Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub

20-10-2022 [ 19:56 ] [ oxunub:73 ]
printerA+ | A-
102795

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları II Fəxri xiyabanı ziyarət ediblər.

2022-ci ildə akademik Bəkir Nəbiyevin vəfatının 10, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin vəfatının 20 ili tamam olur. Bu münasibətlə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunun əməkdaşları onların məzarlarını ziyarət ediblər.

Ziyarət zamanı akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, görkəmli alimlərimizin vəfatının yubiley ildönümlərini qeyd etmək haqqında qərar qəbul etmişik. Üç görkəmli alimimizin məzarını ziyarət etmək istəyirik. Onlardan ikisinin Yaşar Qarayevlə Bəkir Nəbiyevin qəbri İkinci Fəxri xiyabandadır. Onlara ehtiramımız yeni nəsillər üçün bir nümunədir. Həm institutumuzun, həm də ədəbiyyatşünaslıq elminin inkişafında xidmətləri olan böyük alimlərimizdir. Bu gün ünvan Yaşar Qarayev və Bəkir Nəbiyev müəyyənləşsə də, bura gəlib, bu məzarlıqda olan digər alimlərimizi də ziyarət etməsək olmaz. Onların qarşısında bizim borcumuz var, biz onların ənənəsini yaşadırıq, yollarını davam etdiririk. Azərbaycan nadir ölkələrdən biridir ki, görkəmli simalara belə yer ayırıb. Buranın bir əlamətdar cəhəti odur ki, şəhidlərimiz və Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun məzarı da buradadır.

Bu gün həm də Zəngilanın azad olunduğu gündür. Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yumruğu ilə Azərbaycan Ordusu bu gün Zəngilan şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Cənab Prezident və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iki gündür ki, Cəbrayılda və Zəngilandadır. Biz bu gün Zəngilanın işğaldan azad olunmasını, iki il ərzində həyata keçirilən möhtəşəm bir işlə Zəngilan aeroportunun açılması və ağıllı kəndin istifadəyə verilməsi ilə qeyd edirik.

Akademik İsa Həbibbəyli əlavə edib ki, Bəkir Nəbiyev bizim böyük alimimiz olub. Ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri var. O, ədəbiyyatı dərindən bilən və akademik səviyyəsinə yüksələn bir adamdır. Ədəbiyyat İnstitutunun filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev və İmamverdi Həmidov da Bəkir Nəbiyevlə bağlı xatirələrini bölüşüb, onun elmi fəaliyyətindən bəhs ediblər.

Eyni zamanda Yaşar Qarayevin ədəbiyyatşünaslıqda nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar. Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran da Yaşar Qarayevin unudulmaz xatirəsindən müəyyən məqamlara toxunublar.

FOTO QALEREYA