Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Hüseyn Cavid: mühit, müəllif, mətn kontekstində - Lütviyyə Əsgərzadə

24-11-2022 [ 12:08 ] [ oxunub:133 ]
printerA+ | A-
102897

Çoxəsrlik milli şeirimizin və dramaturgiyamızın zənginləşməsində müstəsna rol oynamış Hüseyn Cavid "Şəxsiyyəti və yaradıcılığı ilə mühiti və mədəniyyəti formalaşdıran böyük şəxsiyyətlərdəndir. Mütəfəkkir şairin şəxsiyyəti yaradıcılığını, yaradıcılığı şəxsiyyətini xarakterizə edir. "Sənətkarın böyüklüyü yaşadığı mühitin mədəniyyəti ilə ölçülür", -  düşüncəsinə inanan Hüseyn Cavid böyük mədəniyyətə və dövlətçilik ənənələrinə malik olan Naxçıvan ictimai-mədəni və maarifçi mühitinin yetirməsidir. Hər hansı bir sənətkarı, ümumən şəxsiyyəti formalaşdıran hər şeydən öncə onun mühitidir. Biz də filosf şairin həyatı və yaradıcılığını müəllif, mühit, mətn kontekstindən izləməyə çalışacağıq.

Hüseyn Cavidin estetik zövqü, maarifçi dünyagörüşü, sənətkarlığı elm və təhsilin müxtəlif pillələrindən keçərək formalaşmışdı. Doğulduğu coğrafi məkan (Naxçıvan), təhsil və tərbiyə aldığı sosial-mədəni mühit; Naxçıvan - Təbriz - İstanbul onun mənəvi-iradi keyfiyyətlərini, xarakterini, bacarıq və istedadını, dünyagörüşünü bir çox cəhətdən müəyyənləşdirmişdi. 6 il Cənubi Azərbaycanda, 5 il Türkiyədə yaşamış, həyatı Gəncə, Tiflis, Bakı ilə bağlı olmuş şair "Maral"ı Gəncədə, "Şeyx Sənan"ı Tiflisdə, "İblis"i Naxçıvanda, "Afət"i, "Peyğəmbər"i, "Topal Teymur"u, "Azər"i, "Xəyyam"ı, "Səyavüş"ü, "İblisin intiqamı" və sair əsərlərini Bakıda yazmışdı.  Repressiya olunana qədər Bakıda yaşayan sənətkar faciəli tale yaşamış, özü tərcümeyi-halını "müsibətnamə" adlandırmışdı.

Ədib İran, Türkiyə, Gürcüstan və Azərbaycan mühiti ilə bağlı məqamlara, yaşadığı cəmiyyət, dövr, mühit, həyatında önəmli rol oynamış görkəmli şəxsiyyətlər və doğulduğu məkana həm yaradıcılığında, həm epistolyar irsində, həm də məqalələrində geniş yer verib, əsərlərində tarixi hadisələrə aydın təfəkkürlə münasibət bildirib, müasirləri ilə fikir bölüşüb. İrandan yazdığı məktublarda İran ictimai həyatından, Rum torpağı Urmudan, oradakı rus kilsələrindən, poçt xidmətindən, İstanbulda yaşayarkən Türkiyənin ictimai siyasi həyatından, kitabxana və muzeylərindən, teatrların vəziyyətindən, İran inqilabçıları ilə tanışlığından, onlara münasibətindən, yaşadığı Validəxan həyatından, orada yaşayan, ticarətlə məşğul olan ordubadlı və təbrizli tacirlər, hətta doğulduğu şəhərin təsvirini əhatəli şəkildə verib. O, doğulub-böyüdüyü Naxçıvanı təsvir edərkən sanki coğrafi xəritə yaradıb; hər qarışında tarix yatan Naxçıvanın qədimliyi, gözəlliyi, o zamankı ictimai-siyasi vəziyyəti, doğulduğu ev, evlərinin yanından axıb gedən Bazar çayı, Tərbiyə məktəbi, Naxçıvanın iqlimi və sair.

H.Cavid "Xəyyam" əsərinin ekspozisiyasında mütəfəkkir şairin yaşadığı dövrü təsvir etdiyi səhnədə sanki doğulduğu Naxçıvanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki halını, bir-birinə zidd iki mənzərəni təsvir etmişdi. Bir tərəfdə Şərq mədrəsə həyatı və bu mədrəsədə "elmi-irfan"la məşğul olan tələbələr, digər tərəfdə məsciddən ucalan minacat səsləri.

XIX əsrin sonlarında Naxçıvanda məscidlə məktəb çox yaxın məsafədə olub. Cavidin oxuduğu, "Bazar çayı" üstündə vaqe olan "Tərbiyə" məktəbi də "məscidi-camein qoltuğuna sığınmışdı". Eyni ilə, "Xəyyam"da olduğu kimi, məscid sakinləri ibadətlə məşğul olarkən, məscidin qoynuna sığınmış məktəbdə maarifpərvər M.T.Sidqi tələbələrinə dünyəvi elmlərdən dərs vermişdir. Sonralar məscid həyətində yerləşən məktəbdə şairin qardaşı maarifpərvər Şeyx Məhəmməd uzun illər müəllimlik etmişdi. Hətta məscid və məktəbin çox yaxınlığında yerləşən "şəhər bazarında hər gün dərviş oxuyurmuş".

Uşaqlığından şüuraltına həkk olunan hadisələri sonralar yaradıcılığında, obrazlarında inikas etdirən şairin "Şeyx Sənan" əsərindəki Dərviş obrazı bunlardan biridir. Qeyd edək ki, ədibin doğulub boyüdüyü Naxçıvanda dərviş yalnız bazarda oxumurdu. Yaşadığı Əlixan məhəlləsində Heydəriyyə, Nemətullahiyyə dərvişlərinin təkyəsi olmuşdu. K.N.Simirnovun yazdığına görə, XIX əsrin sonu-XX əsrin əvvəllərində Əlixan məhəlləsində "Tək armud" adlanan yerdə dərviş təkyəsi olmuş və Naxçıvana gələn dərvişlər bu təkyədən sığınacaq yeri kimi istifadə etmişlər. Dərviş təkyəsi olan məhəllədə yaşayan şair hər gün dərs aldığı məktəbin iki addımlığındakı Dərvişin oxuduqları ilə yanaşı, minbərdən ucalan  "minacat"ı dinləyərək böyümüş şairin "Şeyx Sənan"dakı Dərviş surəti müəllifinə bənzəyir. Dərviş surəti əsərdə həm ədibin müəyyən siyasi-fəlsəfi görüşlərini ifadə edir, həm də estetik idealını əks etdirir. Azərbaycanın Xalq artisti Sidqi Ruhulla "Şeyx Sənan" haqqındakı xatirələrində yazır ki, "H.Cavidin "Şeyx Sənan" faciəsinin tamaşasında Dərviş rolunu həmişə mən ifa edirdim. Sonralar bu rolu bəzən başqa artistlər də ifa edirdilər. Mərhum H.Cavid həmişə mənə deyərdi: - "Qardaşım Sidqi! Bu əsərdəki Dərviş mən özüməm. Unutmayın ki, siz məni oynayırsınız!" Əsərdə Dərvişin "sən kimsən, hansı dinə qailsən, hansı fikrə xadimsən" - deyə soruşan Şeyx Sənana özünü təqdim etməsi düşündürücüdür:

Saqın, hiç sorma! Bir divanəyim bən

Dəmadəm çırpınır pərvanəyim bən.

Babam heyrət, anamdır şübhə... Əsla

Bilinməz bən kimim, ey şeyxi-vala!

Fəqət, pəjmürdə bir səyyahi-zarim.

Şəriətdən, təriqətdən kənarim,

Həqiqət istərim, yalnız həqiqət!

Şeyx Sənanın; "Aman ey piri-mürşid, mərhəmət qıl" - deyə müraciət etdiyi, "ruhi müstəsna" adlandırdığı, şəriətdən, təriqətdən, mərifətdən keçərək haqqa qoşan Dərviş Cavid əfəndinin proobrazıdır. "Şeyx Sənan"dakı "Şeyx Kəbir obrazı isə səciyyəsi etibarı ilə Cavid əfəndinin möhtəbər və "fəzilətli" qardaşı Şeyx Məhəmməd Rasizadənin prototipidir. Bunu Mişkinaz xanım da xatirələrində qeyd edir.

"Şeyx Sənan"da ədibin bioqrafiyası ilə üst-üstə düşən məqamlardan biri də tale məsələsidir. Şeyx Sənanın mürəkkəb taleyi, çətin "ziqzaqlı" həyat yolu şairin həyat yolunu xatırladır. Şeyxin gəzdiyi yerlərlə şairin gəzdiyi yerlər eynidir, yetər ki, Ərəbistan yerinə İstanbul yazılsın. Sadəcə Şeyxin Gürcüstana yolu Ərəbistandan, Cavidin yolu isə İstanbuldan başlayır. Ədiblə Şeyx Sənanın məkan oxşarlığı, fikir və düşüncə, mühit bənzərlikləri də var. Dindar bir mühitdə - qədim türk yurdu Naxçıvanda, məşhur rövzəxan Hacı Molla Abdullanın ailəsində anadan olması, Təbrizdə "Talibiyyə" mədrəsəsində oxuması, taleyinin onu İstanbula gətirməsi və sair paralellik təşkil edir.

Cavidşünaslıqda bu tale bənzərliyinə ilk dəfə 1926-cı ildə "Şeyx Sənan" haqqında mülahizələrim" adlı məqaləsində Hənəfi Zeynallı diqqət çəkmişdi. "Deməli, Cavid, məsələn, molla, rövzəxan oğlu, şeyxin kiçik qardaşı, sufiyanə, xəlq ruhunda şerlər söyləyən filosof Rza Tevfiq şagirdi və İstanbul kimi o zamankı dindar bir darülfunun dəsti-pərvərdəsi olaraq Tiflisə gəlir. Onu büsbütün təzyiqi altına alan bir ruhani, dindar, sufiyanə mühit Cavidi gəzdirə-gəzdirə Qafqazın ən gözəl şəhərində - Şeyx Sənan dağı qarşısında saxlayır". Cavid əfəndinin bioqrafiyası ilə Şeyx Sənan obrazı arasında dərin paralellər aparan tənqidçi yazır: "Gərək Naxçıvanda, gərəksə də, İstanbulda bulunarkən Hüseyn Cavid mənzum şeir yazmaqdan vaz keçməyir və bir il İstanbul darülfununun kitabxanalarında çalışdıqdan sonra Tiflisə dönür. Burada Şeyx Kəbirin diliylə Şeyx Sənanın tərcümeyi-halını anlatmaq istəyən Cavidin səpkisi bir az Cavidanə olur. O da guya özünün gəzmiş olduğu yerləri bəzi təğyir ilə Sənana istinad edir. Cavidin millətçiliyindən məqsəd "Şeyx Sənan"da açıq surətdə yalnız Sənanı əslən turanlı etməkdir, yəni Sənanı farslıqdan çıxarıb türkləşdirməkdir" və şair buna nail olur. Qafqazda-Tiflis civarında Şeyx Sənanın ilk rastına çıxan Oğuz və Özdəmir özünü: "Dinim islam, kəndim türk", - deyə təqdim edir. Gərək: "Dinim islam, kəndim türk", gərəksə də: "Səni annən doğurdu Turanda, Yaşadın bir zaman da İranda" - misralarında şair sanki özünü təqdim edir. "Şeyx Sənan"la Azərbaycan teatr səhnəsinə təsəvvüf, "Topal Teymur"la Türk fatehləri daxil olur.

"Şeyx Sənan"dan sonra ədibin yaradıcılığında yeni monumental aşiq obrazı Xəyyamla boy göstərir. Böyük sənətkarın yaradıcılığının şah damarı sayılan böyük eşq "Xəyyam"da qırmızı xətlə keçir. Bu böyük eşq Xəyyamla Sevdanın arasında baş verir. Xəyyam Sevdanı görənə qədər "xilqətin varlığı"nı axtaran filosof idisə, bu görüşdən sonra filosof aşiq olur. Ədibin "fəlsəfi düşüncələrinin poetik dramatik ifadəsi" sayılan "Xəyyam"da onun həyata fəlsəfi baxışı Xəyyam obrazında ifadə olunub. Xəyyamda və Caviddə filosofluq vəhdətdədir. Hər ikisinin dünya, kainat haqqındakı fikirləri üst-üstə düşür. Ömər Xəyyamın poeziyasında "İnsan ləyaqətinə hörmət, insan məhəbbətinə alqış" - məsələsi əsas problem kimi qoyulub həll olunursa, bəşəriyyətə "məhəbbət dini" arzulayan Cavid əfəndi məhəbbət və gözəllik insanı özünüdərkə çatdırır - düşüncəsini bəyan edir. Əsəri oxuyarkən oxucunun çox üzüldüyü bir səhnə var, mütəfəkkir Xəyyam "feyləsof" İbn Sinanın kitablarını satır. Bu səhnə tamamilə Cavidin "müsibətnamə" həyatından qopub gəlmiş kimidir. Mişkinaz Cavid yazır ki, "1921-ci ildə mən bərk xəstələnmişdim. Bir gün Cavid kitablarından bir neçəsini ayırdı. Soruşdum: - "Neyləyəcəksən onları? Dedi: - Bir nəfər istəyib, ona verəcəyəm". Cavid iki-üç saatdan sonra qayıdıb gəldi, mənim dərmanım, qənd, çay, çörək, ət alıb gətirmişdi. Onda bildim ki, kitabları satdırıb. Çünki pulu olmadığını bilirdim".             

Və ya filosof şairin əsərin sonunda "Fəzilət, zəka, qüdrət, dəha" sahibi Xəyyamın həyatının son anlarını gənclərin əhatəsində təsvir etməsi... Özünə "Cavid" təxəllüsünü seçən mütəfəkkirin böyük bir fəhmlə yarın gənclərin qəlbini fəth edəcəyinə inam hissi... mütəfəkkir Xəyyamın dilindən səslənən: "Yox oxşayacaq ruhumu bir nuri səadət, İzlər məni hər dürlü fəlakət", - sözləri... sanki repressiya küləyini hiss etmiş filosof şairin fəhminin, uzaqgörənliyinin sübutu, qəlbinin  fəryadıdır. Qəhrəmanı Xəyyam kimi bu fəlakət sevdiklərindən zorla ayrılan şairi Sibirə qədər izləyib, Mişkinazının, Ərtoğrulunun, Turanının da taleyindən də yan keçməyib. Bu mənada, mütəfəkkir sənətkarın "yazdıqları yalnız Xəyyam barədə deyildi, bütün bunlar həm də onun öz ömrüydü, öz iqbalı idi".

SİZƏ MARAQLI OLA BİLƏR