Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu başa çatdı

04-09-2023 [ 09:39 ] [ oxunub:37 ]
printerA+ | A-
103633

1-3 sentyabr tarixlərində ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir. Forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşir.

Sentyabrın 1-də şairlər yurdu Şamaxı şəhərində forumun açılış mərasimi keçirildi.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri iştirak edirdi.

Əvvəlcə forum iştirakçıları Ulu öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoydular.

Sonra tədbir məkanında ədəbi-bədii proqram təqdim olundu.

***

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq forumun əhəmiyyətindən söz açdı. Diqqətə çatdırdı ki, tədbirin açılışının Şamaxıda reallaşması təsadüfi deyil. Şamaxı qədim ədəbi ənənələri, ədəbi məktəbi olan bir şəhərdir: "Ona görə də biz bu ənənəni davam etdirmək istəyirik. Tarixi və ədəbi ənənələrini nəzərə alaraq, 2025-ci ildə Şamaxının "ədiblər şəhəri" şəbəkəsinə daxil edilməsi ilə bağlı UNESCO-ya müraciət edilməsi də nəzərdə tutulur".

Qeyd olundu ki, forum əhatə dairəsinə və iştirakçı tərkibinə görə bir ilkdir, eyni zamanda Mədəniyyət Nazirliyinin bu il təşkil etdiyi teatr və kino forumlarının davamıdır. Çünki bu sahələrin inkişafı bir-biri ilə sıx bağlıdır. Ədəbiyyatı zəngin olan xalqın dili də zəngindir. Dil isə milli kodların daşıyıcısı kimi milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi vasitəsidir. O, xalqın yaşadığı zaman çərçivəsində tarixlə vəhdətdə formalaşır, inkişaf edir: “Dil nə qədər çevik və dövrün tələblərinə uyğun inkişaf edirsə, nə qədər həyat fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edirsə, ədəbiyyat da bir o qədər dilin inkişaf dinamikasına uyğunlaşmağa çalışır”.

Ana dilini xalqın ən böyük milli sərvəti hesab edən Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan dilinin və ədəbiyyatının inkişafına böyük önəm verib. Onun bütün çətinliklərə baxmayaraq, 1978-ci il Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail olması gələcəkdə müstəqil Azərbaycan dövlətçiliyinin təşəkkül tapacağı bünövrələrdən biri olub. Məhz onun dövründə Azərbaycan ədəbiyyatı yeni intibah dövrünü yaşayıb. Ulu öndərin rəhbərliyi altında müstəqil Azərbaycanda latın qrafikasına keçid tam təmin edilib və bu, keçmiş sovet türk respublikaları arasında bir ilk idi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edildi.

Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı ilk sərəncamlardan biri məhz Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi olub. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan mədəniyyətimizin, incəsənətimizin, musiqimizin və digər ənənələrimizin əsasında dil dayanır. Ölkəmizdə dil ilə bağlı dövlətimiz tərəfindən çoxsaylı normativ aktlar qəbul olunub və bu sənədlər üzrə fəaliyyətlər uğurla davam etməkdədir.

Azərbaycan dilinin dünyada təbliği məqsədilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışan nazir dedi ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə həyata keçirilən çoxsaylı layihə və tədbirlər də dilimizin təbliğinə xidmət edir.

Elmi və bədii ədəbiyyatın, onu stimullaşdıran kitab sənayesinin inkişaf tempinin cəmiyyətin inkişafı uzlaşmasının əhəmiyyətini vurğulayan Adil Kərimli qeyd etdi ki, müasir texnologiyaların sürətli inkişafı ilə şərtlənən qloballaşma dövründə xarici dillərin dominantlığı müşahidə olunur. Bu qlobal çağırışlara cavab vermək üçün isə müasir Azərbaycan cəmiyyətində Azərbaycan dilinin mövqeyi təhlil edilməli, təfəkkürdə, gündəlik həyatda əsas mədəni kod kimi onun statusunun qaldırılması təşviq olunmalı və əməli tədbirlər görülməlidir. Müasir texnologiyaların doğurduğu sürət və çağırışlar kitab sənayesinin inkişafını da şərtləndirir: “Ulu öndər Heydər Əliyev deyirdi ki, hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Heydər Əliyev Azərbaycan ədəbi irsinə həmişə həssas yanaşıb. Azərbaycan dilinin və milli kimliyinin formalaşmasında fundamental əsərlərdən biri olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi Azərbaycan ədəbi irsinin dünya səviyyəsində tanıdılmasında mühüm rol oynayıb. Ona görə də bugünkü forum dil və ədəbiyyatın, dil və mədəniyyətin vəhdəti məntiqinə söykənir. Forumun əsas missiyası bu sahələrin gələcək inkişaf təmayüllərini müəyyənləşdirmək və istiqamətləndirməkdir. İnanıram ki, nə qədər fikir müxtəlifliyi olarsa, bir o qədər, maraqlı təkliflər eşidə bilərik. Forum çərçivəsində səsləndirilən təkliflər ümumiləşdiriləcək və “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq".

Adil Kərimli çıxışının sonunda forumun təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi, tədbirin işinə uğurlar arzuladı.

***

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək təhsil sahəsində Azərbaycan dilinin əsas komponent olduğunu diqqətə çatdırdı. Ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi prosesində problem və perspektivlərlə bağlı fikirlərini bölüşdü.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu öndər Heydər Əliyevin dilimizə diqqət və qayğısından danışdı. Qeyd etdi ki, dilimizin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummilli lider Heydər Əliyev belə tarixi şəxsiyyət idi. Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdi. Yalnız Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edildi. Akademik həmçinin Prezident İlham Əliyevin dilimizə diqqət və qayğısından bəhs etdi, bu forumu da bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi səciyyələndirdi.

Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev 90 il müddətində dilimizi ən çox qoruyanların məhz yazıçılarımız olduğunu deyərək bu illər ərzində dilimizlə bağlı görülən işlər, AYB tərəfindən ana dilində çap edilən kitab, qəzet və jurnalların nəşrində Ulu öndər Heydər Əliyevin böyük rolu olduğunu dedi.

Çıxışlardan sonra Azərbaycan dilinə həsr olunan videoçarx nümayiş olundu. Materialda Ulu öndər Heydər Əliyevin dilimizə qayğısını əks etdirən fraqmentlər yer almışdı.

Açılış mərasimindən sonra forum işini panel müzakirələrlə davam etdirilıdi

Sentyabrın 3-də Bakıda, "Gülüstan" Sarayında forumun son panel iclası təşkil edildi.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdi.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Nazirlikdən XQ-ə verilən məlumata görə, forumun V panel iclası "Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları" mövzusuna həsr olundu.

"Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxışlar dinlənildi.

Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş olundu. Materialda Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer almışdı.

Çıxışçılar forumu yüksək qiymətləndirdi, layihənin hər il keçirilməsinin vacibliyini qeyd etdilər.

Panelin sonunda müzakirəyə çıxarılan mövzular üzrə sual-cavab oldu, xatirə şəkli çəkdirildi.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR