Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Müasir nəsrdə üslub müxtəlifliyi: Şərif Ağayarın romanları- Lalə Həsənova

07-04-2021 [ 15:54 ] [ oxunub:98 ]
printerA+ | A-
100729

  Yeni nəsrin - “2000- cilər” ədəbi nəslinin maraqlı müəlliflərindən biri olan Şərif Ağayar son illlərdə bir neçə roman qələmə almışdır.

 Yaradıcılığına nəzər saldıqda bir çox yazıçılardan fərqli olaraq Şərif Ağayarın qeyri-adi, effektli obraz və hadisələrdən deyil, yurd-yuvasından didərgin düşən insanların gündəlik qayğılarından, hiss və düçüncələrindən, qarşılaşdıqları çətinliklərdən bəhs etməyə üstünlük verdiyi, bəlli  mövzunu canlandırmaqda israrlı olduğu görünür.

 Müharibə, didərginlik mövzusuna  müasir ədəbiyyatda bir çox müəlliflər müraciət etsələr də, gənclərin yaradıcılığında bu mövzu fərqli anlam kəsb edir. Son illər müharibə mövzusu, əsasən, kiçik yaşlarından bu mühiti anbaan müşahidə edən yazıçılar tərəfindən canlanrırıldığı üçün, əsərlərdə yaşananların dərki müharibə təsvirlərini, döyüş səhnələrini üstələyir. Bu rakurs - müharibənin insanlara vurduğu mənəvi- psixoloji yaraların, mürəkkəb və ağrılı vəziyyətin mümkün qədər dəqiq və sinxron şəkildə çatdırmağa hesablanmış uğurlu  bir vasitədir. Yaxşı bələd olduqları mövzunu zahiri ştrixlərlə deyil, hadisələrin mahiyyətinə vararaq müəyyən sosial qrupun həyat tərzi olaraq canlandıran yazarlar, insanların yaşadıqları ağrını mümkün  qədər dəqiqliklə ifadə etməyə çalışırlar.

Bir çox müasir nasirlərimizin yaradıcılığında olduğu kimi, Şərif Ağayarın romanlarında da, yeni nəsr texnikasına bələdlik və bu vasitələrdən mümkün qədər bəhrələnmə istəyi güclüdür. Eyni zamanda, xalq təfəkkürünə, psixologiyasına müraciət, sözün arxetipik qatları ilə işləyə bilmək bacarığı yazıçı kimi onun müsbət tərəfidir.

   Şərif Ağayarın həm “Arzulardan sonrakı şəhər” (2017), həm də “Gülüstan” (2017) romanlarında doğma el - obasından didərgin düşən, ilk sevgisinə qovuşa bilməyən, sosial ədalətsizliklər məngənəsinə sıxılan gənclərin taleyi əks olunub. “Gülüstan” əsərində sosial tematika publisistik təsviri aktuallaşdırırsa, “Arzulardan sonrakı şəhər” romanında yazıçı bu yanaşmadan uzaqlaşır. Xalq yaradıcılığı və modernist təsvirə əsaslanan lirik-realist əsərdə gəncin tənhalığı, “müharibədən gələn” səslərin darmadağın etdiyi yaşamın ağırlığı əks olunur. Müharibənin xaraba qoyduğu doğma məkanın simvolu olan çəhrayı rəngli at rəsmi, diqqəti əsas məsələyə - əldən gedən torpaq mövzusuna yönləndirir. “Mətn içində mətn” strukturundan istifadə müxtəlif dövrlərdə, məkanlarda yaşasalar da, eyni hissləri yaşayan insanlar arasında bağlılığın yaranmasına xidmət edir.

 Əsas personaj - Həsən tərəfindən nəql edilən əsərdə əhvalatlar deyil, silsilə personajlar təsvir olunub. Detallı şəkildə əks olunan personajların bədii portretləri romanı “insan portretləri” silsiləsi olaraq xarakterizə etməyə imkan verir. İlk olaraq, yaxınlarının -nənəsinin və qohumu Namaz kişinin, əsəb həkiminin, qonşular- Məzi, Məxmərəy, dirijor, sinif yoldaşları, müəllim və tələbə yoldaşlarının  təsvir olunduğu əsərdə ayrı-ayrı personajlar  “monoloq”ları vasitəsilə canlandırılmışlar.

 Müharibə haqqında yazılmış digər əsərlərdən fərqli olaraq “Arzulardan sonrakı şəhər” romanında müəllif romantik təsvirdən, hadisələri ideallaşdırmadan uzaqdır. Hadisələri obyektiv nöqteyi nəzərdən canlandıran yazıçı vəziyyətin mürəkkəbliyini olduğu kimi ifadə etməyə çalışmışdır. Bu səbəbdən, əsərin həyatiliyi, naturalizm maraq doğurur: qəhrəmanlıq kimi, müharibənin doğurduğu dəhşət, qorxu da normal bir hissdir, alçaldıcı deyil. Buna görə də, dövrün doğurduğu təzadlar- öz oğlunu müharibədən yayındıraraq, əfqanlardan nicat gözləyən nənənin hissləri anlaşılandır.

Romanın konflikti xəyal dünyası və gerçəklik arasındakı uçurumun təsviri üzərində qurulur. Uşaq hər vəchlə arzularına əks olan, qəddar və amansız gerçəklikldən qurtulmağa çalışaraq xəyallarına sığınır. Bu baxımdan, Həsənin yuxularının təsviri, özündən fərqli temperamentli insan olaraq “mənim içimdə üç fərqli insan var...” deyə bəhs etməsi, ruhlar aləmi ilə bağlılığı personajın mürəkkəb psixoloji dünyasının təsviri uçün uğurlu zəmindir.  

Hadisələrin - Həsən doğulmadan öncə yaşanan konfliktin, uşaqlığı-məktəb illərinin təsviri və peşə məktəbinə qəbul olunması ilə gənclik illərinin özü tərəfindən nəql edilməsi, subyektiv təhkiyə, təsvirin psixoloji məqamlara köklənməsinə vasitə olur.

 Sərdar müəllimin otağının “mağaraya, div deşiyin”ə, nəvənin əzizləyərək “sevimli ifritə”, “Miss 154” adlandırdığı nənəsinin küpəgirən qarıya bənzədilməsi, nağıl konstruksiyasından istifadə: “Nənəm sevindiyindən dingildəməyində olsun, gör mənim ağlıma nə gəldi...” oxucunu fərqli məcraya yönəltsə də, nağıl qəhərmanlarından fərqli olaraq Həsən də, nənəsi də mürəkkəb psixoloji yük daşıyırlar. Ailə daxilində yaşanan faciə ilə bağlı nənənin mövqeyi, Həsənin keçirdiyi mürəkkəb hisslərin təsviri, onlara qənim kəsilən insanlar, ehtiyac qarşısında ötkəmlikləri hər ikisini güçlü və saf insanlar olaraq xarakterizə edir.

Nənəsinin himayəsində böyüyən, köməksiz olduğu üçün insanlar tərəfindən incidilən yetim uşaqların taleyi bir çox nağıllarımızda yer almışdır. Həsən öncə təklənib, “mənim heç kimim yoxdur” deyib kövrəlsə də, romanın sonuna doğru sınaqlardan keçərək ərtafındakı insanların etimadını qazanmağı bacarır, sonradan direktorun və müəllimlərin əksinə gedərək sərbəstliyini, güclü olduğunu hər kəsə, öncə isə özünə sübut edir. Qrotesk, təzad və şəbədə üslubundan istifadə edən müəllif koloritli və yaddaqalan personajlar canlandırmağa nail olmuşdur. Nənə küpəgirən qarı ilə müqayisə olunsa da, Məxmərəklə bağlı epizod, insanların onları aciz sanaraq yaşadıqları evdən çıxardacaqlarından qorxduğu üçün borc almaq istəməməsi, onun bu cür, “rola girərək”, özünü və nəvəsini qorumağa çalışdığını bəlli edir.

 Romanda müharibə sxematik şəkildə - mənfur düşmən və müsbət qəhrəman qarşıdurması prizmasından əks olunmayıb, daha çox ekzistensial şəkildə işlənib. Həsənin “yetimçiliyi” müharibə ilə başlamır: ailə daxili konflikt yaşanır, hərkəsin bir-birinə düşmən kəsilməsi ilə qohumlar arasında nifaq yaranır. Müharibə onu doğma yurdundan didərgin salsa da, öncə nənə və babaları arasında yaşanan münaqişə, anası ilə atasının ayrılmasına, ailələrinin dağılmasına səbəb olur. Valideynləri, qohumlarının bir çoxu artıq həyatda olmasalar da, ədavətin doğurduğu ağrı bitmir. Köçkünlük isə bu ailədaxili faciəni, nənə və nəvənin həyatını daha da ağırlaşdırır.  Qürbətdə qalan qəbirlər kəndən şəhərə, bağlı-bağatlı ərazidən səhraya köçün yaratdığı nisgilin simvolu olaraq xatırlanır. 

Əsərin düşünülmüş strukturu hər bir personajın, detalın, dialoqun oxucunu bir mövzuya yönləndirməsinə təkan verir.  Bu səbəbdən, insanlar, məkanlar fərqli olsa da, romanın bütövlüyü pozulmur, təhkiyənin düşünülmüş bir ideya ətrafında fokuslaşması və uğurlu həlli nəticəsində, romanda son illər nəsrinin faciəsinə çevrilən “hadisələrin sadalanması” yer almır. Qoyulan problem (bəzi epizodları çıxmaq şərti ilə) sadəcə sərgilənmir, müəllif mövzunun bədii şərhinə nail ola bilir.  Roman müharibə haqqqında yazılmış maraqlı nümunə olaraq yadda qalır. Hər yeni oxunuşda dialoqlara, süjet xəttinə təkrar-təkrar vardıqca bu hissələrin hər biri daha dərin məzmun kəsb edərək əsərdən alınan təəssüratı dolğunlaşdrırır. Diqqət yetirsək, epizodik bir personajın -toyuq kəsdirmək üçün yola çıxan gənc qadın- dövrün gerçəkliklərini çılpaqlığı ilə deyil, dolğunluğu ilə ifadə etdiyini müşahidə edirik. Bu epizod müharibənin dağıtdığı, pərən-pərən saldığı həyatın bir parçası olaraq canlandırılır. Ona görə də, oxu prosesində diqqət qadına yönəlmir, qadın deyil, hər kəsi küçələrə salan “zamanə” qınanır.

Dramatik eyni zamanda ironik təsvir, nənənin hər çətin vəziyyətdə qardaşı Mirzəmmədi xatırlayaraq  toxtamağa çalışması, onunla bağlı lətifəyə çevrilən epizod nənə üçün qəhrəmanlıq göstəricisidirsə, nəvə tərəfindən ironiya, sarkazm ilə xatırlanaraq, nəsillər arasında konfliktin uğurlu ifadəsi olaraq yadda qalır. “Mirzəmməd qoymurdu! O gorbagor qəbrində sakit yatmır, bizim həyatımızı zəqquma çevirirdi. Qulaqları yaxşı eşitməyən kolanı oğrusuna atdığı tüfəngi indi Məxmərəyin balaca tifillərinə tuşlamışdı, onları öldürüdü. Belə olmaz, ay nənə, vallah belə olmaz! ”.

Amanislə bağlı ikinci xəttdə isə əbədi qayıdış, mifik zamana xas harmoniyadan xaosa keçid əks olunur, insanın törətdiyi əməllərlə bağlı məsuliyyəti- günah konsepti yer alır. Daim xatırlanan dərədən atılan qızcığaz və əsgər qadınının taleyi, döyüş qanunlarının haqsızlığı-sona qədər xatirində canlanaraq Amanisə rahatlıq vermir. Mifik qəhrəman Osiris kimi o da, ədaləti bərpa etmək üçün geri dönərək düşmənlərini cəzalandırmağa çalışsa da, buna güçü çatmır.

Son illərdə qələmə alınan bir çox əsərlərdən fərqli olaraq romanda məğlubiyyət acısı yaşanmır. Arzularına -Gülsümə, vətəninə yalnız xəyalarında qovuşa bilsə də, xəyal dünyasında yaşayan, arzularına asi çıxmayan Həsən də, doğma torpağına dönüb həlak olan Amanis da qalibiyyət saçır. Sonuncunun varlığına hakim kəsilən qovuşmaq əzmi o qədər güclü idi ki, hətta sitayiş etdiyi “İrertuya asi çıxıb, onunla vuruşmağa hazır” olduğunu bildirir. Həlak olsa belə, Amanis yolundan dönmür, vətəninə qayıdıb doğma çayına qərq olaraq adət-ənənəsinə, min illərin növrağına qaışır. Əsas olan qələbə deyil, xəyallar  uğrunda mübarizə aparmağı bacarmaq, çətinliklərə baxmayaraq sənə əziz olan hər şeyə sadiq qalmağı bacarmaqdır. Həm Həsən, həm də Amanis bütün çətinliklərə, fiziki və mənəvi əzablara dözərək öz vətənlərinə, xəyal dünyalarına sadiq qalmağı bacarırlar. Bu səbəbdən məğlub deyil, qalib personajlar olaraq yadda qalırlar.

Ədəbiyyat tarixinə nəzər saldıqda (XIX əsrdən başlayaraq) realizmin  əsasən iki xətt üzrə - F.M.Dostoyevski, L.N.Tolstoy, N.S.Turgenev və başqa müəlliflərin əsərlərində psixoloji və N.Qoqolun yaradıcılığında mistik (magik) realizm olaraq inkişaf etdiyi görünür. Müasir nəsrə nəzər saldıqda, ikinci xəttin hakim mövqe tutmaqda olduğu, postmodern yanaşmanın getdikcə realizmin modifikasiyaları ilə əvəzləndiyi müşahidə olunmaqdadır. Şərif Ağayarın “Ağ göl” romanını Ə.Haqverdiyev, M.Süleymanlı, Y.Səmədoğlu yaradıcılığında yer alan mistik (magik) realist əsərlərə aid etmək olar.

 “Ağ göl” (2017) romanında hadisələr real və eyni zamanda sirli bir məkanda -Pircahan  qəsəbəsində baş verir: “Gözdən uzaq, öz halında, öz havasında Pircahan qəsəbəsi.... Bol-bərəkətli Ağ göl, sadə balıqçı ailələri, yaşamla paralel mamırlı daşların əfsanəsi, qoşa iydələrin qoruyucu güçü.... Övliyaların qoruması altında dünyadan ayrılmış məskən”. Realist və mifoloji təsvirin paralel şəkildə yer aldığı əsərdə baş verənlər göldə batan Pirməmmədin ruhu tərəfindən nəql edilir: “Ağ göl gənc Pirməmmədi udub, bədənini gizlədib, ruhunu hadisələrin içinə yollayıb və o, pircahanlıların aça bilmədiyi sirri astaca pıçıldayır”. 

Atlantida haqqında mif[1] əsasında qələmə alınmış əsərdə, bütün canlıların mehribanlıqla yaşadığı utopik qəsəbədən bəhs edilir. Gölün balığını satmaqla dolanan sakinlər “ruzilərindən arxayın olduqları üçün özlərini xoşbəxt sanırdılar, yalan danışmağa, kimisə aldatmağa, mübahisə etməyə, üzdə bir, gizlində başqa çür görünməyə ehtiyac duymurdular”.

Təsvir olunan mifoloji, təkrarlanan və yenilənən zaman Ağ baba ilə bağlıdır. Əsərdə ilk olaraq böyük zaman – Ağ babanın göl ətrafında məskunlaşması təsvir olunur. Qanlı –qadalı gölü cənnətməkana çevirən ilahi qüvvə bunun müqabilində Ağ babadan oğlunu qurban tələb edir. Mamırlı yazıda erkən dövrün- yaranma, ölüm və dirçəliş olaraq daha yığcam formada təkrarlanacağının yazıldığına inanan, “qızıl dövr”ünü başa vuraraq  kosmosdan xaosa doğru yuvarlandıqlarını dərk edən qəsəbə sakinləri nicat gözləntisindədirlər.

Mifologiyada həyatın başlanğıcı həmişə qurbanla bağlı olur. Ətraf mühitdə baş verənləri dərk edə bilmədiyi üçün qorxu içində yaşayan qədim insan,  qurban verərək təbiətlə harmoniyada yaşamağa can atmışdır. İlkin dünyagörüşə əsasən qurbanvermə yeni başlanğıcın təməlidir: “Ölüm  yeni bitkiyə həyat vermək üçün torpağın bətninə düşən toxuma bərabər tutulur”. Romanda  isə motiv əks anlam kəsb edir,  sehr insanların həyatından birdəfəlik çəkilib, qurtuluş mümkün deyil.

Zamanla halal mallarına haram qatan sakinlər arasında yaranan inamsızlıq onların birliyini sarsıdır. İki cəbhəyə bölünən insanlar- dini ehkamlara inanan Hacı Mikayıl və elmi faktlara əsaslanan Maarif müəllimin tərəfdarları qarşı-qarşıya gələrək, çıxış yolu axtarmaqda ikən, Camal atanın oğlu Pirməmmədin göldə batdığı  xəbəri gəlir. “O böyük gün, pircanlıların yüz illər boyu gözlədiyi o xoşbəxt an gəlib çatmışdı. Camal ata onları bütün dərd-bəladan xilas edib xoş günlərə aparacaqdı”. İnsanlar  arasında halallıq itsə də, yalnız Camal ata əzəli həyat qanunlarını pozmur. Hər kəsdən fərqlənən – dərslərini qavraya bilmədiyi üçün fəhimsizliyi ilə yaşıdlarından seçilən, hörümçəyə bənzəyən bu insan həmsakinlərinin dadına çatmağa çalışaraq, heç kəsə yamanlıq etmədən, qəlbinə dəymədən ömür sürməkdə davam edir.

Əhalinin bir qismi bədbəxtliklərin səbəbini hörümçəyə bənzər Camalla bağlasa da, övliyaların taleyini yaşamaq məhz onun qismətinə düşür. Öz əməllərinə varmadan günahkarı kənarda axtaran,  köməksiz, qəzəbli kütlə qurban verərək yenidən kosmosa qayıtmaq niyyətindədir.

Beləliklə, qəsəbə sakinlərinin ikili münasibət bəslədiyi Camal ata müqəddəs elan edilərək sitayiş obyektinə çevrilir. Lakin, onlar arasında kök salan inamsızlıq Camal ataya da təsirsiz ötüşmür, onun da həyatı zəhərlənir, ətrafdakıların kin-küdurəti ona da toxunur. Oğlunun ölümü ilə arvadı və Maarif müəllim haqqında gəzən şayələr, yenidən xatırlanır. Xəyanət haqqında fikirlər ona rahatlıq vermir.

İnsanla təbiətin harmoniyasını ifadə edən, övliyalardan miras qalan  mifoloji obrazlar romanda mühüm yer tutrur: Ağ göl, böyük və kiçik iydə ağacları,  ehsan bulağı, gölün üstünə çökən duman, “sevgi saçan” qaratikan kolları, Camal atanın içindəki “tor hörmək və çəpər çəkmək yanğısı” xüsusi anlam kəsb edir: “səadət deyilən nədirsə, ondan qaratikan çiçəklərinin qoxusu gəlirdi. İnsanlar da arılar kimi cumurdular onun üstünə, içinə. Tapan da olurdu, tapmayan da”. Hörümçəyi xatırladan Camal ata insanlarla deyil, göllə, iydə ağacları ilə səma ilə təmasa çan atır, bir sözlə o, özünü cəmiyyətin deyil, təbiətin bir parçası olaraq hiss edirdi: “O üzün və qıllı əllərini təkbirə açan vaxt əyri ayaqları və balaca bədəniylə hörümçəyə o qədər oxşadı ki, deyirdin, bu saat gözəgörünməz torundan yapışıb sürətlə göyün ənginliklərinə dırmanacaq”.

Əsərdə təkrarlanan qurban vermə, hörümçək, arı, ata və oğlun ruhu, İsmayıl haqqında rəvayət, yaşlı vaxtında verilən övlad (İshaq peyğəmbər), xilaskar (on ikinci imam Mehdi sahib əz-zaman) kimi motivlər mifoloji konteksti aktuallaşdırır.  İnsanlar Pirməmmədin “cümlə insanlığın xilası” üçün Yaradan tərəfindən qurban qəbul edildiyinə inanansalar da, onun ölümü qəsəbənin sonunun başlanğıcı olur. Miflərdə olduğu kimi  roman böyük fəlakətlə tamamlanır. Atlantlar kimi, Camal ata da yerin altında gizlənərək fəlakətdən xilas olmağa çalışır.

Təssüf ki, Camal ata obrazı üzərində geniş dayanan yazıçı, şeytana uyaraq xaosa sürüklənən insanları yalnız Camal ata ətrafında fon olaraq göstərmiş, bədii təsvir predmetinə çevirməmişdir. Zənnimizcə, əsərdəki mifoloji – mistik qatın zənginləşməsi, xalq yaradıcılığından daha geniş istifadə, mövzunun dolğun təsvirinə imkan verər, roman strukturunun  zənginləşməsinə xidmət edərdi.

 Yazıçının ötən il çap olunmuş “Komandir” (2020) romanı aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunub. Mövzu seçimi, təsvir rakursu uğurlu olsa da  (hadisələrin dünən “yaxın” və bü gün “uzaq” müstəvidən təsviri, personajlar tərəfindən nəql edilməsi), fakt və bədii təsvir mütənasibliyinin qorunmaması, personajların təsvirində müşahidə olunan natamamlıq gözdən qaçmır. Müəllif bədii əsər qələmə almaq istəsə də, bəzən faktların “çılpaqlığı” bədii şərhləndirməni üstələyir.

 Çağdaş nəsrimizdə Mustaf Çəmənli (“Fred Asif”, “Mübariz”), Yunus Oğuz (“Ovçu”), Azad Qaradərəli (“Cəbrayıl əfsanəsi”) və başqa müəlliflər qəhərmanlarımızın obrazlarını canlandırmışlar. “Fred Asif” romanı bədii-sənədli bioqrafiya kimi qələmə alınıbsa, digər müəlliflər bədii əsərlər yaratmışlar. Zənnimizcə, qəhrəmanlarımız haqqında olan əsərlərdə müəlliflər mövzunu janr baxımından necə görmək istədiklərini müəyyənləşdirməkdə (bədii-sənədli və ya bədii əsər) çətinlik çəkirlər. Cəmiyyətin həyatında yaşanan kataklizmlərə ilk olaraq publisitika, poeziya daha cevik reaksiya verirsə, nəsr əsərlərinin yaranması daha uzun zaman tələb edir.  Müharibə mövzusunda yaranan bir çox əsərlərdə nəzər çarpan bu xüsusiyyətin, zamanla aradan qalxacağı, bu xəttin ədəbiyyatımızda aparıcı mövzuya çevrilməsi arzuolunandır. Çünki, 20 yanvar hadisələrindən bu günə qədər davam edən müstəqillik savaşında, torpaqlarımızın azadlığı uğrunda müharibədə çanlarından keçən yüzlərlə qəhrəmanlarımızın obrazlarının nəsrimizdə əks olunması, tarixi yaddaşımızla birgə bədii yaddaşımızda da həkk olunması zəruridir.

  Fərqli yaradıcılıq metodlarına müraciəti - postmodern (“Haramı”), magik realizm (Ağ göl) ,  lirik-realist təsvirdə dekonstruksiya cəhdi- cəhənnəmi xatırladan Gülüstan (“Gülüstan”),  “Arzulardan sonrakı şəhər” romanı, yazıçını, daim axtarışda olan müəllif olaraq xarakterizə edir. Hər növbəti əsərində fərqli, yeni təsvir formalarına müraciət edən Ağayar Şərif, müasir nəsrimizin inkişaf meyllərini müəyyən edən, “yeni ədəbiyyat” yaradan nasirlərimizdəndir. 

SİZƏ MARAQLI OLA BİLƏR