, pəncələri xəncər, qılınc dişləri ilə…[23]
Bəhram sürətlə hərəkət etdi, nərə çəkdi, iki qızğın şiri heyrətə saldı – dəhşətə düşürdü, çaşdırdı, diqqətini yayındırdı, tacı/hakimiyyəti qapdı, ancaq savaş bitmədi, şirlər özünə gəldi…
Cəsarət anlayışının, cəsur Bəhramın kimliyinin inşası üçün yeni imkanlar ortaya çıxdı, savaşın həlledici mərhələsi başladı. Nizami bu anda öncə tacı qorumaq imkanını itirmiş şirləri tanıdır, onları böyütdükcə böyüdür ki, cəsarət də, cəsur Bəhram da böyüsün:
məğlubiyyətin acısı iki şiri daha da qəzəbləndirir, var gücünü toplayır, Bəhramı parçalamaq üçün hərəkətə keçirlər. Nizami qorxulu iki şir obrazının inşası üçün öncə onların hərəkət biçimindən yararlanır, savaş yüklü söz seşir, məhz “həmlə/hücum etdilər” feilinə yer verir. “Həmlə” sözü ərəbcədir, “h-m-l” kökündəndir, bu kökdən törəyən sözlərin ana mənası “daşımaqdır” (“qışqırtmaq”, “hamilə qalmaq” anlamları da var) – iki şir bütün gücünü, qisas duyğusunu, acığını, sürətini, qəzəb dolu səsini Bəhramın üzərinə daşıdı;
misra “həmlə etmək” feili ilə başlayır, hərəkət, savaş, sürət var;
Nizami şirlərin hərəkətini qorxunu, cəsarəti böyütmək imkanına çevirmək üçün bir vasitə də seçir, təşbehə yer verir, “çon” (“kimi”) deyir, sonra təşbehin ikinci tərəfini tanıdır: “tənuməndan”, sözün bu mənaları var: “güclü”, “iri”, “cüssəli”, “boylu-buxunlu”, “canlı” (tərcümədə “pəhləvan” kimi verilib). Şair sözün enerjisini, gücünü, təsir imkanını artırmaq üşün bir addım da atır, onu cəmdə işlədir: “güclülər”, iki qızğın şir güclülər kimi həmlə etdilər;
güclülərin həmləsinin özəlliyi nədir, onlar mənfi enerjini, qorxunc görünüşü, qulaqbatırıcı səsi, alovlanmış qəzəbi, sürətli hərəkəti – fiziki, psixoloji gücü düşmənin üzərinə necə daşıyırlar?;
Nizami savaş səhnəsi təsvir edir, suala cavab vermək üçün qəzəbli şirlərə aid iki özəllik tanıdır (birinci əlamət “həmlə etmək” - daşımaqdır): a) güc, görünüş, səs, cəsarət, sürət şirin savaş silahlarıdır, ancaq ən önəmli silahlarından biri güclü, deşici pəncəsidir, şair də qorxunu, cəsarəti böyütmək üçün şirin məhz pəncəsini tanıdır – önə çıxarır: “əlində xəncər” deyir, şirin xəncəri pəncəsidir, pəncənin ölçüsü xəncərin ölçüsünə uyğundur – qısadır, yəni şirin xəncər kimi pəncəsi var idi; b) şirin ikinci önəmli silahı dişləridir – “dişlərində qılınc”, xəncər deşir, qılınc kəsir, şirin dişləri qılınc kimi iti, kəsici idi, hər diş bir qılınc idi;
aradakı “və” bağlayıcısı şirin əlamətlərini sıralayır, çoxaldır, qorxunu böyüdür;
İYİRMİ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: İŞİNİ BİTİRSİNLƏR
تا سر تاجور به چنگ آرند
بر جهانگیر کار تنگ آرند
Tacdarın başını öz cənglərinə keçirib,
Cahan fatehinin işini bitirsinlər.[24]
İki qızğın şir Bəhramın cəsarətini, şir tutmağını, şirliyini gördü, dəhşətə gəldi, çaşdı, tacı itirsə də, özünə gəldi, güclülər kimi hərəkətə keçdi, acığını çıxmaq üçün xəncər pəncə, qılınc dişlərlə ölümü Bəhrama daşıdı…
“ta”, o məqsədlə ki – qorxunc savaş iki böyük güc – şirlərlə Bəhram arasındadır, Nizami şirləri tanıtdı, qorxunu böyütdü, indi də Bəhramı tanıdır ki, cəsarəti böyütsün;
Nizami məsnəvinin süjet xəttində Bəhramı mətnin tələbinə görə tanıtmış, ona yerinə görə Bəhram Gur, şirtutan, əjdaha ovlayan, dəmir ciyərli, şir ürəkli, Bəhram şah, o, cəsur, şir/şirlik kimi ad və təyinlər seçmişdir;
Bəhram iki şirin arasından tacı götürəndən – zəfərin ilk böyük addımını atandan sonra şair ona iki yeni ad seçir, bu adlar şirlər Bəhramı öldürmək üçün hücum edəndə tanıdılır: a) deyir ki, Bəhrama ölüm daşıyan şirlər ölümə gedir; b) müjdələyir – Bəhram artıq şahdır; c) böyüdür – böyük cəsarət böyük nemətin – hakimiyyətin yolunu açmışdır;
Nizaminin Bəhrama verdiyi ilk yeni ad “tacur”dur (“tacvar”, “tacdar”), tac/hakimiyyət sahibi – Bəhram tacı iki şirin arasından götürdü tacur oldu, cəsarət onun adını dəyişdirdi: o, tacurdur;
“ta”, iki şir o məqsədlə hücum etdi ki, tacurun başını cənginə/pəncəsinə keçirsin / “başını qoparsın” – “başı cənginə keçirmək” ifadəsinin öldürmə biçiminin dörd mesajı var: a) şirlərin qəzəbini, intiqam duyğusunu göstərir; b) qorxunu böyüdür; c) deyir ki, amansız savaş olacaq; d) cəsarət anlayışının, cəsur şah obrazının inşasına yol açır;
tac Bəhramın başında olduğuna görə - hakimiyyət ona keçdiyi üçün şirlər də onun başını qoparmaq istəyir, tacı geri almağın bircə yolu var, o da Bəhramı öldürməkdir – bu, ölüm-dirim savaşıdır;
Nizaminin bu anda – şirlərin tacı geri almaq, Bəhramı öldürmək üçün hərəkətə keçdiyi məqamda ona verdiyi ikinci ad birincidən daha böyükdür: “cəhangir” – dünyanı tutan/fəth edən, fateh, bu söz öncəki söz kimi məhz ad kimi işlənmişdir – İran bir imperatorluqdur, ona hakim olan dünyaya hakim olar;
“tacur” (tac sahibi), “cəhangir” (dünya fatehi) tacı götürəndən sonra Bəhrama verilən bu iki ad deyir ki, ilk uğurdan sonra Bəhramın güvəni, cəsarəti, gücü, döyüş əzmi daha da artmış, üstünlüyü ələ keçmişdir, o artıq fateh kimi döyüşəcək;
savaşın xarakteri dəyişmişdir: qızğın, ilk addımda məğlub olmuş, intiqam duyğusu ilə alışıb yanan, xəncər pəncəli, qılınc dişli iki şirlə uğur qazanmış, tac sahibi, dünya fatehi Bəhram arasında son döyüş olacaq;
“ta”, iki şirin məqsədi o idi ki, dünya fatehinin işini dar etsinlər – işini bitirsinlər;
iki şirin son həmləsi zamanı (məhz o anda) Bəhrama “tacur”, “cəhangir” adının qoyulması bu mənaları da əhatə edir: a) Nizami Bəhrama ilk addımda məğlub olmuş şirlərin gözü ilə baxır – məğlub qalibi böyüdər – ağlında, qəlbində, gözündə böyüdər; b) hakimiyyət uğrunda döyüş bitməmiş mən tac sahibiyəm, dünya fatehiyəm demək rəqibi qorxudar, gözünü qırar, iradəsini sındırar, ruhdan salar, ey şirlər, siz artıq dünya fatehi ilə savaşırsınız, dünyanı tutan sizi də tutacaq;
beytin rədifi ölüm daşıyan feillərdir, “pəncəsinə keçirmək” / “başını qoparmaq”, “işini bitirmək” – iki şirin bircə məqsədi var: Bəhramı öldürmək;
İYİRMİ BEŞİNCİ BEYTİN ŞƏRHİ: AYAĞI ALTINA BASDI
شه به تادیبشان چو رای افکند
سر هردو به زیر پای افکند
Şah onları cəzalandırmaq üçün,
Hər ikisinin başını ayağı altına basdı.[25]
Nizami Bəhramı böyütdükcə böyüdür – cəsarət anlayışını tanıdır, cəsarətin yol açdığı nəticələri sıralayır, uyğun vasitələr seçir:
rəsmi olaraq şah elan edilməmiş Bəhrama “tacur”, “cəhangir” adını qoydu, indi də “şah” deyir;
Nizami şirləri ələ salmaq yolunu / üslubunu – dilini seçir, şahın işinin biri tərbiyə etmək, cəzalandırmaqdır, o, Bəhram şirlərlə savaşdı demir, artıq ilk məğlubiyyətdən sonra savaş anlayışını şirlərə layiq görmür, iki tərəf var: şah/hakim, bir də yolunu azmış iki cinayətkar;
Nizami bu mənanın ifadəsi üçün görün hansı sözü seçir: “tədib”, “tərbiyələndirmə”, “ədəbləndirmə”, “tənbeh”, “qulaqburması”, “cəzalandırma”;
“tədibeşan” – onları ədəbləndirmək üçün, onları ədəbləndirməyə…;
elə ki qərar verdi – o, şahdır, üsyünkarları cəzalandırmaq/tərbiyə etmək üçün hökm çıxartdı – Nizami Bəhram savaşmaq qərarına gəldi demir, nəticəni öncədən elan edir, artıq savaş yoxdur, şahın günahkarlara ədəb öyrətməsi var – “rəy əfkəndən”, fikrə, qərara gəlmək anlamını daşıyır, tərcümədə nəzərə alınmamışdır;
əliyalın (heç bir silahı, qoruyucu vasitəsi yoxdur) Bəhram onu öldürmək istəyən iki xəncər pəncəli, qılınc dişli şiri necə ədəbləndirdi? O, təcrübəlidir, şir tutmağın yolunu gözəl bilir: öncə hər iki şirin başını – önəmli olan başdır, şirin başını ələ keçirən onu məğlub edər – eyni anda ayağının altına qoydu/atdı;
Nizami bu anda “səre hər do” – “hər ikisinin başı” deyir, hər iki şirin başı demir, belə ki, artıq şirlikdən əlamət qalmayıb, şah onlara şir deməyi özünə sığışdırmır, indi meydanda bircə şir var, o da Bəhram şahdır;
Nizami şah onları əlləri ilə tutdu, boğdu demir, onları ələ layiq görmür, başlarını ayağının altına atdı deyir, rəzil edir, kiçildir, ələ salır, başın – bədənin ən dəyərli hissəsinin, ən uca yerin ayağın altında olması ölümdür, dəyərin sıradan çıxmasıdır (bu zaman şahın əlləri ilə iş görmək imkanı da olur) – cəsarət düşməni rəzil edər;
İYİRMİ ALTINCI BEYTİN ŞƏRHİ: XİLAS ETDİ
پنجهشان پاره کرد و دندان خرد
سرو تاج از میان شیران برد
Pəncələrini parçalayıb, dişlərini əzdi,
Başını və tacı şirlərin arasından xilas etdi.[26]
Bəhram güclü ayaqlarını şirlərin başının üzərinə qoydu, onları hərəkətdən məhrum etdi – hərəkət, sürət silahdır – indi də son addımı atır, şirləri öldürmür, onların əsas silahlarını əllərindən alır:
o, şirlərin xəncər pəncələrini parçaladı, qırdı, onların hərəkət etmək, rəqibə zərbə vurmaq imkanı qalmadı;
qılınc dişlərini əzdi, parçalamaq, yemək imkanını sıradan çıxardı – pəncələri qırılmış, dişləri əzilmiş şir ölü şirdir;
Bəhram iki şirin başını ayağının altında tutaraq, pəncələrini qıraraq, dişlərini əzərək ona baxan, savaşın nəticələrini qorxu ilə gözləyən rəqiblərinə - hakimiyyət haqqını ələ keçirmiş siyasi eltaya da mesaj verir – iki şirin aqibətindən ibrət alın, itaətdən başqa yolunuz yoxdur.
Nəticə nə oldu? Bəhram başını – şirlər onun başını qoparmaq istəyirdilər və tacı – şirlər hakimiyyət nemətini geri almağa can atırdılar, şirlərin arasından (ən təhlükəli yerdən) xilas etdi (götürdü, daşıdı) – cəsarət ölümdən qurtarar, nemətə qovuşdurar.
Nizami pəncələri qırmaq, dişləri əzmək hadisəsini təsvir edərkən “şir” sözünə yer vermir, “onların pəncəsi, dişləri” deyir – iki şir rəzil olmuşdu, onlarda şirlikdən bir əlamət qalmamışdı, savaş və siyasət meydanında bir şir var, o da Bəhramdır.
Beytdə iki “və” bağlayıcısı var, iki işi, əməyi, iki nəticəni sıralayır, çoxaldır, böyüdür.
Mətndə iki feil var, ikisi də şühudi keçmiş zamandadır, qətilik, şahidlik, əminlik bildirir, böyük ağılı, əməyi, cəsarəti, iradəni, əzmi, təcrübəni, onların nəticələrini – qurtuluş və zəfəri açıqlayır, deyir ki, bədəlsiz ödül yoxdur.
İYİRMİ YEDDİNCİ BEYTİN ŞƏRHİ: TAXTA ƏYLƏŞDİ
تاج بر سر نهاد و شد بر تخت
بختیاری چنین نماید بخت
Tacı başına qoyub taxta əyləşdi,
Bəxt belə bir bəxtiyarlıq göstərdi![27]
Bəhramın böyük zəfərinin səbəbləri bunlardır:
fitri istedadı var - liderlik imkanı ilə doğulmuşdur;
tərbiyə - uşaqlıqdan seçilmiş müəllimlərdən dərs alıb, siyasəti, dövlət idarəçiliyini, diplomatiyanı, savaş sənətini, dini, ovçuluğu, elmləri, bir neçə dili öyrənib, tərbiyə imkanlarını üzə çıxarıb – heç bir uğur təsadüf deyil, arxasında ağıl, əmək, iradə, səbir, zaman, qaynaq var, Nizami deyir ki, dövlət başçısı tərbiyənin məhsuludur;
əməyi çox sevir - sistemli çalışır, əməksiz dəyər olmadığına inanır, İran şahının oğluyam deyib tənbəllik, ərköyünlük etmir;
hakimiyyət halal haqqıdır – haqlı olmaq gücü artırır;
ağıllıdır - ağlından istifadə etməyi, düşünməyi bacarır, çıxış yolu göstərir, öz imkanlarını bilir, düşməni tanıyır;
siyasəti – idarə etməyi gözəl bilir, hər şeyi hesablayır, savaş yolunu deyil, siyasi-diplomatik yolu – xalqın qəlbini qazanmaq yolunu seçir;
diplomatiya ustasıdır - sözü, işi tanıyır, diplomatiyasının arxasına hərbi güc qoyur, bilir ki, ordu ilə dəstəklənməyən sözün təsiri olmaz;
iradəlidir – hədəfi var, ona çatmaq üçün hər çətinliyə hazırdır;
cəsurdur – ağıla bağlı cəsarəti var, seçdiyi yolda ölümün də olduğunu bilir, qəbul edir;
Allaha inanır – inanc ona güc verir;
səbirlidir – dirəniş gücü var, aktiv gözləməyi bacarır, ruhdan düşməz, hədəfindən yayınmaz;
çətin yolu seçir – insanı böyüdən nemətin adı çətinlikdir, zəhmətsiz rəhmət yoxdur;
risk etməyi almağı bacarır – risk almayan zəfər qazanmaz, itirməkdən qorxmur, qorxan itirər, qorxanın qorxunu idarə etmək imkanı olmaz – cəsarət qorxmamaq deyil, qorxunu idarə etməkdir;
hakimiyyət nemətini qazanmağın yolunu bilir: ağıl, iradə, cəsarət, güc;
təcrübəlidir – təcrübə gücdür, qorxunu azaldır, işi tanıyan, bilən, sevən, çalışan uğur qazanar;
tədbirlidir – planlı hərəkət edir;
şirlərin məğlub olmasının iki səbəbi var: təkəbbür, cəhalət – təkəbbürlü həqiqəti görməz, tədbir hazırlamaz, cahil tanımaz, bilməz, nəticədə, təkəbbür və cəhalət məğlubiyyətə yol açar;
Bəhram iki şiri məğlub etdi, Nizami sıradakı addımları açıqlayır:
məsnəvinin süjet xətti sürətlənir, Bəhram gecikmədən, kimsə ilə məsləhətləşmədən şahlığını elan edir: a) şərtləri yerinə yetirmişdir; b) hər kəs onun cəsarətinə, zəfərinə şahid olmuşdur; c) hakimiyyət elə bir nemətdir ki, onu bir an belə nəzarətsiz qoymaq, düşmənlərə fürsət vermək olmaz;
Nizami Bəhramın şahlığını tanıtmaq üçün hakimiyyət anlayışı daşıyan iki söz, hərəkət seçir: a) tacı başına qoydu – özəl mərasimlə kimlərsə qoymadı, özü qoydu: gecikmək olmaz, indi mərasim deyil, iş vaxtıdır; b) taxta oturdu;
şair ikinci misrada bu halı “bəxtiyarlıq” adlandırır, bəxtiyarlıq anlayışının içində bu mənalar var: Bəhram şirləri məğlub etdi, ağıl və cəsarət qazandı, hakimiyyət dinc yolla əldə olundu, İran xalqının bəxtiyar günlərinin yolu açıldı, zülm getdi, ədalət gəldi;
həm də “belə”, “bu cür”, elə bir bəxtiyarlıq ki, “çenin” sözü bu bəxtiyarlığı seçir, üstün qılır, o, özəldir, hər insana nəsib olmaz deyir;
misrada bəxtiyarlığın dərəcəsini artıran bir ifadə də var: bəxt göstərdi, belə bir bəxtiyarlığı bəxt göstərdi, verdi, bəxt Bəhrama kimsəyə vermədiyi bəxtiyarlıq qazandırdı;
Nizami bəxt deyərkən Allahın qədər qanunu nəzərdə tutur. Bu ölçünü haradan çıxarırıq? Birincisi, bəxt adlı bir güc yoxdur ki, kiməsə nəsə versin. İkincisi, Allahın təsadüf adlı qanunu yoxdur. Üçüncüsü, Allahın qədəri var, qədər alın yazısı deyil, ilahi ölçüdür, qanundur (dindəki adı sünnətullahdır), hər şey bir qanunla işləyir: ağılın, ürəyin, qaraciyərin, böyrəyin, çiçəyin, böcəyin, suyun, Günəşin fəaliyyət qanunu var. Dördüncüsü, hakimiyyət nemətinin də qanunu varmı? Var, Allah o böyük neməti hakimiyyət qanununa uyğun çalışana verər. Beşincisi, Allah Bəhramı təsadüfən seçmədi, Bəhram hakimiyyətə gəliş qanununa əməl etdi, ilk addımı o atdı, Allah da onu seçdi. Altıncısı, tərcümədə olan ancaq istifadə etdiyimiz orijinal mətndə olmayan sıradakı beyt belədir: Tanrı hər kəsə kömək etsə, O, bütün düşmənlərinə qalib gələr;
Nizami bəxtiyarlığı – hakimiyyət nemətinə qovuşmağı niyə bəxtə, qədərə, Allaha bağlayır? Səbəbləri sıralayaq: a) hərəkət səndən, bərəkət Allahdandır; b) zəfər əxlaqın/anlayışın olsun – Allahsız iş görmə; c) zəfəri özündən bilsən, bu, təkəbbürə yol açacaq, nəticədə, nemət geri alınacaq; d) zəfəri özündən bilsən, sən hakimiyyəti deyil, hakimiyyət səni idarə edəcək, nəticədə, ədalət deyil, zülm gələcək; e) hakimiyyət nemətinin şükrü bunlardır: nemətin sahibi Allahdır, mülkiyyət deyil, əmanətdir, hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə əmniyyət, hər kəsə rifah;
Allahın hakimiyyət nemətinə yol açan qanununun içində nələr var? Kimliyini tanı, fitrətinə uyğun iş gör – hər kəs şah, həkim, alim, müəllim, şair ola bilməz, özəlliklərini tərbiyə et, oxu, öyrən, çalış, böyük ağıl, güclü iradə, sarsılmaz cəsarət, səbir-dirəniş gücü, tədbirli olmaq – bu dəyərlər olsa, Allahın yardımı gələr, Bəhram ilahi qanuna uyğun hərəkət etdi, nəticədə, Allah hakimiyyət nemətinin yolunu açdı;
İYİRMİ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: YERƏ YIXDI
بردن تاجش از میان دو شیر
روبهان را ز تخت کرد به زیر
Onun iki şir arasından tacı götürməsi,
Tülküləri taxtdan yerə yıxdı.[28]
Bəhramın iki şirlə savaşı İranda monarxiya qanunlarını pozaraq hakimiyyəti ələ keçirmiş siyasi elita ilə savaşdır, şirlərin məğlubiyyəti siyasi elitanın məğlubiyyətidir. Məsnəvinin son beyti bu siyasi mücadilənin nəticəsini açıqlayır, Nizami uyğun vasitələr seçir:
xatırlatma üsuluna yer verir, mübarizənin ağırlığını daşıyan sözlərlə - nöqtə atışlarda nə və necə baş verdiyini yada salır, sonadək canlı tutur, cəsarəti, cəsur Bəhramı unutma, örnək götür, hakimiyyət nemətini qazanmağın yolunu öyrən deyir:
Bəhram nə etdi? “Tacını”, tərcümədə “tac” sözünün sonundakı “əş” qəlibi nəzərə alınmayıb, məna pozulub. Nizami “tacı” demir, “tacını” (“tacəş”) deyir: a) İranda monarxiya nizamı var; b) tac/hakimiyyət Bəhramın soyunun haqqıdır; c) Bəhram haqqı olmayan hakimiyyəti deyil, qəsb edilmiş halal haqqını geri aldı, o bir quldur kimi hərəkət etmədi, soyunun şərəfinə, misrasına sahib çıxdı – Bəhramın cəsarətinin, gücünün bir qaynağı da halallıq, haqlılıqdır;
Nizami hakimiyyət uğrunda savaşın ağırlığını üç vasitəyə yükləyir, qorxunu böyütmək yolu ilə cəsarəti böyüdür: a) “bordən” feilini seçir: “aparmaq”, “daşımaq”, “udmaq” – hakimiyyət qəsb edilmiş çox ağır yük idi, o bu yükü ağlı, cəsarəti, iradəsi, əməyi ilə daşıdı, savaşdı, aldı; b) iki şirdən aldı/daşıdı – ölümlə üz-üzə gəldi; c) tacı/hakimiyyəti iki şirin arasından - ən qorxulu yerdən aldı/daşıdı;
gerçək şir – Bəhram taxtda oturdu: “tülküləri” – Nizami hakimiyyəti zorla ələ keçirənlərə məhz bu adı qoyur: a) tülkünün işi oğurlamaqdır – onlar hakimiyyəti oğurladılar; b) tülkü qorxaqdır – onlar da Bəhramla savaşmaqdan qorxdular; c) tülkü hiyləgərdir – İranın siyasi elitası da Bəhrama tələ qurdu, məktub yazdı, vədlər verdi, onu aldatmağa çalışdı;
tacını iki şirin arasından daşıması, götürməsi tülküləri taxtdan saldı/aşağı saldı/atdı – Nizami bədii təzadlara yer verir: Bəhram tək, onlar çoxdurlar, Bəhram şir, onlar tülküdürlər, Bəhram cəsur, onlar qorxaqdırlar, Bəhram yuxarıda – taxtda, onlar aşağıda – yerdədirlər, Bəhram ağıllı, onlar hiyləgərdirlər, Bəhram halal, onlar haram uğrunda savaşırlar, Bəhram qalib, onlar məğlubdurlar;
Mesaj var: zəfər ağıllı və cəsurlarındır, cəsarət, cəsur gəlsə, qorxaqlıq, qorxaqlar gedər, qorxaqlar hakimiyyətə gələ bilər, ancaq onu qorumaq imkanları olmaz, hakimiyyət neməti cəsarətlə qazanılar, cəsurlara verilər;
NƏTİCƏ
“Yeddi gözəl” məsnəvisinin “Bəhramın tacı iki şirin arasından götürməsi” adlı bölməsi iyirmi səkkiz beytdir (tərcümədə iyirmi doqquz beyt var, bir beyt istifadə etdiyimiz orijinal mətndə olmadığından şərh etmədik, ancaq sonda beyti yazacağıq).
Nizami Bəhramın kimliyini addım-addım inşa edir, bu məqsədlə cəsarət anlayışını tanıdır:
bədii təzada yer verir, hər xəstəlik ziddi ilə sağalar, hər anlayış ziddi ilə tanınar ölçüsünü tətbiq edir: qorxu və cəsarət;
cəsarətin tanıdılması üçün qorxunu – təhlükəni böyüdür, nemət böyükdür, hakimiyyətdir, qorxulu gücün əlindədir, cəsur olan geri alar;
Nizami cəsarət anlayışını dövlət idarəçiliyinin, güclü şəxsiyyət olmağın əsaslarından biri kimi tanıdır;
ədalət, mərhəmət, hakimiyyət istəyən cəsur olmağa məcburdur;
cəsarət xalqın sevgisini qazandırar;
ictimai rəyə güclü təsiri olan nemətlərdən birinin adı cəsarətdir;
köklü dəyişim cəsarətsiz gerçəkləşməz;
ağıl və cəsarət nemətlərə yol açar;
dəyişimin cəsur liderlərə (siyasi, mənəvi) ehtiyacı var;
hər köklü dəyişim ağrılı, acılı, çətin olur, bədəl istəyir, əmək, zaman, qaynaq tələb edir;
cəsarət, cəsur lider (lər) olmasa, dəyişim gerçəkləşməz;
cəsarət nemətə, xeyrə, bərəkətə, saleh əməllərə yol açar;
hakimiyyət çox böyük nemətdir, cəsurları sevir;
xalq cəsarəti olanın arxasınca gedər;
cəsarət ölümdən qorxmamaq deyil, ölümün varlığını bilə-bilə üstünə getməkdir;
cəsarət təhlükə qarşısında ağıl və duyğuları idarə etməkdir;
cəsarət ağılı, qəlbi, ruhu, iradəni qorxunun köləliyindən azad etməkdir;
azad olmayan cəsur olmaz;
cəsarət mənəvi gücdür;
cəsarət Allahın yardımına yol açar;
cəsarətin sınaqdan keçirilməsi üçün böyük qorxuya – təhlükəyə ehtiyac var;
cəsarət risk almaqdır, risk içində həyat və ölüm, qazanc və itki olan anlayışdır, risk etməyən böyüməz;
həqiqəti görmək, onunla üzləşmək, qəbul etmək cəsarətdir;
cəsarət itirməkdən qorxmamaqdır, qorxan itirər;
xəyanətin səbəbi qorxaqlıqdır;
təcrübə, inam, güvən cəsarəti gücləndirir;
rəqibi/düşməni tanımaq cəsarəti artırır;
cəsarət duyğulara hakim olmaq, onları idarə etməkdir;
cəsarətlə qohum anlayışlar bunlardır: ağıl, iradə, duyğu, sədaqət, səbir, fədakarlıq, inanc, əmək, güvən, bacarıq, müəllim, hədəf, təcrübə, sevgi, haqlı olmaq, mənəvi təmizlik;
işi bilmək cəsarət verir;
Nizami cəsarəti anadangəlmə (hazır) dəyər kimi tanıtmır (o, toxum kimi var), ağıl, iradə, səbir, tərbiyə, əmək, təcrübə, bilgi ilə qazanılmış nemət kimi tanıdır;
nemət nə qədər böyükdürsə, təhlükə də o dərəcədə böyükdür, neməti əldə etmək böyük ağıl, iradə, cəsarət, səbir, əmək, təcrübə istəyir;
təkəbbür tədbiri yox edər;
təkəbbür, cəhalət, təcrübəsizlik məğlubiyyətə yol açar;
təkəbbür nemətin geri alınmasına səbəb olar;
çətinlik, acı, imtahan öyrədər, tərbiyə edər, seçər, üstün qılar, böyüdər;
hər kəs fitrətinə, yaradılış təyinatına uyğun işlə məşğul olmalıdır, uğurun açarı bunlardır: özünü tanı, uyğun olduğun işi seç, çalış, cəsur ol;
məğlublar qalibləri böyük görər;
Nizami deyir ki, dövlət başçısı ciddi tərbiyənin məhsuludur, onu özəl müəllimlər yetişdirməlidir;
Allahın hakimiyyət qanunu/qədəri var, O, böyük neməti haqq edənə verər;
cəsarət başına tac qoyanda qorxaqlıq taxtdan düşər;
Mətndə bir xalq inancına yer verilmişdir: insanlar inanırdılar ki, Ay tutulanda onu əjdaha udur, teşti döyəcləyirdilər ki, Ay xilas olsun.
Məsnəvidə bu frazeoloji birləşmələr var:
“ciyərli/ürəkli olmaq”;
“əl çəkmək” / “rəyini götürmək”;
“üz tutmaq”;
“işini bitirmək” / “işini daraltmaq”;
Mətndəki açar sözlər bunlardır (təkrarlar nəzərə alınmamışdır): səhər, sübh, qızılı/qızıldan, tac, kürsü, qızıl, taxt, fil sümüyü, işçi, işbuyuran, qolugüclü, rəyigüclü, ərəb, əcəm, atlanmaq/ata minmək, şirlər, döyüş, şirəbaxanlar, şir, adamyeyən, iş, hədəf, gor, Bəhram Gur, ara, cəsur, Ay, avaz, teşt, azad olmaq, bulud/duman, boş, qılınc, kinli, niyyət, yer/torpaq, quyruq, biz, qarət, dəmir, ciyər, şirtutan, əjdahaovlayan, ətraf, əzim/böyük, amacqah/hədəf, qorxu, fətva, şirürəkli, Bəhram, birinci/ilk, yeriş, cam, rəy, üz, yer, şah, qərar, ətək/aşağı, səhra/düzənlik, baş, yüz, ömür, iyirmi iki, zəbun, kəmər, tez/cəld, qəba, səba yeli, ağız, nərə, tünd/iti, qapmaq, cəsarət, şir tutmaq, şirlik, həmlə, güclü, xəncər, əl, diş, tacur, çəng/pəncə, cahangir, dar, ədəb, atmaq, alt, ayaq, pəncə, paralamaq, əzmək, xilas etmək, bəxtiyarlıq, bəxt, tülkülər, aşağı/alt;
Tərcümədə olan, orijinalda olmayan beyt budur:
Tanrı hər kəsə kömək etsə,
O bütün düşmənlərə qalib gələr.