“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin növbəti hissəsi işıq üzü görüb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin yeddinci cildinin birinci hissəsi nəşr edilib. İnstitutun Elmi şurasının 9 dekabr 2024-cü il tarixli 7 saylı iclas protokolunun qərarı ilə nəşr olunan yeddinci cildin birinci hissəsi Sovet dövrü (1920-1980-ci illər) Azərbaycan ədəbiyyatını əhatə edir. Üç hissədən ibarət olan yeddinci cildin birinci hissəsi 1920-1950-ci illərdə yaranan ədəbiyyatdan bəhs edir.
1160 səhifəlik kitab AMEA-nın pezidenti akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə nəşr olunub. Cildin redaksiya şurasına akademik İsa Həbibbəyli (baş redaktor), Şirindil Alışanlı, Asif Rüstəmli (məsul redaktorlar), Günay Qarayeva (məsul katib), Mehman Həsənli, Əlizadə Əsgərli, Aygün Bağırlı, Sara Osmanlı, Safurə Quliyeva daxildir.
“Elm” nəşriyyatında işıq üzü görmüş kitab akademik İsa Həbibbəylinin “Sovet dövrü Azərbaycan ədəbiyyatı: Sosialist realizmindən tənqidi realizmə və modernizmə” adlı irihəcmli tədqiqatı ilə başlayır.
Kollektiv elmi-yaradıcılıq məhsulu olan “Azərbaycan ədəbiyyatı tarixi” kitabının yeddinci cildinin birinci hissəsinə 1920-1950-ci illər Azərbaycan ədəbiyyatının inkişaf prosesinə dair icmallar və ədəbi şəxsiyyətlər haqqında oçerklər daxildir. Kitabdakı mövzular dövrlər və istiqamətlər üzrə təqdim olunur. Akademik nəşrdə XX əsr Azərbaycan ədəbiyyatının 1920-1950-ci illər dövrü ilə bağlı poeziya, nəsr, dramaturgiya, ədəbiyyatşünaslıq, ədəbi tənqid, repressiya və ədəbiyyat və digər istiqamətlər üzrə icmallar, qırx yeddi portret-oçerk və xülasə yer alıb.
Fundamental elmi-tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Şirindil Alışanlı, Asif Rüstəmli, Bədirxan Əhmədov, Safurə Quliyeva, Tehran Əlişanoğlu, Tahir Məsimov, Nizaməddin Şəmsizadə, Nazif Qəhrəmanlı, Aslan Salmanov, Aygün Bağırlı, Rahid Ulusel, Yadigar Əsgərova, Qurban Bayramov, Yaşar Qarayev, Yaqub İsmayılov, Dilarə Adilova, Məmmədəli Mustafayev, Zaman Əsgərli, Məmməd Əliyev, Qəzənfər Paşayev, İlham Məmmədli, Sara Osmanlı kimi alimlərin tədqiqatları cəmlənib.
Azərbaycan, türk, rus, fars dillərində, eyni zamanda arxiv materialları və internet resurslarından ibarət ədəbiyyat siyahısını Aytac Nəsirzadə və Rasta Fətiyeva sistemləşdirib. Kitabda Azərbaycan və rus dillərində ətraflı xülasələr də verilib.