İranın orta əsrlər sxolastikasından xilas edilməsi prosesinin başlanğıcı XX yüzilliyin əvvəllərində məhz Azərbaycanda yetişən proqressiv qüvvələr tərəfindən qoyuldu. 1906-1911-ci illərdə Səttar xanın başçılığı ilə bütün İranı lərzəyə gətirmiş milli azadlıq və məşrutə hərəkatı, 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi və qısa müddətli uğur qazanmış milli azadlıq hərəkatı və bir çox başqa xalq hərəkatları bunun əyani sübutudur. XX əsrin 40-cı illərində Cənubi Azərbaycanda müstəqil demokratik hökumətin qurulması isə təbii ki, ədəbi-mədəni həyatın bir çox sahələri kimi nəsrin də inkişafına rəvac vermiş oldu.
Mövzusu çağdaş həyatdan götürülmüş nəsr örnəkləri i1ə yanaşı, qırxıncı illərdə yaxın keçmişə, milli azadlıq hərəkatının tarixinə və qəhrəmanlarına müraciət edən nümunələrə də rast gəlmək mümkündür. Əlbəttə, ilk başlanğıcda bu, təbii ki, bədii memuar janrında qələmə alınmış yazılarda müşahidə olunur. Belə əsərlərdən biri - Səttar xan hərəkatında yaxından iştirak etmiş, bu xalq qəhrəmanının silahdaşı olmuş Qulaməli Səmsamın "Sərdari-milli haqqında xatirələr" adlı yazısıdır. Müəllifin öz şəxsi müşahidələri və görüşləri əsasında qələmə alınmış bu əsər xalq hərəkatının, Məşrutə inqilabının daha bir rakursdan açılması baxımından maraq doğurur.
Bu dövrdə yaranmış memuar ədəbiyyatının qiymətli örnəklərindən biri də, milli demokratik hərəkatın rəhbəri Seyid Cəfər Pişəvərinin fars dilində qələmə aldığı "Zindan xatirələri dəftərindən" adlı əsəridir. Əsərin dili - ondakı azərbaycanlı təfəkkürünün, baş verən hadisələrə azərbaycanlı mövqeyindən yanaşmanın üzə çıxmasına mane ola bilməyib. Əsər, İranın 1920-1940-cı illərdəki ictimai quruluşunda hökm sürən özbaşınalığın ifşası ilə yadda qalır. Mir Cəfər Pişəvərinin ədəbi yaradıcılığında həbsdə olduğu vaxt qələmə aldığı "Zindan xatirələri dəftərindən" əsəri mühüm yer tutur. Əsər müəllifin gördüyü, şahidi olduğu, şəxsən iştirak etdiyi hadisələr haqqında xatirələrdən ibarətdir:
Güney Azərbaycanda əsasən ana dilində formalaşan nəsrin ilk örnəkləri 1941-ci ildən Təbrizdə nəşrə başlayan "Azərbaycan" qəzetində çap olunmağa başlamışdı. Əvvəlcə daha çox hekayə janrı ilə təmsil olunan bədii nəsrin ilk uğurlu müəllifləri M. Hilali, Vəylər Haili və Nəmzə Fəthi Xoşginabi olub. Xüsusən Milli hökumət qurulduqdan sonra bu yazıçıların və onların sırasından olan M. Ərməğani, Q.Səmsam, G.Səbahi və b. nasirlərin böyük həvəs və məhsuldarlıqla işlədiyini görmək mümkündür.
Gənc yaşlarından demokratik hərəkatın fəal üzvlərindən biri kimi tanınmış, əsərlərini üç dildə - Azərbaycan, fars və rus dillərində qələmə almış Həmzə Fəthi Xoşginabi orijinal üsluba, rəvan dilə, maraqlı obrazlı ifadələrə malik olan bir yazıçıdır. O, 1945-ci ildə Təbrizə qayıdarkən ədəbi fəaliyyətini əsasən ana dilində davam etdirmiş, məsul redaktoru olduğu "Azərbaycan" qəzetində onlarla siyasi mövzulu felyetonu, oçerkləri, hekayələri işıq üzü görmüşdü. Müəllifin "Suvarılmış poladlar", "Eşq və müharibə" povestləri, "Züleyxa", "İbrahim" və başqa hekayələri çağdaş Güney Azərbaycan nəsrinin ilk uğurlu örnəklərindən sayıla bilər.
Müstəqillik dövründə bədii nəsr örnəkləri ilə özünü geniş oxucu kütləsinə tanıtdırmış M. Hilalinin "İntiqam" hekayəsi yoxsul insanların dözülməz həyatından bəhs edir. Hekayədə Məşədi Qulam adlı bir kəndlinin, dükanın qabağında faytondan düşən zəngin libaslı bir ağadan intiqam alması və onun səbəbləri açıqlanır.
Məşədi Qulam ağadan intiqam aldığı üçün peşiman olmur, lakin həbsxanaya düşdükdən sonra qızının taleyini düşünür və müstəntiqə deyir ki, qızına yazığı gəlsin. Onu dinləyən müstəntiqin gözləri yaşarır. Hekayədə Məşədi Qulamın öz hüququnu qorumaq üçün azğın ağadan intiqam alması yazıçı tərəfindən təqdir olunur.
Bu dövrdə Cənubi Azərbaycan nəsrinin Şimal örnəyi əsasında formalaşıb inkişaf etməsində Sovet ordusunun tərkibində gəlmiş Azərbaycan ziyalılarının böyük rolu olmuşdur. Bunların sırasında ön yerlərdən birini, heç şübhəsiz ki, görkəmli Azərbaycan ədəbiyyatşünas alimi, yazıçı və şairi Cəfər Xəndan tutmaqdadır. Onun 1944-1945-ci illərdə Təbrizdə nəşr edilən "Vətən yolunda" adlı qızıl əskər qəzetinin nəzdində təşkil etdiyi "Şairlər məclisi" Cənubi Azərbaycanda ədəbiyyatın inkişafı, xüsusən bədii nəsrin formalaşması yolunda müstəsna işlər görmüşdü. Bu məclisin qısamüddətli - cəmi bir illik işini yüksək qiymətləndirən demokratik hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri yazırdı:
"Şairlərimizin keçən şəhrivərdən (sentyabr) indiki şəhrivərə qədər yazdıqları, cürətlə demək olar ki, əlli il müddətində yazdıqlarından daha artıq ola bilər". Əlbəttə, aydındır ki, burada söhbət yazılan əsərlərin miqdarından, sayından deyil, sanbalından, ictimai məzmunundan, xalqın və dövlətin qarşısında duran problemlərin həlli yolunda oynadığı roldan gedir. Bu baxımdan yanaşdıqda Seyid Cəfər Pişəvərinin sözlərində böyük həqiqət payının olduğunu etiraf etməmək olmaz.
Əslən Cənubi Azərbaycandan olan və buna görə də Təbriz ədəbi mühitinə bir köynək yaxın olan görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun bir povestinin "Vətən yolunda" qəzetində çapının necə geniş əks-səda doğurduğunu xatırlayan Əli Tudə yazır:
"Həmin günlərdə yazıçı (Mirzə İbrahimov - M .M.) müasir mövzuda "Nakam məhəbbət" adlı bir povest də yazırdı. Əsər "Əjdəroğlu" imzası ilə "Vətən yolunda" qəzetində hissə-hissə çıxırdı. Povestdə Təbrizdə yaşayan bir ailənin həyatından danışılırdı. Təbrizlilər povestin ardını oxusunlar deyə qəzetin yeni sayını səbirsizliklə gözləyirdilər. Çoxlarına qəzet çatmırdı. Yaxın qonşular bir evə toplaşırdılar. Biri əsəri ucadan oxuyurdu, digərləri maraqla, həyəcanla qulaq asırdılar. O zaman Təbrizdə bəlkə də Mirzə İbrahimovu tanımayanlar çox idi. Lakin Əjdəroğlunu tanımayan yoxdu".
Göründüyü kimi, Mirzə İbrahimovun sənətkarlıqla qələmə alınmış povesti bütöv bir şəhərin ədəbiyyat həvəslilərini öz başına toplamış və bununla da başqa yeni yazanları nəsr sahəsində öz qələmlərini sınamağa ruhlandırmışdı.
Taleyi Azərbaycan Demokratik Cümhuriyyətinin taleyinə çox bənzəyən, ancaq ondan daha qısamüddətli və faciəli olması ilə fərqlənən Cənubi Azərbaycan Milli hökumətinin süqutu Azərbaycan xalqının yaşadığı ən böyük müsibətlərdən biri kimi tariximizin əbədi qara səhifələrindən biri olaraq qalacaqdır. Stalin rejiminin erməni əlaltılarının iştirakı ilə xaincəsinə fars şovinizminin qanlı pəncələrinə həvalə edilən Cənubi Azərbaycan Milli hökumətinin taleyi erməni xəyanətkarlığı və rus şovinizminin birləşməsi nəticəsində işğal edilmiş iyirmi faiz Şimali Azərbaycan torpaqlarının taleyindən o qədər də fərqlənməmişdi.
1946-cı ilin dekabr ayında Qəvamüssəltənənin fitnə-fəsadları və Stalinin türklərə qarşı xəyanətkarlığı, eləcə də beynəlxalq xristian imperializminin razılığı əsasında Cənubi Azərbaycanda Milli hökumət öz qızıl qanında boğuldu, xalqın təzə-təzə çiçək açan arzuları, sürətli inkişaf yoluna qədəm qoymuş ədəbiyyat və mədəniyyət kobud sərbaz çəkmələri altında tapdalandı, yerlə yeksan edildi. "Həbs edilənlər, sürgünə göndərilənlər, ölümə məhkum edilənlər, vətəndən didərgin salınanlar sırasında nasirlər də var idi. Bütün bunlar isə janrın inkişafına ağır zərbə vurmaya bilməzdi".
Bu dövrün nəsrini ənənələrdən ayrılmağa qoymayan sənətkarlar arasında Gəncəli Səbahinin adını xüsusi qeyd etmək lazımdır. Onun xüsusilə "Həyat faciələrindən" adlı povesti irtica illərinin bütün dəhşətlərini bədii sözün qüdrəti ilə oxucuya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
1950-ci ildə qələmə alınmış, ancaq duz otuz il sonra - 1980-ci i1də işıq üzü görmüş "Həyat faciələri" povesti, adından da göründüyü kimi, sənətkarın ətrafında görüb müşahidə etdiyi, bədii təhlil süzgəcindən keçirərək ümumiləşmiş şəkildə qələmə aldığı insan talelərinin, faciələrinin bədii təcəssümüdür.
Ancaq Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Şimalla Cənub arasında istər siyasi və iqtisadi və istərsə də ədəbi-mədəni əlaqələrin xeyli genişlənməsi bütövlükdə Güney Azərbaycan ədəbiyyatının inkişafına da güclü təkan vermiş oldu. Lakin əvvəlki mərhələlərdə olduğu kimi, burada da biz daha çox mənzum janrın inkişafından və sayca zənginləşməsindən danışa bilərik. Nəsrə gəldikdə isə onun inkişafında, janrca və sayca zənginləşməsində müəyyən problemlərin olduğunu görürük ki, bu da müəyyən obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bunların arasında ən başlıcası kimi, xüsusən 80-ci illərin ikinci yarısından başlayaraq İran İslam Respublikasında totalitar rejimin güclənməsi, müəyyən mövzuların bədii ədəbiyyata gətirilməsinə, onların problem səviyyəsinə qaldırılmasına qadağa qoyulması, bəzən rəsmi dairələr tərəfindən aktual həyat həqiqətlərinin olduğu kimi bədii inikas etdirilməsi yolunda maneələr yaradılması və sair səbəblər göstərmək olar.
Əsərdə aparıcı motivlərdən birini də istibdad dövründə ana dilinin qadağan edilməsi və bu ədalətsiz, şovinist siyasətin roman qəhrəmanlarının ürəyində doğurduğu qəzəb və etiraz duyğularıdır. Bütöv bir millətin dilini "çoban dili, qeyri-elmi dil" adlandıraraq həmin dildə çap olunmuş kitabları, hətta müqəddəs Quranın türkcə tərcüməsini belə yandırmağa hazır olan şah rejimi nümayəndələrinin işləklərini, ancaq bəşər mədəniyyətinin quduz düşməni olan, Avropanın göbəyində kitablardan tonqal qalayan faşistlərin qeyri-insani hərəkətləri ilə müqayisə etmək olar.
Bütövlükdə çağdaş Güney Azərbaycan nəsri 80 illik formalaşma və inkişafı dövründə keşməkeşli bir yol keçmiş, bəzən coşğun inkişafın, bəzən süstlük və durğunluğun dadını da hiss etmişdir. Ancaq bütövlükdə bu hərəkatın inkişaf xətti yüksələn olmuşdu və indi də həmin istiqamətdə öz yürüşünü davam etdirir.