Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Esmira Fuad. “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” (ingilis dilində)

25-09-2025 [ 13:23 ] [ oxunub:13 ]
printerA+ | A-
105944

  Filologiya elmləri doktoru, dosent, Əbədi Turan Kitab Fondunun rəhbəri Esmira Fuadın bu günlərdə 2024-cü ildə Azərbaycan dilində yayınlanan “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı Azərbaycan həqiqətlərini, güneyli soydaşlarımızın yaşamı, mədəniyyəti və ədəbiyyatı ilə bağlı məsələləri ingilisdilli oxuculara, dünyaya çatdırmaq amacı ilə Azərbaycan Respublika­sının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi və mənəvi dəstəyi ilə ingilis dilində (“Southern azerbaıjan ın the dıscourse of ethnocultural values”) nəfis düzənlə çap olunub. Kitabı ingilis dilinə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,  Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa xanım Əliyeva çevirib. “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi sənəd - Kürəkçay müqaviləsi - Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığın­dakı Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi və bədnam Türkmənçay "Sülh” müqaviləsinə kitabda bütün bəndləri ilə yer verilib. Və adında "sülh” yazılan-içəriyində isə əsrlərcə bir-vahid olan Azərbaycanın bölünməsi əks olunan bu müqavilələrin bir yurdun, bir elin iki yerə parçalan­masın­dakı rolu təhlil olunur. Daha sonra İranda buxovlanan Azərbaycan türkcəsinin real duru­mu, Türkkökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələ­lərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri bu dəfə dünya xalqlarının əksəriyyətinin bildiyi və sərbəst danışdığı beynəlmiləl statuslu ingilis dilində ədəbi müstəviyə gətirilir...

İngilis dilində yayınlanmış “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabında dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllik­lə­ri açıqlanır. Güney Azərbaycan türklərinin ana dili problemindən sonra ikinci ən böyük problemi olan Urmu gölünün qurudulması məsələsi tarixi faktlara əsaslanaraq incələnir, xalq həyatının və milli kimliyin əks-sədası olan Güney Azərbaycan folklorunun, şifahi xalq ədəbiy­yatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsrin durumu, "Fləş Fikşn": Kibriti hekayələrin yaranması, Güney ədəbiyyatında feminizm hərəkatı, qarşı tərəfin qələm adamlarının Qadına poetik münasibəti, tərcümə ədəbiyyatı və yayın məsələləri çözülür, real durum və çapa təqdim olunmuş əsərlərdən qısaca söz açılır, o taylı-bu taylı - Bütöv Azərbaycan ədəbiyyatında Zəfər diskursu təhlil edilir.

İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, türk kökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur... Güney Azərbaycanın tarixi abidələri - Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr - Çillə gecəsi-Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəvidə təqdim edilir.

Kitabda ikiyə bölünmüş vətənin ağrılarını əks etdirən bədii nümunələr də verilib..

“O taylı-bu taylı bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu” başlıqlı son bölümdə “tariximizə qısa ekskurs” edən Esmira Fuad “tarixdə analoqu olmayan 44 günlük savaşın gedişi zamanı 2020-2023-cü illərdə yeni dövrün - XXI əsrin “müharibə ədəbiyyatı”nın yaranmağa başladığını qeyd edir və bu ədəbiyyat haqqında məlumat verərək yazır ki, həmin ərəfədə və savaşdan sonrakı dönəmdə Güney yazarları Qarabağa və 44 günlük savaşda yazılmış yeni şərəf tariximizə şeir, poema və nəsr əsərləri həsr etdilər.

Güneyli aktivistlər etiraf edirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin zaman-zaman Güney Azərbaycan türklərinin varlığını və mübarizəsini dəstəkləyən açıqlama­ları Güney xalqına böyük mənəvi güc verir. Ölkə başçımızının “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlı­ların, o cümlədən, İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir...”, “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 mln. azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, - kimi açıqlamasına diqqət çəkilir.

“Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” (“Southern Azerbaıjan ın the dıscourse of ethnocultural values”) kitabında da dərin təhlilə, məntiqə söykənən 23 elmi yazı verilib və bu yazıların hər biri oxumaq, öyrənmək, düşünmək,  Güney Azərbaycan türklərinin milli kimlik uğrunda dönməz mübarizə tarixini səhifələmək üçün dəyərli mənbədir.

SİZƏ MARAQLI OLA BİLƏR