Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Dəyişməzlik - Elçinin tənqidçi dünyası - Vaqif Yusifli

26-05-2023 [ 11:44 ] [ oxunub:173 ]
printerA+ | A-
103419

Rus yazıçısı A.Tolstoyun belə bir fikri ilə sözə başlamaq istəyirəm. O yazırdı ki: "Tənqidçinin vəzifəsi əsərin əlyazmasını əlinə alıb onun sətirləri arasında gizlənmiş energiyanı aşkara çıxaran rejissorun vəzifəsinə yaxındır". Bu fikir nə dərəcədə doğrudur? Məncə, o mənada doğrudur ki, hər hansı bir professional tənqidçinin məşğul olduğu fəaliyyət sahəsini, o tənqidçinin peşəkarlıq duyğusunu müəyyən mənada açıqlayır. Əlbəttə, tənqidçi rejissor deyil, onun missiyası göstərişdən, mizan və hərəkətlərin, tempin və jestlərin yaradıcı heyət tərəfindən yetirilib-yetirilməməyini izləməkdən ibarət deyil. Lakin tənqidçi yazıçıdan, şairdən fərqli olaraq ədəbi prosesin axarını, istiqamətini təyin və müəyyən etmə səlahiyyətinə malikdir. Daha doğrusu, bu səlahiyyəti rəsmi olaraq heç kəs ona verməsə də, binayi-qədimdən tənqidçi sözü mötəbər sayılmışdır. Elçin Əfəndiyev nəinki görkəmli nasir və dramaturq, həm də tanınmış tənqidçidir.

Ədəbiyyatda "yazıçı tənqidi" deyilən bir anlayış var və əksər yazıçılarımız yeri gəldikcə tənqidi yazılar da qələmə alırlar. Amma Elçinin tənqidçiliyini "yazıçı tənqidi" kimi deyil, professional tənqidçi kimi qiymətləndiririk. O, doğrudan da, ədəbi tənqiddə "rejissorluq" missiyasını uğurla yerinə yetirir. Məsələn, onun 1972-ci ildə yazdığı və o zaman ədəbi ictimaiyyətdə geniş rəy doğuran "Müasir tənqidimiz, vəziyyət və vəzifələr - Azərbaycan ədəbi tənqidi haqqında düşüncələr" məqaləsi (bu məqalə "Drujba narodov" jurnalında çap olunmuş və həmin jurnalın "ilin ən yaxşı məqaləsi" mükafatını almışdır) 60-cı illər Azərbaycan ədəbi tənqidinin mövcud durumunu və tam mənzərəsini aydınlaşdıran çox sanballı bir məqalə idi. Və bu məqalə ona görə əhəmiyyətli deyildi ki, həmin mənzərəni obyektiv və prinsipial tənqidçi mövqeyindən bütün uğurları və kəm-kəsirləri açıb-ağardırdı, həm də ona görə əhəmiyyətli idi ki, "Tənqid necə olmalıdır?" və "Tənqid necə hərəkət etməlidir?" suallarına da doğru-dürüst cavab verirdi.

1981-ci ildə, üstündən 9 il keçəndən sonra Azərbaycan yazıçılarının VII qurultayında ədəbi tənqid haqqında söylədiyi məruzəsi də ("Uman yerdən küsərlər") tənqidin ədəbi prosesdə oynadığı rolu nəzərə çarpdırdı və tənqidin qarşısında bundan sonra hansı vəzifələr durur sualını da aydınlaşdırdı. Başqa bir misal: 1973-cü ildə Elçin "Şeir axını. Nə etməli" adlı məqaləsini yazdı və bu məqalə, doğrudan da, ədəbi aləmdə əks-səda doğurdu. Diqqət yetirilsə, bu məqalədə şeir axınlarının baş alması və bu sarıdan poeziyanın xeyli narahatlıq doğurduğu, Azərbaycan oxucusunun "şeir seli" içərisində itib-batdığı bir neçə səbəblə izah edilirdi. Elçin həmin səbəbləri izah etməklə, nədən və necə yarandığını sübuta yetirməklə kifayətlənmir, eyni zamanda "profilaktik" tədbirlərə də ehtiyac olduğunu vurğulayırdı. Yəni, necə etmək ki, "Azərbaycan xalqı şair xalqdır" ifadəsi estetik zövqümüzün korşalmasına, hiss və həyəcanlarımızın kasıblaşmasına gətirib çıxarmasın? Təbii ki, bir çox həyəcanlı suallardan və nidalardan ibarət olan bu məqalədə Elçin əsl tənqidçi emosionallığını nümayiş etdirir. "Müasir tənqidimiz. Vəziyyət və vəzifələri" adlı məqaləsində Elçin yazırdı: "Emosionallıqla analitikliyin vəhdəti - ədəbi tənqidimizin əsl yolu bundadır".

Elçinin tənqidi onun bu fikrinə tam haqq qazandırır: əlbəttə, biz bunu qətiyyən onun bədii nəsri ilə əlaqələndirmək fikrində deyilik. Elçinin nəsri emosionallığı ilə seçilir - doğru, amma biz onun tənqidini bədii nəsrindən gələn xüsusiyyətlərlə izah etmək fikrində deyilik, çünki tənqidin öz spesifik xüsusiyyətləri var. Ustad Kamal Talıbzadə Elçinin "Tənqid və ədəbiyyatımızın problemləri" kitabına yazdığı ön sözdə qeyd edirdi ki: "Elçinin öz yazı tərzi, orijinal üslubu, təhlil manerası vardır, elmi-nəzəri ricətləri sevir, publisistikaya xüsusi meyil göstərir, hətta ayrı-ayrı sözlərdən belə sərbəst istifadə edir və bütün bunlar bilavasitə tənqidin üslubu ilə bağlıdır. Elmi-nəzəri səviyyə, dünya ədəbiyyatına, klassik Azərbaycan ədəbiyyatına, fəlsəfi, estetik fikrimizə, bir çox qaynaqlara, mənbələrə bələdlik yoxsa bütün bunlarla bir sırada orijinal düşüncələri, sərbəst mühakimə qabiliyyəti yoxsa hətta ən cəzbedici üslubda qurama təsiri bağışlayacaq".

Tənqidçinin də özünəməxsus üslubu olur, bunu onun yazı tərzindən tutmuş, düşüncə tərzinə qədər müşahidə etmək olar, məsələn, "tənqidimizin vicdanı" adlandırılan Məmməd Arifin deyim-ifadə tərzi ilk baxışda anlaşıqlıdır, sadə təsir bağışlayır, amma onun ədəbiyyatı dərindən duyması, hər bir ədəbi hadisəyə ən obyektiv meyarla yanaşması bu ustad tənqidçinin üslubunu müəyyənləşdirirdi. Məmməd Cəfərin tənqidçi üslubuna gəldikdə isə Elçinin tərtibçisi və redaktoru olduğu "Fikrin karvanı" toplusunda ona həsr etdiyi elmi oçerkdən çıxış edirəm. Elçin yazır: "Məmməd Cəfər qələmində ...biz ən incə mətləbləri dəqiq görmək və göstərmək, fikri sərbəst ifadə etmək kimi cəhətlərlə bərabər, bu fikirlərdə, "görmək və göstərcəklərdə" təbii və ardıcıl bir məntiq də müşahidə edirik ki, bu da Məmməd Cəfər qələminin qiymətli xüsusiyyətlərindən biridir". Mehdi Hüseynin tənqidçi üslubu isə istər sırf ədəbiyyat söhbəti olsun, istərsə də marksist tənqidçi mövqeyindən cəsarətli fikirlər üzərində köklənmişdi. Yaşar Qarayevin tənqidçi üslubunu isə ədəbiyyatdan fəlsəfəyə və fəlsəfədən ədəbiyyata doğru rasional bir baxış təyin edir... Məmməd Cəfərdən sonra fəlsəfə ilə ədəbiyyatın müştərək bir mövqedə təyinedici funksiya daşıması Yaşar Qarayevin üslubunun səciyyəvi xüsusiyyətidir. Bundan sonra filosof-tənqidçi adlandırılan Asif Əfəndiyevin üslubu gəlir, o, birmənalı şəkildə hər hansı bir fəlsəfi müddəanı əsas götürüb ədəbi əsərləri qiymətləndirməyə çalışırdı, dünya filosoflarının ədəbiyyat haqqında fikirləri ilə oxucuları tanış edirdi. Amma onu da qeyd edək ki, Asif Əfəndiyev esse janrını tənqidə gətirdi və o, öz emosional yazıları ilə tənqidə oxucuların maraq dairəsini genişləndirdi.

Elçinin bir tənqidçi kimi səciyyəsi, özünəməxsusluğu haqqında Kamal Talıbzadənin mülahizələrinə bir neçə əlavəmiz var: 1. Elçin bir tənqidçi kimi ədəbi prosesin  bütün istiqamətlərinə, hər bir guşəsinə yaxşı bələddir, o, ədəbi nəsillərin yaradıcılığını diqqətlə izləyir və istər nəsr, istər poeziya, istərsə də ədəbi tənqidin özü olsun, heç bir hadisəni kənardan seyr eləmir. Ədəbiyyata bu dərəcədə geniş anlamda yanaşmağın nəticəsidir ki, o, eyni şövqlə Azərbaycan uşaq ədəbiyyatı haqqında söz deyir - uğurları və kəm-kəsirləri qeyd edir, tənqidin nisbətən az toxunulan metodoloji problemlərindən söz açır, poeziyamızın bəzi yaradıcılıq problemlərindən danışır, nəsrimizin və poeziyamızın sənətkarlıq məsələlərinə diqqət yetirir.

2. Elçinin tənqidçi kimi fəaliyyəti tənqidin bütün janrlarını əhatə edir. Problem məqalələr, ədəbi portretlər, icmallar, resenziyalar, məktublar, esselər... Xüsusilə, onun ədəbi portret janrında V.Şekspir, M.Müşfiq, M.Arif, M.Cəfər, R.Rza, C.Cəfərov, M.Gülgün, E.Borçalı, F.Sadıq haqqında oçerkləri ədəbi şəxsiyyətlərin Elçin qələmində yaradıcılıq ömürlərini işıqlandırır. Mən burada Elçinin akademik, böyük tənqidçimiz Məmməd Arif haqqında qələmə aldığı "Dəyişməzlik" yazısını xüsusilə fərqləndirmək istəyirəm. Məmməd Arif tənqidinə xas olan əsas cəhətləri Elçin bu yazıda çox dəqiq şəkildə aydınlaşdırır, məqalənin lap başlanğıcında yazıçı fəhmi ilə seçib ayırdığı bir detalı, bu kiçik, "mikroskopik" nöqtəni açıb pardaqlamaqla məşğul olur. Elçinin tənqidi yazılarında birbaşa müraciət üsuluna da rast gəlirik. "Quyu" müəllifinə - İsi Məlikzadəyə açıq məktub yazır, bir povestin və onun obrazlarının qarşılıqlı münasibətlərini şərh edir, yazır ki: "Sizin povestiniz bir daha sübut edir ki, məxsusi bədii-estetik boyalarla - yeni keyfiyyətli təhkiyə, orijinal təsvir vasitələri ilə dövrün mürəkkəb ictimai-əxlaqi problemlərini qaldıran və həll edən "altmışıncı illər nəsri", doğrudan da, elə bir yetkinlik dövrünə gəlib çatmışdır ki, ən uca tribunalardan belə, özünü ifadə və təsdiq edə biləcək bədii qüdrətə malikdir". Məncə, Elçinin bir tənqidçi kimi önəmli cəhətlərindən biri budur ki, onun ədəbiyyata sevgisi məhdud dairədə məhdudlaşmır və bu sevgi "Kitabi-Dədə Qorqud"a, aşıq poeziyasına, "Molla Nəsrəddin" işığına, Üzeyir Hacıbəyova, Nəriman Nərimanova, Məhəmməd Əmin Rəsulzadəyə, Hüseyn Cavidə, Cəfər Cabbarlıya, Yusif Vəzir Çəmənzəminliyə qədər böyük bir yol keçir. Elçin Fikrət Sadığı bir şair kimi yüksək qiymətləndirir, onun yaradıcılığından inamla danışır - bu da milli poeziyaya sevgisinin konkret bir ifadəsidir. Sabir Süleymanovu - haqqında çox az danışılan bu mərhum yazıçını xatırlayır, onun povestlərini təhlil edir. Əliağa Kürçaylını "Ay işığı"nda yad edir, onun qızı Ülkərin intiharına acıyır, Yaşar Qarayevin bir tənqidçi kimi obrazını yaradır. Bu tipli yazıların sayı az deyil.

3. Elçin polemikanı çox sevir. Yəni, onun tənqidini polemikasız təsəvvür etmək mümkün deyildir. Vilayət Quliyev haqlıdır ki: "Elçin bilavasitə ədəbi prosesin mərkəzində dayanan və çox güman ki, buna görə də həmin ədəbi prosesin yönü, istiqaməti, gələcəyi üçün hamıdan çox narahatlıq keçirən sənətkarlarımızdandır. Onun məqalələrindəki yerinə düşən sərtlik, tənqidi pafos, polemikaya meyil də məhz bu narahatlıq duyğusundan, yalnız bir fərdin, bir nəslin deyil, bütöv bir ədəbiyyatın taleyi üçün yaranan məsuliyyət hissindən irəli gəlir". Amma Elçinin polemikası bəzən sərt, ifrat şəkildə diqqəti cəlb etsə də, şəxsi-qərəzçilikdən, qisas hissindən uzaqdır. Yalnız və yalnız böyük ədəbiyyatın inkişafına xidmət edir, hansı bir mübahisəli məsələyəsə aydınlıq gətirir, qaranlıq görünən və izahına ehtiyac duyulan hansısa problemin üzərinə işıq salır. Və başlıcası, öz fikir və mülahizələrini sübuta yetirməyə kifayət qədər hazırlığı, tənqidçi təfəkkürü ilə qoşulur.

4. Fransız yazarı Jül Renarın belə bir sözü var: "Tənqidçi öz rotasına atəş açan əsgərdir". Əlbəttə, mən tənqidçini öz rotasına atəş açan əsgər kimi düşünmürəm. Amma tənqidçi ədəbiyyatdakı kəm-kəsirləri, açıq-aşkar nəzərə çarpan və ədəbiyyatın inkişafına mane olan nöqsanları gizlətməməlidir. Elçin hələ 1981-ci ildə Azərbaycan yazıçılarının VII qurultayında tənqid haqqında məruzə (bu məruzə əsasında "Uman yerdən küsərlər" məqaləsi ərsəyə gəlmişdir) etmişdir. İndi deyə bilərsiniz ki, 42 il bundan qabaq qurultayın tribunasından səslənən tənqidlərin bu günə dəxli varmı? Çox təəssüf ki, o qüsurlar, o kəm-kəsirlər indi də bu və ya başqa şəkildə davam edir. Baxın: "Bizdə tənqid çox yazılır, hətta deyərdik ki, həddindən artıq yazılır və çox da çap olunur. Bir tərəfdən bu yaxşıdır, mətbuatımız yeni kitabları izləməyə, təbliğ eləməyə çalışır, lakin ikinci tərəfdən, belə məqalə və resenziyalar pisdir, çünki burada kəmiyyət tamamilə keyfiyyətin hesabınadır. Bu məqalələr çox zaman ümumi və məlum həqiqətlərin təkrarından, bayağı təriflərdən ibarətdir. Yenə baxın: "Sönük məqalələr və resenziyalar axınında yubiley məqalələri xüsusi yer tutur və bu zaman bir sıra hallarda bədii meyarlar aşağı düşür, yaxşı ilə yamanın fərqi itir. Yenə bir baxış: "Bizdə ayrı-ayrı əsərlərin yüksək səviyyəli təhlili var, lakin ədəbiyyatımızın kardinal problemlərinin, ədəbi prosesdəki təmayüllərin elmi təhlili, demək olar ki, yoxdur". O məqalə əksərən tənqid üzərində qurulub və Elçinin digər məqalələrində də belə tənqidlərə rast gəlirik.

5. Elçin o tənqidçilərdəndir ki, həmişə ədəbiyyatın bu və ya digər problemi ilə bağlı ilk həyəcan təbili - "SOS" siqnalı ilə ədəbi prosesdə bir canlanma yaradır. Lap sonuncu "SOS" siqnallarından birini xatırlayaq - "Azərbaycan ədəbi prosesində nələr baş verir". Məqalə belə başlayır: "Bu gün ədəbiyyatımızın bir küll halında zəif yeri, çatışmazlığı, mənim fikrimcə, mövzu yeksənəqliyidir və ən qəribəsi budur ki, həmin yeknəsəqlik, misal üçün, əgər poeziyanı şərti olaraq iki yerə ayırsaq - istedadlı poeziya (ədəbiyyatın yaratdığı) və istedadsız poeziya (anti-ədəbiyyatın yaratdığı) - bu yeknəsəqlik hər ikisində özünü göstərir".

Elçinin "Sosializm realizmi bizə nə verdi?" monoqrafiyasına gəlincə, bu, həm tənqidin, həm də ədəbiyyatşünaslığın son illərdəki uğuru sayıla bilər. Bu monoqrafiya yetmiş illik sovet dövrü ədəbiyyatı haqqında dolğun bir təsəvvür yaradır. Ədəbiyyat tariximizin yetmiş illik bir dövrünü sosrealizm problemi işığında izləmək, qazandıqlarımızın və itirdiklərimizin nədən ibarət olduğunu yəqin etmək bizim üçün çox faydalıdır. Bu gün bəziləri sosrealizmi tamamilə inkar edir və bu ədəbi cərəyan haqqında birtərəfli və yanlış mövqe tuturlar. Ancaq sosrealizm ədəbi-tarixi faktdır və lazımdır ki, ədəbiyyat tarixlərimizdə bu fakt olduğu kimi izah edilsin, necə ki, Elçin izah edir.

Son söz: Elçin müəllimi 1975-ci ildən tanıyıram. Mən həmin ildə Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olundum, bu zaman o, institutdan - "Ədəbiyyat nəzəriyyəsi" şöbəsindən ayrılmışdı, artıq Yazıçılar İttifaqının katibi idi. Mən namizədlik dissertasiyamı başa çatdırdım ("Müasir Azərbaycan nəsrində konflikt və xarakter"). Elçin mənim opponentim oldu. Dissertasiyanı ona təqdim etdim. Sözü bu oldu ki, əgər bu dissertasiya xoşuma gəlsə, yəni, qoyulan problemi elmi cəhətdən həll edə bilsən, yazdığım rəyi sənin müdafiəndən əvvəl "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirəcəyəm. Elə də oldu. Sonralar Elçin müəllimin yaradıcılığı ilə bağlı məqalələr yazdım. Qardaşım Cavanşir Yusifli ilə birgə Elçinin yaradıcılığını əks etdirən "Bu nə sehrdir belə" monoqrafiyasını yazdıq. Bu, Elçin yaradıcılığı ilə bağlı ilk monoqrafiya idi. Elçin müəllim mənim bir kitabıma da ön söz yazıb və məni "Tənqidimizin zəhmətkeşi" adlandırıb. O, mənim Yazıçılar İttifaqına üzv keçməyimi təmin edib, iki zəmanətdən biri onunku idi. Təkcə mənə yox, çox adama qayğısını əsirgəməyib. 

Elçin heç dəyişməyib, 45 il əvvəl gördüyüm Elçinlə indi 80 yaşlı Elçin dəyişməzdir, İnsan kimi, Yazıçı kimi...