Birinci Türkoloji Qurultayın 100 il öncə təqdim etdiyi ideyalar bu gün Türk Dövlətləri Təşkilatının timsalında gerçəkləşməkdədir.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfransda çıxışı zamanı deyib.
Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində, hazırda konfransın keçirildiyi AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında baş tutduğunu bildirib. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli Qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası, incəsənəti və s. ilə bağlı qərarların qəbul edildiyini, nəticədə həmin tədbirin iştirakçılarının amansız sovet rəhbərliyinin hədəfinə tuş gələrək bir qisminin sürgünə göndərildiyi, bəzilərinin isə güllələndiyini söyləyib.
Bundan sonra SSRİ rəhbərliyinin türk xalqlarının birlik və həmrəyliyindən, milli oyanışından qorxaraq türkologiyanı məqsədyönlü şəkildə yalnız dilçilik hadisəsi kimi qələmə verdiyini deyən akademik İsa Həbibbəyli sovet dövründə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının, eləcə də AMEA-nın Dilçilik və Şərqşünaslıq institutlarının sadəcə türk dillərini öyrəndiyini vurğulayıb.
Ümumilikdə Birinci Türkoloji Qurultayın ideyalarının bütün qadağalara baxmayaraq unutdurula bilmədiyini deyən akademik İsa Həbibbəyli Qurultayın milli düşüncənin, ümumtürk həmrəyliyinin təməllərini atdığını diqqətə çatdırıb. Qurultayın 100 il öncə təqdim etdiyi ideyaların bu gün Türk Dövlətləri Təşkilatının timsalında gerçəkləşməkdə olduğunu deyən akademik İsa Həbibbəyli təşkilatın başlıca hədəfləri sırasında türk xalqlarının birliyi və həmrəyliyinin dayandığını söyləyib. Həmçinin qeyd edib ki, Qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunub.
Prezident İlham Əliyevin Türk dünyasını bizim ailəmiz adlandırdığını, türk xalqlarına verdiyi ən yüksək dəyəri ifadə etdiyini bildirən akademik İsa Həbibbəyli bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Dövlət başçısının prioritet elan etdiyi siyasətə uyğun olaraq AMEA-da müvafiq addımların atıldığını deyən akademik İsa Həbibbəyli Akademiyanın bir çox müəssisələrində Türk dünyasının tarixini, ədəbiyyatını, folklorunu, dilini, musiqisini, arxeologiyasını, fəlsəfəsini öyrənən şöbələrin fəaliyyət göstərdiyini, Türk dünyasının akademik elmi və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və genişləndirilməkdə olduğunu söyləyib. Bildirib ki, atılan bu addımlar türk xalqlarının elmi-mədəni inteqrasiyası baxımından olduqca mühüm rol oynayır.
Birinci Türkoloji Qurultayın akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova kimi tədqiqatçılarımız tərəfindən sanballı tədqiqata cəlb olunduğunu deyən akademik İsa Həbibbəyli, həmçinin bu istiqamətdə dissertasiyaların və monoqrafiyaların da yazılmasının vacibliyinə toxunub.
Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu, bugünkü konfransla Qurultayın yubiley tədbirlərinə başlanıldığını deyib. Bildirib ki, ölkəmizdə türk xalqları ilə bağlı aparılan tədqiqatlar gələcəkdə AMEA-da Türkologiya İnstitutunun yaradılması zərurətini meydana qoyur və zaman buna doğru gedir.
Akademik İsa Həbibbəyli konfansda sanballı məruzələrin dinləniləcəyini bildirib və tədbirin Türk dünyasında türkologiyaya dair tədqiqatların genişlənməsinə öz töhfəsini verəcəyini söyləyib.