Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının “Məhəmməd Füzuli - 530” xüsusi buraxılışı (2024 № 3) nəşr olunub.
Bu say AMEA-nın prezidenti, elmi jurnalın baş redaktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan Füzulişünaslığının inkişaf meyilləri” adlı məqaləsi ilə açılır. Məqalədə türk-müsəlman dünyasında romantik lirikanın ən görkəmli nümayəndələrindən olan Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı hərtərəfli araşdırılıb.
Jurnalın məsul katibi filologiya elmləri doktoru Ataəmi Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbovadır.
Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnalın xüsusi buraxılışında filologiya elmləri doktorları Ataəmi Mirzəyevin “Füzulinin Azərbaycan-türk divanında qitə janrı”, Fəridə Əzizovanın “Füzulinin “Mətlə-ül-Etiqad” fəlsəfi traktatı”, Vaqif Yusiflinin “Məhəmməd Füzuli – Seyid Əzim Şirvani – Əliağa Vahid Azərbaycan qəzəlinin üç sütunu” adlı məqalələri də yer alıb. Bunlardan əlavə jurnalın bu nömrəsində Yaşar Qasımbəylinin, Lalə Əlizadənin, Əzizağa Nəcəfzadənin, Zəkulla Bayramlının, Səadət Şıxıyevanın, Aynur Mahmudun, Xatirə Yusifovanın, Səltənət Əliyevanın, Cavidə Məmmədovanın və digərlərinin Füzuliyə həsr edilmiş məqalələri işıq üzü görüb.