"Bayaq ağzımı yalayan it dayanıb yazıq-yazıq mənə baxırdı. Baxıb-baxıb tanıdım onu. Haqverdi idi" cümləsində bir yazıçının yaradıcılığını xarakterizə edəcək hər şey var; onun üslubu, yaradıcılıq yolu, təhkiyə orijinallığı, mistikası, "izm" polifonikliyi. Bu, Azad Qaradərəlinin "Morq çiçəkləri" romanındandır. Yazıçı bu romanında "morq havasında" yaşamağa məhkum edilən insanların həyatından, güzəranından yazır, cəmiyyətin iç düzənini sərt bədii dillə açır. Bəlkə də, belə demək mümkünsə, milli qaçqınlığın faciəsini bu şəkildə sərt realizmlə təsvir etmək bir yazıçı kimi ona nəsib olub. Hər halda əfqan yazıçısı Xalid Hüseyni haqqında bir müsahibəmdə əfqan xalqının gerçəkliklərini dünya arenasına onun romanları ilə bu şəkildə çıxardığını təqdir etmişdim. Azad Qaradərəli də bu romanında qaçqınlığın cəmiyyətə gətirdiyi fəlakətlərdən, faciələrdən doğan iztirabları mistikaqarışıq həqiqətlərlə çatdırır. Lakin biz burada Azad Qaradərəlinin "Morq çiçəkləri"ndən yox, "Əsərləri"nin 10 cildindən söhbət açmaq fikrindəyik. Müəyyən epoxa yaşamış, əsərləri ilə dövrün ədəbi mənzərəsini zənginləşdirmiş bir yazıçının çoxcildlik əsərlərinin mövcudluğu yalnız həmin yazıçının yox, həm də ədəbiyyatımızın hadisəsidir. Ayrıca, bədii sözünün gücünü xalq qaynaqlarından, ruhundan alan Azad Qaradərəlinin polifonik nəsr yaradıcılığı özü haqqında çox şey deyir. Onun qəhrəmanlarının hər biri özü, mənsub olduğu nəsil, zümrə, malik olduğu ideya, tapındığı həqiqəti ifadə edir. Azad Qaradərəli nəsrinin özünəməxsus poetikası var; nağılvari ruh, mistika, gerçəklik, realizm, yumor... Bu nəsr ifadə imkanlarının zənginliyi, polifonikliyi, müxtəlifliyi və təsvir orijinallığı ilə fərqlənir. Onun yaratdığı hər bir bədii mətn ciddi olduğu kimi, uzunömürlüdür, əminliklə deyə bilərəm ki, çağdaş ədəbiyyat tariximizi yaradan sütunların bir parçasıdır.
Azad Qaradərəlinin "Əsərləri"nin 10-cu cildində "Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri" romanı, bir neçə müharibə ağrılarını əks etdirən hekayələri (bunlar da romanla səsləşir!), esse və məqalələri yer alır. Bəri başdan deyim ki, romanı qısaca olaraq "Erməni doktorun gündəliyi..." adlandırmaq da olar, fikrimcə, "və Qarabağın qara hekayətləri" əlavəsi adı bir qədər ağırlaşdırır, romandakıları sanki izah edir. Bəlkə də mənə elə gəlir... Hər halda müəllifin öz işidir. Məsələ bunda deyil, məsələ romanın müharibə gerçəkliklərini, savaş insanlarının obrazını bu qədər canlı, bənzərsiz yaratmaqda, bizi yenidən müharibənin içərisinə aparmaqda, cəmiyyət kataklizmlərini yüksək sənətkarlıqla göstərməkdədir. Bəzən hər hansı bir tarixi hadisə haqqında yazılan bədii əsər əhəmiyyətini tez itirir, bəzən isə əksinə.... Bu, yazıçının hadisəyə yanaşmasından asılıdır. Bu mənada Azad Qaradərəlinin "Erməni doktorun gündəliyi..." romanı 44 günlük müharibədən əvvəl yazılsa da, bədii dəyərini zərrəcə itirməyib. Baxmayaraq ki, sonuncu müharibə ictimai, siyasi, ədəbi-mədəni status-kvonu kökündən dəyişdirdi. Son hadisələrə rəğmən, roman bədii dəyərini zərrə qədər də itirməyib. Bilmək olmaz, sabah sülh sazişindən sonra siyasi ab-hava necə olacaq. Ancaq bu əsər heç zaman bədii dəyərini itirməyəcək. Bu, yazıçı üçün böyük dividentdir və bu fikri təkcə yazıçının bu romanına yox, bütün yaradıcılığına aid edirəm. Bunun da müəyyən nədənləri var...
Maraqlıdır ki, 44 günlük Vətən müharibəsi başlayar-başlamaz, yazıçılardan qol-biləyini çırmayıb ilk qələbə hekayələri və romanı yazan da Azad Qaradərəli oldu. Onun "Cəbrayıl əfsanəsi" romanı və "Sevgilim Vətən" hekayələr kitabı ədəbi tənqidin diqqətini dərhal çəkmiş, çoxlu sayda məqalələrin yazılmasına səbəb olmuşdur. Belə görünür ki, bu mövzu yazıçının bitib-tükənmək bilməyən bədii təxəyyülünü bundan sonra da məşğul edəcək.
"Erməni doktorun gündəliyi..." romanında yazıçı mümkün olduğu qədər ədəbi priyomlardan, forma zənginliklərindən istifadə edir. Romanın mürəkkəb konstruksiyasında (gündəlik içində tətikçi Zaranın gündəliyi, müəllif əlavəsi, ayrı-ayrı hekayələr və s.) yazıçının zəngin nəsr texnologiyalarından istifadə edərək həqiqətləri təsvir etməsinə imkan verir. Bu üsul və yollar romanda siyasi düşüncəni bir kənara atır, sadəcə hadisələrin, insanın düşdüyü ağır, iztirablı vəziyyətlərin izinə düşür. Erməni doktorun önə çıxarılması, bir-birindən fərqli kontekstlərdə (erməni və bizim tərəfdə) baş verən hadisələrin birləşdirilməsi (müəllif əlavəsi, şahidlərin dedikləri və s.) müəllifin müharibənin anatomiyasını detallı şəkildə açmasına imkan verir. Son Vətən savaşına qədər belə bir əsərin yazılmasını tənqidçilər mətbuatda tez-tez yazıblar. Məncə, tənqidçilərin "müharibə haqqında yaxşı əsər yoxdur" tezisi artıq, necə deyərlər, öz qüvvəsini itirib. O da məlumdur ki, hər hansı bir əsər yazılarkən dövrün konteksti mütləq nəzərə alınır. Bu cəhətdən düşünürəm ki, A.Qaradərəlinin "Erməni doktorun gündəliyi..." romanı yaxşı ki, müharibədən əvvəl yazılıb. "Niyə"sini izah etməkdə bir qədər çətinlik çəkərəm; belə əsaslandıraram ki, yazıçı sanki bu əsəri ilə işğal altda qalan yurd yerlərini azad etməyin yolunu romandakı həqiqətləri ifadə etməkdə görür. Romanda yazıçı bütün bədii və üslub potensialından, bədii təxəyyül və təfəkkürün ifadə vasitələrindən maksimum istifadə etməyə çalışıb və buna nail olub. Düşünüb, ola bilməz, belə bir roman dünya arenasına çıxmasın və burada yazılanların Qarabağ həqiqətlərini ifadə etməkdə xeyri olmasın. Bu gün, yəni Qarabağın azad olmasından sonra bu cür imkanlar yazıçının qarşısında durmayacaqdı. Hər halda mən belə düşünürəm...
Aydın məsələdir ki, Qarabağ problemi dünya miqyasında tanınsa da, onun mahiyyəti haqqında siyasi mövqedə müxtəlifliklər var idi. Ermənilərin dünyaya yaydığı yalançı, saxta "həqiqət"lə bizim yaya bilmədiyimiz gerçək həqiqət tərs mütənasib idi. Ona görə də bu qədər mürəkkəb mahiyyətli problemi, müharibəni bədii əsərdə bütün gerçəklikləri ilə anlatmaq yazıçıdan yüksək bədii təxəyyül, çevik bədii struktur, inandırıcı təsvir metodları, modern yanaşma tələb edirdi. Azad Qaradərəli erməni doktorun gündəliyi məsələsini ortaya atmaqla sanki onu sənədləşdirir. Erməni doktor Avanes Minasyan Qarabağ müharibəsinə dünyanın hər yerində "Böyük Ermənistan" ideyası uğrunda qatılan on minlərlə ermənidən biridir. Ancaq onlardan fərqli olaraq, o, döyüşçü deyil, həkimdir. Onun həkim olması müəllifə bir çox həqiqətləri açmağa imkan verir. Digər erməni döyüşçülərindən fərqli olaraq erməni doktor burada müharibə adı altında nə baş verdiyini dərk edir və onu gündəliyində qeyd edir. Gündəliyin erməni doktora məxsus sənəd olması üçün yazıçı erməni düşüncəsinin keçmişini ifadə edən, çox zaman təftiş edən uğurlu bir mətn qurur. Hər şey də bu mətndən başlayır. Bu mətn üzərində gələcək tədqiqatçılar yəqin ki, elə müəllifin özü kimi səliqəli şəkildə işləyəcək, bədii mətnin şifrələrini üzə çıxaracaqlar. "Harada çörək varsa, ora vətəndir" - məşhur erməni atalar sözündə deyildiyi kimi, ayağımız tutduqca bu dünyanı gəzmişik. Bir xalq olaraq özümüzü daim axtarmışıq. Bizim də aid olduğumuz homo sapiens narahat məxluqdur. Ona verilən rahat ömrü təklif olunan kimi deyil, özü bildiyi kimi yaşamaq istəyir. Macəra, yenilik həvəsi, daimi axtarışlar onun yelkənsiz gəmisini dalğaların ağzına atıb bilinməz dərinliklərə aparır. Özüm bilmədən mən də belə bir macəranın yolunu tutdum".
Yazıçı erməni doktorun gündəliyini təqdim edərkən buradakı bir çox detallara izah verməklə oxucunu bir qədər də inandırır. Onun Suriyada indi bir adamın da yaşamadığı Keboda kəndinin adını verərkən "(Bu sözü düzgün oxuya bilmədim. Üstünə nəsə düşdüyündən aydın oxunmurdu: Kebo idi, yoxsa Kedo? Ya Kezo? Bilə bilmədim. - Müəllif.)", - əlavəsi bu detallardan yalnız ilkidir. Gündəlikdə qarşılaşdığı bəzi ziddiyyətli məqamlar üzə çıxdıqda belə bir izahlar verilir. Buna təkcə izah kimi baxmaq doğru olmaz, həm də bir üslub, yaxud forma kimi mənalanır: "Artıq dediyim kimi, mən bu gündəliklə Türkiyə türkcəsində tanış olmuşam. Tərcüməçinin müdaxilələrini bilmirəm, amma yer adlarında onun üslubunu olduğu kimi saxladım. Məsələn, o Artsaxa Arçax, Şuşaya Şuşik, İrəvana Erivan, Zəngilana Kovsakan deyir və sair (Bu və bundan sonra gedən ətək yazıları müəllifiə aiddir)".
Azad Qaradərəli erməni doktorun gündəliyi sayəsində indiyədək müxtəlif tədbirlərdə, konfranslarda sübut edə bilmədiyimiz bir çox cinayətləri sənədləşdirir, faktlaşdırır, bir-bir təkzibolunmaz şəkildə aktlaşdırır. Bu cəhətdən bədii əsərin erməni doktorun dilindən söylənən həyat həqiqətləri onun mövcudluq formasıdır və gələcəyə göndərilmiş həqiqətlərdir. Bu həqiqətlər istənilən vaxt erməni xəstəliyinin iç üzünü açmağa hesablanıb.
Yazıçı erməni hiyləgərliyinin şifrələrini təkcə erməni doktorun valideynlərinə yazdığı məktublarda, xatirələrində, komandirlə, "Fransadan gəlib Hayestan davası aparan" tibb bacısı Alita ilə münasibətlərində deyil, həm də Qarabağda baş verən hadisələrin tərəfsiz təsvirində verir. "Emalatxana" adı verdikləri yerdə əsirlərin başına gətirilən oyunlar, zorlamalar, qadınların ən çətin vaxtda belə namusunu qorumaları erməni prizmasından verildiyindən əhəmiyyəti artır. Doktorun tutduğu mövqe, peşəsindən irəli gələn vəzifələr onu müharibə cinayətlərinin mərkəzinə salır. Bəzən o, həkim olduğuna görə sentimentallığa qapılsa da, əhatəsi onu bu atmosferdə çox saxlamır: "Belə sentimentallığa görə özümü danlayıram və buradakı erməni döyüşçülərinin fikrini ürəyimdə təkrarlayıram: "Türk insan deyil!" Çağdaş erməni düşüncəsini bundan yaxşı açmaq çətindir...
Romanın sonuna qədər yazıçı strukturunda mürəkkəbliyi və modelləşməni qoruyub saxlayır; müəllif əlavəsi azmış kimi, "İt qucağı" və bir neçə hekayəsini də bura daxil edir. Bu mini hekayələrin (əhvalatların) hər biri gündəlikdəki gerçəklikləri təsdiq edir. Bu iki komponent arasında paradoksallıq yox, assosiativlik var. Düşünürəm ki, yazıçının ən böyük uğurlarından biri də sona qədər bu uyuşmanı davam etdirməsidir.
Erməni doktorun gündəliyi, əlbəttə, yazıçının ustalıqla düşündüyü strukturun bir hissəsidir; bədii əsəri bir tam kimi düşünsək, digər komponentlərin də effektivliyini qeyd etməliyik. Gündəlik gah Şuşikdə (gündəlikdə belədir), gah Martunidə, gah Stepanakertdə əvvəlcə tarixsiz, bəzən isə tarixli yazılır. Yazıçının birinci uğuru strukturun mükəmməl qurulması (bu, romanda ən vacib komponentlərdən biridir!), daha sonra isə bu struktura uyğun obrazlar vasitəsilə özünü ifadə etməsidir. Romanın bədii strukturunda "Müəllif əlavəsi" təkcə süjetə əlavə kimi daxil olmur, zəruri bir bədii mətnə çevrilir. Elə bir mətnə ki, bunsuz roman kasıb görünərdi. Erməni doktorun gündəliyində özünün soyuqqanlılığını qoruyan (hətta ən dəhşətli hadisələrdə belə!) müəllif "Müəllif əlavəsi"ndə emosional hərəkət edir. Bu da bədii konsepsiyaya uyğundur, gündəliyi oxuduqca yazıçı həmvətənlərinin başına gətirilən fəlakətləri erməninin özündən eşitmiş olur. Yazıçı burada həm də bir obraz kimi çıxış edir, gündəlikdə doğulduğu Zəngilanı, indiyədək itkin düşmüş dostlarını axtarır: "Akifin öz ailəsi Bakıda ağır şəraitdə yaşayır... Həyat yoldaşı Nailə mən bu sətirləri yazan günlərdə ağır xəstəlikdən vəfat etdi...
Nə bilim, bəlkə həmin on beş nəfər güllələnən əsirin içərisində Akif də olub?!
Qırmızı Xaçın, BMT-nin əsirlərə dair hesabatında gözüm həmişə Cabbarov Akif İsmayıl oğlunu arayıb. Burda da yazdım: cəbhə yoldaşlarından tanıyan, bilən varsa, xəbər versin..."
"Erməni doktorun gündəliyi..." romanının struktur modelləşməsi bununla bitmir. Yazıçı romanın bədii məntiqi və süjeti ilə üst-üstə düşən hekayələr də verir. Belə hekayələrdən biri "Əminənin hekayəsi"dir. Universitet tələbələrinə mühazirə oxuduqdan sonra dəniz kənarına gedən yazıçı-təhkiyəçi burada vaxtilə Zəngilan orta məktəbində dərs dediyi şagirdinə rast gəlir. Keçmiş şagirdi ona universitet tələbəsi qarabağlı bir qızın dəftərçəsindən söz açır. Birinci kursdan sonra qız Türkiyəyə gedib geri dönməyib və əlaqə kəsilib. İki gündən sonra yazıçının stolunun üstündə olan "Əminənin hekayəsi" erməni doktorun gündəliyi qədər sənədlilik daşıyır. Yazıçı, əslində bu mətni erməni doktorun mətninə alternativ olaraq daxil etmir, onun dediklərini təsdiqləmək üçün verir. Bədii əsərin obrazlar sistemindən ibarət olduğunu nəzərə alsaq, Əminə obrazının romandakı mahiyyətini aydın görmək mümkündür. Əminənin dilindən verilən həyat hekayəti romanın estetik qanunauyğunluğundan irəli gəlir. Hekayədə ermənilərin əsirləri toplu şəkildə xəndəyə atmaları və burada 13 yaşlı qızın təsadüfən sağ qalıb başına gələn hadisələr təsvir edilir. Əgər roman başdan-başa erməni doktorun gündəliyindən ibarət olsaydı, effektivliyi, etki gücü bu qədər olmazdı. Süjetin gedişi, romanın modeli oxucunu inadla özünə çəkir, onun həqiqətlər zəncirindən ayrılmamasını saxlayır. Əminə hekayəti ilə yazıçı erməni doktorun yazdığı həqiqətləri bir daha təsdiq etmiş olur. Yəni iki həqiqət bədii həqiqətəbənzərliyi gerçəkliyə çevirir. Bu, yazıçının həyatın həqiqətəbənzər obrazını yaratması deyil, həqiqətin, gerçəkliyin özünü əks etdirməsdir. Yazıçının da əsas məqsədi budur.
Erməni doktor obrazı estetik yüklüdür, çoxmənalıdır; onun dilində deyilən həqiqətlər hər hansı Azərbaycan türkünün dilindən verilərsə, eyni effekti verməz. Onun yazdıqları xalqımızın apardığı haqq savaşını anlatmağa xidmət edir. Bu obraz müxtəlif hədəfləri vura bilən bir raketə bənzəyir; obrazın daxili məntiqindən çıxış edərək yazıçı erməni xəstəliyinin iç üzünü açmaqla, müharibə gerçəkliklərini də açır. Erməni doktor obrazının romandakı görəvi əks cəbhədə duran həyat və müharibə məntiqini ortaya qoyur. Onun funksiyası çoxgedişli və çoxmənalıdır. Fikrimcə, bu əsərdən bir neçə parça dərsliklərə salınmalıdır. Burada əzabkeş erməni obrazı ilə "Böyük Ermənistan" xülyasının necə bir-birinə tərs mütənasib olduğunun bədii məntiqi verilmişdir.
Romanda erməni doktor obrazının önə çıxarılması, əslində bir vitrindir; əslində, biz onun gündəliyində çeşidli türk obrazları ilə qarşılaşırıq. Bu obrazların hər biri təbiidir, canlıdır. Əsir türk qadınının obrazı da belələrindəndir. Alita həkimə "Miatsium" fəallarından olan Yaquar adlı podpolkovnik Arakelyana kömək etməsini istəyir : "- Nə olub, Alita?! O adam nə istəyir?! Arakelyan kimdir?!
Alita siqaretini odladı və acı-acı güldü:
- Babalarımız havayı yerə deməyib ki, türkün qadınından qorxun... bayaq bura gələn polkovnik Arakelyandır, ləqəbi Yaquar... Vaxtilə "Miatsum"un fəallarından olub... İndi pullanıb... yanında saxladığı türk gözəlçəsi onu içirdib yatağına salıb, sonra da bıçaqla penisini kəsib, ya nə bilim, bəlkə dişi ilə qırıb?!."
Yaxud, skripkaçı türk əsir düşdükdən sonra "Sarı gəlin" mahnısını oxuyarkən başına tapança dirəyərək mahnının kimə məxsus olduğunu soruşduqda qorxmadan azərbaycanlıların olduğunu söyləyir və baş barmağından olur. Yazıçı davamlı olaraq doktorun gündəliyində rast gəldiyi hadisələrlə həyat müşahidəsi arasında paralellər aparır. Skripkaçı azərbaycanlı əsir haqqında gündəlikdəki qeydlərdən sonra belə bir müəllif əlavəsi verir: "Düzü, bilmirəm, indi oxuyacağınız hekayənin qəhrəmanı ilə doktorun gündəliyindəki musiqiçi eyni adamdırmı? Ya bu, bir təsadüfi oxşarlıqdır. Hər nədirsə, Allahın dolaşdırmasıdır. Mən bunu illər öncə yazmışdım. Radioda işləyəndə bir pianoçu oğlan gəlmişdi studiyaya. Müharibədə iştirak etmiş, kontuziya almışdı. Gözəl musiqiçi olsa da, müharibə nitqində iz buraxmışdı - rabitəsiz və kəkələyərək danışırdı. Bu əhvalatı da ondan eşitdim". Bu cür bağlantılar hər hansı bir obrazın mənəvi, daxili aləminin açılmasında əlavə izahedici funksiya daşıyır.
Romanda daxili, psixoloji ayrıntılar, sarsıntılar çoxdur; oxucu burada müharibə həqiqətlərinin hər üzü ilə tanış olur; ölümlər, qəddarlıqlar, işgəncələr... Romanda sanki iki bir-birinə zidd etnik düşüncə yer alır; bir tərəfdə işğalçı "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün etdiyi vəhşiliklər, digər tərəfdə torpağını qorumaq üçün erməni vandalizmi qarşısında məğlub duruma düşən bizlər. Oxucu erməni doktorun gündəliyi ilə ona əlavə olunan izahları müqayisə edərək mümkün nəticələr çıxarır.
Hər hansı bir bədii əsərdə ciddi sosial, bəşəri mesajlar olmalı, yazıçı əsərdə qoyduğu ideyanın cəmiyyətdəki formulunun bədii düsturunu verməlidir. Bizim ədəbiyyatımızda çox zaman bu xüsusiyyət, ya çatışmır, ya da zəif olur. Ernest Hemenquey "Qoca və dəniz" əsəri ilə bağlı verilən suala cavab olaraq demişdi: "Mən əsl qocanı və əsl oğlanı, əsl dənizi, əsl balığı və əsl akulanı göstərməyə çalışmışam". Mənə elə gəlir ki, eyni bədii məntiq "Erməni doktorun gündəliyi..." romanında da baş verir. Yazıçı bir çox həqiqətləri kifayət qədər, hətta bizim gözlədiyimizdən də üstün və maksimum inandırıcılıqla ifadə edir. Azad Qaradərəli bu romanda əsil ermənini, əsil müharibəni və əsil bizi göstərmişdir...
"Erməni doktorun gündəliyi..." romanında təkcə müharibənin yox, 30 illik Azərbaycanın da obrazı yaradılır. Yazıçı şüur axını ilə hadisələri irəli-geri gətirərək xalqın bu məğlubiyyətdən qurtulmasının yollarını arayır. Hətta romanın sonunda vəcdə gələrək hamımızı silahlanmağa, torpaqlarımızı hansı yolla olur-olsun, nə qədər pafosla səslənsə də (ancaq qeyd edim ki, bu pafos və ya publisistik çağırış romanın sonunda - müəllif əlavəsində cəmi bir-iki cümlədə səslənir!), azad etməyə çağırır. Amma özü də yaxşı bilir ki, yazıçının silahı sözdür. Məncə, elə bu Söz də ünvanına çatdı və romanın yazılışının bitdiyi il yazıçının sözü eşidildi...
Çağdaş nəsrimizin görkəmli nümayəndəsi Azad Qaradərəlinin bu kitabına bir neçə hekayəsi və Türkçülük çalışmaları simpoziumunda etdiyi məruzə də daxil edilib. İnanıram ki, digər cildləri kimi, yazıçının bu cildi də xalqın bədii və milli düşüncəsini zənginləşdirəcək və oxucular tərəfindən rəğbətlə qarşılanacaq.