Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyayevin fərmanı ilə Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və strateji tərəfdaşlıq əlaqələrinin, hərtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük töhfəyə görə, xüsusən də elmi, mədəni və humanitar qarşılıqlı fəaliyyətin praktiki məzmun və yeni təşəbbüslərlə zənginləşməsi, dərinləşdirilməsi və iki ölkənin qardaş xalqları arasında çoxəsrlik əlaqələrin genişləndirilməsi sahəsində xidmətlərinə görə Şahin Məcid oğlu Mustafayev (AMEA, Akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu), Ramiz Baxşəli oğlu Əsgərov (BDU, Türkologiya kafedrası) və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan, Türkmənistan və Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almas Qasım qızı Binnətova “Dostluq” ordeni ilə təltif edilib.
Nəvaişünas alim Almaz Ülvi Binnətova otuz ildən artıqdlr ki, özbək ədəbiyyatı sahəsində tədqiqatlar aparır. Bu istiqamətdə 25-dən artıq kitabın müəllifidir və 360-dan çox elmi məqaləsi işıq üzü görüb. Özbəkistanın məşhur nəvaişünasları müxtəlif illərdə Almaz Ülvinin elmi nailiyyətlərini yüksək dəyərləndirib və özbək mətbuatında geniş işıqlandırıblar. Almaz Ülvi Özbəkistan Respublikası "Shark Ayoli" Beynəlxalq Qadınlar Elmi İnnovasiyalar və İctimai Fondunun fəxri diplomçusu, "Daşkənd-2000" beynəlxalq elmi məqalə müsabiqəsinin laureatı, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin Fəxri professorudur. Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvüdür. Təsadüfi deyil ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli özbək alimlərinin Almaz Ülvini ədəbiyyatşünaslıq elmi sahəsində Azərbaycanın elçisi kimi tanıdığını xüsusi qeyd edir. Almaz Ülvi Binnətova, bundan əvvəl Qazaxıstanın da “Xalqlar dostluğu” medalı, “Qazaxıstan Dünya Talantları Təşkilatı” və Qırğızıstanın “Qırğız Akın-Yazıçıları” İctimai Fondunun təltiflərinin laureatı olmuşdur.
Biz Almaz xanımı qardaş Özbəkistan dövlətinin prezidentinin fərmanı ilə "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona can sağlığı və elmi fəaliyyətində, yaradıcılığında uğurlar arzulayırıq.