Nasir, dramaturq, pedaqoq, ictimai xadim Süleyman Sani Axundov Azərbaycan ədəbiyyatında maarifçi realizm cərəyanının örnək nümunələrini yaradan, uşaq ədəbiyyatının inkişafına və formalaşmasına xidmət edən görkəmli maarifpərvər yazıçıdır.
O, 1875-ci ilin oktyabrında Azərbaycanın qədim mədəniyyət ocağı olan Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Atası Rzaqulu bəyi tez itirmiş, ailənin üç övladını - Mahtaban, Rüstəm və Süleymanı böyüdüb boya-başa çatdırmaq anaları Dürnisə xanımın öhdəsinə düşmüşdür. Dürnisə xanımın qardaşı - tanınmış maarif xadimi, pedaqoq, "Vətən dili", "Xəzineyi-əxbar", "Qüdrəti-xuda", "Üsuli-cədidi-lisani-farsi" kimi dərsliklərin müəllifi Səfərəli bəy Vəlibəyov ailəyə kömək məqsədilə altı yaşlı Rüstəmi özü ilə dərs dediyi Qoriyə aparmış, gimnaziyada oxuması üçün hər cür yardım göstərmişdir. Süleymanın uşaqlığı isə anası və bacısı ilə birlikdə Şuşa qəzasının Seyidli kəndində (indiki Ağdam rayonu ərazisindədir) keçmişdir.
Zaqafqaziya (Qori) Seminariyasında aldığı təhsil Süleyman Sani Axundovun hərtərəfli inkişafına təsir etmişdir. 1894-cü ildə seminariyanı bitirən Süleyman Sani Axundov Bakıdakı III Rus-müsəlman məktəbinə müəllim təyin olunur. O, sonralar IV və VII Rus-müsəlman məktəblərində də müəllim və müdir kimi işləmiş, Lavrova progimnaziyasında fəaliyyət göstərmişdir. Yaxşı pedaqoq və təhsil işçisi kimi tanınan S.S.Axundov xalqın maariflənməsi üçün əlindən gələni edirdi. Teatrın xalqın düşüncə tərzinə təsirini bilən Süleyman Sani Axundov işlədiyi məktəblərdə tamaşaların səhnəyə qoyulmasına şərait yaradır, yeri gələndə aktyor kimi özü də səhnəyə çıxırdı. Nəriman Nərimanovun "Nadanlıq", "Nadir şah", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" kimi pyeslərinin tamaşasında aktyor kimi iştirak etmişdir.
Çar Rusiyasının yerlərdə milli mədəniyyətləri və ana dilini sıxışdırıb çıxarmaq niyyəti ilə Azərbaycan dilinin təliminə az diqqət yetirməsinin, milli dilin tədrisinin uğursuz kadrlara həvalə olunmasının məqsədli şəkildə edildiyini bilir və bununla bacardığı qədər həm müəllim, həm yazıçı kimi mücadilə aparır, xalq dilinin gözəlliyini əks etdirən əsərlər yazır, dərs zamanı şagirdlərə ana dilini sevdirməyə çalışır, bu fənni tədris edən müəllimlərə xüsusi tapşırıqlar verirdi. 1906-cı ildə Bakıda Müəllimlərin I Qurultayı keçirilir. Həsən bəy Zərdabinin sədrlik etdiyi qurultayda tədris proqramının yazılması üçün komissiya yaradılır. Komissiyanın tərkibinə Firidun bəy Köçərli, Həsən bəy Zərdabi ilə yanaşı, S.S.Axundov da seçilir. 1907-ci ildə keçirilən Müəllimlərin II Qurultayınadək hazırlanan proqram məhz ərəb əlifbasının tədrisindəki islahatlara görə qəbul olunmur. Ancaq ruhdan düşməyən S.S.Axundov Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə, Süleyman bəy Əbdürrəhmanbəyzadə, Abdulla Şaiq Talıbzadə kimi pedaqoqlarla birlikdə "İkinci il" dərsliyini tərtib edir. 1908-ci ildə nəşr edilən, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət kimi şairlərin, rus klassiklərinin yaradıcılığından da bədii nümunələr verilən bu dərsliyin Azərbaycan təhsilində xüsusi rolu olur.
S.S.Axundov 1920-ci ildə Qarabağ Vilayət Maarif Şöbəsinin müdiri vəzifəsinə təyin olunur və işlədiyi müddətdə Qarabağ və Zəngəzurda uşaq evi, məktəb, qiraətxana açılmasında yaxından iştirak edir. Azərbaycan Xalq Maarif Komissarlığına ünvanladığı məktub əsasında Şuşada Müəllimlər Seminariyası açılır ki, bu da onun Qarabağın təhsil tarixinə bir töhfəsi kimi dəyərləndirilir.
1922-ci ildə ərəb əlifbasından latın əlifbasına keçirilməsi qərarı verildikdən sonra Cabbar Məhəmmədzadə, Fərhad Ağazadə ilə birlikdə "Yeni türk əlifbası" dərsliyini tərtib edir, dərslik elə həmin il türk və ərəb əlifbası ilə nəşr olunur. S.S.Axundov eyni zamanda Azərbaycan ədib və şairlər İttifaqının sədri, Azərbaycan Həmkarlar İttifaqı Pleniumunun, Ümumittifaq Dramaturqlar və Bəstəkarlar Cəmiyyətinin, SSRİ Yazıçılar İttifaqının, SSRİ Maarif İşçiləri İttifaqının, "Qızıl qələmlər" İttifaqı Təftiş Komissiyasının üzvü olmuşdur.
Süleyman Sani Axundov ilk qələm təcrübələrini nəzərə almasaq, peşəkar yaradıcılığa dram janrı ilə başlamışdır. Onun dramaturgiyasında əsas iki xətt leytmotiv təşkil edir. Birincisi, cəhalətin, avamlığın, savadsızlıq və nadanlığın göstərilməsi və tənqid edilməsi idisə, ikincisi, iki fərqli ideologiyanın, fərqli formasiyanın, yeni ilə köhnənin mübarizəsində üz-üzə qalan nəsillərin, "atalar və oğullar"ın faciəsinin əksi idi.
Ustad dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə yazdığı beşpərdəli "Tamahkar" (1899) pyesində əsas qəhrəman Hacı Muradın simasında xəsisliyi, tamahkarlığı gülüş obyektinə çevirmiş, nəfsin, acgözlüyün gətirib çıxardığı acı aqibəti göstərmək istəmişdir.
Müəllif "Dibdat bəy" (1906) və "Türk birliyi" (1906) adlı kiçikhəcmli pyeslərində ictimai-siyasi mövzuya toxunmuş, rüşvətlə, saxta yollarla "dibdat" (deputat - A.B.) seçilmək istəyənləri tənqid hədəfinə çevirmişdir. Dramaturq "Türk birliyi" adlı birpərdəli əsərdə isə bir qədər də irəli gedib Dövlət Dumasında olan təmsilçinin hansı keyfiyyətlərə sahib olmasını açıqlamışdır. Ayrı-ayrı obrazların dili ilə yarızarafat, yarıgerçək millət vəkilinin portretini cizgiləmişdir.
"Qaranlıqdan işığa" (1921) birpərdəli pyesi də maraqlı ideyaya malikdir. Süleyman Sani Axundov bu əsərində də maarifçi-realist kimi görünür. Əsərdəki hadisələr türkün, ərəbin, farsın, çinlinin, hindlinin məskən tutduğu qaranlıq mağarada başlayır. Görünür, müəllif müxtəlif millətlərin nümayəndələrinin timsalında problemin bütün bəşəriyyətə aid olduğunu demək istəmişdir. Türk olan Oğuzun oğlu Uluğ zülmət əhlini qəflətdən ayılmağa, haqlarını tanımağa, zülmdən xilas olmağa, işıqlı dünyayla tanışlığa çağırır.
Yazıçının "Laçın yuvası" (1921) adlı üçpərdəli pyesi yaradıcılığında mühüm yer tutan əsərlərdəndir. Əsərdə güclü dramatizm və gərgin səhnələrlə rastlaşırıq. İki zidd qütbün, müxtəlif baxışların toqquşduğu, atalar və oğulların üz-üzə qaldığı bu əsər əgər sovet dövrü ədəbiyyatşünaslığında başqa aspektdən təhlil olunub, Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy bolşeviklərə qarşı çıxdıqları, onlara təslim olmadıqları üçün tənqid olunub, mənfi obraz kimi səciyyələndirilirdilərsə, bu gün biz bu əsərə başqa bir rakursdan nəzər salır, əksinə, Əmiraslan ağanı doğma yurdunu, ata-baba ocağını sona qədər qorumağa çalışan, hətta yeganə övladı Cahangiri belə bu yolda öldürməyə razı olan bir bəy kimi görürük. O, məğrurluqla babalarından miras qalmış "Laçın yuvası"nın heç vaxt heç kimə təslim olmadığını, bolşeviklərə də qucaq açmayacağını söyləyir: "Ümidvaram ki, sizlərin köməkliyi ilə babalarımızın yurdunu düşməndən müdafiə edə bilərəm. Qırmızı Ordudan əsla xof etməyin. O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış dəstədir. Bizim igid dəliqanlıların müqabilində əsla durmazlar, fəqət səy və qeyrət lazımdır. Siz bu gündən işə şüru ediniz. Dəstələr toplayınız, ləvazimat cəm ediniz. Kəndliləri hər vasitə ilə olmuş-olursa öz tərəfinizə çəkiniz".
Amma Əmiraslan ağa nə qədər dirənib mübarizə aparsa da, "Laçın yuvası" oğlu Cahangirin başçılıq etdiyi bolşeviklər dəstəsi tərəfindən ələ keçirilir. Bununla barışmayan Əmiraslan ağa intihar edir. Bu acınacaqlı durum bir ailənin faciəsi deyildi, bir xalqın faciəsi, bir epoxanın çöküşü idi. Təsadüfi deyildi ki, əsərin sonunda Cahangirin nişanlısı, Əmiraslan ağanın qardaşı qızı Pəricahan xanım "Cahangir, Cahangir! Şan-şöhrətli xanədanını viran etdin, gəl tamaşaya", - deyə fəryad qoparır.
Əsərdə Yaşıl orman, Keçi dağı, Uçurum dərəsi, Kollu dərə, Qayadibi, Güllücə və Kötüklü kəndləri kimi yer adlarının çəkilməsi, xatırlanması Qarabağ toponimlərinin öyrənilməsi baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Laçın yuvası" pyesinin altı nüsxəsi saxlanılır, bunlardan biri dörd, qalanları üçpərdəlidir. Bu fərqli nüsxələr göstərir ki, müəllif əsər üzərində dəfələrlə yaradıcılıq işləri aparmışdır.
Süleyman Sani Axundov ədəbiyyat tariximizdə həm də maraqlı və yaddaqalan, sənətkarlıq baxımından dəyərli, didaktik əhəmiyyətli hekayələr müəllifidir. Ədibin "Qorxulu nağıllar" silsiləsinə "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız" və "Əşrəf" adlı beş hekayəsi daxildir. 1912-1914-cü illərdə "Məktəb" jurnalında çap olunan bu hekayələr Azərbaycan uşaq ədəbiyyatının ən gözəl nümunələridir. Həm də pedaqoq kimi fəaliyyət göstərən, daim uşaqlarla ünsiyyətdə olan, onların maraq dünyasını, psixologiyasını, estetik zövqünü yaxşı bilən S.S.Axundov bu hekayələri yazmaqla uşaqların və gənc nəslin hərtərəfli inkişafı üçün çalışırdı. Nağıl üslubunda yazılan əsərlər elə, əslində, uşaqlarının təlim və tərbiyəsinə önəm verən, onlara "ya kitab, ya gündəlik qəzetlərdən oxuyan" Hacı Səmədin övladları - Məmməd və Fatiməyə nağıl adıyla söylədiyi hekayələrdir. Konkret mövzuya həsr olunmayan bu hekayələr yazıçı Mir Cəlal Paşayevin dediyi kimi, bütün həyat həqiqətini uşağa öyrətmək məqsədi güdürdü: "Bu hekayələrdə həyatın mürəkkəbliyi, çətinliyi, şirinliyi, ağır və müdhiş qayda və qanunları, bunların hökmü və nəticələri bütün çılpaqlığı ilə yazılmışdır.
Bu hekayələr uşağa xoş və ya qəmli duyğu verməklə qalmır, onu qayğısız uşaqlıq yuxusundan ayıldır. Həyata hazır olmağa çağırır, həyat yolunda olan və ola bilən bütün əngəl və maneələrdən xəbərdar edir".
Qorxulu nağıllar həm də uşaqları bir parçası olduqları dünyayla, çevrələrilə tanış edirdi. İlk olaraq silsilənin adı maraq və sual doğurur. Niyə "Qorxulu nağıllar"? Bu suala yazıçının tədqiqatçısı, ədəbiyyatşünas alim Nadir Vəlixanov belə cavab verir: "Əsərləri diqqətlə oxuduqda aydın olur ki, burada Süleyman Saninin dünyagörüşünün bəzi çalarları özünü göstərir; qorxu və sevinc hissləri həmişə ədibin diqqət mərkəzində olmuş və bu hissləri doğuran ictimai səbəblər maarifçi-demokratik müəllim, yazıçı mövqeyindən araşdırılmışdır. Bu əsərlərin problematikasını, ideya-estetik istiqamətlərini diqqətlə müşahidə etdikdə məlum olur ki, burada qorxu hissi uşaqlara həyatı onların anlaq, maraq səviyyələrinə uyğun hərtərəfli öyrətmək konsepsiyası ilə bağlıdır".
Ümumiyyətlə, Süleyman Sani Axundovun hekayə yaradıcılığının ana mövzusu cəhalətin və avamlığın tənqididir. "Qan bulağı", "Ümid çırağı", "Cəhalət qurbanı", "Təbrik", "Namus", "Sona xala" və başqa hekayələrdə yazıçı hələ köhnə fikirlərlə yaşayan, nəsillər arasında sürən ədavəti, intiqam hissini illərdir yaşadan və bu səbəbdən həm başqalarının, həm özlərinin həyatlarını qaraldan insanların acı talelərini təqdim edir. Köhnə adətlərin əsiri olanlar heç cür yeniliyi qəbul edə bilmir, işıqlı insanların ətrafında kabusa dönürlər. "Cəhalətin qurbanı", "Təbrik", "Namus" hekayələrində həyat dolu, ağıllı və gənc qızlar onları anlamayan çevrələrinin qurbanı olurlar. Süleyman Sani Axundovun hekayələri mövzu və ideya baxımından maraqlı olduğu kimi, dil və üslub cəhətdən də sadə və oxunaqlıdırlar.
Ədibin həyatı, şəxsiyyəti, yaradıcılığı və pedaqoji görüşləri haqqında Abdulla Şaiq, Nəriman Nərimanov, Mir Cəlal Paşayev, Həmid Araslı, Əli Sultanlı, Cəfər Xəndan, Cəfər Cəfərov, Hənəfi Zeynallı, Abbas Zamanov, Məmməd Cəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, Kamal Talıbzadə, Yaşar Qarayev, Əziz Mirəhmədov, Cənnət Nağıyeva, İsa Həbibbəyli kimi görkəmli alimlər və şəxsiyyətlər dəyərli fikirlər söyləmişlər. Məsud Əlioğlu 1956-cı ildə "Süleyman Sani Axundov" adlı kitabça nəşr etdirmişdir. Ədəbiyyatşünas alim Nadir Vəlixanov isə arxiv materialları əsasında yazıçının əhatəli elmi bioqrafiyasını hazırlamış, yaradıcılığı haqqında təhlillər aparmışdır. Filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova "Qaraca qız"ın taleyi" kitabında adıçəkilən əsərin üç müxtəlif variantını şərh və izahlarla təqdim etmişdir. "Azərbaycan ədəbiyyatı tarixi" kitablarında və "Uşaq ədəbiyyatı" dərsliklərində Mir Cəlal Paşayev, Firidun Hüseynov, Qara Namazov, Zahid Xəlil, Fizuli Əsgərli və Bilal Həsənli yazıçı haqqında portret oçerk yazmışlar.
Süleyman Sani Axundov həm nasir, həm dramaturq, həm pedaqoq kimi dövrünün aparıcı şəxsiyyəti olmuş, uşaqların, gənc nəslin, ümumilikdə cəmiyyətin maariflənməsi üçün misilsiz xidmətlər göstərmişdir. O, tələbələri, müasirləri və oxucuları üçün fədakar müəllim, xeyirxah insan və sevimli yazıçı ola bilmişdir.
Aygün BAĞIRLI,
filologiya üzrə fəlsəfə doktoru, dosent
"Azərbaycan" qəzeti, 2025, 26 oktyabr