Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Pərvanə Bəkirqızı. “Şəxsin görünür rütbeyi-əqli əsərindən”…(Professor Tahirə Məmməd - 60)

05-07-2020 [ 16:48 ] [ oxunub:66 ]
printerA+ | A-
100093

Dəyişikliklərin sürətlə yaşandığı bu nanotexnologiyalar əsrində bir çox dəyərlər var ki, nə yaxşı hələ toxunulmazlığını qoruyub saxlamaqdadır. Bunların ən ümdə olanları Vətənə, xalqa xidmət göstərmək və eyni zamanda bu uğur naminə öz ardıcıllarını yetişdirməkdir. Tarixin müxtəlif kəsimlərində bu keyfiyyəti özündə cəmləşdirənlər ustad, mürşid, şeyx, müəllim... adları ilə tanınıblar. Şərqin fikir adamlarından Bəyazid -əl-Bistami yazırdı ki, ustadı olmayanın şeyxi şeytandır. O çaglardan bu günə yol alan uzun bir zamanda yenə də öyrənməyə can atan hər bir kəsin bir ustada, mürşidə, müəllimə ehtiyacı vardır.

Yeni nəzəriyyələrin, fəlsəfi dünyagörüşlərinin,təlimlərin içərisindəki xaosdan düzənə, harmoniyaya doğru yolda yetkin bir elm adamı, vətənpərvər bir insan kimi tanınan filologiya elmləri doktoru, professor Tahirə Məmməd Azərbaycan filoloji fikrinin inkişafına istiqamət verə bilən, yüksək intellektli ziyalı alimlərimizdəndir. “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” (1999), “XIX əsr Azərbaycan ədəbiyyatı” (2010), “Osmanlı şairlərinin yaradıcılığında Azərbaycan ədəbiyyatı ənənələri” (2010), “Neosufizm: yaradıcılıq və nəzəriyyə” (2016),“Ədəbiyyat müasir elmi yanaşmalar kontekstində” (2016), “Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” (2018) əsərləri professor T. Məmmədin məsələlərə özünəməxsus yeni fərqli baxışı ilə seçilir. Ədəbiyyatşünaslığa gəlişi Naxçıvan Dövlət Pedaqoji İnstitutununda akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi tələbə elmi cəmiyyətindən başlayan Tahirə xanımın hələ “Vəfalı Səriyyə”nin janr və üslub xüsusiyyətləri”,“C.Cabbarlı yaradıcılığının ilk mərhələsində maarifçi realizm və romantizmin qarışılıqlı genetik əlaqəsi”, “Bir daha C.Cabbarlının “Qız qalası” poeması haqqında”adlı ilk məqalələri müəllifin bədii materiala yanaşması və təhlil mexanizminin konstruksiyası ilə seçilirdi.

XX əsrin əvvəllərində B.Tomaşevski yazırdı ki, poetikanın vəzifəsi bədii əsərin yaranma xüsusiyyətini öyrənməkdir. Azərbaycan ədəbiyyatının poetikası iləbağlı tədqiqatların müəllifi kimi prof. Tahirə Məmmədin təhlil mexanizmini şərtləndirən əsas xətt də həm bədii əsərin yaranma xüsusiyyətini öyrənmək, həm zamanın ictimai-fəlsəfi baxışları fonunda ədəbiyyatın və ədəbiyyatşünaslığın daşıdığı funksiyanı ən incə detallarına qədər araşdırmaq, həm bədii mətni sadəcə ədəbiyyatşünaslığın lokal xüsusiyyətləri zəminində deyil, eyni səriştə ilə fənlərarası əlaqə metodunu bir araya gətirməklə, həm də ədəbiyyatımızın bünövrəsində dayanan folklor, təriqət və din amillərini nəzərə alaraq mətni bütöv şəkildə tədqiq etməkdir. Bu yanaşmada hermenevtikanın, dilçiliyin, psixologiyanın və fəlsəfənin baxış bucağından ədəbiyyatşünaslıq yeni dəyərləndirmə qazanır.

Professor Tahirə Məmmədin bu yanaşması elmi-pedaqoji fəaliyyətinin də əsas istiqamətlərdəndir. “Elmdə həmişə getməli bir yol varsa, o da gedilmiş yolla getməməkdir” deyirdi mərhum Xudu Məmmədov. “Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü” adlı dissertasiyası ilə Tahirə Məmməd ədəbiyyatşünaslığımızın görkəmli simalarından Məmməd Cəfər Cəfərov məktəbinin mötəbər davamçılarından olmaqla ona məhz ədəbiyyat nəzəriyyəsi ilə məşğul olmağı məsləhət görən akademik İsa Həbibbəylinin etimadını tam mənası ilə doğrultdu. Elmdə gedəcəyi yolu gedilmişlərin üzərindən salmadı Tahirə Məmməd. Professor Yaşar Qarayevin “hansı mövzu üzərində işləmək istərdin?” sualına gənc aspirantın “ədəbiyyatımız klassik Şərq poetikası ənənəsindən nəyi qoruyub saxlaya bilib, yeni istiqamətlər ədəbiyyatşünaslığımıza nə gətirib, nəyi itirmişik, nə qazanmışıq” cavabı ilə elmi rəhbərin “Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü” mövzusunu irəli sürməsi Tahirə Məmmədin elmi yaradıcılığının istiqamətini müəyyənləşdirmiş oldu. İlk tədqiqatlarından mətnə struktur poetikanın xüsusiyyətləri ilə yanaşan T. Məmməd C.Cabbarlının “Qız qalası” poeması haqda məqaləsində mətnin alt qatında yatan müəllif kodlaşmasının açılmasını diqqətə aldı. Bu həmin illərdə mövcud sovet ədəbiyyatşünaslığının sərhədlərindən kənara çıxma, ədəbiyyatı və ədəbiyyatşünaslığı ideoloji təlimlərin çərçivəsindən uzaqlaşdırma funksiyası ilə seçilirdi. Mətni bütün layları ilə birlikdə təhlilə cəlb etmək, ən xırda elementləri gözdən qaçırmayaraq bütün bunları Şərq-Qərb poetikası işığında öyrənmək, həm də birinin digərindən təsirlənməsini deyil, lokal xüsusiyyətlərinin ənənəyə bağlılıq dərəcəsini göstərmək professor Tahirə Məmmədin elmi fəaliyyətinin əsas leytmotivini təşkil etmişdir. Struktur-semiotik təhlil metodu tədqiqatçının C.Cabbarlının “Qız qalası” poeması, “Vəfalı Səriyyə və ya solğun çiçəklər” dramı ilə bağlı məqalələrindən başlayaraq ta “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” adlı monoqrafiyasında da davam etdirilir. Monoqrafiyada XX əsr Azərbaycan dramaturgiyasında ədəbi-mədəni mühit, Şərq-Qərb konteksti, türk ədəbiyyatı ilə qarşılıqlı əlaqə, rus və avropa dramaturgiyası ilə tipoloji müqayisə məsələləri,dramaturgiyada neosufizm mərhələsi kimi ciddi problemlər araşdırılmışdır ki, bunlar da, şübhəsiz, müəllifdən böyük hazırlıq tələb edirdi. Məhz bu təməl ədəbiyyatda Şərq-Qərb kontesktini araşdıran müəllifi bir çox sələfləri və müasirlərindən fərqləndirmişdir. Səbəb tədqiqatçının uzun zaman yalnız ədəbiyyatşünaslıqda deyil, humanitar fikrin müxtəlif sahələrində sabitlik qazanan (avropasentrik) konsepsiyalara yeni baxışı ilə seçilməsiydi. Şərq-Qərb mədəniyyətinin qütbləşməsini deyil, hər birinin xarakterik modellərinin araşdırılmasını daha məqsədəuyğun hesab edən prof. Tahirə Məmməd yazır: “XIX və XX əsr Şərq ədəbiyyatına Qərbdən daxil olan yeni poetik forma və vasitələrlə bərabər, XX əsr Qərb mədəniyyəti də bir çox Şərq keyfiyyətlərindən bəhrələnir. Bu o demək deyildir ki, Şərqin təsiri duyulan hər hansı bir cərəyan Qərbdə Şərq hadisəsidir, eyni zamanda, Şərqə Avropanın struktur-poetika baxımından təsiri də onu Qərb hadisəsinə çevirmir”. Bu fikirləri ilə T. Məmməd Azərbaycan ədəbiyyatında önəmli yeri olan Abdulla Şaiqlə eyni mövqedə dayanir. Bu yaxınlıq hər iki ədəbiyyat adamının həm də milli məfkurəsində də özünü biruzə verir. Abdulla Şaiq “Arif XIX və qismən XX əsrin yetişdirmiş olduğu türk xalqının nümayəndəsi və tarixi tipidir. İblis isə Qərb mədəniyyətinin yetişdirmiş olduğu, tam mənası ilə realist bir tipdir” dedikdə XX əsrin əvvəlində ədəbiyyatda Şərq-Qərb tipinin nümunəsini verir.Tahirə Məmməd də Şərq və Qərb ənənəsinin incəsənətdə, ədəbiyyatda yaratdığı ornamentallığın poetikasını araşdırıraraq belə qənaətə gəlir ki: “Şərq üçün uzun müddətli ənənəsi olan mənanın mətnaltında, mübhəm saxlanılması, yazılı poeziyanın səviyyəli adresata ünvanlanması kimi nəzəri-estetik prinsipi XX əsr Qərb ədəbiyyatının novator  xüsusiyyətlərindən biri kimi özünü göstərir”.

Şərq poetikası ənənələrinin müasir ədəbiyyatda təzahür formaları və onların nəzəri dərki prof. Tahirə Məmmədin araşdırmalarında müntəzəm müraciət etdiyi məsələlərdəndir. “Ənənə təkrar deyil” yazan professor Tahirə Məmməd C.Məmmədquluzadə və C.Cabbarlı mətnləri üzərində apardığı tədqiqatlard a metaforiklik, əsas fikrin və konfliktin alt qatda verilməsindən hərəkət edirsə, XX əsr Azərbaycan romantizmində, xüsusən H.Cavid yaradıcılığında daha fərqli cizgiləri ilə meydana çıxan neosufizmin süjet, motiv, element, kompozisiya və süjet strukturundakı modelləşməsini Şərq poetika ənənəsinin XX əsr ədəbiyyatındakı yeni təzahürü kimi qiymətləndirir. Qeyd etmək yerinə düşər ki, ədəbiyyatşünaslıqda neosufizm anlayışı ilk dəfə Tahirə Məmməd tərəfindən irəli sürülmüş və bu məsələ alimin “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” (1999) və “Neosufizim: yaradıcılıq və nəzəriyyə” (2016 )monoqrafiyalarında tədqiq edilmişdir. Burada neosufizm əsasən poetika hadisəsi kimi öyrənilmişdir. XX əsr Azərbaycan və Türk ədəbiyyatında sufizmin məlum aşiq-məşuq modelinin yeni Vətən, millət modeli kimi transformasiyasını Namiq Kamal (“Vətən, yaxud Silistirə”) , Zeynalabdin Marağayi (“İbrahim bəyin səyahətnaməsi”) və Abbas Səhhət (“Şair, seir pərisi və Şəhərli”) yaradıcılığında strukturlaşmasından bəhs edən prof. Tahirə Məmməd Hüseyn Cavidin yaradıcılığında “sufizmin davamı və dekonstruksiyası ənənəvi Şərq baxış sisteminin yeni fəlsəfi təlimlərlə qarşılaşdırılması yolu ilə gerçəklənmə”si fikri ilə çıxış edir. Bu baxış bucağı Hüseyn Cavid mətnlərinin yeni dərkini, yeni oxunuşunu təqdim edir və Cavid poetikasının neosufizm hadisəsi olması qənaətini ehtimallar üzərindən deyil, bədii mətndən çıxış edərək möhkəmləndirir. Həmin istiqamətdə araşdırmalarını İsa Muğanna, Yusif Səmədoğlu və Kamal Abdullanın yaradıcılığı nümunəsində davam etdirən prof. Tahirə Məmməd neosufizmin həm magik realizm, həm posmodernizmlə oxşar əlamətlərini haçalanan final, açıq sonluq, intertekstuallıqla əlaqələndirir. Bu interpretasiya ən yeni Azərbaycan ədəbiyyatının ənənəvi qəlblərlə yanaşı yeni modellərə uygunlaşma prosesini və ya mətnin yaranma texnologiyasını izah etmək funksiyası ilə seçilir. Bənzər kontekstdə Paolo Koelyonun “Kimyagər” romanının neosufuzm ölçüləri ilə tədqiqi mətnlərarası əlaqələr sistemində mövcud Şərq qaynaqlarını üzə çıxarır.

Professor Tahirə Məmmədin “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi isə ədəbiyyat tariximizin zəngin və mürəkkəb dövrünü əhatə edir. Azərbaycan ədəbiyyatının bu mərhələsinin sovet dövründəki tədqiqi, təbii ki, rejimin ideoloji basqısı altında idi. Məhz həmin basqı XIX əsr Azərbaycan ədəbiyyatının Şərq ədəbi ənənəsi zəminindən qoparır və Qərbi Avropa ədəbiyyatı ilə oxşar cəhətlər üzərində qurulurdu. Bu baxımdan prof. Tahirə Məmmədin postsovet dövrü ədəbiyyat tarixçiliyinə yeni baxışı ilə seçilən dərsliyi XIX əsr ədəbiyyatımızı bütün rəngarəngliyi ilə canlandırır. Burada ədəbi-tarixi kontekstin dəqiq təyini öyrənilən mərhələnin ədəbi istiqamətlərini daha aydın izah edir. Əvvəlki tədqiqatlarda rast gəlmədiyimiz təriqət ədəbiyyatının, divan ədəbiyyatının maarifçilik elementləri ilə sintezi, dini müqavimət ədəbiyyatı, maarifçi realist ədəbiyyatın təşəkkülü və mərhələləri kimi məsələlər, eləcə də Azərbaycan maarifçiliyinin 70–90-cı illər mərhələ xüsusiyyətləri “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində ədəbiyyat tariximizin dövrləşdirilməsinin mükəmməl təyini verilir.

“Oxumaqla yazmaqla olmaz, ta ustaddan görməyincə” – deyib fikir adamlarından biri. Professor Tahirə Məmməd Naxçıvan pedaqoqlarının yaxşı tanıdığı Əməkdar müəllim, Qabaqcıl Maarif xadimi Qəşəm Məmmədovun ailəsində dünyaya göz açıb. İlk ədəbiyyat müəllimi də Qəşəm müəllim olub. Bəlkə də buna görə müəllimlik onun fitrətindədir. Kiçik yaşlarından Qəşəm müəllimin evində qonaq olan ədəbiyyatşünaslığımızın korifeylərinin – Məmməd Cəfər Cəfərovun, Məmmədhüseyn Təhmasibin, Abbas Zamanovun və Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqda söhbətlərini dinləyib, söz sənətinin sehrinə düşüb. Elə bu sehrin iziylə də başlayıbdı Tahirə Məmmədin ömür yolu.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspirantı kimi elmi fəaliyyətə başlayan professor Tahirə Məmməd bu gün Azərbaycan ədəbiyyatşünaslığında sözünün çəkisi ilə seçilən alimlərimizdəndir. İlk pedaqoji fəaliyyəti Babək rayonu Vayxır kənd məktəbindən başlayan, bu gün elmi yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətini də Bakı Slavyan Universitetində davam etdirən professor Tahirə Məmməd eyni əzmlə çalışır ki, bu sahələrin də hər birində onun amalı birdi: Vətənə, millətə xidmət. Bu həm alim kimi, həm də müəllim kimi Tahirə xanımın uzun illərdən bəri dəyişməyən mövqeyidir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın müxtəlif ali təhsil müəssisələrində Tahirə xanımın onlarla dissertantı onun rəhbərliyi altında Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri ilə məşğul olurlar.

Ümummilli lider Heydər Əliyevin ədəbiyyatımız və mədəniyyətimiz haqqındakı “İnsanlara ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur... Bizim ədəbiyyatımız doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndirmişdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır” fikirləri professor Tahirə Məmmədin öz elmi fəaliyyətində uzun illərdən bəri önə çəkdiyi əsas məqamlardır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin uzunmüddətli elmi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və alim 2018-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilmişdir.

Professor Tahirə Məmmədin xalqımızın milli-mənəvi dəyərlərini uca tutaraq minillik tarixi köklərə malik Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının tədqiqi sahəsində vətəndaş yanğısı ilə ziyalı alim kimi yorulmadan göstərdiyi əzmkar elmi fəaliyyəti əslində yetirmələri üçün də, sözün həqiqi mənasında,bir məktəbdir.

 

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR