Ədəbiyyata ilk qədəmlərini Mənzər Eynullayeva imzası ilə atmış Mənzər Niyarlının yaradıcılığı “Azәrbaycan”, “Ulduz”, “Литературный Азербайджан”, “Ədәbiyyat vә incәsәnәt”, “Azәrbaycan gәnclәri”, “Ədəbiyyat qəzeti” və s. dövri qәzet və jurnallarda nəşr edilmişdir. İdeyalarını çatdırmaq üçün özünəməxsus üsluba müraciət edən yazar yalnız Azərbaycan ədəbiyyatşünaslığı çərçivəsində qalmaqla kifayətlənməyib. Mənzər Niyarlının yaradıcılığı daha geniş ədəbi arenanı əhatə etməkdədir. Ədəbi sənətin fərqli formalarında ərsəyə gətirdiyi yaradıcılığı Rusiya, Amerika, Türkiyə, Özbəkistan, İran və s. dövlətlərin ədəbiyyatşünaslığında tədqiq və təbliğ edilir. Mənzər Niyarlının bədii yaradıcılığı Türkiyənin Ege Universitetinin doktorantı Zeynep Yıldırımın Mənzər Niyarlı haqqında 2021-ci ildə “Menzer Niyarlı'nın hikâyeleri üzerine bir inceleme” mövzusunda magistr işini müdafiə etməsi və həmin tədqiqatı 2023-cü ildə kitab kimi nəşr etdirməsi fikrimizə əyani sübutdur.
Mənzər Niyarlının Bengü Yayınları tərəfindən Türkiyədə nəşr edilmiş “Düğün Gününün Sabahı” hekayələr toplusu yazıçının bədii yaradıcılığının Türk dünyasında tanınmasını bir daha təsdiqləyir. Hekayələr toplusunu nəşr edən nəşriyyat yazıçının bədii yaradıcılığını yüksək dəyərləndirərək qeyd edir ki, “Edebî faaliyetlerine Sovyetler Birliği döneminde başlamış ve ara vermeden günümüze kadar yazmayı sürdürmüş olan çağdaş Azerbaycan edebiyatının kadın yazarlarından Menzer Niyarlı (1950 - ...), insan yaşamına saygılı, millî değerlere sahip çıkan, zulmü kabul etmeyen bir bakış açısına sahiptir. Eserlerinde insan sevgisi, minnettarlık, geçmişe özlem, vefa ve aile ilişkilerini ön planda tutmuş, sıradan insanı merkeze almıştır”.
Mənzər Niyarlının 2006-cı ildə Bakıda nəşr edilmiş “Azərbaycan nəsr antologiyası”nın V cildində, 2014-ci ildə Amerikada “Trafford” nəşriyyatında nəşr edilmiş “Müasir Azərbaycan qadın nəsri” (“Modern Azerbaijani Women’s”) adlı antologiyasında, 2020-ci ildə Türkiyədə Bengü yayınlarında çap olunmuş “60’lardan günümüze Azerbaycan hikâyesi” (metin inceleme) kitabında və s. antologiya və toplularda hekayələri də çap olunmuşdur.
Mənzər Niyarlının yaradıcılığı dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Yazarın əsərləri tərcümə edilərək rus, türk, ingilis, fars, özbək və s. dillərdə oxuculara təqdim edilib. “Qızıl qaval” əsəri isə Azərbaycan radiosunun “Qızıl Fondu”na daxil edilmişdir.
Mənzər Niyarlının yaradıcılığı haqqında “Kardeş Kalemler” dergisinin 176-cı sayında geniş müsahibənin təqdimi də yazıçının yaradıcılığının geniş ədəbi müstəviyə çıxmasını əks etdirir. Zeynep Yıldırımın “Menzer Niyarlı ile Hikâye ve Hikâyeciliği Üzerine” adlı müsahibəsində yazıçıya ünvanladığı “Yaşadıklarınız hikâyelerinize ne kadar yansır?” sualında yazıçının yazıçılıq fəaliyyəti, qələmə aldığı bədii nümunələrinin problematikasına, obrazlarına aydınlıq gətirilir: “Benim yaşadıklarımı, istek ve arzularımı veya hayatımdaki olayları ben başka bir isim ile karakterlerimde verdim. Hikâyelerimde gördüğüm, tanıdığım insanlar benim tiplerimdir”.
Mənzər Niyarlının bədii yaradıcılığının janr xüsusiyyətləri
Mənzər Niyarlının bədii yaradıcılığı janr baxımından zəngindir. O bir yazar kimi nəsrin həm kiçik, həm də böyük janrlarında qələmini sınamışdır. Yazıçının “Vətəndən Vətənə” romanı, “Yola dikilən gözlər”, “Yarımçıq məzuniyyət”, “Səhv atılan addımlar”, Qürbətə aparan qatar”, “Qara örpək” və s. povestləri, “Qızıl qaval”, “O ağrılı gün”, “Bir qom qamış”, “Elə bil çay da susmuşdu”, “Sərnişin bileti və baqaj çeki”, “Ölümlə üz-üzə”, “Toy gününün səhəri”, “Bir ömürlük sevinc”, “Tənhalığa çəkilən qadın”, “Kənd lavaşının qoxusu”, “Hәmin axşam” “Tәһlükә sovuşdu”, “Ağbәniz qarı ilә Qarabәniz qarının nağılı”, “O zəfər günləri günəş də bizimləydi” və s. hekayələri nəsrin müxtəlif janrlarında qələmə alınıb.
Mənzər Niyarlının “Vətəndən Vətənə” əsəri yazılı ədəbiyyatın epik növün irihəcmli janrı olan roman janrında qələmə alınmış əsər kimi diqqəti cəlb edir. “Vətəndən Vətənə” əsəri müəllifin özünün və doğmalarının yaşadıqları hadisələri, mürəkkəb həyat proseslərini dolğunluğu ilə əks etdirən bir əsərdir. Yazarın öz həyatına aid olan, onu əhatə edən müxtəlif insan xarakterlərinin mürəkkəbliklərini, həyat hadisələrinin inkişafını faktlar əsasında yaradıcı surətdə qələmə almış olduğu roman avtobioqrafik roman nümunəsi kimi qəbul edilir. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu əsərdə avtobioqrafik çalarların olması məqamına toxunur: “Roman avtobioqrafik çalarlıdır. Bu dəfə təhkiyə bucağı da qəhrəmanla tam birikmiş, fərdi və ictimai rakurs arasına özgə hər hansı münasibətin girə bilməyəcəyi vəhdətə nail olunmuşdur”.
Mənzər Niyarlının “Vətəndən Vətənə” əsərinin janrı müəllif tərəfindən roman kimi təqdim edilsə də, tədqiqatçılar tərəfindən povest kimi təqdim edilməsinin də şahidi oluruq. F.e.d. Mərziyyə Nəcəfova əsəri povest kimi təqdim edir: “Bu yaxınlarda Mənzər Niyarlının “Vətəndən Vətənə” povesti “Azərbaycan” jurnalında və “Ədəbiyyat” qəzetində çap olunmuşdur. Povest tez bir zamanda sevilmiş və oxucularda maraq oyatmışdır”.
Mənzər Niyarlının “Qürbətə aparan Qatar” əsərinin janrı sənədli povest kimi qəbul edilir. Bu da əsərdə sənədli, tarixi faktlara yazıçının müraciət etməsi ilə bağlıdır. Yazıçı Əlibəyovlar ailəsinin repressiya faciəsini yaşamasını yalnız bir ailənin faciəsi kimi deyil, cəmiyyətin o dövründə özünü büruzə verən faciə kimi təsvir edir. F.ü.f.d. Aygün Bağırlı bu məqamın məhz Əfruz xanımın simasında ümumiləşdirilmiş şəkildə sənədli povestdə əksini tapmasını göstərir: “...“Qürbətə aparan Qatar” sənədli povestində müəllif Əlibəyovlar ailəsinin timsalında repressiya acılarını yaşamış insanların acı, qəlb ağrıdan talelərini qələmə almışdır”.
Mənzər Niyarlının nəsrin digər janrlarında olduğu kimi, povest janrında da kamil nümunələr yaratması tədqiqatçılar tərəfindən vurğulanır. Məsələn, professor Əli Əmirli yazarın povest janrının tələblərinə uyğun əsərlər qələmə alması məqamına belə aydınlıq gətirir: “Xüsusilә “Qara örpәk”dә yazıçı povest janrının öһdәsindәn gәlmәk bacarığını daһa bariz nümayiş etdirә bildi”.
Həyatın bir anını bütöv, ideya baxımından tamamlanmış şəkildə təqdim edən hekayə janrının Mənzər Niyarlı yaradıcılığında ana xətt təşkil etməsi danılmaz faktdır. Tədqiqatçıların diqqətini cəlb edən bu amil yazıçının yaradıcılığında bu janra müntəzəm müraciət etməsinin nəticəsidir. F.ü.f.d. Qurban Bayramov bu məqamı düzgün vurğulayaraq qeyd edir ki, “Hekayə janrı onun realist, həyati, detallı yaradıcılığının, necə deyərlər yaradıcılıq yurtunun orta dirəyidir”.
Mənzər Niyarlının yaradıcılığa başlarkən, ən lakonik, dinamik, əhatəli janr olan hekayə janrına üstünlük verməsi və bu janrda yaratdığı bədii nümunələrin həmkarları tərəfindən dəyərləndirilməsi maraq kəsb edir. Mirzə İbrahimov kimi ustad qələm sahibinin Mənzər Niyarlının ilk hekayə yaradıcılığındakı yazarlıq istedadını görə bilməsi və yüksək dəyərləndirməsi bu gün öz təsdiqini tapmaqdadır: “Mənzər adlı bir qızın bu yaxınlarda «Ulduz» jurnalında bir hekayəsini oxudum. Xoşuma gəldi. Mənzərin bir neçə il bundan qabaq da bir yazısını oxumuşdum. Bu yazıda mən onun dilinin, təfəkkürünün, sənətkarlığının necə inkişaf etdiyini hiss etdim”.
Mənzər Niyarlının məhdud zaman, məkan daxilində təsvir etdiyi quruluş etibarilə mürəkkəb olmayan hadisəni, yəni konkret bir əhvalatı süjet baxımdan yığcam, bitkin təsvir etməklə kamil hekayə nümunələri yaratmışdır. Məsələn, Mənzər Niyarlının qələmə aldığı “Qızıl qaval” hekayəsi bir çox aktual problemləri əhatə etməsi baxımından diqqəti cəlb edir. Hekayə milli dəyərlərin qorunmasının vacibliyini daha qabarıq şəkildə nəzərə çatdırır. Hekayə Qarabağ mahalının sevgi ilə təsviri və nakam məhəbbəti əks etdirməsi baxımından maraq kəsb edir.
Mənzər Niyarlının bədii yaradıcılığının problematikası
Mənzər Niyarlının bədii yaradıcılığının problematikası, yəni əsərlərinin mövzu dairəsi də tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Yazarın bədii yaradıcılığının problematika dairəsinin geniş və zəngin olması xüsusi vurğulanmaqdadır. Məsələn, ədəbiyyatşünas Nazif Ələkbərli yazıçının yaradıcılığının problematikasında ailə-məişət mövzusunun geniş vüsət almasını vurğulayır: “Azərbaycan hekayəçiliyində ailə-məişət tematikasının daha geniş vüsət aldığı dövr keçən əsrin 20-30-cu illəri olmuşdur. Sonralar istehsalat, müharibə, kənddən şəhərə axın mövzusu ailə və məişət tematikasını nisbətən arxaya sıxışdırmışdı. Mənzər xanımın hekayələrində, məncə, bu tematika özünə ikinci həyat qazanıb”.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu isə həmkarı Nazif Ələkbərlinin dedikləri ilə razılaşaraq, həmçinin Mənzər Niyarlının bədii yaradıcılığının problematikasının daha geniş olması faktına aydınlıq gətirir: “Mənzər Niyarlının povest və hekayələri yalnız ailə-məişət tematikasında janr ənənələrini dirçəltməklə nəzərə gəlmir, bu gün diqqəti çəkən daha vacib bir rakurs vardır. Ötən əsrin 20-30-cu illərindən məhz kütləvi repressiyaların qırdığı, qarşısını aldığı milli insanın taleyinə baxış və yenidən qayıdış. Belə ki, digər tematikada sosrealizmin özgələşdirməyə meylli olduğu milli insan - özlüyü, əsli, gerçək durumu ilə məhz ailə-məişət mövzusunda gizlənə, daldalana bilir, bununla belə ictimai sıxıntı və ideoloji basqıları da üzərində görükdürmüş olurdu”. F.e.d. Elçin Mehrəliyev də yazıçının ilk yaradıcılığa başladığı zamandan “ailə-məişət tematikasına üstünlük verir, həyat fəlsəfəsini bu dairə daxilində çözməklə bəşəri problemlərin ailədən, onun sosial və mənəvi durumundan başlandığını, ailə münasibətləri ilə ictimai münasibətlər arasındakı sıx bağlılığı üzə çıxarmağa çalışır, bu məqsədlə əxlaqi dəyərlərə güvənir və mənəvi saflığa çağırırdı” kimi fikirləri ilə yazarın bədii əsərlərinin problematikasının əsas məğzinə aydınlıq gətirir. F.ü.f.d. Aygün Bağırlı isə yazıçının yaradıcılığının problematikasına münasibət bildirərkən vurğulayır ki, “Mənzər xanımın əsərlərinin xoş təsir bağışlayan xüsusiyyətlərindən biri, bəlkə də birincisi, yazıçının adi həyat gerçəkliklərini, hər gün rastlaşdığımız, çevrəmizdə baş verən, bəzən isə yanından etinasız ötüb keçdiyimz hadisələri yüksək bədii-estetik duyumla sənətə çevirə bilməsidir”.
Tehran Əlişanoğlu “Qürbətə aparan qatar” əsərini repressiyanı əks etdirən povest janrında qələmə alınmış bir əsər kimi təqdim edir: “Bilavasitə repressiya mövzusunda qələmə alınan “Qürbətə aparan qatar” povestində yazıçı artıq bir azərbaycanlı ailəsinin timsalında gəncliyi, gələcəyi, bütünlükdə həyatı məhv olan bütöv bir ictimai nəslin taleyini ümumiləşdirir. Əsər gerçək, sənədli materiallar əsasında yazılmış, müəllif hadisələri daha yaxından izləməyə imkan verən təhkiyə nöqtəsi tapmışdır”.
Mənzər Niyarlının yaradıcılığında Cənub mövzusu xüsusi yer tutmaqdadır. Bu da yazıçının söykökünün Cənubi Azərbaycanla bağlı olmasıdır. Yazıçı “Vətəndən Vətənə” romanında Cənub mövzusunu, daha dəqiqi iki yerə parçalanan Güney və Quzey Azərbaycanı bir ailənin simasında incəliklə qabartmağa nail olur. Yazar Vətən həsrətini, yurd nisgilini, doğmaların ayrılığını əsərində incəliklə təqdim edir. Bu amil tədqiqatçıların nəzərindən qaçmır. Onlar Cənub mövzusunun yazıçının yaradıcılığında prioritet mövzuya çevrilə bilməsini xüsusi olaraq qabarda bilirlər. Bu məqam Əli Əmirli, Tehran Əlişanoğlu, Firuzə Məmmədli kimi ziyalılar tərəfindən vurğulanmaqdadır.
Mənzər Niyarlı qələmə aldığı əsərlərində cəmiyyəti düşündürən, narahat edən problemlərə işıq salır. Həmin problemlərin səbəblərini özünəməxsus şəkildə aydınlaşdırmağa cəhd edir. Məsələn, yazıçının “Sərnişin bileti və baqaj çeki” hekayəsində cəmiyyətdəki ziyalıların maddi sıxıntıya düçar qalmaları, alimin çarəsizliyi və bu çarəsizliyin onun məhvinə səbəb olması və s. məqamlar müəllif tərəfindən incəliklə açıqlanır. F.e.d. Mərziyyə Nəcəfova qeyd edir ki, yazıçı bu hekayəsində “real yaşantıları verməklə cəmiyyətdəki hadisələrə bədii dillə münasibət bildirir”.
Mənzər Niyarlı “Ölümlə üz-üzə” hekayəsinin problematikasında da “Sərnişin bileti və baqaj çeki” hekayəsində olduğu kimi çarəsizliyin, pulsuzluğun, cəmiyyətin ziyalılarına qarşı biganəliyinin nəticəsi kimi ziyalıları mənən və cismən məhv etməsini ürəkağrısı ilə təsvir edir. Rəssam qadın Həmidə də alim Murad kimi cəmiyyətin biganəliyinin qurbanına çevrilir. F.e.d Mərziyyə Nəcəfovanın vurğuladığı kimi Həmidə məhz “həyatın sərt sınaqlarından çıxan, ölkəsini onun hüdudlarından kənarda təmsil edən tanınmış sənətkardır. Əsərləri, tabloları dünyanın bir çox yerlərində sərgiləri bəzəyib. Bütün bunlara baxmayaraq, xərçəng xəstəliyinə tutulan qadına vətəndə köməklik göstərən bir kəs tapılmır”.
Yazıçı M.Niyarlının yaradıcılığının problematikası həyat reallığına əsaslanan, müəllif təxəyyülünün süzgəcindən keçən hadisələr təşkil edir. Yazarın yaradıcılığında bəzi hadisələrin isə müəllif təxəyyülünün məhsulu, yəni uydurma hadisələr kimi təqdimi ilə də üzləşirik. Məsələn, Mənzər Niyarlının “Təhhalığa çəkilən qadın” hekayəsinin sonluğu bizi belə düşünməyə vadar edir. Müəllif bu məqamı yuxu vasitəsilə təqdim edir: “Bir neçə ildir ki, yuxu görmədiyim halda gecə Aliyə xanım yuxuma girdi. Çox qəribəydi, rəfiqəm lap qarşımda dayanmışdı və ağ gəlinlik paltarında həzin səslə mənə sevdiyi mahnısını oxuyurdu, “Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm”. Sonra səsi eşidilməz oldu. Aliyə xanım harasa çəkilib qeyb olmuşdu”.
Mənzər Niyarlının Qarabağ müharibəsini əks etdirən hekayələrinin problematikası əhatəliliyi baxımından diqqəti cəlb edir. Yazar Qarabağ müharibəsini əks etdirən “O zəfər günləri günəş də bizimləydi” hekayəsində müharibənin ağrı-acısını, törətdiyi faciəni əks etdirməklə yanaşı, qələbə sevincini, zəfərin cəmiyyətdə doğurduğu əks-sədanı da təsvir edir. Mənzər Niyarlı hekayəsində döyüşdə əlil olmuş qazinin keçirdiyi sarsıntıları, qələbə sevincinin yaşantılarını yalnız qazinin deyil, bunu yaşamış bütün insanların sarsıntıları və sevincləri kimi təqdim edir: “Cəbhədə döyüşdüyü anları yadına salıb kövrəldi. Gözləri yaşardı. Bu göz yaşı ayaqdan şikəst qalmağının əzabına görə deyildi, uğrunda vuruşduqları torpağının, vətəninin azad olunmasının sevinci idi. Necə ağlamaya bilərdi. Yaralanmamışdan qabaq Füzuli şəhərini düşməndən azad etmişdilər”. Mənzər Niyarlının “O zəfər günləri günəş də bizimləydi” hekayəsində Azərbaycan əsgərinin qələbə qazanması qabardılır. Müəllif Azərbaycan əsgərinin qələbə əzmiylə döyüşməsini, döyüş meydanlarında qələbəyə ümidlə vuruşmalarını açıqlayır.
Mənzər Niyarlının bədii yaradıcılığında obrazlar
Mənzər Niyarlının bədii yaradıcılığın ümumi kateqoriyası olan obrazları müxtəlif və dolğundur. Gerçəkliyi əksetdirmə üsulu və forması kimi çıxış edən bu obrazlar müxtəlif təbəqələrin, müxtəlif sahələrin nümayəndələridir. Yazıçının obrazları içərisində özünün təxəyyülündə yaratdığı obrazlarla, prototiplərlə yanaşı, tarixi şəxsiyyətlərin obrazları da yer alır. Məsələn, belə tarixi şəxsiyyətlərdən biri də Seyid Şuşinskinin obrazını açıqlayan “Qızıl qaval” hekayəsini göstərə bilərik. Hekayədə təsvir olunmuş obrazların, xüsusən də, Seyid Şuşinskinin, Gültəkinin, bir əmi kimi Məşədi Seyidəlinin, bir ata kimi Rzaqulu xanın və digərlərinin xarakterlərinin kamil açılması, hadisələrin daxili və zahiri əlaqələrini sadə və yığcam şəkildə əks etdirməklə özünün spesifik hekayə janrının imkanları ilə səciyyələnir. Hekayədə xarakterlərin qısa, aydın cizgilərlə verilməsi, Seyid Şuşinskinin musiqi sənətinə olan məhəbbətinin işıqlandırılması, Gültəkinin mənəvi aləminin açıqlanması, Məşədi Seyidəlinin qardaşı oğluna qayğısı, ümumiyyətlə, kiçik görünən, dərin mənalı əhvalatların, həyat həqiqətlərinin insanın həyat və taleyinin həyatın özündən gələn problemlərin təbii təsvir edilməsi “Qızıl qaval” əsərinin aktuallığını nəzərə çarpdırır.
Yazıçının təsvir etdiyi obrazlar dünyanın sərtlikləri ilə üzləşmiş insanların, həyatda qadın səadətini tapa bilməyən nakam, talesiz qadınların, siyasi ideologiyanın qurbanına çevrilmiş günahsız insanların, zorən bir-birindən ayrı salınmış doğma insanların, Vətən uğrunda canını qurban vermiş şəhidlərin, həyatın sərt sınaqlarından çıxa bilməyən ziyalıların, çarəsiz qalan məsum insanların, bütün çətinliklərinə sinə gərərək ləyaqətlərini itirməyən adamların kamil obrazlarıdır. F.ü.f.d. Firuzə Məmmədlinin vurğuladığı kimi yazıçının yaratdığı “tipajları da təmiz, saf dağ adamı kimi mərdanə və vicdanlı adamlardır. Mənzər xanımın obrazları xarakter etibarı ilə sadə, səmimi insanlardır”.
Mənzər Niyarlının “Qürbətə aparan qatar” povestində xalqın qan yaddaşına çevrilmiş repressiya qurbanlarının obrazları yer alır. Povestdə yalnız müəllif təxəyyülünü əks etdirən obrazlarla deyil, həm də repressiya qurbanına çevrilmiş tarixi şəxsiyyətlərin obrazları ilə də üzləşirik. Ailə başçısının, yəni Əli Əlibəyovun 37-ci il qurbanına çevrilməsinin acı fəsadlarını yaşayan bir ailənin, uşaqlarından zorən ayrı salınaraq Qazaxıstanda on ilə yaxın sürgün həyatı yaşamış Əfruzun obrazı repressiya əzablarını yaşamış insanların ümumiləşdirilmiş obrazına çevrilir. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun vurğuladığı kimi povestdə yalnız Əfruzun deyil, həm də “Hənəfi Zeynallının, Əhməd Cavadın, Seyid Hüseynin həyat yoldaşları Səriyyə, Şükriyyə, Ümmügülsümün və s. “məhbus qadın” obrazlarının yer alması əsərin tarixi koloritini də artırır”.
Mənzər Niyarlının “Yola dikilən gözlər” povestində də repressiyanın faciəsini yaşamış obrazlarla üzləşirik. Yazıçı bu povestində atası repressiya qurbanına çevrilmiş Tutunun obrazı fonunda repressiya çətinliklərini yaşamış insanların, xüsusilə də körpələrin, gənclərin ümumiləşdirilmiş obrazını yaratmağa qadir olur.
Mənzər Niyarlının Birinci Qarabağ müharibəsi dövründə qələmə alınmış “O ağrılı gün” hekayəsində təqdim edilən obrazlar isə azadlıq uğrunda canından keçən və canından keçməyə hazır olanların obrazlarıdır. “O ağrılı gün” hekayəsində müəllifin günahsız yerə qətlə yetirilənlərin qanlarının yerdə qalmayacağına əminliyi xalqımızın bu gün əldə etdiyi Zəfərə inamını əks etdirir: “İnanırdı ki, analarının, bacılarının, Azərin, vəhşi ermənilərin gülləsinə tuş gələn insanların intiqamını alanlardan biri də Araz olacaq”. Hekayədə təsvir edilən obrazların real insanların prototipi olması yazıçını və əsərdə təsvir olunan Şövkət xanımı tanıyanlara məlum faktdır. Mənzər Niyarlı həmkarı Şövkət xanımın alim oğlu Azərin Qarabağ döyüşlərində şəhid olmasının ağrı-acısını bir ananın kamil, dolğun obrazında canlandırır. Vətən uğrunda canından keçmiş oğlunun acısıyla yaşayan Ananın Xocalı faciəsində valideynlərini itirmiş iki körpə fidana sahib çıxa bilməsi fonunda Ana məfhumunun müqəddəsliyini, nəhəngliyini göstərməyə də qadir olur. Əlbəttə, Mənzər Niyarlının bu hekayəsi tədqiqatçıların diqqətindən yayınmır. Məsələn, f.ü.f.d. Aygün Bağırlı hekayədə Şövkət xanımın bu addımını xüsusi vurğulayır: “...“O ağrılı gün” hekayəsində fədakar və cəsarətli Şövkət xanımın Xocalı faciəsinin yaraladığı, uşaqlıqları, təbəssümləri, səadətləri əlindən alınmış, valideynlərini itirmiş iki uşağı – Həcər və Arazı övladlığa götürməsindən bəhs edilir. Mənzər xanım, təbii ki, bu hekayəni Şövkət xanımın çoxumuzą məlum olan həyat tarixçəsinin əsasında qələmə almışdır. Amma faciənin baş verdiyi günün acılarını o qədər dolğun və aydın, yanğıyla təsvir edir ki, bunun üçün təkcə o tarixçə ilə tanışlıq yox, məhz həssas yazıçı intuisiyası lazım gəlir”.
Mənzər Niyarlının obrazları içərisində Vətən uğrunda canından keçmiş və keçməyə hazır olan insanların yaratdığı obrazlar maraq doğurmaqdadır. Yazıçı “O zəfər günləri günəş də bizimləydi” hekayəsində döyüşdə əlil olmuş qazinin, döyüşlərdə şəhid olmuş Nail kimi Vətən oğullarının obrazları vasitəsilə həyat həqiqətini bədii ümumiləşdirmələr əsasında konkret, real və fərdi emosional boyalarla canlandırır: “Aprel döyüşündə qəhrəmancasına vuruşub şəhid olan Nailin ölümünə dözə bilmirdi. Nailgil o vaxt bir neçə yüksəklikləri, Lələtəpəni düşməndən azad etdilər. Həm də Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdilər. Üç, dörd günlük döyüşdə Nail, Nailin taqım komandiri, əsgərlərin bir neçəsi şəhid oldusa da düşmən ordusunu əməlli - başlı sarsıtdılar”.
Mənzər Niyarlının “Sərnişin bileti və baqaj çeki” hekayəsindəki Murad obrazı ziyalı bir şəxsin, alimin obrazı kimi diqqəti cəlb edir. Yazıçı Murad obrazı ilə cəmiyyətdə alimlərin sosial durumunu işıqlandırır. Təsvir etdiyi Murad obrazı ilə mənəvi şəkildə sıxıntı çəkməyən, maddi sıxıntılarla üzləşmiş alimlərin ümumiləşdirilmiş obrazını yaradır. Bazar iqtisadiyyatına keçid dövründə ziyalı bir şəxsin iztirabları müəllif təxəyyülünün deyil, reallığın təcəssümüdür.
Mənzər Niyarlı “Ölümlə üz-üzə” hekayəsində də çətin sınaqlarla üzləşmiş ziyalı obrazını oxucularına təqdim edir. Yazıçının bir söz adamı kimi deyil, bir qadın kimi rəssam qadın Həmidənin keçirdiyi sarsıntıları duyaraq təqdim edir. Tənha qadının ömrünün sənətinə həsr etməsi və buna ətraf mühitin biganəliyi Həmidə obrazının timsalında bir insanın deyil, cəmiyyətin faciəsi kimi təqdim edilir.
Mənzər Niyarlının yaradıcılığında qadın obrazlarının çoxluq təşkil etməsi, qadın psixologiyasını özündə əks etdirə bilməsi tədqiqatçılar tərəfindən xüsusi olaraq vurğulanır. Məsələn, prof. Məmməd Əliyev “Tənhalığın tənha dayaq sütunu” adlı məqaləsində yazıçının “Tənhalığa çəkilən qadın” hekayəsindəki təsvir etdiyi Aliyə obrazını xarakter baxımından təhna qadın kimi dəyərləndirir: “Aliyə – ədəbiyyatımızın yeni qadın obrazı – çoxlarına nümunə ola biləcək, tənhalığın, kimsəsizliyin tənha dayaq-sütunu – xarakterinə görə yenidir”. Qeyd etmək lazımdır ki, Mənzər Niyarlının qadın obrazlarının əksər qismi tənha, qadın səadətini, analıq sevincini dadmayan, həyatda bir qadın kimi bəxti gətirməyən, övlad itkisi ilə qəlbi sızlayan və bu kimi tam xoşbəxtlik şərbətini sona qədər içməyən qadın obrazları ilə zəngindir. Professor Nazif Qəhrəmanlının vurğuladığı kimi “Mənzər xanımın nəsrində gənc qızların, evdar qadınların, ahıl və ağbirçəklərin bütöv silsiləsi nəzərə çarpır. Müəllif hər bir qadını, hər bir fərdi öz aləmi, səciyyəvi dərd-səri, qayğı və təbəddülatları ilə dilləndirməyi bacarır”.
Mənzər Niyarlının Qurban Bayramovun vurğuladığı kimi “mürəkkəb, dramatik, əzablı insan taleləri, ikiyə bölünmüş, ayrılığa düçar olmuş bütöv bir xalqın məhşər iztirabları prioritet təşkil edən” “Vətəndən Vətənə” romanında Həlimə obrazı yazıçının proobrazı kimi diqqəti cəlb edir. Məhz bu obraz vasitəsilə ikiyə bölünmüş Azərbaycanın iztirablarını Həlimənin ümumiləşdirilmiş obrazında zorən düçar olduqları talelərini mənəvi-iradi gücləri ilə qurmağa məcbur qalan insanları təqdim edir.
Mənzər Niyarlının yaratdığı obrazlar müəllifin şəxsən tanıdığı, şahidi olduğu və ya eşitdiyi hadisələrin qəhrəmanları, onların prototipləridir. Yazının obrazlarının oxucular tərəfindən sevilməsinin bir sirri də məhz budur.
Mənzər Niyarlı özünəməxsus fərdi keyfiyyətlərə malik olan obrazlarının daxili aləm və dünyagörüşlərini, onlara xas xüsusiyyətləri və s. kimi amilləri çatdıra bilməsi, həmin obrazların yaddaşlara həkk olunmasına, oxucular tərəfindən sevilməsinə səbəb olur.
“Həmin axşam”, “Yarımçıq məzuniyyət”, “Qara örpək”, “Oğuz gözəlləməsi”, “Qızıl Qaval”, “Seçilmiş əsərlər”, “Qürbətə aparan qatar” (rus dilində), “Əkizlər və onların fındıqburun bacıları”, “Vətəndən vətənə”, “Dügün gününün sabahı” (türk dilində), “Sənətin sehri” və s. kimi kitabların müəllifi Mənzər Niyarlının əsərlərində çatdırmaq istədiyi ideyaları kamil səviyyədə çatdırmasının şahidi oluruq. Bu kamillik yazıçının əsərlərinin janrında, problematikasında, obrazlarında, həmçinin ədəbi dilində, xüsusilə də dialektlərdən, şivələrdən istifadə etməsində özünün təsdiqini tapır. Yaradıcılığında milli kimliyi, genetik kodu və s. təbliğ edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mənzər Niyarlı qələmə aldığı bədii nümunələrlə öz imzasını Azərbaycan ədəbiyyatına həkk etdirməsi yazıçının sənətkarlığının göstəricisidir.
AMEA – nın professoru, filologiya elmləri doktoru Salidə ŞƏRİFOVA