Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycanın gənc alimlərinin birinci qurultayının öz işinə başlaması münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uğurlar arzulayıram!
Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Mövcud şərait düşünən və araşdıran gəncliyin intellektual potensialının tam üzə çıxarılması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır. Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çağırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyillərinin müəyyənlik qazanmasına təkan verəcəkdir.
Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynamış Azərbaycanın qədim dövrün elmi nailiyyətlərinin qorunub saxlanılmasında və dünya elm xəzinəsinin daha da zənginləşdirilməsində özünəməxsus yeri vardır. Tarixi ənənələrlə müasirliyin ahəngdar vəhdətində davamlı yeniləşən ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olub, milli strateji maraqların konseptual şəkildə həllinə yönəlmişdir. Dinamik yüksəlişimiz də xalqımızın elmi potensialından yaradıcılıqla və səmərəli istifadənin nəticəsidir.
Azərbaycan Milli Elmlər Akademiyası və ali təhsil müəssisələrimizin fəaliyyəti respublikamızda kreativ düşüncəli və eyni zamanda dəyərlərimizə sadiq gənc alimlər nəslinin formalaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiyası istiqamətində atılmış mühüm addımlardandır. Proqram çərçivəsində beynəlxalq miqyasda tanınmış ali təhsil ocaqlarında təhsil alan gənclərimizin elmdə varislik prinsiplərini davam etdirərək sanballı tədqiqatları ilə ölkəmizin müasir dünya elm məkanında layiqli təmsilçiləri olacaqlarına inanıram.
Gənclərin həyatımızın bütün sahələrində fəal iştirakı və innovativ təşəbbüslərinin dəstəklənməsi Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləridir. Dövlətimizin daimi diqqət və qayğısı sayəsində gənc alimlərimiz, heç şübhəsiz, tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə bundan sonra da töhfələrini əsirgəməyəcəklər.
Əminəm ki, qurultayınızda səmərəli fikir mübadiləsi aparılacaq, əhəmiyyətli təkliflər irəli sürüləcək və elmimizin gələcəyi ilə bağlı dolğun fəaliyyət proqramı qəbul olunacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2017-ci il