Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Müstəqillik dövrü memuar nəsrində Ulu Öndər və Qarabağ - Elnarə Qaragözova

08-06-2023 [ 16:01 ] [ oxunub:384 ]
printerA+ | A-
103499

 

         Azərbaycan ədəbiyyatında memuarlar ilk öncə ayrı-ayrı müəlliflərin əsərlərində, şairlərin fəxriyyələrində, mədhiyyələrində, həbsiyyələrində, mərsiyələrində özlərinin və ya baş­qa­la­rının, xüsusən də müasirlərinin həyat və fəaliyyətlə­ri haqqında kiçik qeydlər şəklində təzahür etmişdir. Bu tipli məlumatlara ədəbiyyat topluları olan təzkirələrdə daha çox rast gəlinir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan aşıq sənətinin vücudnamə şeir şəkli də avtobioqrafik səciyyə daşıyır, burada müəllifin ömrünün bütün  dövrləri əks olunur.

         Azərbaycan ədəbiyyatında ən məhşur memuarlardan biri Cəlil  Məmmədquluzadənin "Xatiratım" əsəridir. Bu əsər Azərbaycan ədəbiyyatında gündəlik janrından memuar janrına keçidin bariz nümunəsidir. Mübhəm, şəxsi qeydləri özündə əks etdirən gündəlikdən fərqli olaraq memuarın müəllifi hadisələrin başqaları tərəfindən oxunacağını nəzərə alaraq yazır və bu həmin janrda qələmini sınayan müəllifdən əlahiddə bacarıq tələb edir. Memuar müəllifi həm xatirələrini, real hadisələri canlı şəkildə ifadə etməli, həm də əsərin ictimailəşəcəyini nəzərə alaraq onu lüzumsuz duyğu və ştrixlərdən islah etməlidir.   

         Müstəqillik dövrünün memuar ədəbiyyatından qırmızı xətlə keçən bir  obraz var:  ümummilli lider Heydər Əliyevin obrazı. Dünya şöhrətli siyasətçinin və xalqının böyük oğlunun xatirələrdə yaşayan real obrazının bədii-publisistik nəsrdə işlənməsi kimi məsuliyyətli və tarixi məqam müstəqillik dövrü ədəbiyyatında Hafiz Paşayevin “Bir səfirin manifesti”, Anarın “Unudulmaz görüşlər”, Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, “Axirət əkini”, Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”, İsa Hüseynovun “Həyatımdan səhifələr”, Vidadi Babanlının “Unutmadığım günlər” əsərləri ilə əbədiləşmişdir. Bu bədii-sənədli nümunələrin hər biri  Heydər Əliyev fenomeni ilə ünsiyyətdən, onun tarix səhnəsindəki fəaliyyətinə şahidlikdən və müstəqil Azərbaycanın qurucusuna olan ehtiramdan yoğrulmuşdur.  

         Qeyd etdiyimiz memuarlar Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazını fiksə etməklə yanaşı ulu öndərin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktının dünyaya qəbul etdirilməsi və yurdumuzun azad olunması uğrunda mübarizəsinin, siyasətinin ştrixlərini əks etdirən tarixi-bədii sənədlər kimi də dəyərlidir. Ümummilli lider Heydər Əliyevin Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışması, dünyada tanınan siyasi xadim kimi avtoriteti ermənilərin Qarabağ arzusuna, “Böyük Ermənistan” xülyasına mane olurdu. Onun bu vəzifələrdən azad olunması daşnaqların əsas məramı və arzusu idi. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması  “erməni arzusu”nun reallaşmasına və Azərbaycan üçün faciəli günlərin başlanğıcına səbəb oldu. Xalq yazıçısı Elçin “Dünya axirət əkini” əsərində həmin dövrü belə xatırlayır: “Yarmarkadan sonra mən Almaniya Demokratik Respublikası Yazıçılar İttifaqının dəvətilə “Drujba narodov” jurnalının baş redaktoru, ədəbiyyatımızın o zamankı İttifaq səviyyəsində tanınmasında müəyyən xidmətləri olan Serqey Baruzdinlə birlikdə Şərqi Berlinə getdim və orada eşitdim ki, Heydər Əliyev Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad olunub.Təkcə elə S. Baruzdinin simasında “sovet cəmiyyəti” deyilən o ictimai əxlaq pozğunluğunun bu hadisəyə necə münasibət bəsləyəcəyi mənim üçün tamam aydın idi: bütün səfər boyu yeri düşdü-düşmədi, mənə və mən iştirak edən məclislərdə başqalarına Heydər Əliyevi şit-şit tərifləyən yazıq Sergey Alekseyeviç birdən-birə 180 dərəcə dəyişdi, onu tənqid etməyə, haqqında şovinist bir istehza ilə danışmağa başladı. Təbii ki, cavabını verirdim və Baruzdin də artıq dünyasını dəyişdiyi üçün bu barədə təfərrüata varmaq istəmirəm, amma məsələ burasındadır ki, onun o gözlənilməz dəyişikliyi küləyin səmt göstəricisi idi. Berlindən qayıdanda gecə Moskvada “Moskva” mehmanxanasına ayaq basarkən ilk gördüyüm dost adam Elmlər Akademiyamızın prezidenti Eldar Salayev oldu və salamsız-kəlamsız ona dediyim sözlər indiyə kimi mənim də yadımdadı, Eldar Salayevin də. Dedim: “– Görəcəksən, birinci ermənilər başlayacaq!..”. Təəssüf ki, belə də oldu.Heydər Əliyev nüfuz sahibi idi və o nüfuz, hətta erməni daşnak irqçiliyinin belə qarşısında bir səddə çevrilmişdi.”

         Heydər Əliyev öz doğma Azərbaycanını hansı təhlükələrin gözlədiyindən xəbərdar idi. Bu səbəbdən respublikaya rəhbərlik etdiyi illərdə vətənin gələcəyi üçün böyük önəm daşıyan, sonrakı onilliklərdə öz bəhrəsini verəcək, müstəqil Azərbaycanın taleyində mühüm rol oyanayacaq addımlar atırdı. Ulu öndərin bu dövrdəki fəaliyyətində Qarabağla bağlı atdığı, gələcəyə hesablanmış addımlar xüsusilə böyük əhəmiyyətə malik idi. Xalq yazıçısı Anar “Qalib gəldi, qalib getdi” əsərində  ümummilli liderin bu aspektdəki fəaliyyətini vurğulayaraq yazır: “Şuşada əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını müəyyənləşdirirdi. Axı 50-ci illərdə Şuşada yeganə iki heykəlin Nelson Stepanyanın və Tevosyanın büstləri olduğunu mən yaxşı xatırlayıram. Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi olduğu illərdə Dağlıq Qarabağda erməni millətçiliyi meyllərinə qarşı çıxarılmış partiya qərarı da yadımdadır. Nə bundan əvvəl, nə sonra erməni millətçiliyi meyllərinə qarşı bu kəskinlikdə partiya qərarı qəbul olunmayıb.”

         1992-ci ildə Qarabağın tacı olan Şuşanı ələ keçirən erməni işğalçıları Vaqif məqbərəsinə qarşı vandalizm aktı icra etmiş, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün heykəllərini güllələmişdilər. Bu vandalizmin əsas səbəbi Heydər Əliyevin Şuşanın milli siması ilə bağlı siyasətinin izini silmək, qədim Azərbaycan şəhərini erməni şəhəri kimi qələmə vermək cəhdi idi.

         2020-ci ildə tarixi ədalət dəmir yumruqla bərpa olundu. Vətən müharibəsində qələbə çalan Azərbaycan Qarabağı erməni tapdağından xilas etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Şuşada ilk bərpa olunan mədəni obyektlərdən biri məhz Molla Pənah Vaqifin məqbərəsi oldu. 30 avqust 2021-ci ildə Şuşada Vaqif poeziya günlərində Vaqifin məqbərəsinin təmirdən sonra  açılışında prezident İlham Əliyevin çıxışı tarixi ədalətin qələbəsi, Heydər Əliyev ideyalarının təntənəsi kimi səsləndi: “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif  Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq.”

         Ümummilli liderin çox sevdiyi doğma Azərbaycanı onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmiş, qüdrətli, dünya miqyasında öz adını tanıdan və inkişaf tempi ilə heyrətləndirən  dövlət  kimi tarixin səhifələrinə öz imzasını atmağa, gələcəyə doğru addımlamağa davam edir!

 

Elnarə Qaragözova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

aparıcı elmi işçisi

e.garagozova.bsu@gmail.com

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR