Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb

27-10-2023 [ 13:20 ] [ oxunub:171 ]
printerA+ | A-
103891

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində yaradılmış tanınmış ədəbi və ictimai xadimi Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub. Açılış mərasimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində təşkil edilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Urgənc Dövlət Universiteti ilə tanış olublar.

Məlumat verilib ki, Özbəkistanın Xarəzm vilayətinin qocaman ali təhsil ocaqlarından olan Urgənc Dövlət Universiteti 1925-ci ildə yaradılıb və hazırda universitetin 9 fakültəsində 93 ixtisas üzrə 20 mindən çox tələbə təhsil alır.

Sonra iştirakçılar  Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi ilə tanışlıq olublar.

Urgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid kitablar, nəşrlər, disklər, dərs vəsaitləri, milli suvenirlər, guşələr, ölkə başçılarının görüşlərinə dair portretlər, xəritələr, Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin portretləri, dövlət atributları yerləşdirilib, habelə, lazımi avadanlıq, kitab şkafları və ofis mebeli ilə təchiz edilib.

Sözügedən Mərkəzə Azərbaycan Mədəniyyət Mərkəzinin də nəşrləri daxil olmaqla Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyətinə aid çap məhsullarından ibarət zəngin kitab kolleksiyası hədiyyə edilib.

Yeni yaradılmış Mərkəzdə Azərbaycana dair mini kitabxana, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, iki ölkə dostluğuna dair tədbirlər, mühazirə və seminarların keçirilməsi nəzərdə tutulub.

Açılış mərasimində çıxış edən Urgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayev qardaş Azərbaycanla münasibətlərin inkişafından məmnun olduğunu, belə bir mərkəzin yaradılmasının universitet üçün mühüm hadisə kimi qiymətləndirib. Rektor özbək gənclərinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatının öyrənilməsi, hər iki ölkə arasında mədəni, ədəbi əlaqələrin daha da möhkəmləndirilməsində sözügedən mərkəzin mühüm rol oynayacağına əminliyini ifadə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan mədəni əlaqələrindən söz açaraq bu sahədə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Samir Abbasov Özbəkistanın aparıcı universitetlərində, kitabxanalarında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən artıq ona yaxın belə mərkəzin yaradıldığını bildirib.

Diplomat bu cür mərkəzlərin Özbək gənclərinə mədəniyyətimiz və tariximizi öyrənmək imkanı verməklə yanaşı, gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə onlar üçün onlayn şəkildə Azərbaycan dili kurslarının da təşkil ediləcəyini qeyd edib.

O, Azərbaycanın tanınmış yazıçısı Yusif Vəzir Çəmənzəminli haqqında məlumat verərək məhz vaxtilə onun pedaqoji fəaliyyət göstərdiyi bu universitetdə ədibin adını daşıyacaq belə bir mərkəzin açılmasını mədəniyyətimiz və ədəbiyyatımız üçün əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Daha sonra çıxış edən Özbəkistanın Xarəzm Vilayətinin rəhbərinin müavini Batır Saidov, özbək yazıçı, tərcüməçi, publisist Babaxan Şərif belə bir mərkəzin yaradılmasının iki qardaş xalq arasında dostluq, mədəni əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı eyni zamanda təhsil əlaqələrinin qurulmasına rəvac verəcəyini qeyd edərək, Azərbaycan dövlətinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda Urgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayevə Azərbaycanın zəngin mədəniyyətini, xalqımızın istedadını nümayiş etdirən xalçaçılıq sənətinə dair İrəvan xalçaları nəfis kitabı hədiyyə edilib.

Qeyd edək ki, görkəmli yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminli 1938-40-cı illərdə Urgənc Dövlət Universitetində (o zamanlar Urgənc Pedaqoji Institutu) müəllim kimi fəaliyyət göstərib.

Bakı, 27 oktyabr, AZƏRTAC

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR