AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin ikinci cildi nəşr edilmişdir. İnstitut Elmi Şurasının 3 iyul 2020-ci il tarixli 3 saylı iclas protokolunun qərarı ilə nəşr olunan ikinci cild “Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı” bölməsini əhatə edir. 1024 səhifəlik kitabın baş redaksiya şurasına Ramiz Mehdiyev (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli, Nüşabə Araslı və İmamverdi Həmidov daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), İmamverdi Həmidov (məsul redaktor), Nüşabə Araslı, Fəridə Əzizova və Aygün Bağırlıdan (məsul katib) ibarətdir.
“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Ədəbiyyatda ortaq başlanğıc” adlı irihəcmli tədqiqatı ilə başlayır.
Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildi Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər) və intibah dövrünü (XI-XII əsrlər) əhatə edir. Ədəbiyyat tarixçiliyində ilk dəfə olaraq Azərbaycan yazılı ədəbiyyatı tarixi “Kitabi-Dədə Qorqud”la başlamış, bu ədəbi abidənin şifahi başlanğıc baxımından əhəmiyyəti qeyd olunmaqla bərabər, daha çox yazılı ədəbiyyat olması elmi cəhətdən əsaslandırılmışdır. Azərbaycan xalqının ədəbi fikri sonralar Orxon-Yenisey abidələri kimi nadir ortaq ümumtürk ədəbiyyatı kontekstindən ölkə ədəbiyyatına doğru inkişaf etmişdir. Cilddə qədim Alban yazılı abidələri və Azərbaycanda islamın qəbul edilməsindən sonra VIII-XII əsrlərdə ərəb dilində yazıb-yaratmış azərbaycanlı alim və şairlərin yaradıcılığı, habelə Xətib Təbrizinin elmi-ədəbi irsi araşdırma predmetinə çevrilmişdir. Cildin əsas məzmununu XI-XII əsrlər intibah dövrünün Azərbaycan poeziya məktəbi və onun görkəmli nümayəndələrinin yaradıcılıq xüsusiyyətlərinin təhlili təşkil edir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi, onun “Xəmsə”si möhtəşəm ədəbiyyat hadisəsi kimi təqdim olunur, Nizami ədəbi məktəbinin özünəməxsusluqlarından bəhs edilir.
İkinci cild iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü” (VII-X əsrlər), ikinci hissə “İntibah dövrü Azərbaycan ədəbiyyatı” (XI-XII əsrlər) adlanır. Bu cild ingilis və rus dillərində xülasədən, həmçinin Azərbaycan, türk, rus, avropa, ərəb, fars dillərində ədəbiyyat siyahısından ibarətdir.
Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Azadə Rüstəmova, Qafar Kəndli-Herisçi, Zakir Məmmədov, İmamverdi Həmidov, Nüşabə Araslı, Fəridə Əzizova, Çingiz Sadıqoğlu, Tofiq Hacıyev, Malik Mahmudov, Ülkər Məmmədova, Zakir Məmmədov, Xəlil Hüseynov, Könül Hacıyeva, Nailə Tağıyeva, Akif Əliyev, Leyli Əliyeva, Zəhra Allahverdiyeva, Ruqiyyə Qəmbərqızı, Lalə Əlizadə, Xanəli Babayev, Elnarə Zeynalova, Siracəddin Hacı kimi alimlərin tədqiqatları yer alıb.
Gülnar Səma
İctimaiyyətlə əlaqələr şöbəsi