"An" - kəlməsi şübhəsiz ki, omonium sözdür: "ən qısa zaman" mənasını özündə ehtiva edir. "Anım" - xatırlamaq, yada salmaq anlamını da özündə, mahiyyətində, məğzində daşıyır. "Anlamaq" - sözünün də "an" və "anım" deyimləri ilə eyni qan qrupuna məxsusluğu analizsiz də bəlli gerçəklikdir. Eyniköklü bu üç sözün kombinasiyasından fərqli məntiqə hədəflənsək - "An"ın əhəmiyyətini "anlamaq"la "anım"lar milli yaddaş pasportuna sahiblənir... Min illərdən bəri süzülüb gələn Qobustan qayalarındakı "an"lar və "anım"lar kimi...
İkinci Qarabağ müharibəsində tariximizin və zəfərimizin 44 anı və Azərbaycan Prezidentinin sərəncamı ilə son 4 ildən bəri bir dəqiqəlik sükut anımı cəmiyyətin ruhundan, düşüncəsindən, anlamından keçərək əbədiləşdirilmişdir.
Tariximizin 44 anı - hər an 44 gün qədər dolğundur. Mübariz əhval-ruhiyyəli igidlərin şəxsi şücaət epizodları zəngin Zəfər salnaməmizdir!
Milli Ordumuzun 27 sentyabr 2020-ci ildə əks-hücuma başlaması, xüsusi əməliyyat keçirməsi Lələtəpə, Tovuz döyüşlərindən sonra labüd idi, tarixi zərurətə çevrilmişdir.
Doğrudur, düşmənin mənfur, təcavüzkar niyyətindən öncə xəbər tutan Azərbaycan rəhbərliyi, müvafiq qurumlar müəyyən hazırlıq işləri görülmüşdülər. Əhalinin təhlükəsizliyi üçün düşmənlə təmas xəttinə yaxın kəndlərdə sığınacaq yerləri hazırlanmışdır. Məhz buna görə yaşayış məskənləri ermənilər tərəfindən mütəmadi ağır silahlardan atəşə tutulsa da, dinc əhali arasında itki gözlənildiyi qədər olmamışdır. Bununla belə, 27 sentyabr gecəsi qəfil, xaincəsinə hücuma keçən erməni faşistləri Azərbaycan Ordusunun hissələri tərəfindən ciddi müqavimətlə üzləşmiş, on illərlə qurduqları hərbi sədlər, havadarları tərəfindən "Peşkəş" edilmiş ən müasir silahlar onları aciz, mağmın durumdan, ruh düşkünlüyündən, psixoloji çaşqınlıqdan xilas edə bilməmişdir. Həmin gün, Ermənistanın vəhşi təcavüzü, xəyanətkar hücumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev saat 11.50-də xalqa müraciət edərək demişdir: "Bu gün səhər Ermənistan silahli qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur".
Prezidentin sirayətedici təsirə malik səsi alman faşistlərinin Sovetlər Birliyinə qəfil hücumunu ölkəyə yayan məşhur diktor Yuri Levitanın məğrur, əzəmətli səs tembrini xatırladırdı, insanları səfərbərliyə səsləyirdi...
Ali Baş Komandan erməni faşistlərinin ali məqsədini xalqa müraciətində vurğulayaraq deyirdi: "Ermənistan bu təxribatı törətməklə... ilk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti!"
Bəli, Prezident düşmənin əsas məqsədini - işğalçılıq siyasətini açıq şəkildə xalqın diqqətinə çatdırmaqla bu münaqişənin Vətən müharibəsi olduğunu ilk anlardan bəyan edərək müraciətinin sonunu nikbin notlarla bitirmiş, qələbənin, zəfərin əsas şüarını elan etmişdir: "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Müharibənin ilk günündə Ali Baş Komandanın "Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!" - nidaları hər kəsin inamını, özünəgüvənini daha da artırdı, milli birliyi möhkəmləndirdi, vahid komandanlıq altında döyüşçülərin qələbə əzmini yüksəltdi.
Prezidentin xalqa növbəti müraciəti 4 oktyabr tarixinə təsadüf edir. Mavi ekranlardan bütün dünyada yaşayan soydaşlarımıza üz tutan Ali Baş Komandan ilk cümləsində elan etdi: "Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb".
Otuz ilə yaxın doğma torpaqlarına həsrət qalan qaçqınlar və məcburi köçkünlər qulaqlarına inanmadı, sevincdən donub yerlərində qadılar... insanlar kövrəldi, göz yaşlarını saxlaya bilmədi, ata-babalarının yurd yerlərini görməyən uşaqlar televizoru qucaqlayıb öpüşlərə qərq edirdi. Bu xəbərdən Azərbaycanın beli dikəlmişdi, gözlərdə sevinc parıldayırdı. Gənclər səfərbərlik məntəqələrinə, döyüş bölgələrinə kütləvi axın edirdi. Erməni faşizminin beynəlxalq arenada təbliğatçısı Vladimir Solovyov aparıcılıq etdiyi şouda erməni əsgərlərinin vətənpərvərliyini tərifləyərkən ekranda Azərbaycan çağırışçılarının sıxlığını görüb əsəblərinə nəzarət edə bilməmişdir.
Beləcə, Azərbaycanın cəsur əsgər və zabitləri Ali Baş Komandanın tapşırıqlarını vaxtında yerinə yetirmiş, ümidini və etmadını yüksək səviyyədə doğrultmuşdur. Keçilməz hesab edilən, 180 km uzunluğunda olan Ohanyan səddi qələbə eşqi ilə ürəkləri çırpınan Azərbaycan qartallarının qarşısını kəsə, hücumun sürətini azalda bilməmişdir. Günaşırı xarici jurnalistlərə müsahibə verən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, Ermənistanın və havadarlarının feyk məlumatlarını, böhtanlarını təkzib edən Azərbaycan Prezidentinin xalqa növbəti müraciəti 9 oktyabr tarixində baş tutmuşdur. Dövlət başçısı ordumuzun Hadrut qəsəbəsini və 8 kəndin azad edildiyini, düşmənin 16 komanda məntəqəsinin, 196 tankının, çoxsaylı artileriya qurğularını, zenit-raket kompleksini, S-300 raketlərini, radiolakasiya stansiyalarını məhv edildiyini bildirmiş, təmas xəttindəki mühəndis-istehkam qurğularının dağıdıldığını bəyan etmişdir. Bütün bu itkilərindən düşmən demək olar ki, quduzlaşmış, beynəlxalq qanunlara məhəl qoymayan Ermənistan Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmuş, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Bərdə rayonunun dinc əhalisinə ağır artilleriyadan zərbələr endirmiş, 2000-dən çox evi yerlə-yeksan etmişlər.
Prezident İlham Əliyev 17 oktyabr tarixli xalqa müraciətində demişdir ki, "Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız doyüş meydanındadır".
Azərbaycan tərəfindən aparılan döyüş mərdi-mərdanə, kişiyanə, beynəlxalq qanunlara, insan haqlarına uyarlı aparılan döyüş, vətənin azad edilməsi uğrunda barışmaz mübarizə, fədakarlıq salnaməsi idi. Ali Baş Komandan Füzuli şəhərinin azad edilməsi münasibətilə xalqa müraciətində demişdir: "Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı - xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq".
Bəli, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev lideri olduğu mərd və qüdrətli xalqın iradəsinə arxalanaraq, rəhbərlik etdiyi müzəffər ordu ilə əsl tarix yazdı; yeni dövrün azadlıq, müstəqillik, qəvi düşməndən bac almaq, ona diz çökdürmək tarixini yazdı. O, növbəti müraciətləri ilə Xocavənd, Zəngilan, Qubadlı şəhərləri və kəndləri ilə birlikdə azad edildiyi barədə xalqı müjdələdi. Və nəhayət, Müzəffər Ali Baş Komandanın 2020-ci il 8 noyabr tarixli qürur və fəxarət hissi ilə xalqa müraciətində bəyan etmişdir: "İyirmi səkkiz il işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim Şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz doyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox".
Qarabağ zəfərini biz halallıqla, namusla, qeyrətlə, canımız-qanımız hesabına qazandıq. Ona görə də 44 günlük qələbəmiz mücadilə tariximizin qızıl səhifələridir. Çünki bu səhifələr general, Milli Qəhrəman Polad Həşimov, Milli Qəhrəman, polkovnik İlqar Mirzəyev, Vətən Müharibəsi qəhrəmanlarından polkovnik Zaur Nudirəliyev, polkovnik-leytenantlardan Əfqan Əbdürrəhmanov, Orxan Əkbərov, Anar Əliyev, Faiq Qasımov, Vüqar Ağayev və yüzlərlə-minlərlə şəhidlərimizin qızıl qanları ilə yazılmışdır. Prezidentimiz qeyd etdiyi kimi: "Bu tarix əbədi yaşayacaqdır!"
Tariximizin 27 sentyabrdan başlayan 44 anı - hər an 44 gün qədər dolğun, Vətən qəhrəmanlarının şəxsi şücaət epizodları ilə əngin və zəngin Zəfər salnaməmizdir!
Qarabağın azadlığı, ölkəmizin suverenliyinin bərpası uğrunda həlak olan şəhidlərimizi ehtiramla anırıq, ruhları şad olsun!