Nizami Muradoğlu (Məmmədov) 60-cılar dalğasının ədəbiyyata gətirdiyi milli oyanışın daha aydın üzə çıxdığı 80-cilər nəslinə mənsubdur. İlk şeirləri hələ 70-ci illərdən, tələbəlik vaxtlarından mətbuatda görünməyə başlayan şairin yaradıcılıq yolunun xarakteristikası göstərir ki, onun əsərləri 80-cilər və ondan sonrakı nəslin axtarış, romantika, mübarizə, milli qürur, yaddaşa qayıdış, bir sıra hallardasa sentimental ovqatıilə səciyyələnir. Həm fəaliyyət, həm də bədii yaradıcılıq yolu çoxşaxəliliyi seçilir. Humanitar sahədə ali təhsil alan, çox gənc yaşlarından bədii yaradıcılığa başlayan Nizami Muradoğlu əmək fəaliyətinə dövlət orqanlarındakı xidmətilə başlamışdır. Bu sahədə xeyli irəliləməsinə, yüksək vəzifələr tutmasına baxmayaraq, bir müddət sonra tələbəlik illərindən onu daha çox cəzb edən yaradıcılıq yolunu özünün əsas fəaliyyət istiqaməti kimi seçmiş və elmi, bədii əsərlər yazmış, Vətənə, millətə xidmət üçün ədəbiyyatın, elmin imkanlarından istifadə etməyə üstünlük vermişdir.
Həyat yolu. Nizami Muradoğlu 1955 – ci il aprel ayının 2 – də Naxçıvan MR Ordubad rayonunun Əylis kəndində anadan olub. 1962-1972-ci illərdə həmin kəndin orta məktəbində təhsil alıb. Ali təhsilini 1972-1976-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnməklə başa vurmuşdur. Təhsildən dərhal sonra hərbi xidmətə yollanan N.Muradoğlu 1978- ci ildə Naxçıvan Dövlət Pedaqoji İnsitutunun Komsomol komitəsinə uçot bölmə müdiri kimi əmək fəaliyyətinə başlamış, 1986-cı ilə qədər komsomol orqanlarında (Naxçıvan MR vilayət komsomol komitəsində referent, 1980 -1983 – cü illərdə Naxçıvan şəhər komsomol təşkilatlarında ikinci katib, 1983-1986 – cı illərdə Ordubad rayon komsomol komitəsinin birinci katib) rəhbər vəzifələrdə çalışmışdır. Yenidənqurma prosesinin başladığı illərdə özünün azadfikirliliyi ilə seçildiyi üçün komsomol təşkilatından uzaqlaşdırılmış, aylarla işsiz qalmışdır.Bir müddət sonra əmək fəaliyyətini Ordubad rayon təhsil şöbəsində davam etdirmişdir. Bu illər Respublikamızda baş verən ictimai-siyasi dəyişikliklərin fəal iştirakçısı olmuş, eyni zamanda başlanan azadlıq hərəkatını yaradıcılığında tərənnüm etmiş, vətənpərvərlik, xalq və vətən mövzulu şeirlərilə oxucularının rəğbətini qazanmışdır.
1990 – cı ilin 20 Yanvar hadisəsindən sonra Respublikada yaşanan xaos, rejimin son çırpıntıları və azadlıq uğrunda gedən mübarizələrin Vətənimizin ərazi itkiləri ilə nəticələnməsi Nizami Muradoğlunun dövlət orqanlarında işləmək istəməməsi və kənd müəllimliyinə üstünlük verməsi ilə nəticələnir. O, 1990-cı ilin avqust ayında öz ərizəsi ilə işdən azad olunub doğulduğu kənddə müəllimlik fəaliyyətinə başlayır və azadlıq hərəkatının fəal iştirakçılarından birinə çevrilir.
Nizami Muradoğlu 1994-cü ilin may ayında Ordubad rayonunda icra strukturunun qurulması ilə əlaqədar icra hakimiyyətində icra başçısının müavini vəzifəsinə təyin edilir. 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində çalışır. İşdən ayrıldıqdan sonra bir neçə il Azərbaycana torpaq iddiasında olanlara tutarlı cavablar vermək üçün yaşadığı ərazinin və ona yaxın olan, hazırda Ermənistan coğrafiyasına qatılan doğma yurdun toponim və etnonimlərinin araşdırılması, folklor materiallarının toplanması ilə, eyni zamanda bədii yaradıcılıqla məşğul olmuşdur.
2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilir. Uzun müddət apardığı araşdırmaları sistemləşdirir, filologiya üzrə fəlsəfə doktoru, elmlər doktoru dissertasiyalarını uğurla müdafiə edərək müvafiq elmi dərəcələr alır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. 20 kitab, 100-dən artıq elmi məqalənin müəllifidir.
Nizami Muradoğlunun rus dilində “Мамед Араз и народное творчество” kitabı 2014-cü ildə Almaniyanın “Palmarium” Beynəlxalq Kitab Evi tərəfindən nəşr edilibdir. 2019 – cu ildə Türkiyədə “Kanlı taş” adı ilə yayınlanan “Baba ocağı” romanı geniş oxucu kütləsi və tədqiqatçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Nizami MURADOĞLU “Vətən-Media”, “Həsən bəy Zərdabi”, “Qızıl qələm” mükafatları laureatıdır.
2013-cü ildə Kaspi qəzetinin Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə keçirdiyi müsabiqədə ikinci dərəcəli pul mükafatına layiq görülüb. 2014-cü ildə Prezident təqaüdçüsü olubdur. Nizami Muradoğlu (Məmmədov) 24 0ktyabr 2921-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Yaradıcılığı
Yaradıcılığa şeirlə başlayan Nizami Muradoğlu dramaturgiya və nəsr sahəsində də qələmini sınamışdır. Onun ilk şeirlər kitabı “Qayıda bilmirəm” 1988– ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən çap edilibdir. Bu ilk nəşrdən sonra müəllifin 19 kitabı (“Dayan, əsən külək”- 2002, “Vətən dərdi” -2005, “Sabaha açılan qapılar”- 2009, “Bu dünyanın məzarları ağlamaz” -2010, “Yaşayan Cavidlər” -2012, “Sözün Məmməd Araz zirvəsi” -2013, Seçilmiş əsərləri-2015, “KDQ” və müasir Azərbaycan poeziyası-2016, Hüseyn Cavid-2016, Çağdaş Azərbaycan poeziyasında folklor ənənələri-2017, “Zülmətdə nur” – 2018, “Qədim Türk Yurdu Naxçıvan” – 2019, “Qılınc oğlu” – 2020, “Eşq bir sirdir” – 2020, “Çağdaş poeziya və folklor” – 2021, “Alp Ərdoğan, Sultan Ərdoğan” - 2021 və b. ) çap olunubdur.
Poeziyası.
Nizami müəllimin 1972-ci ildə birinci kurs tələbəsi olarkən kifayət qədər ciddi auditoriyada söylədiyi ilk şeir öz vətənpərvərlik ruhuna və parçalanmış Azərbaycan nisgilinin ifadəsinə görə dinləyicilərin alqışı ilə qarşılanmışdır. Şair özü həmin hadisəni belə xatırlayır. “1972-ci ilin oktyabr ayı idi. İnstitutda xəbər yayıldı ki, böyük yazıçı Mirzə İbrahimov Naxçıvandadır və tələbə kollektivi ilə görüşə gələcəkdir. Biz dərsdə idik. Bu xəbər mənə necə təsir etdisə, elə o anda 3 bəndlik bir şeir yazdım. Görüşdən qabaq institutun prorektoru Abbas müəllimə yaxınlaşıb Mirzə İbrahimova həsr elədiyim şeiri göstərdim və tədbirdə mənə də söz verilməsini xahiş etdim. Abbas müəllim şeiri oxuyub bəyəndi və görüşün sonunda mənə söz verdi. Mən o şeiri oxudum. Zal tələbə və müəllimlərlə, Yazıçılar İttifaqından gələn qonaqlarla doluydu. Məni isə institutda demək olar ki, tanıyan yox idi. Amma şeir bitəndə bütün tələbələr məni ayaq üstə alqışlayırdılar. Şeirin son bəndi beləydi:
Tikanlı məftillər, dəmirdən sərhəd…
Yetməzmi bu qədər rəzalət, nifrət.
Mirzənin qəlbində dağ boyda həsrət,
Arazdan Təbrizə baxmağa gəlib.
O gündən sonra institutda şair kimi tanındım. Rəhmətlik Müzəffər Nəsirlini xatırlayıram. O zaman Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinin rəhbəri idi. Mənim haqqımda kitabım çap olunmadan, almanaxlarda, qəzetlərdə və jurnallarda çıxan şeirlərimə görə təqdimat vermişdi ki, yazıçılar ittifaqının üzvü olum.”[i]
Bu nisgili, həsrəti, eyni zamanda, yaşadığı əraziləri ikiyə bölən Araz çayının sahili boyunca çəkilən tikanlı məftillərə qarşı qəlbində kükrəyən üsyan onun məsul vəzifədə işləməsinə baxmayaraq sərhəd dirəklərinin sökülməsi hərəkatında yaxından iştiraka sövq etmiş və oradakı insanlara xitab edərək yazdığı şeiri də sərhəddə coşqu ilə oxumuşdu. Folklorşünas Qalib Sayılov N.Muradoğlunun həmin şeirindən bəhs edərkən yazır: “İctimai-siyasi fəaliyyəti ilə yanaşı N.Muradoğlu bədii yaradıcılıqla da məşğul olur... Hər şeir sanki onun romantik dünyasını, sentimental lirizmini nümayiş etdirir:
Başımız üstündə üç rəngli bayraq,
Arazın üstündə dalğalanır bax.
Gəlin, qardaşlarım, şərqi oxuyaq,
Azadlıq eşqinə, birlik eşqinə.
Azadlıq mövzusu Nizaminin obrazlar sistemini də, ayrı-ayrı sözlərin, ifadələrin rəmzi, məcazi mənalarını da təyin edir”[ii]
Tələbəlik illərindən müxtəlif mətbuat orqanlarında, almanaxlarda şeirləri çap olunan Nizami Muradoğluuğurlu şair kimi ədəbi tənqidin diqqətini cəlb etmiş, məqalə və məruzələrdə onlara istinad olunmuşdur. Təsadüfi deyil ki, tanınmış ədəbiyyatşünas Bəkir Nəbiyev Muxtar Respublikada keçirilən Plenumda Naxçıvanda yaşayıb fəaliyyət göstərən şair və yazıçıların yaradıcılığından bəhs edərkən təqdir olunan nümunələr sırasında Nizami Muradoğlunun da şeirləri üzərində dayanmışdır: “Bu geniş və məzmunlu məruzədə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tələbəsi, gənc şair Nizami Myradoğlunun da yaradıcılığından söz açılırdı. Onun Böyük Vətən Müharibəsindən qayıtmayan bütün əmilərin xatirəsinə ithaf etdiyi “Ay çinar ağacı” poeması Bəkir Nəbiyev tərəfindən çox yüksək səviyyədə qiymətləndirildi:
... Anadan olanda ünvanlı olub,
Öləndə ünvansız ölübdü əmim.
Onun yadigarı bir çinar qalıb,
Həm mənim xatirəm, həm mənim qəmim.”[iii]
İlk nəşr olunan kitabı “Qayıda bilmirəm”dən N.Muradoğlunun yaradıcılığında aparıcı motivin Vətən, millət və azadlıq olması müşahidə edilir. Yaşadığı və fəal mövqe tutduğu cəmiyyətdə şüarçılığa, aldadıcılığa əsaslanan sovetizmin dayaqlarının çürüdüyünü, sonu gəldiyini dərk edən müəllif sosial idarəetmədə gördüyü neqativlərə tənqidi münasibət bildirən şeirlər yazmışdır. Bu anlamda şairin böyük ədibimiz Mirzə Ələkbər Sabirə xitabən yazdığı satirik məzmunlu “Nə fayda” şeiri o dövrün ziddiyyətlərinə ziyalı münasibətini araşdırmaq baxımından əhəmiyyətlidir:
İş yetişir ki, yenidən qurmağa,
Başlayırıq saat kimi vurmağa.
Tərpədirlər yerimizdən durmağa,
Silkənirik, çalxanırıq, nə fayda? [iv]
SSRİ-nin dağılması ərəfəsində korrupsiya, rüşvət, xalq əmlakının dağıdılması hallarının baş alıb getdiyi bir vaxt gözdən pərdə asmaq məqsədi ilə hərdən yuxarı partiya təşkilatlarının gördüyü kosmetik tədbirləri şair belə mənalandırırdı:
Dayanırıq keşiyində iynənin,
Yurd dağılır eşiyində iynənin.
Hərdən olur deşiyindən iynənin
Nazilirik, saplanırıq, nə fayda? [v]
O illərdə özünü vətənində qərib kimi hiss edən şair haqqın nə vaxtsa qalib gələcəyinə, ədalətin bərpa olunacağına inanırdı. Ona elə gəlirdi ki, hər hansı bir rəhbərin, yüksək çinli məmurun dəyişməsi ilə çox şeylər dəyişə bilər, həqiqət öz yerini tapar, amma hələ ki, iş başında oturanlar düzgün seçilməyibdir:
Qürbət doğma elimdədir,
Ayrılıqlar felindədir.
Zurna naşı əlindədir,
Çalır tərsinə-tərsinə. [vi]
Amma bütün bunlarla bərabər şair ümidsizliyə qapılmır, müstəqil, azad bir dövlətdə, azad ölkədə yaşayacağı günləri arzulayırdı. Vətənin bütövlüyü, azadlığı tək amalına çevrilmişdi. Ona görə də Nizami Muradoğlunun bütün yaradıcılığından qırmızı xətlə keçən Vətən mövzusu ilk kitabının ilk şeirindən başlamışdır:
Vətən, sənə nə vermişəm,
Nə vermisən sən vermisən.
Bir içim su, ürək, duyğu,
Boy atmağa işıq verdin,
Yaşamağa torpaq, Vətən! [vii]
Tənqidçilər Nizami Muradoğlunun lirikasında məhəbbətin məzmunundan, xarakterindən bəhs edərkən tədqiqatçılar iki motivin öndə olduğunu vurğulayırlar: Vətənə, millətə bəslənən sevgi, qadına, gözələ yaşanan hiss. Hər iki halda o, özünün aşiq obrazını yarada bilir. “Nizami Muradğolu şeirlərində məhəbbət lirikası xüsusi yer tutur. O, bulaq suyu kimi saf, dağ havası kimi təmizdir.” [viii]
Nizami Muradoğlunun bədii yaradıcılığında “Vətən” mövzusunun daha öndə gəldiyini vurğulayan Əzizxan Tanrıverdi yazır: “Vətən mövzusu, yurd həsrəti ümumtürk ədəbiyyatından bir leytmotiv kimi keçir. Burada çoxsaylı nümunələrdən yalnız birini təqdim etməklə kifayətlənmək olar: “Qom qomlamım qoma yurdım! Qulanla sığın-keyikə qoηşı yurdım! Səni yağı nerədən darımış, gözəl yurdım!..” (Kitabi-Dədə Qorqud). Bu misraların semantiki yükü “Təbrizsiz qanadı qırıq bir quşam”, - deyən Nizami Muradoğlunun onlarca şeirində açıq-aydın şəkildə müşahidə edilir.
... Şairin “Azərbaycan” şeirinin poetik semantikasına nəzər salaq: onun yaratdığı lirik “mən”in ürəyi çırpınır, yarası sızlayır, gecə-gendüz ağlamaqdan gözləri dünya işığına həsrət qalıb. Çünki onun Vətəni Araz boyunca ikiyə bölünüb, Göyçəsi, Şuşası düşmən tapdağında inildəyir, Zəncanı, Təbrizi, daha neçə-neçə yurd yerləri Bakısından aralı düşüb:
Əcnəbi başında xalta oynayır,
Bakının, Təbrizin düz ortasında.
Bölünə-bölünə kiçilən Vətən,
Oğurlanan, itən Vətən.
Özgələrin atlasında bitən Vətən!”[ix]
Vətən sevgisinin Nizami Muradoğlu yaradıcılığının əsas leytmotivini təşkil etməsini folklorşünas alim İslam Sadıq da vurğulayır. Onun şeirlərinin məna tutumunu, mövzu rəngarəngliyini incələyən tədqiqatçı yazır: “Nizami Muradoğlunun Vətən haqqındakı şeirlərinin hər bəndindən, hər misrasından ayrıca danışmaq olar. Çünki onların hər birində böyük sevgi var, Vətən sevgisi! Onun ata, ana, oğul, qız sevgisinin hərəsi bir bulaqdı. Bu bulaqların suları bir yerə yığışıb şairin gözündə “Vətən sevgisi” adlı bir çay yaradıb. Mən böyük ürəklə deyərdim ki, Nizami Muradoğlunun Vətən haqqındakı şeirləri bütövlükdə vətənpərvərlik dərsliyidir”[x]
N. Muradoğlunun yaradıcılığından bəhs edən tədqiqatçıların diqqətini cəlb edən və qiymətləndirdiyi digər bir cəhətsə, həmin şeirlərin ruhən milli ənənəyə bağlılığındadır; həm poetik semantikada, həm də struktur elementlərində bu bağlılıq özünü göstərir. Buna səbəb şairin öz milli kimliyini dərindən dərk etməsi, üzvü, zərrəsi olduğu böyük varlığa sədaqətindən irəli gəlir. Şair, yazıçı kimi bağlı olduğu yüksək dəyərlər, varlığını vətəndən, xalqından kənarda təsəvvür etməməsi bu müəllifin iradi keyfiyyətlərini formalaşdırmışdır. Bütöv yaradıcılığını nəzərdən keçirdikdə belə qənaətə gəlirik ki, ənənəni, yüksək mənəvi dəyərləri, tarixi yaradıcılığında qoruyub saxlamağı Nizami Muradoğlu özünün əsas missiyası kimi qəbul etmişdir.
Filologiya elmləri doktoru Vaqif Yusifli şairin “Sabaha açılan qapılar” kitabına yazdığı ön sözündə qeyd edir ki, “Nizami Muradoğlunu mən sözün əsl mənasında ŞAİR hesab edirəm. Çünki onun şeirləri Azərbaycan poeziyasının minillik ənənələrindən süzülüb gəlir. Amma bu ənənələri şeirlərində yaşadarkən özünəməxsusluğu ilə seçilir və zənnimcə, onun şair kimi fərdiliyi də bu özünəməxsusluğundadır.”[xi]
Nizami Muradoğlunun şeirlərində diqqəti cəlb edən bir cəhət də onun səmimiyyətidir. Şair hislərini rəvan, şeir dilinə xas leksik zənginliklə ifadə edib, üslubi çaları zənginləşdirsə də, misraların boyaları yaşantıların təbiiliyinə və səmimiliyinə xələl gətirmir. Orjinal deyim tərzi, metaforalar, xalq ədəbiyyatından gələn örnəklər bu şeirləri oxunaqlı edir, həzinləşdirir, yadda qalmasını şərtləndirir, eyni zamanda, şairin öz ovqatı, duyğuları haqda təsəvvür formalaşdırır, oxucu ilə müəllif arasında ünsiyyət, dialoq yaradır.
Naxçıvan MR Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar Nizaminin “Dayan əsən külək” kitabına yazıdığı ön sözdə qeyd edir ki, “Nizami Muradoğlunun şeirlərində vüsalla həsrət, sevinclə qəm baş-başadır. Lirik qəhrəman o sevgidən söhbət açır ki, o sevgi təmizdir, ləkəsizdir. Şair ülvi hisslərin təmizliyini, saflığını qorumağa çalışır. ...
... Nizaminin şeir dili axıcıdır. İstər heca, istərsə də sərbəst vəzndə yazdığı şeirlərində kələ-kötür ifadələrə, yerinə düşməyən sözlərə rast gəlmirik. O, oxucusu ilə sadə dildə danışmağa daha güclü meyl göstərir. Onun şeirləri obrazlıdır, poetikdir. Misralar arasındakı bağlılıq, sözlərin yerli-yerində işlənməsi şeirləri təravətli, oxunaqlı və yaddaqalan edir”[xii]
Şairin yaradıcılığında vətən, millət sevgisinin gücü onun milli kimliyimizlə bağlı müsbət bədii imicin təqdiminə, təbliğ və təlqininə də imkan yaradır.
Yaradıcılığında türk-azərbaycanlı imici əhəmiyyətli yer tutan Nizami Muradoğlu mənsub olduğu millətin özünəməxsusluqlarını, qüdrətini, qazanc və itkilərini poeziyada əks etdirərkən Azərbaycanı böyük türk dünyası ilə vəhdətdə təqdim edir. Mənsub olduqları dövlətlərin, məzhəblərin, sərhədlərin onları ayırmamasını, birlikdə güc qazanmalarını yaradıcılıq idealı kimi təbliğ edir. Əksər şairlərimizin şeirlərində olduğu kimi, Nizami Muradoğlunun da əsərlərində, o cümlədən şeirlərində Azərbaycan türkləri qədim tarixə, mədəniyyətə malik millət kimi təqdim olunur. Zaman-zaman müharibələr, işğallar nəticəsində vətən coğrafiyasının parçalanması, millətin ayrılıqdan aldığı yaralar müəllifi düşündürən və oxucunu da düşünməyə dəvət edən əsas problemlərdəndir:
Şəninə nə deyim, deyilməyibdi?..
Ucadan ucasan uca bayrağım!
Qəlbimdən bir nisgil əksilməyibdi –
Təbrizdə, Kərkükdə aça bayrağım…
Başında mavi rəng – göy türkdən gələr.
Köksü qırmızıdır – şəhid sinələr.
Yaşıl geyimiylə müsəlləh əsgər,
Tanrı dərgahında uça bayrağım. (“Bayrağım”)
Getdiyimiz bu yol Haqqın yoludur,
Nankor olan məxluqlar var unudur.
Azərbaycan türk yurdudur, uludur,
Qoca Türkün millətidir bu millət. ( “Bu millət”)
Nizami Muradoğlunun poeziya yaradıcılığı təkcə şeirləri ilə məhdudlaşmır. Şeirlərində qaldıdığı problemlər daha geniş aspektdə, lirik-epik planda poemalarında əksini tapır; istər mövzu, istərsə də ideya baxımından şeir və poemaları arsında sıx yaxınlıq müşahidə olunur. İlk poeması II Cahan müharibəsi zamanı sovet qoşunlarının tərkibində müharibəyə qatılan və həlak olan əmisinin xatirəsinə həsr etdiyi “Ay çinar ağacı”dır. Poema 12 nəğmədən ibarətdir. Bu nəğmələr ayrı-ayrılıqda müharibədə həlak olan, lakin hələ də məzarları tapılmamış və ya itkin düşmüş bütün əmilərin xatirəsinə bir abidədir. Əmisinin yadigarı Çinar ağacını rəmzləşdirilən obrazı ilə şair onu Vətənin keşiyində daynan əskərə bənzədir.
“Haqqa yol gedirəm” poeması Vətəni və ona bəslənən sevgini tərənnüm edir. Şeirlərindən başladığı ideya-mənəvi yol poemada davam etdirilir. Poemasının sonunda şair onu tərk etməyən, yaradıcılığında xüsusi yaşantı kimi diqqət cəlb edən duyğularını belə anladır.
Haqqa gedən, Haqqdan gələn yol incə,
Uca Tanrım bizə rəva görüncə,
Bu diyardı, bu ölkədi ölüncə
İlk beşiyim, son məzarım, son, Vətən,
Can Vətən![xiii]
“Bu dünyanın məzarları ağlamaz” poeması şairin poemaları içərisində xüsusi yerə malikdir. Poema mütəfəkkir ədibimiz, istər yaradıcılığı, istərsə də yenilməz mübarizəsi, həyat yolu ilə qürur yerimiz olan Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidə həsr olunubdur. 2010 – cu ildə kitab halında nəşr olunan bu poemanı yazmazdan öncə N.Muradoğlu Ərtoğrolun həyatını, Cavidin repressiyasından sonra ailəsinin məruz qaldığı faciələr qarşısında nümayiş etdirdikləri dözüm və dəyanəti şahid yaddaşları əsasında diqqətlə öyrənmişdir. Arzusu, istedadı, ümidləri yarıda qalmış Ərtoğrol gənc yaşında, məhrumiyyətlər içərisində ömrünün sona çatmasını şair təkcə Cavid ailəsi üçün yox, xalqımız üçün böyük itki kimi qələmə almışdır. Poemada təsirli səhnələr çoxdur. N.Muradoğlu bu səhnələri oxucuya ürək yanğısı ilə çatdırır. Kitaba AMEA müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyevin yazdığı “Hüseyn Cavidə böyük məhəbbətlə” başlıqlı ön sözdə oxuyuruq:
“Bu dünyanın məzarları ağlamaz” əsəri janrına görə lirik poemadır. Müəllif Ərtoğrol Cavidlə bağlı kitablardan, qəzetlərdən, jurnallardan, xatirələrdən oxuyub öyrəndiklərini, ayrı-ayrı şəxslərdən eşitdiklərini və fantaziyasının məhsulu kimi meydana çıxaraq kino lentinə bənzər xəyalından keçirdiyi duyğu və düşüncələrini lirik bir əhval-ruhiyyə ilə oxuculara çatdırır.
Bu lirizm bəzi məqamlarda coşqun və son dərəcə temperamentli, bəzi məqamlarda isə sərt və barışmazdır. ... “İlk övlad”, “Layla”, “Cocuq” hissələri nə qədər ağır, sakit və təmkinli əhval-ruhiyyəni əks etdirirsə, Ərtoğrolun sənəti və məhəbbəti ilə bağlı olan hissələr bir o qədər coşqun və temperamentlidir. Bunlardan tamamilə fərqli olaraq “Gəldi 37”, “Sürgün” hissələri son dərəcə sərt və barışmaz münasibətin inikasıdır.”[xiv]
Dram əsərləri
Nizami Muradoğlu üçü tarixi mövzuda olmaqla 4 dram əsəri yazmışdır: Ömrə çən düşdü, neylim; Hüseyn Cavid; Qılıncoğlu; Nizami Gəncəvi
“Ömrə çən düşdü, neylim”... müəllifin faciə janrında yazılmış ilk dram əsəridir. Əsər sovet dövründə təhsil almış, yenilikçi gənc aqronomun kənd təsərrüfatı sahəsində etmək istədiyi islahatlara qarşı qaragüruhçu rəhbərliyin mübarizəsinə həsr olunubdur. Əsərin baş qəhrəmanı Ravil yeni dünyagörüşlü, islahatçı gənc mütəxəssisdir. İşlədiyi sovxozda torpaq islahatını həyata keçirmək istəyir, lakin bu zaman rayon partiya komitəsinin birinci katibi Əhmədzadənin qəzəbinə tuş gəlir.Əsər faciəvi sonluqla bitsə də, Ravilin ideyalarının gələcək nəsillər tərəfindən davam etdiriləcəyinə bir ümid də yaranır. Ravilin sevgilisi Lena və yaxın dostu onun ideyalarını davam etdirəcəklərinə söz verirlər. Əsər öz konflikt və problematikasına görə Azərbaycan ədəbiyyatının ilk maarifçi faciələrini xatırlatsa da, raykom katibi ilə gənc mütəxəssis arasında yaşanan intriqa onu müəllifin gənclik illərində şahidi olduğu həyat müstəvisinə gətirir və İsa Hüseynovun “Yanar ürək” romanındakı qarşılaşdırılan tərəflərlərarası mübarizə modeli çevrəsinə daxil edir. Müəllifin 80-ci illərdə qələmə aldığı bu pyes özünün dövlət idarələrində qarşılaşdığı qanunsuzluqlara etirazı kimi də dəyərləndirilə bilər.
Nizami Muradoğlunun “Hüseyn Cavid” mənzum dramı böyük ədibin həyat və yaradıcılığı fonunda sovet repressiyasının törətdiyi faciələrə həsr olunmuşdur. Əsər böyük Azərbaycan şairi Hüseyn Cavidin 135 və Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 2018 – ci ildə Sumqayıt Dövlət Dram Teatrında Firudin Məhərrəmlinin rejissorluğu ilə “Zülmətdə nur” adıyla tamaşaya qoyulubdur. Əsərin tamaşa variantı həmin ildə nəfis tərtibatla nəşr olunubdur.
Hüseyn Cavidin rəssamlıqda, heykəltaraşlıqda, kinoda obrazının olmasına baxmayaraq onun üçün çox doğma olan mənzum dramaturgiyada indiyə qədər Cavidin ömür yolu və taleyi öz əksini tapmamışdı. Bu sahədə ilk təşəbbüs Nizami Muradoğluna aiddir. Nizami müəllim, yaradıcılığa başladığı zamanlardan cavidlər mövzusuna doğma münasibət bəsləmiş, dəfələrlə və müxtəlif janrlarda həmin mövzuda əsərlər yazmışdır. Onun Ərtoğrol, Turan Xanım, Cavid əfəndi haqda yazdığı şeirlərdə daxili bir yanğı, sevgi və ehtiram hiss olunur. “Hissdən, düşüncədən, şeirdən baş götürən yol daha geniş planda, boy atıb budaqlanmış halda mənzum faciədə üzə çıxır - əvvəlcə “Hüseyn Cavid” faciəsində, daha sonra isə onun səhnə üçün üzərində yenidən işlənmiş variantında – “Zülmətdə nur”da”[xv]
Akademik Muxtar Kazımoğlu əsəri, repressiya qurbanlarının həyatı timsalında,şəxsiyyət bütövlüyü, qəhrəmanlıq və dəyanət aşıladığı üçün yüksək qiymətləndirir:
“Hüseyn Cavid” mənzum dramının maraqlı və təsirli səhnələrindən danışarkən həbsxana həyatını əks etdirən səhnələri xüsusi qeyd etmək lazım gəlir. Bu səhnələrdə Nizami Muradoğlu Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin timsalında yazıçı şəxsiyyəti məsələsini diqqət mərkəzinə çəkir. Müəllif təsirli detallarla göstərir ki, həbsxana şəraiti, həbsxanadakı müxtəlif təzyiq vasitələri sənətkar şəxsiyyətinin bütövlüyünü poza bilmir”(16,5). Onu da qeyd edək ki, Hüseyn Cavidin öz yaradıcılığında da çox təsirli həbsxana səhnəsi vardır; Şeyda və dostlarını susdurmaq üçün salındıqları zindanla Hüseyn Cavidin məhbəsdəki həyat mənzərəsi arasında müəyyən paralellər müşahidə olunur.
Hüseyn Cavid və onun məslakdaşlarının mübarizliyini, dövlət təzyiqinə necə məruz qaldığını tarixi faktlara uyğun şəkildə göstərən Nizami Muradoğlunun əsəri yazmadan öncə apardığı tədqiqat faciəni təkcə bədii mətn deyil, həm də mübariz şairimiz haqda yeni məlumatlar təqdim edən qaynaq kimi səciyyələndirməyə yol açır. Cavidin həyat faktlarına yaxından bələdliliyi tamaşa haqqında yazılan resenziyalarda da qeyd olunmuşdur.“Nizami Muradoğlu qələmə aldığı mövzunun iç dünyasında baş verən olayların mənzərəsini mənzum dramın səhnələri boyunca çox dolğun şəkildə əks etdirə bilib. Bu prosesdə müəllifin ilk növbədə bir ədəbiyyatşünas alim kimi Hüseyn Cavid yaradıcılığının, şəxsiyyətinin bənzərsiz aləminə dərindən bələd olması, eyni zamanda, ötən əsrin otuzuncu illərində repressiya girdabının Azərbaycan ziyalılığı üzərinə iblisanə basqısının masştabını dəqiqliklə, dərin vətəndaş ağrısı ilə təsvir edə bilməsi tamaşanın uğurunu öncədən təmin edib” [xvi]
Nizami Muradoğlunun “Qılıncoğlu” mənzum dramı Azərbaycan Əfşarlar dövlətinin yaradıcısı Nadir Şah Əfşarın həyatını və tarixi şəxsiyyət kimi fəaliyyətini əks etdirən faciədir. XVIII əsrin 30 – cu illərində Səfəvilər hakimiyyətinin tənəzzülü ilə ölkənin parçalandığı, müxtəlif dövlətlər tərəfindən ərazi işğallarının baş verdiyi bir zamanda Nadir şahın meydana çıxması, böyük bir imperiya yaratması ilə bağlı məsələlər əsərdə işıqlandırılmışdır. Əsər iki hissədən iyirmi üç şəkildən ibarətdir. Bir sərkərdə kimi meydana çıxan Nadir dağılıb paramparça olmuş Səfəvilər dövlətinin yerində ərazisi beş milyon kvadrat kilometrdən böyük olan bir imperiya yaradır. Hələ naibül-səltənə olduğu zaman, tarixdə görünməmiş bir işə imza atır. Belə ki, ruslar tərəfindən işğal olunmuş Bakı, Dərbənd şəhərlərini, Xəzər ətrafı əraziləri müharibə etmədən geri qaytarır. Rus çarı Annanın elçisinə Nadirin verdiyi cavabla Nizami Muradoğlu hadisələri müasirlik müstəvisinə gətirir:
Əgər Xanım Anna dostdursa bizə;
Dərbənddir, Bakıdır, Xəzəryanıdır,
Mənim dövlətim tək tanımalıdır.
Dərbənddən başlamış, Qarabağ, Şirvan,
Təbriz, İrəvandır həm Azərbaycan!
Torpaqdan pay olmaz, dost gərək bilə!.. [xvii]
Nadirin bu tələbinə qarşı elçi Qolitsinin irəli sürdüyü təklif düşmənin tarixən davam edən planlarının bir nümunəsi kimi səslənir və ona şahın verdiyi cavab son dərəcə aktual mahiyyət daşıyır:
Qolitsin
Dostu dost biləsiz, düşməni düşmən.
Əgər osmanlıyla savaş etsəniz,
Bizdən də hər türlü kömək görərsiz.
Nadir
Elçi! Diqqət edin, həddi aşmayın,
Bizim işimizə siz qarışmayın!
Biz əkiz qardaşıq, bıçaqlaşarıq,
Sonra da dönərik qucaqlaşarıq. [xviii]
Nadir xan əsərdə həm də açıq fikirli və islahatçı kimi təsvir edilir. İlk dəfə demokratik seçki – qurultay keçirir. Bu qurultayda Nadir xan ölkənin şahı seçilir. Belə bir seçki sistemini həyata keçirdikdən sonra islam dininin təriqət və məzhəblərə bölünməsini qəbul etməyən Nadir şahın qurultay nümayəndələri ilə ilk şərti dində təriqət, məzhəb ayrılığını aradan qaldırmaq, islam xəlifələrinin hər birinə hörmətlə yanaşmaq haqda ümumi fikrə gəlib razılaşmasıdır. Beləliklə, Nadir şah sünnülük və şiəliyin birləşməsi istiqamətində islahatlar aparır, bu da öz növbəsində Osmanlı və Əfşarlar imperiyasının yaxınlaşmasına yol açırdı. Nadir şahın atdığı addımlar və qazandığı qələbələr onun həm daxildə, həm də xaricdə düşmənlərini artırırdı.
Nadir şah İslam dinində aparmaq istədiyi islahatlar haqqında Osmanlı sultanı I Mahmuda məktub yazıb, ona qardaş deyə müraciət edir. Nadir şah arzulayır ki, şiələr və sününlərin arasında olan narazılıqlar aradan qaldırılsın, bir-birlərinə qardaş kimi baxsınlar.
Təbii ki, Nadir şahın islahatlarına qarşı çıxan şeyxlər, mollalar, din adamları da vardı. Bu obrazlar da əsərdə yer alıbdır. Nadir şahın az bir zaman içində Əfşar dövlətini dünyanın ən güclü bir imperiyasına çevirməsini həzm edə bilməyən daxili və xarici qüvvələr Nadir şah ilə oğlu Rzaqulu xan arasında ixtilaf yaratmağa çalışır və buna nail olurlar. Əsərin faciəvi sonluğunu da bu ixtilaf hazırlayır.
“Qılıncoğlu” əsərinin əsas gücü onun ideyasında və ideyanın müasirliyindədir. Müəllif salınan nifaqlara qarşı ayıq olmağa, düşmən hiyləsinə uymamağa çağrış edir. Çünki müstəqilliyimizin elan oldunduğu və qurulduğu bir dövrdə Azərbaycanın dövlət kimi zəifləməsinə maraqlı olan kənar qüvvələr və onların daxili əlaltılarına qarşı yalnız milli birliklə müqavimət göstərmək mümkündür. Nizami Muradoğlunun da məzmunda əsaslandırdığı ideya budur: tarixdən dərs alıb birləşmək.
Son dram əsəri “Nizami Gəncəvi”dir. Çap olunmayan və müəllifin üzərində işlərini davam etdirdiyi, lakin taleyin hökmü ilə tam ərsəyə gətirə bilmədiyi bu əsərdə Nizaminin monumental obrazı, Atabəylər hakimiyyətinin qüdrəti tarixi faktlara əsaslanaraq qələmə alınmışdır.
Nəsr yaradıcılığı
Nizami Muradoğlu poeziya və dramaurgiya yaradıcılığında olduğu kimi nəsrdə də ideya, məfkurə yazşçısıdır. Tariximizin qanlı, keşməkeşli hadisələrinə həsr olunmuş “Baba ocağı” (“Qanlı daş”) romanı tarixilik və müasirliyin kəsişməsində, həssas, aktual bir mövzuda yazılmışdır. Torpaqlarımıza göz dikən namərd qonşularımız və onların havadarlarının xalqımıza qarşı XX əsrin başlanğıcında törətdikləri soyqırımı hadisələri Əylisdə yaşananlar əsasında qələmə alınmışdır.Romanın epik çoxplanlılığı əsərin qəhrəmanı Dadaşın (əsil adı Rövşən) bir vaxtlar baş götürüb getdiyi kəndə yenidən dönmək üçün keçdiyi hərəkət trayektoriyası və qarşılaşdığı hadisələrin ideya planına daxil edilməsilə başlayır. Bakıdan yola çıxıb, Tiflisdən, daha sonra Qərbi Azərbaycanın ərazilərindən keçdikdən sonra gəlib Ordubad şəhərinə, dağ yolları ilə Əylisə (müəllifin etimoloji dəyərləndirməsində Ak ulusa) yetişən qəhrəman məqsədli şəkildə hər yerə səpələnmiş, özünə yurd-yuva, vətən qurmaq istəyən üzdə bir, arxada başqa cür olan xəyanatkarlarla qarşılaşır; onlar Qafqaz boyunca məişət xidməti sektorunda öz şəbəkələrini qurmuş və niyətlərini yerinə yetirmək üçün lazım olan ocaqları yaratmışdılar. Qəlbində dini ayrı-seçkiliyin açdığı eşq yarasının acısını daşıyan Rövşən, onun vətəninə göz dikənlərin məkrli planlarını anlayıb başa düşsə də, elə bir güc sahibi olmadıqlarını düşünür. Rövşən və Selcanın nakam eşqi ilə əsərə daxil olan lirik ovqatı Əylisin gözəllikləri, əfsunkar mənzərəsi daha da artırır. Bu kəndin dağı-daşı gözəl olduğu qədər həm də magik gücə malikdir; böyük, qəribə, rəngarəng daşlar elə bil nağıl aləmindən qopub gəlib. Arxadan atılan namərd düşmən gülləsinin açdığı yaradan Rövşənin kürəyindən axan qan bu daşlara yeni rəng və yeni yaddaş əlavə edir.
Romanın epik planına xalq adət-ənənəsi, yaşayış tərzi, folklor və etnoqrafik yaddaş da daxildir. Müəllif bütün bunları tarixi hadisələrlə əlaqələndirilmiş şəkildə təqdim edir. Misal olaraq milli ənənələrimiz içərisində xüsusi yeri olan Novruz bayramının Ordubadda yaşanan özünəməxsusluqlarının təqdimini göstərə bilərik. Nizami Muradoğlu romanda “Novruz bayramı və bu bayramda göstərilən “Xanbəzəmə” tamaşasını təsvir etmişdir. Bu səkkiz səhifədə biz sadəcə Novruzun necə təmtəraqlı qeyd olunmasının və yaxud da “Xanbəzəmə” tamaşasının təsvirini görmürük, biz 1918-ci ili, yəni Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasına bir-iki ay qala orda olan tarixi mühiti, yaşanan olayları, ermənilərin məkirli siyasətini, xalqımızın sadə, saf, təmiz niyyətini, ümidlərini görərək o illəri yaşayırıq.” [xix] Hüseyn Cavid haqqında yazdığı dram əsəri kimi bu romanda da yazıçı həm tarixi mənbələr, həm də xalq yaddaşına aid qaynaqlardan istifadə etmişdir.
Elmi yaradıcılığı
Nizami Muradoğlu şair, dramaturq, yazıçı olmaqla bərabər həm də filologiya elmləri doktoru, folklorşünas alim kimi tanınır. Onun elmi və bədii yaradıcılığı arasında çox sıx əlaqə var. Bədii əsərlərində olduğu kimi elmi məqalə və monoqrafiyalarında da Vətən, millət, sahib olduğumuz mənəvi sərvətlərimiz, milli kimliyimiz haqda düşüncələr ön mövqedə dayanır. O, fəlsəfə doktorluğu dissertasiyasında Məmməd Araz yaradıcılığının folklor qaynaqlarını araşdırmışdır. Həm folklor, həm də istiqlal şairi Məmməd Arazın yaradıcılıq dünyası Nizami Muradoğlunun ruh aləminə yaxın olduğu üçün bu mövzu üzərində apardığı tədqiqat uğurlu alınmışdır. Yaradıcılıqlarının müqayisəsində Nizami Muradoğlunu Məmməd Araz ədəbi məktəbinin təmsilçilərindən biri kimi qiymətləndirmək olar. Məmməd Araz yaradıcılığı və folklor münasibətlərini fərd və millət müstəvisində araşdırması Nizami Muradoğlunu folklor və yazılı ədəbiyyat münasibətlərinin təkamülünə daha qədim dövrlərdən nəzər salmağa sövq etmiş və o, elmlər doktorluğu dissertasiyası üçün epos-abidə“Kitabi – Dədə Qorqud”un müasir poeziyada yaşanan ənənələrini öyrənməyi məqsədəuyğun hesab etmişdir. Bu istiqamətdə iki monoqrafiyası çap olunmuşdur: “Kitabi – Dədə Qorqud” və müasir Azərbaycan poeziyası”, “Çağdaş Azərbaycan poeziyasında folklor ənənələri”.
Xalq ədəbiyyatı öz arxetip, süjet, obraz və motivləri, yazı texnikası, janr, forma invariantları ilə hər zaman yazılı ədəbiyyatın yaranmasında iştirakını təmin etmiş və bu iştirakla ədəbiyyatın milliliyinin əsas təminatçısı kimi təzahür etmişdir.
Nizami Məmmədov “Kitabi-Dədə Qorqud”un yaşayan ənənələrini tədqiq edərkən bir neçə istiqaməti ümumiləşdirərək problemi araşdırmanın ümumi modelini formalaşdırılmışdır: istiqamətlərdən biri epos və müstəqillik şeiri arasındakı təbii bağların üzə çıxarılmasına həsr olunmuşdur. Eposun bir araya gətirdiyi, özündə topladığı arxetip və obrazların, xalq baxışının fəlsəfəsinin müstəqillik dövrü poeziyasına tam bir sistem kimi təsiri məsələsinin araşdırılması milli şüurun oyanmasında ədəbi abidənin oynadığı rola aydınlıq gətirir; bir xalqın “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi eposları varsa, o xalqın yaşamına təsir edən güclü qaynaqlar mövcuddur, qənaətini əsaslandırır. Digər bir istiqamət isə şəhidlik motivinin folklor qaynaqlarına həsr olunmuş və bu istiqamətin təbii davamı kimi ritual və inancların müstəqillik şeirində özünü büruzə vermə, yaşama şəkilləri araşdırılmışdır.
Nizami Muradoğlunun Naxçıvanın tarixi ilə bağlı yazdığı “Vətən dərdi” və “Qədim türk yurdu Naxçıvan” kitabları da qiymətli əsərlərdir.
Nizami Muradoğlunun bütöv yaradıcılığından doğan ümumi qənaət odur ki, müstəqillik şüuru, müstəqillik düşüncəsi sahib olduğumuz Vətəni, tarixi, ənənə və dəyərləri qoruyub yaşatmadan mümkün deyil. O, müraciət etdiyi mövzularla, istifadə etdiyi motiv və elementlərlə, obrazlarla bu qənəti əsaslandırmağa çalışır və yüksək səviyyədə vətəndaşlıq, millət sevgisi nümayiş etdirir.
Ədəbiyyat:
[i] İki əsrin şairi, Söhbətləşən Məmməd Tahir, 11-12-2018, Ovqat.com
[ii] Qalib Sayılov, Eşq və ideya şairi, “Bütöv Azərbaycan” qəzeti, 09-14 oktyabr 2015, №23
[iii] İbrahim Yusifoğlu, Kövrək xatirələrin işığında müdrikləşən ömür, 525 – ci qəzet, mart 2020.
[iv] Nizami Muradoğlu (Məmmədov), “Qayıda bilmirəm”, şeirlər, Bakı, “Yazıçı”, 1988, s. 16.
[v] Nizami Muradoğlu (Məmmədov), “Qayıda bilmirəm”, şeirlər, Bakı, “Yazıçı”, 1988, s. 16.
[vi] Yenə orada, s. 32
[vii] Yenə orada, s. 5
[viii] İbrahim Yusifoğlu, Kövrək xatirələrin işığında müdrikləşən ömür, 525 – ci qəzet, mart 2020.
[ix] Əzizxan Tanrıverdi, Ədəbiyyat və ədəbiyyatşünaslıq problemləri, Bakı, “Elm və təhsil”, 2018, s. 179
[x] İslam Sadıq. Araz axır ürəklə can arsından, “Eşq bir sirdir” kitabına ön söz, Bakı, “Elm və təhsil”, 2020, s. 10
[xi] Vaqif YUSİFLİ, ön söz, Nizami Muradoğlu, SABAHA AÇILAN QAPILAR, Bakı, 2009, s.5
[xii] Asim Yadigar, Səmimi hisslərin tərənnümü, ön söz, Nizami Muradoğlu, Dayan əsən külək, Bakı, “Sabah”, 2002, s.5
[xiii] Nizami Muradoğlu, seçilmiş əsərləri, Bakı, “Elm və təhsil”, 2015, s. 241
[xiv] Kamran Əliyev, “Hüseyn Cavidə böyük məhəbbətlə”, Nizami Muradoğlunun “Bu dünyanın məzarları ağlamaz” kitabına ön söz, Bakı, “MBM”, 2010, 4
[xv] Tahirə Məmməd, “Sevgi yolu”nun yolçuları... “Zülmətdə nur”, Bakı, “Afpoliqraf”, 2018, s. 65
[xvi] Sərvaz Hüseynoğlu,Cavid əfəndidə yaşayan zaman,”Ədalət” qəzeti, 28.09.2018
[xvii] Nizami Muradoğlu, Qılıncoğlu, Bakı, “Elm və təhsil”, 2020, s. 56
[xviii] Nizami Muradoğlu, Qılıncoğlu, Bakı, “Elm və təhsil”, 2020, 57
[xix] Məleykə Məmmədova. Azərbaycan folklorunda Dövlətçiliyin ritual forması (“Xanbəzəmə” tamaşası əsasında) . Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Folklor və Dövlətçilik” mövzusunda III Respublika elmi konfransının materialları. Bakı, 2019, s.234