Pakistanın Müsəlman İnstitutunun (Muslim Institute) elmi tədqiqatçısı
Muhammed Azeem Ədəbiyyat İnstitutunun qonağı olub. Ölkəmizdə keçirilən
Nəsimi festivalı çərçivəsində səfərə gələn qonaq Ədəbiyyat İnstitutunun
Pakistan mərkəzində olub. İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin müdiri, fil.e.d., prof. Bədirxan Əhmədov mərkəzin fəaliyyəti ilə bağlı
qonağa ətraflı məlumat verib.
Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli qonağa Pakistan Ədəbiyyatının araşdırılması ilə bağlı həyata keçirilən işlərdən bəhs edib. Ədəbiyyat İnstitunun Pakistanın Ədəbiyyat Akademiyası və Müsəlman İnstitutu və Lahor Universiteti ilə birlikdə bir sıra elmi konfrans, sessiyalar təşkil etdiklərini diqqətə çatdırıb. Pakistanın görkəmli şairi Məhəmməd İqbal haqqında İnstitutun əməkdaşı, fil.e.d. Bəsirə Əzizəliyevan;n tədqiqat apardığını və eləcə də bu mövzuda monoqrafiyasının, həmçinin İqbalın əsərlərinin tərcümə edilərək kitab halında İnstitut tərəfindən nəşr edildiyini bildirib. Pakistanın sufi şairi Sultan Bahonun əsərlərinin İnstitut tərəfindən çapa hazırlandığını nəzərə çatdırıb.
Muhammed Azeem çıxışında Ədəbiyyat İnstitutu ilə qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin əhəmiyyətindən danışıb. Müsəlman İnstitutunun
ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə Bakı Dövlət Universitetinin urdu dili müəllimi Eldost İbrahimov, Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva da çıxış ediblər.