Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən təşkil olunmuş “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbirdə çıxış edib.
O, XI Bakı Beynəlxalq Kitab Sərgisinin önəmini vurğulayaraq bildirib ki, bu mötəbər sərgi müxtəlif məfkurəyə, missiyaya və peşəyə sahib insanları bir araya gətirərək fikir və ideya mübadiləsi üçün geniş imkanlar açır.
Elnarə Akimova vurğulayıb ki, sərgidə təqdim olunan kitabların bir qismi gələcəyə ünvanlanıb və məhz buna görə də həmin nəşrlər mənəvi həyatımıza gələcəyin aydınlığından işıq salır, cəmiyyətin intellektual inkişafına töhfə verir.
Alim çıxışında, həmçinin Ədəbiyyat İnstitutunun mühacirət ədəbiyyatı ilə bağlı araşdırmalarından danışıb. Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və digər milli fikir ziyalılarının yaradıcılığının öyrənilməsinin xüsusi önəm daşıdığını söyləyib. Bildirib ki, institutda müstəqillik dövrü ədəbiyyatımızın tədqiqi istiqamətində də əhəmiyyətli işlər görülür, monoqrafiyalar hazırlanır, yeni kitablar nəşr olunur. Bu tədqiqatlar milli ədəbiyyatımızın 100 illik inkişaf yoluna obyektiv münasibəti göstərir.
Sonda Elnarə Akimova sərgi iştirakçılarını və təşkilatçılarını təbrik edərək, bu kimi layihələrin gələcəkdə davamlı şəkildə həyata keçiriləcəyinə və milli ədəbiyyatımızın zəngin irsinin bundan sonra da yüksək tribunalardan səsləndiriləcəyinə əminliyini ifadə edib.