1. Otuz ildir ədəbiyyatımız dekadans, mənəvi ağrı-böhran-çöküş ovqatından qurtula bilmirdi. Otuz ildir müstəqilliyimizdən, müstəqil dövlət-cəmiyyət-millət olmağımızdan güc alıb da, dadını-ləzzətini axıracan duya, başacan çıxara bilməmişik. Otuz ildən də çoxdur ki, ədəbiyyatımız Qarabağ dərdini canında daşıyan bir xalqın ədəbiyyatı olaraq qalırdı...
Otuz ildən bu yana Azərbaycan ədəbiyyatının bir mövzusu olubdur – Qarabağ müharibəsi. Və onu da axıracan yaza, mətlubini sonacan yoza bilməmişik. Çün məğlubiyyət qorxusu olubdu; bu ana gələndə qələm dayanıb, susubdur. Atəşkəs, I Qarabağ savaşının acıları ilə barışmamışdıq yox!, elə olsaydı, Ali Baş Komandanımız bircə kərə: “Qarabağ Azərbaycandır!” hayqıranda tüm millət bir olub ayağa duramaz, qafilən bu qədər güc, enerji, vulkan püskürəmməzdi. Barışmazlıq ruhu içəridən içimizi yaxıbdı, əlacsızlıq zənciri bayırdan tənimizi sarıbdı. Fəryad poeziyası, haray ədəbiyyatı, Xocalı... qələm dirənməz yerlərə dirənibdi; nədən, niyə, necə yazmışıqsa, haralara çəkmişiksə də gəlib Qarabağda dayanmışıq. Bəzən iç senzurası qoymayıbdır. Acizlik durumu, yaşadığımız əskiklik kompleksi, yarımçıqlıq sindromu psixoloji baryerlər yaradıbdı. Poeziyanın səsi boğuq çıxıbdı. Roman qəhrəmanları içində boğulubdu, hekayə süjetləri çıxmaza düşüb də qurtula bilməyibdi. Çarəsizlikdən taq-taraq-tararaq, poema- dastan yaradıcılığı vərdişlərimizi alıbdı... Bəzən də çöl senzura; dərinlərə enməyin hədləri, cəmiyyət qadağaları. Ədəbiyyatın səbəb axtarışları dolanıb-dolaşıb sosial qatlarda bitibdi, maarifçi aldanışlarda, didaktik təskinliklərdə təsəlli tapıbdı, intizar düşüncələrindən uzağa getməyibdi. Atəşkəs marafonu, barış sevdası hətta hardasa uzaq humanist illüziyalara – pasifist Sülh çağırışlarına çəkib aparıbdı...
Uzun illərdir Azərbaycan ədəbiyyatına idrak, ədəbiyyatımız idraka gəlməyibdir.
2. O gün gəldi! Ən nəhayət yetişdi! Qalibiyyət dəmi. Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı. Qalibiyyət dəmini Zaman gətirdi. Tarixin təkəri diyirlənib qarşımıza çıxardı. Qalibiyyət dastanını 44 gecə-gündüz durmadan Azərbaycan Ordusu, Azərbaycan əskəri yazdı. 44 gün fasiləsiz bir olan, Ali Baş Komandan, Respublika Prezidenti İlham Əliyevin təbirincə: bir dəmir yumruğa dönən Azərbaycan xalqı yazdı. Prezident yozumudur: Birincisi, dəmir yumruğumuz düşmənlərimizin başını əzdi, dünyaya kimin Kim olduğunu göstərdi; ikincisi, birliyimizi, bir olanda yenilməzliyimizi nümayiş etdirdi. Ey türk!, kəndinə gəl, özün olanda sən böyük olursan!
Prezident hər bir cəmiyyətin sifəti, Dövlətin simvoludur; xalqın istəyini, iradəsini, seçimini ifadə edir. 44 gün sərasər Ali Baş Komandanımız millətin baş tacı, ucalığı, qadir gücü, Prezident danışan dilimiz oldu. Prezidentin çıxışları, xalqa müraciətləri, hakim dünyanın hər yerindən tökülüşüb üstümüzə gələn yad həmlələri dürüst, sərrast atəşlərlə susduran müsahibələri yazdı bu Zəfəri. Vay o gündən ki, 44 gün gur-gur Dünyanın ən güc mərkəzlərində gurlayan Səsimiz hardasa qısıla, qısıq çıxa. Görməzikmi-ya üstümüzə necə yeriyirlər... Hər an, yerində, tərəddüd etmədən səslənən Prezident bəyanatları Dünya gücləri arasında Müstəqilliyimizi, onun bunun sözü ilə oturub-durmadığımızı göstərdi, nümayiş etdirdi. Az qala 300 ildir Tarixin üçbucağı üzərinə (son olaraq Anarın “Ağ qoç- qara qoç”unda bu, daha səhihdir: İran-Rusiya-Qərb) Ədəbiyyatın baş sındırdığı “Bəs mənim ölkəmin varlığı hanı?” müəmmasına qələbə Nidaları cavab verdi! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
İdrak dəmi Ədəbiyyata, Ədəbiyyat idrakına qayıtdı...
3. Prezident çıxışları da Ədəbiyyatdır. Sözün gur səsləndiyi, özü olduğu Ədəbiyyat. İctimai şüuru bir nöqtəyə cəmləyən, səfərbər və ifadə edən Ədəbiyyat. Bir analogiya. Diqqət etsək, Amerikan xalqı Öz ədəbiyyat tarixini “Müstəqillik bəyannaməsi”ndən başlayır, B.Franklinin, T.Ceffersonun adı Ədəbiyyata düşür. Daha bir analojini “Şiirle konuşan adam” – çağdaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında filmdən fəhm etdim: “Bu ölkəni tüm hücrələrinə və sinir uclarına qədər anlamanın tək bir yolu vardır – şeirini bilmək. Bu ölkənin ruhunu qavramaq istəyirsizsə, ilk və son durağınız şeir olacaqdır...”. Ani yadımıza salsaq, Əbülfəz Elçibəyin qısa Prezidentlik sürəcinin hansı diskursiv sevinc üzərində gəlib-getdiyini də duya bilərik: “Demişdim ki, bu quruluş dağılacaq...” (Söhbət sovet hakimiyyətindən gedirdi) O da ibrətamiz ki: az qala otuz ildir ədəbiyyatımız Ulu Öndər Heydər Əliyevin 1993-cü il sentyabrın 20-də Akademiya binasında ziyalılarla görüşündə və daha sonra 1997-ci ilin oktyabrında Azərbaycan yazıçılarının X qurultayı günlərindəki sıra çıxışlarında cızdığı mənzərələrdən bircə addım da irəli getməyibdir: “Baxmayaraq ki, indi respublika dağılmış vəziyyətdədir. Təəssüf ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Bəlkə də mən səhv edirəm, lakin Azərbaycan indi təxminən belə vəziyyətdədir...”
Yeni diskursu Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev dilə gətirdi; Vətən müharibəsinin 44 günü ərzində topluma, millətə və dünyaya! – səslənən çıxışları ilə əyan və bəyan etdi. Prezident çıxışları diskursivdir; son otuz ildə gələn-gəlişən prosesləri özündə toplayır, qarmaşıq məsələləri, məqamları, nüansları cəmləyir, ehtiva və izah edir. İntertektstualdır, illərlə söylədiklərini, yəmin etdiklərini, əzəlki çıxışlarını bir-bir birləşdirir, bir edir, vahid mətnə çevirir. İqtisadi, ictimai, siyasi, mədəni, mənəvi sahələrdə gəlişən Gücü nümayiş etdirir. 30 ilin Müstəqilliyinə məna-məzmun verir; onu durduğu yerdən tərpətməyə, irəlilətməyə nail olur.
Prezident çıxışları perseptivdir; bəyan etdiyini əyan edir. İllərlə heç də birmənalı qarşılanmayan “Lazım gəlsə...” ritorikası burda çönüb “Demişdim ki...” məqamına açılır. “Lazım gəlsə...” gəlir, özünü tanıdır və təsdiqlənir. “Demişdim ki...” – nəyi, nə vaxt, necə? əslini tapır, “deyilməyənlər”ə də işıq saçır, yola çıxır... “Nə oldu?!” məqamının təntənələrinə meydan verir.
Prezident çıxışları yeni reallıqlar yaradır, perspektivlər cızır, sabahlara ayna salır. “Bu reallığı biz yaratdıq. Bu reallığı Azərbaycan xalqı yaratdı...” Dəyişən diskurs yerini alır: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Prezident çıxışları Sözə, Ədəbiyyata mötəbərlik qazandırdı.
4. Bəzən elə bilsək də əksinədir, amma yox, Sözün, Ədəbiyyatın necə vardırsa, o cür olmağa qadirsən.
İlin əvvəlində (mart, 2020) şair Arzu Əsədin “Və Nida!” adlı bir kitabı çıxdı (Bakı, Elm və təhsil, 2020). Kitab, adından da göründüyü kimi, Ali Baş Komandanımız Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri bədnam Paşinyana cavab Nitqinin ruhundan yaranmışdı:
Eşitdinmi, duydunmu – püskürmədə o vulkan,
Bir an qulaqlarından əskilməsin o səda.
Bu xalqın nifrətinə, qəzəbinə sıxılan
Əsrlərin bağrından qopub gəldi o “Nida”!
O ruh ki, 44 gün durmadan bizi Qələbəyə qaldırdı, qanadlandırdı, apardı:
Milyonlar ayaqdadır, milyonlar hazır durub,
Milyonlar qurban gedir o günün gəlməsinə.
Azərbaycan – çırpınan əlli milyon NİDADIR
Ali Baş Komandanın bir “Hücum” kəlməsinə!
O ruh ki, xəbis düşməni beşiyindəcə məzara gömür, aqibətini xəbər verirdi:
Bu yaralı torpaqda yallımı oynayırsan,
Qorxmursanmı ahlardan, ey əsrin zavallısı?!
Başının üzərində oynanacaq bir azdan
Uçuşan mərmilərin, raketlərin yallısı!
O ruh ki, yumruq kimi birikən, bir olan Millətin poeziya salnaməsini yazırdı:
Nəsillər gömüləcək, nəsillər doğulacaq,
Keçmiş, bu gün, gələcək – bir nöqtəyə dolacaq.
Ya mənim məzar daşım, ya bayrağım olacaq –
Qarabağın bağrına o Nida qoyulacaq!
Hələ nə iyul hadisələri vardı, nə avqust, nə də 27 sentyabr – Qələbə marşının ilk yaylım atəşi... Kitabdakı şeirlər 44 günlük Zəfər yürüşünün altyapısını əvvəlcədən heyrətamiz ardıcıllıqla cızırdı: “Və Nida!”, “Mən səni sındırdım Lələtəpədə”, “Lələtəpə dastanı”, “Azərbaycan dəyişir”, “Ölkəm əmin əllərdədir”, “Azərbaycanlılar”, “O gecə”, “Didərgin bayatıları”, “Ver, ver bizə zəfəri”, “Dalğalan, bayrağım, dalğalan!”, “Qələbə”...
Kitabda Ali Baş Komandanın təkrarsız obrazı var:
Yaşın o yaşa çatır, damarlarında o qan –
Dönüb keçən yüzilin yetmişlərinə baxsan.
Bundan sonra sən böyük tarix yaradacaqsan!
QƏLƏBƏ – bu möhtəşəm tarixin şah əsəri!
Ver, ver bizə zəfəri!
Ali Baş Komandanın obrazı az qala bütün şeirlərdən, kitabın tüm fəsillərindən keçir. Xalqına xitabən, Dünya kürsülərində(n) Nidalar söylədiyi kimi, Prezident görəvində, tarixi missiyasında, əməllərində görünür:
Elə bil hər tərəfə bir sehirli əl dəyir,
Bu yurdu, bu vətəni başdan-başa süsləyir.
Millətimin haqqıdır bolluq, bərəkət, xeyir,
İl-ildən rəvan gəlir, gün-güzəran dəyişir,
Azərbaycan dəyişir!
Harda Qələbə varsa, məhz ora mübarək imzasını qoyur:
Gəldi o müqəddəs an,
sən Ali Baş Komandan!
Əmrindədir bu yurdun,
bu torpağın ərləri,
Ver, ver bizə zəfəri!
44 günlük Zəfər yürüşündə (“bircə dəfə də geri çəkilmədən”!) biz buna əmin olduq!
Bütün dünya od içində,
ölkəm əmin əllərdədir,
Kim yaşadıb, kim ucaldıb
yenə həmin əllərdədir...
Biz onu – Ali Baş Komandanı Xalqı ilə birgə, Sabaha açılan nəzərlərində(n) görürük:
Biz aqilik, biz zərgərik,
meyarları dəyişirik,
Ürəkləri əridirik –
əyarları dəyişirik.
Yüz illərlə daş kəsilmiş
qəlibləri dağıdırıq.
Şərqdən Qərbə, Qərbdən Şərqə
nur selləri axıdırıq...
Kitabda çağdaş Azərbaycan toplumunun, xalqın obrazı var; Xalq obrazı kitabın tüm fəsillərindən, bütün şeirlərdən keçir.
Qəzəbinə, nifrətinə yığılan xalq,
Bir sevdaya düyümlənən,
bir yumruğa sıxılan xalq
-Dayan! – dedi...
Özünə, keçmişinə, dünəninə sığmayan, artıb-böyüyüb Günə açılan Xalq obrazı:
Cəsarəti, idrakı
nəsillərdən irs alıb,
Səadəti əlində
bir götürüb, bir salıb,
Yıxılıb, qalxıb, durub,
dünənindən dərs alıb,
Addım-addım dəyişir,
insan-insan dəyişir,
Azərbaycan dəyişir!
Dövlətçiliyi ilə qürur duyan, müstəqilliyinə aşina Xalq obrazı:
Bu dövlət bu vətənin,
bu xalqın varlığıdır,
O mənim göz bəbəyim,
düşmənə göz dağıdır.
İndi qeyrət dəmidir,
indi hünər çağıdır –
Dərk edir bu tələbi
qoca, cavan dəyişir,
Azərbaycan dəyişir!
Kitabda milli xarakterin dərki, dərinliyi, əvəzsiz imkanları açılır:
Siz ki, hamıdan gözəl, hamıdan məğrursunuz,
Bədənlərə bürünən bir ilahi nursunuz.
Qəlblərə, ağıllara işıq sovurursunuz,
Azərbaycanlılar, azərbaycanlılar...
Kitabda Xaliqdən gələn bu Xalqın əbədi-əzəli torpaq, Vətən, yurd obrazı var:
Sanırdılar kiçilərsən,
kəsilərsən, bölünərsən,
Əriyərsən, qarışarsan,
Yer üzündən silinərsən,
Bilmədilər sən başqasan,
sən tilsimsən, sən sehirsən,
Zərrə qalsan yenə dönüb
bir dünyaya çevrilərsən...
Kitabda bu dünyanın bitib-tükənməz, əsrarəngiz Azərbaycan nağılı var:
Yığılın, ey zərrələr,
bir işığa yığılın,
Bir ürəyə boşalın,
bir yumruğa sıxılın.
Bitməsin bu dünyanın
Azərbyaycan nağılı,
Azərbaycanlılar,
azərbaycanlılar!
Elə də oldu; yığılıb-yığılıb bir yumruğa sıxılan Azərbaycan varlığı 2016-nın Aprelini və 2020-nin 27 Sentyabrını başlatdı...
Aprel döyüşləri kitabda ümdə yer tutur. Bu, yeni Poeziya salnaməmizin düyün nöqtəsidir:
Lələtəpə – tariximin
sınan, dönən nöqtəsidir,
Azərbaycan varlığının
Yer üzünə diktəsidir!
Lələtəpə – sevdamızı
süsləyəcək zəfər tacı,
Lələtəpə – qalibiyyət
eramızın başlanğıcı!
Ardıyca bütöv bir Aprel ədəbiyyatını gətirir, “28 aprel ədəbiyyatı”na ən nəhayət nöqtə qoya bilmiş Ədəbiyyata ayaq verir:
300 illik zülmün, qəsbin
son saatı, dəqiqəsi, saniyəsi
Lələtəpə zirvəsində
bitdi getdi!
300 illik xəyanətin,
cinayətin təntənəsi
Lələtəpə kölgəsində
itdi getdi!
Bundan sonra düz 300 il
Zaman bizə işləyəcək,
Tarix bizə çalışacaq!
Dünya buna alışacaq...
Kitabda modern müharibə necə olur və Azərbaycan Ordusunun obrazı var:
Zireh dələn, beton dələn,
Məsafədən məsafəyə
Hədəfi tam birdəfəyə
Vuran raket mərmiləri
Silkələyir göyü-yeri.
Modern ölüm dühaları –
Dronları – İHA-ları,
Göy üzünün qorxuları –
Yeni zenit qurğuları,
Uçaqsavar, raketsavar –
Ən modern, son silahlar...
“Lələtəpə dastanı”nı yazan da odur – 4 gün və 44 gün Tarix yazmış müzəffər Ordumuz!
Addımından yer titrəyən,
nərəsindən göy sallanan,
İnsan oğlu idrakının
son gücüylə silahlanan,
Vətən, torpaq sevdalısı
bir müəzzəm, modern ordu
“Bilsin dünya, varlığımla
qoruyacam mən bu yurdu...”
Sonra Günnüt gəldi, İyul gəldi, Sentyabr ədəbiyyatı gəldi. 44 gün sərasər Ədəbiyyat da, “Ədəbiyyat qəzeti” də bir müqəddəs şüara tapındı: “Qarabağ Azərbaycandır və Nida!” Bütöv bir Zəfər ədəbiyyatı yarandı.
Kitabda bayatı nisgili var. Qəsidə, müxəmməs pafosu var. Ağı, mərsiyə acısı da var, Əruz ruhu, Qoşma təntənəsi də var. Kitabda Şəhriyar, Bəxtiyar, Sabir, Hadi, Cavid, Cavad, Müşfiq, S.Rüstəm, R.Rza, X.Rza, M.Araz, Z.Yaqub, Qabil, C.Novruz, R.Rövşən... - hər birindən bir pay, bir not, ahəng, çalar, iz... Kitabda başdan-başa Səməd Vurğun ruhu, nəfəsi yaşayır:
Tarix nələr görmədi,
nə simalar, nə canlar,
Bəşərə güzgü oldu
gəlib keçən zamanlar.
Adam kimi adamlar,
insan oğlu insanlar –
Azərbaycanlılar,
azərbaycanlılar...
Ədəbiyyatımız bu notu tarix boyu yazıbdır; nədən uzaq düşmüşük bəs:
Müharibə aşkardadır,
müharibə gizlindədir,
Kəlmələrin çölündədir,
cümlələrin içindədir.
Sözlər məsum, sözlər dustaq
mənaların girovunda,
Ağla, zamana dirənən
ehtiraslar buxovunda...
Yadlığa, yabançılığa, “modernizmin sədləri”, “qlobalist təfəkkür”, “metafizik sancılardan doğulan absurd dünya”ya Şair etirazı, üsyanı var kitabda:
Dəyərlər necə saxlansın
altında bir mütləq yoxsa,
İnsan nəyə can atsın ki,
üstündə bir Allah yoxsa,
Dünya Xaos girdabında,
içə, dışa bax, görünməz,
Bu tozda, bu tozanaqda,
əlbəttə, Allah görünməz...
1990-nın 20 yanvarından, otuz ilin müstəqillik dərslərindən keçib-gəlir “Və Nida!”:
Qan içində boğulurdu o gecə,
Azadlığım doğulurdu o gecə!
Ədəbiyyatın nədirsə, necədirsə – o cür olmağa qadirsən. “O gecə”dən “Didərgin bayatılar”a, “Lələtəpə dastanı”na və “Qələbə”yə – ağrılardan, səbrlərdən, arzulardan, inamlardan, istəm və (ilahi) əmrlərdən doğmuş “Və Nida!” hələ neçə il öncədən bugünün Zəfərini də necə dürüst ehtizazla xəbər verir:
Ey ulu qələbə, ey ulu zəfər,
ey göz yaşlarını donduran qəhər!
Ey üfüqlərdə gülən istiqbal,
qəlbləri yandıran atəşli xəyal!
İllərdir həsrətindəyəm!
Gəl!
Nə canlar getdilər uğruna,
nə qanlar tökdülər umruna,
yoluna şəhidlər döşədim,
bir ömür gözlədim,
gəl,
çiçəklə, güllə də olsan,
sinəmə sancılan güllə də olsan.
Gəl, şəhid ruhları çağırım,
sonunda mən də
bir köküs dolusu bağırım:
-Qələbə! Qələbə!
Arzu Əsədin “Və Nida!”sı idrak poeziyası əyarıdır. Kitabın rəyçiləri Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca və akademik Nizami Cəfərovdur. Akademik kitaba dəyərli Son söz yazmışdır: “Azərbaycan – çırpınan əlli milyon Nidadır!”
5. Qayıdaq prozaya. Prezident çıxışlarından israrla keçən bir məqam da var – Kürəkçay. Aktuallığını bitirmək bilmir. Kürəkçay dünümüzdə, Kürəkçay Günümüzdə, Kürəkçay 300 sənəmizdə. Şair də deyir: “300 ildir zülmün yaşı!/ 300 ildir haqq savaşı!/ 300 ildi gözləri kor, / dili laldı həqiqətin,/ Buxovunda çırpınırdıq/ kor düyümlü bir lənətin./ Şaxələnib xəyanətin, / cinayətin budaqları,/ Parçalanıb, qəsb edilib / Azərbaycan torpaqları./ Sarayları, məscidləri, / qəbirləri darmadağın/ Ana yurdum İrəvanın,/ Zəngəzurun, Qarabağın./ 300 ildir ölüm, zindan, / sürgün, talan, qırğın, qada;/ Başımıza açılmayan/ nə qaldı ki, bu dünyada?!.”
Bəlkə innən belə ədəbiyyatımızın baş mövzusu elə bu olasıdır – Kürəkçay.
Kürəkçay ədəbiyyatımızda həmişə olubdur. İlyas Əfəndiyevin “Hökmdar və qızı”nda da var, Elçinin “Baş” romanında da... Hətta ilk əsərləri Yusif Vəzirin “İki od arasında” olubdu.
Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanında da bir yer var: Son döyüşdə fürsət bulub çar zabiti Lisaneviç Cavad xanı pusqudan tüfənglə qətlə yetirir. Həmən “...Qatil Lisaneviç ki, bir neçə il sonra Qarabağda İbrahimxəlil xana da beləcə namərdcəsinə əl qaldıracaq, arvad-uşaq demədən vəhşiliklə böyük bir nəsli məhv edəcəkdi...”
Kürəkçay - Sisianovun, Lisaneviçin, yüz il ötəsinə, hər cür “yan”lar – Şaumyanlar, Mikoyanlar, Mirzoyanlar, Makaryanlar, Köçəryanlar əlilə kürəyimə sancılan xəncər. Kürəkçay - düyün düşdüyümüz yer: “300 ildir davam edir / bu xəyanət, bu cinayət...”
Prezident çıxışında Kürəkçay məqamını bir neçə dəfə və net xatırlatdı. Aktuallığını itirmək bilmir. İnnən belə də Ədəbiyyatımızda bir mövzu varsa, varsa, güman, elə bu olasıdır. Çün belə görünür ki, kürəyində Kürəkçayı daşıyan Milləti hələ də, hələ də yaza bilməmişik...
Bəlkə otuz ildir ağlayıb-sısqamaqlıq bəsdir?! 44 günə Tarix yazan Millətin ədəbiyyatı bizə nə deyir? İçinə qısılıb özünü, düzünü, tükənişini ağlayan – indi ya zəlzələdən, ya da sosialdan, – qəhrəmanı yazanda bir gör nələri yazmamışıq! Şahid milləti yazmışıq, söz yox. 44 gün başına mərmilər yağsa da, evindən, elindən dönməyən o İnsanı, bu yanda mərmilər yağır, o yanda allaha təvəkkül, torpağını becərən o kəndlini yaza bilmişikmi? Azərbaycanlılar, azərbaycanlılar... - o sadə, sadəcə insanoğlunun İçindəki gücü görə bilməmişik. Səhidlər tarix yazmış; I Qarabağ savaşından, ardlarınça Tarixi neçə-neçə Şəhid kitablarına köçürmüşük. Sənədli-bioqrafik janrın önəmini heç danmadan, axı Şəhid necə olurlar yazammamışıq. 44 günün tamamında gördük, görə bildik o görünməz Ruh birliyini, Can birliyini, Tən birliyini. Şəhid milləti yazmamışıq. Sənədli janrın ən əvəzsiz nümunələrini nəfəs dərmədən, isti-isti, acı qəhər və sevinc yaşları içrə, böyük qürur və heyrət dolu, öz dillərindən bugün YouTube-da oxuyuruq, onu Azərbaycan əskəri, Vətən müharibəsinin əskər Şəhadəti yazmış. Qələbəni və yenə qələbəni, böyük Qələbənin sirrini yazmaq durur Ədəbiyyatımızın qarşısında...
Dalğalan, bayrağım, dalğalan!
Üstünə ay-ulduz əks edən,
Qoynunda ürəklər rəqs edən
ey sonsuz okean, dalğalan!
Parla, yan!
Köksündə şəhadət nurları parlayan,
cənnətdən bir parçam, dalğalan!
Ruhumun libası,
Bu dünyada geyinəcəyim
kəfənim – son parçam,
Dalğalan!
Ən nəhayət, deyə bilirik: müstəqilliyimizin 30-cu ilində Millət olaraq XXI yüzilə çıxdıq. Dünyanın tüm təlatümləri içrə bunu biz edə bildik. Bunu biz etdik! Nə vaxtdır ədəbiyyatımızın heç kimə rahatlıq verməyən bircəcik dərdinə şayandıq: necə etməli ki, Dünyaya çıxmalı. Azərbaycan Prezidenti az bir zamanda ingilis, ərəb, fransız, alman, ispan, italyan, türk və rus dillərində çıxışlarında, Dünya və Millət dilində bunu etdi.
Milləti yazmaq zamanı gəldi. Milləti yazmalı!
6. Qalxdı, köç eylədi türkman elləri...
T.Mustafayi “Ədəbiyyat söhbəti”ndə hələ Müstəqillik dövrü Ədəbiyyatımızın başlanğıcında, 1990-cı illərdə görünən tendensiyalara, inkişaf perspektivlərinə diqqət çəkir: post-millilik, post-tarix, post-modernlə yanaşı, kökləri dərin, amma irəlisi görünməz daha bir yön – Ümumtürk istiqamətini də müşahidə edirdi (bax: press-Fakt, 15-28 mart 1996; Bakı, Alatoran, 2020, s. 109-111)... Üstündən otuz il ötmüş, otuz ilin ansızın, avanqard, irəliçi de-sentralizə, de-struktiv, de-konstruksion modernizə cəhdlərindən sonra baxıb görürük ki, yerində nə qalmış; Ən ümdəsi, davamlısı, tavanlısı Ən dərində gizlənəni imiş...
Nədən olmasın?! Hələ 1930-cu illər repressiyalarına qədər də ən köklüsü, davamlısı Ümüm-türk olanı olmuş. Hətta marksist bildiyimiz Ə.Nazim, Ə.Abid və digər ədəbiyyatşünas-tənqidçilər də S.Vurğunu, R.Rzanı, M.Rəfilini Nazim Hikmətdən, bilmərrə Qorqudu Qorquddan ayırmırdılar. Bir Millət, iki Dövlət. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Tüm türk və Türkiyə ədəbiyyatı da bu müqavimətdən sıyrılmış. Ən irəlisi, yanımızda olan(ı) İçdə(n) olan(ı) imiş.
O daha tək deyildir
meydanların içində,
Torpağına göz dikən
şeytanların içində.
Bir inam, bir yüksəliş
insanların içində,
Qoca tarix oyanır,
bütün Turan dəyişir.
Azərbaycan dəyişir!
"Ədəbiyyat qəzeti", 2020, 15 dekabr.