Məlumdur ki, sovet dövründə mövcud olmuş ideoloji-siyasi yasaqlar Azərbaycan siyasi mühacirətinin zəngin ədəbi-elmi irsini araşdırmağa imkan verməmiş, bu irslə nəinki kütləvi oxucu, heç Azərbaycan ədəbiyyatı tarixi problemləri ilə məşğul olan mütəxəssislərin mütləq əksəriyyəti də tanış ola bilməmişdir.
1991-ci il aprelin 1-dən 6-dək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun (indiki Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu), Azərbaycan Yazıçılar Birliyinin, «Vətən» Cəmiyyətinin, Azərbaycan Milli Yaradıcılıq Qurumunun və Ankaradakı Azərbaycan Kültür Dərnəyinin Bakıda birgə təşkil etdikləri «Azərbaycan mühacirət ədəbiyyatı» Beynəlxalq elmi simpoziumu bu istiqamətdə araşdırmalara müəyyən təkan verdi. Simpoziumda Azərbaycan mühacirət ədəbiyyatının və ədəbi-elmi fikrinin bir sıra görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı məruzələr oxundu, müzakirələr keçirildi. Əsasən tanıtma xarakteri daşıyan həmin məruzələr ədəbi-elmi ictimaiyyətin diqqətinin bu mövzuya yönəldilməsi, sözügedən istiqamətdə araşdırmaların aktuallığının və zəruriliyinin əsaslandırılması baxımından dövrü üçün olduqca əhəmiyyətli idi.
Simpoziumdan bir neçə ay sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası humanitar və ictimai elmlər qarşısında yeni inkişaf perspektivləri açmış, sovet dövründə ideoloji-siyasi mülahizələrlə yasaq olunmuş bir sıra mövzuların obyektiv araşdırılması üçün münbit şərait yaratmışdır. Nəticədə Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri və tədqiqi istiqamətində bir sıra diqqətəlayiq işlər görülmüşdür. Biz həmin işlərin böyük əksəriyyətindən müxtəlif məqalə və monoqrafiyalarımızda ətraflı bəhs etdiyimizdən, burada üzərində dayanmırıq. Bununla belə, Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, araşdırılması və təbliği yönündə görüləsi işlər yetərincədir. Məhz bu zərurət Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin yaradılmasını şərtləndirmişdir. Şöbə 2013-cü il iyulun 16-dan müvəqqəti struktur vahidi kimi fəaliyyətə başlamış, Azərbaycan MEA Rəyasət Heyətinin 17 noyabr 2013-cü il tarixli qərarı ilə daimi struktur vahidinə çevrilmişdir. Şöbənin qarşısında duran əsas vəzifə mühacirət ədəbiyyatımızın sistemli şəkildə toplanılmasının davam etdirilməsindən və həmin zəngin ədəbi-elmi irsin nəşr və tədqiq edilərək Azərbaycan xalqına çatdırılmasından ibarətdir.
On il tarix üçün bir andır. Bəlkə də anın onda biridir, bəlkə də yüzdə biri. Bu müddət ərzində şöbə təşkilatlanma mərhələsinin obyektiv çətinliklərini dəf edə-edə azsaylı kadr potensialı və məhdud maddi imkanlarla mühacirət ədəbiyyatımızın toplanılması, nəşri, tədqiqi və təbliği yönündə bir sıra diqqətəlayiq uğurlar qazanıb.
On illik fəaliyyət dövründə şöbə əməkdaşlarının 5 kitabı (Nikpur Cabbarlının «Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri» (Bakı: Təhsil, 2014), «Azərbaycan mühacirət poeziyası» (Bakı: Elm və təhsil, 2014), «Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» (Bakı: Elm və təhsil, 2015), Abid Tahirlinin «Ceyhun Hacıbəylinin həyatı və yaradıcılığı» (Bakı: Elm və təhsil, 2019), «Məhəmməd Altunbayın həyatı və yaradıcılığı» (Bakı: Xəzər Universiteti nəşriyyatı, 2023), 250-dən artıq elmi və elmi-publisistik məqaləsi (o cümlədən xarici elmi jurnallarda 8 məqalə) çapdan çıxıb.
Azərbaycan Respublikası Prezidentinin uyğun sərəncamlarına əsasən, Məhəmməd Əmin Rəsulzadənin 130, Əli bəy Hüseynzadənin 150, Ceyhun Hacıbəylinin 125, Əhməd Ağaoğlunun 150 illik yubileyləri ilə əlaqədar olaraq, bir sıra elmi və elmi-təşkilati tədbirlər həyata keçirilmişdir.
2016-cı il oktyabrın 10-11-də şöbənin təşkilatçılığı ilə keçirilmiş «Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr» mövzusunda II Beynəlxalq elmi konfrans da milli mühacirətşünaslığımızın son illərdəki diqqətəlayiq uğurlarındandır. 1991-ci ildə Bakıda keçirilmiş ilk simpoziumdan 25 il sonra baş tutan bu tədbir, eyni zamanda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən tədbirlər silsiləsinin tərkib hissəsi kimi düşünülmüşdü. Beynəlxalq standartlar səviyyəsində keçirilən konfransda Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, tədqiqi, təbliği və tədrisi ilə bağlı aktual problemlərə həsr olunmuş məruzələr dinlənilmiş, səmərəli müzakirələr olmuşdur. Konfransın ikinci günü «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar seriyasının «Məhəmməd Əmin Rəsulzadə» cildinin təqdimat mərasimi də keçirilmişdir.
Heç şübhəsiz, sözügedən konfrans Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri baxımından əhəmiyyətli olmuşdur. Belə ki, konfransda müstəqillik illərində bu istiqamətdə görülmüş işlər təhlil edilmiş, sahənin uğurları və problemləri təsbit olunmuş, qarşıda duran vəzifələr dəqiqləşdirilmişdir.
Mühacirətşünaslığın ədəbiyyat tarixçiliyi yönünün inkişaf etdirilməsi, Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı görkəmli nümayəndələrinin həyat və yaradıcılıq yolunu dolğun əks etdirən portret-monoqrafiyaların hazırlanması qarşımızda duran başlıca vəzifələrdəndir. Ceyhun Hacıbəyli və Məhəmməd Altunbayın həyatı və yaradıcılığı ilə bağlı monoqrafiyalar artıq işıq üzü görmüşdür. İlin sonunadək Şahbaz Şamıoğlunun (Musayev) «Əhməd Ağaoğlunun həyat və yaradıcılıq yolu» monoqrafiyasının tamamlanması nəzərdə tutulur. Yaxın illərdə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Abay Dağlı barədə də bu tipli monoqrafiyaların nəşri planlaşdırılır.
Bundan başqa, həyatı və yaradıcılığının böyük bir dövrü mühacirətlə bağlı olan Əli bəy Hüseynzadəyə həsr olunmuş «Böyük ədib və mütəfəkkir» məqalələr toplusunun hazırlanıb nəşr edilməsi də Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin həyata keçirdiyi əhəmiyyətli layihələrdəndir.
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» 16 may 2017-ci il, «2018-ci ilin Azərbaycan Respublikasında «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi haqqında» 10 yanvar 2018-ci il, «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» 18 yanvar 2018-ci il və «Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında» 5 yanvar 2022-ci il tarixli Sərəncamlarının icrası ilə əlaqədar olaraq, şöbədə bir sıra işlər (məqalə çapı, beynəlxalq elmi konfranslarda məruzə, kitab təqdimatı və s.) yerinə yetirilmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsinə şöbə əməkdaşlarının təqdim etdikləri «Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri» mövzusunda kompleks elmi tədqiqat layihəsi 2016-cı ilin oktyabrında qalib elan olunmuş və onun icrası 2 il ərzində (1 aprel 2017 − 1 aprel 2019) gerçəkləşdirilmişdir. Layihə çərçivəsində Azərbaycan mühacirət ədəbiyyatının müxtəlif janrlarına (poeziya, nəsr, dramaturgiya, ədəbiyyatşünaslıq) və nəzəri problemlərinə dair araşdırmalar aparılmışdır. Layihə üzrə araşdırmaların yekunu kimi 20 məqalə, 3 monoqrafiya hazırlanmış, 18 məqalə dərc edilmiş, 1 monoqrafiya – (Şahbaz Şamıoğlu (Musayev). Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq. Bakı: Elm və təhsil, 2023, 332 s.) artıq çapdan çıxmış, digər 2 monoqrafiya isə maliyyə vəsaiti tapılan kimi nəşr ediləcəkdir.
***
Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi sahəsində işlərin intensivliyinə mane olan başlıca səbəblərdən biri, bəlkə də birincisi bu ədəbiyyatın mətnlərinin böyük əksəriyyətinin biblioqrafik nadirəyə çevrilməsi, bir qisminin isə avtoqraf və əlyazması halında, qeyri-mətbu statusda diqqətdən kənarda qalmasıdır. Dünyanın müxtəlif kitabxana və arxivlərində (o cümlədən şəxsi) mühafizə edilən yüzlərlə kitab, qəzet və dərginin səhifələrinə səpələnmiş həmin mətnləri əldə etmək araşdırmaçılar üçün heç də asan deyildir. Bu problemi əhəmiyyətli dərəcədə çözmək məqsədilə Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» seriyasından silsilə kitabların nəşrinə başlamışdır. Bu seriya İnstitutun vəsatətinə əsasən, Azərbaycan MEA Rəyasət Heyətinin 21 aprel 2010-cu il tarixli 10/16 №-li qərarı ilə təsis edilmiş, nəşrin Beynəlxalq Redaksiya Heyəti təsdiq olunmuşdur. Lakin bir sıra obyektiv və subyektiv məqamlar uzun müddət sözügedən seriyanın nəşri istiqamətində əməli addımlar atılmasına imkan verməmişdir. Yalnız İnstitutda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin fəaliyyətə başlaması ilə XX əsr ədəbiyyatımızın bu zəngin qolunun tədqiqi və nəşrə hazırlanması yönündə işlər geniş vüsət almışdır.
Azərbaycan MEA Rəyasət Heyətinin 11 dekabr 2013-cü il tarixli 24/7 №-li qərarı ilə «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» seriyasının nüfuzunun yüksəldilməsi, akademik bazalarda təmsilçiliyi və beynəlxalq elmi ictimaiyyətə tanıdılması məqsədilə, eləcə də iki üzvünün vəfatı ilə əlaqədar olaraq, nəşrin Redaksiya Heyəti yeni tərkibdə təsdiq edilmişdir.
Seriyanın, ilkin olaraq, 25 cilddə nəşri planlaşdırılır. Cildlərin əsasını Azərbaycan, Türkiyə, Almaniya, Fransa və Polşanın müxtəlif kitabxana və arxivlərindən, şəxsi fondlardan toplanmış mətbu və qeyri-mətbu əsərlər təşkil edir. Bu əsərlərin böyük əksəriyyəti ilə Azərbaycanın geniş oxucu kütləsi ilk dəfə tanış olacaqdır. Artıq həmin seriyadan 6 kitab − M.Ə.Rəsulzadə. «Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr», Ceyhun Hacıbəylinin «Seçilmiş əsərləri», Səlim Rəfiq Rəfioğlunun «Füzuli» araşdırması, Teymur Atəşlinin «Seçilmiş əsərləri», Alazan Baycanın «Əsərləri» və Süleyman Təkinərin «Seçilmiş əsərləri» işıq üzü görmüşdür. Sahə mütəxəssisləri, mühacirət problemi ilə maraqlananlar bu cildləri rəğbətlə qarşılamışlar. Yaxın illərdə bu seriyadan Mirzə Bala Məhəmmədzadə, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), Əbdülvahab Yurdsevər, Abay Dağlı, Məhəmməd Sadıq Aran və b. mühacir yazarların ədəbi-elmi irsini əhatə edən növbəti cildlərin çapı planlaşdırılır.
İnanırıq ki, sözügedən seriyada nəşr ediləcək kitablar ədəbi-elmi ictimaiyyətin rəğbətini qazanacaq, ölkəmizdə mühacirət irsinə marağı artıracaq, milli mühacirətşünaslığın inkişafında əhəmiyyətli rol oynayacaqdır.
Adətən, deyirlər ki, ədəbiyyat insanşünaslıqdır. Təbii, bu, doğrudan da, belədir. Azərbaycan mühacirət ədəbiyyatı da insanın ən əsas hüququnu – yaşamaq, özü də azad və müstəqil dövlətin vətəndaşı olaraq yaşamaq hüququnu təsbit edir. «İnsanlara hürriyyət, millətlərə istiqlal» kəlamı bu ədəbiyyatın ideya-siyasi yönünü müəyyən edir. Bu gün şöbəmizin fəaliyyətə başlamasının on illiyini qeyd edərkən biz həmin ədəbiyyatın yaradıcılarının əziz xatirəsini bir daha anır, onların qərib ruhlarının şad olmasını Aləmlərin Rəbbindən diləyir, mühacirətşünas həmkarlarımıza və bütün qələm dostlarımıza isə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Bir kərə yüksələn bayraq bir daha enməz!
Nikpur Cabbarlı
Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri,
filologiya elmləri doktoru, dosent,
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı
nikpur16@gmail.com