Aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnsitutunda ədəbiyyatşünas alim və şair Atif Zeynallının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq Atif Zeynallının ədəbiyyatşünaslıq fəaliyyətindən ətraflı bəhs edib. İnstitut rəhbəri şairin bədii yaradıcılığından danışıb, elm və ədəbiyyat aləmindəki mövqeyini şərh edib.
Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Atif Zeynallının ədəbiyyatşünaslıq fəaliyyəti”, XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva “Atif Zeynallının poeziyası” mövzularında məruzələrlə çıxış ediblər.
Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşları və elmi sessiyanın bir neçə digər iştirakçıları ədəbiyyatşünas alim və şair Atif Zeynallının elmi və ədəbi yaradıcılığının müxtəlif problemlərindən söz açıblar.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov çıxış edərək ELMİ sessiya barədə təəssüratlarını bildirib və ədəbiyyatşünas-şairin ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.