Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

İranda Azərbaycançılığın və Müqavimət ədəbiyyatının simvolu Pərvanə Məmmədli

05-09-2025 [ 10:34 ] [ oxunub:13 ]
printerA+ | A-

Hüseyn Məhəmmədzadə Sədiq - Düzgün İranda klassik Azərbaycan ədəbiyyatının, xalqa məxsus qədim türk abidələrinin araşdırılıb təbliğ olunmasında və ana dilinin qorunması üçün misilsiz xidmətlər göstərib. O, çoxcəhətli fəaliyyəti ilə Azərbaycan ədəbiyyatı və elmində mühüm mövqeyə malikdir. Geniş elmi axtarışları, klassik ədəbiyyatın tədqiqinə yönəlmiş zəhməti, şeir yaradıcılığı, tərcümələri və ictimai fəaliyyəti bütöv bir dövrün ədəbi-mədəni mənzərəsini ifadə edən Sədiq, Güney Azərbaycan aydınlarının son magikanlarından idi.

Hüseyn Məhəmmədzadə 25 iyun 1945-ci ildə Təbriz yaxınlığındakı Aynalı dağının ətəyində yerləşən qədim Sürxab məhəlləsində anadan olmuşdu. Atası "Rəbiüş-Şəriə" kitabının müəllifi Mir Əli Sürxabinin nəvəsi, anası isə Ərdəbil xanlarından olan, Məşrutə inqilabının və Şeyx Xiyabani qiyamının ən fəal inqilabçılarından biri Abbasquluxanın qızı idi.

Oxuduğu "Loğman" məktəbinin yanında yerləşən "Tərbiyət" kitabxanası Hüseyn üçün böyük imkanlar yaradır, saatlarla həmin kitabxanada qiraətlə məşğul olurdı. Məktəbdə ədəbi istedadına görə ona şair ləqəbi vermişdilər. Bu balaca şair hətta oxuduğu dərslərin mövzularını poetikləşdirərək əzbərləyirdi. İllər ötdükcə onun ədəbiyyata və şeirə marağı daha da artır. Yeniyetmə ikən yaşadığı məhəllənin savadsız adamlarına əlifba və başqa dərslər keçir.

Hüseyn Məhəmmədzadə öz ana dili olan türkcəyə (Azərbaycan dilinə) çox bağlı idi, ana dili haqqında daha çox oxumaq eşqini, assimilyasiya siyasəti qarşısında onu qorumaq vəzifəsini ömrünün sonunadək davam etdirəcəkdi.

1965-ci ildə Səməd Behrəngi ilə tanışlığı Sədiqin dünyagörüşündə, taleyində xüsusi rol oynayır. O, Səməd Behrəngi, Əlirza Habdil Oxtay, Behruz Dehqani, Behruz Dövlətabadi və Məftun Əmini kimi ədəbi simalarla birlikdə Təbrizdə türkcə mətbu orqanı nəşr etmək qərarına gəlir və ilk dəfə olaraq "Adına" qəzetini həm türk, həm də fars dilində çap edirlər.

Sədiq elmi tənqid sahəsində də ilk addımlarını həmin illərdə atmışdı. Behrəngi özünə "Qaranquş" təxəllüsünü götürdüyü kimi, Sədiq də "Düzgün" imzasını seçmişdi.

Folklor toplayıcısı, istedadlı qələm sahibi, sonralar İranda uşaq ədəbiyyatının yaradıcısı kimi ad qazanan yaxın dostu, 29 yaşlı gənc yazıçı C.Behrənginin faciəli ölümü gənc Hüseyni dərindən sarsıdır, amma ruhdan düşmür, 9 sayı işıq üzü görmüş "Adına" qəzeti sonralar "Hünər və ictima" adı ilə yenidən türk və fars dillərində nəşrini davam etdirir. Lakin artıq dərgi formatında çıxan nəşriyyənin 13-cü sayı Savakı (İran kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) qıcıqlandırır, evində həbs olunan H.S.Düzgün 6 ay zindan həyatı yaşayır. Həbsdən azad olduqdan sonra Ərdəbil şəhərində müəllimlik edir və o vaxtdan folklor toplamağa maraq göstərir. Bu isə yenidən Savakın müdaxiləsinə səbəb olur. Hüseyn bəy yenidən həbs edilir. 41 günlük işgəncədən sonra 6 aylıq həbs va 5 illik dövlət işindən uzaqlaşma cəzasına məhkum edilir.

1983-cü ildə İstanbul Universiteti ədəbiyyat fakültəsinin əski türk filologiyası bölümündə professor Məhərrəm Erkinin rəhbərliyi ilə "Fars və Azərbaycan dilləri qrammatikalarının qarşılıqlı araşdırılması" və şərqşünaslıq bölümündə isə "Ərəb-türk dillərinin qarşılıqlı əlaqəsi" mövzulu elmi iş müdafiə edir və doktorluq dərəcəsi alır. Tehran universitetində isə "Mirzəağa Təbrizinin həyatı, düşüncələri və Risaleyi-əxlaqiyyənin mətni və əxlaq elmi" mövzusunda elmi işini müdafiə edərək orada da professor-doktor adını alır.

Hüseyn Düzgün yaxşı bilirdi ki, İranda rəsmi şəkildə ana dilində təhsil almaq mümkün deyildi. Buna görə də alternativ yollar axtarıb tapmışdı: a) Ana dilində dərgilər nəşr etmək;  b) Dil kursları təşkil etmək; c) Ana dilində elmi məqalələr və dərsliklər hazırlamaq.

O, müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən Azərbaycan türkcəsində buraxılan "Yoldaş" , "Yeni Yol", "Inqilab yolunda", "Qardaşlıq" və "Bulleten" dərgisinin baş redaktoru kimi çalışıb. Bu jurnalların məzmununda şah rejiminin Azərbaycanda yeritdiyi assimilyasiya və iqtisadi siyasətə qarşı tənqidlər, Azərbaycan tarixindən, mədəniyyətindən və qəhrəmanlıq səhifələrindən yazılar mühüm yer tuturdu.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətini dayandırıb və ədəbi-mədəni işlərlə məşğul olur. O, Tehranda və başqa şəhərlərdə türk dili kursları açaraq gənclərin ana dilini öyrənməsinə xidmət edir.

Müəyyən dövrlərdə İran TV-də ssenarist, IIR-nin türk dilləri üzrə rəsmi tərcüməçi vəzifəsində çalışsa da, az müddətdən sonra tutduğu vəzifələrdən uzaqlaşdırılır.

Bir sıra Tehran, Urmiyə, İsfahan və Həmədan universitetlərində açılan Türk Dili və Ədəbiyyatı kurslarında mühazirəçi kimi çalışır. Tədrislə məşğul olan H.Düzgün publisistika, tərcüməçilik, araşdırmaçılıq işlərini  də davam etdirir. O, İranda Türk gənclərinin Azərbaycan Türk dilinin öyrənməsi üçün ölçüyəgəlməz işlər görüb.

Hüseyn Düzgün gənc yaşlarından şeir yazmağa başlamışdır. İnqilabın ilk günlərində onun "Kiçik şeirlər" adlı kitabı işıq üzü görür. Bu kitab inqilab ərəfəsində İranda nəşr olunan ilk türkcə kitab idi. Daha sonra "Səməd Behrəngi mənzuməsi", "Uçqun daxma" kimi şeir kitabları çap edilmişdir.

O, türkcə şeirlərini "Düzgün", farsca şeirlərini isə "Aşun" təxəllüsü ilə nəşr etdirirdi. Şeirlərində vətənpərvərlik, milli kimlik, insan sevgisi, azadlıq arzusu, ictimai ədalətsizliklərə etiraz mühüm yer tutur.

Hüseyn Düzgün təkcə böyük əsərləri ilə deyil, həm də "lövhə" adlandırdığı kiçik şeir kitabları ilə oxucu yaddaşında qalıb. "Bakı lövhələri", "Kənd lövhələri", "Qaşqay lövhələri", "Zəncan lövhələri", "Ərdəbil lövhələri", "Təbriz lövhələri", "Hələb lövhələri" həm poetik, həm də etnoqrafik dəyərə malikdir. Bu toplular səyahət təəssüratları, xalq həyatının canlı mənzərələri, milli kimlik duyğuları ilə zəngindir. kitabları həm poetik müşahidə, həm də mədəni-sosioloji qeydlərdir.

Hüseyn Düzgünün lirikası həm poetik, həm də publisistik gücə malikdir: bir tərəfdən lirizmi, digər tərəfdən milli dirənişi daşıyır. O öz şeirlərində Təbrizi milli yaddaşın, müqavimətin, azadlıq arzularının simvolu kimi təqdim edir. Babəkin adı ilə birlikdə Təbrizi tarixi qəhrəmanlıq ənənəsinin davamı kimi göstərir:

 

Mən səndə tapmışam Babək inadın,

Bahar günlərinin qoxusun, dadın!

Çıxmaz xatırımdan heç zaman adın,

Müqəddəs arzulu Təbrizim mənim!

 

Onun şeirlərində həm folklor elementləri (təkrarlar, deyimlər), həm də klassik lirikanın obraz sistemi (qızıl gül, durna, qəfəs, zəncir) uğurla sintez olunur.

Tələbəlik illərində uşaqlar üçün yazdığı "Türk əkizləri", "Çil Maydan", "Qara at", "İran əkizləri" kitabları ədəbiyyat, folklor və teatr tarixinə dair araşdırmaları xüsusi diqqətə layiqdir. Onun "Azərbaycan xalq poeziyasında tülkü və keçəl nağılları", "Mirzə Ağa Təbrizi teatrı", "Arzu-Qəmbər", "Azərbaycan tarixi və aşıqları" əsərləri folklorşünaslıq və teatrşünaslıq elminin mühüm nümunələridir.

O, dini əsərləri "Hüseyn Sərxablı", "Mirzə Qalxan" və "Mir Səfədər Şəmaylı" imzaları ilə nəşr etmiş, Quranın türkcə tərcüməsini də ərsəyə gətirmişdi.

Ədəbi fəaliyyətində həm klassiklərin tədqiqi, həm də müasir ədəbi mühitin inkişafı əsas yer tutur.

Şeyx Səfiəddin Ərdəbilinin "Qara məcmuə", Əhməd Kəsrəvinin "Azəri" nəzəriyyəsinin rədd edilməsi, "Dədə Qoqud" risaləsinin kəşfi, yenidən oxunması, yenidən yazılması və tərcüməsi (kitabda qeyd olunan səbəblərə görə H.Düzgün bu risaləyə "Təbriz Rəcəzləri" adını verib), Mirzə Mehdi Estrabadinin üç cilddə türk- fars dili lüğətinin - "Sanqlax"ın nəşri və tərcüməsi, Mahmud Kaşqari "Divani-lüğatit-Türk"ünün fars dilinə tərcüməsi və nəşri, İranda Məhəmməd Füzulinin bütün əsərlərinin redaktəsi, nəşri və tərcüməsi türkoloji elmdə mühüm hadisədir.

Hüseyn Məhəmmədzadə Sədiq Düzgünün geniş elmi axtarışları, klassik ədəbiyyatın tədqiqinə yönəlmiş zəhməti, şeir yaradıcılığı, tərcümələri və ictimai fəaliyyəti bütöv bir dövrün ədəbi-mədəni mənzərəsini ifadə edir. Əsas elmi yaradıcılığının böyük hissəsi Azərbaycan və Şərq klassiklərinin şeirlərinin təhlilinə həsr olunub və bu istiqamətdə yazdığı monoqrafiyalar, məqalələr, risalələr ədəbiyyatşünaslığımızda mühüm mərhələ təşkil edir. O, Nizami, Xaqani, Mövlana, Şeyx Səfiəddin Ərdəbili, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Nəbati, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Məhəmmədbəqir Xalxali, Məhəmmədəli Hidəci, Zəfər Ərdəbili, Məsihi Təbrizi, Bahar Şirvani, Əbülhəsən Racı, Səməd Vurğun, Rəsul Rza, Həbib Sahir və Məhəmmədhüseyn Şəhriyar və başqa böyük şairlərin yaradıcılığını tədqiq edib. Alim ölməz şairimiz Füzulinin türkcə "Divan"ını hazırlayarkən 18 təzkirəni, 13 elmi əsəri, şeirlərinin beş divanının çap nüsxələrini və müxtəlif əlyazmaları diqqətlə araşdırmışdı. Bu zaman o, dörd tənqidi və səkkiz əlyazma nüsxəsinə əsaslanmış, bəzi əlyazmaları kəlmə-kəlmə tutuşduraraq mövcud mətni bir neçə çap və xətti nüsxələrlə müqayisə etmişdi.

Şeyx Səfiyə aid edilən şeirlərin dəqiqləşdirilməsi, müxtəlif əlyazmalarda qarışıq vəziyyətdə olan nümunələrin ayrılması da onun mühüm xidmətlərindəndir.

Beləliklə, Düzgün həm tənqidçi, həm də mətnşünas kimi klassik irsin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb.

Alimin klassik irs üzərində tədqiqatları onun elmə verdiyi ən mühüm töhfələrdir.

H.Düzgün ümumilikdə türk dili və ədəbiyyatı ilə bağlı müxtəlif mövzularda 300-dən artıq kitab nəşr etdirib. Azərbaycanın onlarla klassik şairinin əsərlərini işləyib nəşr edən Hüseyn Düzgün yarım əsrə yaxın fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında həm alim, tərcüməçi, həm də şair olaraq silinməz iz qoyub. Onun araşdırmaları klassik irsin müasir oxucuya təqdimində mühüm rol oynayıb, poeziyası isə milli kimlik və azadlıq duyğularının ifadəsinə çevrilib.

SİZƏ MARAQLI OLA BİLƏR