Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ədəbi dünyanın əbədi sakini, yaxud bir tarixin dörd illik xronikası - Abid Tahirli

30-05-2023 [ 10:41 ] [ oxunub:136 ]
printerA+ | A-
103424

Xalq yazıçısı Elçinin ad gününə bir neçə söz.

Xalq yazıçısı Elçinin hekayə, povest, roman, ssenari, pyes, ədəbi-tənqidi, publisistik məqalələri, ölkəmizdə və xaricdə səhnələri fəth etmiş tamaşaları, ekranlaşdırılmış əsərləri, ictimai və dövlət xadimi kimi fəaliyyəti haqqında Azərbaycan ədəbiyyatşünaslığının ən parlaq nümayəndələri, mədəniyyət xadimləri, yazıçılar, publisistlər, jurnalistlər saysız-hesabsız məqalələr, kitablar, dissertasiyalar qələmə almış, onun məhsuldar və çoxşaxəli əməyini yüksək dəyərləndirmişlər. Elçin yaradıcılığına bu sətirlərin müəllifi də dəfələrlə müraciət etmiş, əsərlərinə müxtəlif aspektlərdən münasibət bildirmişdir. Bu dəfə - Elçinin 80 illik yubileyi ərəfəsində ənənəvi üslubdan imtina etməyə qərar verdim... və Elçinlə 30 ildən çox davam edən tanışlıq və dostluq münasibətlərimizin dörd ilində (digər illər haqqında növbəti yubileylərdə!) iştirakçısı olduğum və müşahidə etdiyim olayların qısa xronikasını oxucularla bölüşməyi məqsədəuyğun hesab etdim...

Əvvəlcə bir-iki kəlmə Elçin müəllimlə tanışlığımızın tarixçəsi barədə. Tale elə gətirmişdir ki, əsərləri vasitəsilə qiyabi tanıdığım Elçini Azərbaycan tarixinin ən təlatümlü, həyəcanlı dövründə - ölkəmizdə azadlıq hərəkatının vüsət aldığı, Dağlıq Qarabağda mənfur qonşularımız tərəfindən separatizmin baş qaldırdığı, respublikamızın ərazi bütövlüyü üçün ciddi təhlükə yarandığı ötən əsrin 80-ci illərinin sonunda şəxsən tanımaq və 1987-ci ildə təsis olunmuş Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətində ("Vətən" Cəmiyyəti) onunla birgə işləmək nəsib olmuşdur. Etiraf edim ki, ilk görüşümüz gözlədiyimizin tam əksi - əsəbi, gərgin və ağır keçdi. 60-cı illərdən Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı kimi bir müddət "Vətənin səsi", sonralar "Odlar yurdu" adı ilə nəşr olunan qəzet "Vətən" Cəmiyyətinə verildikdən sonra Elçin dövri nəşrin baş redaktoru Ramiz Əskəri və məni qəbul etdi. Təhsilimiz və peşəmizlə bağlı suallardan sonra Elçin bir qədər sərt tərzdə dedi:

- İkiniz də peşəkar, təcrübəli jurnalistsiniz. Yazıçılar İttifaqında hərdən sizin buraxdığınız "Vətənin səsi", "Odlar yurdu" qəzetini vərəqləyirdim. Amma çox təəccüblənir və təəssüflənirdim ki, ölkəmizdən kənardakı soydaşlarımız üçün belə bərbad, biabırçı qəzet nəşr olunur. Qəzet başdan-başa sovet həyat tərzinə, sosializm yarışına, çoban, sağıcı, pambıqçı, tütünçü, maldar həyatına həsr olunurdu. Hansı səhifəni açırdınsa, orada bir əməkçi, bir traktorçu, kombaynçı, tarla zəhmətkeşləri ilə rastlaşırdın. Şübhəsiz ki, onlar da bizimdir, bizim əzizlərimizdir, hər cür yaxşı sözə, tərifə, təbliğata layiqdirlər. Amma sizin qəzeti oxuyan həmvətən təbii ki, fikirləşəcək: "Bəyəm, mənim ölkəmin elm xadimi, sərkərdəsi, tarixi, incəsənət, mədəniyyət, ədəbiyyat xadimi yoxdurmu?!" Bu qəzet milli olmalıdır, milli-mənəvi dəyərlərin daşıyıcısı olmalıdır, tariximizi, dilimizi, mədəniyyətimizi təbliğ etməlidir, vətənə məhəbbət hissini aşılamalıdır".

Biz bəzi arqumentlərlə özümüzə bəraət qazandırmağa çalışdıq, Elçin söhbətə nöqtə qoydu:

- O zaman siz qəzetin bir nömrəsini buraxın, redaksiyanın, Cəmiyyətin bütün üzvlərinin iştirakı ilə qəzetin letuçkasını, müzakirəsini keçirər, birgə qərar verərik: "Gedirsiniz, yoxsa qalırsınız?! Amma açığını deyim ki, materiallar bugünkü tələblərə cavab verməsə, bu günlə səsləşməsə, yolumuz ayrılacaq".

Növbəti görüşümüzdə əvvəlki əhval-ruhiyyədən əsər-əlamət qalmamışdı... Beləliklə, Elçin müəllimlə uzunmüddətli birgə fəaliyyətimizə start verildi. 1993-cü ildə Elçin müəllim Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsinə təyin olundu və mən də həmin vaxtdan Nazirlər Kabinetində fəaliyyətə başladım.

Bütün bu illər ərzində əsərləri və əməlləri ilə tariximizdə parlaq iz qoymuş Elçin müəllim barədə qəti qənaətim formalaşmışdır: Elçin müəllim Vətən, millət, ədəbiyyat fədaisidir, bütün gücü, enerjisi ilə müstəqil dövlət quruculuğunda ölkə rəhbərliyinin yanında olmuşdur, xeyirxah, təmənnasız, sadiq, saf, məsuliyyətli, səmimi, eyni zamanda prinsipial, hər cür pis niyyət və əməldən uzaq bir insandır. 30 ilə yaxın birgə fəaliyyətimiz son illərdə dostluq münasibətinə çevrilmişdir. Bu illər ərzində Elçinin tərcümeyi-halına, xidmətlərinə bənzərsiz ştrixlər vuran bəzi məqamları xronoloji ardıcıllıqla xatırlayıram...

Beləliklə, 1987-ci ilin sonu, 1988-ci il.

1987-ci il dekabrın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" Cəmiyyəti) təsis konfransında o zamana kimi Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi işləyən Elçin müəllim yekdilliklə Cəmiyyətin rəyasət heyətinin sədri seçildi. Elçin müəllim konfransa Cəmiyyət qarşısında duran vəzifələr barədə proqram xarakterli çıxış etdi və nitqini bu cümlələrlə bitirdi: "Elə etməliyik ki, xaricdəki həmvətənlərimiz, əslində, bizim həmin ölkələrdəki xoşməramlı elçilərimizə çevrilsinlər (sovet rejimi aqoniya vəziyyətində olsa da, hələ yaşayırdı və bu cür fikri açıq-aşkar, tribunadan səsləndirmək böyük cəsarət tələb edirdi - A.T.). Bunun üçün biz hamımız əl-ələ verməliyik, ən yüksək məsuliyyət hissi və vətəndaşlıq qayələri ilə həmvətənlərimizi xalqımıza, Vətənimizə yaxınlaşdırmalıyıq. Bu gün yaranan "Vətən" Cəmiyyətinin nüfuzu və sanbalı isə bizim hər birimizin şüurlu fəaliyyətindən asılıdır".

Elçinin təşəbbüsü ilə "Odlar yurdu" qəzetində "Bu barədə ilk dəfə", "Azərbaycan ədəbiyyatı", "Elin yaddaşı, dilin yaddaşı", "Azərbaycan sərkərdələri" rubrikaları ilə silsilə məqalələr dərc olunmağa başladı. Respublikanın adlı-sanlı elm, ədəbiyyat, incəsənət xadimləri qəzetlə əməkdaşlığa cəlb olundu.

Elçin müəllim 1988-ci il ərzində xaricdə yaşayan həmvətənlərimizin 9 nümayəndə heyətini Cəmiyyətdə qəbul etmişdir. Həmvətənlərimizlə - dünyaşöhrətli türkoloq İren xanım Məlikova, onun şərqşünas qızı Şirin Məlikova, Strasburq Universitetinin professoru Sərvər Tanilli, dünyamiqyaslı rəssamlar Davud və Əyyub İmdadian qardaşları, şöhrətli fotoqraf Rza Diqqəti (Fransa),  tanınmış diplomat Ramiz Abutalıbov (YUNESKO), professor İlbər Ortaylı, Egey Universitetinin professoru Əli Yavuz Akpınar, naşir, redaktor Həmid Turan, ədəbiyyatşünas, tərcüməçi, dr.Yusif Gədikli (Türkiyə), nüfuzlu "Dağyeli Ferlaq" nəşriyyatının sahibi İldırım Dağyeli, yazıçı Yücel Feyzioğlu, "Ana dili" qəzetinin redaktoru doktor Nurəddin Qərəvi (Almaniya), şair, tərcüməçi, redaktor, naşir Əbdüllətif Bəndəroğlu (İraq), Tokio Universitetinin professoru İrəc Parsinejat, həmin Universitetin əməkdaşı Parirux xanım Pezeşki (Yaponiya), London Universitetinin professoru Turxan Gənceyi (İngiltərə), Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi (Şotlandiya), yazıçı Çingiz Hüseynov (RF), Tolido Universitetinin professoru Şapur Ənsari (ABŞ), azərbaycanşünas Canpiyero Bellinceri (İtaliya), Otar Nodiya (Gürcüstan) ilə görüşlər, müzakirələr unudulmaz və səmərəli olmuşdur. Söhbətin mövzusu Cənubi Azərbaycan, türkologiyanın aktual problemləri, xaricdə Vətən tarixi və dilinin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təbliği, tanıdılması, erməni separatizminin, mif üzərində qurulmuş erməni tarixinin ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xaricdəki soydaşlarımızla, Azərbaycan mədəniyyətinin dostları ilə əlaqə və əməkdaşlığın genişləndirilməsi...

Elçinin israrlı və inadlı təkidindən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin razılığı alınır və Sovet Azərbaycanının mətbuat tarixində ilk dəfə Məhəmməd Əmin Rəsulzadə haqqında Mövsüm Əliyevin irihəcmli məqaləsi "Odlar yurdu" qəzetində dərc olunur (№17, sentyabr 1988). Bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin digər qurucuları, dövlətin atributları, himni, gerbi və s. barədə məqalələr dalbadal dərc olunmağa başlayır.

Yarandığı bir il ərzində "Vətən" Cəmiyyəti Şurasının və Rəyasət heyətinin 15 üzvü xarici ölkələrdə, o cümlədən Fransa, Almaniya, Türkiyə, Avstriya, İsveç, Finlandiyada olmuş, həmvətənlərimizlə görüşmüşlər. Həmvətənlərimizin arzusu ilə onların ünvanına minlərlə məktub, qəzet, kitab, milli suvenirlər göndərilmişdir. Üç əlifba ilə buraxılan "Odlar yurdu" qəzetinin tirajı o dövr üçün rekord həddə - 250 min nüsxəyə çatmışdı. Şəhərin bir neçə yerində isə səkilərin kənarındakı lövhələrə yapışdırılan qəzetin qarşısında daim oxucu olurdu.

1989-cu il.

Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən "Azərbaycanlıların kültür ocağı"nın rəhbərliyi yeni yaradılmış milli rəqs ansamblının üzvlərinə sənətin incəliklərinin öyrədilməsi məqsədilə Bakıdan bir rəqs müəlliminin Bonna ezam olunmasını xahiş etmişdir. "Vətən" Cəmiyyəti Rəyasət heyətinin növbəti iclasında məktub müzakirə olunmuş və tanınmış sənətşünas professor Hüseynağa Hüseynovun 3 ay müddətinə Bonna ezam olunması qərara alınmışdır.

Elçin İstanbulda fəaliyyət göstərən "Azərbaycan türkləri kültür və dayanışma dərnəyi"nin sədri Nihad Çətinqayanı, Almaniyada yaşayan həmvətənimiz doktor Hadi Amidini, dünyaşöhrətli rəssamlar İbrahim Əhrarini, Əkbər Behkəlamı, İspaniyanın paytaxtı Madriddəki "Azərbaycanın dostları dərnəyi"nin rəhbəri, "Dədə Qorqud" məcmuəsinin naşiri və redaktoru Cəlal Ərkini və başqalarını qəbul etmişdir. Məlumat üçün qeyd edirik ki, 1989-cu il ərzində Cəmiyyətin xətti ilə 50-yə yaxın həmvətən Vətəni ziyarət etmiş, elm, mədəniyyət, incəsənət xadimləri ilə görüşmüş, bölgələrə səfər etmişlər. İl ərzində nümayəndə heyəti və yaradıcı qrupların tərkibində 96 nəfər xarici ölkələrə ezam olunmuş, Türkiyə, İsveç, Almaniya, Danimarka, ABŞ, Kanada, Fransa, Hollandiya, Belçika və s. ölkələrdə yaşayan həmvətənlərlə görüşmüş, çox sayda mədəni-kütləvi tədbirlər, konfranslar, simpoziumlar keçirmiş, yerli KİV-də Azərbaycan həqiqətləri haqqında materiallar dərc etdirmiş, sərgilər, konsert proqramları təşkil etmişlər. "Vətən" Cəmiyyətinin dəstəyi ilə Bakının ali məktəblərində 3 nəfər gənc soydaşımız təhsil almağa başlamışlar. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri, dərnəkləri, ocaqları, cəmiyyətləri və evləri ilə əlaqə və əməkdaşlıq genişləndirilmişdir.

"Odlar yurdu" qəzetində Elçinin o zaman ölkəmizdə və xaricdəki həmvətənlər arasında böyük əks-səda yaratmış "Həqiqət naminə" adlı məqaləsi dərc olunmuşdur. Müəllifin bu yazısını Amerika Birləşmiş Ştatları senatının xarici işlər komissiyasının Azərbaycanın ayrılmaz tarixi bir hissəsi olan Dağlıq Qarabağ haqqında yalan məlumatlara və saxta sənədlərə əsaslanan tamamilə birtərəfli qəbul etdiyi qətnaməyə üsyanı, etiraz səsi adlandırmaq olar. O, bu qətnaməni qəzəblə "azadlığın, işığın yox, qara əməllərin ifadəsi", "azadlığa xəyanət", "azadlıq ideallarının tapdanması", "yalnız azadlığa yox, bütün Amerika xalqına təhqir" adlandırır və dünya azərbaycanlılarını, o cümlədən ABŞ-da yaşayan soydaşlarımızı bu ədalətsiz mövqeyə, qərəzli qətnaməyə etiraz etməyə çağırır. O, uzaqgörənliklə yazırdı: "Həmvətənlər! Bu gün Amerika Birləşmiş Ştatları senatının xarici işlər komissiyası Dağlıq Qarabağla bağlı qanunsuzluqdan və yalandan ibarət bir qətnamə qəbul edirsə, sabah bu daha ciddi bir təcavüzün başlanğıcı ola bilər. Belə olmaması üçün bizim hər birimiz öz vicdanımızla üz-üzə dayanıb, öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik, qəti etirazımızı bildirməliyik. Qoy, bu etirazın sədaları adi Amerika zəhmətkeşlərindən tutmuş Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Buşa qədər hamının diqqətini cəlb etsin, onları düşündürsün".

1990-cı il.

Bu il bütün Azərbaycan kimi "Vətən" Cəmiyyətinə də kədərlə, qüssə ilə qədəm qoydu. Yanvarın 19-dan 20-nə keçən gecə qanlı Sovet ordusu öz azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda ayağa qalxmış əliyalın xalqımızı qanına qəltan etdi. Millət tarixin çətin ağır sınağına çəkildi. Bu zaman sınmaq, əyilmək, mütiləşmək yox, qəddi düzəltmək, səfərbər olmaq, irəli baxmaq lazım idi. "Vətən" Cəmiyyəti xalqa mənəvi dayaq, dəstək oldu. Fövqəladə vəziyyətə, komendant saatına, hərbi senzuraya, rejimin yasaqlarına baxmayaraq, Cəmiyyət əməkdaşları gecə-gündüz demədən çalışdı, informasiya blokadasını yarmaq, xalqın səsini dünya ictimaiyyətinə çatdırmaq üçün ikiqat əzmlə işlədi. Əməkdaşlar teleksin, faksın, telefonun imkanlarından maksimum istifadə edərək Sovet ordusunun Bakıda, Azərbaycanın bölgələrində törətdiyi vəhşilik haqqında əsl həqiqəti, xalqın haqlı tələbini dünyaya yayırdı. "Odlar yurdu" hərbi senzuradan yayınaraq şəhidlərin dəfn mərasimi haqqında materialları, yayınlanması qadağan olunmuş fotoları, eləcə də xalqımıza qarşı ermənilərin Ermənistanda, Dağlıq Qarabağda törətdiyi vəhşiliklər, terror aktları barədə məqalələr dərc etdi. Elçin müəllimin Ali Sovetin deputatı olması amili çox vaxt şəhər komendantı, general Dubinyakın Cəmiyyətə, "Odlar yurdu" qəzetinin əməkdaşlarına qarşı sərt tədbirlər görülməsinin qarşısını alırdı. Moskvanın maddi, mənəvi cəhətdən dəstəklədiyi, şirnikləşdirdiyi Ermənistanın Azərbaycana qarşı qəsbkarlıq siyasətinə qarşı Elçin müəllimin imzaladığı "Vətən" Cəmiyyətinin bəyanatı" düşmənlərin fitnəkar planlarını ifşa edir, əsl həqiqəti dünya ictimaiyyətinə çatdırır, həmvətənləri Azərbaycanın azadlığı və bütövlüyü uğrunda haqq səslərini ucaltmağa dəvət edirdi.

Azərbaycan mədəniyyət mərkəzlərinin İstanbulda keçirilən I Beynəlxalq qurultayında (3-6 noyabr) "Vətən" Cəmiyyəti böyük nümayəndə heyəti ilə fəal iştirak etdi. Elçin müəllimin təşəbbüsü ilə bu sətirlərin müəllifi həmin tədbirdə əsas məruzəçi oldu. Cəmiyyətin Dünya azərbaycanlılarının ali məclisinə təqdim etdiyi məruzədə Dağlıq Qarabağ, əlifbanın dəyişdirilməsi, milli ordu yaradılması, qaçqınlara yardım edilməsi, Cənubi Azərbaycanla əlaqələrin yaradılması və genişləndirilməsi, 20 Yanvar qırğınına siyasi qiymət verilməsi, Bakıda fövqəladə vəziyyətin ləğv olunması ilə bağlı məsələlərə toxunulmuşdur.

Azərbaycan tarixində ilk dəfə ABŞ konqresmeni Cim Mudi "Vətən" Cəmiyyətinin dəvəti ilə ölkəmizə səfər etmişdir. Konqresmeni ölkəmizə səfərdə onun köməkçisi Markus Kunian, Züleyxa Əsədullayeva-Veber, Atilla Gözəl, Ərcümənd Qılınc müşayiət edirdilər. Cəmiyyətdəki görüş zamanı Elçin müəllim qonağın diqqətinə Azərbaycan xalqının artıq üç ildir ki, açıq təcavüzə məruz qaldığını, torpaqlarının qəsb olunduğunu, milli varlığının təhdid edildiyini çatdırdı. Təəssüflə bildirdi ki, daim azadlıq ideallarına sadiq olan ABŞ-da özünə yuva qurmuş erməni lobbisinin də bu çirkin fəaliyyətdə rolu var və ona göz yumulur. Cim Mudi dəvətə, qonaqpərvərliyə və ölkədəki durum barədə geniş məlumat verdiyinə görə, Elçin müəllimə minnətdarlıq etdi və bildirdi ki, ölkəsinə qayıtdıqdan sonra Azərbaycan həqiqətləri barədə konqresdə çıxış edəcək, mətbuat konfransı keçirərək gördüklərini, həqiqəti söyləyəcək.

Yeri gəlmişkən qeyd edim ki, Cim Mudi Şəhidlər xiyabanını ziyarət edən ilk xarici rəsmi dövlət xadimi olmuşdur.

1991-ci il.

Elçinin dövrün tələbləri əsasında qələmə alınmış "Bir daha vətəndaşlıq barədə" ("Odlar yurdu", №2, yanvar 1991) və "Azərbaycan mühacirəti haqqında" ("Odlar yurdu", №21, noyabr 1991)  məqalələri bu gün də dəyərini,  aktuallığını saxlayır.

Aprelin 1-dən 6-dək Bakıda "Vətən" Cəmiyyətinin, Azərbaycan Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli yaradıcılıq qurumunun və Ankaradakı Azərbaycan Kültür dərnəyinin təşkilatçılığı ilə "Azərbaycan mühacirət ədəbiyyatı" üzrə Beynəlxalq elmi simpozium keçirilmişdir. "Vətən" Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçin simpoziumda "Azərbaycan mühacirəti müasir dövrdə: əməkdaşlıq və əlaqə problemləri" adlı məruzəsi böyük maraqla qarşılanmışdır.

Elçinin Ankaradakı Azərbaycan Milli Məclisinin sədri və Azərbaycan Kültür Cəmiyyətinin Baş katibi, "Azərbaycan" (Ankara) jurnalının redaktoru Əhməd Qaraca, həmin Cəmiyyətin üzvü Yəhya Daşdələn, "Türkiyə" qəzetinin Vaşinqton təmsilçisi Əhməd Əli Arslan, Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin sədri Cəmil Ünal, Türkiyə Cümhuriyyəti mədəniyyət nazirinin müşaviri Bülənd Yavuz Bakilər İsveçin paytaxtı Stokholmdakı "Azərbaycanın səsi" radiosunun müxbiri Əlirza Ərdəbili, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Məhəmməd Pəlahəng, Hamburqda yaşayan istedadlı qarmonçalan Rəhman Əsədullahi ilə görüşləri Vətən-mühacir əlaqələrinin dərinləşməsinə, genişlənməsinə yardım etmişdir...

...Ədəbi dünyanın əbədi sakini olmaq haqqını qazanan Elçin müəllimin uzun, mənalı, şərəfli və örnək ömür yolunun dörd illik dövrünə dair təqdim etdiyimiz xronika ədibin  çoxşaxəli, coşqun və səmərəli fəaliyyətini tam əks etdirməsə də, düşünürəm ki, həyat kredosu, xarakteri, təfəkkür tərzi, millətə və dövlətə xidmət missiyası haqqında zəngin və unudulmaz təəssürat yaradır.

SİZƏ MARAQLI OLA BİLƏR