Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Yubiley yazıları

Elnarə Akimova. İdrak və intellekt məbədimiz: bura Vətəndir!

19-11-2018 [ 09:53 ] [ oxunub:225 ]
printerA+ | A-
82519

Nizami Gəncəvia adına Ədəbiyyat İnstitutu-85

tən həftə noyabrın 1-də Azərbaycan mifologiya məktəbinin qurucusu Mirəli Seyidovun 100 illiyi ilə bağlı tədbirə Fəxri Xiyabana getməklə, ustadın qəbrini ziyarətlə başladıq. Bu bizdə artıq ənənə halını alıb. İsa Həbibbəyli dünyasını dəyişmiş insanların yubiley tədbirlərinə həmin şəxsin qəbrini yad etməklə, ruhuna dualar oxumaqla başlayır. Gözəl jestdir, deyilmi? Axı Ədəbiyyat İnstitutunun elmi arsenalını, güc bazasını yaradan alimlərin bir qismi artıq ordadır - Fəxri Xiyabanda... Hər dəfə Fəxri Xiyabana gedəndə qəribə hisslər yaşayıram. Nəsə ayrı huzuru var buranın. Doğma, həzin, insana aqibət duyğusu aşılayan... Bunun niyə belə olduğu haqda düşünürəm. Səbəb özümə aydındır əslində: orda yatanlar bizim bir parçamızdır. Ömürlərini ədəbiyyatın, ədəbiyyatşünaslıq elminin öyrənilməsi yolunda fəda edən böyük kişilər... Onlar indi həyatda yoxdur. Amma bir zaman vardılar. İnstitut dəhlizlərində şaqraq gülüşləri, atmacaları, zarafatları, iclaslarda qızğın mübahisələr yaratmaq şövqü ilə gözlərim önündədirlər hələ də. Unudulmaz Yaşar Qarayev, Kamal Talıbzadə, Şamil Salmanov, Nazif Qəhrəmanlı, Arif Əmrahoğlu, Aydın Dadaşov, Vəli Osmanlı, Bayram Ağayev, dünyasını bu yaxınlarda dəyişmiş Zaman Əsgərli... Hər biri gülüşü, baxışı, danışıq ədası ilə yaddaşımdadır. Yaxud elə onların xatirələrindən boy verən Abbas Zamanov, M.C.Cəfərov, M.A.Dadaşzadə, Əziz Mirəhmədov sevgisi, nisgili, göynərtisi...  Cavid demiş, "Hey fələk, keçdi zaman dalğa kimi"... O qəbirlər indi o dünya ilə bu dünya arasında mediumluq edirlər sanki.  Nə yaxşı var idiniz deyirəm, nə yaxşı ki, hələ də varsınız!

Onların mənəvi diriliyini bu gün - Ədəbiyyat İnstitutunun 85 illik yubiley təntənəsini yaşadığımız ab-havada daha dərindən hiss edirik. Bu alimlərin qoyduqları irs bizim üçün ədəbi yaddaşdır, bu irsdə qüdrətli alimlərimizin ədəbi taleləri və tarixləri yaşayır. Öz yaradıcılığı ilə müəyyən epoxa təşkil edən bu ədəbiyyatşünaslar, hansısa dövrün ədəbi proseslərinin təşəkkül, axtarış və uğurlarını təmsil edən simadırlar.

Onlar, ilk növbədə, ədəbiyyata sevginin, sədaqətin sabitliyi ilə dəyərli idilər. Bütün çətinliklərə baxmayaraq, institut şöbələrinin bir hücrəsinə sığınıb fədakar bir yolun yolçusuna çevrilməklə qürur duyurdular. Etiraf edim ki, bu, yalnız onların özlərinə deyil, elmə ilk addımlarını atan biz gənclərə də stimul verəcək amil idi. Bu mənada, bu dəyərli alimlərdən yalnız elmi biliklər əxz eləmədik, ədəbiyyat sevdasına tutunmağın necə əvəzsiz bir duyğu olduğuna inanaraq yola çıxdıq.

M.C.Cəfərovun "Azərbaycan romantizmi", Mir Cəlal Paşayevin "Azərbaycanda ədəbi məktəblər", K.Talıbzadənin "Azərbaycan ədəbi tənqidinin tarixi", Y.Qarayevin "Realizm: sənət və həqiqət", Şamil Salmanovun "Azərbaycan sovet şeirinin ənənə və novatorluq problemi", "Müasir Azərbaycan ədəbi tənqidinin təşəkkülü və inkişaf meyilləri", Nizaməddin Şəmsizadənin "Azərbaycan ədəbiyyatşünaslığı", Akif Hüseynovun "Nəsr və zaman", Nazif Qəhrəmanlının "Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf, dövrləşdirmə problemləri" kimi fundamental tədqiqatları ərsəyə gəlməsəydi bu gün elmin özündə nə qədər boşluq yaranardı.  Bu gün həmin kitablar sayəsində XX əsrə tarixi-tipoloji vahid olaraq bütöv, sistemli nəzər yetirə bilirik. XX əsrin immanent inkişaf qanunauyğunluqları məhz bu tədqiqatlarla bünövrə tapmışdır. Bu insanların hər birinin ömür yolu, yaradıcılığı ədəbiyyatşünaslığımızın tərcümeyi-halını təşkil edir, ümumilikdə ədəbiyyatımızın keçdiyi yol, onun təşəkkül və inkişaf mərhələləri haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

85 illik bir zaman... Bu zaman kəsimində  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu cəmiyyətin özündə gedən proseslərlə sinxron müstəvidə dəyişən, inkişaf edən, yeni mərhələlərə və üslubi meyillərə keçidi hazırlayan və icra edən, yeni tipli estetik məzmuna malik dünyagörüşün formalaşmasında rolu olan Elm Məbədi kimi özünü təsdiq etdi. Zarafat deyil, 85 ilin, az qala bir əsrə sığışmağa az qalmış dövrün təlatümlərini, ağrılarını və sevinclərini daşıyır özündə. Cəmiyyətin bütün meridianları Ədəbiyyat İnstitutunun taleyindən keçib. 37-ci ilin qanlı repressiyasını da görüb, İkinci Dünya müharibəsinin fəci və dramatik ab-havasını da adlayıb, amma elmi gücünü təsdiq etmək prosesində hər zaman prioritet olmağı bacarıb.

Ədəbiyyat İnstitutu yalnız elmin laboratoriyası olmaqla kifayətlənməyib. Müasir yaradıcılıq tendensiyalarının öyrənilməsinə maraqlı olub, ədəbi prosesin dominant mövzularının müəyyənləşməsində aparıcı rolunu oynayıb, mühitdə müəyyən rezonans yaradan əsərləri müzakirə etməklə onu peşəkar, elmi-nəzəri düşüncənin mərkəzinə gətirib. Xatırlayıram, professor Akif Hüseynlinin "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində əsərlərlə bağlı təşkil etdiyi prinsipial və qızğın müzakirələri. Diqqət çəkən kitabları necə şövqlə təhlil edir, elmi-nəzəri düşüncənin predmetinə çevirməyə çalışırdıq. Ədəbi mühitin, yazarların özündə həmişə bu İnstituta marağı hiss etmişəm, əsərlərinin burada müzakirəsinin keçirilməsinə nə qədər məsuliyyət və təşvişlə yanaşmalarının şahidi olmuşam. İsa müəllim bu ənənəni də qoruyub-saxlamağa çalışdı. Xalq yazıçısı Elçinin "Baş" romanının "Azərbaycan" jurnalı ilə birlikdə müzakirəsi prosesə artıq bir şöbə deyil, bir institut səviyyəsində yönələn diqqət idi.

Ədəbiyyat İnstitutu bəlkə də yeganə elm ocağıdır ki, buranın dəhlizindən belə ədəbiyyat rayihəsi saçılır. Ən qızğın mübahisələr, ədəbi polemikalar şöbələrdən, iclas zallarından başlayıb dəhlizlərə qədər uzanır. Hərdən dəhlizdəki seyrəklik xiffət doğurur insanda, bir zaman şux səsini eşitdiyimiz alimlərimizin sırasını seyrələn görəndə kövrəlməyə bilmirəm. Həyat öz axarında davam edir, əlbəttə. İnstitutda çalışan böyük qism alimlər var ki, varislik haqqına tapınaraq, bu elm məbədinin sütunları altına çiyinlərini dayayıb yola davam edirlər. Bu gün Ədəbiyyat İnstitutunda çox yeniliklərə imza atılıb. Yalnız bunu demək yetər ki, son illərdə elmi-ədəbi mühitin dinamikasını, hərəkət mexanizmini stimullaşdıran işlər İsa Həbibbəylinin adı ilə əlaqələnir: açılan yeni şöbələr, nəşr olunan kitab və jurnallar, xarici ölkələrlə davamlı əməkdaşlığa atılan imzalar, beynəlxalq konfranslar, yubiley tədbirləri, elmi sessiya və yaradıcılıq müşavirələri və s. Bura alimin ədəbiyyat tarixçiliyi və müasir ədəbi proseslə bağlı davamlı fəaliyyətini, öz ruhu, forması və poetik pafosu olan məqalələrini, geniş mövzu dairəsi və nəzəri maraq əhatəsi olan araşdırmalarını əlavə etsək, sələflərə uzanan ideya-mənəvi bağlılığı görmək çətin olmaz.

Ötən həftə "85 yaşlı Ədəbiyyat mərkəzi" məqaləsində Elçin bir gerçəyi dəqiq ifadə etmişdi: "Nizami İnstitutu ilə ümumilikdə ədəbiyyat anlayışı arasında elə bir vəhdət, elə bir eynilik var ki, oradan ayrılmaq - ədəbiyyatdan ayrılmaq deməkdir...". Elədir, qəribə cazibəsi var bu məkanın. Bəlkə buna görə tale yolu nə zamansa Ədəbiyyat İnstitutu ilə kəsişən insanların həyatında əbədi olaraq iz salmağı bacarır. Bunu burada işləyib sonradan taleyini başqa məkanlara bağlayan alimlərimizi görüb söhbət edəndə də sezmişəm: içlərində həmişə bir narahatlıq, xiffət olub. Sanki Dino Bussatinin "Tatar çölü"ndəki Bastiani qalasıdır. Atıb getmək olmur, getdinsə həmişə darıxırsan bura üçün. Ona görə bura ilə ruhən ayrılmanın mümkünsüzlüyü fikrinə inanmışam. Nizami adına Ədəbiyyat İnstitutu əsl alimlər üçün həmişə üz tutacağı, şöləsi ilə isinəcəyi bir yerdir. İdrak və intellekt məbədimizdir. Harda oluruqsa-olaq, hara gediriksə gedək, içimizdə daşıdığımız, daim ona doğru qoşduğumuz doğma ocaqdır.

 

Ədəbiyyat qəzeti, 12 noyabr, 2018-ci il

SİZƏ MARAQLI OLA BİLƏR