Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Filoloji düşüncəmizdə Bəkir Nəbiyev mövqeyi (Akademik Bəkir Nəbiyev-94)

21-08-2024 [ 12:48 ] [ oxunub:271 ]
printerA+ | A-
104763

Azərbaycan ədəbiyyatşünaslığının inkişafı və zənginləşməsində akademik Bəkir Nəbiyevin xidmətləri əvəzolunmazdır.

Bəkir Nəbiyevin professor Cəfər Xəndanın rəhbərliyi ilə “F.Köçərlinin həyat və yaradıcılığı” adlı namizədlik dissertasiyası kimi işlədiyi bu tədqiqat işi filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə olunduğu zamanlarda, AMEA-nın müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə, akademik Feyzulla Qasımzadə və digər alimlər tərəfindən yüksək qiymətləndirilmişdi. Azərbaycan millətinə sadiqliyi və vətəndaşlıq mövqeyi onun filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etmiş olduğu “Böyük Vətən müharibəsi və Azərbaycan Sovet ədəbiyyatı” adlı doktorluq dissertasiyasında da öz əksini tapıb. B. Nəbiyev 40-70-ci illəri əhatə edən Azərbaycan ədəbi prosesinin təhlilini apararaq, millətimizin faşizm ilə mübarizəsinin fəal işıqlandırılmasına yönəlmiş əsərləri elmi tədqiqata çəkib. Görkəmli alimin ədəbiyyatşünaslıq sahəsində elmi fəaliyyəti namizədlik və doktorluq dissertasiya işləri ilə məhdudlaşmayıb.

B. Nəbiyev Azərbaycan ədəbiyyatının müasir durumu və keçdiyi tarixi yolunun elmi tədqiq olunmasına xüsusi diqqət yetirib, bu istiqamətdə elmi dairələrdə müsbət qiymətləndirilmiş monoqrafiyaları və məqalələri dərc edilib. Azərbaycan ədəbiyyatının milli qaynaqlarla əlaqəsinə xüsusi maraq göstərən B. Nəbiyevin elmi yaradıcılığında şifahi xalq ədəbiyyatı nümunələrinə geniş yer ayrılıb. Xalqın poetik düşüncə tərzini əks etdirməklə yanaşı, düşmənlərə qarşı qəhrəmanlıq mübarizəsini, tarixi hadisələrini və coğrafi məkanlarını real və canlı təsvir etməsi ilə diqqəti cəlb edən “Kitabi-Dədə Qorqud” dastanından müasir Azərbaycan ədəbiyyatının qidalanmasını B. Nəbiyev xüsusi qeyd edib.

Klassik ədəbiyyatın nümunələrini tədqiq edən B. Nəbiyev həmin dövrdə yaradılan bədii nümunələrin janr aidiyyəti barəsində elmi yeniliyi ilə seçilən mülahizələr irəli sürüb. B. Nəbiyevin bu istiqamətdəki tədqiqatlarında Azərbaycan ədəbiyyatının janr baxımından inkişafı prosesində klassik ədəbiyyatın rolu və mahiyyətinin işıqlandırılmasına xüsusi yer ayrılır. Fikrimizcə, B. Nəbiyevin Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin janr özəlliklərinə dair mövqeyi elmi yeniliyi və metodoloji cəhətdən əsaslı olması ilə seçilir: “Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk xalqlarının ədəbi-ictimai fikir tarixində çox əhəmiyyətli yer tutan çoxşaxəli məqtəl romanıdır”.
Çağdaş Azərbaycan ədəbiyyatının elmi tədqiqinə öz yaradıcılığında geniş yer ayırmış B. Nəbiyev müasirlərinin ədəbi yaradıcılığının tənqidə çəkilməsinə xüsusi maraq göstərib. Qeyd etmək lazımdır ki, B. Nəbiyevin tənqidçilik fəaliyyəti elmi dairələrdə yüksək qiymətləndirilib.

B. Nəbiyev XX əsrdə fəaliyyət göstərmiş əksər ədiblərin yaradıcılığına elmi nəzər salıb. Onun Xəlil Rza Ulutürkün həyat və yaradıcılığını işıqlandıran “İstiqlal şairi”, “Əhməd Cavad” sənətkarlığını açıqlayan, Almas İldırımın yaradıcılıq yolunu əhatə edən “Didərgin şair” monoqrafiyaları, həmçinin S.Vurğun (“Şairin ədəbi-nəzəri görüşləri”), Ə.Vahid (“İnsanlığa xidmət qalacaq”), M.Dilbazi (“Unikal hadisə”), N.Rəfibəyli (“Sahilsiz dəniz”), M.Müşfiq (“Şəfəq saçan sənətkar”), Ə.Kürçaylı (“Səfər davam edir”), Qabil (“Mən onu belə tanıyıram”), Məmməd Araz (“Şeirimizin xan çinarı”), R.Zəbioğlu (“Yeri görünür”) və başqa ədiblərin yaradıcılıqlarına həsr olunmuş məqalələri nəşr edilib.

Müasirlərinin yaradıcılıqlarını təhlil edərkən B. Nəbiyev bədii yaradıcılıq prosesində müəlliflik, novatorluq, tipikləşdirmə, müəllifin əsərin əhatə etdiyi tarixi dövr barədə mükəmməl biliklərə malik olması və sair bu kimi problemlərin təhlilinə aparıcı diqqət yetirib, nəzər dairəsinə düşmüş əsərlərin bu tələblərə cavab verməsinə xüsusi yer ayırıb.

B. Nəbiyevin yaradıcılığı təkcə tənqidi fəaliyyətlə məhdudlaşmır, alim müasir ədəbi nümunələrin təhlilini aparması prosesində əldə etmiş bilikləri müasir Azərbaycan ədəbiyyatında janrların yaranma və inkişafı prosesinin tədqiq edilməsinə müvəffəqiyyətlə tətbiq edir. Poeziya sənətinin incəliklərini açıqlayan B. Nəbiyev qeyd etmişdir ki, “bütün ədəbi növlər kimi, şeirin də məziyyəti onun həyatı doğru-düzgün əks etdirməsində, müasir və mübariz ruhunda, öz poetik vasitələri ilə duyğulara hakim kəsilib, ürəklərə yol tapmasında, mütərəqqi bəşəri ideyalar, gözəl və səmimi hisslər aşılamaq qüdrətindədir”. Bununla yanaşı, müəllif poeziyanın özəlliklərini və inkişaf xətlərini də oxucuların nəzərinə çatdırıb: “Ən aktual mövzularda deyilmiş ən məruf həqiqətlərin də soyuq nəzm kimi “nizama” düzülməsindən şeir əmələ gəlmir. Həyatın əlvan fakt və hadisələrinə, təlatümlü zəmanəmizin əxlaqi problemlərinə yüksək vətəndaşlıq mövqeyindən təzahür edən fərdi sənətkar münasibəti, məhz şairanə deyim tərzi, təzə poetik söz lazımdır ki, bütün bunlar şeirin predmeti kimi canlanıb oxucuya təsir göstərə bilsin”. B. Nəbiyev poeziyanın şair üçün ədəbi vasitə olmasını vurğulayaraq qeyd etmişdir ki, “…poeziya sənətkar varlığındakı gözəllik və ülviyyətin, humanizm və məhəbbətin, vətənsevərlik və qəhrəmanlığın şair ürəyindən başqa ürəklərə köçürülməsi üçün özünəməxsus təkrarsız bir vasitədir”. Bununla yanaşı, B. Nəbiyevin poema janrının spesifik xüsusiyyətlərini açıqlaması özünün elmiliyi ilə diqqəti cəlb edir: “Epik planda mürəkkəb hadisələr vermək, maraqlı süjet qurmaq, bədii obrazlar yaratmaq üçün şeirdən fərqli olaraq, poemada həcm məhdudluğu yoxdur… Poemanı başqa növlərdən fərqləndirən əsas cəhət burada müəllifin təsvir etdiyi obyekt, hadisə və obrazlara münasibətinin spesifik ifadə tərzidir… Poemada obrazların səciyyəsini bütün təfərrüatı ilə təsvir etmək tələb olunmur. Burada yalnız başlıca obrazların xarakterindəki ən mühüm cəhətlər, özünü bariz şəkildə göstərən və həmin obrazlar üçün son dərəcə xarakterik olan xüsusiyyətlər təsvir edilir”.

Nəsrin inkişaf mərhələsini izləyən B. Nəbiyev qeyd edib ki, “xüsusən, əsrimizin əvvəllərində, 1905-ci il inqilabının təsiri sayəsində ictimai fikrin başqa sahələri kimi, Azərbaycan nəsri də yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. İnqilabdan əvvəlki həyatın tipik lövhələrini əks etdirən nəsrdə, xüsusən hekayə janrında bir sıra klassik nümunələr yaranmışdı. Bu janrın Azərbaycanda vaxtilə günün ən vacib məsələlərinə realist əsərləri ilə cavab vermiş C. Məmmədquluzadə, Ə. Haqverdiyev kimi görkəmli ustaları, onların yaradıcılıq məktəbi “Molla Nəsrəddin”lə bağlı qiymətli ənənələri vardı”. Nəsr çərçivəsində hekayə janrının problemlərinə toxunan alim tarixi ənənələrə malik olan bu janrın xüsusiyyətlərini oxucunun gözündə canlandırmağa müvafiq olur: “Hekayə nəsrin çox zərif növüdür. Burada hər obrazı bir qalaya bənzətsək, müəllifin bu obraz üçün işlətdiyi boyalar, verdiyi xarakteristika həmin qalanın daşlarıdır. Bu daşları yazıçı elə həssaslıqla yonub düzəltməlidir ki, qalanın arxitekturasına xələl gətirən kobud, kələ-kötür yer qalmasın; əgər obrazın xasiyyəti, davranışı, danışıq tərzi haqqında yazıçı əsərini əvvəlində dediyi konkret bir xüsusiyyəti axıra yaxın unudub, heç bir əsas götürmədən onun tamamilə əksinə olan başqa xüsusiyyətdən bəhs açarsa onda bu qalanın bünövrə daşları laxlayar və qala uçub dağılar”.

B. Nəbiyevin roman janrında zəif əsərlər qələmə almış yazarlara tutduğu iradlar da diqqəti cəlb edir: “Süjeti uydurmalarla dolu olan qəzet xronikalarından və ucuz kovboy filmlərindən alınmış bu üzdəniraq romanların müəllifləri özləri də etiraf edirlər ki, pul üçün yazırlar. Naşirlər bunları ən müxtəlif adlar və seriyalar altında-ailə romanları, tibbi romanlar, macəra romanları və cinayət romanları kimi buraxsalar da, onlar yalnız bir mürtəce məqsəd üçün kara gəlirlər: tora düşən oxucunun şüurunu kütləşdirmək, onun göz açıb ətrafındakı hadisələrə baxmasına, bu hadisələri düzgün qiymətləndirməsinə mane olmaq, bütün mədəni aləmdə ikrah hissi doğuran düşkünlüyü, əxlaqsızlığı, qarətçiliyi, yırtıcı millətçiliyi təbliğ etmək, demokratik ideyaları boğmaq və ayılmaq təşəbbüslərinə qarşı irticanı gücləndirmək”.

B. Nəbiyevin elmi yaradıcılığında Azərbaycan dilinin təmizliyinin qorunması problemi xüsusi yer tutur. Xüsusi əhəmiyyət kəsb edən milli və ədəbi dil probleminə B. Nəbiyevin münasibəti özünün kamilliyi ilə seçilir. Ana dili anlayışı ilə hər hansı əcnəbi dilin qarşı-qarşıya qoyulması faktlarına münasibət ədibin yaradıcılığında özünü qabarıq şəkildə göstərir. Ana dil-milli dil anlayışına etinasız yanaşanlara ürəkağrısı ilə toxunan alim, Azərbaycan dilinin qayğısına qalmağı əsas vəzifə kimi həyata keçirilməsini zərurət hesab edib.

Ədəbi əsərlərdə dil problemlərinə toxunan B. Nəbiyev Azərbaycan dilinə tərcümə edilən nümunələrin dil baxımından kamilliyi məsələsinə də diqqət yetirib. Tərcümə ədəbiyyatının inkişaf etdirilməsinin zəruriliyini vurğulayan B. Nəbiyev müxtəlif xalqlara mənsub ədəbi şedevrlərin Azərbaycan oxucularına doğma dildə çatdırılmasını millətimizin inkişafına, ümumdünya tarixi prosesdə fəal iştirakına müsbət təsir göstərəcəyi barədə fikirlər söyləyib. Bəkir Nəbiyev tərcümə ədəbiyyatının bu sahədə gördüyü işin əhəmiyyətini qeyd edərək yazır: “Müxtəlif xalqların dillərində yaranan ədəbiyyatlardan hər biri öz milli, bədii ənənələri zəminində inkişaf edir; xalq bədii təfəkkürünün özünəməxsus inikası olan həmin ədəbiyyatlar məfkurəvi istiqaməti, yaradıcılıq pafosu, estetik idealı və inkişafının başlıca qanunauyğunluqları baxımından bir-birilə əlaqə və vəhdətdədir”. Tərcümənin orijinalın həm ideyasını, həm də bədii xüsusiyyətini olduğu kimi saxlanılması, bununla belə tərcümələrin dil və ifadə tərzinin aydın və səlis olması kimi problemlərinə toxunmuş B. Nəbiyevin fikirləri maraq kəsb edir: “Bəzən deyirlər ki, tərcümə nə qədər gözəl olsa da, orijinala çatmaz… Əsl poetik tərcümədə iki şairin gücü birləşir. Tərcüməçi müəllifin yalnız xidmətçisi deyil, həm də bir növ sənət rəqibidir. Gərək eyni məzmunu ifadə etməkdə mütərcim də coşqun ilham, şeir ustalığı nümayiş etdirə bilsin. Belə bir sənət yarışı olmayan yerdə əsl poetik tərcümədən danışmaq çətindir”. B. Nəbiyevin nəşr olunmuş kitab və məqalələrində tərcümə prosesində məna təhriflərinə, hərfi tərcümə probleminə və tərcümə edilmiş əsərin dilində laqeydlik üzündən meydana çıxan qüsurlar da geniş açıqlanmışdır.

Göründüyü kimi, B. Nəbiyevin yaradıcılığı milli dəyərlərə sadiqliyi və çoxçeşidliyi ilə seçilir. Görkəmli alim və tənqidçi B. Nəbiyev Azərbaycan ədəbiyyatının müxtəlif sahələrini tədqiq obyektinə çevirərək, meydana çıxan problemli və ziddiyyət təşkil edən amillərin aradan qaldırılması, bununla da Azərbaycan ədəbi və mədəni mühitin inkişaf etməsinə müsbət şəraitin yaradılması istiqamətində mühüm addımlar atıb. Azərbaycan ədəbiyyatşünaslığının mühüm problemlərini tədqiq edən alim bu baxımdan elm xəzinəsinə qiymətli əsərlər bəxş etməklə şərəfli yüksəliş yolu keçib, özünün Bəkir Nəbiyev adlı elmi məktəbinin əsasını qoyub və “millətə xidməti öz fiziki və mənəvi fəaliyyətinin əsas qayəsinə çevirib”.

Salidə ŞƏRİFOVA

filologiya elmləri doktoru, AMEA-nın professoru,Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi