Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Gəncədə “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda Azərbaycan – Gürcüstan I beynəlxalq konfransı keçirilib

24-09-2025 [ 13:41 ] [ oxunub:19 ]
printerA+ | A-
105927

Gəncə Şəhər İcra Hakimiyyəti, Gürcüstan Xarici İşlər Nazirliyi, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi, Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulluğu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda Azərbaycan – Gürcüstan I beynəlxalq konfransı keçirilib.

Gəncə şəhərinin tarixində ilk dəfə təşkil olunan bu elmi forumda iki qonşu və dost ölkənin alim və tədqiqatçıları, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və  Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze iştirak ediblər.

AMEA-nın Gəncə Bölməsinin konfrans salonunun foyesində xalqlarımızın milli dəyərlərinin simvolllarına çevrilmiş Nizami Gəncəvinin və Şota Rustavelinin əsərlərinə həsr olunmuş sərgi nümayiş etdirilib.

AMEA-nın Akademiya Muzeyinin baş mütəxəssisi sənətşünaslıq üzrə fəsəfə doktoru Aynurə Həşimova qonaqlara sərginin eksponatları haqda geniş məlumat verib. O, sərgidə klassiklərimizin əsərlərinə çəkilmiş nümunələri təqdim edərək son vaxtlar AMEA rəhbərliyinin təsviri sənətə elmi düşüncə və fəaliyyətin bir istiqaməti kimi önəm verdiyini və bu sahədə çalışan rəssam və dizaynerləri dəstəklədiyini xüsusi vurğulayıb.

Beynəlxalq konfrans Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev giriş nitqində qonaqları qədim Gəncə torpağında, Nizami yurdunda salamlayaraq, iki qonşu ölkənin xalqlarının dostluq və qarşılıqlı etibarının əsrlərin sınağından çıxdığını vurğulayıb. O, müasir dövrümüzdə ölkələrimizin rəhbərlərinin bu dostluq və həmrəyliyi daha da yüksək səviyyəyə qaldıraraq, beynəlxalq sabitlik və inkişafa daim əhəmiyyətli töhfələr verdiklərini diqqətə çatdırıb. Akademik Fuad Əliyev əlavə edib ki, Azərbaycan və Gürcüstanın elm adamları da  ümumi tərəqqiyə öz töhfələrini verməkdədirlər.

Akademik Fuad Əliyev vurğulayıb ki, Azərbaycan və Gürcüstan Prezidentləri İlham Əliyev və Mixeil Kavelaşvilinin 2025-ci ilin aprelində Bakıda keçirilən görüşü  alimləri də iki xalqın milli-mənəvi  dəyərlərinin köklərini daha əsaslı tədqiq etməyə sövq edir və bu baxımdan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı iki qardaş xalqın müştərək mədəniyyətə, ədəbiyyata, əxlaqi dəyərlərə malik olduğunun göstəricisidir.

O, həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani ilə görüşü zamanı Azərbaycan-Gürcüstan elmi əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev son dövrlər, xüsusən də  Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və xalqın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bötövlüyünü Böyük Zəfərlə tam bərqərar etməsindən sonra yaranmış imkanlar sayəsində ölkəmizin qonşu və dost Gürcüstan ilə həmrəyliyə söykənən istər iqtisadi, istər də mədəni-mənəvi sahədə əməkdaşlığının perspektivlərinin daha yüksək səviyyəyə çatdığını qeyd edib və bugünkü mötəbər elmi görüşün də bu cür əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləyib.

A.Tağıyev Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovun konfransın iştirakçılarına salamlarını və uğur arzularını çatdırıb.

Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze çıxışında xalqlarımızın dostluq, qardaşlıq və məqsəd yaxınlığına daha bir nümunə olan bu tədbirin təşkili üçün Gəncə Şəhər İcra Hakimiyyətinə və onun başçısı Niyazi Bayramova, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, Ədəbiyyat İnstitutuna, Gəncə Bölməsinin rəhbəri akademik Fuad Əliyevə, eləcə də ölkəsinin əlaqədar universitet və elmi-tədqiqat ocaqlarına təşəkkürünü bildirib.    

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Gürcüstan-Azərbaycan dostluğu və əməkdaşlığının təzahürlərindən biri kimi, ədəbiyyatlarımızın müştərək intibahı və bu intibahın görkəmli isimlərindən olan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıq və fəlsəfi aləminin paralellərinin araşdırılmasının hər iki xalqın elminin və mənəvi dünyasının yüksəlişinə  xidmət etdiyini və bu baxımdan hər iki ədibin timsalında mədəniyyətlərimizin kəsişməsinə aid iki ölkə alimləri tərəfindən müştərək həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb.

O, həmçinin içində yaşadığımız mürəkkəb və ziddiyyətlərlə dolu müasir dünyada xeyirin şər üzərində qələbəsi, sülh və əmin-amanlığın bərqərar olması üçün Nizami və Rustaveli kimi böyük və əbədiyaşar şəxsiyyətlərin ideya və ideallarına böyük ehtiyac duyulduğuna diqqət çəkib.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani çıxış edərək Qafqazda ədəbiyyatın yüksəlişinin Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı ilə sıx bağlı olduğunu, bu tədbirin mövzusuna daxil olan müştərək “mədəniyyət kəsişmələri” anlayışının açılması üçün layihəni icra edən qurumların, tədqiqatçıların vahid komandada çox səmərəli çalışdıqlarını qeyd edib.

İrma  Ratiani “Şota Rustaveli və onun “Pələng dərili cəngavəri”. 1937-ci ildə qeyd edilən yubileyi” mövzusunda məruzə ilə də çıxış edərək, Rustaveli sözü və fikrinin mənəvi gücünün sovet rejiminin repressiv basqılarının ən şiddətli məlum dövründə insaniyyətə böyük xidmət göstərdiyini vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin baş elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvi ənənələrinin Şota Rustaveli yaradıcılığına təsiri məsələləri və problemin tədqiqi tarixi”, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutun elmi katibi Miranda Kaşalaşvili “Nizami və Rustaveli: Məhəbbət konsepsiyasının interkultural paralelləri”,  AMEA-nın  Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Şeyx Nizami və onun vətəni Gəncə”, Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutun Rustaveliologiya Mərkəzinin rəhbəri filologiya elmləri doktoru İvane Amirxanaşvili “Biz yenə bərabərik”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Azərbaycan və Gürcüstan ədəbi əlaqələri” və Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Nizami və Rustaveli irsindən 1918-ci il istiqlalına: Azərbaycan və Gürcüstanın tarixi və ədəbi körpüləri” mövzularında çıxış ediblər.

Konfransda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov və Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, aparıcı rəssam-dizayner Minayə Dəyanət-Feyzullayeva da ədəbiyyat və sənət məsələləri haqda mülahizələrini söyləyiblər.

Çıxışlar ətrafında müzakirələr, eləcə də iki qonşu və dost ölkənin alimlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri haqda fikir mübadiləsi aparılıb.

AMEA və onun Gəncə Bölməsi tərəfindən gürcü qonqlara Akademiyanın 80 illiyi  və Nizami Gəncəvi motivləri əks olunmuş suvenir xalçalar və elmi kitablar hədiyyə olunub.

Konfransın iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, onun ata və anasının yaxınlıqdakı qəbirlərini, Nizami Gəncəvi Muzeyini, həmçinin görkəmli gürcü şairi Nikoloz Barataşvilinin Gəncə şəhərində yaşamış olduğu məkandakı baralyefini ziyarət ediblər.

Qonaqlar bu məkanlarda gəzintilər zamanı konfransın məqsədləri və qarşıdakı müştərək planlar haqda müsahibə də veriblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR