Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib.
15–16 may tarixlərində Qazaxıstanda, Türkistan şəhərində “Zaman və mədəniyyət dialoqunda Yəsəvi irsi: humanist istiqamətlər və müasir çağırışlar” mövzusunda Beynəlxalq Simpozium keçirilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Lalə Həsənova simpoziumda “Müasir Azərbaycan nəsrində klassik (sufi) motivlərin reprezentasiyası” mövzusunda məruzə ilə çıxış etmişdir.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA) və “Əzret Sultan” Milli Tarix-Mədəniyyət Qoruq Muzeyi tərəfindən təşkil olunan tədbirdə Türkiyə, ABŞ, İran, Yaponiya, İtaliya, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və başqa ölkələrdən olan alim və mütəxəssislər iştirak etmişlər.