“Formaca milli, məzmunca sosialist” insan yetişdirməyə yönəlik ideoloji təsir mexanizmindən kənara çıxmaq lazımdır
Bakı, 25 sentyabr, AZƏRTAC
Universitetlər üçün müasir dövrün tələblərinə cavab verən dərsliklərin yazılması çox mühüm və vacib məsələlərdəndir. Bu, xüsusən humanitar fənlər, o cümlədən ədəbiyyat üçün aktualdır. 35 ildir ki, müstəqilliyimiz elan olunub. Sovet ideologiyası və hakimiyyətinin milli və dünya ədəbiyyatı ilə bağlı yasaq qoyduğu mövzuları indi çox rahat tədris edə bilərik. Eyni zamanda, “formaca milli, məzmunca sosialist” insan yetişdirməyə yönəlik ideoloji təsir mexanizmindən kənara çıxmaq lazımdır. Çox təəssüf ki, hələ də bu çərçivələrlə rastlaşma halları müşahidə olunur. Bunun ən başlıca səbəbi odur ki, humanitar sahə zəngin məlumatları əhatə edir və əvvəlki çərçivəni dağıtmaq yeni faktlardan çıxış etmək, onların nəzəri analizini vermək zərurəti yaradır. Bu isə ciddi və ağır zəhmətdir.
Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd ali təhsil müəssisələrində ədəbiyyat fənninin tədrisində problemlərdən danışarkən deyib.
Əksər universitetlərdə qədim dövr ədəbiyyatı sovet qadağalarına uyğun tədris olunur
Yeni dərsliklərin yazılması üçün AMEA və universitetlərin birgə fəaliyyətinə ehtiyac var. Kimsə etiraz etməz ki, müstəqillik dövründə AMEA-da çox ciddi tədqiqatlar aparılıb. Ədəbiyyat tariximizin yenidən dövrləşdirilməsinin nəzəriyyəsi və tətbiqi gerçəkləşib. Universitet tələbələrinin isə demək olar ki, bundan xəbəri yoxdur. Əksər universitetlərdə qədim dövr ədəbiyyatı anlayışı sovet qadağalarına uyğun tədris olunur, orta əsrlərin tədrisində sufizmə qarşı ehtiyatlılıq, XIX əsrin yalnız maarifçi realizm üzərində qurulması ənənəsi davam edir. XX əsrin ilk onilliklərinin dünya ədəbiyyatı və milli intibah kontekstində öyrənilməsi, sovet ədəbiyyatının sənətkarlıq və ideologiya münasibətlərində yaşadığı ziddiyyətlər, formalaşdırdığı özünəməxsus poetika lazımi səviyyədə tələbələrə mənimsədilmir.
Tələbələr dərslik tapmaqda çətinlik çəkirlər
Tələbələr dərslik tapmaqda çətinlik çəkir. Onlara Elmlər Akademiyasının son illərdə çap olunan ədəbiyyat tarixləri dərslik kimi tövsiyə olunanda başqa bir problem üzə çıxır. Akademik tədqiqata əsaslanan ədəbiyyat tarixləri bəzən məlumat genişliyi ilə tələbəni yorur. Onlar oradan özləri üçün zəruri məlumatı seçməkdə çətinlik çəkirlər.
İnternet resursları da dərs hazırlığı üçün bir o qədər də əlverişli deyil. İnternetdə elmi təhlil və doğru faktlarla bərabər, çox vaxt yanlış məlumat və subyektiv təhlillərə də yol verilir. Bu halda tələbə yanlış və doğrunu seçməkdə çətinlik yaşayır. Bir universitetdə yazılan dərslikdən başqa bir universitetin xəbəri olmur. Yeni yazılan dərsliklər geniş müzakirə olunmalı, onların uğur və kəsirləri, yenilikləri, faydaları üzə çıxarılmalıdır.
Zəruri addımlar
Ali təhsildə ədəbiyyatın tədrisini müasirlik və müstəqillik dünyagörüşü səviyyəsinə gətirmək, dərslik və tələbə ünsiyyətinin psixoloji baryerini aradan qaldırmaq üçün bir sıra zəruri addımların atılması vacibdir:
-Tədris proqramlarında nəzərdə tutulan mövzular müzakirə və koordinasiya olunmalıdır;
-Tədrisin əsas layihəsi proqramdır və proqramlar keçən əsrin birinci yarısının çərçivələrindən çıxmalıdır;
-AMEA-nın tədqiqatlarının nəticələri dərsliklərdə nəzərə alınmalıdır. Dərsliklərin yazılmasında AMEA və universitetlər birgə fəaliyyət göstərməlidir;
-Alternativ dərsliklər yazılmalı, onların elmi səviyyəsi və tədris üçün nə dərəcədə əlverişli olması, praktiki təsir imkanları nəzərə alınmalıdır;
-Dərs vəsaitlərinin sayı çoxaldılmalıdır;
-Universitetlərarası münasibətlər və əlaqələr gücləndirilməlidir.
AMEA-nın əməkdaşı və universitetdə ədəbiyyat fənnini tədris edən bir professor kimi qarşılaşdığım mənzərədən çıxış edərək bu qənaətə gəlirəm. Ədəbiyyatşünas alimlərin, pedaqoqların bir araya gələrək tədris proqramlarını və dərslikləri müzakirə etmələrinə, birgə fəaliyyət göstərmələrinə ciddi ehtiyac var.
Aynur Yusifova