Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi - Tehran Əlişanoğlu

03-10-2021 [ 13:08 ] [ oxunub:70 ]
printerA+ | A-
101253

Anım gününə ithaf 

Azərbaycan Respublikası Prezidentinin dövlət sərəncamı ilə 27 sentyabr - müqəddəs Vətən müharibəsinin başlanması və şəhidlərin şərəfinə Anım günüdür. Rəsmən bütün ölkə, xalqımız, cəmiyyətimiz, insanlarımız 30 illik erməni işğalına son qoyan, böyük qələbəmizlə başa çatan 44 günlük II Qarabağ müharibəsinin, uzun intizar və iztirablardan sonra, ən nəhayət zamanı yetişmiş son müqəddəs savaşımızın başlanmasını, Şəhidlərin ölməz ruhuna, şanlı müzəffər Ordumuza və qalib Ali Baş Komandana minnətdarlıq duyğuları ilə anır, eyni zamanda çox mürəkkəb: sevinc-qürur-fəxarət, ağrı-nisgil-suallar dolu anlaşılmaz hisslər keçiririk. Bu müqəddəs gündə əlimizi ürəyimizin başına qoyub tam səmimiliklə deyə bilərik: zatən Vətən müharibəsindən bugünə xalqımız, dövlətimiz, cəmiyyətimiz üçün bütünlükdə Anım ili olubdur. Qələbəmizi, qalibiyyətimizi, Şəhidlərimizi, qazilərimizi biz heç unutmadıq ki! Həyat və fəaliyyətin bütün sferalarında hər günümüzə şahidlik edə bilərik, o cümlədən bugün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda toplaşdığımız Ədəbiyyat konfransı Ədəbiyyatımız adına yəminlik edir. Müqəddəs savaşımız unudulmamışdır. Ədəbiyyat adına, böyük şairin sözlərini azca perefraz etsək: Müharibə bugün də var, yarın da...

44 günlük Vətən müharibəsinin ilk günündən son qələbə nidasınacan xalqımız, cəmiyyətimiz, insanlarımız kimi, Ədəbiyyatımız da döyüşən ordumuzun yanında oldu, informativ, emosional, ruh və mövqelər savaşında cəbhədən cəbhəyə qələbələrimizin və son böyük Zəfərimizin yanında oldu. 44 gün sərasər və hətta daha çox, düşmən üzərində Qələbə təntənəsini bayram edən Zəfər paradınacan ədəbi mətbuat, saytlar, dərgilər, o sıradan "Ədəbiyyat qəzeti" "Qarabağ bizimdir və nida!" şüarına kökləndi. Biz Sözün, çağırışın, oyanmış milli ruhun, həmrəyliyin içində olduğuğumuz qədər müharibənin də içində idik; və bugün də dışında deyilik, baxıb görürük ki, az bir "müharibə zamanı" içində görünmədiyi qədər "müharibə ədəbiyyatımız" yaranıb. Hətta dörd illik II Dünya savaşı gedişində Azərbaycan ədəbiyyatının ortaya qoya bilmədiyi qədər rəngarəng, zəngin, təpərli; müstəqilliyin otuz ili ərzində olmadığı qədər, I Qarabağ müharibəsinin (ən yaxşı ədəbi nümunələrində) gücünü də qapsayaraq daha güclü, sərrast, məqsədyönlü bütöv bir "müharibə ədəbiyyatı".

Səbəb özlüyündə aydındır. 44 günlük müharibə gedişində Azərbaycan Prezidentinin ardıcıl, inamlı "müharibə çıxışları"ndan da, qəhrəman Azərbaycan Ordusunun bir-birinin ardınca yazdığı zəfər yürüşlərindən də görürük ki: diskurs dəyişmiş, müharibədən Qələbəyə doğru, Qalibiyyətə köklənmişdir. Hisslər, duyğular, fikirlər, düşüncələr, hal-ovqat, nəzərlər-mənzərələr, situasiyalar-obrazlar, mövqelər-qəhrəmanlar dəyişir. Dünənə qədər məğlub xalqın ağrıları, olmazın əzabları, dünyanın yükü və qaxıncları altında qalıb əzilən, heç cür dikələ, toparlana bilməyən Ədəbiyyat karvanımız dəbərişib qalib xalqın Sözünə, inamına, hünərinə şərik olur; şairlərimiz, yazıçılarımız, ədiblərimiz xalqın, ordunun, Ali Baş Komandanın "Qələbə!" nidasına hay verib, qalibiyyət notuna köklənir.

Ölkənin baş yazarı Anarın simasında Azərbaycan yazıçısı minnətdarlıq edir: "Ruhunuz şad olsun, Azərbaycana İlham kimi oğul bəxş etmiş Ulu öndər. Müzəffər ordumuz, Sizin vəsiyyətinizə oğul qeyrətiylə əməl edən cəsur Prezidentimiz, Ali Baş Komandan xalqımıza yalnız doğma Qarabağı deyil, həm də milli qürur hissini qaytardılar... Nə gizlədək, Qarabağın müvəqqəti də olsa yağı əlinə keçməsi başımızı vüqarla qaldırmağa imkan vermirdi..." (Anar, Gözün aydın, Şuşam, gözümüz aydın! - ƏQ, 14 noyabr 2020).

Mühacirətdən Azərbaycan şairi Məmməd İsmayıl şükürlər edir: "Üç-dörd ay bundan öncə saytlardan birinə verdiyim müsahibədə, sanki içimə dammış kimi demişdim: Mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəyəm. Səsimi duyan Tanrıya şükürlər olsun. Və dualarım Qarabağımızı qanı, canı bahasına işğaldan azad etməkdə olan igidlərimizlədir..." (ƏQ, 10 oktyabr 2020)

Xalq yazıçısı Elçinin diliylə Azərbaycan ədibi etiraflar edir: "Bunu da etiraf etmək istəyirəm ki, mən Şuşanın azad olunacağını görəcəyimə inanmırdım, bu mənim içimdə bir yara idi, çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili standartlar idarə edir və İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu. Bu iradə nəticəsində Azərbaycan əsgəri Şuşanı və adlarını bir-bir yazacağam: Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı, Hadrutu, Laçını, Ağdamı, Kəlbəcəri işğaldan azad etdi" (Elçin, Şuşanın dağları başı dumanlı - ƏQ, 20 mart 2021)

Və 90 yaşlı müdrik şairimiz Nəriman Həsənzadənin timsalında Azərbaycan ədəbiyyatı böyük Qələbə sevincini bölüşür:

 

"Bu gün şeirim, sözüm,

hecam, qafiyəm - İlhamdır!

Qarabağ -Azərbaycandır!

"Qarabağnamə"m - İlhamdır!"

     (N.Həsənzadə, ƏQ, 27 fevral, 2021)

Nəinki 44 günlük müharibə gedişində, il boyu "müharibə ədəbiyyatı" yaranmaqda davam etmişdir. Və hətta çəkinmədən demək olar: bugün çağdaş ədəbiyyatımız Qarabağla nəfəs alır, Qarabağ ətrafında cərəyan edir, təmərküzləşir, ehya olur.

Bu ədəbiyyata Anım ədəbiyyatı da demək olar. Çünki yaranan əsərlərin mövzu-predmet sərhədi, demək olar ki, Vətən müharibəsini aşmır, aşmaq istəmir; bacardıqca oxucunu Qələbə sevincləri, Zəfər atmosferi içrə olmağa-oluşdurmağa çalışır. Süjetlər bir qayda olaraq dünəndən - I Qarabağ müharibəsindən, yurd itgisindən, qaçqınlıq məşəqqətlərindən ayaq alır, bugündə - Vətən müharibəsində, qisas anında, şəhidlik zirvəsində, yurdla görüş və Şuşaya qovuşma motivləri ilə başa çatır. Bu müstəvidə nə qədər hekayə, povest, sənədli və bədii publisistika nümunələri yaranmışdır. (Hekayələr: Qərib Mehdi, Gülgünün rəngli yuxuları (povest); Məktub;  Hüseynbala Mirələmov, Medalyon (povest); İlqar Kamil, Polad necə bərkidi (povest); Kənan Hacı, Qələbəyə aparan yol; Estafet; Həmid Piriyev, Məryəm xalanın oğlu;  Yaşar Bünyad, Yol; Qırx beşinci gün;  Alpay Azər, Ay işığında tabut; Günel Natiq, Sülh və müharibə; Murad Muradov, Paslı açar; Xurma ağacı; Xarı bülbübülün arzusu;  Səhər Əhməd, Qarabağdan gələn xəbər; Sadıq Elcanlı, Möhlət; Yaqub Əlioğlu, Açar; Məmməd Xəlilov, Sirat körpüsü; Şirməmməd Nəzərli, Könüllü; Bahar Bərdəli, Şuşanın dağları; Bahəddin Salman, Oyanış; Nüşabə Əsəd Məmmədli, Mənə bir nağıl danış; Kamran Nəzirli, Mənim sevimli yaddaşım; Günel Anarqızı,  Sərhədsiz səma; Kamran Yusifzadə, Karusel; İradə Aytel, Biz yenə görüşdük; Mənzər Niyarlı, O zəfər günləri günəş də bizimləydi; Vahid Məmmədli, Hesab dərsi və ya müqəddəs 44; Aqşin Ağkəmərli, Ünvansız məktub; Mirmehdi Ağaoğlu, Epikriz; Cəlil Cavanşir, Müharibə rapsodiyası; Mahir, Vaxt; Azər Qaraçənli, Can Laçın; Orxan Həsəni, Qəsəbəmizin payız ahəngi; və s.)...

(Publisistika: Anar, Erməni mifinin süqutu; Senatorlar və "Paraşütçülər"; Elçin, Xalqın qələbəsi və xalqın faciəsi; Nizami Cəfərov, İrəvan; Sabir Rüstəmxanlı, Şuşada üç xoşbəxt gün; İsa Həbibbəyli, Böyük qayıdışın ədəbi və əbədi təntənəsi; Vaqif Yusifli, Şuşa; Çingiz Abdullayev, Niyə siz Azərbaycanın ağrısını eşitmək istəmirsiniz!; T.Əlişanoğlu, Tarixin fürsəti; Qalibiyyət və ədəbiyyatın dərsləri; Səlim Babullaoğlu, Dünya ədəbiyyatçılarına müraciət; İlqar Fəhmi, Göyərçin ədəbiyyatı və ya sülh diktaturası;  Xarı bülbülün metamarfozası; Elxan Zal Qaraxanlı, Ülkümüzün Qarabağ səhifəsi və s. ; Cavi Dan, Yazı, yazıçı; Sevinc Elsevər, Müharibədən keçən insanlıq; İradə Musayeva, Qarabağ; Mustafa Çəmənli, Qarabağ xatirələrim 27 il sonra; Əlizadə Əsgərli, Məslək vuruşunda, səngər başında, Kişi qeyrətindən doğulan Vətən; Tahirə Məmməd, Qarabağ savaşı: Sözümüz və özümüz; Asif Quliyev, 9918 günlük həsrətdən sonra Füzulidə açılan sabah; Nəriman Qasımoğlu, Şuşaya az qalıb; Nizaməddin Şəmsizadə, Erməni faşizmi; Sadıq Elcanlı, Müqəddəs qələbəyə and içirəm; Hacı Firudin Qurbansoy, Vətəni sevmək; Adil Cəmil, Dünya belə qalmaz demişdik; Qarabağın Vaqif çeşməsi; Orxan Aras, Müharibə ədəbiyyatı;Buludxan Xəlilov, Erməni xisləti: tarixi həqiqətlər; Nizami Muradoğlu, Böyük qayıdış; Günel Eyvazlı, Xan qızı; Yunus Oğuz, Mən Şuşada yazıram; Sərvaz Hüseynoğlu, Bala anasına qovuşan kimi; Aygün Bağırlı, Mənim Şuşa nağılım, mənim nağıl Şuşam; İradə Tuncay, Sabahkı gün; Pərviz Axund, Bir əlçim xatirə; Dilarə Adilgil, Müqəddəs bazar günü; Günel Musa, Şuşanın ruhunu hiss etmək üçün və s. - bu, yalnız mətbuatdan örnəklərdir, siyahını internet və tele-publisistika nümunələri ilə daha da zənginləşdirmək olar)

"Duyğu ədəbiyyatı" da demək olar bu ədəbiyyata. Pafos, vəcd, qəhrəmanlıq və hünər dastanı, heyrət və heyranlıq hissləri, vətən və torpaq sevgisi, yurd həsrəti və vüsal duyğuları... və başlıcası, istisnasız və intəhasız Qələbə əhval-ruhiyyəsi, Zəfər sevincləri... Saysız sayda şeir, poeziya, lirika nümunələrində diskurs oxucunu qalibiyyət məqamında (ələ) almağa, bu notdan heç vəch qopmamağa səy edir. (Lirika: Nəriman Həsənzadə, Fikrət Qoca, Anar, Azər Abdulla, Səlim Babullaoğlu, İlqar Fəhmi, Oi Or El, Əjdər Ol, İlhamə Dağlı, Kənan Hacı, Sərvaz Hüseynoğlu, Yusif Nəğməkar, Atababa İsmayıloğlu, İmir Məmmədli, Gülayə, Güləmail Murad, Seymur Şeydayev, Musa Ələkbərli, Ənvər Əhməd, Şövkət Zərin Horovlu, Əbülfət Mədətoğlu, Mirsəyyaf Zamanlı, Şahnaz Şahin, Zeynal Vəfa, Zəka Vilayətoğlu, Adil Şirin, Qəşəm İsabəyli, Mina Rəşid, Avdı Qoşqar, Sona Vəliyeva, Fəxrəddin Əsəd, Firuzə Məmmədli, Aleksandr Səlimov, Əbülfəz Muxtaroğlu, Elnur Uğur, Ülvi Bahadır, Ümid Nəccari, Nizami Muradoğlu, Asim Yadigar, Ağacəfər Həsənli, Kəramət, Əlizadə Nuri, Nəzakət Məmmədli, Şöhlət Əfşar, Süleyman Əlisa, Fəxrəddin Eyyub, Mahirə Abdulla, Həmayil Əhmədqızı, Akif Azalp, İbrahim Yusifoğlu, İsmayıl Mərcanlı İmanzadə, Hüseyn Bağıroğlu, Əhməd Qəşəmoğlu, Qulu Ağsəs, Faiq Hüseynbəyli, İlham Qəhrəman, İntiqam Can, Qəşəm Nəcəfzadə, İntiqam Yaşar, Əsəd Cahangir,  Ələsgər Əlioğlu, Müzəffər Məzahim, Həmail Əhmədqızı, Elxan Yurdoğlu, Əkbər Qoşalı, Səbuhi Qurbanov, Aynur Seyid, Şakir Xanhüseyn, Elvin İntiqamoğlu, Arif Buzovnalı, Orxan Paşa, Teymur Kərimli, Zaur Ustac, Rəşad Nağı Mustafa, Nadir Paşa, İsmayıl Mədədi Osalı, Aral Qaradağlı və b. müəlliflərin mətbuatda getmiş Qarabağ duyğulu müharibə şeirlərini xatırlatmaq olar).

Vətən müharibəsinə, Zəfər dastanına silsilələr həsr edilmiş (Vahid Əziz, Vaqif Aslan, Rafiq Yusifoğlu, Fərid Hüseyn, Barat Vüsal, E.Z.Qaraxanlı, İslam Sadıq, Həyat Şəmi, Xanım İsmayılqızı, Zahid Xəlil, Kəmaləddin Qədim, İbrahim İlyaslı, Adilə Nəzər, Elbariz Məmmədli, Elçin iskəndərzadə, Rəşid Fəxralı və b. şairlərin "Ədəbiyyat qəzeti"ndə səhifə-səhifə şeirlərini anmaq olar), lirik-epik poemalar yaranmışdır (Sabir Rüstəmxanlı, Qarabağa dönüş; Nəriman Həsənzadə, Zəfər yolu; Vahid Əziz, Heyrət səcdəsi;  İlqar Fəhmi, Balaca kişilər; Xanəli Kərimli, Bayrağını uca qaldır, ana Vətən; Ramiz Duyğun, Qalibiyyət dastanı; Şahnaz Şahin, Zəfər nəğmələri; Balayar Sadiq, Şəhid ətri; Rəsul Qədiri, Xarıbülbül və s.)

Onu da qeyd etmək gərəkdir ki, ustad tənqidçimiz Vaqif Yusifli "Poeziya susmur" məqaləsində (ƏQ, 31 oktyabr və 7 noyabr 2020) müharibə poeziyasının geniş təhlili və təsnifini vermişdir.

Duyğu və düşüncələr ədəbiyyatı da demək olar son ilimizin ədəbiyyatına. Çün Vətən müharibəsinin ədəbiyyatda lokomotivini şeirlərdən də çox esseistika üzərinə götürmüşdür desək, heç də yanılmarıq. (Esse müəlliflərindən: Anar, Rəşad Məcid, Aqil Abbas, Azər Turan, Əsəd Cahangir, Elnarə Akimova, Aygün Bağırlı, Vilayət Quliyev, Reyhan Yusifqızı, Qan Turalı, Nargis, Səhər Əhməd, Hədiyyə Şəfaqət, Eyvaz Zeynalov, Günel Eyvazlı, Rəfail Tağızadə, Fidan Nizaməddinqızı, Aynur Xəlilova, Niyazi Mehdi, Sevinc Nuruqızı, Zemfira Məhərrəmli, Təranə Vahid, Vahid Qazi, Günay Səma Şirvan, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Sevinc Nuruqızı, Cəlil Cavanşir, Laura Cəbrayıllı, Günel Natiq, Ramilə Qurbanlı, Tural Turan, Rəfail Tağızadə, Ramil Əhməd, Kəmalə Abiyeva, Xanım Aydın, Mənsurə Qaçayqızı, Günel Mehri, Şahanə Müşfiq, Sərdar Amin və b.-larının il boyu dərc olunmuş yazılarını misal çəkmək olar). Bircə onu demək kifayətdir ki, "Ulduz" jurnalı bütöv bir sayını (№ 2, fevral, 2021) Qarabağ mövzusunda esselərə vermişdir. Mövzu-predmet üzərinə düşüncələr həm dərinə - tarix və mahiyyətə, həm də geninə - sabah və perspektivlərə açılmaqla, indiki halda Qalibiyyət əzmini, diskursun ideoloji yükünü daha yey daşıya, çəkə bilir.

Günün ədəbiyyatında Şəhidlik mövzusu təzələnmiş, zənginləşmiş, görünməmiş çalarlar qazanmışdır. Bizim bir borc duyğumuz, yükümüz, məsuliyyətimiz var. Şəhidliyin ülvi məqamı olmasa, qalibiyyət də mümkünsüz olardı. Ədəbiyyat hər şeydən öncə bunu demək, ifadə və bəyan etməyə can atır. İqtidarındamıdır? Həm Vətən müharibəsi şəhidlərinin ruhuna, adına, xatirəsinə bağlanan əsərlər, həm də ümumən otuz il ərzində B.Vahabzadənin "Şəhidlər"indən belə ədəbiyyatımızda şəhidlik mövzusu bu suala cavab axtarışlarından sıralanır, yaranır (Son ilin ədəbiyyatında: Şəhriyar del Gerani, Süleyman Abdulla, Şəmil Sadıq, Narıngül Nadir, Sayman Aruz, Ay Bəniz Əliyar, Xanım Aydın, Allahşükür Ağa, Musa Aslanxanlı, Həsən Kür, Amil Amal və b. şeirlərini, bədii-sənədli publisistika nümunələri: Esmira Fuad, Aybəniz Aydəmir, Gülnar Səma, İdris Şükürlü, Arzu Qazıyeva, Xəyalə Zərdabqızı və b-nın il boyu dərc olunan yazılarını anmaq olar).

Şəhidlik mövzusunda onlarla şeir, publisistika, nəsr nümunələri içərisində məxsusən iki silsiləni qabartmaq istərdim. Azad Qaradərəlinin mətbuatda ardıcıl dərc elətdirib, "Sevgilim Vətən" kitabında (Bakı, 2021) cəmlədiyi "Vətən müharibəsi hekayələri" və Elşad Baratın "Ədəbiyyat qəzeti"ndə Şəhidlərin poetik obrazını yaratmağa çalışdığı şeirlər silsiləsi. Hər iki silsilədə Vətən müharibəsi şəhidlərinin həm ayrı-ayrılıqda fərdi, real, sənədli, həm də bütövlükdə ülvi, ictimai-mənəvi, psixoloji motiv və çizgilərlə portretlər sırası  müvəffəqdir. Elşad  Baratın Şəhidlər silsiləsini Mətanət Vahid Şəhid Rəşad Ağayevin təbəssümünə həsr etdiyi  "Əbədi ruhlara şair salamı" məqaləsində layiqincə dəyərləndirmişdir (ƏQ, 6 mart 2021).

Şəhidlik, Vətən, üçrəngli Azərbaycan bayrağı, Ali Baş Komandan, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Türkün ucalığı, türk birliyi, Turan, Qarabağ, Şuşa, Zəfər yolu... - adların, məqamların simvollaşması, təkrar-təkrar əsərlərdə vəsf, tərənnüm, təcəssüm tapması, obrazlaşması 1918-1920-ci illərin Cümhuriyyət dövründən sonra bəlkə də ən çox bu ilin ədəbiyyatında olmuşdur. Simvolik, yaxud simvollar ədəbiyyatı da demək olar bu ədəbiyyata. Yerindəcə Rüstəm Kamalın bu aspektdən "Ali Baş Komandan, müqəddəs savaşımız və simvollarımız" adlı dəyərli bir yazısını xatırlatmaq gərəkdir (ƏQ, 8 may 2021)

Təkcə elə Ali Baş Komandana ünvanlanmış onlarla şeir, ithaf, yazı Vətən müharibəsində Qələbə müjdəsi ilə birgə, Azərbaycan Prezidentinin tarixdə rolu və tarixi obrazını da idrak və bədii ifadə etməyə çalışır. (Nizami Cəfərov, Ali Baş Komandanın əmri; Sözümüzün Ali Baş Komandanı; Elşad Barat, Ali Baş Komandanın səsi; Fikrət Qoca, İlham Heydər oğluna; Rafiq Yusifoğlu, Ali Baş Komandanın Qubadlı səfəri; Seymur Şeydayev, İlham ilə Ərdoğan; Cavidə Məmmədova, Ali baş Komandanım;  Fazil Güney, Xilaskar; E.Z.Qaraxanlı, Yolunuz açıq olsun, cənab İlham Əliyev; Şuşa - Pənahəlidən İlham Əliyevə qədər  və s. - onlarla yazını nümunə çəkmək olar )

Orijinal yanaşması ilə məxsusən seçilən Abuzər Turanın "Zəfər nəğməsi"  lirik poeması üç ölkə başçısı - İlham Əliyev ("Zəfərin özü səndə, Ali Baş Komandanım!" - ƏQ, 24 dekabr 2020), Rəcəb Tayyib Ərdoğan ("Sayın Cümhur Başqanım" - 23 yanvar 2021) və İmran Xanın (Əziz Vəziri Əzəm - ƏQ, 13 fevral 2021) parlaq obrazlarına işıq salmaqla, zamandan doğulan və zamanı yaddaşlara köçürməyə səy edən poetik məqam kimi  ("Müqəddəs qalib üçlük" - ƏQ, 6 mart 2021) önəmlidir. Əsər haqqında akademik İsa Həbibbəylinin "Böyük Zəfərin poetik dastanı" adlı yüksək dəyərləndirmə yazısı dərc olunmuşdur (ƏQ, 24 aprel 2021).

Qələbə ilində ədəbiyyatın dərhal və operativ janrlarında əsərlərlə yanaşı, əlamətdardır ki, romanlar da yaranmışdır. Hələ 44 günlük müharibə gedişində "Ədəbiyyat qəzeti"ndə Səyyad Aranın Aprel döyüşlərindən ayaq alan "İrəvanın yolları" əsərini həm də elə birbaşa Vətən müharibəsi romanı kimi oxuduq. Qorxmaz, mətin, çevik, dərrakəli, hünərli, başlıcası Vətən duyğusu aşıb-daşan Azərbaycan əsgəri, qalib Azərbaycan Ordusunun obrazı var romanda; Qarabağ döyüşlərindən İrəvana, müstəqil Azərbaycanın sabahına bizi kökləyən, aparan məhz odur!

Vətən müharibəsi ədəbiyyatımıza qəhrəmanlar gətirir. Azad Qaradərəli hələ 2012-ci ildə yazdığı "Kuma-Manıç çökəkliyi" romanını I Qarabağ savaşına kökləmişdisə də, yazıçının öz etirafıdır ki, qəhrəmanı bu yükü üzərinə götürə bilmir və hətta antipoduna çevrilirdi. II Qarabağ müharibəsində Azad Qaradərəli qəhrəmanını tapdı, az bir zamanda Vətən müharibəsində əfsanəvi ad qazanmış Cəbrayıl Dövlətzadənin həyatı və hünərlərindən  söz açan bədii-sənədli "Cəbrayıl əfsanəsi" romanını qələmə aldı. Roman həm də Qarabağ müharibəsi və mübarizəsinin yüz illik tarixi köklərinə işıq salmaqla önəmlidir.

Qələbə ilində ədəbiyyatşünaslar (İsa Həbibbəyli, Nizami Cəfərov, Şirindil Alışanlı, Vaqif Yusifli, Qurban Bayramov, Tahirə Məmməd, Məti Osmanoğlu, Mərziyyə Nəcəfova, Maarifə Hacıyeva, Mətanət Vahid, Vaqif Osmanov və b.) və ədəbi tənqid də çağdaş ədəbiyyatda diskursun dəyişməsinə diqqətli olmuş, "Zəfər düşüncələri"ni aktiv və çevik, mətbuatda dərc etdirmişlər. Qələbə ilində Rahid Uluselin "Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi" (Bakı, "Elm və təhsil", 2021) adlı mövzunu minillik tarixi-fəlsəfi aspektdən və Mərziyyə Nəcəfovanın "Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi" (Bakı, "Elm və təhsil", 2021) adlı - otuz ilin ədəbiyyatı fonunda şərh edən monoqrafiyaları işıq üzü görmüşdür.

Başlıcası, ədəbi tənqidə həssas olsaq: Vətən müharibəsi mövzusu Elnarə Akimovanın məqalələrində ideoloji rakursdan (Yalnız Qarabağ uğrunda - ƏQ, 3 oktyabr 2020; Nəsrdə Qarabağ diskursu - ƏQ, 24 oktyabr 2020; Ermənilərin öldürdüyü uşaqlar - ƏQ, 31 oktyabr 2020; Şuşada azan səsi - ƏQ, 14 noyabr 2020; Söz fidanları - ƏQ, 28 may 2021; İstiqlal siyasəti, ƏQ, 15 iyun 2021; Bütün qələbələrin bir adı - milli birlik" və s.), Azər Turanın esselərində tarixi məna kontekstində (Burası Turan qapısı - ƏQ, 3 oktyabr 2020; Salam türkün bayrağına və yaxud dağılan erməni mifi - ƏQ, 24 oktyabr 2020; Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə - Əli bəy Hüseynzadə örnəyi - ƏQ, 7 noyabr 2020; Tanrının evi - Türk Qarabağ və Bir hilal uğrunda batan günəşlər - ƏQ, 14 noyabr 2020; Zəfər paradı və Nihal Atsız - ƏQ, 12 dekabr 2020 və s.), Cavanşir Yusiflinin tənqidində ədəbi-nəzəri idrak və mətn transformasiyası baxımından (Qarabağ hekayələri - ƏQ, 3 oktyabr 2020; Formanın müqəddəs sirr - gözləmək, ƏQ, 10 oktyabr 2020; Həsrəti qorumaq, yaxud bir köynək bayatı qədər- ƏQ, 14 noyabr 2020; Şuşa, Laçın, Kəlbəcər, Yaxud Abbas Tufarqanlınıın dağları - ƏQ, 3 dekabr 2020 və s.), Rüstəm Kamalın yazılarında arxetipik yozumda (Müqəddəs savaşımız və sözümüz - ƏQ, 3 oktyabr 2020; Pənah xanın ruhu - ƏQ, 24 oktyabr 2020; Knyaz Sisianovun qətli süjet elementi kimi - ƏQ, 7 noyabr 2020; Cəllad ağa - ƏQ, 14 noyabr 2020 və s.), Mətanət Vahidin qələmində gündəmlə ilgili, təhlili əsasda ardıcıl yazıya gəlir, oxucunun müzakirəsinə verilir.

Tənqidçi Mətanət Vahid dəyişmə məqamına işarəylə çağdaş ədəbiyyatımızın gəlişmə stixiyasını ümumən iki yerə bölür: "Cəmi 44 gün çəksə də, Vətən müharibəsi Azərbaycan ədəbiyyatını müharibədən öncə və sonra olaraq, 2 mərhələyə ayıra bildi. Bu, incəsənətin bütün sahələrinə aiddir..." ("Əbədi ruhlara şair salamı" - ƏQ, 6 mart 2021). O da maraqlıdır ki, başqa bir tənqidçi Məti Osmanoğlu "Qələbədən əvvəl və sonra" adlı məqaləsində Aqil Abbasın məşhur "Dolu" romanının Qələbədən sonra, yeni kontekstdə oxunmasının tutarlı nümunəsini verir; bir zamanlar xalq müharibəsinə, "qisasa çağırış kimi qavaranılan" mətn hazırda "müharibə əleyhinə yazılmış ağı kimi səslənir" (ƏQ, 8 may 2021).

Bütün bu faktlara, hadisələrə diqqətlə birgə, ədəbi tənqidimiz missiyasına sadiq və sayıqdır. Çağdaş ədəbiyyatın uğurlarını qeydə almaqla yanaşı, hardasa həm də narahatdır; daha dərinlərə həssas olmağa çağırır. Mişel Fuko "Diskursun qaydası" məqaləsində göstərir ki, diskurs sadəcə söyləm, olanların ifadəsi, bəyanı deyil, o öncə bunun arxasındakı Səsdir, gəlir və olanlarda ifadəsini tapır, söylənir.

Belə ki, hərbi qələbələrdə - Ordumuzun şanlı zəfər yürüşündə, ictimai-siyasi diskursda - Ali Baş Komandanın çıxışlarında ifadəsini tapan Qalibiyyət notu heç də avtomatik olaraq Ədəbiyyata yerimir. Şeirdə, obrazlı dünyaduyumu və qavramında "eşidir" və Şair onu ifadə edir; süjetdə, qəhrəmanda, roman konstruksiyasında gəlir və yazıçı qələmində gerçəkliyini qazanır; analitik məxrəcdə tənqidçi esselərində yerini tapır və s.

Kamal Abdulla yazır: "Ən qədim zamanlardan üzü bu yana bütün savaşların, davaların, müharibələrin insan ürəyinə vurduğu yaralar nə zamansa cümlə, yaxud misra şəklində cücərir və bu zaman ölməz əsərlər yaranır. "Bu necə baş verir?" sualına hələ ki, heç kim cavab tapa bilməyib..." (Müharibə və onun ədəbi-bədii əks-sədası - ƏQ, 17 oktyabr 2020)

Cavanşir Yusifli yazır: "...biz sadəcə bu isti xatirələri dinləyib, o əsgərlərin danışdıqlarına qulaq asıb kövrəlirik, başqa heç nə... ədəbiyyat bu sərhədi vurub keçməlidir, özünü həmin yaraların içinə atmalı və bizə hər şeyi o şəhid olmuş, yaralanıb, qolunu-qıçını, gözlərini itirmiş əsgər kimi danışmalıdır..." (Müharibə və ədəbiyyat davası - ƏQ, 12 dekabr 2020)

Mətanət Vahid yazır: "O cümlədən söz də silahdır bu gün. Əsgərlərimizin səngərdə tarix yazdığı bir zamanda hisslərin aşıb-daşsa da, ürəyin köksünə sığmasa da, nəsə yazmaq çətindir; lakin susmaq, bitərəf qalmaq, mövqe bildirməmək bizdən olmamaq deməkdir..." (Qalib ölkənin vətəndaşı olmaq - ƏQ, 14 noyabr 2020)

Azər Turan yazır: "Yazılmadığına görə də indiki halda poeziyamız bu ədəbiyyatın oxucusu olacaq insanların içindəki ağrının nəinki fövqünə qalxa bildi, heç o ağrıların yaxınlığında addımlamağı belə bacarmadı. Mənim üçün müharibənin deyil, ədəbiyyatımızın qarşısında sözün bitdiyi yer bu məqamdır..." (ƏQ, dekabr 2020)

"Ulduz" jurnalı ilə "525-ci qəzet"in birgə layihəsində eyni: "Sözün bitdiyi yer haradır?" sualına Elnarə Akimova bu cavabı verir: "Bu yerlər son zamanlar o qədər çox oldular ki... Həm ağrılı, həm də sevincli mənada. Gəncə və Bərdədə şahid olduğumuz uşaq ölümlərindən, oğullarının itkisindən havalanan anaların qol götürüb oynamasından tutmuş Şuşada eşidilən azan səsinə, rəşadətli Azərbaycan əsgərinin süpürdüyü Gövhər Ağa məscidinə qədər... O məqamlar  və məkanlar ki, nə illah edirsənsə, içindəki yanğını ifadə etməyə Sözün gücü yetmir..." (ƏQ, 24 dekabr 2020)

Bu ki, Ədəbiyyatda diskursun dəyişməsi hələ indən belə, qarşımızdadır (və çox-çox şərtləri var).

Çağdaş şairlərdən biri bunu belə ifadə edir:

"...Çoxumuza

            addım atıb

necə yerimək öyrətdi

ayaqlarını Qarabağ savaşında

qoyub gələn qazi..."

    (Şakir Xanhüseyn, ƏQ, 10 iyul 2021)

Vətən müharibəsini əlində silah keçmiş Emin Piri "Müharibə gündəliyi"ndə sanki plan-prospekt cızır: "Bundan sonrası sözün əsl anlamında ədəbiyyat, incəsənət, kino müharibəsidir. Zatən qalib gəlmiş dövlətik, bu sahələrdə öz humanist görüntümüzlə də qalib gəlməyi bacarmalıyıq. Əsas - döyüş meydanında qələbə idi ki, bu mahiyyəti dəyişmir, istədiyimizə nail olmuşuq. İstər daxili, istərsə dünya kütləsi üçün ideoloji xətləri dərhal müəyyənləşdirməli və əməli fəaliyyətə keçmək lazımdı. Burda isə əsas səngərlər ədəbiyyat-incəsənət və film sahəsidir..." (Emin Piri, Seçəcəyimiz ədəbi obrazlar - ƏQ, 13 mart 2021)

Emin Pirinin "Müharibə gündəliyi" sırasından "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi yazılar müharibə gerçəkləri, bədii ifadə tərzi, fikir arsenalı baxımından yenidir, maraqlıdır, sanballıdır. Güman ki, Vətən müharibəsində(n) qazandığımız Qalibiyyət ruhunu daha köklü, daha dərindən ədəbiyyata hələ bu nəsil yazarlar gətirəcəkdir. Müharibə nəsli...

Hərçənd ki, sual olunur: məgər bizdə "müharibə nəsli" olmayan varmıdır?!

 

"Ədəbiyyat qəzeti", 2021, 02 oktyabr

SİZƏ MARAQLI OLA BİLƏR