Azərbaycan ədəbiyyatının, xüsusilə uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan ədib, dramaturq, ictimai xadim, pedaqoq Süleyman Sani Axundovun bu il 150 illik yubileyidir. Qarabağda – Şuşada bəy ailəsində dünyaya göz açan, ancaq iki aylıq olarkən atası Rzaqulu bəy dünyasını dəyişdiyindən anası Dürnisə xanımın himayəsində böyüyən, dayısı – görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyovun dəstəyi və qayğıkeşliyi ilə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil alan Süleyman Sani Azərbaycan təhsilinin, teatrının və ədəbiyyatının inkişafında əvəzsiz xidmətlər göstərmişdir. 1894-cü ildə Qori Seminariyasını bitirib Bakıda müəllim kimi fəaliyyətə başlayan S.S.Axundov ilk
tədris proqramlarının, dərsliklərin yazılmasında yaxından iştirak etmiş, məhz ana dilində mətnlərin çatışmadığını görəndə uşaqlar üçün silsilə nağıllar – “Qaraca qız”, “Nurəddin”, “Abbas və Zeynəb”, “Əhməd və Məleykə”, “Əşrəf” – yazmış,təhsil təşkilatçısı kimi mühüm işlərə imza atmışdır. 1920-21-ci ildə Qarabağ maarif şöbəsində müdir işləyərkən dəstəyi və təşəbbüsü ilə Şuşa və Zəngəzur ətrafında uşaq baxçaları, qiraətxanalar, qadınlar üçün savad kursları açılmışdır. Məhz onun Azərbaycan Xalq Maarif Komisarlığına ünvanladığı məktub əsasında Şuşada Müəllimlər Seminariyası fəaliyyətə başlamışdır. Tetrlar üçün, məktəb dərnəkləri üçün pyes və senarilər yazan ədib həmin əsərlərin səhnələşdirilməsində də iştirak etmiş, bəzən aktyor çatmayanda müxtəlif rolları ifa da etmişdir. Əqidədaşları ilə təhsil, maarif cəbhəsində avamlığa, cəhalətə və savadsızlığa qarşı mübarizə aparan, cəmiyyətin işıqlı sabahı üçün çalışan Süleyman Sani bütün icmai, pedaqoji və ədəbi-bədii fəaliyyəti boyu qaranlıqları aydınlatmağa çalışmışdır. Ədibin “Ümid çırağı”, “Cəhalət qurbanı”, “Təbrik”, “Namus”, “Kövkəbi-hüriyyət”, “Yuxu” hekayələri də cəhalət və avamlığın tənqidinə, işıqlı ideyaların təbliğinə həsrolunmuşdur.
“Şərq tarixi: Baharlılar”, “Ağdamın adlı-sanlı pedaqoqları, alimləri”,“Seyidli oymağının bəzi tarixi şəxsiyyətləri”, “Qaraqoyunlular”, “Qarabağın Çəmənli oylağı”, “Əlişəkər bəy nəslinin görkəmli şəxsiyyətləri”, “Murtuza bəy ocağı” və başqa kitabların müəllifi Orxan Zakiroğlunun (Baharlının) növbəti kitabı
“Axundovlar nəslinin görkəmli şəxsiyyəti – Süleyman Sani Axundov” adlanır.
Müəllif kitabda qədirşünaslıqla S.S.Axundovun nəsil şəcərəsini, həyatına dair əhəmiyyətli faktları araşdırmış, maarifçilik fəaliyyətini və yaradıcılığının maraqlı məqamlarını işıqlandırmışdır. Arxiv sənədləri, müxtəlif xarakterli tədqiqatlar, müasirlərinin xatirələri əsasında ədibin həm şəxsiyyəti, həm çoxşaxəli fəaliyyəti ilə oxucunu tanış etmişdir. Orxan Zakiroğlu kitabında kameral təsvirlər əsasında Axundovun həm ata, həm ana tərəfdən soykökünü araşdırmış, onun mənsub olduğu şəcərənin məşhur üzvləri haqqında məlumatlar vermis, nəslin Azərbaycanın elm, təhsil, hüquq və hərb sahəsində xidmətləri olan çoxsaylı nümayəndələri ilə ictimaiyyəti tanış etmişdir. Müasirlərinin xatirələrindən müəyyən parçaları təqdim
edən müəllif Süleyman Sani Axundovun həm pedaqoq, həm ictimai xadim, həm
yazıçı kimi müfəssəl portretini yarada bilmişdir.
İstər həmkarları, istər tələbələri Süleyman Sani ilə bağlı xatirələrində ondan maraqlı yazıçı, sədaqətli dost, qayğıkeş və tələbkar müəllim kimi danışırlar.
Abdulla Şaiqin, Mir Cəlalın, Süleyman Rüstəmin, Cəmo Cəbrayılbəylinin, Əli Vəliyevin ədib haqqındakı xatirələrindən nümunələr verilməsi kitabı maraqlı etməklə yanaşı onun bir şəxsiyyət kimi bütün rakurslardan oxucuya təqdiminə kömək edir: “…O, bizi ata kimi sevirdi. Onun nurani, mənalı simasından həmişə bir qayğı və məlahət yağardı. Biz bir günah işlədikdə onun üzünə baxmaqdan utanardıq. Onun mənalı baxışları sanki bizimlə danışırdı. Onun dərsində sinifdə həmişə dərin bir sükut vardı” (Süleyman Rüstəm); “Süleyman Sani Axundov Qarabağ Vilayət maarif şöbəsinin müdiri vəzifəsində çalışdığı ildə 150 nəfər uşaqdan ibarət böyük uşaq bağçası, Minkənddə, Qubadlıda və Şuşada uşaq evləri açılmışdır. O, Şuşa şəhərində maarif və mədəniyyət məsələlərinə dair mühazirələr keçmiş, savad kursları təşkil etmişdir” (Nadir Vəlixanov); “Otuzuncu illərin başlanğıcında Dövlət nəşriyyatı mənə hörmətli ədibimiz Nəriman Nərimanovun külliyyatını hazırlamağı tapşırmışdır. Bu kitabı toplayıb çapa hazırlamaq üçün çox mənbələrə və simalara müraciət etdim. Onlardan biri də mərhum Süleyman Sani idi. Ancaq onda bildim ki, onun ailəsi, övladı yoxdur. Məktəblərin birində tənha bir otaqda yaşayır.
Mən ədibin otağına getdim. Nərman Nərimanov haqqında danışacağımı eşidəndə çox maraqla qarşıladı. Ondan öyrəndim ki, “Şamdan bəy” komediyasının ilk adı “Dilin bəlası” imiş. Sonradan yoldaşların məsləhəti ilə əsər qəhrəmanın adı ilə adlandırılmışdır. Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllim-ədib, yaxud ədəib-müəllim olmuşlar. Xüsusilə məktəbi, tərbiyə, təlim işini çox sevmiş, ömürlərinin mühüm hissəsini buna sərf etmiş, bədii əsərlərdə də bu aləmi məhəbbət, məharətlə təsvir etmişlər” (Mir Cəlal).
“Həqiqi müəllim olmaq böyük xoşbəxtlikdir. Müəllim sənətindən yüksək sənət yoxdur. Bütün peşələrin bünövrəsini müəllim qoyur. Sənətinizlə fəxr edin. Müəllim olmağınızla hər yerdə öyünün. Çalışın ki, şagird və tələbələrinizin qabağında gözü kölgəli olmayasınız. Müəllim həmişə atlı olmalıdır. Piyadalıq müəllimə yaraşmayan hərəkətdir. Piyada gedən tez yorular. Atlı heç vaxt yorulmaz. Atlı - bilikli, piyada - bilikdən kasad deməkdir. Müəllim elmli sözündəndir. Həmişə biliyin, elmin yüksəkliyində durun. Mədəni rəftarınız, xüsusi qayğınız, dərin biliyiniz sayəsində şagird və tələbələrin nəzərində uca görünün”, –deyən Süleyman Sani Axundov hər dəfə gənc müəllimlərlə görüşündə onlara tövsiyələr verirdi.
Kitabda yazıçının “Uşaqlıq həyatımdan xatirələr” adlı memuarından da müəyyən hissələrin verilməsi onun uşaqlıq illərini keçirdiyi Seyidli kəndinin (indiki Ağdam rayonunun ərazisinə daxildir) təbiəti, etnoqrafiyası haqında müasir oxucuda müəyyən təəssüratlar yaratmış olur. Hansı ki, yazıçının xatirələrində bağlı-bağatlı, barlı-bərəkətli, əsrarəngiz təbiət gözəlliyi ilə təsvir olunan Seyidli kəndi erməni işğalı nəticəsində vəhşicəsinə dağıdılmışdır. Yazıçının uşaqlığının keçdiyi ev 100 illik yubileyi ərəfəsində (1975) abadlaşdırılmış, ev muzeyi və kitabxana kimi fəaliyyət göstərmiş, qarşısında büstü qoyulmuşdur. Bu gün o muzey və kitabxanadan əsər əlamət qalmamışdır. Həmçinin Ağdam şəhərinin
mərkəzi küçələrindən biri işğaldan əvvəl Süleyman Sani Axundovun adını daşıyırdı. Həmin küçə də şəhərin başqa küçələri kimi düşmən vəhşiliyinin qurbanı olmuş, tamamilə məhv edilmişdir. Bütün bunlar haqqında kitabında ətraflı məlumat verən Orxan Zakiroğlu vaxtı ilə ədiblə görüşən insanlarla da həmsöhbət olmuş, onların S.S.Axundovun həyatı ilə bağlı söylədikləri maraqlı məqamları da oxucularla bölüşmüşdür. Əsərdə yazıçının Seyidli kəndində keçən uşaqlığından, Zaqfqaziya Seminariyasındakı təhsil illərindən, Sani təxəllüsünün tarixçəsindən
tutmuş həyatının bütün mərhələləri haqqında müfəssəl məlumat əldə etmək mümkündür. Süleyman Sani Axundovun həyatında baş verən, haqqında çox danışılan məşhur bir hadisənin tarixçəsinin də kitabda yer alması onun bir şəxsiyyət kimi portetinin tam təqdim olunmasına xidmət edir.
Adından da göründüyü kimi kitabda təkcə Süleyman Saninin özü deyil, Axundovlar nəslinin ayrı-ayrı nümayəndələri də yad edilmiş, onların şəxsiyyətləri və fəaliyyətləri haqqında da bilgilər verilmişdir. İlk dəfə olaraq Şuşa şəhərinin, Ağdam rayon Seyidli kəndinin Axundovlar nəslinin Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan kameral təsvirlərinin fotoları da kitabda öz əksini tapmışdır ki, bunlar gələcək tədqiqat əsərlərində də mənbə kimi istifadə oluna bilər.
Süleyman Saninin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər, müxtəlif illərdə keçirilən yubiley tədbirləri, elmi toplantılar, təşkil edilən sərgilər, radio və televiziya verilişləri, səhnələşdirilən əsərləri haqqında kitabda müfəssəl məlumatlar verən müəllif bütün bunları bir tədqiqatçı təmkini ilə araşdırmış, diqqətçəkən səliqə və təffərrüatla təqdim etmişdir. Yazıçının vəfatı vaxtı dövri mətbuatda yazılan nekroloqlar, vida sözləri, həmçinin dəfn mərasimində Səməd Vurğunun, Abdulla Şaiqin, Süleyman Rəhimovun, Sidqi Ruhullanın və Məmməd Arifin çıxışları barədə məlumatlar verilmişdir. Orxan Zakiroğlu Baharlının böyük zəhmətinin nəticəsi olan “Axundovlar nəslinin görkəmli şəxsiyyəti – Süleyman Sani Axundov” kitabı ədibin 150 illik yubileyinə bir töhfə kimi dəyərlidir.
Aygün Bağırlı
filologiya üzrə fəlsəfə doktoru, dosent