Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

İlahi bir eşqin sorağında - Vaqif Yusifli

16-04-2025 [ 11:48 ] [ oxunub:9 ]
printerA+ | A-

Rafiq Ələkbərin sonuncu şeirlər kitabının adı "Mənim fəlsəfəm"dir. İlk baxışda bu ad etiraz doğurur, axı Azərbaycan şeirlərinin heç biri şeirlərindəki fəlsəfi fikirlərə görə belə bir ada ehtiyac duymayıb. Məlumdur ki, böyük yunan filosofu Aristotelin fikrincə: "Poeziya fəlsəfədən əvvəl yaranıb. Poeziya tarixdən daha ciddi və fəlsəfidir" - əgər fəlsəfə həyat həqiqətlərini məntiqi kateqoriyalar vasitəsilə dərk edirsə, poeziyada canlı obrazlar, hisslər, duyğular-estetik təfəkkür aparıcıdır. Və əsrlər boyu fəlsəfə və poeziya - bu ictimai şüur formaları mahiyyətcə bir-birindən fərqli nəzərə çarpsalar da, əslində bir-birinə təsir imkanlarına görə diqqəti cəlb etmişlər. Bu mənada fəlsəfənin poeziyaya təsiri danılmazdır, ancaq bu təsir fəlsəfəni elmi poeziyada canlandırmaq deyil, dünyanı, həyatı, əkslikləri bədii obrazlarla ifadə etmək deməkdir. Rafiq Ələkbər də "Mənim fəlsəfəm" dedikdə, özünü filosof elan eləmir və "filosof şair" iddiasına düşmür. O, sufizm fəlsəfəsinin örnəklərinə üz tutur. Eşq, gözəllik, tanrı obrazlarına müasir poetik düşüncə işığında yanaşır, özünü Yunus Əmrənin XXI əsrdəki şagirdi hesab edir. XII yüzilliyin yetirdiyi dahi Yunus Əmrə Türk-İslam sivilizasiyasının inkişafında misilsiz rol oynayıb, bu gün XXI əsrin əvvəllərində, səkkiz əsr keçsə də, bütün türk dünyası üçün əvəzedilməzdir. Yunus Əmrə deyirdi ki, həyatın əzəli mənası eşqdir, haqqa yetişən kamil insanın yolu eşqin dərkindən keçir:

 

Miskin Yunus, biçarəyəm,

Başdan ayağa yarəyəm.

Dost əlindən avarəyəm,

Gəl gör, məni aşk neylədi?

 

Yunus Əmrə sufizm fəlsəfəsini sadə xalq dilində - əsasən heca vəznində qoşma, gəraylı, ilahilərdə, həmçinin əruzun qəzəl və məsnəvisində ifadə edirdi. Xalq şairi Zəlimxan Yaqub "Yunus Əmrə dastanı" poemasında bu böyük sənətkarın mükəmməl obrazı ilə qarşılaşırıq. Zəlimxan Yunus Əmrəni XII əsrdən XX-XXI əsrlərə gətirir, onun ölümsüzlüyünün sirlərini bəyan edir. Yunus Əmrənin XX-XXI əsrdə yaşayan müasir şairlərimizə də böyük təsiri olub və onlardan biri də haqqında söz açdığımız Rafiq Ələkbərdir. 

 

Eşqin sehrinə düşmüşəm,

Mənəm sənə bəyan, gözəl.

Eşqin acı-şirini var,

Öz imanı, öz dini var,

Ümmanlar tək dərini var,

Gərək olsun duyan, gözəl!

 

Rafiq Ələkbərin eşqə həsr etdiyi bütün şeirlərində Yunus Əmrədən gələn bir meh var. Eşqi uca tutmaq, onu Tanrının insana bəxş elədiyi ən müqəddəs, ən ülvi bir duyğu kimi yaşatmaq Rafiq Ələkbərin də şeirlərində başlıca motivlərdən biridir. Amma Rafiq Ələkbər bu şeirlərə real hisslərini də qatır. Onun folklordan gələn ənənə ilə bir təcnisinə diqqət yetirək:

 

Eşqin də yazılmış qanunları var, 

Deyirsən əməl et, gülərlər mənə.

Mən qəbul etmirəm qadağaları,

Təki qoy toxunsun gül əllər mənə.

 

Dərdə nə əlac var, nə də bir çarə,

Bəs onda nə etsin məntək biçarə?

Ömrü səndən ötrü kəsib-biçirəm,

Bu yolda dəysə də güllələr mənə.

 

Rafiq Ələkbər Yunus Əmrə yolunu tutaraq eşq ilə Tanrını bir-birindən təcrid eləmir, eşq təkcə insanın romantik duyğularını ifadə etmir, həm də insanın eşq yolu ilə Tanrıya (həqiqət mərhələsində) qovuşmasına zəmindir. 

 

Tanrı diləyidir - dağından tutdum,

Safından, pakından, azıından tutdum.

Ulu Yaradana sığındım tutdum,

Mütləqdən, vahiddən təkindən keçdim.

 

Haqqında sufizmə meyil edən bir şair kimi söz açdığım Rafiq Ələkbər bu günün şairidi və təbii ki, bu günün şeirlərini yazır. Şair dostum Elçin İskəndərzadə yazır: "Rafiq Ələkbərin vətən sevgili və sevdalı misralarının əsas motivini türkçülük və turançılıq duyğuları süsləyir. Onun üçün Savalanla üz-üzə həsrətdən qovrulan Yardımlı torpağından başlayan Vətən coğrafiyası türkün atlarının nallarının toxunduğu yovşan ətirli bütün torpaqlarından keçərək, Böyük Turanla hüdudlanır: Mən tanrı yolçusuyam, yolum Turannan keçir".

Tənqidçi həmkarım Rüstəm Kamala görə: "Onun bütün poeziyası doğma yurda, yurddaşlarına sevgilə aşılanıb". Fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov isə onu "Fəlsəfi düşüncələr şairi" adlandırır. Amma bizim fikrimizcə, Rafiq Ələkbərli şeirləri hansı mövqedən izah edilsə də o, bu günün ictimai-siyası-mənəvi reallıqları ilə yaşayan və bu yaşantıları şeirlərində özünləşdirən şairdir. Şeirin bəzəyi, naxışı poetik imalardır, bədii təsvir üsullarıdır - təşbehlər, metaforalardır. Sözü ehya eləməkdir. Adi daşlardan Əliağa Kürçaylı "Daşlar" silsiləsi yaratmışdı, bu silsiləni poeziyamızın qiymətli daşlarına çevirmişdi. Rafiq Ələkbərin "Bətən daşları" şeirində də özünün daşlar silsiləsinin başlanğıcını qoyur:

 

Bizim tariximiz qələmlərlə yox,

Bizim tariximiz daşla yazılıb.

Daşlardan tikilən qalalar nədir,

Tarixi yaşadan söz qalaları.

 

Yurdun qeyrətinə şahidlik edir,

Namus heykəlləri - qız qalaları.

Qayalar üstündə daşlaşan insan,

Qayalar üstündə piramidalar. 

Bu yurdun suyu da daş çiçəkləyir.

 

Rafiq Ələkbərin Şuşanın erməni işğalçılarından azad olunması münasibətilə yazdığı "Gözün aydın, Şuşa", 8 noyabr Zəfər gününə həsr etdiyi "Zəfər günü", "Azərbaycanlı stüardessa" xanım - Milli qəhrəmanımız Hökümə Əliyevaya ithaf etdiyi "Xilaskar səs" şeirləri adından da göründüyü kimi, son illərin unudulmayan və unudulmayacaq məlum hadisələrindən söz açır. Bu şeirlərdə protokol ahəngi duyulmur.

Mən onun ilk baxışda ənənəvi şeir mövzusuna o qədər də daxil olmayan şeirlərindən də söz açmaq istəyirəm. Məsələn, "Hasar çəpərlər".

 

Bir adam tapılmaz söhbət edəsən,

Qarşımıza ancaq çəpərlər çıxır.

İstəsən düz yolla çıxıb gedəsən,

Qarşına nə qədər çəpər çəkilir.

 

Hasarlar yaraşmır Vətənimizə,

Vətən hasarlanmaz, Vətən böyüyər.

Başqa bir şeir: "Nənənin cəhrəsi".

 

Deyirlər, dünyanın ipi uzundu,

Uzundur nənənin ipindən, hətta.

Axirətə gedir dünyanın ipi,

Nənəni öz ipi bağlar həyata.

 

Bir neçə kəlmə də Rafiq Ələkbərin sevgi şeirləri haqqında: Onun "Savalanla üz-üzə" və "Mənim fəlsəfəm" kitablarından kəmiyyət etibarilə birinci sıra sevgi şeirləri gəlir. Öncə onun sufi düşüncəsindən yaranan şeirlərindən qısaca söz açdıq. Eşq məfhumu ilə bağlı şeirlərə yenə rast gəlirik. Ancaq 61 yaşına görə yox, qəlbinin yaşına yazılan şeirlərə nəzər yetirdikdə, qəlb yaşının cavanlığını görürük. Məsələn, bu misralarda:

 

Başqaydı bizə bu çinar ağacı,

Sanki sevdamızın ölkəsi idi.

Bizim eşqimizin pərvazlandığı

Çinar ağacının kölgəsi idi.

 

Səni ram eləmək gücümdə deyil,

Gücüm çatan qədər səni sevirəm.

Allah deyiləm ki, mən can yaradım,

Mən can yaratmıram, candan keçirəm.

 

Belə misraların sayını yenə artıra bilərik. Amma Rafiq Ələkbərin elə sevgi şeirləri var ki ("Əgər saqqızını oğurlamasam", "Elə bil sənin heç yoxdur günahın", "Gəlirəm ki...", "Bəlkə həyatımdan çıxıb gedirsən", "Bəlkə razılaşaq, olsun heç-heçə?, "Bu gün son qoymuşam məğlubiyyətə" və s.), bunlara sevgi şeirləri yox, "Sevgi oyunu" deyək. 

Rafiq Ələkbərin sonuncu şeir kitablarında onun poetik inkişafının şahidi oluruq. Axtarışları çox zaman uğurlu alınır. Elə bu uğurları daha çox olsun deyə, sözümüzü bitirək.

SİZƏ MARAQLI OLA BİLƏR