Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Qızıl səhifələr” kitabının yeni nəşri çapdan çıxıb

04-07-2025 [ 10:13 ] [ oxunub:10 ]
printerA+ | A-
105657

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Seyid Cəfər Pişəvərinin “Qızıl səhifələr” (Azərbaycan xalqının milli azadlıq yolunda mübarizəsi tarixindən) kitabını yenidən nəşr edib.

Kitaba Cənubi Azərbaycanda Milli Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər, eləcə də hökumətin başçısı S.C.Pişəvəri və həmin dövrün siyasi fəallarının tarixi hadisələrin gedişini əks etdirən məqalə və məktubları daxil edilib.

“Qızıl səhifələr” bu kitabın 1946-cı il nəşri (Təbriz, Elmiyyə mətbəəsi) əsasında Bakıda “Elm” nəşriyyatında çap olunub.

Nəşrin əvvəlində qeyd olunub ki, Milli Hökumətin tarixi və qurulması haqqında materiallar toplusu olan bu kitabın ideyasını Pişəvəriyə dostu Mirzə İbrahimov verib. Vaxtilə kitabın müqəddiməsində Pişəvəri bunu belə qeyd edib: “Bir hərəkat dostumuz mənə dedi ki, “Yaz”. Bu, Mirzə İbrahimov idi”.

“Qızıl səhifələr” kitabı Milli Hökumətin tarixi haqqında sanballı ensiklopediyadır. Sovet dövründə milli hərəkatın arxivinə məxfilik qrifi qoyulmuşdu. Müstəqillik dövrü Azərbaycan oxucularına Milli Hökumətin həqiqi tarixi ilə tanışlıq imkanı yaradıb.

Cənublu mühacirlərin www.achiq.info saytı 2012-ci ildə “Qızıl səhifələr” kitabının latın qrafikasına çevrilmiş variantını “Kitabdan seçilmiş yazılar” qeydi ilə PDF formatında öz səhifələrində yerləşdiriblər. Həmin yayım “Hazırlayan: açıqsöz” qeydi ilə verilib. Müəlliflər anonim qalmağı lazım biliblər. Həmin resursda kitabın orijinalındakı 186 yazıdan təxminən 50-si ixtisar edilib.

Oxuculara təqdim olunan bu nəşr isə “Qızıl səhifələr”in orijinalındakı 186 yazının hamısını əhatə edir və kitabın yeni nəşri də sayıla bilər. Nəşrin elmi redaktoru və layihənin rəhbəri filologiya elmləri doktoru Rəhim Əliyevdir. Redaktorlar filologiya üzrə fəlsəfə doktoru Fikrət Süleymanoğlu və Elmira Bağırovadır. Transliterasiya və tərtib edənlər Elmira Bağırova, Afaq Mehdibəyova, farsca mətnləri tərcümə edənlər Hökumə Allahverdiyeva, İbrahim Quliyevdir.

Yeni nəşrin “S.C.Pişəvərinin vəsiyyət kitabı” adlı hissəsində qeyd edilir ki, Pişəvəri 1945-1946-cı illərin milli hərəkatını azərbaycanlıların qəhrəmanlıq dastanı adlandırır, “Şahnamə” ilə müqayisə edirdi. O yazırdı: “Adamlar öləcəklər, imarətlər viran olacaqdır, şəhərlər, kəndlər yenilənəcəkdir, amma “Qızıl səhifələr” həmən şəkildə əbədi qalıb hətta bir cümləsi belə dəyişilməyəcəkdir. Firdovsi ölüb ortadan getdi, Sultan Mahmud isə dünyanın keşməkeşində torpaq olub fəna oldu, lakin “Şahnamə” bu günə qədər yaşayıb, yenə də yaşayacaqdır. “Qızıl səhifələr” də “Şahnamə” və ona bənzər əsərlər kimi dünya durduqca yaşayıb, hərəkatımız haqqında gələnlərə danışacaqdır”.

Elmi işçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabda diqqətə çatdırılır ki, bu il dekabrın 12-də Milli Hökumətin yaradılmasının 80 illiyi tamam olacaq. “Qızıl səhifələr”in bu nəşri hərəkatla bağlı şəhid olan bütün həmvətənlərimizin xatirəsinə həsr edilir.

SİZƏ MARAQLI OLA BİLƏR