Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Azər Turanın "vizit kartı" - Azərturançılıq - Tehran Əlişanoğlu

18-09-2023 [ 12:01 ] [ oxunub:247 ]
printerA+ | A-
103662

Bir yubileyin benefisinə 

Azər Turanın 60 yaşı tamam olur; rəsmən Azər İmamverdi oğlu Əbilov. Və yada salanda ki, ədəbiyyatda(n) keçən şüurlu ömrünün əksər hissəsi (məhz Azər Turan dövrü!) müstəqilliyimizə yaşıddır, elə belə də deyə bilərik: Azər Turan müstəqilliyimizin yetirdiyi parlaq ədəbi simalardan biri, ədib-publisist, ədəbiyyatşünas-tarixçi, tənqidçi və esseist, ümdəsi əqidə və fikir adamıdır.

Şöhrətinin bu çağında (60-ında!), ölkənin yeganə ədəbiyyat qəzeti olan "Ədəbiyyat qəzeti"nin baş yazarı, üstəlik, mənimcə, bugün ölkədə başlıca fikir hərəkatlarından olan "azərturançılığ"ın təmsilçilərindən birisi üçün bütün bu ad-ünvanları yada gətirib sadalamaq bəlkə də ziyadə bir şey. Neçə ay öncə Azər Turan "Atam, anam, qardaşım, mən və Stalin. Cavidlərin ailə dramı" tamaşasına, görünməmiş bir iş, az qala ölkənin bütün ədəbiyyat ictimaiyyətini yığa bilmişdi, - bu incəlik barədə o an düşündüm; həm yenə də simvolik olaraq - Cavid (azərturançılıq!) işığına.

O ədəbiyyat işini, ideya-fikir xəttini ki, Azər Turan müstəqilliyimiz boyu çalışmalarında durmadan yeridir, sovet dönəmində şəksiz ki mümkünsüz bir şeydi. Və hətta bəzən heyrət edirsən, bu qədər aşırı türkçülük həvəsi-ehtirası-enerjisini, turançılıq (öz sözləri ilə: "panturanizm") bazası-potensialı və başlıcası manifestasiyasını cavanlığından, hələ ilk debüt yazılarından başlayaraq az bir zamanda Azər necə qazana bilmişdir?! Axı ol zamanlar türkçülüyə tam qapalı bir Azərbaycanda yaşayırdıq. Doğrudur, bilirik ki, Azər Əbilov məşhur ədəbiyyat adamı, ədəbiyyatşünas İmamverdi Əbilovun oğludur; necə deyərlər, ortada məşhur İmamverdi Əbilov evi/kitabxanası faktoru var. O da doğru ki, Azərin ədəbi şəxsiyyət kimi yetişməsində məşhur 60-cılar ədəbiyyatının da öz rolu; bizim nəsil ədəbiyyat sevdalılarının cəmisinin bir kumiri olmuş - Anar!, bir az o yana, bir az bu yana. (Bioqrafisi barədə daha təfsilatlı tədqiqatçıları söz deyə bilər; məsələn, bax: Elnarə Akimova, "Uzun, incə bir yolda". Bakı, "Elm və təhsil", 2021. 496 səh.) Amma yenə də, yenə də...  Azər Turan olmaq axı başqa bir sevda!

O ad-ünvanları ki, bugün Azər Turanın şöhrətinə yaraşdırırıq, sadəcə yubiley qutlaması olmasın gərək; hər birisində Azərin öz payı-xidməti, halalca zəhmətləri vardır. Mənimcə, Azər Turan başlıcası missiya-əqidə daşıyıcısı, fikir adamıdır; türkçü və Turançıdır, bütünlükdə fəaliyyəti və yaradıcılığının nüvəsi, generatoru da bu. Seçdiyi təxəllüsə və bu səmtdə əməliyyəyə görə hər yerdə mən bunu Azər-turançılıq adlandırıram. Türklüyün tarixi minillərlə ölçülür, azərbaycançılığın yaşı yüzillərlə. Azər Turanın öz tədqiqatlarına görə, bir fikir cərəyanı olaraq Turan ideyası (panturanizm) cəmisi yüz əlli-  yüz il öncə panslavizmə qarşılıq irəli gəlmiş və "türkçülüyün babası" da, bildiyimiz kimi, Əli bəy Hüseynzadə. Sovetin qürubunda Əli bəy Hüseynzadə ismi və irsi birdən-birə həyatımıza, ədəbiyyatımıza və əməl meydanına girəndə, etiraf olunmalıdır ki, yetmiş il ayrı (yad) qaldığımız bu fikir nəhənginə əvvəlcə şaşırmış, vaqeən həm valeh olmuşduq; Əli bəy Hüseynzadə bizə nəinki yaşadığımız günü (1990-lar və s.-ini) ifadə və izah edirdi, hakəza gedəcəyimiz, gələcək yönü-səmti-konteksti də nişan verir, diktə edirdi. Olsun ki (tədqiqatçılarına borc), Azərin qəlbinə bu sevda (Azər-turançılıq) ruhca da, torpağı-sanı qədər də ona daha yaxın Əli bəy Hüseynzadə sevgisindən düşmüş, sonrakı hadisələrdə, yaşadıqca və yaşandıqca böyümüş, böyümüş, nəhayətdə bugün olmuşdur... 

Şəksiz olanı budur ki, Azər Turan bugün bizdə Əli bəy Hüseynzadə irsinin ən sanballı, dərin, şəriksiz araşdırıcısıdır və bunu ardıcıl, təkrar-təkrar təsbit etməkdən yorulmur da. Ol zamanlarda (1990-larda) Əli bəy Hüseynzadə adı çox populyarlaşdı; günün əzbəri oldu, bayrağımızı daşıyan üçlü simvolun müəllifi kimi sitatlardan sitatlara çox qanadlandı. Yaradıcılığı tədqiqata cəlb olundu, dissertasiyalar yazıldı; tədqiqatçı Ofelya Bayramlının zəhmətləri sayəsində əsərləri kitab şəklində çap olundu, "Füyuzat"ın bütün sayları toplu halında işıq üzü gördü. Hələ "Füyuzat" adına imitasion bir dərgi də çıxmağa başladı (unutmayaq ki, 1920-ci illərdə sovetlər də yeni əyyamlara alternativ-imitasion "Yeni füyuzat"dan başlamışdı)... Vəssalam. Sanki bəs elədi, sanki həzm olundu getdi. Yenidən tarixə çəkildi; Əli bəy Hüseynzadə adı getdikcə az yada düşdü, zamandan zamana, lüzum olanda. Amma "Sanki" deyirəm. Çün Azər Turan dəfələrlə yazılarında üzə çıxarır, göstərir, əyan edir: o böyük türkçüdən özləyəsi-öyrənəsi-öyrəşəsi hələ çox nəsnəmiz var.

O da heç təsadüf deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin latın qrafikalı nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamına əsasən Əli bəy Hüseynzadənin "Seçilmiş əsərləri" (2007) məhz Azər Turanın ön sözü və elmi redaktorluğu ilə nəşr olunmuş; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il tarixli sərəncamının işığına Azər Turanın "Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi" (2014) monoqrafiyası işıq üzü görmüşdür.

Bu ki, Azər Turan Əlibəy Hüseynzadə barəsində sanballı monoqrafiya müəllifidir (Azər Turan, "Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi". Bakı, "Letterpress", 2014.- 544 s.), həyat və yaradıçılığını hərtərəfli araşdırdığı doktorluq dissertasiyası yazmışdır. "Sistemli bir Turan, siyasi türk birliyi" düşüncəsi (s. 39), "İttihad və Tərəqqi" Cəmiyyətinin qurucularından biri (s. 44), "Yunanıstan müharibəsi" və "Məcidiyyə" ordenləri ilə təltif (s. 56), "Azərbaycanda ilk siyasi proqramın müəllifi" (s. 62), "Bütün Rusiya islamlarının ilk yövmi qəzetəsi olmaq üzrə "Həyat" namilə bir qəzetin imtiyazı" (s. 76), "Azərbaycan türkoloji elminin qurucusu" (s. 80), "Həyatın mənayi-həqiqisi meyli-füyuzatdır" (s. 102), "Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli - Avropa qiyafətli fədai!" - Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq (s. 107), "Əli bəyin təlqinləriylə, irşadları ilə az zamanda gənclik pək bir istiqamət aldı" (s. 122), "Şeyxülturan" (s. 126), "Panislamist" Vətən Məcnunu (s. 134), "Erməni terror təşkilatının başçısı Şaan Natali Əli bəy Hüseynzadə barədə, yaxud Əli bəyə görə erməni məsələsi" (s. 141), 1908-1910-cu illər. "Səadət" məktəbinin müdiri Əli bəy Hüseynzadə (s. 144), "Siyasəti-fürusət" (s. 147)... - Əli bəy Hüseynzadənin doğuşundan (həm də bir hadisə olaraq) ölümünə və əbədiyyətinəcən əhatəli bir kontekstdə, maraqlı bir roman tərzində, zəngin arxiv materialları, bioqrafik faktlar, tarixi personajlar, müasirlərinin şahidliyi, bədxahların böhtanları, opponentləri ilə, o cümlədən 70 illik saxta ittihamlarla açıq polemikada tarixi həqiqətləri bircə-bircə dənələyib üzə çıxaran irihəcmli, çəkinmirəm deməkdən, təkrarsız monoqrafiyanı, əlbəttə, axıracan da vərəqləmək olar; doymadan. Amma xatırlatmaq üçün bu da kifayətdir məncə.

Azər Turanın bu və bu kontekstdə daha neçə kitabları: "Ölüm süvarisi" (1999), "Hüsni-Xuda şairi. Hüseyn Cavid" (1999), "Əbədi Turan" (2001), "İrfan çobanı" (2003), "Cavid əfəndi" (2004),  "Tahir Rasizadə" (2005), "Turan Cavidin son söhbəti... Son yaşantıları... Son günü..." (2005), "Əzəl-axır dünya türkün dünyası" (Bakı, 2007, Ankara, 2009), "Yorğun şəhərin işığı" (türk, ingilis, rus dillərində. İstanbul, 2007), "Hüseyn Cavid" (2007), "Əli bəy Hüseynzadə" (Moskva, 2008), "1918-ci ilin 31 günü" (2008), "Şəhid türkoloq Xalid Səid Xocayev" (2009), "Əli bəy Hüseynzadə Turan" (Q.Paşayeva ilə birgə, 2009), "Cavidnamə" (2010), "Darülmöminin" (2012) və b.-ları - bir sözdə deyildiyi kimi, "müəllifin yaradıcılığında müstəsna rol oynamaqla bərabər milli ədəbiyyatşünaslığın dəyərli tədqiqatlarından hesab olunur" (Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı, "Elm və təhsil",  2017, Nəşriyyat sözü).

Amma bütün bu mononoqrafik işlərin tarixi və tarixən dəyərini qəti azaltmadan, öz payıma, Azər Turanın ədəbiyyatşünaslıq sahəsində və ümumən humanitaridə daha böyük xidmətini başqa bir ali niyyətində görürəm: Azər Turanın təsbitinə görə, Əli bəy Hüseynzadə türkolojidə və Vətən tarixində yalnız başlanğıc, mənbə, məxəz, "dünən" deyildir, bütün yaradıcı ideyaları və proyektləri ilə bugündür; ideya və fikirləri potensialını tam tükətməmiş, kinetikasını içində saxlamış, bugün də gerçəkdır. Məqsəd onu gəlişdirməkdən, günün istifadəsinə verməkdən ibarətdir. Həm də yalnız ideolojidə (Turan dünyası!) deyil, fəlsəfədə, sənətdə, ədəbiyyatda, estetikada, milli varlığın hər bir sahəsində...

Azər Turanın tənqidçi və bir ədib olaraq günün ədəbiyyat hərəkatında yeri və rolu barəsində dəfələrlə, yazılarımda söz açmışam; hələ 22 il öncə "Yeni Azərbaycan" qəzetində, qəzetin "Ədəbiyyat" əlavəsinin redaktoru olaraq başlatdığı Ədəbi Turançılıq forpostundan... Məsələn, bu: "...yaxşıdır ki, Hacı Azər Ədəbiyyatın məqsədini onun qarşısında duran fəlsəfi məsələlərdən hesablayır və bu məqamda, sanki qırıldığımız tarixi sınırlara - turançılıq-türkçülük zamanlarına (həmən Cavid dövrünə) üz tutur; Qarabağda qalib olası Ədəbiyyatdan Turan hərbinin romantiki Ənvər Paşa hünəri istəyir... Hacı Azər bu fikirdədir ki, milli ədəbiyyatımız məhz həmin dönəmdən - "Şərqdən, öz ruhumuzdan uzaqlaşıb Qərbə üz tut"duğundan və "Qərbə doğru səfərində rastına çıxan bütün təriqətləri-izmləri qanına hopdur"duğundandır ki, biz hərbi uduzuruq..." (Sadiq Vəli, Manifest, "Bizim əsr" qəzeti, 14 noyabr 2001);

Son illərdə "Ədəbiyyat qəzeti"ndə gerçəkləşdirdiyi geniş tənqid platformalarına: "Azər Turan günün ədəbiyyatında missiya daşıyıcılığını öhdəsinə götürmüş şəxsdir... Azər Turan tənqidinin "məxrəc"i hələ 110 il öncədən, Əlibəy Hüseynzadənin mədəni turançılıq hərəkatından gəlir... Eyni zamanda, təqribən iyirmi il əvvəl "Yeni Azərbaycan" qəzetində başlatdığı həmin istiqaməti baş mühərriri olduğu "Ədəbiyyat qəzeti"ndə hərəkata çevirməyə cəhd edir... Bütünlükdə Qərb parametrləri ilə, Azərbaycan miqyasında, bu bir modernizm hərəkatıdır... (T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri. "Ədəbiyyat qəzeti", 29 iyun 2019);

Ta ki, Vətən müharibəsi, Qarabağ savaşında qalibiyyətimizəcən: "Turan qapısı" anısını Əlibəy Hüseynzadənin 1915-ci ildə Çanakkala döyüşünə ithafən yazdığı şeirdən günümüzə Azər Turan iqtibas edir və ardıcıl Qarabağ esselərində ("Burası Turan qapısı" - ƏQ, 3 oktyabr 2020; "Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi" - ƏQ, 24 oktyabr 2020; "Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər". - ƏQ, 14 noyabr 2020...) Ali Baş Komandanın Zəfər dastanı səhifələrinə Türkün ulu tarixindən dürüst, hər dəfə hədəfi vuran sərrast analogiyalar gətirir (T.Əlişanoğlu, Ədəbiyyatda Ali Baş Komandan. "Ədəbiyyat qəzeti", 6 noyabr 2021)

Azər Turanın yeni və əsaslı "milli modernizm" konsepsiyası vardır; maraqlıdır ki, Qərbin inkarından başlanıb, Qərb "izm"lərini də həzm etmiş alternativinəcən (modern Şərq, özümlü Şərq!) yol gəlir. İndiyəcən bizim ədəbiyyatşünaslar lokal Azərbaycandan ("Rusiya Azərbaycanı"ndan) çıxış edərək, Əli bəy Hüseynzadədə "Həyat" və "Füyuzat" ilə başlanan böyük romantizm hərəkatının banisini görmüş və tədqiq etmişlər. Azər Turan bir az da irəli gedir; bütünlükdə türk dünyası və Şərqdən baxaraq, konteksti böyüdür, üstəgəl "Siyasəti-fürusət"də həm başqa bir güc, özgə bir başlanğıc da görür - modernizm!; və sistemli tədqiqinə girişir.

Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət"inin (1908) Ceyms Coysun "Uliss"i ilə (1914-1920) birgə təhlil-təfsirə cəlb edilməsi ("Ceyms Coys və Əli bəy Hüseynzadə" // Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı, "Elm və təhsil",  2017, s. 17-24) az qala Azərbaycan modernizmini daha qabağa salır (Deyək, professor Qorxmaz Quliyevin "C.Məmmədquluzadə və çağdaş teatr" məqaləsində C.Məmmədquluzadənin "Dəli yığıncağı"nı Öjen İoneskonun "Kərgədanlar" pyesi ilə müqayisəsində olduğu kimi // bax: Qorxmaz Quliyev, Cəlil Məmmədquluzadə və dünya dramaturgiyası. Bakı, 2012); bu ki, Azərin təsbitinə görə: heç də "XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından geri qalmırdı..." (Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı, "Elm və təhsil",  2017, s. 24).

Əslində, modernizm konsepsiyasını Azər əvvəlcə elmi hipotez olaraq (Əli bəyin fikir dünyasında Şopenhauer, İppolit Ten, Nitsşe kimi filosofların yeri və rolundan təkanlanaraq) irəli sürür. Həməncə Şopenhaueri, Gyöteni, Nitsşeni, Hartmanı, Bodleri, Merimeni, Verleni, Emil Zolyanı..., dekadansı, simvolizmi, Qərbin qürubunu  eyni qədər  Əli bəy Hüseynzadə də görür, qeydə alır (Azər Turanın tədqiqlərində faktlar konkret, sitatlı-sübutludur), amma təkcə çağdaş, bugünlü Avropanı bizə xəbər verməsi ilə bitmir ki; bu öz yerində. Əli bəy çağdaş Şərqin özündə dekadans və "yeni tarix"i "görür", ifadəsi və realizəsinə rəvac verir. Araşdırmalarında perspektivlərini "görüb", Azər Turan konsepsiyasını bütün əsr boyu gəlişdirir: bir Əli bəydə yox, Məhəmməd Hadidə, Hüseyn Caviddə... və bugündə; modern türk (Türkiyə) şeiri və bütünlükdə türk dünyası paralellərində...

Etiraf olunmalıdır: bu cəsarətli baxış tərzi bütünlükdə XX yüzil ədəbiyyatını (və ümumən milli varlığımızı) yenidən görməyə və çözələməyə təklif və şanslar verir. Tədqiqatçısı Elnarə Akimovanın təqdir etdiyi kimi: "Məncə, uzun müddət özü ilə arasına sədd çəkilmiş universal baxış sistemlərinin düşüncə strukturumuza gətirilməsi və bunun sağlam müstəvidən realizəsini tapması XX əsr tarixinin və mədəniyyətinin özünüdərk proseslərini anlamağa, onu bütün məzmun-mahiyyəti ilə meydana qoymağa imkan verir. Azər Turan haqlı olaraq, XX əsri fəryadın metafizikası kimi simvolizə edir, ümumi əhval və üslub konkretliyi ilə şərh etsək, bu, bütün parametrləri ilə əsrin məzmununa, onun psixoloji hal və vəziyyətinə tam adekvat anlayışdır" (Elnarə Akimova, Azər Turanın modern dünya savaşı. // Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı, "Elm və təhsil",  2017, s.3-11; s.4)

Deyim ki, Azər Turanın XX əsr gəzişmələrində tətbiq etdiyi effektiv tədqiq üsulu, geniş tipoloji müqayisələr və paralellər metodolojisi mənə də çox doğmadır. Əyani olsun deyə, daha bir sitatdan çəkinməyəcəm: "Belə ki, XX yüzilin astanasında milli-ictimai fikrin simasında Şərq Qərblə bir sırada əsr həqiqətlərini çözələməyə, problemlər qoyub-həll etməyə hazırdır. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin yaradıcılığı bütünlükdə bu ehtirasın təcəssümü kimi təzahür edir... Bu zaman Əlibəy Hüseynzadənin ümum-Şərq, ümum-Türk, ümumbəşər dəyərləri sorağında fikir yönəmləri Mirzə Cəlilin realiya axtarışları ilə yanaşıdır... Qərb və Şərq, Qərblə yanaşı, bir sırada duran Şərq - indi məsələ bu şəkildə qoyulur. Qərb ölçüləri, Qərb dəyərlərinə müqabil müstəqil Şərq! - ictimai fikirdə, ədəbiyyatda, sənətdə istər romantik, istərsə də satirik-ironik planda problem indi bu tərzdə aktuallanır..." (T.Əlişanoğlu, Əsrdən doğan nəsr. Bakı, "Elm", 1999, s. 32-33)  Amma bir var, T.Mustafayi sayaq, analoji və tipolojini "quru nəzəriyyə" olaraq yürüdəsən (bax: "Daha bir morfologiya", "Analoji və tipoloji", "Tipolojiyə qeydlər", "...və başqaları, həm T.Mustafayi" və s. // T.Mustafayi, Ədəbiyyat söhbəti. "press-Fakt" qəzeti, 1995-1997); bir də var zəhmətinə qatlaşıb, Azər Turan sayağı, çiynini nəhəng filoloji yükün altına verməkdən qətiyyən çəkinməyəsən, "XX əsr - Fəryadın metafizikası"nda olduğu kimi.

Azər Turanın 2017-ci ildə işıq üzü görmüş "XX əsr - Fəryadın metafizikası" kitabı (Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı, "Elm və təhsil",  2017, 424 səh.) konsepsiyasını hərtərəfli açıqlayan və ümumən ədəbiyyatda modernizm estetikası üzərinə bizdə ilk sistemli işdir. O da maraqlıdır ki, Azərbaycan ədəbiyyatında və ümumən türk dünyasında modernizm epoxasını Əli bəy Hüseynzadə ilə başladan və dəfələrlə bu məqamın üzərinə qayıdan Azər Turan, amma kitabda "Modernizm dalğa"sını başlıca olaraq modern türk (Türkiyə) şeiri və şairlərinin nümunəsində izləməyi lazım bilir (bax: Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı, "Elm və təhsil",  2017, s. 13-90). Güman ona görə ki: türk şeiri hadisəni ("modernizm dalğası"nı) müdaxilələrdən (ideolojidən) kənar, sırf poeziya, "sənət sənət üçündür" gəlişməsi üzərinə, bütöv bir axarda görməyə daha çox şans verir; və bəlkə bir də: Azərbaycan poeziyası üçün də mühüm olan həmin (modern) konteksti daha da görükdürmək, aktuallandırmaq üçün. Axı Azər Turanın fikrincə: "Əfsus ki, Azərbaycan poeziyası özünün əlahiddə bir "Sərvəti-Fünun" dövrünü yaşamadı. Yeniləşən ədəbiyyat dünyasında Azərbaycan poeziyası Avropadan 40-50 il geri qaldı. Sonra da modernizmə qarşı acıq və qıcıq dolu savaşını fasiləsiz və amansızcasına sürdürən yetmiş illik sovet dönəmi..." (Azər Turan, "XX əsr - Fəryadın metafizikası", Bakı, "Elm və təhsil",  2017, s. 68)

Modern türk şeirini bizə yaxından, sistemli, XX yüzil boyu bütün estetik təmayülləri, poetik axtarışları və kəşfləri, şeirdə inqilabları ilə, başlıcası şair fərdləri, bioqrafiləri, portretlərində tanıdan "Modernizm dalğası" silsiləsini bu sahədə Azərbaycan oxucusu üçün mükəmməl bir bələdçi, müfəssəl yol xəritəsi kimi qiymətləndirmək olar (bu baxımdan bizdə bu, bəlkə bir Anarın "Türkün sözü" silsiləsi ilə müqayisəyə gəlir - bax: Anar, Söz dünyası, I cild, Bakı, "Şərq-Qərb", 2018). Silsilədə Azər Turan XX yüzil klassiklərinin hər birinin (Cənab Şəhabəddin, Əhməd Haşim, Yahya Kamal Bayatlı, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansever, Cemal Süreya, Sürəyya Berfe...) çağdaş türk şeirinə, Vətən düşüncəsinə, dünya poeziya tarixinə nələr verdiyini ayrıca, əsl poeziya bilicisi kimi üzə çıxarır, incələyir, təqdim edir.

Və bir də, silsiləni izlədikcə, arzu edirsən: kaş Azərbaycan poeziyasını da bir növ vərdiş olunmuş, qəlibləşmiş formatda, yalnız adlar-siyahılar, onilliklər, ədəbi nəsillər, "döyülüb-döyülməmiş qapılar" şəklində deyil, beləcə ardıcıl: lirik rübab sahiblərinin, "əsrin yükü"nü çiyinlərinə götürmüş poeziya nəhənglərinin simasında, sırf sənət-şeir-həzziyyat müstəvisində "oxumaq", tarixi poetikasına varmaq olaydı. Yalnız hardasa 1930-larda qıırılmış, 1980-lərdə yenidən dirçəlməyə başlamış hadisə kimi yox, eləcə də sovet əyyamlarının içində(n) və fövqündə, özünə çəkilmiş, küncdə-hücrədə, şeirlər sırası və misralar arasında, incəlmiş-süzülmüş-üzülmüş, "həqiqət incələr, lakin qırılmaz" tərzində. Son bir sıra yazıları, əslində,  Azər Turanın bu məqama da hazır olduğunu xəbər verir...

Azər Turanın yazı üslubu - esseist tərzdədir. Esseizm yalnız onun tənqid yazılarına xas deyil, monoqrafiyalarına da sirayət edibdir. Bir qayda: dominantı fikir-düşüncə çırpınışı üzərinə emosional-milliyyətçi mövqe diktə edir; amma heç də boşca bəlağət olmayıb, bu, konseptual yüklənmiş, tədqiqatla, arqument və fakt həqiqəti ilə möhkəmləndirilmiş, təhlil və analitikaya bələnmiş bir üslubdur. Azər Turanın monoqrafiyaları essevari gəlişdiyi kimi, esseləri də əksərən monoqrafik oriyentirlidir. Bu ki, Azər tənqid esselərini çox vaxt silsilələr şəklində qələmə alır; tematik, aktual və bir qayda, Turan dünyasına ünvanlayır. Azər Turanın esseləri problemlər üzərə kitablaşmağa meyllidir.

Məxsusi qabartmasa da, Azər Turan hər yerdə həm də geniş məlumatlı türkoloq kimi əvəzsiz; fərqli və təkrarsızdır. Canlı, ayaqda olan, qədimləri bugünlə, tarixi keçmişi aktual gündəmlə bir nəfəsdə birikdirən türkologiya onu daha çox cəzb və məşğul edir. Azər Turan müasir Azərbaycan varlığının, mədəniyyətinin, ədəbiyyat və sənətinin gəlişməsini çağdaş dünya və Turan kontekstində görür, tərcih edir. Turan tarixini min illər qədimə və yüz sənə öncəyə müfəssəl bilən Azər tarixin və ideologiyanın cızdığı mənəvi coğrafiyanı təkrar-təkrar gündəmə gətirməklə əməli olaraq addımlar atır. Zəngin türkoloji bilgiləri Azəri hər gün, hər həftə, hər dəm dindirməyə, yeni sıralar-silsilələr çizməyə, vaxt var ikən tarixi dəyərləri günə çevirməyə ilhamlandırır, vadar edir. Belə:

Mifoloji qədimlərdən ("Turanın Troyaya dəxli varmı", "Alp Ər Tonqa",  "Alp Ər Tonqa - Turanın qurucusu", "Oğul atanın sirridir"...), Ortaçağlara ("Hz. Yusifə bənzədilən kitab", "Sultanın süd qardaşı şair. Nəvai və Sultan Hüseyn Bayqara", "İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı...", "Tarix yazanlar: Professor Fuad Körpülü barədə düçüncələr", "Ruh dəyişmə, birin ikiləşməsi. İskəndər Palanın "Şah və Sultan" romanı barədə"...);

Türk dünyasında dekadans, modernizm çabaları ("Görmədim"dən başlayan estetik qürub", "Panislamizmin qurucusu, türk milliyyətçi şeirinin mürşidi, Renanın İbn-Rüşdlə qiyaslandırdığı Azərbaycan kökənli Şeyx Cəmaləddin Əfqani", "Qaspıralı dalğası", "İsmayıl bəy Qaspıralı - "məfkurələr fabriki", "Ulusu sevmək fənni. Əhməd Ağaoğlu",  "Qafqazın birinci adamı. Yaxud bir ailədə iki Şeyxülislam", "Hüseyn Cavid və modernizm dalğası", "Türkçülüyün qurucularından Yusuf Akçura", "Zəki Vəlidinin təlqinləri", "Birinci Türkoloji Qurultay"...); və repressiya dalğası ("Bəkir Çobanzadə - milli kədərdən doğulan, 44 yaşında güllələnən böyük alim", "Müşfiq - Azərbaycan ədəbiyyatının cavabsız sualı", "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməçisi niyə üzə çıxarılmır? Xalid Səid Xocayev"...);

Və bu ki, əzəl-axır dünya türkün dünyası: "Turan Heyəti", "Azərbaycanın gücü", "Çingiz Aytmatovun ağ buludu", "Abidə insan. Anar", "Ədəbiyyatdan Vətən yaradanlar. Özbəkistan qeydləri", "Sən dəniz qoxuyursan, Çingiz Dağçı", "Burası Turan qapısı", "Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi", "Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə - Əli bəy Hüseynzadə örnəyi", "Fatehin Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma PUA-ları", "Gelib sana çarpan gücü, yavaştan Anlamazsa, haritadan sil gitsin!", "Zəfər paradı və Nihal Atsız"...

Müasir Turan ideyasının həm türk xalqlarının mədəni birliyi və vahid müstəvidə çağdaş dünyaya inteqrasiyası, həm də ictimai-siyasi gerçəklər, geopolitika baxımından zirvədə olduğu günümüzdə Azər Turanın bu yöndə durmadan, usanmadan publisist fəaliyyəti necə də vacib və önəmli görünür!

Ulu Öndər Heydər Əliyevin Çağdaş Azərbaycançılıq ideologiyası və çağdaş Azərbaycanın lideri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Türk dünyası konseptləri daxilində gəlişən, ilhamlanan azərturançılıq bugün bütünlükdə dövlətçilik, milliyyətçilik, azərbaycançılıq məqsədlərinə səfərbər olunmuş. Məxsusən, II Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi günlərində və sonrası Azər Turanın bir an belə susmayan publisist qələmi, habelə redaktoru olduğu "Ədəbiyyat qəzeti"ndə gedən yazılar həm bunu təsdiq edir.

Qəzetin materialları əsasında qələmə aldığım "Ədəbiyyatda Ali Baş Komandan" adlı yazıda ("Ədəbiyyat qəzeti", 6 noyabr 2021) həmin faktları təsbit etməyə çalışmış, qeydə almışam: "Üçrəngli bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb. İndi o ilk dəfədir ki, Qarabağ səmasında dalğalanır. Bəlkə də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi. İlk dəfədir ki, Gövhər Ağa məscidinin minarəsindən azan səsi eşidilir..." (Azər Turan, "Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər". - ƏQ, 14 noyabr 2020) "Bu mənada İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı "Səddi-müdafiə yoxdur, səddi-vətən vardır" deyən Atatürk kimi, İlham Əliyev də "status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik" deyir" (Azər Turan, "Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi" - ƏQ, 24 oktyabr 2020)

Vətən müharibəsi və Zəfər dönəmində Azər Turanı bir ədib olaraq daha bir fikir dərindən məşğul etməyə başlayır. Azərbaycan Ordusu və Siyasi liderimizin möhtəşəm qələbələri fonunda ədəbiyyatımızın uğurları necə görünür: "...Ədəbiyyatımız millətimizi dünyada tanıda bilməsə də, qırx dörd gündə ordumuz onu dünyaya təqdim etdi. Kaş ki, müzəffər Ali Baş Komandanımızın yanında da Atatürkün çevrəsində olduğu kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı..." (Azər Turan, "Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər". - ƏQ, 14 noyabr 2020)

Son illərdə bizim yubilyarı Azərbaycan ədəbiyyatının son durumu, çağdaşlıq problemləri, ali ideallar naminə estetik qayğıları daha da çox düşündürür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid kürsülərindən etdiyi yüksək tələbkarlıqlı məruzələri ("Çağdaş Azərbaycan şeirində modernist estetikalar", "Publisistika. Janrın sərhədlərinə sığan və sığmayan mətnlər", "Berqsonun zamanı, yaxud çağdaş poeziyamız"), milli modernizm məcrasında "təzə imza" ehtirasları ("Sonuncu Yeni - Şəhriyar del Gerani", "Ayrılıqların sürreal mənzərəsi. Ümid Nəccari"...), bu yöndə "Ədəbiyyat qəzeti"nin səhifələrini gənc yazarların qələminə geninə-boluna açması və s. bu kimi işləri  zatən belə deməyə əsas verir. Bu yazılarda, həm geniş fəaliyyət platformasında mən bəzən aşkar bir nostalji, az qala yanımızdan ötüb-keçmiş bir əsrin, "modern epoxa"nın kədər və həsrətini də duyuram. Və doğrusu, Azər Turanın ədəbi-tənqidi fədakarlığına böyük önəm verməklə, həmin nisgil və qayğıları çox da  bölüşmürəm. Qlobal çulğaşmaların eninə-geninə üstümüzə yeridiyi yeni dünya düzənində bəlkə bir az da təbəssüm, qəzavü-qədərin üzünə gülümsünmək (necə deyərlər, "postmodern ironiya") pis olmazdı... - demək istəyirəm, qardaşım!

Hərçənd hələ yeniSi ilə "Yeni Azərbaycan" zamanından Azərlə aramızda "açıq-gizli" bir polemika da var; yaradıcı-qurucu polemika isə həmişə gərəkdir, ələlxüsus ortada Ədəbiyyat söhbəti varsa. Cürət edib, Mirzə Cəlil demiş, "dağarcığımızı çuvalların yanına çəksək", özlüyümdə bunu belə yozuram ki: Ədəbiyyat  düşüncələrimdə mən başlıcası M.F.Axundzadə-C.Məmmədquluzadə xəttinə amadəyəm, Azər Turan - C.Əfqani-Ə.Hüseynzadə paradiqmasına... Ədəbiyyat-əbədiyyət kontekstində ayrılıqları çox da prinsipial olmasa belə. Olsa-olsa, mən daim "analitik Azərbaycan" modelinin yanlısı olmuşam, Azər Turan - "ideal Azərbaycan" xəyalının. Bütün xəyallar zor-xoş, ən nəhayət gerçəkləşir, gerçək olur...

Bu yubiley dəmində, son dərəcə dəyər verdiyim "opponentim"in nəfinə, qeydlərimi son yazılarımdan birindən sitatla tamamlayıram: "Belə. Əli bəydən yüz on, "Yeni Azərbaycan"dan on il sonra axar suya ayağı təkrar salmaq Sevdası. Azər-turançılıq... "Sevdalar" yaxşı, artıq vaxtıdır ki, söhbət "yeni konsepsiya"nın ədəbi-tənqidi prosesə nə qədər yansıması, yeriməsi ətrafında getsin. Məsələ burasındadır ki, XX yüzil boyu "axar sular"dan biz ayağımızı heç cəkmədik ki. Nə qədər (ideoloji) yanıltmağa çalışsaq da (ax bu Sos-realizm!), məgər bütün əsr uzunu ədəbiyyatımız (estetik) "mollanəsrəddinçiliy"in üstünlüyü, dominantlığı üzərində gəlib-gəlişməmişmi?! Elə hey Günün qarşımıza çıxardığı (ağır) gerçəklərə aludə-pərçim olub, İdeallar peşində olmağı az qala yadırğamışıq da... Məgər aşkar görünmürmü ki, bütünlükdə XX yüzili vahid tipoloji hadisə (və Realiya!) kimi, parçalara bölmədən götürüb, Azərbaycan həyatında əsri bütöv əhatə edən böyük Dekadansdan danışmağın zamanı çatmışdır?!; o ictimai-siyasi, tarixi-mədəni, milli-mənəvi, qlobal-fəlsəfi - dərin Azərbaycandan ki, müstəqil (modern) Azərbaycanı içindən doğmuşdur..." (T.Əlişanoğlu, "Şuşa ili"ndə ədəbi tənqid. "Ədəbiyyat qəzeti", 22 iyul 2023)      

Bu işıqlı yolun uğuruna ömür xərcləmək, uzun-uzun yaşamağa dəyər. Müdrik yaşın mübarək, Azər Turan!

SİZƏ MARAQLI OLA BİLƏR