Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu təşkil etmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından geniş söhbət açmışdır. Bildirmişdir ki, AMEA Rəyasət Heyəti tərəfindən T.Kərimlinin məhsuldar elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın fəxri fərmanı ilə təltif edilməsinə dair qərar qəbul olunmuşdur.
“Teymur Kərimlinin elmi-ədəbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin müdiri, professor Vaqif Arzumanlı Teymur Kərimlinin Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri olduğunu qeyd etmişdir. Bildirmişdir ki, T.Kərimli 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə isə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildən AMEA-nın müxbir üzvü seçilən alim 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.
Alimin ömrünün 30 ildən çoxunu Ədəbiyyat İnstitutuna bağladığını söyləyən V.Arzumanlı onun uzun illər institutun orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etdiyini, 2002-ci ildən isə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışdığını bildirmişdir. T.Kərimli, həmçinin “Elm” nəşriyyatının baş redaktoru işləmiş, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının kitab şəklində nəşrlərinin redaktoru olmuşdur.
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğlu və başqaları alimin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, şərəfli ömür yolundan söz açmış, onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu söyləmişlər.