Dekabrın 13-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin zəngin elmi yaradıcılığından, institutun direktoru kimi fəaliyyətindən bəhs edib. Bildirib ki, yüksək intellektual təfəkkürə malik olan M.Quluzadə öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verib.
Elmi sessiyada filologiya elmləri doktoru Fəridə Əzizova "Mirzağa Quluzadə klassik irsimizin tədqiqatçısı kimi", filologiya elmləri doktoru Məmməd Əliyev "Professor Mirzağa Quluzadə", filologiya elmləri doktoru İmamverdi Həmidov " Professor Mirzağa Quluzadənin elmi-təşkilati fəaliyyətinə dair" mövzularında məruzə ilə çıxış ediblər.
Daha sonra filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad alim haqqında xatirələrini bölüşüblər.